Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-53/2022 04.02.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu, Hakimlər – Mahmudov Ayaz Akif oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə; Məhkəmə iclas katibi - Əhmədli Mətin Əsgər oğlunun katibliyi, Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin yanında Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “11 saylı Ərazi Vergilər Baş İdarəsinin 25.11.2019-cu il tarixli, **********028400 nömrəli qərarının ləğv edilməsi tələbinə dair” inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 20 may 2020-ci il tarixli, 2-1(116)- 407/2020 saylı qərarından iş üzrə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı vergi ödəyicisidir və 2017-2018-ci illərdə kənd təsərrüfatı məhsullarının ixracı ilə məşğul olmuşdur. 02.05.2018-ci il tarixdə iddiaçı tərəfindən təqdim olunmuş 2017-ci ilin gəlir vergisi bəyannaməsində gəlir vergisi 1.740,34 manat göstərmişdir. Həmin bəyannamə üzrə cavabdeh tərəfindən aparılmış kameral yoxlama nəticəsində verginin məbləği 135.490,05 manat müəyyən edilmiş və “Vergilərin hesablanması barədə” 22.05.2018-ci il tarixli **********895000 nömrəli qərara əsasən iddiaçıya 133.749,71 manat əlavə vergi hesablanmışdır. Sonradan iddaçı tərəfindən bir neçə dəfə dəqiqləşdirilmiş bəyannamə təqdim edilmiş, hər dəfə təqdim olunmuş bəyannamə üzrə qəbul edilmiş müvafiq qərar cavabdeh tərəfindən ləğv edilərək yeni qərar qəbul edilmiş və iddiaçıya hesablanmış 129.215,03 manat əlavə vergi məbləği dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra, iddiaçı 2017-ci ilin gəlir vergisinə dair bəyannamə üzrə vergilərin hesablanması barədə cavabdehin 25.11.2019-cu il tarixli, **********028400 nömrəli qərarını mübahisələndirmişdir. İddiaçı 05.12.2019-cu il tarixdə iddia ərizəsi ilə Şəki İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, cavabdehin 25.11.2019-cu il tarixli **********028400 nömrəli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, kənd təsərrüfatı məhsullarının ixrac edilməsinə görə gəlir vergisi nəzərdə tutulmamışdır. Vergi Məcəlləsinin 102.1.11-ci maddəsinə əsasən, bilavasitə kənd təsərrüfatı məhsullarının istehsalından əldə olunan gəlirlər gəlir vergisindən azaddır. Bundan başqa, ixrac zamanı onun tərəfindən hər maşın üçün 271.40 manat gömrük rüsumu və vergilər, malların göndərilməsinə görə 100 manat məbləğində sertifikat və sənədlərin alınmasına ödənilmişdir. İxrac zamanı bir maşın üçün 371.40 manat vergi və rüsumlar ödənilməsi nəzərə alınarsa, bir maşın kənd təsərrüfatı mallarına 1857 manat gəlir hesablanmış olar. 1857 manat gəlir kənd təsərrüfatı mallarının ixracında çox yüksək rentabellikdir. Bilindiyi kimi, kənd təsərrüfatı malları yaş mallardır, yəni tez xarab olan mallar hesab olunur. Kənd təsərrüfatının ixracında məqsəd tez bir zamanda, tez xarab olan malları ixrac etmək və tez xarab olan malların natura formasını dəyişərək valyutaya çevirməkdən ibarətdir. Bu da öz növbəsində ölkəyə valyutanın daxil olması deməkdir. Cavabdeh tərəfindən ona analoji olaraq vergi hesablanmışdır. Cavabdehin etirazında bildirilmişdir ki, İddiaçı 01.06.2005-ci il tarixdə fiziki şəxs kimi vergi orqanında qeydiyyatdan keçmiş və əsas fəaliyyət növü saxlama və anbarlara yığma olmuşdur. İddiaçının özünün də etiraf etdiyi kimi, o, 2017-ci ildə kənd təsərrüfatı məhsullarının ixracı ilə məşğul olmuşdur. İddiaçı ərizəsində göstərir ki, kənd təsərrüfatı məhsullarının ixrac edilməsində heç bir gəlir vergisi nəzərdə tutulmamışdır. Öz mövqeyini əsaslandırmaq üçün Vergi Məcəlləsinin 102.1.11-ci maddəsinə istinad edir. Lakin, Vergi Məcəlləsinin 102.1.11-ci maddəsi bilavasitə kənd təsərrüfatı məhsullarının istehsalından alınan gəlirləri gəlir vergisindən azad edir. Bu maddədə əsas məqam “bilavasitə” sözü ilə bağlıdır, hansının ki, mənası “vasitəsiz olaraq, arada heç bir vasitə olmadan” mənasına bərabərdir. Başqa sözlərlə desək, şəxs özünün istehsal etdiyi kənd təsərrüfatı məhsullarından alınan gəlirə görə gəlir vergisindən azaddır. Şəxs başqalarının istehsal etdiyi kənd təsərrüfatı məhsullarını vətəndaşlardan alaraq, həmin məhsulları ixrac edirsə, Vergi Məcəlləsinin 102.1.11-ci maddəsinə əsasən gəlir vergisindən azad edilmir. Digər tərəfdən, İddiaçı (VÖEN: **********) 02.05.2018-ci il tarixdə təqdim etdiyi 2017-ci ilin gəlir vergisi bəyannaməsində dövriyyəsini 4064701,68 manat, xərclərini isə 4056000,0 manat, vergiyə cəlb edilən gəlirini 8701.68 manat, gəlir vergisini 1740.34 manat göstərmişdir. Göründyü kimi, İddiaçı iddia ərizəsində kənd təsərrüfatı məhsullarının ixracına görə gəlir vergisi “nəzərdə tutulmamışdır” yazsa da, 02.05.2018-ci il tarixdə təqdim etdiyi 2017-ci ilin gəlir vergisi bəyannaməsində ödəməli olduğu gəlir vergisinin 1740.34 manat olduğunu göstərmişdir. Göstərilənlərdən belə nəticə çıxarmaq olar ki, iddiaçı kənd təsərrüfatı məhsullarının ixracına görə gəlir vergisinin ödənilməli olduğunu bilir və qəbul edir. Razılaşmadığı məqam isə ödəməli olduğu verginin həqiqi məbləğidir. Kameral vergi yoxlaması başa çatdıqdan sonra iddiaçı xərclərini təsdiq edən “malların alış aktları”nı vergi orqanına təqdim etmişdir. Həmin aktlarla tanış olduqda məlum olmuşdur ki, onlar "xxxx" MMC tərəfindən çap edilmişdir. "xxxx" MMC 2017-ci ilin noyabr ayında İddiaçı üçün HAN seriyalı 001251-001300 nömrələrlə və 2019-cu ilin iyul ayında HAN seriyalı 003901- 004050 nömrələrlə “malların alış aktı” blanklarını çap etmişdir. HAN seriyalı 001251- 001300 saylı malların alış aktları 2017-ci ilin noyabr ayında çap edilsə də, iddiaçının vergi orqanına təqdim etdiyi həmin aktlarda malların alınma tarixi 2017-ci ilin sentyabr və oktyabr ayları qeyd edilmişdir. Həmçinin HAN seriyalı 003901-004050 saylı malların alış aktları 2019-ci ilin iyul ayında çap edilsə də, iddiaçının vergi orqanına təqdim etdiyi həmin aktlarda malların alınma tarixi 2017-ci ilin sentyabr, oktyabr, noyabr və dekabr ayları qeyd edilmişdir. Şəki İnzibati Məhkəməsinin (hakim İlqar Cabbarov) 20 may 2020-ci il tarixli, 2-1(116)- 407/2020 saylı qərarı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “11 saylı Ərazi Vergilər Baş İdarəsinin 25.11.2019-cu il tarixli, **********028400 nömrəli qərarının ləğv edilməsi tələbinə dair” iddiası təmin edilməmişdir. Şəki İnzibati Məhkəməsinin 20 may 2020-ci il tarixli, 2-1(116)-407/2020 saylı qərarından iş üzrə İddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. Şəki Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının 29 avqust 2020-ci il tarixli, 2- 1(107)-289/2020 saylı qərarı ilə İddiaçı аpellyаsiyа şikаyəti təmin edilməmiş, Şəki İnzibаti Məhkəməsinin 20 may 2020-ci il tarixli, 2-1(116)-407/2020 saylı qərаrı dəyişdirilmədən qüvvədə sаxlаnılmışdır. İddiaçı və onun vəkili Vəkil Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 29 avqust 2020-ci il tarixli, 2-1(107)-289/2020 saylı qərarından kassasiya şikayəti vermişlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasının 18 noyabr 2020-ci il tarixli, 2-1(102)-2000/2020 saylı qərarı ilə kassasiya şikayəti təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 29 avqust 2020-ci il tarixli, 2-1(107)- 289/2020 saylı qərarı ləğv edilmiş və iş yenidən apellyasiya baxışına qaytarılmışdır. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 07 may 2021-ci il tarixli, 2- 1(107)-155/2021 saylı qərarı ilə İddiaçı аpellyаsiyа şikаyəti təmin edilməmiş, Şəki İnzibаti Məhkəməsinin 20 may 2020-ci il tarixli, 2-1(116)-407/2020 saylı qərаrı dəyişdirilmədən qüvvədə sаxlаnılmışdır. İddiaçı və onun vəkili Vəkil Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 07 may 2021-ci il tarixli, 2-1(107)-155/2021 saylı qərarından kassasiya şikayəti vermişlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 13 oktyabr 2021ci il tarixli, 2-1(102)-1525/2021 saylı qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 07 may 2021-ci il tarixli, 2-1(107)- 155/2021 saylı qərarı ləğv edilmiş və iş yenidən apellyasiya baxışına qaytarılmışdır. İş üzrə yuxаrıdа göstərilən məhkəmə aktları qəbul edilmişdir. Apellyаsiyа şikаyətinin dəlilləri: Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları əhəmiyyətli dərəcədə pozulduğundan və düzgün tətbiq edilmədiyindən məhkəmənin qeyd edilən qərarı ləğv olunmalıdır. Belə ki, o, 2017-2018-ci illərdə kənd təsrüffatı mallarının ixracı ilə məşğul olmuşdur. Kənd təsərrüfatı mallarının ixrac edilməsində heç bir gəlir vergisi nəzərdə tutulmamışdır. Vergi Məcəlləsinin 102.1.11-ci maddəsinə əsasən bilavasitə kənd təsərrüfatı məhsullarının istehsalından alınan gəlirlər gəlir vergisindən azaddır. Bundan başqa, ixrac zamanı onun tərəfindən hər ixrac olunan maşın üçün 271.40 manat gömrük rüsum və vergiləri və malların göndərilməsi zamanı 100 manat da sertifikat və sənədlərin alınmasına ödənilir. Nəzərə alınsa ki, ixrac zamanı bir maşın üçün 371.40 manat vergi və rüsumlar ödənilir və bu məbləğ gəlirin 20 faizini təşkil edərsə, onda bir maşın kənd təsərrüfatı mallarının ixracından 1857 manat gəlir əldə edilməlidir (371,40 : 20 x 100 = 1857). 1857 manat gəlir kənd təsərrüfatı mallarının ixracında çox yüksək rentabellikdir. Bilindiyi kimi, kənd təsərrüfatı malları yaş mallardır, yəni tez xarab olan mallar hesab olunur. Kənd təsərrüfatı mallarının ixracında məqsəd tez bir zamanda, tez xarab olan malları ixrac etmək və tez xarab olan malların natura formasını dəyişərək valyutaya çevirməkdən ibarətdir. Bu da öz növbəsində ölkəyə valyutanın daxil olması deməkdir. 11 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən ona analoji üsulla vergi hesablanmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 23 fevral tarixli 51 nömrəli Qərarına əsasən vergi orqanı analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin seçilməsi və əlaqəli məlumatlar əsasında vergiləri hesablaya bilər. Həmin Qərarın 1.2-ci maddəsinə əsasən, bu Qaydanın məqsədləri üçün "əlaqəli məlumat" dedikdə, verginin hesablanması ilə bağlı vergi ödəyicisi və onun fəaliyyətinə analoji fəaliyyətlə məşğul olan digər vergi ödəyiciləri barədə vergi orqanında olan məlumatlar, müvafiq icra hakimiyyəti orqanında olan məlumatlar, müvafiq icra hakimiyyəti orqanlarının rəsmi məlumatları, hüquqi və fiziki şəxslərdən, açıq və qanunvericiliyə uyğun olaraq digər informasiya mənbələrindən alınan və istifadə edilə bilən məlumatlar nəzərdə tutulur. Qərarın 3.1-ci maddəsinə əsasən eyni xüsusiyyətli və eyni cinsli malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi ilə analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin seçilməsi və verginin hesablanmasında həmin meyyarlardan istifadə olunmalıdır. Qərarın 3.2-ci maddəsinə əsasən hesablanan verginin növündən asılı olaraq analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin, gəlirdən çıxılan xərcləri və rentabellik səviyyəsi istifadə oluna bilər. Ona məlum olmayan səbəbdən gəlir vergisi üzrə külli miqdarda vergi borcu hesablanmışdır. 2017-ci il ərzində 11 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən analoji üsulla hansı vergi ödəyicisi əsas götürülərək ona gəlir vergisi hesablanması aydın deyil. Sahibkarlığın inkişafı, əlverişli biznes mühitin yaradılması məqsədilə əsaslı şəkildə islahatların aparılması xalqımızın Ümummilli lideri Heydər Əliyev tərəfindən müəyyən edilmiş və hazırda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ardıcıl olaraq həyata keçirilən iqtisadi inkişaf strategiyasının tələblərindən irəli gəlir və onun mərkəzində durur. Ölkə iqtisadiyyatının davamlı və tarazlı inkişafının təmin edilməsi, regionların inkişafının sürətləndirilməsi ölkənin sosial-iqtisadi inkişafının hazırkı mərhələsinin prioritet vəzifələrindəndir və qəbul edilmiş məqsədli dövlət proqramları çərçivəsində uğurla yerinə yetirilməkdədir. Uğurların əldə edilməsində özəl sektor əhəmiyyətli rol oynamaqdadır ki, bu da həyata keçirilən məqsədyönlü siyasət nəticəsində biznes mühitinin əlverişliliyinin artırılması ilə şərtlənmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev müxtəlif dövlət səviyyəli çıxışlarında da bildirmişdir ki, sahibkarlara dövlət dəstəyi artırılmalı və onların işinə əsassız müdaxilələrə son qoyulmalı, icra orqanları sahibkarlara kömək etməli, onların işinə qarışmamalı, dövlət strukturları yersiz yoxlamaları dayandırmalıdır. Hesab edir ki, onun üzərinə hesablanmış yüksək vergi fəaliyyətinin pozulmasına yönəlmişdir. Tərəfindən verilmiş apellyasiya şikayətinin təmin olunmasını xahiş edir. Tərəflərin izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsinin nümayəndəsi X2 apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin 20 may 2020-ci il tarixli, 2-1(116)-407/2020 saylı qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Apellyasiya məhkəməsi iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq İddiaçı hazırkı məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Əsaslandırma hissəsi: İPM-in 82-ci maddəsində göstərilmişdir ki, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. İddiaçının apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Apellyasiya şikayəti mümkündür, mahiyyət etibarı ilə əsaslıdır, ona görə də apellyasiya şikayəti uğurlu olacaqdır. Ona görə də, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməlidir. Qeyd edildiyi kimi, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin iddianın təmin edilməməsinə dair qərarı apellyasiya instansiyası məhkəməsinin məhkəmə kollegiyası tərəfindən dəyişdirilmədən qüvvədə sаxlаnılmış, Ali Məhkəmənin İnzibati kollegiyası isə iddiaçının kassasiya şikayəti əsasında apellyasiya kollegiyasının qərarını ləğv edərək işi təkrar apellyasiya baxışına qaytarmışdır. İPM-in 96.11-ci maddəsinə əsasən, mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəməsi üçün məcburidir. Hazırkı iş üzrə Ali Məhkəmənin İnzibati Kollegiyasının 13 oktyabr 2021-ci il tarixli, 2- 1(102)-1525/2021 saylı qərarında qeyd edilmişdir ki, obyektiv araşdırma prinsipinin mahiyyətinə görə, iş üzrə araşdırmanın həcmi, konkret işin hallarından asılı olaraq, hər bir halda məhkəmə tərəfindən xidməti mövqeyinə görə müəyyən olunmalı, iş üzrə düzgün qərarın qəbul edilməsi məqsədlərinə xidmət etməli və bunun üçün yetərli olmalıdır. Bu baxımdan hazırkı mübahisəyə münasibətdə məhkəmə iddiaçıya aid sənədlərin, faktların və digər mübahisəli faktiki halların tədqiq olunmasına yönəlmiş və işin müəyyən olunmuş hallarına uyğun obyektiv qərarın qəbuluna imkan verən həcmdə araşdırma aparılmasını təmin etməli idi. Bu prosessual məhkəmə qənaəti prinsipinin tələblərindən və məhkəmə mübahisəsinin uzanmasının qarşısının alınması məqsədlərindən də irəli gəlir. Lakin apellyasiya məhkəməsi tərəfindən qeyd edilən məqsədlərə cavab verən həcmdə araşdırılma aparılmamışdır. Bundan əlavə, məhkəmə tərəfindən mübahisəyə baxıldığı dövrdə iddiaçının şəxsi vərəqi cavabdehdən tələb edilməli, həmin anda vergi ödəyicisinin borclu olub-olmaması da yoxlanılmalıdır. İddiaçı tərəfindən dəfələrlə dəqiqləşdirilmiş bəyannamə təqdim edildiyinə istinad olunsa da, iş üzrə materiallarda həmin bəyannamələr, habelə vergi ödəyicisinə dəqiqləşdirilmiş hesabatın təqdim edilməsi barədə VM-ə uyğun olaraq bildiriş aşkar edilməmişdir. Halbuki, iş üzrə düzgün qərarın qəbulu baxımından həmin sənədlərin araşdırılması və onlara qiymət verilməsi zəruridir. Nəzərə alınmalıdır ki, iş üzrə materiallara əlavə olunmuş və cavabdehin kassasiya şikayətinə etirazında qeyd etdiyi Yevlax Rayon Məhkəməsinin 07.07.2021-ci il tarixli, 1(039)-2\2021 saylı hökmün surətindən görünür ki, iddiaçının 2017-il və 2018-ci ilin birinci rübü üzrə vergiləri dövlət büdcəsinə ödəməkdən yayındığı təsdiq olunmadığı və əməlində cinayət tərkibi olmadığı üçün ona bəraət verimişdir. Həmin iş üzrə cavabdehin mülki iddiası da baxılmamış saxlanılmışdır. Apellyasiya məhkəməsi tərəfindən bu xüsusat da araşdırılmalı, həmin hökmün qüvvəyə minməsi məsələsi yoxlanılmalı, bu qərarın 20-ci bəndində istinad olunan normanın (İPM-in 7.2-ci maddəsi) tələbləri baxımından həmin hökmün mübahisənin həllinə və məhkəmə icraatının gedişinə təsiri ilə bağlı hallar da yoxlanılmalıdır. Ona görə də iddiaçı haqlı olaraq qeyd edir ki, məhkəmə mübahisə olunan qərarın qanunvericiliyə uyğun qəbul edilib-edilmədiyini araşdırmalı və hüquqi qiymət verməli idi. Qeyd olunanlardan belə nəticə hasil olur ki, hazırkı iddia mümkün iddiadır. Belə ki, baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1 və 2.2.1-ci maddələri) aid olan mübahisələndirmə haqqında iddia – vergi orqanının mübahisəli qərarının ləğv edilməsinə dair tələb mümkündür. Bu növ iddianın xüsusi mümkünlük şərti, yəni iddianın qanunla müəyyən olunmuş 30 (otuz) günlük iddia müddəti ərzində qaldırılması tələbi də təmin olunmuşdur. İddia mahiyyət etibarilə əsaslıdır və buna görə də təmin edilməlidir. İPM-in 14.1-ci maddəsinə əsasən, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Mübahisələndirilən inzibati akt qanuna ziddir və iddiaçının hüquqlarını pozur (İPM-in 70.1ci maddəsi). Birinci instansiya məhkəməsi iddia tələbini təmin etməməklə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, Vergi Məcəlləsinin 102.1.11-ci maddəsi bilavasitə kənd təsərrüfatı məhsullarının istehsalından alınan gəlirləri gəlir vergisindən azad edir. Bu maddədən də göründüyü kimi bilavasitə dedikdə vasitəsiz olaraq, yəni şəxsin özünün istehsal etdiyi kənd təsərrüfatı məhsullarının satışından əldə etdiyi gəlir başa düşülür. Şəxs başqalarının istehsal etdiyi kənd təsərrüfatı məhsullarını alaraq, həmin məhsulları ixrac edirsə, Vergi Məcəlləsinin 102.1.11-ci maddəsinə əsasən gəlir vergisindən azad edilmir. İddiaçının iddia ərizəsindən də görünür ki, o, kənd təsərrüfatı məhsullarının ixracı ilə məşğul olmuş, kənd təsərrüfatı məhsullarını istehsal etməmişdir. İddiaçı 02.05.2018-c tarixdə təqdim etdiyi 2017-ci ilin gəlir vergisi bəyannaməsində dövriyyəsi 4064701,68 manat, xərclərin isə 4056000,0 manat, vergiyə cəlb edilən gəlir 8701.68 manat, gəlir vergisinin 1740.34 manat olduğu göstərmişdir. “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydalarının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.03.2001-ci il tarixli 55 saylı qərarı əsasında şərti rentabellik səviyyəsi 20% götürülərək vergi ödəyicisinin dövriyyəsindən dövlət büdcəsinə ödəməli olduğu gəlir vergisinin məbləği müəyyən edilmişdir. İşə apellyasiya icraatında yenidən baxan məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən gəldiyi nəticə ilə razılaşmır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Hazırkı mübahisəyə münasibətdə VM-nin 67-ci maddəsinin tətbiqininin mümkünlüyünü, o cümlədən əlaqəli məlumatlardan istifadə etməklə ödənilməli verginin məbləğini hesablama qaydasının tətbiqini istisna edən əsasların cavabdeh tərəfindən müəyyən edilib-edilmədiyi, habelə 67.14-cü maddəyə istinadən 83.9-cu maddənin tətbiqini zəruri edən halların və əsasların mövcud olub-olmadığı məhkəmə tərəfindən araşdırılmalıdır. Cavabdehin məhkəmə kollegiyasına ünvanladığı 20 dekabr 2021-ci il tarixli məktubunda (izahat) göstərmişdir ki, Vergi Məcəlləsinin 83.9-cu və 67.14-cü maddələrinə görə vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda, həmin mənfəət (gəlir) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalar əsasında hesablanır. İddiaçı 2017-ci il üçün gəlir vergisi bəyannaməsinin kameral vergi yoxlaması zamanı mənfəət vergisi iddiaçı cəmiyyətin gömrük orqanlarından əldə edilmiş ixrac etdiyi məhsulların gömrük dəyəri məlumatlarına əsasən hesablanmışdır. Vergi Məcəlləsinin 67.1.6-cı maddəsinə görə isə vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlar mənbəyi bəlli olan əlaqəli məlumatlar hesab olunur. Əslində gəlir vergisinin əlaqəli məlumatlara əsasən hesablanması zamanı uyğun əlaqəli məlumatın seçilməsi inzibati orqanın diskresion səlahiyyəti olsa da, vergi ödəyicisinin gəlir və ya xərclərindən hər hansı birini əlaqəli məlumatlarla müəyyən etmək mümkün olduğu halda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 55 saylı qərarında müəyyən olunan qaydada mənfəətin müəyyənləşdirilməsi Vergi Məcəlləsinin 67.14-cü və 83.9-cu maddələrinə əsasən imperativdir. Belə ki, məlum olduğu kimi Vergi Məcəlləsinin 6-cı maddəsində dövlət vergilərinin 9 növü (fiziki şəxslərin gəlir vergisi, hüquqi şəxslərin mənfəət vergisi, əlavə dəyər vergisi, aksizlər, hüquqi şəxslərin əmlak vergisi, hüquqi şəxslərin və bu Məcəllənin 206.1cimaddəsində nəzərdə tutulmuş halda fiziki şəxslərin torpaq vergisi, yol vergisi, mədən vergisi, sadələşdirilmiş vergi) müəyyən edilmişdir. Vergi Məcəlləsinin 67.1-ci maddəsində isə müəyyən olunur ki, verginin hesablanması zamanı vergi orqanının həmin maddənin 67.1.1 - 67.1.9-cu maddələrində göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ var. Göründüyü kimi, Vergi Məcəlləsində verginin əlaqəli məlumatlar əsasında hesablanması üçün uyğun əlaqəli məlumatın seçilməsi zamanı inzibati orqan diskresion səlahiyyətə malikdir. Vergi Məcəlləsinin 6-cı maddəsində göstərilən vergi növlərinin vergitutma obyektinin, o cümlədən vergilərin müəyyən edilməsinin digər elementlərinin bir-birindən fərqlənməsindən irəli gəlir. Çünki, həmin vergi növlərinə nəzər saldıqda görünür ki, heç də onların hər birinin hesablanmasına Vergi Məcəlləsinin 67.1.1 - 67.1.9-cu maddələrində göstərilən əlaqəli məlumatların hər birinin tətbiq edilməsi mümkün deyildir. Məsələn, Vergi Məcəlləsinin 67.1.4-cü maddəsinə görə vergi ödəyicisinin mülkiyyətində və ya istifadəsində olan maddi və qeyri-maddi əmlak barədə rəsmi məlumatlar verginin hesablanması üçün əlaqəli məlumat hesab olunur. Vergi ödəyicisinin mülkiyyətində və ya istifadəsində olan əmlak barədə məlumatlar gəlir vergisinin hesablanması üçün gəlirlərinin müəyyən olunmasında istifadə edilə bilməz. Lakin, həmin məlumatlar əmlak vergisinin və ya torpaq vergisinin hesablanmasında istifadə edilə bilər. Çünki Vergi Məcəlləsinin 197.1.3-cü maddəsinə görə müəssisələrin balansında olan əsas vəsaitlərin orta illik dəyəri əmlak vergisinin vergitutma obyektidir. Həmin Məcəllənin 205-ci maddəsinə görə isə fiziki şəxslərin və müəssisələrin Azərbaycan Respublikasının ərazisində mülkiyyətində və ya istifadəsində olan torpaq sahələri vergitutma obyekti sayılır. Ona görə də vergi orqanına Vergi Məcəlləsinin 67-ci maddəsində göstərilən əlaqəli məlumatlara əsasən vergini hesablamaq hüququ verilmişdir. Yəni, konkret vergi növünün hesablanması üçün vergi orqanının münasib əlaqəli məlumatı seçmək hüququ vardır, bu onun diskresion səlahiyyətidir. Fiziki şəxslərin gəlir vergisi və hüquqi şəxslərin mənfəət vergisinin hesablanmasında isə Vergi Məcəlləsndə vergi orqanına imperativ qayda müəyyən edilmişdir. Belə ki, Vergi Məcəlləsinin 67.1-ci maddəsində göstərilən əlaqəli məlumatlardan hər hansı biri əsasında vergi ödəyicisinin gəlirlərini və ya xərclərini, yəni ikisindən hər hansı birini müəyyən etmək mümkün olduqda gəlir və ya mənfəət vergisi Vergi Məcəlləsinin 67.14 və 83.9-cu maddələrinin tələbinə əsasən Nazirlər Kabinetinin 01.03.2001-ci il tarixli 55 saylı qərarı ilə müəyyən edilmiş qaydalar tətbiq edilməklə hesablanmalıdır. Göründüyü kimi, Vergi Məcəlləsinin 6-cı maddəsində göstərilən vergi növlərindən yalnız fiziki şəxslərin gəlir və hüququ şəxslərin mənfəət vergisinin hesablanması üçün imperativ olaraq konkret qayda müəyyən edilib və iddiaçı vergi ödəyicisinin gəlir vergisinin hesablanması üçün ixrac etdiyi məhsulların dəyərinin əlaqəli məlumat kimi seçilməsi diskresion səlahiyyət, həmin seçilmiş əlaqəli məlumat əsasında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 55 saylı qərarını tətbiq etməklə gəlir vergisinin hesablanması isə imperativ normadır. Vergi Məcəlləsinin 16.1.3-cü maddəsinə əsasən qanunvericiliklə nəzərdə tutulmuş qaydada gəlirlərinin (xərclərinin), o cümlədən vergidən azad edilən gəlirlərinin (xərclərinin) və vergitutma obyektlərinin uçotunu aparmaq, 16.1.6-cı maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada vergi orqanlarına və onların vəzifəli şəxslərinə zəruri olan məlumatları və sənədləri, habelə mühasibat uçotu elektron formatda aparıldığı halda, özünün və filiallarının elektron daşıyıcılarında olan məlumatlara birbaşa və ya məsafədən çıxış imkanı yaratmaqla, həmin məlumatları vergi orqanının tələbi ilə təqdim etmək, 16.1.11-10-cu maddəsinə görə isə vergi orqanında uçotda olmayan fiziki şəxslərdən alınmış mallara görə alış aktını tərtib etmək vergi ödəyicisinin vəzifəsidir. Məhkəmə kollegiyası cavabdehin məktubda qeyd etdiyi mövqeyi ilə əlaqədar aşağıdakıları bildirir. Vergi Məcəlləsinin 37.1-ci maddəsinə əsasən, kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. Həmin Məcəllənin 37.2-ci maddəsinə görə, kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin vergi orqanına təqdim edildiyi vaxtdan 30 iş günü müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra həmin bəyannamə, habelə bu Məcəllənin 37.2-1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz. Həmin Məcəllənin 37.2-1-ci maddəsinə əsasən, kameral vergi yoxlaması başa çatdıqdan sonra vergi orqanı verginin hesablanması üçün əlavə sənəd və ya mənbəyi məlum olan digər məlumat aşkar etdikdə, vergi ödəyicisinə 5 iş günü müddətində bu Məcəllənin 72.5-ci maddəsində nəzərdə tutulmuş dəqiqləşdirilmiş hesabatın 10 iş günü müddətində təqdim edilməsi barədə bildiriş göndərir. Həmin Məcəllənin 37.3-ci maddəsinə görə, kameral yoxlama aparmaq üçün vergi ödəyicisindən təqdim olunmuş bəyannamə ilə bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edə bilər. Həmin Məcəllənin 37.4-ci maddəsinə əsasən, kameral yoxlama nəticəsində vergi bəyannaməsində vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Bu maddənin birinci hissəsində göstərilən hallarda və (və ya) kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır. Həmin Məcəllənin 37.6-ci maddəsinə əsasən, kameral vergi yoxlaması zamanı vergi orqanı bu Məcəllənin 37.3-cü və 37.4-ci maddələrində müəyyən edilmiş qaydalara riayət etmədikdə, vergi ödəyicisinin səyyar vergi yoxlaması keçirilən zaman vergi orqanının təklifi əsasında həmin yoxlamanın keçirildiyi vaxta qədər yol verdiyi və kameral yoxlama zamanı müəyyən edilə bilən səhvləri (o cümlədən vergi məbləğlərinin düzgün hesablanmaması, vergi məbləğlərinin azaldılması və sair) 30 gün müddətində düzəltmək (aradan qaldırmaq) hüququ vardır və o, həmin müddət bitənədək, yol verdiyi vergi qanunvericiliyinin pozulmasına görə (faizlərin ödənilməsi istisna olmaqla) məsuliyyət daşımır. Göründüyü kimi, Vergi Məcəlləsində kameral vergi yoxlamasının hansı hallarda və hansı müddətlərdə keçirilə biləcəyi sadalanmış, lakin həmin müddətin 30 iş günü və verginin hesablanması üçün əlavə sənəd və ya mənbəyi məlum olan digər məlumat aşkar etdikdə 15 iş günü müddətində keçirilməlidir. Lakin iş materialları ilə müəyyən olunur ki mübahisə edilən qərar 1 il 5 ay sonra qəbul edilmişdir ki, bunun cavabdeh tərəfindən ağlabatan izahı verilməmişdir. İş materiallarına əlavə olunmuş Yevlax Rayon Məhkəməsinin 07 noyabr 2021-ci il tarixli, 1(039)-2/2021 saylı bəraət hökmünün surətindən məlum olur ki, İddiaçı Azərbaycan Respublikası CM-nin 213.1-ci maddəsi ilə (ibtidai araşdırma orqanı tərəfindən elan olunmuş ittihama görə Azərbaycan Respublikası CM-nin 213.2.2-ci maddəsi ilə) nəzərdə tutulmuş əməlin törədilməsində təqsirsiz hesab edilərək əməlində cinayət tərkibi olmadığına görə İddiaçı bəraət verilmişdir. Həmin cinayət işi üzrə İddiaçı irəli sürülmüş ittihamdan görünür ki, İddiaçı 2017-ci il ərzində Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının alışını təşkil edərək, həmin məhsulları müxtəlif ölkələrə ixrac etməklə, vergi ödəyicisi olaraq maliyyə-təsərrüfat fəaliyyətinin uçotunun aparılması vəzifəsini öz üzərinə götürmüş, sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq, vergilərin hesablanması və dövlət büdcəsinə ödənilməsi vəzifəsini nəzərdə tutan əməliyyatlar apararaq rəsmiləşdirmiş və bununla əlaqədar vergi ödəyicisi kimi məsuliyyət daşıyaraq, müvafiq vergilərin ödənilməsinin təmin edilməsinə cavabdeh olduğu halda, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.1, 16.1.3, 16.1.6, 16.1.7, 53.1, 71.1, 71.2, 72, 77.3, 78.1, 82.1, 85.1, 95, 96, 97, 101.3, 30.1, 130.2, 149.2, 152.1, 218, 219 və 220-ci maddələrinin tələblərini pozaraq qeydiyyatda olduğu vergi orqanına təqdim etdiyi bəyannamələrə bilə-bilə təhrif olunmuş məlumatlar daxil etməklə, ümumilikdə külli miqdar təşkil edən 134438,37 manat məbləğində vergiləri dövlət büdcəsinə ödəməkdən yayınmışdır. İş materiallarına əlavə olunmuş Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 08 oktyabr 2021-ci il tarixli, 1(107)-311/2021 saylı qərarı ilə Yevlax Rayon Məhkəməsinin İddiaçı bəraət verilməsinə dair 07 iyul 2021-ci il tarixli, 1(039)-2/2021 nömrəli saylı hökmü dəyişdirilmədən saxlanımışdır. Hökm qanuni qüvvəsini almışdır. Həmin cinayət işi üzrə aparılmış təkrar komisyon məhkəmə-mühasibatlıq ekspertizasının 07 aprel 2021-ci il tarixli 9/6072 saylı rəyindən görünür ki, kameral vergi yoxlaması ilə fiziki şəxs İddiaçı 2017-ci il üzrə mənfəət vergisi ödəyicisi olmuşdur. Vergi ödəyicisi tərəfindən yoxlamaya xərc sənədlərinin tam təqdim edilməməsi səbəbindən gəlir vergisi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 mart tarixli 55 nömrəli qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydalarfnın tələblərinə müvafiq olaraq şərti rentabellik norması tətbiq edilməklə hesablanmışdır. Həmin Qərarın 1-ci maddəsində qeyd edilmişdir ki, bu Qaydalar Azərbaycan Respublikası Vergi Məcəlləsinin 83.9-cu maddəsinə əsasən hazırlanmış və vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması qaydalarını müəyyən edir. Vergi Məcəlləsinin 67-ci maddəsinin tələblərinə görə bu Məcəllənin 67.1-ci maddəsində göstərilən hallarda vergi ödəyicisinin gəlirlərini və ya xərclərini müəyyən etmək mümkün olduqda mənfəət (gəlir) vergisi bu Məcəllənin 83.9-cu maddəsinə əsasən hesablanır (maddə 67.14). Həmin maddənin 1-ci bəndinə görə bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, mühasibat və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır. 67.1.1 vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri; 67.1.2 vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə rəsmi məlumatlar; 67.1.3 vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri barədə rəsmi məlumatlar; 67.1.4 vergi ödəyicisinin mülkiyyətində və ya istifadəsində olan maddi və qeyri-maddi əmlak barədə rəsmi məlumatlar; 67.1.5 vergi ödəyicisi tərəfindən istehsal olunmuş və (və ya) təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlar; 67.1.6 vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlar; 67.1.7 vergi ödəyicisinin bank hesablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hərəkəti barədə alınan rəsmi məlumatlar; 67.1.8 vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələri; 67.1.9 vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar. Vergi Məcəlləsinin 67-ci maddəsinin 2-ci bəndinə görə vergi ödəyicisi tərəfindən ödənilməli olan verginin əlaqəli məlumatlara əsasən müəyyənləşdirilməsi üçün aşağıda göstərilən meyarlar nəzərə alınmaqla vergi ödəyicisinin fəaliyyətinə analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatlarından istifadə edilir: 67.2.1 eyni xüsusiyyəti i və ya eynicinsli malların istehsalı; 67.2.2 eyni xüsusiyyəti və ya eynicinsli malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi; 67.2.3 əaliyyət göstərilən ərazi. Həmin maddənin 3-cü bəndinə əsasən isə vergilər əlaqəli məlumatlar və analoji vergi ödəyicisi barədə məlumatlar əsasında hesablandıqda, verginin məbləği vergi ödəyicisinin müvafiq olaraq gəlirinin, yaxud gəlirdən çıxılan xərclərinin məbləğini analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin həmin hesabat dövründə gəlirində, yaxud gəlirdən çıxılan xərclərində verginin xüsusi çəkisini göstərən əmsala vurmaqla müəyyənləşdirilir. Göründüyü kimi, vergi ödəyicisinin gəlirlərini müəyyən etmək mümkün olmadıqda ilk növbədə Vergi Məcəlləsinin 67-ci maddəsi ilə tələb edilən şərtlərə uyğun hesablamalar aparılmalı, yalnız bu hərəkətlər həyata keçirildikdən sonra vergi ödəyicisinin gəlirlərini və ya xərclərini yenə də müəyyən etmək mümkün olduqda mənfəət (gəlir) vergisi Vergi Məcəlləsinin 83.9-cu maddəsinə əsasən hesablanmalı idi. Mövcud iş materiallarından göründüyü kimi Vergi Məcəlləsinin 67-ci maddəsinin tələblərinə riayət edilməmiş, vergi ödəyicisi tərəfindən ödənilməli olan verginin əlaqəli məlumatlara əsasən müəyyənləşdirilməsi üçün vergi ödəyicisinin fəaliyyətinə analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatlarından istifadə edilməmiş, birbaşa Azərbaycan Respublikası Vergi Məcəlləsinin 83.9-cu maddəsinə əsasən hazırlanmış vergisi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 55 nömrəli qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydaları”na uyğun şərti 20 faiz dərəcə ilə rentabellik norması tətbiq edilməklə mənfəət vergisi hesablanmışdır. Yəni alış aktları nəzərə alınmadan İddiaçı 2017-ci ildə fəaliyyəti üzrə dövlət büdcəsinə ödənilməli olan gəlir vergisinin müəyyən edilməsi üçün ilkin olaraq Vergi Məcəlləsinin 67-ci maddəsinin tələblərinə əsasən hesablanma aparılmalı idi. Lakin yuxarıda da göstərildiyi kimi, vergi orqanı tərəfindən belə qaydada hesablanma aparılmamışdır. Qeyd edilir ki, Vergi Məcəlləsinin 67-ci maddəsinin tələblərinə əsasən hesablanma aparmaq hazırkı tədqiqatla mümkün deyildir. Belə ki, 67-ci maddənin tələblərinə əsasən həmin maddədə göstərilənlərin əksəriyyətinin müəyyən edilməsi ilkin olaraq vergi orqanı tərəfindən müəyyən edilir. İş materiallarında olan sənədlərə (alış aktları, YGB, bəyannamə məlumatları, eqaimə haqqında məlumat, şəxsi hesab vərəsi) əsasən fiziki şəxs tərəfindən dövlət büdcəsinə ödənilməli olan gəlir vergisi aşağıdakı kimi hesablanır: Ümumi gəlir - 4064701,68 manat; Gəlirin əldə olunması ilə çəkilən xərclər (o cümlədən: malın dəyəri 3.968.210,90 manat, e-qaimə 3645,70 manat, gömrük rüsumu 61470,0 manat) - 4033326,60 manat; Vergiyə cəlb olunan - 31375,08 manat; Gəlir vergisi 20% dərəcə ilə - 6275,02 manat; Qeyd edilir ki, X3 üzrə “0” dərəcəsi ilə ixrac zamanı depozit hesabı vasitəsi ilə ödənilmiş 9396 manat ƏDV məbləği qanunvericiliyin tələblərinə uyğun olaraq vergi orqanı tərəfindən vergi borcu ilə əvəzələşdirilməli olduğu halda qeyd olunan ƏDV məbləği əvəzləşdirilməmişdir. Belə ki, Vergi Məcəlləsinin 175.7 maddəsinə əsasən Sıfır (0) dərəcəsi ilə ƏDV tutulan əməliyyatlar ƏDV-yə cəlb olunan əməliyyatlar hesab edilir və belə əməliyyatlar aparan şəxslər tərəfindən mallar (işlər, xidmətlər) alınarkən nağdsız qaydada (mal, iş və xidmət təqdim edənin bank hesabına birbaşa nağd qaydada ödənişlər istisna edilməklə) ƏDV-nin depozit hesabı vasitəsilə ödənilmiş ƏDV-nin məbləği bu Məcəllənin müddəalarına uyğun olaraq əvəzləşdirilir. YGB üzrə ödənilmiş 9396,0 manat əvəzləşdirilməyən ƏDV məbləğini nəzərə aldıqda 2017-ci il üzrə təqdim edilmiş mənfəət vergisi üzrə yaranmış gəlir vergisi borcu ilə müqayisədə vergi ödəyicisinin dövlət büdcəsinə ödənilməli olan vergi məbləği müəyyən edilmir. Yəni tədqiqatla bütün yuxarıda qeyd edilənləri nəzərə alaraq, İddiaçı tərəfindən aparılmış əməliyyatlara görə 2017-ci il üzrə fiziki şəxsin gəlir vergisinin dövlət büdcəsinə az hesablanması müəyyən olunmur. Vergilər Məcəlləsinin 37.4-cü maddəsinə istinadən 67-ci maddəsinə müvafiq olaraq hesablanması ilə bağlı cavabdeh diskresion səlahiyyətə malikdir. Cavabdeh malik olduğu diskresion səlahiyyəti vergi qanunvericiliyi ilə müəyyən olunmuş hüdudlar çərçivəsində və həmin səlayhiyyətlərin məqsədinə uyğun şəkildə düzgün həyata keçirməmişdir. Belə ki, hazırkı mübahisəyə münasibətdə diskresion səlahiyyətlərin məhz bu qaydada həyata keçirilməsini zəruri edən şərtlərin mövcud olduğunu sübut edə bilməmişdir. Çünki, yuxarıda da qeyd edildiyi kimi, məhkəmənin qanuni qüvvəsini almış bəaət hökmü ilə iddiaçının vergi borcunun olmadığı müəyyən edilmişdir. İPM-in 58.8-ci maddəsində göstərilmişdir ki, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı inzibati mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Yuxarıda sözü gedən qanuni qüvvəsini almış bəraət hökmündə iddiaçının vergi borcunun olmaması öz təsdiqini tapdığından bu hal hazırkı işə baxan məhkəmə üçün məcburi xarakter daşıyır. Məhkəmə kollegiyası qeyd edir ki, zəruri sənədlərin yoxlamaya təqdim edilməsini təmin olunması, xərclərin düzgünlüyünün araşdırılması və mənfəətin müəyyən edilməsi üçün vergi orqanı tərəfindən kifayət qədər vaxtın və zəruri sənədlərin olması səbəbindən mənfəətin hesablanması Vergi Məcəlləsinin 83.9-cu maddəsinin təsiri altına düşməməli idi. Vergi Məcəlləsinin 49.2-ci maddəsinə əsasən, vergi ödəyicisinin vergi qanunverigiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarda vergi yoxlaması ilə müəyyən olunan vergi qanunvericiliyinin pozulması şəraiti, həmin şəraiti təsdiq edən sənədlər və digər məlumatlar, vergi ödəyicisinin özünün müdafiəsi üçün gətirdiyi dəlillər və bu dəlillərin yoxlanılmasının nəticələri, vergi qanunvericiliyinin pozulmasına görə və tətbiq olunan məsuliyyət tədbirlərini nəzərdə tutan müvafiq qanunların maddələri göstərilməklə vergi ödəyicisinin vergi qanunvericiliyinin konkret hansı tələblərinin pozulmasına görə məsuliyyətə cəlb olunması ona izah olunur. Həmin Məcəllənin 49.5-ci maddəsinə görə vergi orqanının vəzifəli şəxsləri tərəfindən bu maddənin tələblərinin gözlənilməməsi vergi orqanının yuxarı vergi orqanı və məhkəmə tərəfindən ləğv edilməsi üçün əsasdır. 53.3-cü maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasına aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. Həmin Məcəllənin 54.0.2-ci maddəsinə əsasən vergi qanunvericiliyi ilə bağlı hüquq pozuntusunda şəxsin təqsirinin olmaması vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb olunmanı istisna edən hallardan biridir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Vergi qanunvericiliyinin iqtisad məhkəmələri tərəfindən tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında" 27 noyabr 2003-cü tarixli 5 №-li Qərarı ilə məhkəmələrə izah olunmuşdur ki, Vergi Məcəlləsinin 3.11ci maddəsinə əsasən vergilərlə bağlı işlərə baxılarkən iş üzrə aydın olmayan, vergi orqanı tərəfindən aydınlaşdırılması mümkün olmayan məqamlar, vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan halları, habelə vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda onlar vergi ödəyicisinin xeyrinə şərh olunmalıdır. Məhkəmə kollegiyası yuxarıda qeyd edilən normaların tələblərini hazırkı iddia tələbi üzrə işin hallarına tətbiq edərək belə hesab edir ki, iddiaçının müraciətinin təmin edilməsindən imtina edən orqanın hərəkətləri əsassız olmuş, işə baxan birinci instansiya məhkəməsi iddia tələbini rədd edərkən tam araşdırma aparmamış, maddi hüquq normalarının tətbiqində səhvə yol vermiş və bu səbəbdən də düzgün nəticəyə gəlməmişdir. Belə olan halda Azərbаycаn Respublikаsı İnzibаti Prosessuаl Məcəlləsinin 87.6-cı mаddəsinə əsаsən iddiaçının apellyasiya şikayəti təmin edilərək, birinci instаnsiyа məhkəməsinin qərаrı ləğv edilməli, yeni qərar qəbul edilərək iddia təmin edilməlidir. Nəticəvi hissə: Yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Şəki İnzibati Məhkəməsinin 20 may 2020-ci il tarixli, 2-1(116)-407/2020 saylı qərarı ləğv edilsin və iş üzrə yeni qərar qəbul edilsin. İddia təmin edilsin. Cavabdeh 11 saylı Ərazi Vergilər Baş İdarəsinin 25.11.2019-cu il tarixli, **********028400 nömrəli qərarı ləğv olunsun. Qərardan 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsi (AZ-5500, Şəki Şəhəri, Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə (AZ- 1025, Bаkı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Elçin Hüseynov
Məhkəmə qərarları › İş №2-1(107)-53/2022
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-53/2022
04.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver