Məhkəmə qərarları › İş №2-1(107)-531/2024

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-531/2024

06.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-531/2024 06.11.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən, məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və X1 ibarət tərkibdə, İslamova Türkay Abdurəhim qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı “ünvan 1ində yerləşən 1200 kv.m torpaq sahəsinin təyinatını “Yaşayış məntəqəsinin torpaqları” kimi qeyd etməklə, həmin torpaq sahəsi üzərində İddiaçı ümumibirgə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması, yeni çıxarışın və plan-ölçü sənədinin verilməsi” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 20 iyun 2024-cü il tarixli 2-1(116)-941/2024 nömrəli qərarından iş üzrə cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı birinci instansiya məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək “Zaqatala rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 69 saylı qərarına əsasən ünvan 1ində verilmiş 1378 kv.metr kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin təyinatında düzəliş olunaraq torpaq sahəsinin təyinatının həyətyanı kimi qeydə alınması və 1378 kv.metr torpaq sahəsinə iddiaçının mülkiyyət hüququnun qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçı birinci instansiya məhkəməsinin iclasında iddia tələbini dəqiqləşdirərək, “Zaqatala rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 69 saylı qərarına əsasən ünvan 1indən verilmiş 1378 kv.metr kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin təyinatında düzəliş olunaraq “Yaşayış məntəqəsinin torpaqları” kimi qeyd edilməsi və düzəlişə uyğun olaraq ümumibirgə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması, yeni çıxarışın və plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

3. Birinci instansiya məhkəməsinin xx.xx.2024-cü il tarixli iclas protokolunun qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir.

4. İddia ərizəsinin əsaslarına görə, ailə üzvləri X7, X4 və onun ümumbirgə mülkiyyətlərinə Zaqatala rayon Aqrar İslahat Komissiyasının 21 may 1998-ci il tarixli 69 saylı qərarına əsasən Zaqatala rayonu, Muxax kəndində 1378 kv.metr torpaq sahəsi verilmişdir.

5. Torpaq sahəsinə dair mülkiyyət hüquqlarının DƏDRX-də qeydiyyata alınmasına dair cavabdeh orqana müraciət etsə də, cavabdeh orqan müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdeh orqanın vermiş olduğu imtinanı əsassız hesab edərək hazırki iddia ilə məhkəməyə müraciət etmişdir.

6. Cavabdeh orqan iddia tələbinə etirazını aşağıdakı kimi əsaslandırmışdır: - iddiaçı Əliyev X3 rayonu Muxax kəndi ünvanında yerləşən 0,1378 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışla rəsmiləşdirilməsinə köməklik göstərilməsi məqsədilə 18 saylı Zaqatala Ərazi İdarəsinə ərizə ilə müraciət etmişdir.

7. Ərizəsinin icrası ilə bağlı aparılmış araşdırma və kadastr ekspertizası zamanı məlum olmuşdur ki, fərdi yaşayış evi qeyd olunan kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində yerləşir və iddiaçı həmin torpaq sahsəsinin kənd təsərrüfatı təyinatlı torpaq sahəsi kimi qeydiyyata alınmasına razı olmamışdır. Buna görə də onun ərizənin icrası mümkün olmamış və bu barədə ərizəçiyə xx.xx.2023-cü il tarixli, 3-21-3-47/2-3769/2023 (**********69) nömrəli məktub ünvanlanmışdır.

8. İddia tələbinin "həyətyanı kimi qeyd olunması" ilə bağlı bildirilmişdir ki, “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən elektron çıxarış”ın məzmunu”nun təsdiq edilməsi və “hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış”ın və “Torpaq sahəsinin planı və ölçüsü”nün təsvirlərinin təsdiq edilməsi barədə" Azərbaycan Respublikasının Prezidentinin 2015-ci il 17 iyun tarixli, 553 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 18 avqust tarixli, 1142 nömrəli Fərmanının 1-ci bəndi üzrə “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən elektron çıxarış”ın məzmunu təsdiq edilmişdir.

9. 2-ci bəndi üzrə “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış”ın və “Torpaq sahəsinin planı və ölçüsü”nün təsvirlərinin təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 17 iyun tarixli, 553 nömrəli Fərmanında aşağıdakı dəyişikliklər edilmişdir: 2.1-ci hissə adından “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış”ın və" sözləri çıxarılsın və adında “təsvirlərinin” sözü “təsvirinin” sözü ilə əvəz edilmişdir. 2.2-1-ci hissə ləğv edilmişdir.

10. Həmin Fərman ilə təsdiq edilmiş “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən elektron çıxarış”ın məzmununun 2.1.11-ci bəndinə görə torpaq sahəsinin kateqoriyası (Azərbaycan Respublikasının Torpaq Məcəlləsi ilə müəyyən edilmiş kateqoriyalardan biri) mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması ilə bağlı təqdim edilən elektron çıxarışda göstərilir.

11. Qeyd olunanlardan göründüyü kimi, elektron çıxarışda qanunla müəyyən edilmiş kateqoriyalardan biri göstərilir. Müvafiq Fərmanda təqdim edilən elektron çıxarışda torpaq sahəsinin məqsədli təyinatının göstərilməsi ilə bağlı bənd yoxdur. Buna görə də, iddia tələbinin "həyətyanı kimi qeyd olunması" hissəsi əsassızdır.

12. İddia tələbinin təyinatının (kateqoriyasının) dəyişdirilməsi ilə bağlı bildiririk ki, torpaq sahəsinin təyinatının (kateqoriyasının) dəyişdirilməsi Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 9.3 maddəsinə əsasən “Torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikası Nazirlər Kabineti) tərəfindən həyata keçirilir”.

13. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 10-cu maddəsinin 2-ci bəndinə əsasən torpaqların hüquqi rejimi - torpaqların istifadəsinin, mühafizəsinin, uçotu və monitorinqinin həyata keçirilməsi sahəsində torpaq, şəhərsalma, su, meşə, yerin təki və təbiəti mühafizə haqqında qanunvericilik aktları ilə müəyyən edilmiş qaydaların məcmusudur və müəyyən torpaq kateqoriyasına aid edilmiş torpaq sahələrinin hamısına şamil edilir. 4-cü bəndinə əsasən torpaq kateqoriyalarının məqsədli təyinatı və hüquqi rejimi qanunvericiliklə müəyyən edilir, şəhərsalma və yerquruluşu sənədlərində əks etdirilir. Kateqoriyalar daxilində torpaqlardan istifadə qaydaları onların təbii-təsərrüfat rayonlaşdırılması, zonalaşdırılması, istifadəsinin ərazi planlaşdırılması və yerquruluşu sənədlərinə uyğun olaraq mülkiyyətçilər, istifadəçilər və icarəçilər tərəfindən müəyyən edilir. 5-ci bəndinə əsasən torpağın kateqoriyaları torpağın verilməsi barədə müvafiq icra hakimiyyəti orqanının (Yerli icra hakimiyyəti orqanının) və ya bələdiyyənin qərarında, dövlət torpaq kadastrı sənədlərində, torpaq qeydiyyatı kitablarında və bu Məcəllədə göstərilən digər sənədlərdə əks olunur. 65-ci maddəsinin 1-ci, 5-ci və 8-ci bəndlərinə əsasən torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir. Torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Torpaq sahəsinin planının əsası kadastr işində saxlanılır, surəti isə torpaq mülkiyyətçisinə, istifadəçisinə və ya icarəçisinə verilir.

14. İddia tələbinin təyinatının (kateqoriyasının) dəyişdirilməsi ilə bağlı hissəsi isə mümkün deyildir. Belə ki, mübahisəli torpaq sahəsi Zaqatala rayon Aqrar İslahat Komissiyasınının 21 may 1998-ci il tarixli, 69 nömrəli qərarı ilə kənd təsərrüfatı təyinatlı torpaq sahəsi kimi iddiaçının və onun ailə üzvlərinin mülkiyyətinə verilmişdir. Aqrar İslahat Komissiyasınının həmin qərarı qüvvədədir. Mübahisə predmeti olan torpaq sahəsi ilə bağlı Aqrar İslahat Komissiyasınının həmin qərarı qanunla müəyyən olunmuş qaydada geri çağrılmamış, ləğv edilməmiş və dəyişdirilməmişdir. Belə olan halda həmin qərar hüquqi cəhətdən etibarlı sayılır və mübahisəli torpaq sahəsinin verilməsinə əsas olan həmin qərar etibarlı olduğundan həmin qərar əsasında verilmiş torpaq sahəsinin təyinatının (kateqoriyasının) dəyişdirilməsi mümkün sayıla bilməz.

15. Məhkəmənin nəzərinə çatdırırıq ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə əsasən inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır (64.1 -ci maddə). İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır (64.2-ci maddə).

16. Bununla belə, “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən qeydiyyat orqanı tərəfindən daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılır və bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmaması müəyyən edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1ci maddəsinə əsasən, hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır.

17. Birinci instansiya məhkəməsinin iclasında iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir.

18. Cavabdehin nümayəndəsi birinci instansiya məhkəməsinin iclasında iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

19. Şəki İnzibati Məhkəməsinin (hakim Vüqar Musayev) 20 iyun 2024-cü il tarixli 2- 1(116)-941/2024 nömrəli qərarı ilə iddia tələbi qismən təmin edilərək, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsinin üzərinə ünvan 1ində yerləşən 1200 kv.m torpaq sahəsinin təyinatını “Yaşayış məntəqəsinin torpaqları” kimi qeyd etməklə, həmin torpaq sahəsi üzərində İddiaçı ümumibirgə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması, yeni çıxarışın və plan-ölçü sənədinin verilməsi öhdəliyinin qoyulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qərara alınmışdır.

20. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsi həmin qərardan apellyasiya şikayəti vermişdir.

21. Məhkəmə kollegiyasının xx.xx.2024-cü il tarixli qərarı ilə X7 və X4 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində zəruri cəlb edilmişlər.

APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ

22. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, mübahisəli torpaq sahəsi Zaqatala rayon Aqrar İslahat Komissiyasınının 21 may 1998-ci il tarixli, 69 nömrəli qərarı ilə kənd təsərrüfatı təyinatlı torpaq sahəsi kimi iddiaçının və onun ailə üzvlərinin mülkiyyətinə verilmişdir. Həmin qərara əsasən Ləğv edilmiş DTXK-nin Zaqatala rayon şöbəsi tərəfindən kənd təsərrüfatı təyinatlı torpaq sahəsi kimi AN 246838 nömrəli planölçü sənədi hazırlanmışdır (rəsmiləşdirilmişdir). Aqrar İslahat Komissiyasınının həmin qərarı və həmin sənəd qüvvədədir. Mübahisə predmeti olan torpaq sahəsi ilə bağlı Aqrar İslahat Komissiyasınının həmin qərarı və həmin sənəd qanunla müəyyən olunmuş qaydada geri çağrılmamış, ləğv edilməmiş və dəyişdirilməmişdir. Belə olan halda həmin qərar və sənəd hüquqi cəhətdən etibarlı sayılır və mübahisəli torpaq sahəsinin verilməsinə əsas olan həmin qərar etibarlı olduğundan həmin qərar əsasında verilmiş torpaq sahəsinin təyinatının (kateqoriyasının) dəyişdirilməsi mümkün sayıla bilməz. Bildiririk ki, torpaq sahəsinin bir kateqoriyadan digər kateqoriyaya keçirilməsi məhkəmə qərarı əsasında deyil, məhz Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən həyata keçirilə bilər. Nazirlər Kabinetinin müvafiq qərarı olmadan mövcud dövlət torpaq kadastrının məlumatlarının dəyişdirilməsi 18 saylı Zaqatala Ərazi İdarəsinin sələhiyyətləri daxilində deyildir. Ona görə də apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 20 iyun 2024-cü il tarixli 2-1(116)-941/2024 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.

TƏRƏFLƏRİN İZAHATLARİ

23. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X6 apellyasiya şikayətinin təmin edilməsini və Şəki İnzibati Məhkəməsinin 20 iyun 2024-cü il tarixli 2-1(116)-941/2024 nömrəli qərarının ləğv edilməsini, iddia tələbinin təmin olunması barədə yeni qərar çıxarılmasını xahiş etdi.

24. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin 20 iyun 2024-cü il tarixli 2-1(116)- 941/2024 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

25. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq üçüncü şəxslər məhkəmə iclasına gəlməmiş, ərizə göndərərək işə onların iştirakı olmadan baxılmasını və iddia tələbini müdafiə edərək torpaq sahəsinin iddiaçının adına ümumibirgə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasına etiraz etmədiklərini bildirmişlər.

26. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi).

27. İş materiallarında olan aşağıda sadalanan sənədlərin məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: - cavabdehin xx.xx.2023-cü il tarixli imtina məktubu, - Zaqatala Rayon Dövlət Arxivinin xx.xx.2023-cü il tarixli məktubu və ona əlavə olunmuş 41 nömrəli şəxsi hesab vərəqi, - A 246838 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədi, - "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2023-cü il tarixli məktubu və ona əlavə olunmuş Zaqatala rayon Muxax kəndi üzrə (ilkin və düzəliş) pay torpaq sahələrinə dair subyektlər siyahısından çıxarış, - cavabdehin xx.xx.2024-cü il tarixli məktubu və ona əlavə olunmuş mütəxəssis rəyi.

TƏTBİQ EDİLƏN HÜQUQ

28. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 14.2. İnzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

29. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanunu: 12-ci maddəsinin 1-ci bəndinə əsasən, sovxoz və kolxozların özəlləşdirilən torpaqlarından pay almaq hüququ olan subyektlər aşağıdakılardır: 1) sovxoz və kolxozlarda daimi işləyən şəxslər; 2) bu Qanun qüvvəyə mindiyi günədək daimi yaşayış yeri sovxozun və kolxozun ərazisində olan şəxslər. 14-cü maddəsinə əsasən, hər bir subyekt yalnız bir dəfə torpaq payı ala bilər. Torpaq payları Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə əvəzsiz verilir. Azərbaycan Respublikasının vətəndaşları olmayan şəxslərə torpaq payları istifadəyə verilir. Sovxoz və kolxozların torpaqlarının özəlləşdirilməsi Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanlarının təsdiq etdiyi əsasnaməyə uyğun həyata keçir. Bu maddələrin tələblərinə əsasən kolxozların özəlləşdirilən torpaqlarından pay almaq hüququ istinad edilən Qanun qüvvəyə mindiyi günədək həmin kolxozun ərazisində daimi yaşayan şəxslərə məxsusdur və hər bir şəxs yalnız bir dəfə torpaq payı almaq hüququna malikdir. Torpaq payı almaq hüququ olanların siyahısı yerli aqrar islahatı komissiyası tərəfindən müəyyən edilməlidir. 21-ci maddəsinin 4-cü abzasına əsasən, qanunvericiliklə nəzərdə tutulan qaydada təsdiq edilmiş yerquruluşu layihələrinə uyğun olaraq yerquruluşu orqanları tərəfindən yerdə (naturada) torpaq sahələrinin sərhədləri ayrılır, torpağa mülkiyyət və ya torpaqdan istifadə hüququna dair müəyyən edilmiş formada sənədlər (nümunələri əlavə olunur) hazırlanır və 10 gün müddətində səlahiyyətli dövlət orqanlarında qeydiyyatdan keçirilir və həmin sənədlər müvafiq şəxslərə verilir.

30. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1.0.1. Daşınmaz əmlak - üzərində hüquqlar dövlət qeydiyyatına alınmalı olan torpaq sahələri, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlərdir. Maddə 2.1 Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; ... 15.1-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6.bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.

31. “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsində dövlət torpaq kadastrının anlayışı aşağıdakı kimi verilmişdir: dövlət torpaq kadastrı - torpaq istifadəçiliyinin dövlət qeydiyyatı, torpaqların kəmiyyət və keyfiyyətcə uçotu, bonitirovkası və iqtisadi qiymətləndirilməsi üzrə məlumatların məcmusudur. 5-ci maddəsinə əsasən dövlət torpaq kadastrı torpaqların hüquqi statusundan və rejimindən asılı olmayaraq Azərbaycan Respublikasının hüdudları daxilində yerləşən bütün torpaq sahələrində mütləq, müstəqil və vahid sistem üzrə aparılır. ... Dövlət torpaq kadastrının aparılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş əsasnamə ilə müəyyən edilir. Dövlət torpaq kadastrı müvafiq icra hakimiyyəti orqanı tərəfindən aparılır. 6-cı maddəsinə əsasən dövlət torpaq kadastrına torpaq sahələrinin hüquqi statusu; torpaq üzərində mülkiyyət, istifadə və icarə hüququ; torpaq sahələrinin kəmiyyət və keyfiyyət göstəriciləri; torpaqların bonitirovkası və iqtisadi qiymətləndirilməsi; torpaqların istifadəsi və mühafizəsi ilə əlaqədar qanunvericiliklə müəyyən olunmuş digər məlumatlar daxildir. ... Dövlət torpaq kadastrının məlumatları dövlət orqanlarının, bələdiyyələrin və məhkəmələrin qərar qəbul etməsi üçün əsasdır.

32. İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanunu: 1.1. Bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. 1.2. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. 17-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur.

APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ

33. Cavabdehin apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Apellyasiya şikayəti mümkündür, lakin əsaslı deyil, ona görə də apellyasiya şikayəti uğurlu olmayacaqdır.

34. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.

35. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada hüquqlarını pozduğunu iddia edə bilər.

36. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

37. Birinci instansiya məhkəməsi iddianı qismən təmin etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

38. İş materiallarından görünür ki, hazırkı tələblə məhkəməyə müraciət etməkdə iddiaçının hüquqi marağı ünvan 1ində yerləşən 1378 kv.m torpaq sahəsinin təyinatını “Yaşayış məntəqəsinin torpaqları” kimi qeyd etməklə, həmin torpaq sahəsi üzərində ümumibirgə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasına, yeni çıxarışın və planölçü sənədinin verilməsinə nail olmaqdır.

39. İstinad olunmuş normativ hüquqi aktlardan da göründüyü kimi torpaqların elektron kadastr uçotu informasiya sistemində yerləşdirilən koordinatlar dövlət tərəfindən tanınan və təmin edilən məlumatlardır. Həmin koordinatlarda müəyyən edilmiş kadastr məlumatları torpaq mülkiyyətçisinin (istifadəçisinin) adına tərtib olunmuş hüquqi və texniki sənədlərdə qeyd olunan məlumatlarla ziddiyyət təşkil etdiyi halda, həmin sənədlərlə müvafiq düzəlişlər aparılmalı və yeni sənədlər verilməlidir.

40. Mübahisə predmeti olan torpaq sahəsi üzərində iddiaçının ümumibirgə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün hüquqmüəyyənedici sənəd qismində Zaqatala rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 69 saylı qərarı qəbul edilməlidir. Həmin qərarla Muxax kəndində torpaq payı alacaq subyektlər siyahısı və ayrılması nəzərdə tutulan torpaq sahələrinə dair yerquruluşu sənədləri təsdiq edilmişdir. İddiaçıya digər ailə üzvləri ilə birlikdə ayrılması nəzərdə tutulan torpaq sahəsinin yeri və ölçüsü müəyyən edilmişdir.

41. İddiaçı ilə cavabdeh orqan arasında yaranmış mübahisənin motivi torpaq sahəsinin təyinatı ilə bağlıdır. Belə ki, iddiaçı ona veriləcək sənəddə torpaq sahəsinin hazırkı təyinatının qeyd edilməsini tələb edir. Cavabdeh orqan isə torpaq sahəsinin islahat zamanı kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə ayrılmasına istinad edərək imtina cavabı vermişdir.

42. Torpaq münasibətlərinin tənzimlənməsi mexanizmlərini təkmilləşdirmək, torpaqların elektron uçotunu aparmaq, elmi-texniki tərəqqinin inkişafı nəticəsində yaranmış müasir coğrafi informasiya sistemləri, geodeziya avadanlıq və cihazları tətbiq edilməklə torpaqların faktiki istifadə vəziyyəti ilə hüquqları təsdiq edən sənədlərdə olan uyğunsuzluqların aradan qaldırılmasına nail olmaq, torpaqlardan daha səmərəli istifadəni təmin etmək məqsədi ilə Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 7 mart tarixli 818 nömrəli Fərmanı qəbul edilmişdir.

43. Həmin Fərmanın 2.4 və 2.5-ci bəndlərinə əsasən torpaqların elektron kadastr uçotu informasiya sisteminə ərazi vahidləri üzrə layihələr əsasında torpaq sahələri barədə dürüstləşdirilmiş məlumatların daxil edilməsi, ərazi vahidləri üzrə layihələrin nəticəsi olan və torpaqların elektron kadastr uçotu informasiya sisteminə daxil edilmiş torpaq sahələrinə dair məlumatlar əsasında daşınmaz əmlakın dövlət reyestrində üzərində hüquqlar qeydiyyata alınmış torpaq sahələrinə dair hüquqi və texniki sənədlərdə düzəlişlər edilməsi zərurəti barədə hüquq sahiblərinə bildiriş təqdim olunması, habelə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 16-cı maddəsi ilə müəyyən edilmiş qaydada hüquq sahibi olan mülkiyyətçilərin, istifadəçilərin və icarəçilərin ərizəsi əsasında daşınmaz əmlakın dövlət reyestrində düzəlişlər edilməsi və həmin düzəlişlərə uyğun yeni sənədlərin verilməsinin təmin edilməsi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə tapşırılmışdır.

44. Cavabdeh inzibati orqanın apellyasiya şikayətinin dəlili torpaq sahəsinin Zaqatala rayon Aqrar İslahat Komissiyasınının 21 may 1998-ci il tarixli, 69 nömrəli qərarı ilə kənd təsərrüfatı təyinatlı torpaq sahəsi kimi iddiaçının və onun ailə üzvlərinin mülkiyyətinə verilməsi ilə bağlıdır. Cavabdeh orqanın mövqeyinə görə hazırkı mübahisə ilə bağlı torpaq sahəsinin təyinatının dəyişdirilməsi səlahiyyəti Azərbaycan Respublikası Nazirlər Kabinetinə məxsusdur.

45. Məhkəmə kollegiyası cavabdeh orqanın apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək qeyd edir ki, hazırkı inzibati mübahisə torpaq sahəsinin təyinatının dəyişdirilməsi ilə yox, təyinatı dəyişdirilmiş torpaq sahəsinə dair qüvvədə olan elektron kadastr məlumatları əsasında yeni nümunəli çıxarışın və plan-ölçü sənədinin verilməsi ilə bağlıdır.

46. Belə ki, ünvan 1 ərazisində yaşayan torpaq payı almaq hüququ olan vətəndaşların siyahısına əsasən, İddiaçı və ailə üzvlərinə torpaq sahəsi ayrılan zaman torpaq sahəsinin təyinatı həyətyanı kimi göstərilmişdir.

47. Bundan başqa, cavabdeh orqan tərəfindən təqdim edilmiş mütəxəssis rəyindən də göründüyü kimi sənəd üzrə ayrılmış torpaq sahəsi ilə iddiaçının faktiki istifadəsində olan torpaq sahəsi eyni ərazidir. Sözügedən torpaq sahəsi iddiaçıya Zaqatala rayon Aqrar İslahat Komissiyasının 21 may 1998-ci il tarixli 69 nömrəli qərarı ilə kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə verilsə də, hazırda idarənin xidməti istifadəsində olan TEKUİS məlumat bazasında kateqoriyası yaşayış məntəqələrinin torpaqları, uqodiyası isə tikinti altında olan torpaqlar kimi işlənilmişdir.

48. Yəni, faktiki olaraq cavabdeh orqanın xidməti istifadəsində olan yeni elektron uçot məlumatlarında artıq torpaq sahəsi “kənd təsərrüfatı” təyinatlı yox, “yaşayış mənətəqələrinin torpaqları” təyinatlıdır. Odur ki, Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən mübahisə ilə bağlı hər hansı inzibati fəaliyyətin həyata keçirilməsi zərurəti yoxdur.

49. Belə olan halda iddiaçının müraciətinin torpaq sahəsinin təyinatının dəyişdirilməsi tələbi kimi şərh edilməsi yolverilməzdir. İddiaçı təyinatı dəyişdirilmiş torpaq sahəsi üzərində faktiki elektron uçot məlumatına uyğun ümumibirgə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasında və müvafiq sənədlərin tərtib edilməsində maraqlıdır.

50. Nəzərə alınmalıdır ki, torpaqların elektron kadastr uçotu informasiya sisteminə torpaq sahələri barədə dürüstləşdirilmiş məlumatların daxil edilməsi istinad olunan Fərmanın başlıca məqsədlərindən biridir.

51. Təqdim edilmiş mütəxəssis rəyində iddiaçının faktiki istifadəsində olan 0.15 ha torpaq sahəsinin 64 kv.m hissəsinin X5 adına tərtib edilmiş reyestr nömrəsi **********67- 10301 saylı Çıxarışda göstərilən 0.0848 ha topraq sahəsinin cizgilərinin hüdudları daxilinə, 12 kv.m hissəsi isə X2 adına tərtib edilmiş reyestr nömrəsi **********68 saylı Çıxarışda göstərilən 0.00843 ha torpaq sahəsinin cizgilərinin hüdudları daxilinə düşdüyü qeyd edilmişdir. İddiaçının faktiki istifadəsində olan torpaq sahəsi istinad olunan plan-ölçü sənədində qeyd edilmiş (1378 kv.m) torpaq sahəsinin ölçüsündən artıq olduğundan digər subyektlərə məxsus torpaq sahəsi ilə cəmi 76 kv.m hissədə üst-üstə düşmənin mövcudluğu iddiaçının tələbinin təmin olunmasına maneə yaratmır.

52. Birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, mütəxəssis rəyində üst-üstə düşmə barədə məlumatların qeyd olunduğu qonşu torpaq sahələrinə dair **********67-10301 və **********68 saylı çıxarışlarda da, torpaq sahəsinin təyinatı “yaşayış mənətəqələrinin torpaqları” olaraq göstərilmişdir.

53. İddiaçı A seriyalı 246838 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədinin məzmununa istinad edərək ümumibirgə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasını tələb etdiyi torpaq sahəsinin ölçüsünü 1378 kv.metr qeyd etmişdir. Nəzərə alınmalıdır ki, plan-ölçü sənədi hüquqmüəyyənedici sənəd yox, müəyyən miqyasda tərtib edilmiş və ərazinin bütün vəziyyətini, şərti işarələr və nişanələr vasitəsilə əks etdirən texniki sənəd olduğundan, sözügedən sənəddə torpaq sahəsinin ölçüsünün göstərilməsi yalnız torpaq sahəsinin yerləşdiyi ərazinin və konfiqurasiyasının müəyyən edilməsi baxımından əhəmiyyətlidir.

54. İşdə olan Zaqatala rayon Muxax kənd İƏD üzrə nümayəndəliyin 1996-2000-ci illərə aid təsərrüfatbaşına kitabdan çıxarış məlumatlarından görünür ki, təsərrüfatın istifadəsində olan torpaq sahəsinin ölçüsü 0.12 ha qeyd edilmişdir. Eynilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2023-cü il tarixli məktubuna əlavə olunmuş Zaqatala rayon Muxax kəndi üzrə (ilkin və düzəliş) pay torpaq sahələrinə dair subyektlər siyahısından çıxarışda da, qanuni həyətyanı torpaq sahəsi qrafasında iddiaçıya 3 nəfər ailə üzvü ilə (X7 və X4) birlikdə ayrılmış torpaq sahəsinin ölçüsü 0.12 ha qeyd edilmişdir. Buna görə də, birinci instansiya məhkəməsi hesab etmişdir ki, torpaq sahəsinin ölçüsü plan-ölçü sənədində 1378 kv.m qeyd edilməsinə baxmayaraq, iddiaçının tələbi 1200 kv.m torpaq sahəsinə münasibətdə əsaslı sayılmalıdır.

55. Yuxarıda qeyd olunanlardan da göründüyü kimi “İnzibati icraat haqqında” Qanuna əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Lakin hazırkı işdə inzibati orqan tərəfindən lazımi qaydada araşdırılma aparılmadan əsassız olaraq iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir.

56. Məhkəmə kollegiyasının qənaətinə görə iddiaçının tələbinin təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübut olunur, cavabdehin imtinasını əsaslı, iddianın təmin olunmasını isə istisna edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilmir, cavabdehin imtinası qanunvericiliyə zidd olmaqla iddiaçının hüquqlarını pozmuş, imtina mövcud inzibati praktikaya uyğun olmamış, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır.

57. Ona görə də cavabdehin apellyasiya şikayətinin dəlilləri, işin faktiki halları və iş materiallarına əlavə edilən sənədlərlə öz təsdiqini tapmır.

58. Yuxarıda qeyd olunan işin hallarını, aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, iddia olunan torpaq sahəsinin 1200 kv.m hissəsi üzərində iddiaçının ümumibirgə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün hüquqi əsaslar mövcuddur. Cavabdeh orqan torpaq sahəsinin təyinatının “yaşayış məntələrinin torpaqları” olması ilə bağlı torpaqların kadastr uçotu informasiya sistemində dürüstləşdirilmiş məlumata malik olduğu halda, torpaq sahəsinin ilkin (islahat) təyinatına istinad etməklə imtina cavabı verməkdə haqlı olmamışdır. Ona görə də birinci instansiya məhkəməsi gəldiyi nəticədə haqlı olmuşdur. Odur ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilməməlidir.

59. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.2, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏRАRА АLDİ:

Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 20 iyun 2024-cü il tarixli 2-1(116)-941/2024 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. İnzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar