Məhkəmə qərarları › İş №2-1(107)-53/2023

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-53/2023

12.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-53/2023 12.07.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, Atababayev Faiq Gülağa oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “istehsalat zədəsi və travması nəticəsində sağlamlığının pozulması ilə bağlı aylıq və birdəfəlik müavinətin təyin edilməsi ilə əlaqədar ödənilməmiş məbləğin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 4 oktyabr 2022-ci il tarixli 2-1(116)-1257/2022 nömrəli qərarından iş üzrə İddiaçı nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fonduna və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X2 regional filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona X8 istehsalat zədəsi və travması nəticəsində aldığı xəsarətlə bağlı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən təyin olunmuş müavinətin (əlilliyə görə) tam həcmdə ödənilməsi öhdəliyinin cavabdehlərin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.

2. İddianın əsaslarına görə, iddiaçı xx.xx.1949-c ildə Kəlbəcər rayonu Zülfüqarlı kəndində anadan olmuşdur. 1972-ci ildən Kəlbəcər rayonu ərazisində yerləşən X8 "yeraltı dağ mədən ustası" kimi işə başlamışdır. 27 avqust 1976-cı il tarixdə Kəlbəcər rayonu ərazisində yerləşən X8 yeraltı dağ mədən ustası peşəsində işləyən zaman, yeraltı mədəndə uçqun baş vermiş və iddiaçı uçqunun altında qalmışdır. İddiaçının uçqunun altından çıxarmışlar və ilk olaraq o, Kəlbəcər rayonu Zülfqqarlı kənd xəstəxanasında ilkin tibbi yardım alıb müalicə olsa da, 29 avqust 1976-cı il tarixdə mədəndə iş başında aldığı istehsalat travmaları və xəsarətləri ağır olduğu üçün onu təcili “Semaşko” xəstəxanasına aparıb yerləşdirmişlər. “Semaşko” xəstəxanasında daxili orqanlarında, yəni aldığı istesalat zədəsi xəsarətləri ilə bağlı bağırsaq partlamasına görə əməliyyat olunmuşdur. İddiaçı xəstəxanada müalicə oluduqdan sonra, yenidən Zod qızıl mədəninə "yeraltı mədən ustası“ vəzifəsinə işə qayıtmışdır. Lakin, səhhətində yenə istehsalatda aldığı zədələrlə bağlı həmin problemlər qalırdı. İddiaçı Kəlbəcər rayonu ərazisində yerləşən X8 "yeraltı dağ mədən ustası" peşəsində xx.xx.1985-ci il tarixədək işləmişdir. İddiaçı Kəlbəcər rayonu ərazisində yerləşən X8 "yeraltı dağ mədən ustası" peşəsində işləyərkən, yeraltı mədəndə uçqun baş verərkən və uçqunun altında qalan zaman aldığı xəsarətlərlə əmək qabiliyyətini itirdiyi üçün ƏƏSMN-nin 23 saylı X4-Sosial Ekspertiza Komissiyasının xx.xx.2009-cu il tarixli SER TSE-01 № 080332 nömrəli Arayışı ilə iddiaçıya əmək zədəsi və 2-ci qrup əlillik dərəcəsi verilmiş və ona aldığı əmək haqqı müqabilində - 768 (yeddi yüz altmış səkkiz) manat pensiya təyin olunmuşdur. İddiaçıya verilmiş əmək zədəsi və 2-ci qrup əlillik dərəcəsi ilə təyin olunmuş pensiya 2010-cu ilin yanvar ayından kəsilmişdir. İddiaçıya təyin olunmuş pensiya kəsilməsinə baxmayaraq, o, 2010, 2011, 2012 və 2013- cü illərdə hər il Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 23 №-li Mingəçevir TSEK-dan keçmiş və hər dəfə də 23 №-li Mingəçevir Tibbi-Sosial Ekspert Komissiyası iddiaçının əmək qabliyyətinin itirilməsi faizini 80% kimi qiymətləndirmiş, lakin 2010-cu ildən bu günədək X8 istehsalat zədəsi nəticəsində əlliliyə görə müavinəti ala bilməmişdir.

3. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Şərqi Zəngəzur regional filialı xx.xx.2022-ci il tarixli **********4 nömrəli imtina məktubunda qeyd etmişdir ki, iddiaçının özəlləşdirilən dövlət müəsissələrinin istehsalat qəzası və ya peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və yaxud bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq və ya birdəfəlik müavinətin təyin edilməsi üçün xx.xx.2022-ci il tarixli, **********5 saylı müraciətinə aidiyyəti üzrə Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialda baxılmışdır. Məlumat üçün bildirilmişdir ki, iddiaçının təqdim etdiyi sənədlərdə işlədiyi müəssisə olan Kəlbəcər rayon X6 İ və İİ dövlət proqramına əsasən özəlləşdirilməyə verilməsi barədə məlumat olmadığından onun müraciətini Sosial Öənişlərin Təyinatı üzrə Mərkəzi Filialda icra etmək mümkün olmamışdır.

4. İddiaçıya xx.xx.2022-ci il tarixdə hüquqi yardım məktubu ünvanlanmış və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 13-cü maddəsinə müvafiq olaraq, iddiaçıya cavabdeh qismində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Şərqi Zəngəzur regional ərazi filialının yerinə əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı qeyd edilməklə dəqiqləşdirilmiş iddia ərizəsini məhkəməyə təqdim edilməsi təklif olunmuşdur.

5. İddiaçı və onun etibarnamə üzrə səlahiyyətli nümayəndəsi və vəkili məhkəməyə xx.xx.2022-ci il tarixdə “iddianın dəyişdirilməsi barədə” ərizə təqdim edərək cavabdeh qismində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialını qeyd etmiş və “istehsalat zədəsi və travması nəticəsində sağlamlığının pozulması ilə bağlı aylıq və birdəfəlik müavinətin təyin edilməsi ilə əlaqədar ödənilməmiş məbləğin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli 2-1(116)- 1257/2022 nömrəli qərardadı ilə ərizə icraata qəbul olunmuşdur.

6. Fondun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi filialı xx.xx.2022-ci il tarixli **********0 nömrəli etiraz məktubunda qeyd etmişdir ki, İddiaçı eyni tələblə X5 regional filialına müraciət etmişdir.

7. X5 regional filialının 30 mart 2022-ci il tarixli **********4 nömrəli imtina məktubu ilə İddiaçı işlədiyi müəssisə olan Kəlbəcər rayon X6 İ və İİ dövlət proqramına əsasən özəlləşdirməyə verilməsi barədə məlumatın olmaması səbəbindən onun müraciətinin Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialında icra edilməsinin mümkün olmadığı bildirilmişdir.

8. İstehsalat qəzası nəticəsində işçiyə dəyən zərəri ödəmək işəgötürənin vəzifəsidir. Göründüyü kimi, həmin ödənclərin verilməsi qanunvericiliklə Dövlət Sosial Müdafiə Fondunun deyil, işəgötürənlərin vəzifəsi kimi müəyyən olunmuşdur.

9. Bundan əlavə, iddiaçının ərizəsində də qeyd etdiyi kimi onun işlədiyi müəssisə halhazırda fəaliyyət göstərmir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 yanvar 2003- cü il tarixli 03 nömrəli Qərarı ilə təsdiq edilmiş “İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi Qaydaları, Şərtləri və Məbləği”nin 3.10-cu bəndinə əsasən, zərər dəyməsində təqsirkar olan müəssisənin yenidən təşkil edildiyi halda onun hüquqi varisi zərərçəkənə zərərin əvəzini ödəyir. Bu səbəblə, iddiaçı aldığı xəsarət nəticəsində Fonda yox, işlədiyi müəssisənin hüquqi varisi olan müəssisəyə müraciət etməlidir. Təqsirkar müəssisənin ləğv edildiyi halda isə işçinin sağlamlığına dəyən zərərin ödənilməsi qaydaları Mülki Məcəllə ilə tənzimlənir.

10. Belə ki, Mülki Məcəllənin 60.1-ci maddəsinə əsasən (22 noyabr 2013-cü ilədək qüvvədə olan redaksiya) hüquqi şəxsin ləğvi haqqında qərarla ləğvetmə komissiyası (təsviyəçi, ləğvedici) təyin edilir, bu Məcəlləyə uyğun olaraq ləğvetmə qaydası və müddətləri müəyyənləşdirilir və ləğvetmə prosesi başlayır.

11. 61.1. Ləğvetmə komissiyası (təsviyəçi, ləğvedici) təyin olunduğu gündən sonra 10 gün müddətində Azərbaycan Respublikasında hüquqi şəxslərin dövlət qeydiyyatı haqqında məlumatın dərc edildiyi mətbu nəşrdə hüquqi şəxsin ləğv edilməsi və kreditorlarının tələblərinin bildirilməsi qaydası və müddəti haqqında ilk məlumatı dərc etdirir.

12. Kreditorların tələblərinin irəli sürülməsi müddəti ləğvetmə haqqında ilk məlumatın dərc edildiyi gündən etibarən 60 gündən az ola bilməz.

13. 61.3. Ləğvetmə komissiyası (təsviyəçi, ləğvedici) kreditorları aşkar etmək və debitor borcunu almaq üçün tədbirlər görür, habelə ləğvetmə ilə bağlı mətbuatda elanın dərc olunduğu gün hüquqi şəxsin ləğvi haqqında bütün məlum kreditorlara bildiriş göndərir.

14. Mülki Məcəllənin kreditorların tələblərinin ödənilməsindən növbəliliyindən bəhs edən 62-ci maddəsin 1-ci bəndinə əsasən hüquqi şəxs ləğv edilərkən onun kreditorlarının tələbləri aşağıdakı növbə ilə ödənilir:

15. 62.1.2. ikinci növbədə müvafiq vədəli ödənişlərin kapitallaşdırılması yolu ilə o, fiziki şəxslərin tələbləri ödənilir ki, ləğv edilən hüquqi şəxs onların qarşısında həyata və ya sağlamlığa zərər vurulması üçün məsuliyyət daşıyır.

16. 61.4. Ləğvetmə komissiyası (təsviyəçi, ləğvedici) hər hansı bir kreditorun irəli sürdüyü tələblə razılaşmadığı halda həmin kreditor məhkəmədə iddia qaldırmaq hüququna malikdir. Tələb barədə məhkəmə qərarı qəbul edilənədək onun təmin edilməsi üçün zəruri olan vəsait saxlanılmalıdır.

17. Belə ki, yuxarıda qeyd edilən hüquqi əsaslardan da aydın olur ki, müəssisə ləğv edildiyi halda iddiaçının qanunvericilikdə müəyyən edilmiş müddət daxilində ikinci növbəli kreditor kimi həyata və sağlamlığa dəyən zərərin ödənilməsini tələb etmək hüququ mövcud olmuşdur.

18. İşçinin aylıq müavinəti almaq hüququ mövcud deyil.

19. Bildirilir ki, Azərbaycan Respublikasının Prezidentinin xx.xx.2003-cü il tarixli 920 saylı Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin sosial ödənişləri üzrə yaranmış borclarının ödənilməsi Qaydaları”nın 2-ci maddəsinə əsasən bu Qaydalar:

20. 1.1.1. "Azərbaycan Respublikasında 1995-1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramı" çərçivəsində və “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı”na əsasən özəlləşdirilməsi barədə qərar qəbul edilmiş və özəlləşdirilməsi başa çatmamış dövlət müəssisələrinin bu Qaydalar qüvvəyə minənədək yaranmış borclarına;

21. 2.1.2. idarəetməyə verilən dövlət müəssisələrinin onları idarə etmək hüququna dair müqavilə qüvvəyə minənədək yaranmış borclarına şamil edilir.

22. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi dövlət müəssisələrinin özəlləşdirilməsi başa çatdığı tarixdə və ya onları idarə etmək hüququna dair bağlanılmış müqavilə qüvvəyə mindikdə, aylıq müavinətin ödənişinin dayandırılması məqsədi ilə bir həftə müddətində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə yazılı bildiriş göndərir. Həmin bildirişlə dövlət müəssisələrinin özəlləşdirilməsinin başa çatması tarixi və ya onları idarə etmək hüququna dair bağlanılmış müqavilənin qüvvəyə minməsi barədə təqdim olunan məlumatda belə müəssisələrin adlı siyahısı göstərilməlidir. Şöbələr bu bildirişi əsas götürməklə, həmin bildirişdə göstərilən müəssisələrin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödəncin verilməsini dayandırırlar.

23. Müqavilə formasında qeyd edilən müddəaya əsasən özəlləşdirilməsi başa çatan tarixədək (və ya idarə etmək hüququna dair bağlanmış müqavilə qüvvəyə minənədək) dövr üçün yaranmış aylıq ödənclər üzrə borclarının əvəzinə müavinət ödənilməsi barədə razılıq əldə edilir.

24. Qaydaların adından da aydın olur ki, aylıq müavinəti almaq üçün əsas şərt şəxsin işlədiyi müəssisənin özəlləşdirilməsi barədə qərar qəbul edilməsi və özəlləşdirilməsi başa çatmamış olmasıdır.

25. Filial etiraz məktubunda iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

26. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən iddiaçı, iddiaçının etibarnamə üzrə səlahiyyətli nümayəndəsi və vəkili iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etmişlər.

27. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraz məktubunun məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

28. Şəki İnzibati Məhkəməsinin (hakim Fərid İsmayılzadə) 4 oktyabr 2022-ci il tarixli 2-1(116)-1257/2022 nömrəli qərarı ilə iddia tələbi təmin edilməmişdir.

29. İddiaçı nümayəndəsi və vəkili Vəkil həmin qərardan apellyasiya şikayəti vermişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ

30. İddiaçının vəkili və nümayəndəsi apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçının mötəbər sübut kimi təqdim etdiyi, xx.xx.1972-ci il tarixdən xx.xx.1985-ci il tarixə kimi Kəlbəcər rayon X7 yeraltı dağ ustası kimi işləməsi və xx.xx.1976-cı il tarixdə X8 zədə alaraq əlil olması faktı ilə əlaqədar Ağdam Rayon Məhkəməsinin 23 iyun 2017-ci il tarixli (iş № 2\13-2731\2017 saylı) məhkəmə qətnaməsi ilə də təsdiq olunmasına Şəki İnzibati Məhkəməsi nədənsə dırnaqarası baxmış, cavabdehin sonuncu nümayəndəsinin heç bir əsas və arqument gətirmədiyi bir neçə söz yığınına “möhtəbər” sübut kimi qiymət verərək, iddianın təmin olunmaması barədə əsassız qərar qəbul etmişdir. Eyni zamanda, iddiaçının istehsalat zədəsi aldığı müəsissənin-“Zod qızıl” mədəninin bu gün Ermənistan- Azərbaycan sərhəddində yerləşdiyindən və 30 ildən artıq işğal altında qaldığından və özəlləşdirmə dövlət proqramının təsiri altına düşmədiyi əsaslarla iddiaçıya təyin olunmuş müavinətin ödənilməməsinə ilk olaraq cavabdeh tərəfindən haqq qazandırılması və sonradan işə baxan Şəki İnzibati Məhkəməsi də cavabdehin mövqeyindən çıxış edərək, istehsalat zədəsi aldığı müəssisənin-Kəlbəcər rayon ərazisində yerləşən “Zod qızıl ” mədəninin İ və İİ dövlət proqramına əsasən, özəlləşdirməyə verilməməsi əsasları və səbəbi ilə ona ödənilməli olan birdəfəlik müavinətin ödənilməməsi son dərəcə ədalətsiz və qanunsuzdur. Ona görə də apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 4 oktyabr 2022-ci il tarixli 2-1(116)-1257/2022 nömrəli qərarının ləğv edilməsini, iddia tələbinin təmin olunması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.

TƏRƏFLƏRİN İZAHATLARİ

31. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X1 apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin 4 oktyabr 2022-ci il tarixli 2-1(116)-1257/2022 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi.

32. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 4 oktyabr 2022-ci il tarixli 2-1(116)-1257/2022 nömrəli qərarının ləğv edilməsini, iddia tələbinin təmin olunması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.

33. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq iddia tərəfi məhkəmə iclasına gəlməmişdir.

34. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin (bundan sonra Azərbаycаn Respublikаsının İPM və ya İPM) 62.3-cü mаddəsi).

35. İş materiallarında olan aşağıda sadalanan sənədlərin məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: - Ağdam Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(13)-2731/2017 nömrəli qətnaməsinin təsdiq olunmuş surətindən görünür ki, həmin qətnamə ilə İddiaçı xx.xx.1979cu il tarixdən xx.xx.1985-ci il tarixə kimi Kəlbəcər rayon X7 yeraltında dağ ustası işləməsi və xx.xx.1976-cı il tarixdə X8 zədə alması faktı müəyyən olunmuşdur. - Ağdam Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli məktubunda qeyd olunur ki, Ağdam Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(13)-2731/2017 nömrəli qətnaməsindən apellyasiya şikayəti verilməmiş və qətnamə qanuni qüvvəyə minmişdir. - Cavabdehin etirazına əlavə olunmuş ƏƏSMN TSEK tərəfindən verilmiş arayışlardan görünür ki, iddiaçıya əmək zədəsinə görə 2009-2012-ci illərdə ikinci dərəcə əlillik verilmiş, 2013-cü ildə isə müddətsiz ikinci dərəcə əlillik təyin olunmuşdur. - Cavabdehin nümayəndəsinin təqdim etdiyi pensiya təyinatı alt sistemindən çıxarışdan görünür ki, iddiaçıya xx.xx.2000-ci il tarixli 1507 nömrəli qərarla hüququnun yarandığı xx.xx.2000-ci il tarixdən müddətsiz İİ qrup əlilliyə görə pensiya təyin olunmuşdur. Daha sonra xx.xx.2013-cü il tarixdən istehsalat zədəsinə görə xxxxxxx0001 nömrəli qərarla İİ qrup əlillik təyin edilmişdir. - İş materiallarında olan Kapital Bank tərəfindən verilmiş ödəniş kartı üzrə çıxarışa əsasən müəyyən edilmişdir ki, iddiaçıya hesablanmış ödənişlər bütün müddət ərzində həyata keçirilmiş, hazırda da davam etdirilməkdədir. - Məhkəmə kollegiyasının 13 yanvar 2023-cü il tarixli sorğusuna əsasən verilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 16 fevral 2023-ü il tarixli məktubundan görünür ki, Kəlbəcər rayon X6 özəlləşdirilməsi həyata keçirilməmişdir. - Cavabehin nümayəndəsi tərəfindən təqdim olunmuş xx.xx.2023-cü il tarixli xidməti məktubdan görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun müavinətlər üzrə məlumat bazasında İddiaçı hər hansı növ müavinət təyin edilməsi barədə məlumat aşkar edilməmişdir. - Cavabehin nümayəndəsi tərəfindən təqdim olunmuş xx.xx.2023-cü il tarixli xidməti məktubdan görünür ki, Sosial ödənişlər və pension gov.az altsistemi üzrə edilən axtarış nəticəsinə əsasən İddiaçı istehsalat zədəsi və travması nəticəsində sağlamlığının pozulması ilə bağlı aylıq və ya birdəfəlik müavinətin ödənilməsi faktı tərəflərindən aşkar edilməmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

36. İnzibati Prosessual Məcəllə: Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 12.3. Məhkəmə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki halların araşdırılmasında və sübutların toplanılmasında məhkəməyə yardım etməyə borcludurlar. 12.4. Proses iştirakçıları tərəfindən hər hansı sübutun məhv edilməsi və ya gizlədilməsi yaxud hər hansı başqa üsulla həmin sübutun araşdırılmasına maneçilik törədilməsi qadağandır. Belə halların baş verdiyi təqdirdə, məhkəmə konkret işlə bağlı bütün xüsusiyyətləri nəzərə alaraq sübut etmə vəzifəsinin dönüşü haqqında qərardad qəbul edə bilər. Maddə 13. Məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Maddə 14.2. İnzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 48. Məhkəmənin və proses iştirakçılarının işin hallarının obyektiv araşdırılması ilə bağlı vəzifələri 48.1. Sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyrimüəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir.

37. AR Mülki Prosessual Məcəlləsinin 81-ci maddəsinə görə, qanuna və digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

38. Azərbaycan Respublikası Konstitusiyasının: 12-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir.

39. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun: 1.0.1-ci maddəsinə əsasən, əmək pensiyası bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. 41-ci maddəsinə əsasən əlilliyi olan şəxsin əlillik müddəti bitdikdə ona əmək pensiyasının ödənilməsi əlilliyin bitdiyi gündən dayandırılır. Əlilliyi olan şəxsə əmək pensiyasının ödənilməsi onun “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yenidən əlilliyi olan şəxs hesab edildiyi gündən bərpa edilir.

40. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın: 1.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tibbi-sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir. 1.7-ci bəndinə əsasən şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir.

41. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunun: 3.3-cü maddəsinə əsasən şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir.

42. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 yanvar 2003-cü il tarixli 03 nömrəli Qərarı ilə təsdiq edilmiş “İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi Qaydaları, Şərtləri və Məbləği”nin 1.1-ci bəndinin 3-cü abzasına əsasən, işçinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulduqda və ya bu səbəbdən həlak olduqda (bundan sonra - istehsalda əmək xəsarəti), bədbəxt hadisənin araşdırılması barədə müvafiq akta əsasən təqsirkar müəssisə, idarə və təşkilatlar (bundan sonra - təqsirkar işəgötürən (təqsirkar müəssisə) işçiyə dəyən zərərə görə qanunvericiliyə uyğun olaraq maddi məsuliyyət daşıyır. Zərərçəkənə istehsalatda əmək xəsarəti nəticəsində onun itirdiyi peşə əmək qabiliyyətinin (peşə əmək qabiliyyəti olmadıqda isə ümumi əmək qabiliyyətinin) dərəcəsindən asılı olaraq aylıq ödənclər, habelə sağlamlığının pozulması ilə bağlı əlavə çəkdiyi xərclər ödənilir. 3.10-cu bəndinə əsasən, zərər dəyməsində təqsirkar olan müəssisənin yenidən təşkil edildiyi halda onun hüquqi varisi zərərçəkənə zərərin əvəzini ödəyir. Bu səbəblə, iddiaçı aldığı xəsarət nəticəsində Fonda yox, işlədiyi müəssisənin hüquqi varisi olan müəssisəyə müraciət etməlidir. Təqsirkar müəssisənin ləğv edildiyi halda isə işçinin sağlamlığına dəyən zərərin ödənilməsi qaydaları Mülki Məcəllə ilə tənzimlənir.

43. Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 4 avqust tarixli 804 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borclarının tənzimlənməsi Qaydaları"na əsasən bu Qaydalar dövlət müəssisələrinin “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək baş vermiş istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borclarına şamil olunur.

44. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il oktyabr tarixli 242 nömrəli qərarı ilə təsdiq edilmiş, Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc əvəzinə aylıq müavinətin ödənilməsi barədə müqavilə formasının 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun şəhər (rayon) şöbəsi (“DOST” mərkəzi) ilə zərərçəkən arasında özəlləşdirilməsi barədə qərar qəbul edilmiş və ya idarə etməyə verilmiş müəssisənin istehsalat qəzası və ya peşə xəstəliyi ilə əlaqədar zərərçəkənə 2003-cü il oktyabrın 1-dən özəlləşdirilməsi başa çatan tarixədək (və ya idarə etmək hüququna dair bağlanmış müqavilə qüvvəyə minənədək) dövr üçün yaranmış aylıq ödənclər üzrə borclarının əvəzinə müavinət ödənilməsi barədə razılıq əldə edilir.

45. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 46.3. Maraqlı şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması qadağandır.

APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ

46. İddiaçının nümayəndəsi və vəkilinin apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Apellyasiya şikayəti mümkündür və qismən əsaslıdır.

47. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.

48. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada hüquqlarını pozduğunu iddia edə bilər.

49. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

50. Birinci instansiya məhkəməsi iddianı təmin etməmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

51. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçının tələbinin təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübut olunmur, cavabdehin imtinası əsaslıdır, iddianın təmin olunmasını isə istisna edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir, cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunur, cavabdehin imtinası qanunvericiliyə zidd olmamış və iddiaçının hüquqlarını pozmamış, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur.

52. İşin hallarından görünür ki, iddiaçıya istehsalat zədəsi aldığı üçün ikinci dərəcə əlillik verilməsi işin mübahisələndirilməyən halıdır.undan başqa onun faktiki olaraq işləmiş olduğu müəssisənin mövcud olmaması və fəaliyyət göstərməməsi, həmçinin özəlləşdirilməməsi əsası ilə hazırkı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh tərəfindən iddiaçının təqdim etdiyi sənədlərdə işlədiyi müəssisə olan Kəlbəcər rayon X6 İ və İİ dövlət proqramına əsasən özəlləşdirilməyə verilməsi barədə məlumat olmadığından onun müraciətinin təmin edilməsindən imtina olunmuşdur.

53. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin apellyasiya şikayətinin dəlillərinin əsasını birinci instansiya məhkəməsi tərəfindən onun istehsalat zədəsi aldığı müəsissənin- “Zod qızıl” mədəninin bu gün Ermənistan-Azərbaycan sərhəddində yerləşdiyindən və 30 ildən artıq işğal altında qaldığından və özəlləşdirmə dövlət proqramının təsiri altına düşmədiyi əsaslarla ona təyin olunmuş müavinətin ödənilməməsinə ilk olaraq cavabdeh tərəfindən haqq qazandırılması və sonradan işə baxan birinci instansiya məhkəməsində də cavabdehin mövqeyindən çıxış edərək, istehsalat zədəsi aldığı müəsissənin-Kəlbəcər rayon ərazisində yerləşən “Zod qızıl” mədəninin İ və İİ dövlət proqramına əsasən, özəlləşdirməyə verilməməsi əsasları və səbəbi ilə ona ödənilməli olan birdəfəlik müavinətin ödənilməməsinin ədalətsiz və qanunsuz hesab etməsi təşkil edir.

54. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları tam və hərtərəfli araşdırılmadan istehsalat zədəsi aldığı müəsissənin-“Zod qızıl” mədəninin özəlləşdirilməsi araşdırılmamşdır.

55. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən inzibati iş üzrə İPM-in 13-cü, 12-ci və 48-ci maddələrinin tətbiqində səhvə yol verilmişdir.

56. Bununla bağlı məhkəmə kollegiyası tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə sorğu edilmiş və 13 yanvar 2023-cü il tarixli sorğuya cavab məktubu ilə bildirilmişdir ki, Kəlbəcər rayon X6 özəlləşdirilməsi həyata keçirilməmişdir.

57. Məhkəmə kollegiyasl qeyd edir ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2008-ci il tarixli, 804 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borclarının tənzimlənməsi Qaydaları”na uyğun olaraq aylıq ödəncin əvəzinə dövlət büdcəsinin vəsaiti hesabına aylıq müavinət verilir.

58. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 9 yanvar tarixli 3 nömrəli qərarı ilə təsdiq olunmuş “İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi Qaydaları”nın 3.11-ci bəndinə əsasən zərər dəyməsində təqsirkar olan müəssisənin ləğv olunduğu halda, qanunvericiliklə müəyyənləşdirilmiş qaydada zərərçəkənə zərərin əvəzi ödənilir. Həmin Qaydaların 3.12-ci bəndinə əsasən zərərin ödənilməsi ilə əlaqədar tərəflər arasında yaranan mübahisələr Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq həll edilir.

59. Həmin Qaydaların xx.xx.2010-cu il tarixinə qədər qüvvədə olmuş 3.7-ci və 3.8-ci bəndlərinə əsasən Ermənistan Respublikasının müəssisələrində əmək xəsarəti nəticəsində dəymiş zərərə görə ödənc alan qaçqın statuslu zərərçəkənlərin zərərə görə ödənclərinin miqdarının hesablanmasında götürülən orta aylıq əmək haqqı Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi tərəfindən respublika üzrə həmin zərərçəkənlərin işləmiş olduqları müvafiq sahələr üzrə mövcud orta aylıq əmək haqqı hesabından müəyyən edilir və hər ilin birinci rübündə keçən ilin orta əmək haqqı əsasında yenidən hesablanaraq Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun vəsaiti hesabına ödənilir. Ləğv edilmiş təqsirkar kolxoz və sovxozların hüquqi varisi olmadıqda, zərərçəkənlərə və yaxud zərərin əvəzini almaq hüququna malik olan şəxslərə zərərə görə xərclər bu qərar qüvvəyə mindiyi tarixdən Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun vəsaiti hesabına ödənilir. Dövlət mülkiyyətində saxlanılan kolxoz və sovxozların siyahısı rübdə bir dəfə Dövlət Statistika Komitəsi tərəfindən təqdim edilir.

60. Yuxarıda istinad olunan normaların məzmunundan və onların müddəalarının təhlilindən göründüyü kimi, istehsalatda baş vermiş bədbəxt hadisə zamanı xəsarət almış işçilərə ödənclərin ödənilməsinə məsul olan və cavabdehlik daşıyan subyektlərin dairəsi və bununla bağlı hüquqi varislik məsələsi tam şəkildə tənzimlənməmişdir.

61. Hazırkı mübahisəyə münasibətdə işəgötürən müəssisənin hüquqi şəxs kimi Kəlbəcər rayon X9 xəsarət almış işçilərinə istinad edilən Qaydaların 3.7 və 3.8-ci bəndlərinin 19 mart 2010-cu il tarixədək qüvvədə olmuş redaksiyalarında oxşar münasibətlər üzrə ödənclərin ödənilməsinin üsulu və qaydası tənzimlənirdi.

62. Həmin normalara əsasən, ləğv edilmiş təqsirkar kolxoz və sovxozların hüquqi varisi olmadıqda, zərərçəkənlərə və yaxud zərərin əvəzini almaq hüququna malik olan şəxslərə zərərə görə xərclər bu qərar qüvvəyə mindiyi tarixdən Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun vəsaiti hesabına ödənilir.

63. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, mübahisə predmeti ilə bağlı məsələnin natamam tənzimlənməsi iddiaçının ziyanına təfsir oluna və onun əmək xəsarəti nəticəsində dəymiş zərərə görə ödəncin ödənilməsinə olan hüququnun mədudlaşdırılmasına səbəb ola bilməz. Nəzərə alınmalıdır ki, istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçi və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvləri və himayəsində olan digər şəxslər sosial həssas qrupa aiddir və hüquqi tənzimləmənin natamamlığı həmin kateqoriyadan olan şəxslərin əvvəllər qüvvədə olmuş qanunvericiliyə əsasən onlara təyin olunmuş və ödənilmiş ödənclərdən məhrum edilməsinə səbəb ola bilməz.

64. Bundan əlavə, bu məsələnin həlli zamanı həm də bərabər yanaşma prinsipi, layiqli həyat səviyyəsinin təmin olunması və sosial həssas qrupa aid olan şəxslərin sosial təminatı ilə bağlı dövlətin məsuliyyəti kimi konstitusion hüquqi dəyərlər də nəzərə alınmalıdır. Belə ki, Konstitusiyanın 12-ci maddəsinin 1-ci hissəsinə görə, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Konstitusiyanın 25-ci maddəsinin 5-ci hissəsinə görə, hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir.

65. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, yuxarıda qeyd olunan səbəblərdən əmək xəsarəti nəticəsində sağlamlığına dəymiş zərərə görə, işlədiyi müəssisənin ödəncin ona cavabdeh tərəfindən həyata keçirilməsini tələb etməkdə iddiaçı haqlı sayılmalıdır.

66. Həmçinin, məhkəmə kollegiyası qeyd edir ki, istehsalat zədəsi və travması nəticəsində sağlamlığın pozulması ilə bağlı ödənilən vəsait sosial müavinət statuslu ödəniş olduğundan, müvafiq olaraq həmin ödənişə münasibətdə “Sosial müavinətlər haqqında” Qanunun müddəaları tətbiq olunmaqla əvvəlki üç il üçün ödəmələrin aparılması məqsədəmüvafiqdir. 67 İş materiallarından görünür ki, iddiaçı hazırı tələb ilə cavabdehə xx.xx.2022-ci il tarixdə müraciət etmişdir. Belə olan halda kollegiya hesab edir ki, iddiaçıya istehsalat qəzası nəticəsində sağlamlığı pozulmuş şəxs kimi ödənilməli olan müavinət onun cavabdeh orqana müraciət etdiyi tarixdən əvvəlki üç ildən, yəni xx.xx.2019-cu il tarixdən başlayaraq ödənilməlidir.

68. Məhkəmə kollegiyası yuxarıda qeyd edilən normaların tələblərini hazırkı iddia tələbi üzrə işin hallarına tətbiq edərək belə hesab edir ki, iddiaçının müraciətinin təmin edilməsindən imtina edən inzibati orqanın hərəkətləri əsassız olmuş, işə baxan birinci instansiya məhkəməsi tam araşdırma aparmamış, maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol vermiş və bu səbəbdən də iddia tələbini təmin etməməklə düzgün nəticəyə gəlməmişdir.

69. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən ləğv edilməli, iddia qismən təmin edilərək cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə İddiaçı xx.xx.2019-cu il tarixdən başlayaraq istehsalat qəzası nəticəsində sağlamlığı pozulmuş şəxs kimi aylıq ödəncin ödənilməsi öhdəliyi qoyulmalıdır.

70. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.2, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏRАRА АLDİ:

İddiaçı nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Şəki İnzibati Məhkəməsinin 4 oktyabr 2022-ci il tarixli 2-1(116)-1257/2022 nömrəli qərarı ləğv edilsin. İnzibati iş üzrə yeni qərar çıxarılaraq İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “istehsalat zədəsi və travması nəticəsində sağlamlığının pozulması ilə bağlı aylıq və birdəfəlik müavinətin təyin edilməsi ilə əlaqədar ödənilməmiş məbləğin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə İddiaçı xx.xx.2019-cu il tarixdən başlayaraq istehsalat qəzası nəticəsində sağlamlığı pozulmuş şəxs kimi aylıq ödəncin ödənilməsi öhdəliyi qoyulsun. İnzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar