Məhkəmə qərarları › İş №2-1(107)-531/2025

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(107)-531/2025

02.09.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(107)-531/2025 02.09.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Musayev Vüqar Ələkbər oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və X1 ibarət tərkibdə, Məmmədli Aqil Bəxtiyar oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı “əlilliyin bərpa olunması” tələbinə dair iş üzrə Şəki İnzibati Məhkəməsinin 19 iyun 2025-ci il tarixli 2-1(116)-2830/2025 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi: işin halları:

1. İddiaçıya sonuncu dəfə cavabdeh orqan tərəfindən xx.xx.2023-cü il tarixdə “şəxsiyyətin emosional davamsız pozuntusu” diaqnozuna münasibətdə “diaqnoz öz təsdiqini tapmaması” əsası ilə əliliyin təyin edilməsindən imtina edilmişdir.

birinci instansiya məhkəməsində iş üzrə qəbul edilmiş məhkəmə aktı:

2. İddiaçı, cavabdehə qarşı Şəki İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək “əlilliyin bərpa olunması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

3. İddia ərizəsinin əsaslarına görə iddiaçı, 1-ci Qarabağ döyüşçüsü olaraq özünü 2ci qrup əlil hesab edir. Uzun illərdir ki, xəstəxanada stasionar və ambulator müalicə alır. Döyüş zamanı aldığı xəsarətlərdən indi də, əziyyət çəkir. Buna görə də, hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.

4. Şəki İnzibati Məhkəməsinin 19 iyun 2025-ci il tarixli 2-1(116)-2830/2025 nömrəli qərardadı ilə (hakim Günel Şirinova-Əsədova) iddia mümkün sayılmamışdır.

5. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, əlilliyin təyin edilməsi ilə bağlı iddia tələbi “məcburetmə haqqında” iddia növünə aiddir. Həmin iddianın mümkünlük şərtlərindən biri də iddianın qanunla müəyyən olunmuş müddətdə verilməsidir. Hazırkı halda iddiaçı tərəfindən iddia müddətinə dair normalara əməl olunmaqla iddianın qaldırılması şərtinə riayət edilməsi müəyyən olunmur. Belə ki, iş materiallarından görünür ki, iddiaçı barəsində xx.xx.2022-ci il tarixində diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi” Qaydasının (Göndərişin verilməsi qaydası) 2.1-ci bəndinə əsasən göndəriş verilməsi üçün şəxs (onun qanuni nümayəndəsi) və ya müalicə həkimi Komissiyaya müraciət edir. “Qaydalar”ın tələbindən göründüyü kimi şəxsin (onun qanuni nümayəndəsinin) və ya müalicə həkiminin müraciəti olmadan səhiyyə müəssisəsi tərəfindən göndərişin verilməsi mümkün deyil. İddiaçının, onun barəsində tərtib edilmiş tibbi göndərişin cavabdeh orqana göndərilməsi məqsədilə səhiyyə müəssisəsinə müraciət etməsi və əlilliyin təyin edilməsi ilə bağlı gözləntisinin olması onu deməyə əsas verir ki, iddiaçı, səhiyyə müəsissəsi tərəfindən göndəriş tərtib edildikdən sonra cavabdehin onun barəsində tərtib edilmiş göndərişə münasibətdə müsbət və ya mənfi qərar qəbul etməsini ağlabatan müddətdə gözləməli və müraciəti təmin olunmadıqda (və ya cavabsız saxlandıqda) bunu mübahisələndirməli idi. Nəzərə alınmalıdır ki, iddia ərizəsi xx.xx.2025-ci il tarixdə məhkəmənin icraatına daxil olmuşdur. Göründüyü kimi iddiaçı ona əlilliyin təyin edilməsi ilə bağlı imtina qərarı qəbul edildikdən 2 ilə yaxın müddət keçdikdən sonra hazırkı tələblə məhkəməyə müraciət etmişdir. İddiaçının məhz 2 ilə yaxın müddət keçdikdən ona əlilliyin təyin edilib-edilməməsi ilə maraqlanması “ağlabatan gözləntiyə” uyğun ola bilməz (tibbi göndərişin tərtib edilməsi ilə bağlı iddiaçının müraciəti onun ağlabatan müddət ərzində cavab alması gözləntisini yaradır). Gözlənti müddətinin ağlabatanlığının nəzərə alınması ona görə vacibdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”-na Əlavədə bir çox xəstəliklərə münasibətdə orqanizmin funksiyalarının pozulmasının minimum müddəti 1 il müəyyən edilmişdir. Odur ki, iddia ərizəsinin məhkəməyə təqdim edildiyi tarixdə artıq 2 ilə yaxın müddətin keçməsi, o cümlədən məhkəmə araşdırması müddəti nəinki iddiaçının sağlamlıq vəziyyətinin tibbi göndərişin verildiyi vaxta uyğun qiymətləndirilməsini mümkünsüz edir, hətta ilkin göndərişdə qeyd edilmiş diaqnozların aradan qalxmasına və ya əksinə ağırlaşmaların olduğu halda bunun göndərişdə əks olunmamasına gətirib çıxardır. Odur ki, iddiaçının cavabdeh orqanın qərarından məlumat almaq üçün mövcud vasitələrdən istifadə etməməsi onun passivliyi (hərəkətsizliyi) və məsələyə laqeyd yanaşması kimi qiymətləndirilməlidir ki, bu da iddia müddətinin buraxılmasına səbəb olur. Xüsusilə qeyd olunmalıdır ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “TibbiSosial Ekspert Komissiyaları tərəfindən keçirilmiş müayinə barədə məlumatın verilməsi” adlanan elektron xidməti vasitəsi ilə Tibbi-Sosial Ekspert Komissiyalarında keçirilmiş əlillik müayinəsinin nəticəsini heç bir qeydiyyat vasitəsinə ehtiyac olmadan məlumatın alınması mümkündür. Bunun üçün iddiaçının “Elektron hökumət” portalına daxil olmaqla Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin e-xidmətləri sırasından “Tibbi- Sosial Ekspert Komissiyalarında aparılmış sonuncu müayinəyə dair məlumatın verilməsi” adlı e-xidmətini seçməsi, müvafiq bölmədə yalnız şəxsiyyəti təsdiq edən sənədin nömrəsini və doğum tarixini qeyd etməsi kifayətdir. Cavabdeh orqan imtina cavabını verməsə belə iddiaçının cavabdehin hərəkətsizliyindən hüquqi müdafiə imkanları mövcud olmuşdur. Odur ki, gözlənti müddətinin ağlabatan həddi nəzərə alınmaqla iddiaçı səmərəli hüquqi müdafiə vasitələrindən istifadə etməli, cavabdehin hərəkətlərini (hərəkətsizliyini) mübahisələndirməli idi. Buna görə də məhkəmə hesab edir ki, İPM-nin 38.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla hazırkı iddianın qaldırılması üçün iddia müddəti ötürülmüşdür.

6. İddiaçı, həmin qərardaddan apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini xahiş etmişdir.

apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri:

a) apellyasiya şikayətinin dəlilləri

7. Apellyasiya şikayəti ilkin iddia ərizəsi ilə eyni məzmunludur. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:

8. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.

tərəflərin izahatları:

9. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi).

tətbiq edilən hüquq:

10. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi Qaydası: 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.3. TSEK-də əlilliyin müəyyən olunması barədə qərar sadə səs çoxluğu ilə qəbul edilir. 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. 1.6. Orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. 1.7. Şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir. 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.5. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. 3.4. Əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir.

11. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 48.1. Sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 85. Şikayətin verilməsinə dair tələblər 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir.

Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat ... 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər:[82] ... 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir.

12. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarı: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 3.3. Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. 3.4. Birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. 8.6. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar.

9. Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır.

apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri:

13. Apellyasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

14. Birinci instansiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

apellyasiya instansiyasi məhkəməsinin mövqeyi:

15. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən iddia tələbinə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir. Birinci instansiya məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

16. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddia tələbinin mümkünlük şərtlərinə cavab verməməsi ilə bağlı hüquqi mövqeyi ilə razılaşır.

17. İddianın iddianın mümkünlüyü ilə bağlı normaların tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia, yalnız onun mümkünlüyü haqqında şərtlər ödənildiyi təqdirdə yolveriləndir. Qanunvericilikdə iddia növlərindən asılı olaraq müxtəlif mümkünlük şərtləri, o cümlədən ümumi və xüsusi mümkünlük şərtləri müəyyən olunmuşdur.

18. Nəzərə almaq lazımdır ki, məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş həmin şərtlərə və məhdudiyyətlərə, o cümlədən müddətlə bağlı məhdudiyyətlərə tabedir. Bu baxımdan, həm də nəzərə almaq lazımdır ki, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş şərtlər habelə inzibati prosessual qanunvericiliklə nəzərdə tutulmuş digər şərtlər mütləq ödənilmiş olmalıdır.

19. Əlilliyin təyin edilməsi ilə bağlı iddia tələbi “məcburetmə haqqında” iddia növünə aiddir. Həmin iddianın mümkünlük şərtlərindən biri də iddianın qanunla müəyyən olunmuş müddətdə verilməsidir. Hazırkı halda iddiaçı tərəfindən iddia müddətinə dair normalara əməl olunmaqla iddianın qaldırılması şərtinə riayət edilməsi müəyyən olunmur.

20. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 38.2-ci maddəsinə əsasən “məcburetmə haqqında” iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər.

21. İş materiallarından göründüyü kimi, iddia tələbi “İİ qrup əlillik dərəcəsinin bərpa edilməsi” kimi göstərilmişdir. Lakin iddiaçıya təyin olunmuş (qüvvədə olan) əlillik dərəcəsi cavabdeh orqan tərəfindən ləğv edilməmiş və ya dayandırılmamışdır. Odur ki əslində iddiaçının hüquqi marağı ona əlilliyin təyin olunmasına nail olmaqdan ibarətdir.

22. İddiaçıya sonuncu dəfə cavabdeh orqan tərəfindən xx.xx.2023-cü il tarixdə əliliyin təyin edilməsindən imtina edilmişdir.

23. İddiaçı, bundan 1 il, 11 ay sonra Şəki İnzibati Məhkəməsində iddia qaldırmışdır. İddia ərizəsinə əlavə olunmuş, “çap tarixi” xx.xx.2025-ci il göstərilən imtina cavabını təqdim etməklə iddiaçı, barəsində qəbul edilmiş imtina qərarından həmin tarixdə məlumatlı olması görüntüsünü yaratmağa çalışsa da, müvafiq imtina cavabının verilməsindən iddiaçının 1 il 11 ay ərzində məlumatlı olmaması ağlabatan görünmür.

24. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi” Qaydasının (Göndərişin verilməsi qaydası) 2.1-ci bəndinə əsasən göndəriş verilməsi üçün şəxs (onun qanuni nümayəndəsi) və ya müalicə həkimi Komissiyaya müraciət edir.

25. “Qaydalar”ın tələbindən göründüyü kimi şəxsin (onun qanuni nümayəndəsinin) və ya müalicə həkiminin müraciəti olmadan səhiyyə müəssisəsi tərəfindən göndərişin verilməsi mümkün deyil. İddiaçının, onun barəsində tərtib edilmiş tibbi göndərişin cavabdeh orqana göndərilməsi məqsədilə səhiyyə müəssisəsinə müraciət etməsi və əlilliyin təyin edilməsi ilə bağlı gözləntisinin olması onu deməyə əsas verir ki, iddiaçı, səhiyyə müəsissəsi tərəfindən göndəriş tərtib edildikdən sonra cavabdehin onun barəsində tərtib edilmiş göndərişə münasibətdə müsbət və ya mənfi qərar qəbul etməsini ağlabatan müddətdə gözləməli və müraciəti təmin olunmadıqda (və ya cavabsız saxlandıqda) bunu mübahisələndirməli idi.

26. Belə ki, iddia ərizəsinə əlavə edilmiş sənədlərlə iddiaçının mütəmadi şəkildə həkim müayinələrində olması aşkar görünür. Belə olan halda iddiaçının məhz xx.xx.2025ci il tarixdə - ona əlilliyin təyin edilib-edilməməsi ilə maraqlanması “ağlabatan gözləntiyə” uyğun ola bilməz (tibbi göndərişin tərtib edilməsi ilə bağlı iddiaçının müraciəti onun ağlabatan müddət ərzində cavab alması gözləntisini yaradır).

27. Gözlənti müddətinin ağlabatanlığının nəzərə alınması ona görə vacibdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”-na Əlavədə bir çox xəstəliklərə münasibətdə orqanizmin funksiyalarının pozulmasının minimum müddəti 1 il müəyyən edilmişdir. Odur ki, iddia ərizəsinin məhkəməyə təqdim edildiyi tarixdə artıq 2 ilə yaxın müddətin keçməsi, o cümlədən məhkəmə araşdırması müddəti nəinki iddiaçının sağlamlıq vəziyyətinin tibbi göndərişin verildiyi vaxta uyğun qiymətləndirilməsini mümkünsüz edir, hətta ilkin göndərişdə qeyd edilmiş diaqnozların aradan qalxmasına və ya əksinə ağırlaşmaların olduğu halda bunun göndərişdə əks olunmamasına gətirib çıxardır.

28. Xüsusilə qeyd olunmalıdır ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən keçirilmiş müayinə barədə məlumatın verilməsi” adlanan elektron xidməti vasitəsi ilə Tibbi-Sosial Ekspert Komissiyalarında keçirilmiş əlillik müayinəsinin nəticəsini heç bir qeydiyyat vasitəsinə ehtiyac olmadan məlumatın alınması mümkündür. Bunun üçün iddiaçının “Elektron hökumət” portalına daxil olmaqla Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin e-xidmətləri sırasından “Tibbi- Sosial Ekspert Komissiyalarında aparılmış sonuncu müayinəyə dair məlumatın verilməsi” adlı e-xidmətini seçməsi, müvafiq bölmədə yalnız şəxsiyyəti təsdiq edən sənədin nömrəsini və doğum tarixini qeyd etməsi kifayətdir.

29. İmtina cavabının xx.xx.2025-ci il tarixdə çap edilərək iddia ərizəsinə əlavə edilməsi onu göstərir ki, iddiaçının həmin cavabı daha əvvəlki tarixdən də, əldə etmək imkanı olmuşdur. Belə ki, həmin imtina cavabı ona cavabdeh orqan tərəfindən təqdim edilməmişdir.

30. Odur ki, sözügedən imtina cavabında qeyd olunmuş “çap tarixi” imtina cavabının verilməsindən iddiaçının həmin tarixdə məlumatlı olması kimi yox, iddiaçının passivliyi (hərəkətsizliyi) və məsələyə laqeyd yanaşması kimi qiymətləndirilməlidir ki, bu da iddia müddətinin buraxılmasına səbəb olmuşdur.

31. Cavabdeh orqan imtina cavabını verməsə belə iddiaçının cavabdehin hərəkətsizliyindən hüquqi müdafiə imkanları mövcud olmuşdur. Odur ki, gözlənti müddətinin ağlabatan həddi nəzərə alınmaqla iddiaçı səmərəli hüquqi müdafiə vasitələrindən istifadə etməli, cavabdehin hərəkətlərini (hərəkətsizliyini) mübahisələndirməli idi.

32. Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmənin yardım etmə vəzifəsinə görə iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir.

33. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər.

34. Göründüyü kimi yardım etmək vəzifəsini hansı qaydada həyata keçiriləcəyini məhkəmə konkret işin hallarından asılı olaraq müəyyən edir. Hazırkı işdə birinci instansiya məhkəməsi iddiaçının bilavasitə məlumatlandırma yolu ilə dinlənilmə hüququnun təmin edilməsi üçün xx.xx.2025-ci il tarixə məhkəmə iclası təyin etmiş, iddiaçıya bununla bağlı məhkəmə bildirişi və SMS xəbərdarlıq gönədirilmişdir. Bununla belə iddiaçı, heç bir üzürlü səbəb olmadan məhkəmə iclasında iştirak etməmişdir.

35. Dinlənilmə hüququnun təmin edilməsi məhkəmənin vəzifəsi olduğu kimi, müvafiq hüququn reallaşdırılması üçün məhkəmə iclasında təyin edilmiş vaxtda iştirak etmək iddiaçının vəzifəsidir. Məhkəmə iclasında iştirak etməyə mane olan hallar olduğu halda iddiaçı ağlabatan müddətdə iştirakını mümkünsüz edən sübutları məhkəməyə təqdim etmək öhdəliyi daşıyır. Dinlənilmə hüququnun məqsədi iddia ərizəsindəki çatışmazlıqlar, təyin edilmiş müddət və həmin müddət ərzində çatışmazlıqların aradan qaldırılmamasının hüquqi nəticələri barədə iddiaçını məlumatlandırmaqdır.

36. Şərh olunanları ümumiləşdirərək məhkəmə kollegiyası hesab edir ki, irəli sürülən iddia tələbi mümkünlük şərtlərinə cavab vermədiyindən, birinci instansiya məhkəməsi iddianı mümkün saymamaqda haqlı olmuşdur. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, qərardad dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

57. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmir. Şəki İnzibati Məhkəməsinin 19 iyun 2025-ci il tarixli 2-1(116)-2830/2025 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılır. Qərardaddan onun təqdim edildiyi gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Məhkəmə qərardadı ondan şikayətin verilmədiyi halda təqdim olunduğu gündən 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar