Məhkəmə qərarları › İş №2-1(107)-536/2024

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(107)-536/2024

11.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(107)-536/2024 11.09.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən, məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və X8 ibarət tərkibdə, Atababayev Faiq Gülağa oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı “torpağa mülkiyyət hüququna dair dövlət aktının və onun əsasında verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 24 iyul 2024-cü il tarixli 2-1(116)-2471/2024 nömrəli qərardadından iş üzrə İddiaçı tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat

1. Yevlax rayon Aqrar İslahat Komissiyasının 31 yanvar 1998-ci il tarixli 27 nömrəli qərarı ilə kənd təsərrüfatı məhsullarının istehsalı üçün rayonun Salahlı kəndi ərazisindən 3,40 ha torpaq sahəsi X1, X5, X11, X3, X12, X9 və hazırkı İddiaçı mülkiyyətinə verilmişdir.

2. Rayon Aqrar İslahat Komissiyasının 31 yanvar 1998-ci il tarixli qərarı əsasında həmin dövrdə müvafiq səlahiyyətli orqan kimi Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Yevlax rayon şöbəsi tərəfindən 12 may 1998-ci il tarixli JN-293 KOD 90100038 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” verilmişdir.

3. Hazırkı İddiaçı və digərləri torpaq sahəsindən istifadə edə bilmirlər, çünki həmin şəxslərin naturada göstərdiyi (iddia etdiyi) ərazi hazırkı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsi (bir hissəsinə müvafiq dövrdə bazasında təşkil olunduğu qurum) tərəfindən daşınmaz əmlakın dövlət reyestrində X2 (xx.xx.2023-cü il qeydiyyat tarixi, ********** qeydiyyat nömrəsi ilə) və digər şəxslərin (xx.xx.2015-ci il qeydiyyat tarixi, ********** qeydiyyat nömrəsi ilə) ümumi birgə mülkiyyəti kimi qeydiyyata alınmışdır.

4. Daşınmaz əmlakın dövlət reyestrində müvafiq torpaq sahəsinə həmin şəxslərin mülkiyyət hüquqlarının qeydiyyata alınmasına əsas kimi 25 noyabr 1999-cu il tarixli JN255 KOD **********95 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” çıxış edir.

5. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinə ilkin müraciətində mülkiyyətində olan torpaq sahəsinə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir. Lakin cavabdeh məsələnin həllindən imtina etmiş və bildirmişdir ki, Yevlax rayonu Salahlı bələdiyyəsinin xəritə materialları (DWJ torpaq islahatının nəticələrini özündə əks etdirən kompleks yerquruluşu layihəsi) ilə natura arasında uyğunsuzluq – konfiqurasiya və istifadəçilik fərqi mövcuddur. Bu uyğunsuzluğun aradan qaldırılması məqsədilə Azərbaycan Respublikası Prezidentinin 7 mart 2016-cı il tarixli 818 nömrəli Fərmanı ilə təsdiq edilmiş Qaydalara və Nazirlər Kabinetinin 28 aprel 2016-cı il tarixli 250s nömrəli Sərəncamı ilə təsdiqlənmiş Tədbirlər Planına uyğun olaraq, Salahlı bələdiyyəsinin “X7 X16"ndə olan xəritəsi hazırlanmışdır. Sistemdə mövcud olan Yevlax rayonu Salahlı bələdiyyəsinə aid xəritə məlumatlarında JN-293 nömrə ilə qeydə alınmış, azalma ilə 2 hissədən ibarət olan 2,40 ha (1,93 ha və 0,47 ha) torpaq sahələri mövcuddur. Ərizəçinin (İddiaçı) adına DWJ məlumatları ilə natura arasında, həmçinin təqdim etdiyi JN-293 saylı Dövlət Aktı arasında uyğunsuzluqlar barədə dəfələrlə məlumatlar verilmişdir. Qeyd olunan səbəbə görə 3,40 ha torpaq sahəsinə dair ərizəçinin və aktda adları qeyd olunmuş şəxslərin adına reyestrdən çıxarışın və texniki pasportun verilməsi qeyri-mümkündür. Lakin onun rəsmi razılığı əsasında Sistemdə göstərilmiş 1,93 ha və 0,47 ha torpaq sahələrinə dair reyestrdən çıxarışın və texniki pasportun verilməsi mümkündür.

6. Sonradan İddiaçı (vəkili vasitəsilə) ərizə ilə cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinə müraciət edərək, torpaq sahəsinə dair X2 adına mülkiyyət hüququna dair aparılmış qeydiyyatının ləğv olunmasını xahiş etmişdir.

7. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsi 6 may 2024-cü il tarixli məktubla «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə istinad edərək, məsələnin həllindən imtina etmişdir.

8. Bundan sonra İddiaçı 5 iyun 2024-cü il tarixdə iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı JN-255 KOD **********95 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”nın və həmin aktın əsasında verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın (********** və ********** qeydiyyat nömrələri ilə aparılmış qeydə dair) ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbini irəli sürmüşdür.

9. Birinci instansiya məhkəməsinin 9 iyul 2024-cü il tarixli qərardadı ilə X14, X13, X10 və X6 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmuşdur.

10. İddiaçı mövqeyini belə əsaslandırır ki, mülkiyyətində olan torpaq sahəsindən istifadə edə bilmir, torpaq sahəsi zəbt olunmuşdur. Cavabdeh qurumun bildirdiyinə görə ona ayrılmış torpaq sahəsinə hüquqlarının qeydiyyata alınmamasına səbəb bələdiyyənin xəritə materialları ilə natura arasında uyğunsuzluğun mövcud olması və həmin torpaq sahəsinə X2 mülkiyyət hüququnun qeydiyyatının aparılmasıdır. X2 və digər aidiyyəti şəxslərin adına tərtib olunmuş JN-255 nömrəli Dövlət Aktı və onun əsasında hüquqların qeydiyyatına dair **********95 reyestr nömrəli çıxarış ləğv edilməlidir.

11. Cavabdehin mövqeyi belədir ki, qanunvericiliyin tələblərinə uyğun olaraq daşınmaz əmlaka dair verilmiş dövlət reyestrindən çıxarışda hər hansı bir düzəlişin və ya onun ləğv edilməsi 17 saylı Yevlax Ərazi İdarəsinin səlahiyyətinə aid deyil. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 2.3 və 2.4-cü maddələrinə görə daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. İddianın təmin olunmaması məhkəmədən xahiş edilir.

12. İddiaçı məhkəməyə həmçinin mübahisə predmeti olan JN-255 KOD 90100038 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”na münasibətdə buraxılmış prosessual müddətin bərpa olunması barədə ərizə təqdim etmişdir. Ərizədə bildirilir ki, mübahisələndirilən JN-255 nömrəli X24 rayon Aqrar İslahat Komissiyasının 31 yanvar 1998-ci il tarixli 27 nömrəli qərarı əsasında verildiyi müəyyən olunur. İddiaçının həmin Dövlət Aktı barədə əvvəllər məlumatı olmamışdır. Bu barədə müvafiq iddiası üzrə Şəki İnzibati Məhkəməsinin icraatında olan 2-1(116)-629/2024 saylı işin icraatı zamanı 12 mart 2024-cü il tarixdə məlumat almışdır. Belə olan halda hesab olunur ki, qanunla nəzərdə tutulan iddia müddəti ötürülməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 24.1-ci maddəsinə əsaslanaraq, buraxılmış prosessual müddətin bərpa edilməsi məhkəmədən xahiş olunur.

13. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil bildirmişdir ki, müvafiq torpaq sahəsi ayrılan zaman bir müddət iddiaçının istifadəsində olsa da, o, uzun illərdir həmin sahədən istifadə edə bilmir. İddiaçı əvvəlcə torpaq sahəsinə hüququnun qeydiyyatı barədə reyestrdən çıxarışın verilməsi tələbi ilə Şəki İnzibati Məhkəməsində iddia qaldırmışdır. Həmin iş üzrə ekspertiza təyin edilmiş və ekspert rəyi ilə müəyyən olunmuşdur ki, iddiaçı və onun ailə üzvlərinin mülkiyyətində olan torpaq sahəsinə X6 və qeyrilərinin adına Dövlət Aktı verilmişdir və bu barədə reyestrdən çıxarış mövcuddur. Torpaq sahəsinə dair Dövlət Aktı mövcud olduğundan, iddiaçıya ilkin olaraq həmin aktın mübahisələndirilməsi tövsiyə olunmuşdur. Akt barədə iddiaçı məhkəmədə əvvəlki iddia üzrə məhkəmə iclasında xəbərdar olmuşdur.

14. Müddətin bərpa olunması və iddianın mümkün sayılması xahiş olunur.

15. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən İddiaçı buraxılmış prosessual müddətin bərpa olunmasını və iddianın mümkün sayılmasını xahiş etmişdir.

16. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən cavabdehin nümayəndəsi X18 buraxılmış prosessual müddətin bərpa olunması məsələsini məhkəmənin mülahizəsinə buraxmış və iddianın rədd olunmasını xahiş etmişdir. O, qeyd etmişdir ki, iddiaçının iddiada irəli sürdüyü torpaq sahəsinə qeydiyyatın ləğv edilməsi İdarənin deyil, məhkəmənin səlahiyyətinə aiddir.

17. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs X6 iddianı inkar etdiyini və buraxılmış prosessual müddətin bərpa olunmasına münasibətinin mənfi olduğunu bildirmişdir. O, qeyd etdi ki, hazırkı torpaq mübahisəsi təxminən 2000-ci ildə prokurorluq orqanlarında araşdırılmışdır. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

18. Şəki İnzibati Məhkəməsinin (hakim Rüstəm Kərimli) 24 iyul 2024-cü il tarixli 2- 1(116)-2471/2024 nömrəli qərardadı ilə buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə və iddia mümkün sayılmamışdır.

19. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti vermişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ

20. İddiaçı apellyasiya şikayətini iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırmış və apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 24 iyul 2024-cü il tarixli 2-1(116)-2471/2024 nömrəli qərardadının ləğv edilməsini, buraxılmış prosessual müddətin bərpası barədə ərizənin və iddia tələbinin mümkün sayılaraq icraata qəbul edilməsi haqqında yeni qərar çıxarılmasını xahiş etmişdir.

TƏRƏFLƏRİN İZAHATLARİ

21. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçı və üçüncü şəxslər məhkəmə iclasına gəlməmiş, cavabdeh nümayəndəsinin iştirakını təmin etməmişdir.

22. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin (bundan sonra Azərbаycаn Respublikаsının İPM və ya İPM) 62.3-cü mаddəsi).

TƏTBİQ EDİLƏN HÜQUQ

23. İnzibati Prosessual Məcəllə: 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia), 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 13. Məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Maddə 24.1. Bu Məcəllə ilə müəyyən olunmuş müddət inzibati məhkəmə icraatı iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Maddə 24.4. Təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 38.1. Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Maddə 80.1. Barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Maddə 82. Apellyаsiyа instаnsiyаsı məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə bаxır. Apellyаsiyа instаnsiyаsı məhkəməsi həmçinin, bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

24. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarının: 2.3-cü bəndinə əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 3.1-ci bəndinə əsasən inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. 3.2-ci bəndinə əsasən İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. 3.3-cü bəndinə əsasən yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. 3.4-cü bəndinə əsasən birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. 4.2-ci bəndinə əsasən hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. 5.1-ci bəndinə əsasən iddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. 6.1-ci bəndinə əsasən iddianın mümkünlüyü baxımından hüququn pozulubpozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2-ci bəndinə əsasən iddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun.

7. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. 8.1-ci bəndinə əsasən iddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir. 8.2-ci bəndinə görə bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. 8.3-cü bəndinə əsasən buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. 16.4. İPM-in 46.3-cü maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir. 16.5. Nəzərə alınmalıdır ki, həmin normanın, həmçinin dinlənilmə hüququnun təmin edilməsi məqsədi ilə iddia ərizəsindəki çatışmazlıqlar, təyin edilmiş müddət və həmin müddət ərzində çatışmazlıqların aradan qaldırılmamasının hüquqi nəticələri barədə iddiaçı bilavasitə və ya məhkəmə bildirişi vasitəsi ilə məlumatlandırılmalıdır. Bu, həm də İPM-in 11.2 və 49.2-ci maddələrinin tələblərindən irəli gəlir. Belə ki, İPM-in 11.2-ci maddəsinə əsasən, məhkəmə inzibati prosesin gedişində proses iştirakçılarından hər birinə öz mövqeyini ifadə etmək, prosessual hüquqlarını və vəzifələrini həyata keçirmək üçün tam və bərabər imkanlar yaratmağa borcludur. İPM-in 49.2-ci maddəsinə əsasən, məhkəmənin bütün sərəncamları barədə proses iştirakçılarına vaxtında məlumat verilməlidir. 16.6. İddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər.

25. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 2.3-cü maddəsinə görə daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. 2.4-cü maddəsinə görə hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. 8.0.5-ci maddəsinə görə 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir.

APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ

26. Apellyasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

27. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

28. Azərbaycan Respublikası Prezidentinin 5 fevral 2015-ci il tarixli 453 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi ləğv edilmişdir və ləğv edilmiş Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin dövlət torpaq kadastrı, yerquruluşu, geodeziya, torpaq bazarının təşkili, dövlət torpaq reyestrini aparmaq, bələdiyyələrin elektron daşıyıcıda və kağız üzərində xəritəni, habelə rübdə bir dəfə bələdiyyələrin hüdudları daxilində dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaq sahələrində baş vermiş dəyişikliklər barədə arayışı Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına təqdim etmək sahəsindəki funksiyaları Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə (hazırkı İqtisadiyyat Nazirliyinə) verilmişdir.

29. Azərbaycan Respublikası Prezidentinin 1382 nömrəli 26 iyun 2021-ci il tarixli Fərmanının 7-ci bəndində nəzərdə tutulmuşdur ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində aşağıdakı publik hüquqi şəxslər yaradılsın: (7.2) Dövlət Komitəsinin strukturuna daxil olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin əsasında “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri”.

30. Azərbaycan Respublikası İqtisadiyyat nazirinin 28 oktyabr 2021-ci il tarixli F-144 nömrəli əmri ilə təsdiq edilmiş «Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin Nizamnaməsi»nin 1.1-ci bəndinə görə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri daşınmaz əmlakın dövlət reyestrinin, daşınmaz əmlakın vahid dövlət kadastrının, dövlət torpaq kadastrının tərtibi və aparılması, ünvan reyestrinin, yerquruluşu və xüsusi (sahəvi) təyinatlı geodeziya işlərinin aparılması sahəsində fəaliyyət göstərən Azərbaycan Respublikası Prezidentinin 26 iyun 2021-ci il tarixli 1382 nömrəli Fərmanı ilə AR Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin və Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin əsasında Xidmətin tabeliyində yaradılmış publik hüquqi şəxsdir.

31. Nizamnamənin 1.3-cü bəndinə görə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi bu nizamnamədə nəzərdə tutulmuş vəzifələrini və hüquqlarını Azərbaycan Respublikasının bütün ərazisində bilavasitə və tabeliyində olan qurumları vasitəsilə həyata keçirir.

32. Göründüyü kimi, hazırkı İddiaçı iddiasında aşağıdakı iki tələbi irəli sürür: - 25 noyabr 1999-cu il tarixli JN-255 KOD **********95 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”nın ləğv edilməsi; - həmin Dövlət Aktı əsasında X6 və qeyrilərinin mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın (********** və ********** qeydiyyat nömrələri ilə) ləğv edilməsi.

33. Qeyd edilməlidir ki, iddia tələbində “daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi” göstərilsə də, məhkəmə bu xüsusatı formal xəta qismində qiymətləndirir və tələbi “daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın ləğv edilməsi” kimi qəbul edir.

34. İddiaçının hər iki tələbi “öhdəliyin icrası haqqında” iddiaya aid olmaqla biri digərindən (ikinci tələb birincidən) asılıdır. Lakin nəzərə alınmalıdır ki, iddiaçının ləğvini tələb etdiyi 25 noyabr 1999-cu il tarixli JN-255 KOD **********95 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” Yevlax rayon Aqrar İslahat Komissiyasının 31 yanvar 1998-ci il tarixli 27 nömrəli qərarı əsasında verilmişdir.

35. Mübahisə üzrə hüquqi dəyərləndirmənin predmeti ilə bağlı olan bir xüsusat da qeyd edilməlidir ki, həm iddiaçı və onun ailə üzvlərinə, həm də X4 torpaq sahələri eyni vaxtda – Yevlax rayon Aqrar İslahat Komissiyasının 31 yanvar 1998-ci il tarixli qərarı ilə ayrılmışdır və mübahisəli torpaq sahəsi həmin vaxtdan X2 və digərlərinin istifadəsindədir. Nəzərə alınmalıdır ki, üçüncü şəxsin (Turabin Xəlilovun) hazırkı məhkəmə icraatı üzrə məhkəmə iclasında sübut təqdim etməsə də, “mübahisə təxminən 2000-ci ildə prokurorluq orqanlarında araşdırılmışdır” fikrini bildirməsinə, iddiaçı heç bir kontur arqument söyləməmiş, bunu təkzib də etməmişdir.

36. İddiaçı nə qədər ki, Yevlax rayon Aqrar İslahat Komissiyasının 31 yanvar 1998-ci il tarixli 27 nömrəli qərarını X4 və digərlərinə aid hissədə mübahisələndirməmişdir və qərar həmin hissədə ləğv olunmamışdır, 25 noyabr 1999-cu il tarixli Dövlət Aktı ləğv oluna bilməz.

37. Azərbaycan Respublikasının 11 sentyabr 1964-cü il tarixli Mülki Prosessual Məcəlləsinin (Məcəllə Azərbaycan Respublikasının 28 dekabr 1999-cu il tarixli 780-İQ nömrəli Qanununa görə qüvvədən düşmüşdür) 243-2-ci maddəsinə görə dövlət hakimiyyəti orqanlarının, idarələrin, təşkilatların, müəssisələrin və vəzifəli şəxslərin məhkəməyə şikayət verilməli olan hərəkətlərinə elə kollegial və təkbaşına hərəkətlər aid edilir ki, bunların nəticəsində 1) vətəndaş, hərbi qulluqçu və ya kollektiv qanunun və ya digər normativ aktın ona verdiyi hüququ tamamilə və ya qismən həyata keçirmək imkanından qanunsuz olaraq məhrum edilmiş olsun, 2) vətəndaş, hərbi qulluqçu və ya kollektivin üzərinə qanunsuz olaraq hər hansı vəzifə qoyulmuş olsun. 243-5-ci maddəsinə görə vətəndaş, hərbi qulluqçu, kollektiv yuxarı orqandan və ya vəzifəli şəxsdən şikayəti ödəməkdən imtina aldığı gündən, yaxud yuxarı orqana və ya vəzifəli şəxsə şikayət edildikdən sonra, ərizəçi bir ay müddətində ona cavab almamışdırsa, həmin ayın tamam olduğu gündən hesablanan bir ay ərzində məhkəməyə şikayət verilə bilər.

38. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (Məcəllə Azərbaycan Respublikasının 28 dekabr 1999-cu il tarixli 780-İQ nömrəli Qanunu ilə təsdiq edilmişdir) 26-cı fəslinin 297 və 298-ci maddələrinə (Məcəllənin 26-cı fəsli 10 iyun 2011-ci il tarixli 143-İVQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə çıxarılmışdır) görə - (maddə 297.1) Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin məhkəmədə mübahisə edilən qərarlarına, hərəkətlərinə (hərəkətsizliyinə) elə kollegial və təkbaşına qərarlar, hərəkətlər (hərəkətsizlik) aiddir ki, onların nəticəsində şəxsin hüquq və azadlıqları pozulmuş olsun, şəxsin hüquq və azadlıqlarını həyata keçirməyə maneçilik yaransın, şəxsin üzərinə qanunsuz olaraq hər hansı vəzifə qoyulmuş olsun və ya o, qanunsuz olaraq məsuliyyətə cəlb edilsin; - (maddə 297.2) Göstərilən orqanların, təşkilatların, onların vəzifəli şəxslərinin aşağıdakı qərar və hərəkətlərindən (hərəkətsizliyindən) bu fəslə uyğun olaraq məhkəməyə şikayət verilə bilməz: Azərbaycan Respublikasının Konstitusiyasına uyğun olaraq yoxlanılması Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin müstəsna səlahiyyətinə aid olan fərdi və normativ hüquqi aktlar, qanunla məhkəmə qaydasında onlardan şikayət etmənin başqa qaydası nəzərdə tutulan fərdi və normativ hüquqi aktlar. 298-ci maddəsinə görə şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən qanunda başqa müddət müəyyən edilməyibsə 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malikdir.

39. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (Məcəllə Azərbaycan Respublikasının 28 dekabr 1999-cu il tarixli 779-İQ nömrəli Qanunu ilə təsdiq edilmişdir) 19-cu maddəsinə görə dövlət hakimiyyəti orqanının və ya yerli özünüidarə orqanının mülki qanunvericiliyə uyğun gəlməyən, fiziki və ya hüquqi şəxsin mülki hüquqlarını və qanunla qorunan mənafelərini pozan qeyri-normativ xarakterli aktı məhkəmə tərəfindən etibarsız sayıla bilər.

40. Qeyd olunmalıdır ki, həm Yevlax rayon Aqrar İslahat Komissiyasının 31 yanvar 1998-ci il tarixli 27 nömrəli qərarının qəbul olunduğu dövrdə, həm də ondan sonrakı vaxtda (1 yanvar 2011-ci il tarixədək, yəni «İnzibati icraat haqqında» Qanun və İPM qüvvəyə minənədək) qüvvədə olan qanunvericilik normaları – 1964-cü il tarixli Mülki Məcəllənin və Mülki Prosessual Məcəlləsinn müddəaları dövlət hakimiyyəti orqanının aktlarının etibarsızlığı barədə iddiaların verilməsi üçün 1 ay müddət müəyyən etmişdir.

41. Hazırkı işin hallarına görə 31 yanvar 1998-ci il tarixli 27 nömrəli qərarı iddiaçıya elə həmin tarixdə də məlum olmuşdur, həmin tarixdən sonrakı müddətdə qərarla ayrılmış torpaq sahəsinin başqa şəxsin (üçüncü şəxslərin) istifadəsində olması barədə məlumatsız olması mümkünsüzdür.

42. Bu isə belə nəticə yaradır ki, iddiaçı Aqrar İslahat Komissiyasının 31 yanvar 1998-ci il tarixli 27 nömrəli qərarını müvafiq hissədə mübahisələndirmək imkanını da itirmişdir. Odur ki, iddiaçının hüquqi marağına uyğun olaraq ona məhkəmə tərəfindən İPMin 13-cü maddəsi rəhbər tutulmaqla iddianın və cavabdehin dəyişdirilməsi, yəni Aqrar İslahat Komissiyasının qərarının müvafiq hissədə mübahisələndirilməsinin tövsiyə olunması məqsədəuyğun sayıla bilməz.

43. Yuxaırda qeyd olunanları nəzərə alan məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsi haqlı olaraq belə hesab etmişdir ki, iddiaçı vaxtilə Yevlax rayon Aqrar İslahat Komissiyasının 31 yanvar 1998-ci il tarixli qərarını mübahisələndirmədiyindən, hazırda onun qaldırdığı iddiası çatmaq istədiyi məqsəd baxımından əlverişli məhkəmə müdafiəsi kimi dəyərləndirilə bilməz. Bu səbəbdən də iddia mümkün sayıla bilməz.

44. Buraxılmış iddia müddətinin bərpa olunması barədə ərizəyə münasibətdə isə birinci instansiya məhkəməsi haqlı olaraq göstərmişdir ki, qaldırılan iddia üzrə hər iki tələb “öhdəliyinin icrası haqqında” iddiaya aid olduğundan, onlara münasibətdə iddia müddətinin bərpası məsələsinə baxıla bilməz. Hətta “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”nın ləğvi tələbinə “mübahisələndirmə haqqında” iddia qismində baxılmalı olsa belə, həmin aktın qəbulundan və məlum olmasından 1 ildən artıq müddət keçdiyindən və İPM-in 24.4-cü maddəsində göstərilən hallar (təbii fəlakət və ya digər qarşısıalınmaz, hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar) üzrə xüsusatlar ortaya çıxmadığından, müddətin bərpası barədə ərizə verilə bilməz.

45. İnzibati mübahisələrin məhkəmə aidiyyəti, onlara məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsip və qaydaları İPM-lə müəyyən edilir. Bu Məcəllədə buraxılmış prosessual müddətin bərpası barədə ərizəyə baxılması nəzərdə tutulsa da, belə ərizəyə mahiyyəti üzrə baxılmasını istisna edən hallarda, tətbiq edilməli prosedur qayda və nəticə əks olunmamışdır.

46. Nəzərə alınmalıdır ki, «Normativ hüquqi aktlar haqqında» Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə görə konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir.

47. Yuxarıda qeyd olunan inzibati işin hallarını, məhkəmə kollegiyası tərəfindən aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizəni və iddianı mümkün saymamaqla düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməlidir.

48. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Şəki İnzibati Məhkəməsinin 24 iyul 2024-cü il tarixli 2-1(116)- 2471/2024 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

49. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏRARA ALDİ:

İddiaçı tərəfindən verilmiş аpellyаsiyа şikаyəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 24 iyul 2024-cü il tarixli 2-1(116)-2471/2024 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan onun təqdim edildiyi gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar