Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-537/2025 30.10.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Musayev Vüqar Ələkbər oğlu (məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və X3 ibarət tərkibdə, Məmmədli Aqil Bəxtiyar oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “Müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Şəki İnzibati Məhkəməsinin 24 iyul 2025-ci il tarixli 2-1(116)-267/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: işin halları:
1. İddiaçı, Azərbaycan Respublikasının Prezidentinin xx.xx.2020-ci il tarixli Sərəncamına əsasən SHXÇÜDX-nin Mingəçevir şəhər şöbəsi tərəfindən xx.xx.2020-ci ildə qismən səfərbərlik üzrə hərbi xidmətə cəlb edilmiş, xx.xx.2020-xx.xx.2020-ci illərdə hərbi xidmətdə olmuş, xx.xx.2020-xx.xx.2020-ci il tarixlərdə “Vətən” müharibəsində iştirak etmişdir.
2. İddiaçı, Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Laçının azad olunmasına görə” medalı ilə təltif olunmuş və ona İ-4276 saylı Azərbaycan Respublikası Medalının vəsiqəsi verilmişdir.
3. İddiaçı, ona “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi üçün cavabdeh orqana müraciət etmiş, cavabdeh orqan xx.xx.2023-cü il tarixli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. Əsas olaraq iddiaçının döyüş əməliyyatların cəlb olunmayan bölmədə xidmət etməsi qeyd edilmişdir.
birinci instansiya məhkəməsində iş üzrə qəbul edilmiş məhkəmə aktı:
4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Müharibə veteranı adının və müvafiq vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx xxxx 1991-ci ildə Mingəçevir şəhərində doğulmuşdur. 03 iyul 2010-cu ildə hərbi xidmətə çağırılmışdır və 01 yanvar 2012-ci hərbi xidmətdən tərxis olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli Sərəncamına və “Azərbaycan Respublikasında Səfərbərlik hazırlığı və Səfərbərlik haqqında” Qanuna əsasən SHXÇDX-nin Mingəçevir şəhər şöbəsi tərəfindən xx.xx.2020-ci il tarixdə qismən səfərbərlik üzrə hərbi xidmətə cəlb olunmuşdur. İddiaçı xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək hərbi xidmətə olmuşdur. Eyni zamanda xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək Vətən müharibəsində iştirak etmişdir. Bundan sonra iddiaçı cavabdehə ərizə ilə müraciət edərək, müharibə veteranı adı və vəsiqəsinin verilməsini xahiş etdim, lakin cavabdeh tərəfindən ünvanlanmış 07 mart 2023-cü il tarixli imtina məktubu ilə komissiyanın xx.xx.2022-ci il tarixli qərarı ilə iddiaçı barəsində müsbət qərarın qəbul edilmədiyi göstərilmişdir. Lakin, iddiaçı bununla razı deyil və hesab edir ki, həmin imtina tam qanunsuz və əsassızdır. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 2020-ci il tarixli, 2373 nömrəli sərəncamı ilə iddiaçı “Laçının azad olunmasına görə” medalı ilə təltif edilmişdir. "Veteranlar haqqında" Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar.
6. Cavabdeh orqan iddia tələbinə etirazında qeyd etmişdir ki, N nömrəli hərbi hissədən təqdim olunmuş xx.xx.2024-cü il tarixli 786 nömrəli sənədə əsasən iddiaçının xidmət keçdiyi 5-ci taborun 13-cü bölüyün şəxsi heyəti tam tərkibdə döyüş əməliyyatları zamanı tam tərkibdə hərbi hissənin daimi dislokasiya məntəqəsi olan Tərtər rayonunun Sarov yaşayış məntəqəsində yerləşmiş və N nömrəli hərbi hissənin tərkibində döyüş əməliyyatlarında hər hansı təminat növü üzrə tapşırıqlar yerinə yetirməmiş, heç bir döyüş əməliyyatlarında iştirak etməmişdir. Bu kimi hallan nəzərə alaraq, Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən 'Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya' tərəfindən iddiaçının müraciətinə haqlı olaraq müsbət qərar qəbul edilməmişdir. İşin faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxmından hesab edilir ki iddiaçı "Müharibə veteranı, Silahlı Qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə” ilə nəzərdə tutulan müharibə veteranı adının verilməsi üçün müvafiq səlahiyyətli dövlət orqanları tərəfindən verilmiş orden və medallarla təltif olunmaq haqqında vəsiqəyə, şəxsi işə, əmrlərdən çıxarışlara, arxiv arayışlarına və hərbi döyüşlərdə iştirakını (ordudan qanuni əsaslarla ehtiyata buraxılması) sübut edən başqa sənədlərə malik deyildir. Bu səbəbdən də iddia əsaslı sayıla bilməz.
7. Şəki İnzibati Məhkəməsinin 24 iyul 2025-ci il tarixli 2-1(116)-267/2025 nömrəli qərarı ilə (hakim Etibar Mustafayev) iddia tələbi təmin edilmişdir.
8. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında əməliyyatlarında bilavasitə iştirak etmiş və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları (bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərdə isə döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları) yerinə yetirmiş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı verilir. Cavabdeh hazırki tələblə ona müraciət edən iddiaçının müraciətinin təmin edilməsindən imtinasını N nömrəli hərbi hissədən təqdim olunmuş xx.xx.2024-cü il tarixli 786 nömrəli sənədə əsasən iddiaçının xidmət keçdiyi 5-ci taborun 13-cü bölüyün şəxsi heyəti tam tərkibdə döyüş əməliyyatları zamanı tam tərkibdə hərbi hissənin daimi dislokasiya məntəqəsi olan Tərtər rayonunun Sarov yaşayış məntəqəsində yerləşmiş və N nömrəli hərbi hissənin tərkibində döyüş əməliyyatlarında hər hansı təminat növü üzrə tapşırıqlar yerinə yetirməmiş, heç bir döyüş əməliyyatlarında iştirak etmədiyi ilə əsaslandırmışdır. Lakin məhkəmə hesab edir ki, cavabdehin imtinası əsaslı hesab edilə bilməz. Belə ki, məhkəmə araşdırması zamanı iddiaçının AO ******* nömrəli hərbi biletinin 14-cü bəndində N nömrəli hərbi hissənin qərargah rəisi imzası və hərbi hissənin möhürü ilə təsdiq edilmiş qeyddə iddiaçının “Vətən müharibəsi”ndə iştirak etdiyi qeyd olunub. Bununla yanaşı Azərbaycan Respublikasinin Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Mingəçevir Şəhər Şöbəsi tərəfindən təqdim olunmuş iddiaçının qeydiyyat kartasının surətindən görünür ki, (14-cü bənd) iddiaçı “Vətən müharibəsi”ndə iştirak edib (h/h 157, 08.10.20-10.11.20) Qeyd olunanlarla yanaşı iddiaçının döyüş əməliyyatlarında iştirak etdiyi Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli 2373 saylı Sərəncamı ilə də təsdiq edilir. Belə ki, həmin Sərəncamda Azərbaycan Respublikasının Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının o cümlədən əsgər İddiaçı “Laçının azad olunmasına görə” medalı ilə təltif edilməsi qərara alınıb. Göründüyü kimi iddiaçı, döyüş əməliyyatlarında iştirak etdiyi üçün uzun müddət düşmən işğalı altında olan Laçın rayonunun azad edilməsində iştirak etdiyinə görə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli 2373 saylı Sərəncamı ilə “Laçının azad olunmasına görə” medalı ilə təltif olunmuş və ona İ-4276 saylı Azərbaycan Respublikası Medalının vəsiqəsi verilmişdir. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Laçının azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 2020-ci il tarixli Sərəncamının məzmunundan görünür ki, iddiaçı və Azərbaycan Respublikası Silahlı Qüvvələrinin digər hərbi qulluqçuları Azərbaycan Respublikasının Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirdiklərinə görə “Laçının azad olunmasına görə” medalla təltif edilmişlər. Yəni, iddiaçının Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak etməsi və buna görə təltif olunması istinad olunan Sərəncamla birbaşa sübuta yetirilir. Sadalanan sənədlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995- ci il tarixli, 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnaməyə əsasən şəxsin müharibə veteranı hesab edilməsi üçün göstərilən sənədlərin siyahısında əks olunmuşdur. Məhkəmə tərəfindən tədqiq edilmiş sübutlar iddiaçının 2020-ci il oktybabrın 8- dən dekabrın 26-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarında, xüsusi ilə Laçın rayonu ərazisinin azad olunmasında iştirak etməsini təsdiq edən mötəbər sübutlardır. Məhkəmə hesab edir ki, həmin sənədlərin cavabdeh tərəfindən nəzərə alınmaması qanunvericiliyin tələblərinə uyğun olmamışdır. Cavabdehin qanunsuz hərəkətləri Azərbaycan Respublikası Konstitusiyasının 76-cı maddəsində (Vətəni müdafiə) nəzərdə tutulmuş vəzifəni layiqincə yerinə yetirən, hətta buna görə ən yüksək səviyyədə - Ali Baş Komandan səviyyəsində təltif edilmiş iddiaçının hüquqlarının pozulması fonunda, sosial ədalətin pozulmasına səbəb olmuşdur.
9. Cavabdeh orqanın nümayəndəsi apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.
apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
a) apellyasiya şikayətinin dəlilləri
10. Apellyasiya şikayətinin dəlillərinə görə, iddiaçı X4 qismən səfərbərlik zamanı xx.xx.2020-ci il tarixdə hərbi hissənin 5-ci taborun 13-cü bölüyündə hərbi xidmətə qəbul edilmiş, xx.xx.2020-ci il tarixdə ehtiyata buraxılaraq qeydiyyata durmaq üçün Mingəçevir şəhər şöbəsinə göndərilmişdir. Həmçinin döyüş əməliyyatları zamanı iddiaçının xidmət etdiyi 5-ci taborun 13-cü bölüyünün şəxsi heyəti tam tərkibdə hərbi hissənin daimi dislokasiya məntəqəsi olan Tərtər rayonu Sarov yaşayış məntəqəsində yerləşmiş və N nömrəli hərbi hissənin tərkibində döyüş əməliyyatlarında hər hansı təminat növü üzrə tapşırıqları yerinə yetirməmiş, heç bir döyüş əməliyyatlarına cəlb edilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 nömrəli Qərarı ilə təsdiq edilmiş ‘Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında’ Əsasnamənin 10 və 11-ci abzaslarından görünür ki, - 10-cu abzas — Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixdən 10 noyabr 2020-ci il tarixədək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd, Xocalı və Tərtər rayonunun Talış, Suqovuşan, Qaylaq kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 27 sentyabr 2020-ci il tarixədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yeni döyüş əməliyyatlarının icrasının təşkili və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə, bölmə və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə — hərbi biletlər, şəxsi işlər, ezamiyyət vərəqələri, əmrlər və digər döyüş iştirakını sübut edən sənədlər əsasında verilə bilər. 11-ci abzas — 27 sentyabr 2020-ci il tarixdən 10 noyabr 2020-ci il tarixədək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarının planlaşdırılması, hazırlanması və ya idarə edilməsini həyata keçirmiş, habelə hərbi aviasiya, hava hücumundan müdafiə, radioelektron kəşfiyyat, əks-kəşfiyyat və mübarizə, pilotsuz uçan aparatlar, raket və artilleriya bölmələrinin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları yerinə yetirmiş şəxslərə — hərbi biletlər və digər təsdiqedici sənədlər əsasında “müharibə veteranı” adı və vəsiqəsi verilir. 2-ci bəndə əsasən bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında döyüş əməliyyatlarının bütün təminat növləri dedikdə döyüş təminatı, mənəvi-psixoloji təminat, maddi-texniki təminat və tibbi təminat nəzərdə tutulur. Bu hüquq normalarının qarşılaşdırılmış təhlilindən müəyyən edilir ki, Tərtər rayonu Sarov kəndində yerləşən N nömrəli hərbi hissənin tərkibində döyüş əməliyyatlarında iştirak etmiş iki kateqoriyadan olan şəxslərə “müharibə veteranı” adı və vəsiqəsi verilir: - xx.xx.2020–xx.xx.2020 tarixlərində həmin bölmələrin tərkibində bilavasitə döyüş əməliyyatlarında iştirak etmiş və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqlarını yerinə yetirmiş şəxslər; - Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında göstərilən ərazilərdə döyüş əməliyyatlarının bütün növ təminat tapşırıqlarını yerinə yetirmiş şəxslər. Yəni döyüş əməliyyatlarının döyüş təminatından başqa digər bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirən şəxslərə o halda “müharibə veteranı” adı verilir ki, həmin tapşırıqlar Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında göstərilən ərazilərdə yerinə yetirilmiş olsun. İşin yuxarıda qeyd edilən faktiki hallarından görünür ki, iddiaçı işğaldan azad olunmuş ərazi olmayan Tərtər rayonu Sarov kəndində hərbi xidmət keçmişdir. Tərtər rayonunun Sarov yaşayış məntəqəsi Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında qeyd edilən ərazilərə daxil deyildir və iddiaçı həmin ərazilərdə olmamışdır. Buna görə də iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçı nə döyüş əməliyyatlarına cəlb edilmiş, nə döyüş əməliyyatlarının döyüş təminatı və ya digər təminat növləri üzrə tapşırıqlar yerinə yetirmiş, nə də Əsasnamədə göstərilən ərazilərdə olmuşdur. Birinci instansiya məhkəməsi iddiaçının “Laçının azad olunmasına görə” medalı ilə təltif edilməsini əsas götürmüşdür. Lakin həmin medal döyüş əməliyyatlarında iştirak əsasında deyil, hərbi hissənin həmin dövrdə Laçın rayonunun ərazisində dislokasiya olunmasına görə verilmişdir. Medalın verilməsi “müharibə veteranı” adı üçün hüquqi əsas yaratmır. Vətən müharibəsi zamanı Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində düşməni kapitulyasiya aktını imzalamağa məcbur edərək xx.xx.2020-ci il tarixdə üç dövlət arasında (Azərbaycan, Rusiya və Ermənistan) bağlanmış müqaviləyə əsasən Laçın, Ağdam və Kəlbəcər rayonları bir güllə belə sərf etmədən və döyüş əməliyyatları aparılmadan işğaldan azad olunmuşdur. Həmin qeyd edilən rayonların müqavilə əsasında (döyüş əməliyyatları aparılmadan) işğaldan azad olunmasına baxmayaraq, Laçın rayonunda dislokasiya olunmuş N nömrəli hərbi hissənin hərbi qulluqçularına “Laçının azad olunmasına görə” medalı, Kəlbəcər rayonunda dislokasiya olunmuş hərbi hissələrin hərbi qulluqçularına “Kəlbəcərin azad olunmasına görə” medalı və Ağdam rayonunda dislokasiya olunmuş hərbi hissələrin hərbi qulluqçularına “Ağdamın azad olunmasına görə” medalı verilmiş və təltif edilmişdir. İddiaçı X1 Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında bilavasitə iştirak etdiyinə görə deyil, yuxarıda qeyd edildiyi kimi hərbi hissənin şəxsi heyətinin Laçın rayonu ərazisində dislokasiya olunduqlarına görə Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandanın sərəncamı ilə sözügedən medalla mükafatlandırılmışdır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 216 nömrəli qərarına dəyişiklik edilməsinə dair 30 dekabr 2021-ci il tarixli 420 nömrəli qərara əsasən şəxslərə — hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən nizami hissə üzrə əmrlər və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vərəqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakını sübut edən başqa sənədlər əsasında “Müharibə veteranı” adı və vəsiqəsi verilir. Əsasnaməyə əlavə edilmiş 420 nömrəli qərara əsasən xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək aparılmış döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə o şərtlə “müharibə veteranı” adı və vəsiqəsi verilir ki, həmin şəxslərin hərbi döyüşlərdə iştirakını sübut edən yuxarıda qeyd olunan sənədlər mövcud olsun. Əsasnamədən də göründüyü kimi, hərbi qulluqçunun rayonların azad olunmasına görə və sair medallarla təltif olunması ona “müharibə veteranı” adı və vəsiqəsinin verilməsinə əsas sayıla bilməz. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:
11. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.
tərəflərin izahatları
12. Məhkəmə kollegiyasının hazırkı iclasında iştirak edən iddiaçı, apellyasiya şikayətinin təmin edilməməsini Şəki İnzibati Məhkəməsinin 24 iyul 2025-ci il tarixli 2- 1(116)-267/2025 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi.
tətbiq edilən hüquq
13. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 3. Aşağıdakılar müharibə veteranları sayılırlar: .... Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər; ... Maddə 7. Veteran adlarının və vəsiqələrinin verilməsi. Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Qeyd: Bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir.
14. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 3. Vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları kündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, hərbi hissənin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər.
15. “Hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 14. Hərbi qulluqçunun həqiqi hərbi xidmətin sonu hərbi hissə komandirinin əmri ilə şəxsi heyət siyahısından çıxarıldığı gün sayılır.
16. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli, 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamə: Bənd 1. Müharibə veteranı adı aşağıdakı qaydada verilir: Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il 27 sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında; ..... Bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci, doqquzuncu və onuncu yarımbəndlərində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış, əmək müqaviləsinə xitam verilmiş şəxslərin sonuncu xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), hərbi hissələrə (bölmələrə) və ya orqanlara ezam olunmuş mülki şəxslərin isə ezam olunduqları yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Xidməti və Azərbaycan Respublikasının Strateji X2 Agentliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir: ….
17. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 sentyabr 2018-ci il tarixli 422 nömrəli Qərarı: “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamənin və müvafiq vəsiqələrin nümunəsinin, eskizinin və təsvirinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 216 nömrəli qərarında dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 28 sentyabr tarixli Qərarı ilə “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndinə “hərbi biletlər” sözlərindən sonra “(hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda)” sözləri və “yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar” sözlərindən sonra “(döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda)” sözləri əlavə edilmişdir.
18. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2021-ci il tarixli 420 nömrəli Qərarı: “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin “1. Müharibə veteranları” hissəsinin on dördüncü abzasda “səkkizinci yarımbəndində” sözləri “səkkizinci, doqquzuncu və onuncu yarımbəndlərində” sözləri ilə....əvəz edilmişdir. Qeyd: Bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin birinci hissəsinin üçüncü abzasında göstərilmiş şəxslərə şamil olunmur. Qeyd: Bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin doqquzuncu və onuncu yarımbəndlərində nəzərdə tutulan şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi həmin ad və vəsiqəni vermək səlahiyyəti olan dövlət orqanlarının göstərilən şəxslərə münasibətdə müəyyən etdikləri siyahılar Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırıldıqdan sonra verilir.
19. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 85. Şikayətin verilməsinə dair tələblər 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir.
Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat ... 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər:[82] ... 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir.
apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri.
20. Apellyasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
21. Cavabdeh orqan onun üçün əlverişsiz olan məhkəmə aktından bütövlükdə şikayət verdiyindən verilmiş apellyasiya şikayəti üzrə hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyinə və əsaslılığına qiymət veriləcəkdir.
Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi
22. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
23. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri iddia tələbinə etirazın dəlillərini təkrarlamaqla onlarla eynilik təşkil edir. Birinci instansiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də iddia ərizəsinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir.
24. Bununla yanaşı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
25. Hazırkı işin birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçının hüquqi marağı ona “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsinə yönəlmişdir.
26. Cavabdeh orqanın iddia tələbinə etirazının başlıca dəlili iddiaçının döyüş əməliyyatlarında və ya döyüş təminatının hər hansı növü üzrə tapşırıqlarda iştirak etməməsi, yalnız Tərtər rayonu Sarov kəndində dislokasiya olunması və bu ərazinin Əsasnamədə göstərilən döyüş zonalarına aid olmaması ilə bağlıdır. Cavabdeh orqanın mövqeyinə görə “Laçının azad olunmasına görə” medalının verilməsi iddiaçının döyüşlərdə iştirakına deyil, hərbi hissənin həmin rayon ərazisində yerləşməsinə görə baş vermişdir və bu medal “müharibə veteranı” adının verilməsi üçün hüquqi əsas yaratmır. Əsasnamənin 10 və 11-ci abzaslarının tələblərinə uyğun olaraq, müharibə veteranı adı yalnız döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş və ya döyüş təminatı tapşırıqlarını döyüş zonalarında yerinə yetirmiş şəxslərə verilir, iddiaçı isə bu meyarlara uyğun gəlmir.
27. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq qeyd edir ki, Azərbaycan Respublikasının Prezidentinin xx.xx.2020-ci il tarixli 2373 saylı Sərəncamı ilə “Laçının azad olunmasına görə” medalı ilə təltif olunmuş və ona İ-4276 saylı Azərbaycan Respublikası Medalının vəsiqəsi verilmişdir.
28. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Laçının azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 2020-ci il tarixli Sərəncamının məzmunundan görünür ki, iddiaçı və Azərbaycan Respublikası Silahlı Qüvvələrinin digər hərbi qulluqçuları Azərbaycan Respublikasının Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirdiklərinə görə “Laçının azad olunmasına görə” medalla təltif edilmişlər.
29. Yəni, iddiaçının Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak etməsi və hansı əsasla təltif olunması istinad olunan Sərəncamla birbaşa sübuta yetirilir. Sözügedən Sərəncamda “Laçının azad olunması uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət göstərdiyinə görə” ifadəsinin açıq şəkildə qeyd edilməsi iddiaçının döyüş əməliyyatlarında faktiki iştirakının dövlət tərəfindən təsdiq edilməsi kimi qəbul edilməlidir.
30. Bundan başqa, iddiaçıya məxsus hərbi biletdə və digər sənədlərdə onun səfərbərlik sərəncamı əsasında xx.xx.2020-ci ildə hərbi xidmətə cəlb edilməsi, xx.xx.2020xx.xx.2020-ci illərdə hərbi xidmətdə olması, xx.xx.2020-xx.xx.2020-ci il tarixlərdə “Vətən” müharibəsində iştirak etməsi qeyd olunmuşdur.
31. Sadalanan sənədlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli, 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnaməyə əsasən şəxsin müharibə veteranı hesab edilməsi üçün göstərilən sənədlərin siyahısında əks olunmuşdur. Tədqiq edilmiş sübutlar iddiaçının 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarında, xüsusi ilə Laçın rayonu ərazisinin azad olunmasında iştirak etməsini təsdiq edən mötəbər sübutlardır.
32. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, həmin sənədlərin cavabdeh tərəfindən nəzərə alınmaması qanunvericiliyin tələblərinə uyğun olmamış və birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, cavabdehin qanunsuz hərəkətləri Azərbaycan Respublikası Konstitusiyasının 76-cı maddəsində (Vətəni müdafiə) nəzərdə tutulmuş vəzifəni layiqincə yerinə yetirən, hətta buna görə ən yüksək səviyyədə - Ali Baş Komandan səviyyəsində təltif edilmiş iddiaçının hüquqlarının pozulması fonunda, sosial ədalətin pozulmasına səbəb olmuşdur
33. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh orqanın apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
34. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmir. Şəki İnzibati Məhkəməsinin 24 iyul 2025-ci il tarixli 2-1(116)-267/2025 qərarı dəyişdirilmədən qüvvədə saxlanılır. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.