Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-535/2024 06.11.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və X3 ibarət tərkibdə, İslamova Türkay Abdurəhim qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı “mərhum həyat yoldaşı X4 üçün nəzərdə tutulmuş birdəfəlik ödəmənin verilməsinə dair ümumi siyahıya adının əlavə edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 29 iyul 2024cü il tarixli 2-1(116)-771/2024 nömrəli qərarından iş üzrə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək “mərhum həyat yoldaşı X4 üçün nəzərdə tutulmuş birdəfəlik ödəmənin verilməsinə dair ümumi siyahıya adının əlavə edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsinin əsaslarına görə, iddiaçının mərhum həyat yoldaşı X4 Silahlı Qüvvələrdə 16 mart 1994-cü ildən 18 mart 1995-ci ilədək xidmət etmiş və həqiqi hərbi xidmətdə olarkən Füzuli bölgəsində şəhid olmuşdur.
3. Lakin bu günə qədər mərhum həyat yoldaşı X4 üçün nəzərdə tutulan 11.000 manat məbləğində sığorta ödənişini ala bilməmişdir.
4. Sığorta ödənişinin ona verilməsi üçün nəzərdə tutulmuş ümumi siyahıya mərhum həyat yoldaşı X1 adının əlavə edilməsi xahişi ilə bir çox tarixlərdə cavabdehə ərizə ilə müraciət etmiş, lakin müraciətinə uzun müddət keçməsinə baxmayaraq cavabdeh tərəfindən biganə cavab verilmiş və ya bir çox vaxtlarda cavablandırılmamışdir.
5. Bu barədə nəzərdə tutulmuş ümumi siyahıya mərhum həyat yoldaşı X1 adının əlavə edilməsi məqsədi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
6. Cavabdeh xx.xx.2024-cü il tarixli iddia tələbinə münasibətində qeyd etmişdir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı mərhum həyat yoldaşı X4 üçün vərəsələrinə nəzərdə tutulmuş birdəfəlik ödəmənin verilməsi ilə əlaqədar adının ümumi siyahıya əlavə edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair Xidmətin aparatına daxil olmuş 26 aprel 2024-cü il tarixli 2-1(116)-771/2024 nömrəli məktubunuza baxılmışdır.
7. Bildiririk ki, vətəndaş İddiaçı mərhum həyat yoldaşı X1 “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2018-cı il 19 aprel tarixli 1 nömrəli Fərmanına əsasən adının birdəfəlik ödəmənin verilməsinə dair ümumi siyahıya əlavə edilməsi barədə xx.xx.2023-cü il tarixdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə daxil olmuş əvvəlki müraciəti üzrə tərəfimizdən ətraflı araşdırma aparılmışdır.
8. Araşdırma zamanı mərhum R.M.Mərdanovun şəhid statusunun təsdiq edilməsi üçün onun ölüm şəraiti və səbəbinə dair məlumatların əldə edilməsi məqsədi ilə aidiyyəti üzrə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat və Hüquq idarələrinə sorğular edilmişdir.
9. Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş idarəsinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin xx.xx.2023-cü il tarixli 3-25-14/2-M-17868-1/2023 nömrəli cavab məktubunda mərhum əsgər X4 barəsində “Şəxsi heyətin elektron məlumat sıstemi"nə əsasən məlumatlar aşkar edilmədiyi bildirilmişdir. Müdafiə Nazirliyinin Hüquq idarəsinin xx.xx.2024-cü il tarixli 3-25-4/2-1664/2024 nömrəli cavab məktubunda isə Füzuli Hərbi Məhkəməsindən sorğu əsasında əldə olmuş 19 sentyabr 1995-ci il tarixli hökmün surətinə istinad etməklə R.Mərdanovun sərxoş vəziyyətdə tağım heyətinin qarşısında hərbi qulluqçu əsgər X5 dəfələrlə nalayiq ifadələr işlədərək təhqir etməsi və vurması səbəbindən sonuncunun avtomat silahından atəş açaraq 13 mart 1995-ci il tarixdə onu qəsdən qətlə yetirməsi qeyd olunmuşdur. Həmin məktubda mərhum R.Mərdanovun vəfatının döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifələrinin icrası ilə bağlı olmadığı bildirilmişdir.
10. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 aprel tarixli 1 nömrəli Fərmanına əsasən, 1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının vərəsələrinə 11.000 (on bir min) manat məbləğində birdəfəlik ödəmə verilir. Həmin Fərmanın 8-ci hissəsinə əsasən, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və aidiyyəti digər orqanlar fərmanın 5-ci hissəsində nəzərdə tutulmuş hərbi qulluqçuların siyahısını müəyyən etmək məqsədi ilə müvafiq məlumatları iki ay müddətində Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə təqdim etməlidirlər. Həmçinin bu Fərmanın 5-ci hissəsinə əsasən, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti 1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ümumi siyahısını aidiyyəti dövlət orqanları ilə birgə müəyyən etməklə üç ay müddətinə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim etməlidir. Qeyd olunmalıdır ki, Xidmətin Qəbələ rayon şöbəsində vətəndaş İddiaçı tələbini təmin etməyə əsas verən hüquqi sənədlərin olub-olmaması araşdırılmışdır. Məlum olmuşdur ki, bu kimi sənədlər mövcud deyil (əldə olan sənədlər əlavə olunur).
11. Göstərilənləri nəzərə alaraq, qeyd olunan Fərmanda göstərilən tələblər əsasında R.Mərdanovun adının 1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ümumi siyahısını əlavə edilməsi mümkün olmamışdır. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
12. Şəki İnzibati Məhkəməsinin (hakim Vüqar Musayev) 29 iyul 2024-cü il tarixli 2- 1(116)-771/2024 nömrəli qərarı ilə iddia təmin edilməmişdir.
13. İddiaçı həmin qərardan apellyasiya şikayəti vermişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ
14. İddiaçı apellyasiya şikayətini iddia ərizəsinin dəlilləri ilə əsaslandırmış və apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 29 iyul 2024-cü il tarixli 2-1(116)-771/2024 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsinə dair yeni qərar çıxarılmasını xahiş etmişdir. TƏRƏFLƏRİN İZAHATLARİ
15. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 29 iyul 2024-cü il tarixli 2-1(116)-771/2024 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsinə dair yeni qərar çıxarılmasını xahiş etdi.
16. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin 29 iyul 2024-cü il tarixli 2-1(116)-771/2024 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
17. İş materiallarında olan aşağıda sadalanan sənədlər məhkəmə kollegiyasının araşdırmasının predmetini təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilir. - cavabdehin xx.xx.2023-cü il tarixli imtina məktubu, - AZ-İİ 367613 ölüm haqqında şəhadətnamə, - Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2021-ci il tarixli 4/2-1859 nömrəli arxiv arayışı, - Füzuli Hərbi Məhkəməsinin xx.xx.2024-cü il tarixli məktubu və ona əlavə olunmuş xx.xx.1995-ci il tarixli hökm, Əmək və Əhalinin Dövlət Sosial Müdafiəsi Nazirliyinin və Qəbələ Rayon Hərbi Komissarlığının möhürü ilə təsdiq edilmiş mart 2010-cu il tarixli akt.
TƏTBİQ EDİLƏN HÜQUQ
18. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 14.2. İnzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
19. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 aprel tarixli 1 nömrəli Fərmanına əsasən, 1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının vərəsələrinə 11.000 (on bir min) manat məbləğində birdəfəlik ödəmənin verilməsi nəzərdə tutulmuşdur. 8-ci hissəsinə əsasən, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və aidiyyəti digər orqanlar fərmanın 5-ci hissəsində nəzərdə tutulmuş hərbi qulluqçuların siyahısını müəyyən etmək məqsədi ilə müvafiq məlumatları iki ay müddətində Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə təqdim etməlidirlər. 5-ci hissəsinə əsasən, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti 1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ümumi siyahısını aidiyyəti dövlət orqanları ilə birgə müəyyən etməklə üç ay müddətinə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim etməlidir.
20. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır.
APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ
21. İddiaçının apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının İPM və ya İPM) 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Lakin şikayət əsaslı deyil və Şəki İnzibati Məhkəməsinin 29 iyul 2024-cü il tarixli 2-1(116)-771/2024 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
22. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.
23. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada hüquqlarını pozduğunu iddia edə bilər.
24. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
25. Birinci instansiya məhkəməsi iddianı təmin etməmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
26. İş materiallarından görünür ki, Müdafiə nazirinin Katibliyi Mərkəzi Arxivinin xx.xx.2021-ci il tarixli 4/2-1859 nömrəli arxiv arayışında N saylı hərbi hissənin əsgəri R.M.Mərdanovun xx.xx.1995-ci il tarixdə Füzuli rayonunun Alxanlı kəndində xidməti vəzifəsini yerinə yetirən zaman odlu silahdan açılmış atəş nəticəsində həlak olması barədə məlumat qeyd edilmişdir.
27. İşdə olan Əmək və Əhalinin Dövlət Sosial Müdafiəsi Nazirliyinin və Qəbələ Rayon Hərbi Komissarlığının möhürü ilə təsdiq edilmiş mart 2010-cu il tarixli aktdan görünür ki, mərhum R.Mərdanovun şəhid statusu ləğv edilmişdir.
28. Füzuli Hərbi Məhkəməsindən sorğu əsasında əldə olmuş 19 sentyabr 1995-ci il tarixli hökmdən görünür ki, R.Mərdanov sərxoş vəziyyətdə tağım heyətinin qarşısında hərbi qulluqçu əsgər X5 dəfələrlə nalayiq ifadələr işlədərək təhqir etməsi və vurması səbəbindən sonuncu, avtomat silahından atəş açmaqla 13 mart 1995-ci il tarixdə onu qəsdən qətlə yetirmişdir. Yəni, mərhum R.Mərdanovun ölümü onun döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifələrinin icrası ilə bağlı olmamışdır.
29. Beləliklə, Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 aprel tarixli 1 nömrəli Fərmanına əsasən mərhum R.Mərdanov 1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşmüş hərbi qulluqçular kateqoriyasına aid olmadığından cavabdeh orqanın imtinası qanunvericiliyin tələblərinə uyğun olmuşdur.
30. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək qeyd edir ki, iddiaçının iddia tələbinə münasibətdə aparılan araşdırma nəticəsində cavabdeh tərəfindən iddia tələbindən imtinanı zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübut olunur.
31. Yuxarıda qeyd olunan işin hallarını nəzərə alan məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə düzgün nəticəyə gəlmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən qüvvədə saxlanılmalı, iddiaçının apellyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir.
32. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 81.2, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası QƏRАRА АLDİ:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 29 iyul 2024-cü il tarixli 2-1(116)-771/2024 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. İnzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.