Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(107)-529/2024 22.08.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ X2 (sədrlik еdən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, Əhmədov Fərid Vidadi oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 12 saylı Şəki ərazi idarəsinə qarşı “20.9 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınaraq çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(116)-272/2024 nömrəli qərardadından apellyasiya şikayəti verilməsi üçün İddiaçı tərəfindən verilmiş buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizəyə аçıq məhkəmə iclаsındа baxaraq müəyyən etdi: Şəki İnzibati Məhkəməsinin (hakim Vüqar Musayev) 24 iyun 2024-cü il tarixli 2- 1(116)-272/2024 nömrəli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 12 saylı Şəki ərazi idarəsinə qarşı “20.9 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınaraq çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia ərizəsi mümkün sayılmamışdır. Həmin qərardaddan İddiaçı tərəfindən аpеllyаsiyа şikаyəti və apellyasiya şikayəti verilmə müddətinin bərpa edilməsinə dair ərizə verilmiş, həmin apellyasiya şikayəti 05 avqust 2024-cü il tarixdə məhkəməyə daxil olmuşdur. İddiaçı ərizəsində qeyd etmişdir ki, barəsində Şəki İnzibati Məhkəməsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli qərar və qərardadın surəti poçt vasitəsilə təqdim edilməmiş, o, həmin hüquqi sənədlərin hər ikisini xx.xx.2024-cü il tarixdə Şəki İnzibati Məhkəməsinin dəftərxanasından almışdır. O, qərardaddan şikayət verilməsi üçün müddətin 10 gün olmasını bilməmişdir. Zənn etmişdir ki, qərardaddan şikayət vermək hüququ 1 aydır. Bu səbəbdən də müddəti üzürlü olaraq ötürmüşdür. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı ərizənin məzmununa uyğun izahat verərək apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsini xahiş etdi. Məhkəmə kollegiyası inzibati məhkəmə icraatı iştirakçısını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, aşağıdakı əsaslara görə iddiaçının apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizəsi təmin edilməməli və həmin ərizə ilə birlikdə göndərilmiş apellyasiya şikayəti mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 9-1.3. inzibati məhkəmə icraatı elektron qaydada aparıldıqda həmin icraat, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Maddə 9-1.4. Bu Məcəllənin 9-1.3-cü maddəsində nəzərdə tutulmuş qaydada təqdim edilmiş məhkəmə aktlarının və digər sənədlərin başqa qaydada verilməsi tələb oluna bilməz. Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya inzibati məhkəmə icraatı iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə proses iştirakçılarından əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 20.1. Müddətin axımının başlanmasına səbəb olan məhkəmə aktları, eləcə də məhkəmə iclasının tarixinin müəyyən olunması ilə və ya məhkəməyə çağırışla bağlı olan məhkəmə sənədləri proses iştirakçılarına şəxsən və ya digər üsullarla təqdim edilməlidir. Hər bir halda təqdimetmənin təsdiqi barədə müvafiq qeydlər və ya sənədlər iş üzrə materiallara əlavə olunur. Maddə 20.3. Məhkəmə aktları və digər məhkəmə sənədləri bu Məcəllənin 20.1-ci və 20.2-ci maddələrinin xüsusiyyətləri nəzərə alınmaqla Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində müəyyən edilmiş qaydalara uyğun olaraq təqdim edilir. Maddə 22.1. Bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə, elan edilmə anından başlanır. Maddə 22.2. Müddətlərlə bağlı bu fəslin müddəaları nəzərə alınmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi ilə müəyyən olunmuş qaydalar tətbiq olunur. Maddə 23.1. Məhkəmə qərarına (qərardadına) qarşı şikayət verilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş müddətin axımı, inzibati məhkəmə icraatının iştirakçısına həmin qərara (qərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gündən başlanır. Maddə 24.1. Bu Məcəllə ilə müəyyən olunmuş müddət inzibati məhkəmə icraatı iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Maddə 24.3. ərizənin verilməsi ilə eyni vaxtda müddəti buraxılmış prosessual hərəkət də edilməlidir. Maddə 24.5. ərizə prosessual hərəkətin edilməli olduğu məhkəməyə verilir. Həmin ərizəyə məhkəmə iclasında baxılır. Ərizəçiyə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilir. Maddə 24.6. buraxılmış prosessual müddətin bərpa edilməsi haqqında qərardad qəbul edən məhkəmə, eyni vaxtda buraxılmış prosessual hərəkətlərə dair məsələni də həll etməlidir. Maddə 81.1. İnzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Şikayətə apellyasiya qaydasında apellyasiya instansiyası inzibati kollegiyaları (bundan sonra - apellyasiya instansiyası məhkəmələri) tərəfindən baxılır. Maddə 81.2-ci maddəsinə əsasən, inzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Maddə 83.1. Şikayət inzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və müstəqil mübahisələndirilməsi bu Məcəllə ilə nəzərdə tutulmuş qərardadlardan verilə bilər. Maddə 85.1-ci maddəsinə əsasən, şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 87.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Maddə 87.3-cü maddəsinə əsasən, apellyasiya mümkün sayılmadıqda apellyasiya instansiyası məhkəməsi şikayəti qəbul etməkdən imtina edir. Maddə 87.4-cü maddəsinə görə, apellyasiyanın mümkünlüyü ilə bağlı məhkəmə qərardad çıxarır. Apellyasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl inzibati məhkəmə icraatı iştirakçılarının dinlənilmə hüququ təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 128.1. Prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir. Maddə 128.2. Prosessual hərəkətlərin edilməsi üçün müddətlər, hökmən baş verməli hadisə göstərilməklə, dəqiq təqvim tarixi ilə və ya hərəkətin edilə biləcəyi vaxt dövrü ilə müəyyən edilir. Maddə 128.3. İllərlə, aylarla və ya günlərlə hesablanan prosessual müddətin axını müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır. Maddə 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Maddə 130.3. Prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Maddə 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Maddə 133.2. Buraxılmış müddətin bərpası haqqındakı ərizə prosessual hərəkətlərin edilməli olduğu məhkəməyə verilir və məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilir. Onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həllinə maneçilik törətmir. Maddə 133.3. Müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və s.). Maddə 135.5. Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Maddə 135.2. Məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Eyni zamanda Avropa İnsan Hüquqları Məhkəməsi "Miraqall Eskolano və digərləri İspaniyaya qarşı" iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, "atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar". Avropa İnsan Hüquqları Məhkəməsinin "Staqno Belçikaya qarşı" iş üzrə 07 iyul 2009-cu il tarixli qərarında qeyd olunur ki, iddia müddətləri iddiaçılar üçün son tarix müəyyən etməklə, potensial cavabdehləri gecikdirilmiş şikayətlərdən qorumaqla və məhkəmələr tərəfindən vaxtın ötdüyünə görə qeyri-müəyyən, natamam sübutlara əsaslanmaqla qarar çıxarılmasının qarşısını almaqla hüquqi müəyyənliyi təmin etmək məqsədi daşıyır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi X1 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 08 may 2008-ci il tarixli Qərarında göstərilmişdir ki, “qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzürlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzürlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzürlülük, göstərilən meyarların sərhədində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın.” İddiaçı apellyasiya şikayətini verilmə müddətinin bərpası ilə bağlı əsas dəlil kimi məhkəmə tərəfindən qəbul edilmiş qərardaddan 10 gün ərzində şikayət verilə bilməsini bilmədiyini, həmin müddətin qərarla eyni olaraq 1 ay olduğunu zənn etdiyini göstərmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərardadından apelyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməməsini şərtləndirən aşağıdakı halların qeyd olunmasını zəruri sayır. Belə ki, məhkəmənin 24 iyun 2024-cü il tarixli 2-1(116)-272/2024 nömrəli qərardadı xx.xx.2024-cü il tarixdə iddiaçıya şəxsən imza etdirilməklə təqdim edilmiş, lakin iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti və şikayətin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizəsi xx.xx.2024-cü il tarixdə poçta təqdim edilərək 05 avqust 2024-cü il tarixdə Şəki İnzibati Məhkəməsinə daxil olmuşdur. Göründüyü kimi, məhkəmənin qərardadı iddiaçı tərəfindən 18 iyul 2024-cü il tarixdə qəbul edilmiş, şikayəti isə 01 avqust 2024-cü il tarixdə, yəni məhkəmənin qərardadından apellyasiya şikayəti verilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş 10 günlük müddət ötürülməklə məhkəməyə göndərilmişdir. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, apellyasiya şikayəti məhkəmə qərardadın tam formada təqdim olunduğu gündən 10 gün müddətində verilir. Apellyasiya şikayətinin verilməsi ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş müddətin axımı, inzibati məhkəmə icraatının iştirakçısına həmin qərara qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gündən başlanır. Məhkəmə qərarı həmçinin proses iştirakçılarına imza etdirilməklə şəxsən çatdırılır və bu halda məhkəmə qərarı rəsmi qaydada təqdim olunmuş hesab edilir. Nəzərə alınmalıdır ki, hər bir halda təqdimetmənin təsdiqi barədə müvafiq qeydlər və ya sənədlər iş üzrə materiallara əlavə olunmalıdır. İddiaçı tərəfindən isə apellyasiya şikayətinin məhz qanunvericiliklə nəzərdə tutulmuş 10 günlük müddət ərzində təqdim olunduğunu təsdiq edən sübut apellyasiya instansiyası məhkəməsinə təqdim olunmamışdır. Ona görə də, kollegiya hesab edir ki, işdə olan sübutlar əsasında qərardad qəbul edilməlidir. Göründüyü kimi, iddiaçı Şəki İnzibati Məhkəməsinin 24 iyun 2024-cü il tarixli 2- 1(116)-272/2024 nömrəli qərardadını xx.xx.2024-cü il tarixdə aldıqdan sonra xx.xx.2024cü il tarixdə apellyasiya şikayəti verərək şikayət verilməsi üçün qanunvericiliklə müəyyən edilmiş müddəti 4 gün ötürmüşdür. İddiaçı da həqiqətən qərardadı aldığını və apellyasiya şikayəti verilməsi üçün prosessual müddəti ötürdüyünü həm ərizə ilə müraciət etməklə, həm də məhkəmə iclasında izahat verməklə bildirmişdir. Həmçinin məhkəmə iclasında bildirdi ki, şikayət verdiyi qərardadda göstərilənləri qəbul etmiş, bununla bağlı artıq iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmişdir. Beləliklə, iddiaçı tərəfindən birinci instansiya məhkəməsinin qərardadından apellyasiya şikayəti vermək üçün qanunla müəyyən edilmiş prosessual müddət ötürülmüş və bu müddətin üzrlü səbəbdən buraxılması barədə müvafiq mötəbər sübutlar təqdim edilməmişdir. İddiaçının ərizəsində qeyd etdiyi hallar iddiaçının təqsiri olmadan apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin buraxıldığı hallara şamil edilə bilməz və bu hallar buraxılmış prosessual müddətin bərpa edilməsi üçün əsas sayıla bilməz. Həmçinin, mübahisəyə dair iş üzrə materiallardan da görünür ki, iddiaçı birinci instansiya məhkəməsinin qərardadından apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə ərizə ilə birlikdə apellyasiya şikayəti də vermişdir. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair ərizəsinin təmin edilməməsi nəticəsinə gəldiyindən, kollegiyanın qənaətinə görə iddiaçının ərizə ilə birlikdə verdiyi apellyasiya şikayətinin mümkünlüyü məsələsinə də qiymət verilməlidir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, ərizədə qeyd edilənlər apellyasiya şikayəti vermə müddətinin bərpasına əsas ola bilməz. Ona görə də, İddiaçı tərəfindən Şəki İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(116)-272/2024 nömrəli qərardadından verilmiş apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizəsi təmin edilməməli və həmin ərizə ilə birlikdə göndərilmiş apellyasiya şikayəti mümkün sayılmamalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 20, 22-24, 85 və 87-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçı Şəki İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(116)-272/2024 nömrəli qərardadından verilmiş “apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə” ərizəsi təmin edilməsin və həmin ərizə ilə birlikdə göndərilmiş apellyasiya şikayəti (qərardaddan verilmiş) mümkün sayılmasın. Qərаrdаddаn rəsmi qаydаdа verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyаsına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(107)-529/2024
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(107)-529/2024
22.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver