Məhkəmə qərarları › İş №2-1(107)-528/2023

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(107)-528/2023

21.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(107)-528/2023 21.09.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən, məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və X1 ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, cavabdehin nümayəndəsi X4 və iddiaçının nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı “Mingəçevir şəhəri Babək küçəsi 12 ünvanında yerləşən 155 kv. metr yaşayış sahəsinə mərhum X2 ümumibirgə mülkiyyət hüququnun qeydə alınması, adına daşınmaz əmlakın dövlət reyestrində çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən verilmiş “yeni açılmış hallara dair” inzibаti iş üzrə Şəki İnzibati Məhkəməsinin 28 iyul 2023-cü il tarixli, 2-1(116)- 627/2022 nömrəli qərardadından cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikаyətinə dair işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı “Mingəçevir şəhəri Babək küçəsi 12 ünvanında yerləşən 155 kv. metr yaşayış sahəsinə mərhum X2 ümumibirgə mülkiyyət hüququnun qeydə alınması, adına daşınmaz əmlakın dövlət reyestrində çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Şəki İnzibati Məhkəməsinin 2-1(116)-627/2022 nömrəli xx.xx.2022-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilmişdir.

3. Üçüncü şəxs X5 həmin qərardan apellyasiya şikayəti vermiş, lakin Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-231/2022 nömrəli xx.xx.2022-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş və Şəki İnzibati Məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanmışdır.

4. Bundan sonra üçüncü şəxs X5 və vəkili Xanlarov Ramil Mikayıl oğlu kassasiya şikayəti vermiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2- 1(102)-818/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-231/2022 nömrəli xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

5. İş üzrə iş üzrə cavabdeh məhkəməyə “yeni açılmış hallara dair” ərizə təqdim edərək Şəki İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(116)-627/2022 nömrəli iş üzrə inzibati məhkəmə icraatının təzələnməsini və mahiyyəti üzrə baxılmasını xahiş etmişdir.

6. Cavabdeh “yeni açılmış hallara dair” ərizəsini onunla əsaslandırmışdır ki, Mingəçevir şəhər Məhkəməsinin 2-159.2002 saylı, 17 may 2002-ci il tarixli məhkəmə qərarına əsasən Mingəçevir şəhəri, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evindən miras əmlakının müəyyən edilməsi barədə Mingəçevir şəhər Notariat Kontorunun 16 dekabr 1985-ci il tarixli, 1/32 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və həmin şəhadətnamə əsasında tərtib edilmiş qeydiyyat vəsiqəsi ləğv olunaraq etibarsız hesab edilmişdir. Bu amil hazırki inibati mübahisəyə dair hüququn mübahisələndirilməsi üçün eləcə də, yaranmış kolliziya ilə bağlı tələbin təmin ollunması üçün əsas hesab edilmir. Belə ki, Mingəçevir şəhər məhkəməsinin ləğv olunmamış və hüquqi qüvvəyə malik məhkəmə qətnaməsi mövcuddur. Daşınmaz Əmlakın Dövlət reyestri haqqında Azərbaycan Respublikasının Qanunun 22.2-ci maddəsində qeyd olunur ki, müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Xüsusilə vurğulamaq lazımdır ki, maddənin icrası ilə bağlı inzibati praktika (təcrübə) Azərbaycan Respubliakasının Nazirlər Kabinetinin Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün sənədlərin qəbulu, yoxlanılması və verilməsinin prosedur Qaydaları”nın və “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimat”ın təsdiq edilməsi barədə xx.xx.2015-ci il tarixli 319 nömrəli qərarının 7-ci bəndində nəzərdə tutulmuş qaydada həyata keçirilir. Belə ki, qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqları əldə etmiş şəxs həmin hüququ təsdiq edən daşınmaz əmlakın dövlət reyestrindən çıxarış (bundan sonra - çıxarış) almadan öldükdə onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələrinin müraciəti əsasında hüququn ölmüş şəxsə məxsus olması haqqında bu Təlimatın 7.3-cü bəndində göstərilən məzmunda ərazi idarəsinin rəhbərliyi tərəfindən müvafiq elektron imza ilə təsdiqlənmiş elektron arayış verilir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədlərini təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Bu o deməkdir ki, faktiki hüquqi varis daşınmaz əmlak üzərində qeydiyyat əməliyyatını apararkən aidiyyəti qaydada notariat ofisinə müraciət edir, hüquqi varisliyi müəyyən olunduqdan sonra notariat ofisinin müvafiq arayışını Ərazi İdarəsinə təqdim edir və vəfat etmiş şəxsin adına elektron arayış (çıxarış) əldə edir.

7. Birinci instanisya məhkəməsinin iclasında iddiaçının nümayəndəsi izahat verərək ərizənin təmin edilməməsini xahiş etmişdir.

8. Birinci instanisya məhkəməsinin iclasında cavabdehin nümayəndəsi və üçüncü şəxs izahat verərək ərizənin təmin edilməsini xahiş etmişlər. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

9. Şəki İnzibati Məhkəməsinin (hakim Vüqar Musayev) 28 iyul 2023-cü il tarixli, 2- 1(116)-627/2022 nömrəli qərardadı ilə İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı “Mingəçevir şəhəri Babək küçəsi 12 ünvanında yerləşən 155 kv. metr yaşayış sahəsinə mərhum X2 ümumibirgə mülkiyyət hüququnun qeydə alınması, adına daşınmaz əmlakın dövlət reyestrində çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən verilmiş “yeni açılmış hallara dair” ərizə mümkün sayılmamışdır.

10. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsi həmin qərardaddan apellyasiya şikayəti vermişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ

11. Cavabdeh apellyasiya şikayətini “yeni açılmış hallara dair” ərizənin dəlilləri ilə əsaslandırmış və apellyasiya şikayətinin təmin edilməsini və Şəki İnzibati Məhkəməsinin 28 iyul 2023-cü il tarixli, 2-1(116)-627/2022 nömrəli qərardadının ləğv edilməsini xahiş etmişdir. TƏRƏFLƏRİN İZAHATLARİ

12. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X9 apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 28 iyul 2023-cü il tarixli, 2-1(116)-627/2022 nömrəli qərardadının ləğv edilməsi barədə qərardad qəbul edilməsini xahiş etdi.

13. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi X7 apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin 28 iyul 2023-cü il tarixli, 2-1(116)-627/2022 nömrəli qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

14. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq üçüncü şəxs X6 məhkəmə iclasına gəlməmişdir.

15. Məhkəmə kollegiyası onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin (bundan sonra Azərbаycаn Respublikаsının İPM və ya İPM) 62.3-cü mаddəsi)

TƏTBİQ EDİLƏN HÜQUQ

16. İnzibati Prosessual Məcəllə: Maddə 100. Qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatı, sonradan yeni sübutların və ya halların aşkar olunduğu və həmin sübutların və ya halların ərizəçidən asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim olunmadığı təqdirdə, proses iştirakçılarından birinin yeni açılmış hallarla bağlı ərizəsinə əsasən təzələnə bilər. Maddə 101. Yeni açılmış hallarla bağlı icraatın təzələnməsi barədə ərizəyə qərarına qarşı ərizə verilmiş məhkəmə tərəfindən baxılır. Maddə 104.1. Yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizədə mübahisə edilən məhkəmə qərarı haqqında məlumat, icraatın əzələnməsi üçün əsaslar, məhkəmə qərarının mübahisə edilən hissəsi və ya həcmi barədə məlumat və s. göstərilməlidir. Maddə 104.2. Ərizəyə yeni sübutlar və hallar barədə sənədlərin, habelə başqa müvafiq sənədlərin əsli və ya surəti əlavə olunur. Maddə 106.1. Məhkəmə icraatın təzələnməsi üçün ərizədə göstərilmiş əsaslarla bağlıdır. Maddə 106.2. İcraatın təzələnməsi üçün məhkəmə bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı birinin mövcud olduğunu müəyyən etdiyi hallarda, ərizənin təmin edilməsi və yeni açılmış hallarla bağlı icraatın təzələnməsi haqqında qərardad qəbul edir. Maddə 80.1. Barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Maddə 82. Apellyаsiyа instаnsiyаsı məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə bаxır. Apellyаsiyа instаnsiyаsı məhkəməsi həmçinin, bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ

17. Apellyasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

18. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

19. Cavabdeh tərəfindən təqdim edilmiş “yeni açılmış hallara dair” ərizə qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatı üzrə verilmişdir. Müvafiq ərizə sonradan yeni sübutların və ya halların aşkar edilməsi və yeni sübutların və ya halların ilkin icraat zamanı hüquqi mübahisənin gedişində təqdim edilməsinin mümkünsüzlüyü ilə əsaslandırılmamışdır.

20. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq qeyd edir ki, cavabdeh orqan “yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair” ərizənin verilməsini Mingəçevir şəhər Məhkəməsinin 2-159.2002 saylı, 17 may 2002-ci il tarixli qətnaməsinə istinad etməklə əsaslandırır və bildirir ki, sözügedən qətnaməyə əsasən Mingəçevir şəhəri, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evindən miras əmlakının müəyyən edilməsi barədə Mingəçevir şəhər Notariat Kontorunun 16 dekabr 1985-ci il tarixli, 1/32 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və həmin şəhadətnamə əsasında tərtib edilmiş qeydiyyat vəsiqəsinin ləğv olunmuşdur.

21. Lakin, cavabdeh orqanın həmin qətnaməyə istinad etməklə hazırkı məzmunda ərizə ilə məhkəməyə müraciət etməsi ümumiyyətlə İPM-nin 100-cü maddəsinin tələblərinə uyğun deyil.

22. Belə ki, sözügedən qətnamə qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatından sonra aşkar edilmiş yeni sübut olaraq nəzərdən keçirilə və hüquqi qiymətləndirilmə aparıla bilməz.

23. Nəzərə alınmalıdır ki, sözügedən qətnamə Şəki İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1 (116)-627/2022 saylı qərarı qəbul edilərkən iş materiallarında mövcud olmuş, məzmunu tədqiq edilmiş sənədlərin siyahısında öz əksini tapmış və məhkəmə tədqiqatının predmetini təşkil etmiş Mingəçevir şəhəri Babək küçəsi 12 ünvanında yerləşən 155 kv. metr yaşayış sahəsi üzərində mərhum X2 ümumibirgə mülkiyyət hüququnun mövcudluğu məsələsinə hər hansı aidiyyəti olmadığından iddia tələbi təmin edilmişdir.

24. Odur ki, şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh orqan tərəfindən verilmiş “yeni açılmış hallarla bağlı icraatın təzələnməsi barədə” ərizəyə İPMnin 100-cü maddəsi anlamında nəzərdə tutulmuş sübutlar əlavə olunmadığından (qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatından sonra aşkar edilmiş yeni sübut) və cavabdeh orqanın hüquqi müdafiə marağı müəyyən edilmədiyindən ərizə mümkün sayılmamalıdır.

25. Yuxarıda qeyd olunan inzibati işin hallarını, məhkəmə kollegiyası tərəfindən aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi ərizəni saymamaqla düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməlidir, Şəki İnzibati Məhkəməsinin 28 iyul 2023-cü il tarixli, 2-1(116)-627/2022 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

26. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏRARA ALDİ: Cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən verilmiş аpellyаsiyа şikаyəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 28 iyul 2023-cü il tarixli, 2-1(116)-627/2022 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan onun təqdim edildiyi gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar