Məhkəmə qərarları › İş №2-1(107)-529/2025

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(107)-529/2025

30.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(107)-529/2025 30.10.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Musayev Vüqar Ələkbər oğlu (məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Həsənov Tural Həsən oğlundan ibarət tərkibdə, Məmmədli Aqil Bəxtiyar oğlunun katibliyi, iddiaçının nümayəndəsi Əlizadə isgəndər Vüqar oğlunun iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “cavabdehə artıq ödənilmiş 730,30 manat pul vəsaitinin tutularaq iddiaçının hesabına ödənilməsi” tələbinə dair iş üzrə Şəki İnzibati Məhkəməsinin 24 iyul 2025-ci il tarixli e-2-1(116)- 2308/2025 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. işin halları:

1. DSMF-nun Yevlax rayon şöbəsinin xx.xx.2000-ci il tarixli qərarına əsasən X3 yaşa görə əmək pensiyası təyin edilmişdir.

2. Yevlax rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli, 2(039)-94/2012 saylı qətnaməsinə əsasən xx.xx.2010-cu ildə doğulmuş Cavabdeh1 Fərhad oğlu ərizəçi X1 övladlığına verilmiş, Cavabdeh1 Fərhad oğlunun doğum tarixi, doğum yeri, soyadı və adı dəyişdirilmədən saxlanılmaqla ata qrafasında X2 adının qeyd edilməsi qət edilmişdir.

3. AZ—İİ 837720 №-li doğum haqqında şəhadətnamədən görünür ki, xx.xx.2010-cu ildə doğulmuş Cavabdeh1 Fərhad oğlunun ata qrafasında X6, ana qrafasında Cavabdeh2 qeyd edilmişdir.

4. AZ—İ 734793 №-li ölüm haqqında şəhadətnamədən görünür ki, X6 xx.xx.2015-ci ildə vəfat etmişdir.

5. DSMF-nun Yevlax rayon şöbəsinin xx.xx.2015-ci il tarixli qərarı ilə Cavabdeh2 müraciətinə əsasən xx.xx.2010-cu ildə doğulmuş Cavabdeh1 Fərhad oğluna ailə başçısının itirilməsinə görə pensiya təyin edilmişdir.

6. Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2024-cü il tarixli, “ümumi əsaslara görə əmək pensiyasının yenidən hesablanması haqqında” qərarına əsasən X4 yaşa görə əmək pensiyası təyin edilən zaman sığorta stajı düzgün müəyyən edilmədiyindən 750.30 manat artıqvermə müəyyən edilmişdir.

7. Yevlax şəhər İH-nin xx.xx.2025-ci il tarixli, 5-9/2-1017/2025 saylı məktubundan görünür ki, Yevlax şəhər İH-nin Qəyyumluq və Himayəçilik Komissiyası tərəfindən ünvan 1 ünvanında qeydiyyatda olan xx.xx.2010-cü il təvəllüdlü Cavabdeh1 İsrafil oğluna qəyyum (himayəçi) təyin edilməsi ilə bağlı qərar qəbul edilməmişdir.

8. Yevlax rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Yevlax rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli, 2(039)-94/2012 saylı qətnaməsi xx.xx.2012-ci il tarixdə qanuni qüvvəyə minmişdir. Həmçinin xx.xx.2010-cü il təvəllüdlü Cavabdeh1 İsrafil oğlunun fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə iş daxil olmamışdır.

9. Yevlax şəhər İHB-nın Yevlax şəhər 1№-li sahə İƏD-si üzrə nümayəndəliyin xx.xx.2015-ci il tarixli arayışından görünür ki, X6 vəfat etdikdən sonra mərhum tərəfindən övladlığa götürülmüş Cavabdeh1 Fərhad oğlu - Cavabdeh2 himayəsində yaşayır.

10. İddiaçı, iddiaçı tərəfindən Cavabdeh2 artıq ödənilməsi müəyyən edilən pensiya məbləği barədə məlumat verilmiş, həmçinin artıq ödənilmiş vəsaitin qaytarılması ilə bağlı Cavabdeh1 müvafiq bildiriş göndərilmiş, lakin sonuncu tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir.

birinci instansiya məhkəməsində iş üzrə qəbul edilmiş məhkəmə aktı:

11. İddiaçı Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “cavabdehlərə artıq ödənilmiş 730,30 manat pul vəsaitinin tutularaq iddiaçının hesabına ödənilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

12. İddia tələbi onunla əsaslandırılmışdır ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 14.1.1.1-ci maddəsinə əsasən Cavabdeh1 xx.xx.2015-ci il tarixdən ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmişdir. Pensiya işində olan sənədlərə əsasən mərhum X1 xx.xx.2011-ci il tarixdə əmək pensiyası yenidən hesablanarkən 45 il 2 ay 18 gün sığorta stajı nəzərə alınmalı olduğu halda əsassız olaraq 50 il sığorta stajı nəzərə alınmışdır. Bu səbəbdən Qanunun 39.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla Cavabdeh1 (qəyyum-X5) ailə başçısını itirməyə görə əmək pensiyasının məbləğində xx.xx.2021-ci il tarixdən xx.xx.2024-cü il tarixədək 750,30 manat artıqödəmə müəyyən edilmişdir. İnzibatı icraat haqqında Azərbaycan Respublikasının Qanununun 28 1 2-ci maddəsinə əsasən inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi inzibati icraatın başlanılması əsaslarından biridir. Qeyd olunan icraat çərçivəsində Cavabdeh1 (qəyyum-X5) tərəfimizdən artıq ödənilmiş vəsaitin geri qaytarılaraq Fondun Maliyyə və mühasibatlıq üzrə mərkəzi filialının hesabına bərpa edilməsinin təmin edilməsi haqqında məktub göndərilmişdir. Göründüyü kimi qanunvericiliyin tələbləri daxilində cavabdehə artıq ödənilmiş vəsaitin qaytarılmasına razılıq verilməsi ilə bağlı bildiriş göndərilmiş və cavabdeh müvafiq pul məbləğinin geri verilməsindən imtina etmişdir. Beləliklə, cavabdehə əsassız ödənilmiş 750,30 manat məbləğ dövlət büdcəsinə gen qaytarılmalıdır. Xüsusilə vurğulanmalıdır ki, hazırkı iş etimad hüququnun təsir dairəsindən tamamilə kənardadır.

13. Cavabdeh məhkəməyə təqdim etdiyi etiraz məktubunda qeyd etmişdir ki, iddiaçının iddiası mahiyyət üzrə əsassızdır, o təmin edilə bilməz. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş Dövlət Sosial Müdafiə Fondunun Nizaməsinin 3.1.17-ci bəndinə əsasən əmək pensiyalarının yenidən hesablanması Fondun vəzifəsidir. Həmin Nizamnamənin 1.3-cü bəndinə əsasən Fond öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, nizamnaməni, Azərbaycan Respublikası Prezidentinin digər fərmanlarını, həmçinin sərəncamlarının, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Nazirlyinin normativ- hüquqi aktlarını, Azərbaycan Respubikası örnək və Əhalinin Sosial Müdafiəsi Narzirinin əmr sərəncamlarını rəhbər tutur. Qeyd olunanlardan göründüyü kimi əmək pensiyasının yenidən hesablanması ondun vəzifəsidir və əgər artıq ödəməyə səbəb olacaq hal baş veribsə də bu fondun üzərinə qoyulmuş vəzifəni həyata keçirən zaman əməkdaşının təqsiri üzündən baş vermişdir. Dolayısı ilə Fondun öz əməkdaşının fəaliyyətinə lazımınca nəzarət etməməsindən yaranıb.

14. Şəki İnzibati Məhkəməsinin 24 iyul 2025-ci il tarixli e-2-1(116)-2308/2025 nömrəli qərardadı ilə (hakim Etibar Mustafayev) iddia tələbi mümkün sayılmamışdır.

15. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, Mülki Məcəllənin 28.8, 33.1 və 33.5-ci, MPM-nin 49.1, 49.3, 49.4-cü maddələrinə istinad edərək qeyd etmişdir ki, hazırkı iş üzrə tələb iddiaçı Cavabdeh1 İsrafil oğluna (qəyyum-Cavabdeh2) artıq ödənilmiş 750,30 manat pul vəsaitinin tutularaq iddiaçının hesabına ödənilməsi ilə bağlıdır. Göründüyü kimi tələb fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsə və onun qəyyumuna qarşı yönəlmişdir. Qeyd olunan normaların tələblərindən belə müəyyən olunur ki, fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin üzərində qəyyumluq müəyyənləşdirilir, hüquq, azadlıq və qanunla qorunan mənafelərini məhkəmədə onun qanuni nümayəndələri tərəfindən qorunur. Hazırkı halda tələb fəaliyyət qabiliyyəti olmayan sayılmış Cavabdeh1 və onun qəyyumu kimi göstərilmiş Cavabdeh2 qarşı yönəlsə də, həmin şəxsin qəyyumluqda olmasını, habelə Cavabdeh2 qəyyum təyin edilməsi barədə heç bir sübut təqdim edilməmiş, bu məlamatın “Elektron məhkəmə informasiya sistemindən də əldə etmək mümkün olmamışdır. Belə olan halda tələbə mahiyyəti üzrə baxılması mümkün deyil.

16. İddiaçı apellyasiya şikayəti verərək Şəki İnzibati Məhkəməsinin 24 iyul 2025-ci il tarixli, e-2-1(116)-2308/2025 nömrəli qərardadının ləğv edilərək iş üzrə iddianın təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.

apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri:

a) apellyasiya şikayətinin dəlilləri

17. Apellyasiya şikayəti aşağıdakı kimi əsaslandırılmışdır: - pensiya işində olan sənədlərə əsasən mərhum X1 xx.xx.2011-ci il tarixində əmək pensiyası yenidən hesablanarkən 45 il 2 ay18 gün sığorta stajı nəzərə alınmalı olduğu halda əsassız olaraq 50 il sığorta stajı nəzərə alınmışdır. Bu səbəbdən Qanunun 39.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla Cavabdeh1 (qəyyum-Cavabdeh2) ailə başçısını itirməyə görə əmək pensiyasının məbləğində xx.xx.2021-ci il tarixindən xx.xx.2024-cü il tarixinədək 750,30 manat artıqödəmə müəyyən edilmişdir. Cavabdeh1 xx.xx.2010-cu il tarixində anadan olmuş və hal hazırda 15 yaşı var. 15 yaşında olan yeniyetmənin qəyyumu isə onun qanuni nümayəndəsi - hazırki halda, anası Cavabdeh2dır. Oğlunun qəyyumluqda olmasının təsdiqi isə doğum haqqında şəhadətnamədir və inzibati icraat materiallarının tərkibində məhkəməyə təqdim olunmuşdur. Xüsusilə vurğulamaq lazımdır ki, artıq ödənilmiş 750,30 manat məbləğin geri qaytarılması məhz müvafiq ödənişi alan, adına pensiya işi açılmış şəxsdən- Cavabdeh2 tələb edilmişdir. İddia tələbinin müvafiq ödənişi almış şəxsə ünvanlanması tələbi tamamilə qanuni və mümkün edir. Beləliklə, 1-ci instansiya məhkəməsinin iddianı mümkün hesab etməməklə prosessual hüquq normalarını pozmuşdur. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:

18. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.

tərəflərin izahatları:

19. Məhkəmə kollegiyasının hazırkı iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehlər məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi).

tətbiq edilən hüquq:

20. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 13. Məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 48.1. Sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 85. Şikayətin verilməsinə dair tələblər 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir.

Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat ... 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər:[82] ... 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir.

21. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarı 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İPMdə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 3.3. Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. 3.4. Birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. 8.6. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. 15.2. Tərəfin həm inzibati prosessual hüquq qabiliyyətinə, həm də mülki və ümumi hüquq normalarına uyğun olaraq fəaliyyət qabiliyyətinə malik olub-olmadığı, eləcə də prosesdə nümayəndə və ya vəkil vasitəsilə lazımı qaydada təmsil edilib-edilmədiyi aydınlaşdırılmalıdır(İPM-in 25 və 26-cı maddələri). 15.2. Tərəfin həm mülki, həm də prosessual hüquq və fəaliyyət qabiliyyətinə malik olub-olmadığı, eləcə də prosesdə nümayəndə və ya vəkil vasitəsilə lazımı qaydada təmsil edilib-edilmədiyi aydınlaşdırılmalıdır. 16.4. İPM-in 46.3-cü maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir. 16.5. Nəzərə alınmalıdır ki, həmin normanın, həmçinin dinlənilmə hüququnun təmin edilməsi məqsədi ilə iddia ərizəsindəki çatışmazlıqlar, təyin edilmiş müddət və həmin müddət ərzində çatışmazlıqların aradan qaldırılmamasının hüquqi nəticələri barədə iddiaçı bilavasitə və ya məhkəmə bildirişi vasitəsi ilə məlumatlandırılmalıdır. Bu, həm də İPM-in 11.2 və 49.2-ci maddələrinin tələblərindən irəli gəlir. Belə ki, İPM-in 11.2-ci maddəsinə əsasən, məhkəmə inzibati prosesin gedişində proses iştirakçılarından hər birinə öz mövqeyini ifadə etmək, prosessual hüquqlarını və vəzifələrini həyata keçirmək üçün tam və bərabər imkanlar yaratmağa borcludur. İPM-in 49.2-ci maddəsinə əsasən, məhkəmənin bütün sərəncamları barədə proses iştirakçılarına vaxtında məlumat verilməlidir. 16.6. İddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər.

apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri:

22. Apellyasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

23. Birinci instansiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

apellyasiya instansiyasi məhkəməsinin mövqeyi:

24. Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən əsaslıdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə tam riayət edilməmiş, hazırkı mübahisəyə münasibətdə iddianın mümkünlük şərtlərinin ödənilməsi ilə bağlı məsələ obyektiv araşdırma prinsipinin tələbləri baxımından hərtərəfli yoxlanılmamışdır. Odur ki, birinci instansiya məhkəməsinin qərardadı qismən ləğv olunmalı və iş baxılması üçün geri qaytarılmalıdır.

25. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərardadının ləğvini şərtləndirən aşağıdakı əsasların qeyd olunmasını zəruri hesab edir.

26. İşin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Qeyd edilən qayda həmçinin iddianın mümkünlüyü ilə bağlı şərtlərin mövcudluğunun yoxlanılmasına da şamil olunur. Belə ki, obyektiv araşdırma prinsipi yalnız iddianın əsaslığının yoxlanılması zamanı deyil, həmçinin iddianın mümkünlük şərtlərinin yoxlanılması zamanı da tətbiq olunmalıdır. Məhkəmə iddianın mümkünlüyünə dair bütün şərtlərin mövcud olmasını xidməti vəzifəsinə görə yoxlamağa borcludur.

27. İddia ərizəsindən görünür ki, inzibati orqan tərəfindən iddia iki cavabdehə – 15 yaşlı Cavabdeh1 və onun bioloji anası olan Cavabdeh2 qarşı tələb irəli sürülmüşdür. Lakin bu iki cavabdehin hüquqi statusu və iddia predmetinə münasibəti fərqli qiymətləndirilməlidir.

28. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 28.2-ci maddəsinə əsasən fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti, o, yetkinlik yaşına, yəni on səkkiz yaşına çatdıqda tam həcmdə əmələ gəlir.

29. Həmin Məcəllənin 28.3-cü maddəsinə əsasən ... 7 yaşından 18 yaşınadək olan yetkinlik yaşına çatmayanların məhdud fəaliyyət qabiliyyəti vardır.

30. İş materiallarından görünür ki, Cavabdeh1 15 yaşı vardır. Odur ki o, məhdud fəaliyyət qabiliyyətli yetkinlik yaşına çatmayan şəxs sayılır.

31. İnzibati Prosessual Məcəlləsinin 26.3-cü maddəsinə əsasən məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan şəxslər inzibati məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarına uyğun olaraq təmsil olunurlar.

32. Mülki Prosessual Məcəlləsinin 72.1-ci maddəsinə əsasən fəaliyyət qabiliyyəti olmayan, tam fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilən fiziki şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini məhkəmədə onların valideynləri, övladlığa götürənlər, qəyyumları, himayəçiləri və başqa şəxslər müdafiə edirlər.

33. İş materiallarından görünür ki, Əliyev X7 Rayon Məhkəməsinin 2(039)-94/2012 №-li, 27 yanvar 2012-ci il tarixli qətnaməsi ilə babası (hazırda vəfat etmişdir) tərəfindən övladlığa götürülmüşdür.

34. Ailə Məcəlləsinin 134.2-ci maddəsinə əsasən övladlığa götürülən uşaqlar öz valideynlərinə (qohumlarına) münasibətdə bu Məcəllənin 129-cu maddəsində nəzərdə tutulan hallar istisna olmaqla şəxsi qeyri-əmlak və əmlak hüquq və vəzifələrini itirirlər. Həmin Məcəllənin 134.3-cü maddəsinə əsasən uşaq övladlığa bir nəfər tərəfindən götürüldükdə əgər o, kişidirsə,—ananın arzusu ilə, əgər qadındırsa—atanın arzusu ilə, şəxsi qeyri-əmlak və əmlak hüquq və vəzifələri saxlanıla bilər.

35. İstinad olunan məhkəmə qətnaməsində Cavabdeh2 (bioloji ana) Cavabdeh1 münasibətdə şəxsi qeyri-əmlak və əmlak hüquq və vəzifələrinin saxlanılması öz əksini tapmamışdır.

36. Belə olan halda bioloji ana - Cavabdeh2 övladlığa götürmə nəticəsində valideynlik hüquqlarını itirdiyindən, həmin tarixdən etibarən Cavabdeh1 münasibətdə qanuni nümayəndə statusuna malik deyildir. Nəzərə alınmalıdır ki, Cavabdeh2 - Cavabdeh1 qəyyumu təyin edilməmişdir.

37. Qeyd olunan hallar onu göstərir ki, 15 yaşlı Cavabdeh1 prosesdə qanuni nümayəndə olmadan iştirak etmiş, yəni hüquqi təmsilçilik təmin olunmamışdır. Bu isə iddia tələbinin Cavabdeh1 münasibətdə mümkünsüzlüyünə səbəb olur və birinci instansiya məhkəməsi haqlı olaraq həmin hissədə iddianı mümkün saymamışdır.

38. Cavabdeh2 münasibətdə isə tələbə mahiyyəti üzrə baxılmalıdır. Belə ki, icraat materiallarından müəyyən olunur ki, mübahisələndirilən– 730,30 manat – pul məbləği birbaşa Cavabdeh2 hesabına ödənilmişdir. Yəni o, bu vəsaiti qanuni nümayəndə olmadığı halda qəbul etmiş, inzibati orqana ailə başçısını itirməyə görə pensiyanın təyin edilməsi üçün müraciət edən şəxs də, məhz Cavabdeh2 olmuşdur.

39. İnzibati orqan heç bir hüquqi əsas olmadan onu Cavabdeh1 qəyyumu kimi qəbul edərək müvafiq ödənişlər etmişdir. İş materiallarından görünür ki, inzibati orqan artıq ödənilmiş pul vəsaiti ilə bağlı Cavabdeh2 məlumat vermişdir. Eyni zamanda artıq ödənilən vəsaitin geri qaytarılması ilə bağlı Cavabdeh1 müraciətinə ünvanlamışdır (sonuncu tərəfindən imtina cavabı verilmişdir).

40. Cavabdeh1 mərhum babasının vəfatından sonra bioloji anasının himayəsində olması, müvafiq pensiyanın təyin edilməsi üçün anası tərəfindən iddiaçıya müraciət edilməsi və hazırkı icraat çərçivəsində iddia tələbinə etirazın həm də, Cavabdeh2 tərəfindən imzalanması onu göstərir ki, düzgün Cavabdeh2 məhkəmədə iddia qaldırılanadək mövcud vəziyyətdən və irəli sürülən tələbdən kifayət qədər məlumatlı olmuşdur. Yəni, övladlığa götürmə faktına görə bioloji ananın qanuni nümayəndəlik səlahiyyəti hüquqi baxımdan mövcud olmasa da, o, faktiki vəziyyətdə uşağın bütün sosialhüquqi münasibətlərində nümayəndə kimi çıxış etmiş, iddiaçı ilə aparılan yazışmalarda iştirak etmiş və məhz o, ödənilmiş vəsaiti qəbul etmişdir. Bu halda irəli sürülən tələb birbaşa pulu qəbul edən şəxsə – yəni Cavabdeh2 yönəlməlidir. Hazırkı vəziyyətdə Cavabdeh2 aid hissədə iddia tələbi mümkünlük şərtlərini ödədiyindən mübahisəyə mahiyyəti üzrə baxılaraq hüquqi qiymət verilməlidir.

41. İddiaçı tərəfindən təqdim edilmiş elektron iddia ərizəsində Cavabdeh1 və Cavabdeh2 hər ikisi cavabdeh qismində qeyd edilmiş, sonrakı yazışmalarda isə Cavabdeh2 15 yaşlı Cavabdeh1 qəyyumu olaraq qeyd edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Cavabdeh2 bəzən cavabdeh bəzən isə Cavabdeh1 qəyyumu kimi qeyd edilməsi iddiaçı ilə dəqiqləşdirilməli və iddianın düzgün cavabdehə qarşı verilmədiyi qənaəti yarandığı halda iddiaçı ilə müzakirə aparılmaqla müvafiq nöqsan hesab edilən halların aradan qaldırılması üçün iddiaçıya ağlabatan müddət verilməli idi.

42. Hər bir halda birinci instansiya məhkəməsi iddia tələbini qeyri-mümkün sayarkən hər iki şəxsin cavabdeh statusunda çıxış etməsini nəzərə almış və mübahisəyə hüquqi qiymət vermişdir. Lakin, iddia tələbinin Cavabdeh2 münasibətdə mümkünsüz sayılması işin yuxarıda qeyd edilən faktiki hallarına uyğun olmamışdır.

43. Odur ki, təkrar baxış zamanı birinci instansiya məhkəməsi iddiaçının dinlənilmə hüququnu təmin etməli, iddia tələbinin hansı cavabdehə yönəlməli olması barədə iddiaçının hüquqi marağına uyğun şəkildə tələbin dəqiqləşdirilməsi üçün təkliflər verməlidir. Cavabdeh2 cavabdeh qismində iştirakı iddiaçı tərəfindən təsdiq olunduğu halda isə həmin cavabdehə münasibətdə iddia tələbinə mahiyyəti üzrə (iddianın mümkünlüyünə təsir edəcək yeni hallar ortaya çıxmayacağı halda) hüquqi qiymət verilməlidir.

44. İddiaçı, apellyasiya şikayətində qərardadın ləğv edilərək iş üzrə iddianın təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etsə də, birinci instansiya məhkəməsi tərəfindən mübahisəyə mahiyyəti üzrə baxılmadığından apellyasiya şikayəti həmin hissədə təmin edilə bilməz.

45. Şərh olunanları ümumiləşdirərək məhkəmə hollegiyası hesab edir ki, Şəki İnzibati Məhkəməsinin 24 iyul 2025-ci il tarixli, e-2-1(116)-2308/2025 nömrəli qərardadı “Cavabdeh2 dair” hissədə ləğv edilməli, inzibati iş ləğv edilmiş hissədə mahiyyəti üzrə baxılması üçün yenidən Şəki İnzibati Məhkəməsinə qaytarılmalı, apellyasiya şikayəti qalan hissədə təmin edilməməlidir.

46. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilir. Şəki İnzibati Məhkəməsinin 24 iyul 2025-ci il tarixli, e-2-1(116)-2308/2025 nömrəli qərardadı qismən, yəni “Cavabdeh2 artıq ödənilmiş 730,30 manat pul vəsaitinin tutularaq iddiaçının hesabına ödənilməsi" tələbinə dair hissədə ləğv edilir. İnzibati iş ləğv edilmiş hissədə mahiyyəti üzrə baxılması üçün yenidən Şəki İnzibati Məhkəməsinə qaytarılır. Qərardadın “Cavabdeh2 dair” hissəsindən kassasiya şikayəti verilə bilməz. Şəki İnzibati Məhkəməsinin 24 iyul 2025-ci il tarixli, e-2-1(116)-2308/2025 nömrəli qərardadı “Cavabdeh1 artıq ödənilmiş 730,30 manat pul vəsaitinin tutularaq iddiaçının hesabına ödənilməsi tələbinin qeyri-mümkün sayılması hissəsi”ndə dəyişdirilmədən qüvvədə saxlanılır. Qərardadın “Cavabdeh1 dair” hissəsindən təqdim edildiyi gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Məhkəmə qərardadı ondan şikayətin verilmədiyi halda təqdim olunduğu gündən 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar