Məhkəmə qərarları › İş №2-1(107)-531/2020

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-531/2020

11.12.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-531/2020 11.12.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, Zəkili Elgiz Eldəniz oğlunun katibliyi, İddiaçı və cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi X12 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Ağdaş rayon filialına qarşı “1977-1984-cü illərdə Ağdaş rayon Ərəb kənd sabiq “Qafqaz” kolxozunda işlədiyi 7 il müddətin sosial sığorta stajına daxil edilməsi və hüququnun yarandığı xx.xx.2020-ci il tarixdən ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2-1(116)-1184/2020 nömrəli qərarından cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Ağdaş rayon filialı tərəfindən verilmiş apellyasiya şikayətinə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Ağdaş rayon filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 70 yaşına çatmış qocaya, yəni 1927-ci ildə anadan olmuş anası X4 1997-ci ildən bugünədək qulluq etdiyi və kolxozda işlədiyi dövr nəzərə alınaraq hüququnun yarandığı xx.xx.2020-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbin belə əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1958-ci il tarixdə Ağdaş rayonunda anadan olmuşdur. 1976-1987-ci illərdə “Qafqaz” kolxozunda sağıcı işləmişdir. Bundan əlavə iddiaçı 1927-ci ildə anadan olmuş anası X4 1997-ci ildən bugünədək qulluq edir. İddiaçı cavabdeh orqana ona pensiya təyin edilməsi üçün müraciət etmiş, lakin cavabdeh orqan iddiaçıya pensiya təyin edilməsindən imtina etmişdir. İddiaçı keçirilən birinci instansiya məhkəməsinin məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə təqdim edərək “1977-1984-cü illərdə Ağdaş rayon Ərəb kənd sabiq “Qafqaz” kolxozunda işlədiyi 7 il müddətin sosial sığorta stajına daxil edilməsi və hüququnun yarandığı xx.xx.2020-ci il tarixdən ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin iclasında protokol qərardadı ilə ərizə icraata qəbul edilmişdir. Həmin tarixli protokol qərardadı ilə ərizə məhkəmənin icraatına qəbul edilmişdir. Cavabdeh orqan etirazını belə əsaslandırmışdır ki, Azərbaycan Respublikası vətəndaşlarının pensiya təminatı xx.xx.2006-cı il tarixdən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyət orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qaununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları’’nın 3.2-ci bəndinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. İddiaçı X1 işlədiyi dövr əmək kitabçasında qeyd olunmadığı üçün həmin dövrün sosial sığorta stajına daxil edilməsi Qaydalara ziddir. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında iddiaçı iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan 453460 nömrəli “Doğum haqqında şəhadətnamə”nin təsdiq edilmiş surətindən müəyyən edilir ki, İddiaçı xx.xx.1958-ci il tarixdə Ağdaş rayonunda anadan olmuşdur, atası X9, anası X5r. İş materiallarında olan Ağdaş rayon İH başçısının Ərəb kənd İƏD üzrə nümayəndəliyinin xx.xx.2020-ci il tarixli 180 nömrəli arayışından görünür ki, 1927-ci il təvəllüdlü X3 rayonu Ərəb kəndində qızı xx.xx.1958-ci il təvəllüdlü İddiaçı ilə eyni təsərrüfatda yaşayır. İddiaçı eyni təsərrüfatda yaşadığı 1927-ci ildə anadan olmuş anası X4 qulluq edir. İş materiallarında olan “Kolxozçunun əmək kitabçası”nın təsdiq edilmiş surətində iddiaçının 1976-1984-cü illərdə “Qafqaz” kolxozunda işləməsi barədə qeydlər aparılmışdır. İş materiallarında olan “1-ci qrup əlilə, sağlamlıq imkanları məhdud 18 yaşadək uşağa və 70 yaşından yuxarı ahıla qulluq müddəti barədə” Aktın təsdiq edilmiş surətindən müəyyən edilir ki, iddaçı xx.xx.1997-ci il tarixdən xx.xx.2020-ci il tarixədək 1927-ci il tarixdə anadan olmuş anası X4 qulluq edir. Əmək pensiyasının təyinatı zamanı sosial sığorta stajına hesablanacaq müddət 22 il 11 ay 24 gün təşkil edir. İş materiallarında olan Ağdaş rayon Dövlət Arxivinin xx.xx.2020-ci il tarixli 58 nömrəli Arxiv arayışının təsdiq edilmiş surətindən müəyyən edilir ki, Ağdaş rayon Ərəb kənd sabiq “Qafqaz” kolxozunun əmək günü uçotu və hesablaşma kitablarında xx.xx.1958-ci ildə anadan olmuş Şızalıyeva (İbrahimova) Mehbarə Mürsəl qızının əmək günü və əmək haqqı qazanmasına dair qeydlər var. İddiaçının tələbinə dair sənədlər birinci instansiya məhkəməsinə təqdim olunmuşdur. Onlara AZE seriyalı 0******* və 04494123 nömrəli şəxsiyyət vəsiqələrinin təsdiq edilmiş surətləri, 453460 nömrəli “Doğum haqqında şəhadətnamə”nin təsdiq edilmiş surəti, cavabdehin xx.xx.2020-ci il tarixli **********8 nömrəli imtina məktubu, Ağdaş rayon İH başçısının Ərəb kənd İƏD üzrə nümayəndəliyinin xx.xx.2020-ci il tarixli 180 nömrəli arayışı, “Kolxozçunun əmək kitabçası”nın təsdiq edilmiş surəti, cavabdehin xx.xx.2020-ci il tarixli **********9 nömrəli məktubu, cavabdehin xx.xx.2020-ci il tarixli **********6 nömrəli etiraz məktubu, “1-ci qrup əlilə, sağlamlıq imkanları məhdud 18 yaşadək uşağa və 70 yaşından yuxarı ahıla qulluq müddəti barədə” Aktın təsdiq edilmiş surəti,Ağdaş rayon Dövlət Arxivinin xx.xx.2020-ci il tarixli 58 nömrəli Arxiv arayışının təsdiq edilmiş surəti aiddir. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Şəki İnzibati Məhkəməsinin (hakim İlqar Cabbarov) xx xxxxxxxx 2020-ci il tarixli 2- 1(116)-1184/2020 nömrəli qərarı ilə iddia tələbi təmin edilmiş, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Ağdaş rayon filialının üzərinə İddiaçı 1977-1984-cü illərdə Ağdaş rayon Ərəb kənd sabiq “Qafqaz” kolxozunda işlədiyi 7 il müddətin sosial sığorta stajına daxil edilməsi və hüququnun yarandığı xx.xx.2020-ci il tarixdən ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyin qoyulması qərara alınmışdır. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Ağdaş rayon filialı apellyasiya şikayəti verərək Şəki İnzibati Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2- 1(116)-1184/2020 nömrəli qərarının ləğv edilməsi və tələbinin təmin edilməməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətində qeyd etmişdir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Fondunun Ağdaş rayon filialına qarşı iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət edərək, “1977- 1984-cü illərdə Ağdaş rayon Ərəb kənd sabiq “Qafqaz” kolxozunda işlədiyi 7 il müddətin sosial sığorta stajına daxil edilməsi və hüququnun yarandığı xx.xx.2020-ci il tarixdən ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şəki İnzibati Məhkəməsinin 2- 1(116)-1184/2020 saylı xx xxxxxxxx 2020-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, iddiaçının 1977-1984-cü illərdə Ağdaş rayon Ərəb kənd sabiq “Qafqaz” kolxozunda işlədiyi 7 il müddətin sosial sığorta stajına daxil edilməsi və hüququnun yarandığı xx.xx.2020-ci il tarixdən ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Fondunun Ağdaş rayon filialına həvalə edilmişdir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.2- ci maddəsinə əsasən sosial sığorta stajı əmək pensiyası hüququpun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qaununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 3.2- ci bəndinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Nəzərinizə çatdırırıq ki, Əmək Məcəlləsinin 87.1ci maddəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İddiaçı is materiallarına əlavə etdiyi əmək kitabçasından da görünür ki, kitabçaya möhür sonradan vurulub. Belə ki, 1976- 1987-ci illəri əhatə edən əmək kitabçasında indiki dövrə məxsus möhürlərin vurulması, həmin kitabçanın saxta olduğuna əsas verir. İddiaçının 1977-1984-cü illər Ağdaş rayon Ərəb kənd sabiq “Qafqaz” kolxozunda işlədiyi və qanunvericiliyə uyğun olaraq müəyyən edilən 07 il müddət əmək stajının müəyyən edilməsi zamanı nəzərə alınması yuxarıda qeyd edilən səbəblərdən qanunvericiliyə görə mümkün hesab edilmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Ona görə də Şəki İnziabti Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2-1(116)-1184/2020 saylı qərarının ləğv edilməsi və iddia tələbinin rədd edilməsinə dair yeni qərar qəbul edilməsini sizdən xahiş edirik. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeleyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi X14 apellyasiya şikayətinin təmin edilməsini və Şəki İnzibati Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2-1(116)-1184/2020 nömrəli iş üzrə qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməməsini və Şəki İnzibati Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2-1(116)- 1184/2020 nömrəli iş üzrə qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Əsaslandırma hissəsi Cavabdehin apellyasiya şikayəti uğurlu sayılmır. Belə ki, o, mahiyyət etibarı ilə əsaslı deyildir. Ona görə də, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. Həmçinin, iddia əsaslıdır. İş materiallarına əlavə edilmiş yuxarıda qeyd olunan Akta əsasən iddiaçının 1927-ci il tarixdə anadan olmuş anasına qulluq etdiyi müddət onun sosial sığorta stajına daxil edilmişdir ki, bu da 22 il 11 ay təşkil edir və bu hal cavabdehin xx.xx.2020-ci il tarixli **********9 nömrəli məktubuna əsasən mübahisələndirilmir. Həmin məktubda cavabdeh orqan tərəfindən iddiaçının 1977-1984-cü illərdə kolxozda işlədiyi 7 il müddət mübahisələndirilir. Məhkəmə kollegiyası cavabdeh orqan apellyasiya şikayətində İddiaçı məxsus əmək kitabçasına möhürün sonradan vurulması, yəni 1976-1987-ci illəri əhatə edən əmək kitabçasına indiki dövrə məxsus möhürün vurulması, həmin kitabçanın saxta olması dəlilinə qiymət verərək bildirir ki, işə əmək kitabçasının surəti ilə yanaşı əlavə edilmiş Ağdaş rayon Dövlət Arxivinin xx xxxx 2020-ci il tarixli, 58 nömrəli 1977-1984-cü illəri əhatə edən arayışında onun həqiqətən həmin illərdə işləməsi və əmək haqqı alması faktı təsdiq edilir. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh orqanın bununla bağlı dəlili əsassızdır. Göründüyü kimi iddiaçının qeyd olunan iddianı qaldırmaqda hüquqi marağı ondan ibarətdir ki, kolxozda işlədiyi müddət sosial sığorta stajına daxil ediləcəyi təqdirdə tələb olunan 25 il müddət tamamlanacaq və onun xx.xx.2020-ci il tarixdən yaşa görə əmək pensiyası almaq hüququ reallaşacaqdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Həmin Qanunun 8.2-ci maddəsinə əsasən sağlamlıq imkanları məhdud uşağını səkkiz yaşınadək tərbiyə etmiş anaların bu Qanunun 7-ci maddəsinə uyğun şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 21.2.4-cü maddəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada hesablanan İ qrup əlilə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıllara (yaşı 70-ə çatmış şəxslərə) qulluq edilməsi müddəti sığortaolunanın sığorta stajına daxil edilir. xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə üzvlərin üzvlük kitabçaları nəzərə alınır. Göründüyü kimi, əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun: 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 46.3-cü maddəsinə əsasən maraqlı şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması qadağandır. Azərbaycan Respublikası Konstitusiyasının: 12-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. 71-ci maddəsinin 1-ci hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi iddia tələbi təmin etməklə, cavabdehin üzərinə iddiaçının 1977-1984-cü illərdə Ağdaş rayon Ərəb kənd sabiq “Qafqaz” kolxozunda işlədiyi 7 il müddətin sosial sığorta stajına daxil edilməsi və hüququnun yarandığı xx.xx.2020-ci il tarixdən ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyini qoymaqla haqlı olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının tələbi qanuni və əsaslıdır. Apellyasiya şikayətinin dəlilləri isə birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün yetərli deyildir, onа görə də, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya şikayəti təmin edilməməli və qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası qərаrа аldı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Ağdaş rayon filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2-1(116)-1184/2020 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar