Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(107)-533/2025 28.08.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Musayev Vüqar Ələkbər oğlu (məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və X1 ibarət tərkibdə, Məmmədli Aqil Bəxtiyar oğlunun katibliyi, ərizəçinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Ağdaş rayon şöbəsinə qarşı «əmək pensiyasının yenidən hesablanması və keçmiş dövr üzrə pensiya məbləğinin ödənilməsi» tələbinə dair iddiası üzrə iş materiallarına və Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının yeni açılmış hallarla bağlı icraatın təzələnməsi barədə ərizəsinə dair iş üzrə Şəki İnzibati Məhkəməsinin 02 iyul 2025-ci il tarixli 2-1(84)- 452/2017 nömrəli qərardadından ərizəçi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. işin halları:
1. Şəki İnzibati-İqtisadi Məhkəməsinin 2-1(84)-452/2017 saylı iş üzrə 10 may 2017ci il tarixli qərarı ilə İddiaçı iddiası təmin edilərək, onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının 2004 – 2005-ci illərin əmək haqları əsas götürülməklə yenidən hesablanması və pensiya hüququnun yarandığı 14 dekabr 2008-ci il tarixdən hazırkı vaxtadək yaranmış fərqin ödənilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Ağdaş rayon şöbəsinin üzərinə qoyulmuşdur.
2. Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(107)- 237/2017 saylı iş üzrə 29 iyun 2017-ci il tarixli qərarı ilə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Ağdaş rayon şöbəsinin apellyasiya şikayəti təmin edilməmiş və Şəki İnzibati- İqtisadi Məhkəməsinin 2-1(84)-452/2017 saylı iş üzrə 10 may 2017-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
3. Ali Məhkəmənin İnzibati-İqtisadi Kolegiyasının 2-1(102)-1717/2017 saylı iş üzrə 27 sentyabr 2017-ci il tarixli qərarı ilə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Ağdaş rayon şöbəsinin kassasiya şikayəti təmin edilməmiş və Şəki Apellyasiya Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 2-1(107)-237/2017 saylı iş üzrə 29 iyun 2017-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
4. Şəki İnzibati-İqtisadi Məhkəməsinin 2-1(84)-452/2017 saylı iş üzrə 10 may 2017ci il tarixli qərarı qanuni qüvvəyə mindikdən sonra onun surəti (nüsxəsi) həmin məhkəmənin 13 oktyabr 2017-ci il tarixli məktubu ilə icra olunması üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Ağdaş rayon şöbəsinə göndərilmişdir. birinci instansiya məhkəməsində iş üzrə qəbul edilmiş məhkəmə aktı:
5. Şəki İnzibati Məhkəməsinə 11 dekabr 2024-cü il tarixdə DSMF Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının sözügedən mübahisəyə dair Şəki İnzibati-İqtisadi Məhkəməsinin 2-1(84)-452/2017 saylı iş üzrə 10 may 2017-ci il tarixli qərarına qarşı yeni açılmış hallarla bağlı icraatın təzələnməsi barədə ərizəsi daxil olmuşdur.
6. Ərizə onunla əsaslandırılmışdır ki, işin faktiki hallarına əsasən xeyrinə qərar qəbul edilmiş məhkəmə qərarı əsasında vətəndaş İddiaçı əmək pensiyası təyin edilmiş, məhkəmənin qərarlarına əsasən sonradan yenidən hesablanmaqla yüksək məbləğə çatdırılmış və hazırda ödənişi aparılan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının qanunauyğunluğu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində aidiyyəti üzrə araşdırılmışdır. Müəyyən edilmişdir ki, sözügedən şəxsin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ olmadığı halda, arxiv arayışı, əmək kitabçası, məhkəmə qətnaməsi və bir sıra sənədlər əsas götürülməklə, habelə yaş həddi azaldılmaqla, yəni 57 yaşdan həmin növə görə hüququ yaradılaraq DSMF-nin keçmiş yerli qurumu vasitəsilə olan dövrlərdən pensiya təyinatına və fərq məbləğinin ödənilməsinə, bununla da Fondun büdcəsindən külli miqdarda vəsaitin əsassız xərclənməsinə nail olunmuşdur. İddiaçı təyin olunmuş və yenidən hesablanmış pensiya üçün qanunauyğunluğun araşdırılması nəticəsində aşağıdakı xüsusatlar müəyyən edilmişdir. Ədliyyə Nazirliyi Penitensiar xidmətinin 8 saylı X3 Müəssisəsinin 7 aprel 2020-ci il tarixli 1520 nömrəli arayışında qeyd edilənlərə əsasən xx xxxxxx 1953-cü il təvəllüdlü Ağdaş şəhəri, Y.Nəbiyev küçəsi, 2/18 nömrəli evdə yaşayan İddiaçı Şəki Ağır Cinayətlər Məhkəməsinin 29 noyabr 2017-ci il tarixli hökmü ilə AR CM-in 46 (müəyyən vəzifə tutma və müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə), 62 (cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin edilməsi) və 179.3.2-ci (mənimsəmə və ya israf etmə, 179.3.2 külli miqdarda törədildikdə - beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılmışdır) maddələri ilə 4 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 8 saylı MTCM-də 1 mart 2019-cu ildən 7 aprel 2020-ci ilədək cəza çəkmiş və 6 aprel 2020-ci il tarixli 1970 saylı əfv sərəncamına əsasən 7 aprel 2020-ci il tarixdə cəzanın çəkilməmiş qalan hissəsindən azad edilmişdir. İddiaçı arayışı və digər sənədləri toplayaraq, «Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında» Qanunun 3.1-ci maddəsinə əsasən cəza çəkməkdən azad edilmiş və sosial adaptasiyaya ehtiyacı olan vətəndaşlara ödənilən birdəfəlik müavinəti almaq üçün Fondun keçmiş Ağdaş rayon şöbəsinə müraciət etmiş, şöbənin 30 aprel 2020-ci il tarixli 137 nömrəli qərarı ilə ona 1.000 manat miqdarında vəsait ödənilmişdir. Pensiya işinə əlavə edilmiş sənədlərdən məlum olur ki, iddiaçının əmək kitabçasının və digər sənələrin surətləri əsasında «Əmək pensiyaları haqqında» Qanunun 9-cu maddəsinin 1 iyul 2017-ci il tarixədək qüvvədə olmuş tələbləri və Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarına əsasən 57 yaşdan (14 dekabr 2010-cu il tarixdən) 144,61 manat, növbəti ildən pensiyanın baza hissəsinin artırılması və indeksləşdirmə nəticəsində 1 yanvar 2011-ci il tarixdən 148,01 manat, 1 yanvar 2012-ci il tarixdən 152,98 manat, 1 yanvar 2013-cü il tarixdən 162,86 manat, 1 sentyabr 2013-cü il tarixdən 177,86 manat məbləğində 113238 nömrəli güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyinatı aparılmışdır. İddiaçı şöbə tərəfindən pensiyanın ödənişinə 2014-cü ilin yanvarında 177,86 manatla başlanılmış, ötən dövrlərə görə hesablanmış 5.710,17 manat fərq məbləği aylıq məbləğlə birlikdə onun plastik kartına köçürülmüşdür. Sonradan 9 yanvar 2014-cü il tarixdən 1 dekabr 2024-cü il tarixədək onun plastik kart hesabına faktiki köçürülmüş cəmi vəsait 39.229,30 manat təşkil etmişdir (pensiyanın baza hissəsinin artırılması, müvafiq indeksləşdirmə aparılmaqla). İddiaçı hərbi xidmətdə olması barədə hər hansı arayış və ya hərbi biletin, həmçinin ali və orta ixtisas təhsili barədə diplom və ya attestatın surəti pensiya sənədlərində aşkar edilməmişdir. Müvafiq dövrlərdə onun Ağdaş Qİİ şəhər xidmətində usta vəzifəsində işləməsi fakt kimi məhkəmə qaydasında müəyyən edilmişdir. Ağdaş Rayon Məhkəməsinin qətnamələri ilə ərizələr təmin edilmişdir. Məhkəmə iclaslarında maraqlı şəxs kimi şöbənin nümayəndəsi iştirak etməmiş, iddiaçını nümayəndəsi kimi oğlu Nümayəndə2, hansı ki DSMF Ağdaş rayin şöbəsində işləmişdir, təmsil etmişdir. Məhkəmə icraatında onun qaynaqçı peşəsində işləməsi barədə əsaslı sənədlər alınmamışdır. DSMF Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının ərizəsində İddiaçı pensiya təyinatı aparılması ilə bağlı digər xüsusatlara da toxunulmuş və İPM-in 100-cü maddəsinə istinad olunaraq, yeni açılmış hallarla bağlı iş üzrə icraatın təzələnməsi və ərizəçi DSMF Ağdaş rayon şöbəsinin DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı ilə əvəz olunması barədə qərardad çıxarılması xahiş olunmuşdur.
7. İddiaçı, “yeni açılmış hallara dair” ərizəyə münasibət bildirməmişdir.
8. Şəki İnzibati Məhkəməsinin 02 iyul 2025-ci il tarixli 2-1(84)-452/2017 nömrəli qərardadı ilə “yeni açılmış hallara dair” ərizə mümkün sayılmamışdır.
9. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, Şəki İnzibati-İqtisadi Məhkəməsinin 2-1(84)- 452/2017 saylı iş üzrə 10 may 2017-ci il tarixli qərarı 27 sentyabr 2017-ci il tarixdə (Ali Məhkəmənin müvafiq kassasiya şikayətinin təmin edilməməsi barədə qərarı qəbul olunduğu tarixdə) qüvvəyə minmişdir. Nəzərə alınmalıdır ki, formalaşmış inzibati praktikaya görə ərizəçi DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı müvafiq inzibati mübahisə üzrə keçmiş DSMF rayon (şəhər) şöbələrinin, o cümlədən DSMF Ağdaş rayon şöbəsinin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyinatı ilə bağlı səlahiyyətlərini hazırda həyata keçirən qurumdur. Lakin DSMF Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının “yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair” ərizəsi məhkəməyə 11 dekabr 2024-cü il tarixdə – ona qarşı ərizə verilmiş məhkəmə qərarının qanuni qüvvəyə mindiyi tarixdən 7 ildən artıq vaxt keçdikdən sonra təqdim edilmişdir. Halbuki, inzibati prosessual qanunvericiliyin tələbləri “yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair” ərizənin verilməsini müvafiq məhkəmə hökmünün (ilkin icraat zamanı məhkəmənin istinad etdiyi ittiham hökmü) ləğv edildiyi hal istisna olmaqla, məhkəmə qərarının qanuni qüvvəyə minməsindən 3 il keçənədək mümkün sayır və ərizənin verilməsi üzrə buraxılmış həmin müddətin bərpasını istisna edir. Nəzərə alınmalıdır ki, hazırkı iş üzrə ilkin icraat zamanı məhkəmə hər hansı məhkəmə hökmünə istinad etməmişdir. Göründüyü kimi, inzibati mübahisələrin məhkəmə aidiyyəti, onlara məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsip və qaydaları İPM-lə müəyyən edilir. Bu Məcəllədə mübahisəyə mahiyyəti üzrə baxılıb qərar qəbul edildikdən sonra müvafiq səlahiyyətli məhkəməyə “yeni açılmış hallarla bağlı” icraatın təzələnməsinə dair ərizə verilməsi və Məcəllədə göstərilən əsasların mövcud olduğu hallarda həmin ərizə təmin olunmaqla icraatın təzələnməsi, əks təqdirdə isə ərizənin təmin olunmaması nəzərdə tutulsa da, ərizə bu Məcəllə ilə müəyyən edilmiş müddətə əməl edilmədən təqdim edildikdə, tətbiq edməli prosedur qayda və nəticə əks olunmamışdır. «Normativ hüquqi aktlar haqqında» Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə görə konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmənin belə qənaətə gəlir ki, inzibati məhkəmə icraatında bu halı tənzimləyən konkret müddəa olmadığından, “yeni açılmış hallarla bağlı” ərizə məhkəməyə qanunla müəyyən edilmiş müddət kriteriyasına əməl olunmadan verildikdə, ərizənin qanunun analogiyası tətbiq edilməklə mümkün sayılmaması daha adekvat prosessual nəticə kimi qəbul olunandır, nəinki “rədd edilməsi”. Çünki, məhkəməyə “iddia ərizəsi”nin daxil olması zamanı iddiaya və “yeni açılmış hallarla bağlı icraatın təzlənməsinə dair” ərizə təqdim edilərkən həmin ərizədə göstərilənlərə mahiyyəti üzrə baxılmasının mümkünsüz sayılması bir-birindən nəticə etibarı ilə fəqlənmir (həmin vaxtadək olan vəziyyəti dəyişdirmir) və bu halların qeyd olunan xüsusat baxımından analoji xarakterli qiymətləndirilməsi İPM-in prinsiplərini pozmur. Beləliklə məhkəmə hesab edir ki, hazırkı iş üzrə DSMF Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının “yeni açılmış hallarla bağlı” ərizəsi məhkəməyə qanunvericiliklə müəyyən edilmiş prosessual müddət ötürülməklə verildiyindən, mümkün sayılmamalıdır.
10. Ərizəçi apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini, yeni açılmış hallara dair ərizənin təmin edilərək iş üzrə icraatın təzələnməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.
apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri:
a) apellyasiya şikayətinin dəlilləri
11. Apellyasiya şikayətinin dəlilləri ilkin ərizə ilə eyni məzmunlu olmuşdur. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:
12. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.
tərəflərin izahatları:
13. Məhkəmə iclasında iştirak edən ərizəçinin nümayəndəsi apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi).
tətbiq edilən hüquq:
14. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58. Sübutların araşdırılması qaydası 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. ... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. ... Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 85. Şikayətin verilməsinə dair tələblər 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat ... 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər:[82] ... 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. Maddə 100. Mübahisə ilə bağlı iş üzrə icraatın təzələnməsi üçün əsaslar Qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatı, sonradan yeni sübutların və ya halların aşkar olunduğu və həmin sübutların və ya halların ərizəçidən asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim olunmadığı təqdirdə, inzibati məhkəmə icraatının iştirakçılarından birinin yeni açılmış hallarla bağlı ərizəsinə əsasən təzələnə bilər. Maddə 101. Məhkəmə aidiyyəti Yeni açılmış hallarla bağlı icraatın təzələnməsi barədə ərizəyə qərarına qarşı ərizə verilmiş məhkəmə tərəfindən baxılır. Maddə 103. Yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə ilə müraciət etmək üçün müddət 103.1. Yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə, bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş sübutların və ya halların ərizə verən şəxsə məlum olduğu gündən 3 ay müddətində verilə bilər. 103.2. Mübahisə edilən qərarın qanuni qüvvəyə mindiyi vaxtdan 3 il keçdikdən sonra yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə, yalnız ilkin icraat zamanı məhkəmənin istinad etdiyi ittiham hökmü ləğv olunduğu hallarda verilə bilər. 103.3. Bu Məcəllənin 103.1-ci və 103.2-ci maddələrində nəzərdə tutulmuş müddətlərin buraxıldığı hallarda, həmin müddətlərin bərpasına yol verilmir. Maddə 106. Yeni açılmış hallarla bağlı icraatın təzələnməsinin mümkünlüyü 106.1. Məhkəmə icraatın təzələnməsi üçün ərizədə göstərilmiş əsaslarla bağlıdır. 106.2. İcraatın təzələnməsi üçün məhkəmə bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı birinin mövcud olduğunu müəyyən etdiyi hallarda, ərizənin təmin edilməsi və yeni açılmış hallarla bağlı icraatın təzələnməsi haqqında qərardad qəbul edir. 106.3. İcraatın təzələnməsi üçün bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı birinin mövcud olmadığı hallarda, ərizənin rədd edilməsi haqqında məhkəmə tərəfindən qərardad qəbul edilir. Maddə 107. Yeni açılmış hallar üzrə icraat 107.1. Müvafiq səlahiyyətli məhkəmə ilkin icraat üzrə araşdırmanı davam etdirir. İlkin məhkəmə qərarının qəbul edildiyi zaman istinad edilmiş faktiki hallar yeni sübutlar əsasında məhkəmə tərəfindən araşdırılır və ilkin ərizə üzrə yeni qərar qəbul edilir. 107.2. Mübahisə ilə bağlı iş üzrə məhkəmənin yeni qərarı ilkin qərarı əvəz edir. Məhkəmə həmin qərarda yeni açılmış hallar üzrə icraatla əlaqədar prosessual xərclər haqqında məsələni də həll edir.
apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri:
15. Apellyasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
16. Birinci instansiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
apellyasiya instansiyasi məhkəməsinin mövqeyi:
19. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən ərizəyə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir. Birinci instansiya məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
20. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin ərizənin mümkünlük şərtlərinə cavab verməməsi ilə bağlı hüquqi mövqeyi ilə razılaşır.
21. İnzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə səlahiyyətli məhkəməyə müraciət olunması, doğru iddia növünün və cavabdehin seçilməsi, iddia müddətlərinə riayət edilib-edilməməsi və s. bu kimi formal şərtləri araşdırdığı halda, iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur.
22. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə əvvəlcə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr də, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər.
23. Məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş müəyyən şərtlərə və məhdudiyyətlərə tabedir. Bu baxımdan iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər mütləq ödənilmiş olmalıdır.
24. Yuxarıda sadalanan iddianın mümkünlüyü ilə bağlı məsələlər inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan bütün ərizələrə də, şamil olunur. Yəni, qaldırılan məsələnin mahiyyəti üzrə araşdırılması üçün həmin müraciətin özünün mümkünlüyü ilə bağlı şərt ödənilmiş olmalıdır.
25. Hazırkı iş üzrə materiallardan görünür ki, ərizəçi tərəfindən təqdim edilmiş “yeni açılmış hallara dair” ərizə qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatı üzrə verilmişdir.
26. İlkin icraat üzrə ərizəçi cavabdeh qismində iştirak etmiş və qəbul edilmiş qərar ərizəçi üçün əlverişsiz olmuşdur. Buna görə də ərizəçinin hüquqi mübahisənin təzələnməsi üçün hüquqi müdafiə marağı mövcuddur.
27. Ərizəçi mübahisə edilən qərarın qanuni qüvvəyə mindiyi vaxtdan 7 il sonra - 11 dekabr 2024-cü il tarixdə – “yeni açılmış hallara dair” ərizə təqdim etmişdir.
28. Halbuki, inzibati prosessual qanunvericiliyin tələbləri “yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair” ərizənin verilməsini müvafiq məhkəmə hökmünün (ilkin icraat zamanı məhkəmənin istinad etdiyi ittiham hökmü) ləğv edildiyi hal istisna olmaqla, məhkəmə qərarının qanuni qüvvəyə minməsindən 3 il keçənədək mümkün sayır və ərizənin verilməsi üzrə buraxılmış həmin müddətin bərpasını istisna edir. Nəzərə alınmalıdır ki, hazırkı iş üzrə ilkin icraat zamanı məhkəmə hər hansı məhkəmə hökmünə istinad etməmişdir.
29. İPM-nin 103.1 və 103.2-ci maddələrindən görünür ki, qanunverici “yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair” ərizənin yalnız həmin maddələrdə nəzərdə tutulan müddətlərə riayət olunmaqla verilməsini mümkün hesab etmişdir. 103.3-cü maddə isə həmin maddələrdə nəzərdə tutulmuş müddətlərin buraxıldığı hallarda, müddətlərin bərpasına yol verilmədiyini qəti şəkildə müəyyən etmişdir.
30. İstinad olunan normalarda işlədilən “verilə bilər” ifadəsi yalnız müəyyən olunmuş müddət daxilində inzibati məhkəmə icraatının iştirakçılarına ərizə vermək imkanını tanıyır. Müddət ötürüldükdə isə belə ərizələrin verilməsi imkanı aradan qalxır. Yəni, ərizə artıq hüquqi mənada “verilə bilən” ərizə hesab edilmir. Müddət pozuntusu ilə təqdim olunmuş ərizə qanunvericiliklə verilməsi qadağan edilmiş ərizə sayılır və belə ərizəyə mahiyyəti üzrə baxılması hüquqi cəhətdən istisna olunur.
31. Şərh olunanları ümumiləşdirərək məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi “yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair” ərizənin qeyri-mümkün sayılması ilə bağlı düzgün nəticəyə gəldiyindən apellyasiya şikayəti təmin edilməməli, Şəki İnzibati Məhkəməsinin 02 iyul 2025-ci il tarixli 2-1(84)-452/2017 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
32. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Ərizəçi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmir. Şəki İnzibati Məhkəməsinin 02 iyul 2025-ci il tarixli 2-1(84)-452/2017 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılır. Qərardaddan onun təqdim edildiyi gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərardadı ondan şikayətin verilmədiyi halda təqdim olunduğu gündən 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir.