Məhkəmə qərarları › İş №2-1(107)-535/2025

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(107)-535/2025

28.08.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(107)-535/2025 28.08.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Musayev Vüqar Ələkbər oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və X1 ibarət tərkibdə, Məmmədli Aqil Bəxtiyar oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı “Dövlət Aktının 160Q planşetdə qeyd olunan 0,20 ha kənd təsərrüfatlı torpaq sahəsinin 0,10 ha həyətyanı torpaq sahəsi ilə üstüstə düşən hissədə ləğv edilməsini, 0,10 ha torpaq sahəsi üzərində (həyətyanı) ümumibirgə mülkiyyət hüququnun qeydiyyata alınması və dövlət aktında göstərilən 1,66 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində ümumibirgə mülkiyyət hüququnun qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Şəki İnzibati Məhkəməsinin 18 iyun 2025-ci il tarixli 2-1(116)-1740/2025 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi: işin halları:

1. JN-160 saylı "Torpağa mülkiyyətə hüququna dair" Dövlət Aktından görünür ki, Balakən rayon AİK-nın xx.xx.1999-cu il tarixli qərarı ilə Balakən rayonu Sarıbulaq kəndində yerləşən 1,76 ha torpaq sahəsi üzərində İddiaçı 4 nəfər ailə üzvü ilə birlikdə ümumi birgə mülkiyyət hüququ dövlət qeydiyyatına alınmış, Dövlət Aktının 160Q planşetində torpaq sahəsinin ölçüsü 2032,13 kv.m, 160 planşetində isə 15529.00 kv.m qeyd edilmişdir.

2. İddiaçı, cavabdehə elektron müraciət edərək dövlət reyestrindən arayışın verilməsi, döngə nöqtələrinin koordinatlarının müəyyənləşdirilməsini xahiş etmiş, cavabdeh orqan xx.xx.2024-cü il tarixli imtina cavabında Balakən rayonu Sarıbulaq kəndində yerləşən 0,10 ha həyətyanı torpaq sahəsinin yerləşmə vəzyyətinin sxeminin tərtib edilməsi barədə ərizənin təmin edilməsindən imtina etmişdir.

3. X4 Filialının xx.xx.2025-ci il tarixli məktubuna əlavə edilmiş Balakən rayon Sarıbulaq kənd S.Vurğun adına kolxozun 1982-ci ilin “qaytanlanmış torpaq kitabına” əsasən 415-ci sırada iddiaçının adı, və torpaq sahəsinin ölçüsü (0,10) qeyd edilmişdir.

4. Cavabdehin təqdim etdiyi mütəxəssis rəyində qeyd edilmişdir ki, iddiaçı və qeyrilərinə JN-saylı Dövlət Aktına əsasən verilmiş 1.76 ha torpaq sahəsinin iddia olunan 160 Q cizgisində göstərilən 0.2032 ha torpaq sahəsinin naturada ölçüləri 0.1992 ha olmaqla DWG və TEKUİS məlumat bazasında kənd təsərrüfatı təyinatlı ərazidir. İddia olunan torpaq sahəsi kənd təsərrüfatına yararlı ərazi kimi qeyd edilmişdir. Həmin torpaq sahəsinin mülkiyyətçisi və faktiki istifadəçisi iddiaçıdır. Faktiki istifadə olunan torpaq sahəsi 160 Q planşetində göstərilmiş 2032.13 kv.m torpaq sahəsi ilə üst-üstə düşür. İddia olunan torpaq sahəsi qapalı həyət daxilindədir və üzərində fərdi yaşayış evi var. 160Q planşetində göstərilmiş 2032.13 kv.m torpaq sahəsi S.Vurğun adına kolxozun (Sarıbulaq kəndi) ayırdığı fərdi yaşayış evinin yerləşdiyi 0.10 ha torpaq sahəsi ilə üst-üstə düşür. birinci instansiya məhkəməsində iş üzrə qəbul edilmiş məhkəmə aktı:

5. İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının 160 Q planşetdə qeyd edilmiş 0.2032 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin planı (cizgisi) ölçüləri qüsurlu tərtib edildiyindən həmin hissədə dəyişiklik edilərək 0.10 ha həyətyanı və 10 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə yeni plan və ölçü sənədinin hazırlanması və çıxarışın tərtib edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

6. Məhkəmə iclasında iddiaçı iddia tələbini dəqiqləşdirərək, Dövlət Aktının 160Q planşetdə qeyd olunan 0,20 ha kənd təsərrüfatlı torpaq sahəsinin 0,10 ha həyətyanı torpaq sahəsi ilə üst-üstə düşən hissədə ləğv edilməsi, 0,10 ha torpaq sahəsi üzərində (həyətyanı) ümumibirgə mülkiyyət hüququnun qeydiyyata alınması və dövlət aktında göstərilən 1,66 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində ümumibirgə mülkiyyət hüququnun qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

7. Məhkəmənin xx.xx.2025-ci il tarixli iclas protokolunun qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir.

8. İddia ərizəsinin əsaslarına görə iddiaçı, təxminən 1977–1978-ci illərdə Balakən rayonunun Sarıbulaq kəndində yerləşən S.Vurğun adına kolxozun idarə heyətinə ərizə ilə müraciət edərək fərdi yaşayış evi tikmək məqsədilə 0,10 ha həyətyanı torpaq sahəsinin ayrılmasını xahiş etmişdir. Kolxozun qərarı ilə 0,10 ha torpaq sahəsi ayrılmış və 1988-ci ildə tərtib edilmiş rəsmi AKT əsasında istifadəsinə verilmişdir. 1989-cu ildə torpaq sahəsində ev tikintisinə başlamış və 1992-ci ildə evin tikintisini başa çatdırmışdır. Daha sonra 1996-cı ildə qəbul olunmuş “Torpaq islahatı haqqında” Qanunun tələblərinə uyğun olaraq, Balakən rayon Aqrar İslahat Komissiyasının 12 may 1999-cu il tarixli 05 nömrəli Qərarına əsasən, İddiaçı ailəsinin 5 üzvünə ümumilikdə 1.76 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi “Torpağa mülkiyyət hüququna dair” JN-160 KOD 40112018 saylı Dövlət Aktı ilə verilmişdir. Həmin qərarda ailəyə məxsus 0.10 ha həyətyanı torpaq sahəsi də mülkiyyətinə verilmişdir. Kənd təsərrüfatı təyinatlı pay torpağı ilə bağlı JN-160 nömrəli Dövlət Aktı 2000ci ildə onlara təhvil verilmişdir. Dövlət Aktında 1,76 ha torpaq iki planşetdə yerləşirdi. 160 nömrəli planşet üzrə 15529.00 kv.m torpaq sahəsi çöl ərazisində yerləşirdi. 160 Q planşet üzrə 2032.13 kv.m torpaq sahəsi həyət torpağına bitişik olduğu hiss olunurdu. Bununla belə, ötən illər ərzində dəfələrlə şifahi və yazılı şəkildə X8 Komissiyasına müraciətlər edilməsinə baxmayaraq, 0.10 ha həyətyanı torpaq sahəsinə dair müvafiq “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” verilməmişdir. S.Vurğun adına kolxozun X8 Komissiyası tərəfindən 222 saylı bildirişdə 0.10 ha həyətyanı torpaq sahəsinə dair müvəqqəti şəhadətnamənin veriləcəyi qeyd olunmuşdur. Lakin bu günə qədər nə ona, nə də kəndin digər kənd sakinlərinə həyətyanı torpaq sahələri üzrə şəhadətnamələr təqdim olunmamışdır. JN-160 nömrəli Dövlət Aktının 160Q saylı planşetində qeyd edilən ərazi 0.20 ha torpaq sahəsidir. X5 sahəsinin qaiməsi (sertifikatı) səhifəsində qeyd edilənlərdən məlum olur ki, həqiqətən həmin ərazi həyət torpağı ilə birlikdə kənd təsərrüfatı təyinatlı torpaq sahəsi kimi qeyd edilməklə texniki səhv olaraq sənədləşdirilmişdir. Amma 160Q saylı planşet üzrə qeyd edilən 0.20 ha torpaq sahəsinin yerləşmə vəziyyətinə və üzərindəki tikili, çoxillik əkmələrə diqqət yetirildikdə məlum olur ki, bu torpağın 0.10 ha hissəsi faktiki olaraq həyətyanı torpaq sahəsidir, digər 0.10 ha hissəsi isə kənd təsərrüfatı təyinatlı sahədir. Belə ki, kəndin nəqliyyat yolundan həyətin giriş qapısından içəri daxil olduqda, 0.10 ha sahədə 1992-ci ildə tikintisi başa çatmış fərdi yaşayış evi yerləşir. Evin qarşı hissəsində 0.06 ha, arxasında isə 0.04 ha sahədə hər il göyərti və meyvə-tərəvəz bitkiləri yetişdirilir. Torpaq sahəsinin digər 0.10 ha hissəsi isə kolxoz dövründə əkilmiş və istifadəyə verilmiş fındıq bağından ibarətdir ki, bu hissə həqiqətən də kənd təsərrüfatı təyinatlı torpaq sahəsidir. Həyətyanı torpaq sahəsinin ölçüsü – kənd nəqliyyat yoluna çıxışı olan giriş qapısından etibarən eni 30 metr, uzunluğu 34 metr olmaqla ümumilikdə 0.10 ha təşkil edir və bu sahə kənd təsərrüfatı təyinatlı fındıq bağına bitişikdir. Yuxarıda qeyd edilən Arxiv Arayışlarının məzmunundan da məlum olur ki, onun qanuni istifadəsində olan 0.10 ha həyətyanı torpaq sahəsi, Balakən Rayon Aqrar İslahat Komissiyasının qərarı ilə yaşayış məntəqəsi torpağı (həyətyanı sahə) kimi mülkiyyətə verilməlidir. X6 160Q saylı planşeti üzrə torpaq sahəsinin cizgiləri qüsurlu hazırlandığından, faktiki həyətyanı torpaq sahəsi kənd təsərrüfatı təyinatlı torpaq sahəsi kimi qeyd edilərək sənəddə texniki səhv şəklində əks olunmuşdur. İddiaçı, cavabdeh orqana JN-160 KOD 40111820 olan Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının 160Q planşetdə qeyd edilmiş 0.2032 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin planı (cizgisi) ölçüləri qüsurlu tərtib edildiyindən həmin hissədə dəyişiklik edilərək 0.10 həyətyanı və 10 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə yeni plan və ölçü sənədinin hazırlanması və Çıxarışların tərtib edilməsi ilə bağlı müraciət etsə də, cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir.

9. Cavabdeh orqan iddia tələbinə etirazında qeyd etmişdir ki, iddiaçı İbadov X3 rayonu, Sarıbulaq kəndi ünvanında yerləşən 0,10 ha həyətyanı torpaq sahəsinin yerləşmə vəziyyətinin sxeminin tərtib edilməsinə köməklik göstərilməsi məqsədilə 18 saylı Zaqatala Ərazi İdarəsinə ərizə ilə müraciət etmişdir. Ərizənin icrası ilə bağlı aparılmış kadastr ekspertizası və torpaq sahəsinə yerində baxış keçirilən zaman məlum olmuşdur ki, qeyd olunan torpaq sahəsinin cizgiləri ərazi idarəsinin xidməti istifadəsində olan elektron məlumat bazasına əsasən İddiaçı və onun ailə üzvlərinin xüsusi mülkiyyətinə işlənilmiş 160 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”nın 160Q cizgisində göstərilən kənd təsərrüfatı təyinatlı 0.20 ha torpaq sahəsinin cizgisi ilə üst-üstə düşür. Bu səbəbdən, 0,10 ha həyətyanı torpaq sahəsinin yerləşmə vəziyyətinin sxeminin tərtib edilməsi və ərizənin icrası mümkün olmamışdır.

10. Şəki İnzibati Məhkəməsinin 18 iyun 2025-ci il tarixli 2-1(116)-1740/2025 nömrəli qərardadı ilə (hakim Günel Şirinova-Əsədova) iddia mümkün sayılmamışdır.

11. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, hazırkı iddia tələbi “öhdəliyin icrası haqqında” iddia növünə aiddir və həmin iddianın mümkünlük şərtlərindən biri də iddiaçının ilk öncə analoji tələblə cavabdeh inzibati orqana müraciət edib-etməməsidir. İş materiallarında iddiaçının ilkin olaraq cavabdeh orqana müraciət etməsi və müraciətinin təmin edilməməsi (və ya cavabsız saxlanması) ilə bağlı sübut yoxdur.

12. İddiaçı, həmin qərardaddan apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini, ilkin iddia tələbinə və dəqiqləşmə apararaq qeyd etdiyi iddia tələbinə uyğun qərar qərar qəbul edilməsini xahiş etmişlər.

apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri:

a) apellyasiya şikayətinin dəlilləri

13. Apellyasiya şikayəti aşağıdakı kimi əsaslandırılmışdır: - ilkin olaraq Şəki İnzibati Məhkəməsində torpağa mülkiyyət hüququna dair Dövlət Aktının 160 Q planqətində qeyd edilmiş 0,2032 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin plan (çizgisi) ölçüləri qüsurlu tərtib edildiyindən həmin hissədə dəyişiklik edilərək 0,10 ha həyətyanı və 0,10 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə yeni plan və ölçü sənədinin hazırlanması və çıxarışların tərtib edilməsi öhdəliyinin cavabdeh 18 saylı Zaqatala Ərazi İdarəsinin üzərinə qoyulmasına dair qərar qəbul edilməsi xahiş edilmişdir. 18 iyun 2025-ci il tarixli məhkəmə iclasında məhkəmə tərəfindən iddiaçıya bildirilmişdir ki, iddianın uğurlu nəticələnməsi üçün iddia tələbində dəqiqləşdirmə edilməlidir. Məhkəmə hüquqi yardım edərək iddia tələbinin "Dövlət Aktının 160 Q planşetində qeyd olunan 0,20 ha kənd təsərrüfatı torpaq sahəsinin 0,10 ha həyətyanı torpaq sahəsi ilə üst-üstə düşən hissədə ləğv edilməsi, 0,10 ha torpaq sahəsi üzərində (həyətyanı) ümumi birgə mülkiyyət hüququnun qeydiyyata alınması və Dövlət Aktında göstərilən 1,66 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində ümumi birgə mülkiyyət hüququnun qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi" məzmununda tərtib edilməsini məqsədəuyğun hesab etmişdir. Məhkəmə iclasında çıxışı zamanı bir daha bildirmişdir ki, onun tələbi Dövlət Aktında göstərilən 160 Q planşetində yerləşən 0,20 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində 1989-cu ildə tikilmiş evinin yerləşdiyi 0,10 ha həyətyanı torpaq sahəsinə və digər 0,10 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə yeni plan və ölçü sənədinin hazırlanması və hər iki torpağa ayrı-ayrı çıxarışların verilməsidir. Lakin, Şəki İnzibati Məhkəməsi özünün hüquqi yardım edərək dəqiqləşdirdiyi iddia tələbini 18 iyun 2025-ci il tarixli qərardadı ilə mümkün saymamışdır. Məhkəmənin qərardadında qeyd edilənlərdən məlum olur ki, iddianın təmin edilməməsi üçün əsaslar aşağıdakılardır: cavabdehin nümayəndəsi izahatında göstərir ki, iddiaçı 0,10 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması və çıxarışın verilməsi ilə bağlı müraciət etmədiyi üçün məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. (Cavabdehin nümayəndəsinin fikri tam aydın deyil – hansı 0,10 ha torpaq sahəsini nəzərdə tutur? Bu hal hakimin təşəbbüsü ilə ilkin iddiada dəqiqləşdirmənin aparılması ilə yaranmışdır. Həqiqətdə iddia tələbində 0,10 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin qeydiyyata alınması, torpağın plan və ölçü sənədinin və çıxarışın verilməsi tələbi iddiada dəqiqləşdirmə aparılarkən çıxarılmış, 0,10 ha əvəzinə mübahisə obyekti olmayan 1,66 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə (0,10 ha + 160 saylı planşetinə bitişik ərazidə yerləşən) 1,55 ha torpaq mülkiyyət hüququnun qeydiyyata alınması, plan, ölçü və çıxarışın verilməsi kimi qeyd edilmişdir). Məhkəmə qeyd edərək göstərir ki, hazırkı iddia tələbi "öhdəliyin icrası haqqında" iddia növünə aiddir. Həmin iddianın mümkünlük şərtlərindən biri də iddiaçının ilkin olaraq analoji tələblə cavabdeh inzibati orqana müraciət edib-etməməsidir. İş materiallarında iddiaçının ilkin olaraq cavabdeh orqana müraciət etməsi və müraciətinin təmin edilməməsi (və ya cavabsız saxlanması) ilə bağlı sübut yoxdur. Məhkəmə Qərardadın 3–4-cü səhifəsinin 4-cü abzasında qeyd edir: Cavabdehin xx.xx.2024-cü il tarixli imtina məktubundan görünür ki, iddiaçının Balakən rayonu Sərrbulaq kəndində yerləşən 0,10 ha həyətyanı torpaq sahəsinin sənədləşdirilməsi ilə bağlı olmuşdur. Həmin məktubdan təxminən 22–23 gün sonra, xx.xx.2024-cü il tarixli iddia ərizəsində cavabdehin imtinasına dair 04 noyabr 2024-cü il tarixli məktubunda həyətyanı torpaq sahəsinin Dövlət Aktının 160 Q planşetində yerləşən 0,20 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ilə üst-üstə düşdüyündən 0,10 ha həyətyanı torpaq sahəsinə dair sənədin verilməsinin mümkün olmadığı qeyd edilib. Məhkəmə cavabdehin imtina məktubu olduğu üçün Cavabdehə xx.xx.2025-ci il tarixli məktubla müraciət edərək mübahisə obyekti olan Ağkilsə kəndində yerləşən torpaq sahəsində məhkəmə mühəndis-texniki ekspertizasının aparılması üçün tərəflərin iştirakı ilə baxış keçirib mütəxəssis rəyinin məhkəməyə təqdim edilməsini bildirmişdir. Şəki İnzibati Məhkəməsi Ali Məhkəmənin Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli Qərarında qeyd edilən və digər hüquq normalarına uyğun olaraq ona zəruri hüquqi yardımı göstərməmiş, eyni zamanda məhkəmə iclasında bunu etmək istəsə də, bu mümkün olmamış, məhkəmənin hüquqi yardımı uğursuz qərardadın qəbulu ilə nəticələnmişdir. Birinci instansiya məhkəməsi iclas keçirmədən, məhkəmə iclasında yardımın mümkün olmayacağını nəzərə alıb tərəflərlə apardığı yazışmalar nəticəsində bunu yerinə yetirməsi daha doğru olardı. Şəki İnzibati Məhkəməsi İnzibati Prosessual Məcəllənin 13 və 48-ci maddələrinin tələblərini pozmuş, hüquqi yardım etmək vəzifəsini yerinə yetirmək üçün tam aydın olmayan iddia tələbinin dəqiqləşdirilməsini istəməmiş, amma yanlış iddia tələbini irəli sürməklə iddianın uğurlu qərarla nəticələnməsinə maneçilik törətmişdir. Torpaq mübahisələrinin həll edilməsi xüsusiyyətlərindən biri odur ki, mübahisə olunan torpaq sahəsi ilə bağlı məhkəmənin məktubu ilə cavabdeh tərəfdən torpaqla bağlı mühəndis-texniki ekspertiza aparılır və mütəxəssis rəyi hazırlanır. Bununla bağlı hər hansı bir məbləğ məhkəmənin məktubu ilə iddiaçı tərəfindən cavabdehin hesabına ödənildikdən sonra mütəxəssis rəyi cavabdeh tərəfindən məhkəməyə təqdim edilir. Amma həmin rəy məhkəmə tərəfindən iddiaçıya təqdim edilmir. Nəticədə iddiaçı həmin rəydən xəbəri olmadan məhkəmə iclasına qatılır. Həmin rəyin məzmununu bilməyən tərəf iddianın düz olub-olmadığını da bilmir. Halbuki tərəf rəy ilə tanış olmaq və zərurət olduqda ekspertizanı keçirən mütəxəssislərin məhkəmədə iştirak etməsinin təmin edilməsini məhkəmədən xahiş edə bilər. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC-nin məhkəməyə təqdim etdiyi 11 mart 2025-ci il tarixli 3-21-3-60/-634/2025 nömrəli Arxiv sənədlərinin təqdim edilməsi barədə məktubunda göstərilir ki, Mərkəzin arxivində JN-160 (kod ********) nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktının arxiv nüsxəsi və Dövlət Aktının qeydiyyat kitabı, eyni zamanda arxivdə saxlanılan Balakən rayonu, Şambulax kəndi ərazisindəki torpaq sahəsinə dair subyektlərin sırasında İddiaçı adı aşkar edilməmişdir. İddiaçı və qeyrilərinə JN-160 kod 40112018 olan Dövlət Aktına əsasən verilmiş 1,76 ha torpaq sahəsinin iddia olunan 160 Q cizgisində göstərilən 0,2032 ha torpaq sahəsinin naturada ölçüləri 0,1992 ha olmaqla DWG və TEKUİS məlumat bazasında kənd təsərrüfatı təyinatlı torpaq kimi qeydiyyatdadır. Həmin torpaq sahəsinin mülkiyyətçisi İddiaçıdur. Mübahisələndirilən torpaq sahəsinin naturada yerləşmə vəziyyəti, ölçüləri və koordinatları tərtib edilmiş yerquruluşu planında göstərilmişdir. Faktiki istifadə olunan torpaq sahəsi 160 Q planşetində göstərilmiş 2032,13 kv.m torpaq sahəsi ilə üst-üstə düşür. İddia olunan torpaq sahəsi qapalı həyət daxilindədir və üzərində fərdi yaşayış evi var. 160 Q planşetində göstərilmiş 2032 kv.m torpaq sahəsi S.Vurğun adına kolxozun (Sarıbulaq kəndi) ayırdığı fərdi yaşayış evinin yerləşdiyi 0,10 ha torpaq sahəsi ilə üst-üstə düşür. Məhkəmə mütəxəssis rəyində qeyd edilənlərə əhəmiyyət verməmiş və qərardadda da mütəxəssis rəyi haqqında bir söz belə yazmamışdır. Mütəxəssis rəyində məhkəmə tərəfindən cavabdeh orqana təqdim edilən sorğularda və mütəxəssis rəyində də, açıq şəkildə iddianın 0,20 ha torpaqla bağlı olduğu qeyd edilmişdir. İddia tələbində JN-160 saylı Dövlət Aktının digər 160 planşetində qeyd olunan 1,5529 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi mübahisə obyekti olmamışdır. İddia ərizəsində, məhkəmənin cavabdehə göndərdiyi sorğu suallarında, mütəxəssis rəyində və digər sənədlərdə bu haqda heç bir fikir belə irəli sürülməmişdir. İddiaçı olaraq onun cavabdeh orqanla qeyd edilən torpaqla bağlı heç bir mübahisəsi olmayıb və həmin torpaq sahəsinin dövlət qeydiyyatına alınması ilə bağlı ərizə ilə də müraciət etməmişdir. Belə olduğu halda məhkəmənin iddiaçı olan ona hüquqi yardım göstərərək 1,66 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində ümumi mülkiyyət hüququnun qeydiyyata alınaraq çıxarışın verilməsi fikrini iddianın dəqiqləşməsi kimi qəbul etməsi doğru olmamışdır. Əksinə, məhkəmə iddia tələbinin 0,10 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin dövlət qeydiyyatına alınması, çıxarışın və həmin torpaq sahəsinə aid plan və ölçü hissəsinin çıxarılması və əvəzində 1,66 ha torpaq sahəsinə mülkiyyət hüququnun qeydiyyata alınaraq çıxarışın verilməsi kimi qeyd etməyi məqsədəuyğun görmüşdür. Bu yeni bir tələb olmuşdur. Bu haqda iddia ərizəsində, iş materiallarında heç bir sənəd olmamışdır. Nəticədə məhkəmə iddiamı mümkün saymamışdır. Ali Məhkəmənin Plenumunun xx.xx.2015-ci il tarixli 05 nömrəli Qərarının 8.3-cü maddəsinə əsasən məhkəmə ona bildirmişdir ki, tərtib etdiyi iddia tələbi ilə yenidən mümkünlik şərtlərinə əməl edərək eyni predmet üzrə iddia qaldırmaq imkanı var. O, bildirmişdir ki, 1,55 ha torpaq sahəsi ilə bağlı heç bir mübahisə yoxdur, torpağın ölçüləri düz olduğu halda hər bir an həmin torpağı dövlət qeydiyyatına almaq mümkündür. Mübahisə 160 Q planşetində olan torpaqla bağlıdır. Şikayətinin ilk cümləsində iddia ərizəsində qeyd edilən iddia tələbinin tam qəbul edilmədiyini bildirmişdir. Məhkəmə iclasından əvvəl məhkəməyə yazılı qaydada müraciət edib iddia ərizəsində dəqiqləşmə ilə bağlı hüquqi yardım etsəydi, iddia tələbini dəqiqləşdirərək: JN-160 kod 40112018 olan “Torpaga mülkiyyət hüququna dair” Dövlət Aktının 160 Q planşetində qeyd edilmiş 0,2032 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,10 ha həyətyanı torpaq sahəsi ilə üst-üstə düşən hissədə ləğv edilməsi, 0,10 ha həyətyanı və 0,10 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınaraq hər iki torpaq sahəsinə çıxarışın verilməsi və torpağın plan və ölçü sənədlərinin tərtib edilməsinin cavabdehin üzərinə qoyulması kimi qeyd edəcəkdi. Dəqiqləşmə bu qaydada aparılsaydı, məhkəmə 18 iyun 2025-ci il tarixdə qərardad yox, qərar qəbul edib iddianı təmin edə bilərdi. Şəki İnzibati Məhkəməsi iddiası ilə bağlı qanunvericiliyin tələblərinə uyğun araşdırma aparmamış, hüquqi yardım zamanı texniki səhvə yol vermiş, mübahisə ilə əlaqəsi olmayan tələb irəli sürülməsini məqsədəuyğun görərək iddianın uğurlu olacağına mane olmuşdur. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:

14. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.

tərəflərin izahatları:

15. Məhkəmə kollegiyasının hazırkı iclasında iştirak edən iddiaçı, apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, o, 0,10 ha torpaq sahəsinin həyətyanı torpaq sahəsi kimi dövlət qeydiyyatına alınması üçün cavabdeh orqana müraciət etmiş, ona iddia olunan torpaq sahəsinin JN-160 nömrəli Dövlət Aktının tərkib hissəsində göstərilməsi bildirilərək imtina cavabı verilmişdir. O, JN-160 nömrəli Dövlət Aktının iddia etdiyi 0,10 ha torpaq sahəsi ilə üst-üstə düşən hissədə ləğvi üçün cavabdeh orqana müraciət etməmişdir. Hesab edir ki, belə bir müraciət etməsinə heç lüzum da yoxdur. Onsuz da cavabdeh orqan müraciəti təmin etməyəcəkdir. Buna görə də, verilmiş imtina cavabı əsasında birbaşa məhkəməyə müraciət etmişdir. Dövlət Aktında kənd təsərrüfatı təyinatlı torpaq sahəsi kimi göstərilən qalan torpaq sahələri ilə bağlı onunla cavabdeh orqan arasında hər hansı mübahisə yoxdur. Məhkəmə kollegiyasının hazırkı iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia olunan torpaq sahəsinin Dövlət Aktının tərkibində olmasını və Dövlət Aktının qüvvədə olmasını bildirdi. Apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi.

tətbiq edilən hüquq:

16. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 48.1. Sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 85. Şikayətin verilməsinə dair tələblər 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir.

Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat ... 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər:[82] ... 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir.

17. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarı: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 3.3. Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. 3.4. Birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. 8.6. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar.

9. Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır.

apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri:

18. Apellyasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

19. Birinci instansiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

apellyasiya instansiyasi məhkəməsinin mövqeyi:

20. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən iddia tələbinə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir. Birinci instansiya məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

21. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddia tələbinin mümkünlük şərtlərinə cavab verməməsi ilə bağlı hüquqi mövqeyi ilə razılaşır.

22. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəldilməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir.

23. Apellyasiya şikayətinin ümumiləşdirilmiş dəlilləri ondan ibarətdir ki, birinci instansiya məhkəməsi iddiaçıya hüquqi yardım göstərərkən texniki səhvə yol vermiş, mübahisə ilə əlaqəsi olmayan 1,66 ha torpaq üzərində mülkiyyət hüququnun qeydiyyatını iddia predmetinə daxil etmiş və bununla iddianın mümkün sayılmamasına səbəb olmuşdur. İddiaçının əsl tələbi yalnız 160 Q planşetindəki 0,2032 ha torpaq sahəsində yerləşən 0,10 ha həyətyanı və 0,10 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin planölçü sənədlərinin hazırlanması və çıxarışların verilməsi idi. Məhkəmə hüquqi yardım vəzifəsini düzgün yerinə yetirməmiş, mütəxəssis rəyi və arxiv sənədləri iddianın məhz 0,20 ha torpaq sahəsinə aid olduğunu təsdiq etsə də, məhkəmə bu sübutlara qiymət verməmişdir.

24. İş materiallarından görünür ki, hazırkı tələblə məhkəməyə müraciət etməkdə iddiaçının hüquqi marağı fərdi yaşayış evinin yerləşdiyi və Dövlət Aktının 160Q planşetində göstərilən 2032,13 kv.m torpaq sahəsinin 0,10 ha hissəsi üzərində həyətyanı torpaq sahəsi və ona bitişik 0,10 ha torpaq sahəsi üzərində kənd təsərrüfatı təyinatlı torpaq sahəsi kimi ümumibirgə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması, sözügedən torpaq sahələrinə çıxarışların və plan-ölçü sənədlərinin verilməsinə nail olmaqdır.

25. İddiaçının Şəki İnzibati Məhkəməsində irəli sürdüyü ilkin tələb aşağıdakı kimi olmuşdur: - “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktının 160 Q planşetində qeyd edilmiş 0,2032 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin plan (çizgisi) ölçüləri qüsurlu tərtib edildiyindən həmin hissədə dəyişiklik edilərək 0,10 ha həyətyanı və 0,10 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə yeni plan və ölçü sənədinin hazırlanması və çıxarışların tərtib edilməsi öhdəliyinin cavabdeh 18 saylı Zaqatala Ərazi İdarəsinin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş edirəm.

26. Apellyasiya şikayətində isə iddiaçı qeyd edir ki, məhkəmə iclasından əvvəl iddia ərizəsində dəqiqləşmə ilə bağlı hüquqi yardım edilsəydi iddia tələbini dəqiqləşdirərək – “JN-160 kod 40112018 olan “Torpaga mülkiyyət hüququna dair” Dövlət Aktının 160 Q planşetində qeyd edilmiş 0,2032 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,10 ha həyətyanı torpaq sahəsi ilə üst-üstə düşən hissədə ləğv edilməsi, 0,10 ha həyətyanı və 0,10 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınaraq hər iki torpaq sahəsinə çıxarışın verilməsi və torpağın plan və ölçü sənədlərinin tərtib edilməsinin cavabdehin üzərinə qoyulması” kimi qeyd edəcəkdi.

27. İş materiallarında olan, iddiaçının cavabdehə elektron müraciətindən görünür ki, inzibati orqanda ilkin icraat zaman irəli sürülmüş tələblər - dövlət reyestrindən arayışın alınması, döngə nöqtələrinin koordinatlarının müəyyənləşdirilməsi – şəklində qeyd edilmişdir.

28. Cavabdehin iddiaçıya cavabı isə Balakən rayonu Sarıbulaq kəndində yerləşən 0,10 ha həyətyanı torpaq sahəsinin yerləşmə vəzyyətinin sxeminin tərtib edilməsi barədə ərizənin təmin edilməsindən imtina ilə bağlı olmuşdur.

29. İş materiallarından görünür ki, iddiaçı, dəqiqləşdirilmiş iddia ərizəsində cavabdeh orqana qarşı 3 tələb irəli sürmüşdür: - “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktının JN-160 Q planşetində qeyd edilmiş 0,2032 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,10 ha həyətyanı torpaq sahəsi ilə üst-üstə düşən hissədə ləğvi, - 0,10 ha həyətyanı torpaq sahəsi üzərində ümumibirgə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması, çıxarışın verilməsi, - 1,66 ha torpaq sahəsi üzərində ümumibirgə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması, çıxarışın verilməsi.

30. Cavabdeh orqanın Balakən rayonu Sarıbulaq kəndində yerləşən 0,10 ha həyətyanı torpaq sahəsinin yerləşmə vəziyyətinin sxeminin tərtib edilməsi barədə ərizənin təmin edilməsindən imtina etməsi və həmin imtina cavabından iddiaçının narazı qalaraq məhkəməyə müraciət etməsi onu göstərir ki, iddiaçı ilə cavabdeh orqan arasında yaranan mübahisə iddiaçının həyətyanı hesab etdiyi 0,10 ha torpaq sahəsi ilə bağlı olmuşdur.

31. Bununla belə, “dövlət reyestrindən arayışın verilməsi, döngə nöqtələrinin koordinatlarının müəyyənləşdirilməsi” formasında ifadə olunmuş ilkin, qeyri-müəyyən tələb hazırkı iddia tələbləri ilə heç bir halda uyğunluq təşkil etmir. Odur ki, ilkin icraatda irəli sürülmüş tələb baxımından hazırda qaldırılmış iddialar analoji iddia tələbləri hesab edilə bilməz.

32. İddiaçı bildirir ki, ona məxsus fərdi yaşayış evinin də yerləşdiyi cəmi 0,20 ha torpaq sahəsi dövlət aktında kənd təsərrüfatı təyinatlı torpaq sahəsi kimi göstərilərək ailə üzvləri ilə birlikdə ona verilmişdir. İddiaçının məqsədi odur ki, 0,10 ha həyətyanı torpaq sahəsi hesab etdiyi sahə Dövlət Aktındakı 0,20 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən ayrılmaqla, həyətyanı torpaq sahəsi kimi ayrıca sənədləşdirilsin.

33. İddiaçının ilkin müraciəti və cavabdehlə apardığı yazışmalardan görünür ki, Dövlət Aktında göstərilən qalan kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ilə bağlı tərəflər arasında mübahisə mövcud deyildir.

34. İddia ərizəsində iddiaçı özü də qeyd edir ki, "X4 filialının xx.xx.2024-cü il tarixli arayışını və Balakən rayon Dövlət Arxivinin xx.xx.2024-cü il tarixli arayışını ərizəmə əlavə edərək 0,10 ha həyətyanı torpaq sahəsinə çıxarış götürmək üçün cavabdehə müraciət etdik.” Deməli ilkin icraatda iddiaçının cavabdeh orqana müraciətində məqsədi ancaq həyətyanı hesab etdiyi 0,10 ha torpaq sahəsi ilə bağlı olmuşdur.

35. Cavabdeh orqan həmin torpaq sahəsinin dövlət aktı ilə üst-üstə düşməsini əsas gətirərək imtina cavabı vermiş, dövlət aktında kənd təsərrüfatı kimi göstərilən 0,20 ha torpaq sahəsinin digər 0,10 ha hissəsi ilə bağlı ümumiyyətlə müraciət (mübahisə) olmamışdır. Birinci instansiya məhkəməsinin iclasında, o cümlədən məhkəmə kollegiyasının hazırkı iclasında tərəflər dövlət aktında göstərilən torpaq sahəsinin kənd təsərrüfatı təyinatlı olan hissəsi ilə bağlı mübahisənin olmadığını bildirmişlər.

36. Buna baxmayaraq, məhkəmədə irəli sürülən tələbdə iddiaçı, ilkin olaraq tələbin həcmini artıraraq mübahisə predmeti olmayan 0,10 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini, daha sonra isə məhkəmənin hüquqi yardımı ilə cəmi 1,66 ha torpaq sahəsini də tələbinə daxil etmişdir. Halbuki, 0,10 ha k/t təyinatlı, o cümlədən cəmi 1,66 ha k/t təyinatlı torpaq sahəsi ilə bağlı tələb nə ilkin müraciətdə irəli sürülmüş, nə də həmin torpaq sahəsi ilə bağlı ümumiyyətlə mübahisə mövcud olmuşdur.

37. İddiaçının həyətyanı hesab etdiyi 0,10 ha torpaq sahəsinə münasibətdə müəyyən edilir ki, həmin torpaq sahəsi kənd təsərrüfatı təyinatlı torpaq kimi dövlət qeydiyyatına alınmış və JN-160 nömrəli Dövlət Aktının Q planşetində rəsmiləşdirilmişdir. Odur ki, həmin torpaq sahəsinin yaşayış məntəqələrinin torpaqları kimi qeydiyyata alınması üçün ilk növbədə JN-160 nömrəli Dövlət Aktının Q planşeti iddia olunan 0,10 ha torpaq sahəsi ilə üst-üstə düşən hissədə mübahisələndirilməlidir. Torpaq sahəsi üzərində kənd təsərrüfatı təyinatlı torpaq kimi aparılmış dövlət qeydiyyatı mübahisələndirilmədən həmin torpaq sahəsinin yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi kimi yenidən dövlət qeydiyyatına alınması barədə mübahisəyə mahiyyəti üzrə baxıla bilməz.

38. İlkin tələbdə iddiaçının tələbinin ifadə tərzindən (Dövlət Aktının 160 Q planqətində qeyd edilmiş 0,2032 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin plan (çizgisi) ölçüləri qüsurlu tərtib edildiyindən həmin hissədə dəyişiklik edilərək) müəyyən edilir ki, o, həyətyanı hesab etdiyi 0,10 ha torpaq sahəsi ilə üst-üstə düşən hissədə Dövlət Aktını cizgisini mübahisələndirir. Lakin, icraat materialları və ilkin müraciət ərizəsi onu göstərir ki, iddiaçının belə məzmunda cavabdeh orqana ilkin müraciəti olmamış və inzibati orqan tərəfindən onun bu müraciətinə imtina cavabı verilməmişdir.

39. Məhkəmə kollegiyasının hazırkı iclasında iddiaçı, JN-160 nömrəli Dövlət Aktının iddia etdiyi 0,10 ha torpaq sahəsi ilə üst-üstə düşən hissədə ləğvi üçün cavabdeh orqana müraciət etmədiyini etiraf etmiş və “bunu onsuz da cavabdeh orqanın müraciəti təmin etməyəcəyi” ilə əsaslandırmışdır.

40. Birinci instansiya məhkəməsinin qərardadı iddianın mümkünsüzlüyü baxımından kifayət qədər əsaslandırılmasa da, məhkəmə kollegiyası qeyd edir ki, faktiki olaraq birinci instansiya məhkəməsi tərəfindən Dövlət Aktının üst-üstə düşən hissədə ləğvi ilə bağlı iddia tələbini dəqiqləşdirməsi də, məhz iddiaçının hüquqi marağına uyğun tələbin düzgün ifadə edilməsinə yönəlmişdir. Yəni, həmin tələbi iddiaçı özü də iddia ərizəsinin “xahiş etdi” hissəsində dolayı formada qeyd etmişdir.

41. İddiaçı, apellyasiya şikayətində də, qeyd edir ki, onun niyyəti tələbini - JN-160 kod 40112018 olan “Torpaga mülkiyyət hüququna dair” Dövlət Aktının 160 Q planşetində qeyd edilmiş 0,2032 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,10 ha həyətyanı torpaq sahəsi ilə üst-üstə düşən hissədə ləğv edilməsi – şəklində ifadə etmək olmuşdur.

42. Bu isə onu göstərir ki, faktiki olaraq iddiaçı, iddia ərizəsində tələbini formalaşdırarkən 0,10 ha torpaq sahəsi ilə üst-üstə düşən hissədə sözügedən dövlət aktının mübahisələndirilməsinin zəruriliyinin fərqində olmuş, lakin cavabdeh orqana ilkin müraciətdə irəli sürülməyən tələb məhkəmədə qaldırılan iddia tələbinə daxil edilmişdir.

43. Odur ki, birinci instansiya məhkəməsinin iclasında tələbin dəqiqləşdirərək “Dövlət Aktının 160Q planşetində qeyd olunan 0,20 ha kənd təsərrüfatı torpaq sahəsinin 0,10 ha həyətyanı torpaq sahəsi ilə üst-üstə düşən hissədə ləğv edilməsi” şəklində ifadə edilməsi faktiki olaraq iddiaçının hüquqi marağına xidmət etmişdir.

44. İddiaçının həyətyanı hesab etdiyi 0,10 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması tələbi Dövlət Aktının 160 Q planşetinin mübahisələndirilməsi tələbindən asılı tələb olduğundan həmin tələbin mümkünsüzlüyü tələbin bu hissəsinin də qeyri-mümkün sayılmasına səbəb olur.

45. İddia tələbinin 1,66 ha torpaq sahəsi üzərində iddiaçının ümumibirgə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və çıxarışın verilməsi hissəsinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı, birinci instansiya məhkəməsinin iclasında könüllü olaraq tələbini dəqiqləşdirmiş və tələbin həcminin artırılması barədə ərizəni məhkəməyə təqdim etmişdir. İddiaçı, məhkəmənin hüquqi yardımına görə tələbini dəqiqləşdirdiyini bildirsə də, onun bu dəqiqləşməyə etiraz etmək hüququ olmuşdur. İclasın videogörüntülərindən müəyyən edilir ki, birinci instansiya məhkəməsi təqdim edilmiş ərizəni elan edərək iddiaçının münasibətini öyrənmiş, iddiaçı, ərizədə qeyd edilənləri təsdiq etdikdən sonra sözügedən ərizə icraata qəbul edilmişdir.

46. Məhkəmə kollegiyası qeyd edir ki, hər bir halda tələbin 1.66 ha torpaq sahəsi ilə bağlı hissəsində iddiaçı və cavabdeh orqan arasında hər hansı mübahisə olmadığından həmin hissədə tələbin həcminin artırılması zərurəti olmamışdır. Həmin tələblə bağlı iddiaçının hüquqi marağı mövcud deyil. Eyni zamanda tələbin həmin hissəsinin “Dövlət Aktının JN-160 Q planşetində qeyd edilmiş 0,2032 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,10 ha həyətyanı torpaq sahəsi ilə üst-üstə düşən hissədə ləğvi və 0,10 ha həyətyanı torpaq sahəsi üzərində ümumibirgə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması” tələbi ilə hər hansı hüquqi bağlılığı da yoxdur.

47. Odur ki, sözügedən tələbin irəli sürülüb-sürülməməsindən, o cümlədən iddia tələbinin həmin hissədə mümkün sayılıb-sayılmamasından asılı olmayaraq, iddiaçının ilkin təqdim etdiyi iddia ərizəsində qeyd etdiyi və hazırda dəqiqləşmə şəklində ifadə etdiyi (torpağa mülkiyyət hüququna dair Dövlət Aktının 160 Q planşetində qeyd edilmiş 0,2032 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin plan (çizgisi) ölçüləri qüsurlu tərtib edildiyindən həmin hissədə dəyişiklik edilərək 0,10 ha həyətyanı və 0,10 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə yeni plan və ölçü sənədinin hazırlanması və çıxarışların tərtib edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması), o cümlədən məhkəmə iclasında təqdim etdiyi ərizədə qeyd olunan (“Torpağa mülkiyyət hüququna dair” JN-160 saylı Dövlət Aktının Q planşetində qeyd edilmiş 0,2032 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,10 ha həyətyanı torpaq sahəsi ilə üst-üstə düşən hissədə ləğvi, 0,10 ha həyətyanı torpaq sahəsi üzərində ümumibirgə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması, çıxarışın verilməsi) tələbləri iddianın mümkünlük şərtlərini ödəmir.

48. İddiaçı, arzuladığı məqsədə nail olmaq üçün cavabdehə “JN-160 saylı Dövlət Aktının Q planşetində qeyd edilmiş 0,2032 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,10 ha torpaq sahəsi ilə üst-üstə düşən hissədə ləğvi və sözügedən 0,10 ha torpaq sahəsi üzərində yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi kimi ümumi birgə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması” tələbi ilə müraciət etməli, müraciəti təmin edilmədikdə isə analoji iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsində iddia qaldırmalıdır.

49. Hazırkı mərhələdə iddiaçının həyətyanı hesab etdiyi 0,10 ha torpaq sahəsi ilə bağlı cavabdeh orqana müraciəti iş materialları ilə dolayı şəkildə müəyyən edilsə də, bu tələbin asılı olduğu əsas tələblə (JN-160 saylı Dövlət Aktının Q planşetinin mübahisələndirilməsi), o cümlədən həmin torpaq sahəsinə bitişik, qalan 0,10 ha k/t təyinatlı torpaq sahəsi ilə bağlı cavabdeh orqana müraciət etməsi müəyyən edilmir.

50. Cavabdeh orqan iddiaçıya verdiyi imtina cavabında iddia olunan torpaq sahəsinin iddiaçının və onun ailə üzvlərinin xüsusi mülkiyyətinə işlənilmiş 160 nömrəli Dövlət Aktı”nın 160Q cizgisində göstərilən kənd təsərrüfatı təyinatlı 0,20 ha torpaq sahəsinin cizgisi ilə üst-üstə düşməsi barədə məlumat verdiyindən, iddiaçının sözügedən Dövlət Aktını 0,10 ha hissədə mübahisələndirmək imkanı olmuşdur.

51. Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmənin yardım etmə vəzifəsinə görə iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. Yəni, yardım etmənin məqsədi iddiaçının hüquqi marağının dəqiqləşdirilməsi, irəli sürülən tələbin düzgün və konkret ifadə olunması və iddiaya mahiyyəti üzrə baxılmasını mümkünsüz edən nöqsanın aradan qaldırılmasıdır.

52. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər.

53. Göründüyü kimi yardım etmək vəzifəsini hansı qaydada həyata keçiriləcəyini məhkəmə konkret işin hallarından asılı olaraq müəyyən edir. Hazırkı işdə birinci instansiya məhkəməsi bu vəzifəni bilavasitə məhkəmə iclasında həyata keçirdiyindən, əlavə olaraq hüquqi yardımla bağlı məktub göndərilməsinə lüzum olmamışdır.

54. Birinci instansiya məhkəməsinin hüquqi yardımı nəticəsində iddiaçının cavabdeh orqana yönələn hüquqi gözləntiləri dəqiqləşdirilmiş və bundan sonra irəli sürülən tələblərin mümkünlük şərtləri yoxlanılmışdır. Tələbin dəqiqləşdirilməsinə ehtiyac isə ilkin müraciət ərizəsinin natamamlığı, irəli sürülən tələbdən iddiaçının hüquqi marağının müəyyən edilməsinin mümkün olmaması, eləcə də iddia tələbinin aydın və konkret ifadə edilməməsi ilə bağlı yaranmışdır.

55. İddiaçı, tələbini konkret ifadə etmək əvəzinə rabitəsiz və əlaqəsiz söz birləşmələri ilə əvvəlcə cavabdeh orqana, daha sonra isə məhkəməyə müraciət etmişdir. Qeyd olunmalıdır ki, qeyri-müəyyən şəkildə ifadə edilmiş tələbin dəqiqləşdirilməsi iddiaçının hüquqi marağının müəyyən edilməsi baxımından zəruridir. Bununla belə, tələbin dəqiqləşdirilməsi hər bir halda iddianın mahiyyəti üzrə baxılması ilə nəticələnmir.

56. Odur ki, birinci instansiya məhkəməsi tərəfindən iddiaçıya hüquqi yardımın göstərilib-göstərilməməsindən asılı olmayaraq, iş üzrə yuxarıda sadalanan hallar nəzərə alındıqda, irəli sürülən iddia tələbləri hər bir halda mümkünlük şərtlərinə cavab vermədiyindən, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi üçün əsas deyildir.

58. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmir. Şəki İnzibati Məhkəməsinin 18 iyun 2025-ci il tarixli 2-1(116)-1740/2025 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılır. Qərardaddan onun təqdim edildiyi gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərardadı ondan şikayətin verilmədiyi halda təqdim olunduğu gündən 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar