Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(107)-530/2025 30.10.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Musayev Vüqar Ələkbər oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və X1 ibarət tərkibdə, Məmmədli Aqil Bəxtiyar oğlunun katibliyi, iddiaçının nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı “cavabdehin xx.xx.2021-ci il tarixli qərarının ləğv edilməsi, müddətsiz əlilliyin dayandırıldığı tarixdən bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Şəki İnzibati Məhkəməsinin 01 iyul 2025-ci il tarixli 2-1(116)- 1908/2025 nömrəli qərardadından iddiaçının nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi: işin halları: 1.iddiaçıya xx.xx.2009-xx.xx.2010, xx.xx.2014-xx.xx.2015, xx.xx.2015-xx.xx.2015-ci illərdə hər dəfə 1 il müddətinə, xx.xx.2016-xx.xx.2021-ci illərdə 5 il müddətinə 2-ci dərəcəli əlillik təyin edilmişdir.
2. xx.xx.2021-ci il tarixdə cavabdeh orqan tərəfindən “yuxarı ətrafların əzilməsi və travmatik amputasiyanın nəticələri, sol əlin İİİ-İV-V barmaqlarının orta əsas səviyyəsində amputasiyası. Amputasion güdül” diaqnozuna münasibətdə iddiaçıya “diaqnoz əlillik əlaməti təyin etmir” əsası ilə əliliyin təyin edilməsindən imtina edilmişdir.
3. İddiaçıya sonuncu dəfə cavabdeh orqan tərəfindən xx.xx.2023-cü il tarixdə “yuxarı ətrafların əzilməsi və travmatik amputasiyanın nəticələri, sol əlin İİİ barmağının orta falanqasının başı səviyyəsində İV barmağın orta falanqasının metafizi səviyyəsində, V barmağın distal falanqa səviyyəsində amputasiyası” diaqnozuna münasibətdə “diaqnoz əlillik əlaməti təyin etmir” əsası ilə əliliyin təyin edilməsindən imtina edilmişdir.
birinci instansiya məhkəməsində iş üzrə qəbul edilmiş məhkəmə aktı:
4. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı məhkəməyə ərizə ilə müraciət edərək “cavabdehin xx.xx.2021-ci il tarixli qərarının ləğv edilməsi, müddətsiz əlilliyin dayandırıldığı tarixdən bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
5. İddia ərizəsinin əsaslarına görə iddiaçı, 1997-ci ildə Şəki RHK tərəfindən hərbi xidmətə çağırılmış, döyüş zonasinda hərbi xidmət keçərkən xəsarət almış və 1998-ci il tarixdə aldığı hərbi travma nəticəsində "Odlu silah yaralanması nəticəsində sol əlin İİİ-İV barmaqlarının orta falanqalarının güllə yaralanmasından sonrakı amputasion dəyişiklikləri" diaqnozu ilə müayinə və müalicələrdə olmuşdur. Sağlamlığında yaranmış ciddi və sağalmaz problem ilə əlaqədar cavabdeh tərəfindən 16 iyun 1999-cu ildə müddətsiz 3-cü qrup əlillik təyin edilmiş, daha sonra 2012-ci ildə aldığım xəsarətlərlə görə müddətsiz 2-ci dərəcə əlillik təyin edilmişdir. 2021-ci il tarixdə heç bir zərurət yaranmadığı təqdirdə onu əlilliyi ilə əlaqədar yenidən komissiyaya çağırmış və komissiyanın rəyinə əsasən, xx.xx.2021-ci il tarixindən etibarən əlilliyə görə əmək pensiyası dayandırılmışdır. O, əlilliyinin bərpa olunması barədə dəfələrlə müvafiq qurumlara, o cümlədən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna müraciət etsə də, heç bir nəticə verməmişdir. Belə ki, onun müraciəti ilə əlaqədar 2022-ci ildə yenidən komissiyaya dəvət edilmiş, lakin yenə də əlilliyi bərpa olunmamışdır. Cavabdeh orqanın məktubunda qeyd edilmişdir ki, təqdim edilən tibbi sənədlər və əyani müayinə nəticəsi olaraq barəsində "Diaqnoz əlillik əlaməti təyin etmir" qərarı verilmişdir. O, yenidən cavabdeh orqana ərizə ilə müraciət etmiş, xx.xx.2023-cü il tarixli məktubla ərizəsinin təmin olunmasından imtina edilmişdir.
6. Şəki İnzibati Məhkəməsinin 01 iyul 2025-ci il tarixli 2-1(116)-1908/2025 nömrəli qərardadı ilə (hakim Günel Şirinova-Əsədova) iddia mümkün sayılmamışdır.
7. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddia ərizəsi xx.xx.2024-cü il tarixdə məhkəmənin icraatına daxil olmuşdur. Göründüyü kimi iddiaçı ona əlilliyin təyin edilməsi ilə bağlı imtina qərarı qəbul edildikdən 1 il 2 ay müddət keçdikdən sonra hazırkı tələblə məhkəməyə müraciət etmişdir. İddiaçının məhz 1 il 2 ay müddət keçdikdən ona əlilliyin təyin edilib-edilməməsi ilə maraqlanması “ağlabatan gözləntiyə” uyğun ola bilməz (tibbi göndərişin tərtib edilməsi ilə bağlı iddiaçının müraciəti onun ağlabatan müddət ərzində cavab alması gözləntisini yaradır). Gözlənti müddətinin ağlabatanlığının nəzərə alınması ona görə vacibdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”-na Əlavədə bir çox xəstəliklərə münasibətdə orqanizmin funksiyalarının pozulmasının minimum müddəti 1 il müəyyən edilmişdir. Odur ki, iddia ərizəsinin məhkəməyə təqdim edildiyi tarixdə artıq 1 il 2 ay müddətin keçməsi, o cümlədən məhkəmə araşdırması müddəti nəinki iddiaçının sağlamlıq vəziyyətinin tibbi göndərişin verildiyi vaxta uyğun qiymətləndirilməsini mümkünsüz edir, hətta ilkin göndərişdə qeyd edilmiş diaqnozların aradan qalxmasına və ya əksinə ağırlaşmaların olduğu halda bunun göndərişdə əks olunmamasına gətirib çıxardır. Odur ki, iddiaçının cavabdeh orqanın qərarından məlumat almaq üçün mövcud vasitələrdən istifadə etməməsi onun passivliyi (hərəkətsizliyi) və məsələyə laqeyd yanaşması kimi qiymətləndirilməlidir ki, bu da iddia müddətinin buraxılmasına səbəb olur. Xüsusilə qeyd olunmalıdır ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “TibbiSosial Ekspert Komissiyaları tərəfindən keçirilmiş müayinə barədə məlumatın verilməsi” adlanan elektron xidməti vasitəsi ilə Tibbi-Sosial Ekspert Komissiyalarında keçirilmiş əlillik müayinəsinin nəticəsini heç bir qeydiyyat vasitəsinə ehtiyac olmadan məlumatın alınması mümkündür. Bunun üçün iddiaçının “Elektron hökumət” portalına daxil olmaqla Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin e-xidmətləri sırasından “Tibbi-Sosial Ekspert Komissiyalarında aparılmış sonuncu müayinəyə dair məlumatın verilməsi” adlı e-xidmətini seçməsi, müvafiq bölmədə yalnız şəxsiyyəti təsdiq edən sənədin nömrəsini və doğum tarixini qeyd etməsi kifayətdir. Cavabdeh orqan imtina cavabını verməsə belə iddiaçının cavabdehin hərəkətsizliyindən hüquqi müdafiə imkanları mövcud olmuşdur. Odur ki, gözlənti müddətinin ağlabatan həddi nəzərə alınmaqla iddiaçı səmərəli hüquqi müdafiə vasitələrindən istifadə etməli, cavabdehin hərəkətlərini (hərəkətsizliyini) mübahisələndirməli idi. Buna görə də məhkəmə hesab edir ki, İPM-nin 38.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla hazırkı iddianın qaldırılması üçün iddia müddəti ötürülmüşdür. İPM-nin 24.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Həmin Məcəllənin İPM-nin 24.4-cü maddəsinə əsasən təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. Məhkəmə tərəfindən iddiaçının dinlənilmə hüququnun təmin edilməsi üçün xx.xx.2025, xx.xx.2025, xx.xx.2025 və xx.xx.2025-ci il tarixlərdə məhkəmə hazırlıq iclası təyin edilmişdir. xx.xx.2025-ci il tarixdə keçirilən məhkəmə hazırlıq iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirak etmiş, məhkəmə sonuncunun diqqətinə iddia müddətinin ötürüldüyünü və buna görə də iddianın müddətlə bağlı mümkünlük şərtlərinə cavab vermədiyini izah etmişdir. İddiaçının nümayəndəsi və vəkili müddətin ötürülməməsinə dair sübutları məhkəməyə təqdim edəcəyini bildirsə də, növbəti məhkəmə hazırlıq iclaslarında iştirak etməmiş, müddətin ötürülməməsinə dair sübutları məhkəməyə təqdim etməmişdir.
8. İddiaçı, həmin qərardaddan apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini xahiş etmişdir.
apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri:
a) apellyasiya şikayətinin dəlilləri
9. Apellyasiya şikayətinin dəlillərinə görə hazırkı iş üzrə cavabdeh orqan tərəfindən xx.xx.2023-cü il tarixində qəbul edilmiş əlilliyin tanınmaması barədə qərarın İddiaçı rəsmi təqdim edilməsi baş verməmişdir. İnzibati aktın təqdim olunması anlayışı yalnız şəxsin özünə yazılı qaydada çatdırılması ilə başa çatmış sayılır. Əgər şəxs qərardan xəbərdar deyilsə, onun bu qərardan şikayət vermə imkanının itirilməsi konstitusion ədalət prinsipinə ziddir. Vətəndaş barəsindəki nəticə sonradan məhkəmə tərəfindən sorğu vasitəsi ilə öyrənilmişdir. Bu, qərarın vətəndaşa faktiki təqdim edilməsi mənasına gəlmədiyindən iddia müddəti hələ başlamamışdır və ötürülməsi qeyrimümkündür. Cavabdeh orqanın əlilliyin tanınmaması barədə qərarının rəsmi qaydada iddiaçıya təqdim olunduğuna dair iş materiallarında hər hansı sübut yoxdur. Həmin qərarın mövcudluğu barədə yalnız məhkəmə icraatı çərçivəsində cavabdeh tərəfindən təqdim olunan sənədlər vasitəsilə məlumat əldə edilmişdir. Məhkəmə, əlilliyin təyinatı üzrə prosedurların spesifik tibbi və hüquqi bilik tələb etdiyini nəzərə alaraq, bu sahədə iddiaçının səhv anlamalarının və hüquqi qeyrimüəyyənliklərin iddia müddətinin ötürülməsi üçün əsas sayıla bilməyəcəyini qiymətləndirməlidir. İş materiallarından göründüyü kimi, iddiaçı yalnız məhkəmə prosesi gedişində onun barəsində əlilliyin təyinatından imtina edilməsi barədə qərarın mövcudluğundan xəbər tutmuşdur. Bu səbəbdən həmin qərarın ləğvinə dair iddia müddətinin hesablanması yalnız inzibati aktla faktiki tanışlıq anından başlanmalı və nəticə etibarilə iddia müddəti ötürülməmiş hesab edilməlidir. Həmçinin, məhkəmə sadəcə ilkin iclasda nümayəndənin iştirakı və vədini qeydə alaraq, sonrakı proseslərdə iştirak etmədiyini əsas göstərmiş, lakin bu müddət ərzində yardım və rəhbərlik vəzifəsini faktiki yerinə yetirməmişdir. Bu, iddiaçının dinlənilmə və hüquqi müdafiə hüququnun pozulması deməkdir. Qeyd etmək istəyirəm ki, iddia ərizəsində cavabdeh orqanın qərarının xx.xx.2021-ci il tarixli olduğu göstərilmişdir. Lakin bu tarix təxmini xarakter daşıyır, çünki qərar indiyə qədər iddiaçıya rəsmi qaydada təqdim edilmədiyindən onun qəbul tarixi barədə dəqiq məlumat əldə etmək mümkün olmamışdır. Belə olan halda, iddia ərizəsində göstərilən bu təxmini tarix hüquqi nəticə doğura bilməz. Odur ki, iddia ərizəsində göstərilən tarixdəki uyğunsuzluq, iddiaçının rəsmi qərarla tanış olmaması səbəbindən yaranmış texniki xətadır. Tərəfimizdən cavabdeh orqan DövlətTibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə vəkil sorğusu təqdim edilmiş, həmin sorğuya cavab olaraq təqdim edilən xx.xx.2025-ci il tarixli, 3-17-4/2-18918/2025 nömrəli məktuba əsasən rəsmi cavab verilmişdir: “ “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikası Qanununun 53-cü maddəsinə əsasən vətəndaşın tibbi yardım üçün müraciət etməsi faktı, onun xəstəliyinin diaqnozu, sağlamlığının vəziyyəti, müayinə və müalicə vaxtı əldə edilən digər məlumatlar barədə informasiya həkim sirrini təşkil edir. Həkim sirri təşkil edən məlumatlar başqa şəxslərə, vəzifəli şəxslərə yalnız vətəndaşın və ya onun qanuni nümayəndəsinin razılığı ilə verilə bilər. Bildiririk ki,“İnformasiya əldə etmək haqqında" Azərbaycan Respublikasının Qanununun 38.2.4-cü yarımbəndinə əsasən sağlamlıq vəziyyəti haqqında məlumatlar konfidensial hesab olunur, Sizə və ya 3-cü şəxslərə təqdim edilə bilməz. Yuxarıda qeyd olunanları nəzərə alaraq, barəsində sorğu ilə müraciət etdiyiniz şəxsin razılığı olmadan həmin şəxsə dair fərdi məlumatın, habelə həkim sirri təşkiledən məlumatın verilməsimümkün deyildir.” Yuxarıda qeyd olunan cavabdan da açıq şəkildə göründüyü kimi, cavabdeh orqan iddiaçının qanuni nümayəndəsinin təqdim etdiyi vəkil sorğusuna cavabda inzibati aktın mövcudluğu və məzmunu ilə bağlı məlumat verməkdən imtina etmişdir. Halbuki, vəkilin təqdim etdiyietibarnamə və order əsasında qanuni nümayəndə statusu tanınmalı və aidiyyəti qərarlar təqdim edilməli idi. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:
10. cavabdeh orqan apellyasiya şikayətinə qarşı etirazında qeyd etmişdir ki, iddiaçı barəsində xx.xx.2023-cü il tarixində diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul etmişdir. İddia ərizəsi xx.xx.2024-cü il tarixdə məhkəmənin icraatına daxil olmuşdur. Göründüyü kimi iddiaçı ona əlilliyin təyin edilməsi ilə bağlı imtina qərarı qəbul edildikdən 1 il 2 ay müddət keçdikdən sonra hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Odur ki, iddiaçı tərəfindən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 38.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla hazırkı iddianın qaldırılması üçün iddia müddəti ötürülmüşdür.
tərəflərin izahatları:
11. Məhkəmə kollegiyasının hazırkı iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi).
tətbiq edilən hüquq:
12. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi Qaydası: 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.3. TSEK-də əlilliyin müəyyən olunması barədə qərar sadə səs çoxluğu ilə qəbul edilir. 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. 1.6. Orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. 1.7. Şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir. 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.5. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. 3.4. Əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir.
13. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 48.1. Sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 85. Şikayətin verilməsinə dair tələblər 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir.
Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat ... 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər:[82] ... 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir.
14. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarı: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 3.3. Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. 3.4. Birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. 8.6. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar.
9. Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır.
apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri:
15. Apellyasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
16. Birinci instansiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
apellyasiya instansiyasi məhkəməsinin mövqeyi:
17. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən iddia tələbinə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir. Birinci instansiya məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
18. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddia tələbinin mümkünlük şərtlərinə cavab verməməsi ilə bağlı hüquqi mövqeyi ilə razılaşır.
19. İddianın iddianın mümkünlüyü ilə bağlı normaların tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia, yalnız onun mümkünlüyü haqqında şərtlər ödənildiyi təqdirdə yolveriləndir. Qanunvericilikdə iddia növlərindən asılı olaraq müxtəlif mümkünlük şərtləri, o cümlədən ümumi və xüsusi mümkünlük şərtləri müəyyən olunmuşdur.
20. Nəzərə almaq lazımdır ki, məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş həmin şərtlərə və məhdudiyyətlərə, o cümlədən müddətlə bağlı məhdudiyyətlərə tabedir. Bu baxımdan, həm də nəzərə almaq lazımdır ki, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş şərtlər habelə inzibati prosessual qanunvericiliklə nəzərdə tutulmuş digər şərtlər mütləq ödənilmiş olmalıdır.
21. Əlilliyin təyin edilməsi ilə bağlı iddia tələbi “məcburetmə haqqında” iddia növünə aiddir. Həmin iddianın mümkünlük şərtlərindən biri də iddianın qanunla müəyyən olunmuş müddətdə verilməsidir. Hazırkı halda iddiaçı tərəfindən iddia müddətinə dair normalara əməl olunmaqla iddianın qaldırılması şərtinə riayət edilməsi müəyyən olunmur.
22. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 38.2-ci maddəsinə əsasən “məcburetmə haqqında” iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər.
23. İş materiallarından göründüyü kimi, iddia tələbi “cavabdehin xx.xx.2021-ci il tarixli qərarının ləğv edilməsi, müddətsiz əlilliyin dayandırıldığı tarixdən etibarən bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi irəli sürülmüşdür. İddiaçının nümayəndəsi bu tarixlərin təxmini xarakter daşıdığını bildirmişdir. Məhkəmə kollegiyası vurğulayır ki, iddia tələbi aydın və konkret olmalı, həmçinin işin hallarına və iddiaçının hüquqi marağına uyğun şəkildə düzgün ifadə edilməlidir. Əgər iddia qaldırılan vaxtda həmin tarixə dair dəqiq sənədlərlə tanışlıq mümkün deyildisə belə, iş üzrə zəruri sənədlər xx.xx.2025-ci il tarixdə elektron kabinet vasitəsilə məhkəməyə təqdim olunduğundan, iddiaçı yekun məhkəmə aktı qəbul edilənədək təxmini yazdığı tələbi dəqiqləşdirərək təqdim etmək imkanı əldə etmişdir. Bununla belə ötən 4 aydan artıq müddət ərzində bu imkandan istifadə edilməmişdir.
24. İddiaçı barəsində xx.xx.2021-ci il tarixdə diaqnoz əlillik əlaməti təyin etməməsi əsası ilə imtina qərarı qəbul edilmişdir. Yəni, sözügedən tarixdə iddiaçı barəsində qüvvədə olan, müddətsiz əlillik təyinatı mövcud olmamışdır. Belə ki, xx.xx.2016-cı ildə iddiaçıya 5 il müddətinə müəyyən edilmiş 2-ci dərəcəli əlillik xx.xx.2021-ci ildə başa çatmış, növbəti tibbi göndərişə münasibətdə isə cavabdeh orqan əlilliyin müəyyən olunmasından imtina etmişdir. Odur ki, qüvvədə olmayan əlilliyin dayandırılması və ya bərpası iddianın predmetini təşkil edə bilməz.
25. Faktiki olaraq hazırkı tələblə məhkəməyə müraciət etməkdə iddiaçının hüquqi marağı ona xx.xx.2021-ci il tarixdən əlilliyin müəyyən olunmasıdır. Lakin, qeyd edilən tarixdən uzun müddət keçdiyindən və nəzərə alınsa ki, xx.xx.2022, xx.xx.2022 və xx.xx.2022-ci il tarixlərdə ardıcıl olaraq iddiaçıya imtina cavabı verildiyindən onun xx.xx.2021-ci il tarixdə imtina cavabının verilməsindən məlumatlı olmaması inandırıcı və ağlabatan görünmür. Belə ki, hər növbəti müraciət əvvəlki müraciətin mənfi nəticələnməsi ilə bağlı iddiaçının məlumatlı olmasını aşkar sübut edir.
26. İddiaçıya sonuncu dəfə cavabdeh orqan tərəfindən xx.xx.2023-cü il tarixdə əliliyin təyin edilməsindən imtina edilmiş, iddiaçı, bundan 1 il, 1 ay sonra məhkəmədə iddia qaldırmışdır.
27. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi” Qaydasının (Göndərişin verilməsi qaydası) 2.1-ci bəndinə əsasən göndəriş verilməsi üçün şəxs (onun qanuni nümayəndəsi) və ya müalicə həkimi Komissiyaya müraciət edir.
28. “Qaydalar”ın tələbindən göründüyü kimi şəxsin (onun qanuni nümayəndəsinin) və ya müalicə həkiminin müraciəti olmadan səhiyyə müəssisəsi tərəfindən göndərişin verilməsi mümkün deyil. İddiaçının, onun barəsində tərtib edilmiş tibbi göndərişin cavabdeh orqana göndərilməsi məqsədilə səhiyyə müəssisəsinə müraciət etməsi və əlilliyin təyin edilməsi ilə bağlı gözləntisinin olması onu deməyə əsas verir ki, iddiaçı, səhiyyə müəsissəsi tərəfindən göndəriş tərtib edildikdən sonra cavabdehin onun barəsində tərtib edilmiş göndərişə münasibətdə müsbət və ya mənfi qərar qəbul etməsini ağlabatan müddətdə gözləməli və müraciəti təmin olunmadıqda (və ya cavabsız saxlandıqda) bunu mübahisələndirməli idi.
29. Belə ki, iddia ərizəsinə əlavə edilmiş sənədlərlə iddiaçının mütəmadi şəkildə həkim müayinələrində olması aşkar görünür. Belə olan halda iddiaçının sonuncu imtina cavabından 1 ildən artıq vaxt keçdikdən sonra - ona əlilliyin təyin edilib-edilməməsi ilə maraqlanması “ağlabatan gözləntiyə” uyğun ola bilməz (tibbi göndərişin tərtib edilməsi ilə bağlı iddiaçının müraciəti onun ağlabatan müddət ərzində cavab alması gözləntisini yaradır).
30. Gözlənti müddətinin ağlabatanlığının nəzərə alınması ona görə vacibdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”-na Əlavədə bir çox xəstəliklərə münasibətdə orqanizmin funksiyalarının pozulmasının minimum müddəti 1 il müəyyən edilmişdir. Odur ki, iddia ərizəsinin məhkəməyə təqdim edildiyi tarixdə artıq 2 ilə yaxın müddətin keçməsi, o cümlədən məhkəmə araşdırması müddəti nəinki iddiaçının sağlamlıq vəziyyətinin tibbi göndərişin verildiyi vaxta uyğun qiymətləndirilməsini mümkünsüz edir, hətta ilkin göndərişdə qeyd edilmiş diaqnozların aradan qalxmasına və ya əksinə ağırlaşmaların olduğu halda bunun göndərişdə əks olunmamasına gətirib çıxardır.
31. Xüsusilə qeyd olunmalıdır ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən keçirilmiş müayinə barədə məlumatın verilməsi” adlanan elektron xidməti vasitəsi ilə Tibbi-Sosial Ekspert Komissiyalarında keçirilmiş əlillik müayinəsinin nəticəsini heç bir qeydiyyat vasitəsinə ehtiyac olmadan məlumatın alınması mümkündür. Bunun üçün iddiaçının “Elektron hökumət” portalına daxil olmaqla Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin e-xidmətləri sırasından “Tibbi- Sosial Ekspert Komissiyalarında aparılmış sonuncu müayinəyə dair məlumatın verilməsi” adlı e-xidmətini seçməsi, müvafiq bölmədə yalnız şəxsiyyəti təsdiq edən sənədin nömrəsini və doğum tarixini qeyd etməsi kifayətdir.
32. Cavabdeh orqan imtina cavabını verməsə belə iddiaçının cavabdehin hərəkətsizliyindən hüquqi müdafiə imkanları mövcud olmuşdur. Odur ki, gözlənti müddətinin ağlabatan həddi nəzərə alınmaqla iddiaçı səmərəli hüquqi müdafiə vasitələrindən istifadə etməli, cavabdehin hərəkətlərini (hərəkətsizliyini) mübahisələndirməli idi.
33. Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmənin yardım etmə vəzifəsinə görə iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir.
34. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər.
35. Göründüyü kimi yardım etmək vəzifəsini hansı qaydada həyata keçiriləcəyini məhkəmə konkret işin hallarından asılı olaraq müəyyən edir. Hazırkı işdə birinci instansiya məhkəməsi iddiaçının bilavasitə məlumatlandırma yolu ilə dinlənilmə hüququnun təmin edilməsi üçün məhkəmə iclası təyin etmişdir. xx.xx.2025-ci il tarixli məhkəmə iclasında iddiaçının nümayəndəsinə sonuncu dəfə imtina qərarının xx.xx.2023-cü il tarixdə verilməsi, lakin iddia tələbinin 2021-ci ildə verilmiş qərarla bağlı olması izah edilmişdir.
36. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı tələbin həm məzmun, həm də müddət baxımından iddianın mümkünlük şərtlərini ödəməməsi ilə bərabər, sonuncu imtina qərarının qəbul edildiyi xx.xx.2023-cü il tarixə münasibətdə də, iddia müddəti ötürüldüyündən tələbin dəqiqləşdirilməsi zərurəti mövcud olmamışdır. Bununla belə birinci instansiya məhkəməsi xidməti vəzifəsindən irəli gələrək hər bir halda iddia tələbinin mümkünlük şərtlərinə cavab verməməsini iddiaçının nümayəndəsinə izah edərək onun dinlənilmə hüququnu təmin etmişdir.
37. Şərh olunanları ümumiləşdirərək məhkəmə kollegiyası hesab edir ki, irəli sürülən iddia tələbi mümkünlük şərtlərinə cavab vermədiyindən, birinci instansiya məhkəməsi iddianı mümkün saymamaqda haqlı olmuşdur. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, qərardad dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
38. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
İddiaçının nümayəndəsi tərəfindən verilmiş аpellyаsiyа şikаyəti təmin edilmir. Şəki İnzibati Məhkəməsinin 01 iyul 2025-ci il tarixli 2-1(116)-1908/2025 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılır. Qərardaddan onun təqdim edildiyi gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Məhkəmə qərardadı ondan şikayətin verilmədiyi halda təqdim olunduğu gündən 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir.