Məhkəmə qərarları › İş №2-1(107)-53/2024

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-53/2024

15.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-53/2024 15.05.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən, məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və X1 ibarət tərkibdə, Atababayev Faiq Gülağa oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “DSMF publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının İddiaçı ödənilmiş pensiya məbləğinə görə 5041,30 manat miqdarında dövlət büdcəsinə tutulmanın aparılması barədə hərəkətinin qanunsuz hesab edilməsi” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 10 oktyabr 2023-cü il tarixli 2-1(116)- 1269/2023 nömrəli qərarından iş üzrə cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdehə qarşı ərizə ilə birinci instansiya məhkəməsinə müraciət edərək 2022-ci ilin noyabr ayına qədər ödənilən pensiya məbləğinin bərpa olunması, pensiya məbləği bərpa olunana qədər ona əskik ödənilmiş məbləğin ödənilməsi və ondan geri ödənilməsi tələb olunan 12.922,39 manat pensiya məbləğinin silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçının vəkili xx.xx.2023-cü il tarixli məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək “DSMF publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının İddiaçı ödənilmiş pensiya məbləğinə görə 5041,30 manat miqdarında dövlət büdcəsinə tutulmanın aparılması barədə hərəkətinin qanunsuz hesab edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

3. İşin qısa mahiyyəti ondan ibarətdir ki, iddiaçıya Dövlət Sosial Müdafiə Fondunun Ucar rayon şöbəsi tərəfindən 12 aprel 2013-cü il tarixindən sabiq dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin edilmiş, sonrakı dövrlərdə dövlət qulluqçularının vəzifə maaşlarının artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına uyğun olaraq pensiyanın məbləği bir neçə dəfə artırılmışdır. Lakin, 2022-ci ilin noyabr ayında pensiyanın ödənilməsi ərəfəsində ona məlum olmuşdur ki, xəbərdarlıq olunmadan pensiyanın məbləği azaldılıb. Bundan sonra inzibati orqana müraciət etmiş və cavab olaraq bildirilmişdir ki, X4 Departamenti tərəfindən aparılan araşdırma zamanı məlum olunmuşdur ki, 12 aprel 2013-cü il tarixində vaxtı ilə qulluq keçdiyi vəzifələr üzrə ümumilikdə maaşının orta aylıq məbləği 429,97 manat, qulluq stajına görə əlavə 70,21 manat olmaqla orta aylıq əmək haqqı 500,18 manat təşkil edilmişdir.

4. Cavabdeh orqan məhkəməyə təqdim etdiyi xx.xx.2023-cü il tarixli iddia tələbinə etirazını belə əsaslandırmışdır ki, iddiaçı xx.xx.2013-cü il tarixdə ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün Fondun Ucar rayon şöbəsinə müraciət etmişdir. İddiaçının xx.xx.2013-cü il tarixli müraciətinə cavab olaraq ona Ucar rayon şöbəsi tərəfindən xx.xx.2013-cü il tarixdə hüququnun yarandığı xx.xx.2013-cü il tarixdən sabiq dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin edilmişdir. Sonrakı dövrlərdə iddiaçının pensiyası dövlət qulluqçularının vəzifə maaşlarının artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına uyğun olaraq bir neçə dəfə artırılmışdır. İddiaçıya xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək 629,55 manat, xx.xx.2019-u il tarixdən xx.xx.2022-ci il tarixədək 840,34 manat, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 924,37 manat məbləğində pensiya ödənişi həyata keçirilmişdir. xx.xx.2022-ci il tarixdən iddiaçının pensiyasından 143 manat məbləğində tutulma olduğu üçün ona 634,03 manat məbləğində pensiya ödənilmişdir. İddiaçıya xx.xx.2022-ci ıl tarixdən xx.xx.2023-cü il tarixədək 767,03 manat məbləğində və xx.xx.2023-cü il tarixdən isə 879,78 manat məbləğində pensiya ödənilmişdir

5. X4 departamenti tərəfindən aparılan araşdırma zamanı məlum olmuşdur ki, 12 aprel 2013-cü il tarixində iddiaçının vaxtilə qulluq keçdiyi vəzifələr üzrə ümumilikdə vəzifə maaşının orta aylıq məbləği 429,97 manat, qulluq stajına görə əlavə 70,21 manat olmaqla orta aylıq əmək haqqı 500,18 manat təşkil etmişdir. Bununla əlaqədar iddiaçının əmək pensiyası “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 1 iyul 2017ci il tarixinədək qüvvədə olmuş 20.11.3-cü maddəsinə əsasən 14 il 7 ay 24 gün qulluq stajına uyğun olaraq orta aylıq əmək haqqının (500,18 manat) 75 faizi - 375,14 manat məbləğində hesablanmalı olduğu halda, 424,70 manat müəyyən edilməklə xx.xx.2013xx.xx.2013-cü il tarixləri arasındakı dövr üzrə hər ay müvafiq kart hesabına köçürülüb. Buna görə də həmin dövr üzrə ona 378,31 manat artıq pul vəsaiti ödənilib.

6. Birinci instansiya məhkəməsinin iclasında iddiaçının vəkili iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir.

7. Cavabdehin nümayəndəsi birinci instansiya məhkəməsinin iclasında iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək, məhkəmədən iddianın təmin edilməməsini xahiş etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

8. Şəki İnzibati Məhkəməsinin (hakim Fəxri Hacızadə) 10 oktyabr 2023-cü il tarixli 2- 1(116)-1269/2023 nömrəli qərarı ilə iddia tələbi təmin edilmişdir.

9. Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı həmin qərardan apellyasiya şikayəti vermişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ

10. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Mərkəzi Filial tərəfindən cari ilin noyabr ayından etibarən iddiaçının əmək pensiyası 697,30 manat müəyyən edilib. Bundan başqa xx.xx.2022-xx.xx.2022-ci il tarixləri arasındakı dövr ərzində iddiaçıya “Əmək pensiyasına qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarının sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 4 mart tarixli 3173 nömrəli Sərəncamına əsasən aylıq pensiya məbləğinin 10 faizi miqdarında maddi yardım ödənilmişdir. Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialın xx.xx.2023-cü il tarixli 3-7-1/3-7-6493/2023 nömrəli qərarı ilə İddiaçı pensiyası “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.1-ci maddəsinə əsasən yenidən hesablanaraq 879,78 manata çatdırılmışdır. “Əmək pensiyaları haqqında" Qanunun 37.3.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir və pensiya təyin olunduqdan, həmçinin bu maddəyə əsasən yenidən hesablandıqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir. Pensiyaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya əmək pensiyası təyin olunduğu, yaxud bu maddəyə əsasən yenidən hesablandığı gündən sonra 6 il işlədikdə əmək pensiyası avtomatlaşdırılmış qaydada (həmin Qanunun 37.3.2-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) yenidən hesablanır. Bu zaman sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya təyin edildikdən, yaxud bu maddəyə əsasən yenidən hesablandıqdan sonra işlədiyi ayların sayı qədər, lakin 72 aydan çox olmamaqla azaldılır. İddiaçı ünvanlanan 27 dekabr 2022-ci il tarixli məktubda ona xx.xx.2013-cü il tarixdən xx.xx.2022-ci il tarixədək 12922,39 manat artıq pul vəsaitinin ödənildiyi bildirilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 39.1-ci maddəsinin 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan redaksiyasına əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Göstərilən maddəyə əsasən iddiaçıya artıq ödənilmiş pul vəsaitinin məbləği yenidən hesablanaraq 12922,39 manatdan 5041,30 manata (“Əmək pensiyaları haqqında” Qanunun 1 yanvar 2023-cü il tarixindən əmək pensiyalarının indeksləşdirilməsi ilə əlaqədar cari ilin yanvar ayı üzrə sizə ödənilməli olan 112.75 manat vəsaitin artıq ödənilmiş pul vəsaitinizdən çıxılaraq büdcəyə bərpa edilməsi nəzərə alınmaqla) azaldılıb. Eyni zamanda maddi yardımın pensiyanın tərkibinə daxil edilməsi, həmçinin indeksləşdirmə ilə əlaqədar 1 yanvar 2023-cü il tarixindən iddiaçının əmək pensiyası 879,78 manat müəyyən edilməklə ona məxsus müvafiq kart hesabına köçürülür. Əlavə olaraq hal-hazırda iddiaçının pensiya məbləğindən heç bir tutulma həyata keçirilmir. İddiaçı sadəcə ona artıq ödənilmiş pensiya məbləğinin geri tələb olunması barədə xəbərdarlığı aldıqdan sonra bu hərəkətin qanunsuz hesab edilməsi üçün məhkəməyə müraciət etmişdir. Ona görə də apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 10 oktyabr 2023-cü il tarixli 2-1(116)-1269/2023 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmamasına dair qərar qəbul edilməsini xahiş etmişdir.

TƏRƏFLƏRİN İZAHATLARİ

11. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 10 oktyabr 2023-cü il tarixli 2-1(116)-1269/2023 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmamasına dair qərar qəbul edilməsini xahiş etdi.

12. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı və onun vəkili məhkəmə iclasına gəlməmişdir.

13. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi).

14. İş materiallarında olan aşağıda sadalanan sənədlər məhkəmə kollegiyasının araşdırmasının predmetini təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilir. Məhkəmə kollegiyasının sorğusuna cavab olaraq cavabdeh inzibati orqan tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli 3-17-1/2-73776/24 nömrəli məktubuna əsasən, iddiaçının əmək pensiyasından xx.xx.2013-xx.xx.2022-ci il tarixləri arasındakı dövr ərzində hər hansı tutulma həyata keçirilməyib. Adıçəkilən şəxsə maddi yardım üzrə 2022-ci il üçün 143,00 manat artıq pul vəsaiti ödənilib. Həmin pul vəsaiti 2022-ci ilin noyabr ayında əmək pensiyasından çıxılmaqla büdcəyə bərpa edilib.

TƏTBİQ EDİLƏN HÜQUQ

15. İnzibati Prosessual Məcəllə: Maddə 12. İşin hallarının araşdırılması prinsipi: 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 12.3. Məhkəmə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki halların araşdırılmasında və sübutların toplanılmasında məhkəməyə yardım etməyə borcludurlar. 12.4. Proses iştirakçıları tərəfindən hər hansı sübutun məhv edilməsi və ya gizlədilməsi yaxud hər hansı başqa üsulla həmin sübutun araşdırılmasına maneçilik törədilməsi qadağandır. Belə halların baş verdiyi təqdirdə, məhkəmə konkret işlə bağlı bütün xüsusiyyətləri nəzərə alaraq sübut etmə vəzifəsinin dönüşü haqqında qərardad qəbul edə bilər. Maddə 14.2. İnzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 48. Məhkəmənin və proses iştirakçılarının işin hallarının obyektiv araşdırılması ilə bağlı vəzifələri 48.1. Sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyrimüəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. 48.2. İnzibati məhkəmə icraatının iştirakçıları yazılı vəsatətlərini, etirazlarını, izahatlarını və bunlarla əlaqədar sənədləri məhkəmə baxışı başlayana qədər təqdim etməyə borcludurlar. Sədrlik edən hakim bu məqsədlə müddət təyin edə bilər. Məhkəmə xidməti vəzifəsinə görə həmin sənədlərin surətlərini prosesin digər iştirakçılarına göndərir. 48.3. Yazılı vəsatətlərə, etirazlara, izahatlara onlarda istinad olunan sənədlərin əsli və ya surəti tam və ya çıxarışlar şəklində əlavə edilməlidir. Həmin sənədlər qarşı tərəfə məlum olduğu və ya həcmcə çox böyük olduğu hallarda, onların əlamətlərini dəqiq göstərməklə, qarşı tərəfin həmin sənədlərlə məhkəmədə tanış olmasının mümkünlüyünü qeyd etmək kifayətdir. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

16. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: 39.1. Əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. 39.2. Bu Qanunun 39.1-ci maddəsində göstərilmiş əsaslarla əmək pensiyasından və əmək pensiyasına əlavədən tutulan məbləğ, başqa əsaslara görə tutulan məbləğlər nəzərə alınmadan, hər ay əmək pensiyaçısına ödənilməli olan məbləğin 10 faizindən az, 20 faizindən artıq ola bilməz (bu Qanunun 39.3-cü maddəsi nəzərə alınmaqla). Əmək pensiyasından və əmək pensiyasına əlavədən tutulan məbləğ əmək pensiyaçısına ödənilməli olan məbləğin 10 faizindən az olduqda (bu Qanunun 39.3-cü maddəsi nəzərə alınmaqla ) tam məbləğdə tutulur. 39.3. Bütün hallarda qanunvericiliklə müəyyən edilmiş cəmi tutulan məbləğ əmək pensiyaçısına veriləcək əmək pensiyası və əmək pensiyasına əlavənin məbləğinin 50 faizindən artıq olmamalıdır. 39.4. Borc ödənilib qurtarmamış əmək pensiyasının və əmək pensiyasına əlavənin verilməsi bu Qanunla müəyyən edilmiş hallarda dayandırılarsa, borcun qalan hissəsi könüllü və ya məhkəmə qaydasında qaytarılır.

17. İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır.

APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ

18. Cavabdehin apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Apellyasiya şikayəti mümkündür və əsaslıdır, ona görə də apellyasiya şikayəti uğurlu olacaqdır.

19. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.

20. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər.

21. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

22. Birinci instansiya məhkəməsi iddia tələbini təmin edərək mövqeyini onunla əsaslandırmışdır ki, nəzərə alınmalıdır ki, iddiaçıya müvafiq vəsaitin təyin edilməsi və ödənilməsi onun təqsiri üzündən baş verməmişdir. Buna görə də iddiaçı inzibat icraat hüququnun müddəaları baxımından əmlak vəziyyətinin qorunmasına layiqdir. Belə ki, iddiaçı ona ödənilmiş pul vəsaitini qaytaracağı təqdirdə əhəmiyyətli ziyana məruz qala bilər ki, belə yanaşma, şəxsin vicdansız və təqsirli davranışına bağlı olmadığı hallarda, sosial təminat sahəsində qanunun düzgün tətbiqinə məsuliyyət daşıyan inzibati orqanın yanlış hərəkətinin məsuliyyətinin və səhvlərinin neqativ hüquqi nəticələrinin yükünün həmin şəxsin üzərinə qoyulması demək olardı.

23. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

24. Cavabdeh inzibati apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçıya artıq ödənilmiş pul vəsaitinin məbləği yenidən hesablanaraq 12922,39 manatdan 5041,30 manata (“Əmək pensiyaları haqqında” Qanunun 1 yanvar 2023-cü il tarixindən əmək pensiyalarının indeksləşdirilməsi ilə əlaqədar cari ilin yanvar ayı üzrə sizə ödənilməli olan 112.75 manat vəsaitin artıq ödənilmiş pul vəsaitinizdən çıxılaraq büdcəyə bərpa edilməsi nəzərə alınmaqla) azaldılıb. Eyni zamanda maddi yardımın pensiyanın tərkibinə daxil edilməsi, həmçinin indeksləşdirmə ilə əlaqədar 1 yanvar 2023-cü il tarixindən iddiaçının əmək pensiyası 879,78 manat müəyyən edilməklə ona məxsus müvafiq kart hesabına köçürülür. Əlavə olaraq hal-hazırda iddiaçının pensiya məbləğindən heç bir tutulma həyata keçirilmir. İddiaçı sadəcə ona artıq ödənilmiş pensiya məbləğinin geri tələb olunması barədə xəbərdarlığı aldıqdan sonra bu hərəkətin qanunsuz hesab edilməsi üçün məhkəməyə müraciət etmişdir.

25. “Əmək pensiyaları haqqında” Qanunun 39.1-ci maddəsinə əsasən, əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur.

26. Bununla bağlı məhkəmə kollegiyası tərəfindən xx.xx.2013-xx.xx.2022-ci il tarixləri arasındakı dövr ərzində iddiaçının əmək pensiyasından tutulmaların aparılıb-aparılmaması barədə məlumatın əldə edilməsi üçün cavabdeh inzibati orqana sorğu ünvanlamış, məhkəmə kollegiyasının sorğusuna cavab olaraq təqdim edilmiş xx.xx.2024-cü il tarixli 3- 17-1/2-73776/24 nömrəli məktubda göstərilmişdir ki, iddiaçının əmək pensiyasından xx.xx.2013-xx.xx.2022-ci il tarixləri arasındakı dövr ərzində hər hansı tutulma həyata keçirilməyib. Adıçəkilən şəxsə maddi yardım üzrə 2022-ci il üçün 143,00 manat artıq pul vəsaiti ödənilib. Həmin pul vəsaiti 2022-ci ilin noyabr ayında əmək pensiyasından çıxılmaqla büdcəyə bərpa edilib.

27. Bundan başqa iddiaçı məhkəmə kollegiyasına cavabdeh inzibati orqan tərəfindən onun pensiyasından tutulmanın aparılması ilə bağlı hər hansı sübut təqdim edə bilməmişdir.

28. Həmçinin, məhkəmə kollegiyası onu da qeyd edir ki, cavabdeh inzibati orqan tərəfindən təqdim edilmiş iddiaçıya ünvanlanmış xəbərdarlıq məktubundan da görünür ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 39.1-ci maddəsinə əsasən iddiaçıya artıq ödənilmiş pul vəsaitinin büdcəyə bərpa edilməsi məqsədilə əmək pensiyasından tutulmanın aparılması üçün yazılı razılığının Mərkəzi Filiala təqdim edilməsi bildirilmişdir. İddiaçı sadəcə ona artıq ödənilmiş pensiya məbləğinin geri tələb olunması barədə xəbərdarlığı aldıqdan sonra bu hərəkətin qanunsuz hesab edilməsi üçün məhkəməyə müraciət etmişdir.

29. Göründüyü kimi məhkəmə kollegiyası tərəfindən aparılan araşdırma nəticəsində iddiaçının əmək pensiyasından xx.xx.2013-xx.xx.2022-ci il tarixləri arasındakı dövr ərzində hər hansı tutulmanın aparılmaması müəyyən edilmişdir.

30. Kollegiyanın qənaətinə görə, iddiaçının tələbinin təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübut olunmur, cavabdehin imtinasını əsaslı, iddianın təmin olunmasını isə istisna edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir, cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunur, cavabdehin imtinası qanunvericiliyə zidd olmamış və iddiaçının hüquqlarını pozmamış, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur.

31. Məhkəmə kollegiyası yuxarıda qeyd edilən normaların tələblərini hazırkı iddia tələbi üzrə işin hallarına tətbiq edərək belə hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən xx.xx.2013-xx.xx.2022-ci il tarixləri arasındakı dövr ərzində iddiaçının əmək pensiyasından tutulmaların aparılıb-aparılmaması barədə araşdırma aparılmamış, bununla da işə baxan birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol vermiş və bu səbəbdən də iddia tələbini təmin etməklə düzgün nəticəyə gəlməmişdir.

32. Yuxarıda qeyd olunan işin hallarını, aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, cavabdehin apellyasiya şikayətnin dəlilləri əsaslıdır. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etməklə səhv nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən ləğv edilməli, iddia təmin edilməməlidir.

33. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.2, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏRАRА АLDİ:

Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Şəki İnzibati Məhkəməsinin 10 oktyabr 2023-cü il tarixli 2-1(116)-1269/2023 nömrəli qərarı ləğv edilsin. İnzibati iş üzrə yeni qərar çıxarılsın. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “DSMF publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının İddiaçı ödənilmiş pensiya məbləğinə görə 5041,30 manat miqdarında dövlət büdcəsinə tutulmanın aparılması barədə hərəkətinin qanunsuz hesab edilməsi” tələbinə dair iddiası təmin edilməsin. İnzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar