Məhkəmə qərarları › İş №2-1(107)-538/2024

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-538/2024

06.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-538/2024 06.11.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və X4 ibarət tərkibdə, İslamova Türkay Abdurəhim qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “ona xx.xx.2023-cü il tarixindən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 14 iyun 2024-cü il tarixli 2-1(116)-1691/2024 nömrəli qərarından cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək “ona xx.xx.2023-cü il tarixindən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi aşağıdakı kimi əsaslandırılmışdır: - iddiaçı 1 noyabr 1958-ci ildə Göyçay şəhərində anadan olmuşdur. 1965-ci ildə orta məktəbə gedərək, 9 il əyani təhsil, 1 il isə qiyabi təhsil alaraq orta məktəbi bitirmişdir. Qiyabi təhsil aldığı müddət ərzində 18 noyabr 1974-cü ildə Göyçay Kolxozlararası Tikinti İdarəsinə işçi qismində işə qəbul olmuşdur. Həmin vəzifədə 9 aprel 1975-ci il tarixədək işləyərək, öz istəyi ilə işdən çıxmışdır. 10 noyabr 1975-ci ildə Göyçay birləşmiş qazanxana və istilik idarəsinə maşinist və kaçaqar kimi işə təyin edilərək, 16 mart 1976-cı il tarixədək, yəni qış sezonu bitənədək həmin işdə işləmişdir. 1 sentyabr 1976-cı ildə 12 saylı Texniki Peşə məktəbinin elektrik məişət avandanlığı qrupuna daxil olmuşdur, 15 iyul 1977-ci ildə 3-cü kateqoriya ilə məişət avadanlığı ixtisasını bitirmişdir. 1 avqust 1977-ci ildə Kürdəmir şəhərində 3-cü dərəcəli təmirçi mexanik kimi işə qəbul olmuşdur. 15 oktyabr 1977-ci ildə Sovet Ordusu sıralarına çağırıldığı üçün işdən çıxarılmışdır. 11 noyabr 1979-cu ildə hərbidən geri dönmüşdür. 11 aprel 1980-ci ildə X7 Xidməti İstehsal İdarəsinə soyuducu təmiri ustası vəzifəsinə qəbul edilmişdir. 01 oktyabr 1980-ci ildə Azərbaycan SSR ƏMXN-nin 02 sentyabr 1980-ci il tarixli 283 saylı əmrinə əsasən ƏMXN-nin “Azərbaycan məişət avadanlıqlarının təmiri” idarəsinə keçirilmişdir. 1 oktyabr 1980-ci ildə Göyçay rayonu KBON dan Ucar rayonuna MDP RBT yə göndərilmişdir. 1 noyabr 1980-ci ildə 28 oktyabr 1980-ci il tarixli 163 nömrəli əmr əsasında Azərbaycan məişət avadanlıqlarının təmirindən yeni təşkil olunmuş Göyçay şəhəri rayonlararası məişət avadanlıqlarının təmiri atelyesinə 11 nömrəli Göyçay məişət avadanlıqlarının təmiri üzrə mexaniki vəzifəsinə göndərilmişdir, 03 noyabr 1980-ci il tarixdə isə 11 nömrəli Rayonlarası Məişət avadanlıqlarının təmiri atelyesinə ştata keçirilmişdir. 12 may 1987-ci ildə 30 nömrəli əmrə əsasən 11 nömrəli Azərbaycan məişət avadanlıqlarının təmiri İdarəsindən işdən azad edilərək, rayon İstehlak İdarəsinə Azərbaycan məişət avadanlıqlarının təmirinə 3-cü dərəcəli təmirçi kimi göndərilmişdir. 15 oktyabr 1997-ci ildə DƏK-in 864 saylı əmrinə əsasən ƏMXU ləğv edilmiş, DƏK-in istehsalat və Təsərrüfat idarəsinin nəzninə keçirilmişdir. 13 aprel 1998-ci tarixdə 157 nömrəli əmrə əsasən Göyçay sahəsinə sahə rəisi keçirilmişdir. 28 dekabr 1998-ci ildə DƏN-nin 01 saylı əmrinə əsasən DƏK-in İstehsalat və Təsərrüfat İdarəsi ləğv edilərək, DƏN-nin Ticarət və Xidmət müəssisə və obyektlərin Fəaliyyətinin Mərkəzinin tabeliyinə verilmişdir. 30 aprel 2001-ci ildə Azərbaycan Respublikası Prezidentinin 30 aprel 2001-ci İİ tarixli 475 saylı Fərmanına əsasən DƏN-nin Ticarət və Xidmət Müəssisə və obyektlərinin X1 təsisçisi dəyişərək Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi təyin edilmişdir. 26 yanvar 2004-cü ildə İqtisadi İnkişaf Nazirliyinin xx.xx.2004-cü il tarixli 03 nömrəli əmrinə əsasən Mərkəzin adı dəyişdirilərək “Ticarət Xidmət və İstehsalat Müəssisə və obyektlərinin X2 müəyyən edilmişdir. 14 noyabr 2007-ci il tarixli 339 nömrəli əmrə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 69-cu maddəsinin 1-ci bəndinə əsasən (öz xahişi ilə) tutduğu vəzifədən azad edilmişdir.

3. Tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 2 saylı Mərkəzi Aran regional filialına müraciət edilərək, yaşa görə əmək pensiyasının təyin edilməsi xahiş edilmişdir.

4. Ərizəsi və ona əlavə edilmiş sənədlər aidiyyəti üzrə baxılması üçün cavabdeh inzibati orqana göndərilmişdir. Müraciətinə mərkəzi filialda baxılmış və 13 sentyabr 2023cü il tarixdə ona “yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina olunması haqqında” qərar qəbul edilmişdir.

5. Belə ki, iddia ərizəsinə əlavə etdiyi əmək kitabçasından görünür ki, onun əmək stajı 29 il 4 ay təşkil edir. Belə olan halda cavabdeh inzibati orqanın həmin stajın xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalının qeydə alınmadığını, xx.xx.1974-cü il tarixindən xx.xx.1975-ci il tarixinədək olan dövrün doldurulma qaydası pozulması səbəbindən nəzərə almamasını qanuni və əsaslı hesab etmir.

6. Cavabdeh orqan iddia tələbinə etirazını aşağıdakı kimi əsaslandırmışdır: - hazırki iş üzrə iddiaçı Ə.X6 yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı ərizə ilə müraciət etmişdir.

7. İddiaçının müraciətinə Mərkəzi Filial tərəfindən aidiyyəti üzrə baxılaraq xx.xx.2023cü il tarixli 3-17-1/2-Ə-210414/2023 nömrəli məktubla cavablandırılmışdır.

8. Müvafiq məktuba əsasən İddiaçı ümumi sığorta stajı qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmədiyi bildirilmişdir.

9. Belə ki, iddiaçının təqdim etdiyi əmək kitabçasının və arxiv arayışının surətinə əsasən sığorta stajı 17 il 3 ay 24 gün təşkil edir.

10. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1996-cı il tarixli 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”na əsasən İddiaçı əmək kitabçasının surətində qeyd edilmiş xx.xx.1974-cü il tarixdən xx.xx.1975-ci il tarixədək olan dövrün doldurulma qaydası pozulduğu üçün (işdən azad olma əmri yoxdur) həmin dövrlərin sığorta stajına daxil edilməsi qanunvericiliklə nəzərdə tutulmamışdır.

11. Cavabdeh orqan iddia tələbinə etirazını “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 1.0.2, 21.1, 22-1.1-ci maddələri, “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair 15 may 2020-ci il tarixli Konstitusiya Məhkəməsinin Plenumunun qərarı, Konstitusiya Məhkəməsi Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci və 8.3-cü maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” 1 dekabr 2010-cu il tarixli Qərarı ilə əsaslandırmışdır.

12. Hazırkı iş üzrə İddiaçı təqdim etdiyi arxiv arayışında isə onun 1996-2002-ci illər üzrə cəmi 14 ay əməkhaqqı alması, ümumilikdə isə 1992, 1997 və 2003-2007-ci illər üzrə isə əməkhaqqı almaması, əməkhaqqından tutulmaların olmaması və nəticədə borc yaranmasına səbəb olan zəruri halların olmaması müəyyən edilmişdir.

13. Eyni zamanda qeyd etməyi zəruri hesab edirik ki, İddiaçı xx.xx.2007-ci il tarixədək işlədiyini iddia etməsinə baxmayaraq, xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır.

14. Ali Məhkəmənin göstərilən mövqeyinə və yuxarıda qeyd olunan hüquq normalarına uyğun olaraq İddiaçı qeyd olunan dövrlərdə əmək fəaliyyəti zamanı əməkhaqqı almadığı dövrlərin onun sığorta stajına daxil edilməsi maddi hüquq normalarının tətbiqi baxımından qanunsuz, işin faktiki halları baxımından əsassız olduğundan “xx.xx.2023-cü il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi təmin edilməməlidir. Göstərilənlər nəzərə alınaraq məhkəmədən iddia tələbinin təmin edilməməsi xahiş edilmişdir.

15. Birinci instansiya məhkəməsinin iclasında iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir.

16. Birinci instansiya məhkəməsinin iclasında cavabdehin nümayəndəsi iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın rədd edilməsini xahiş etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

17. Şəki İnzibati Məhkəməsinin (hakim Vüqar Musayev) 14 iyun 2024-cü il tarixli 2- 1(116)-1691/2024 nömrəli qərarı ilə iddia təmin edilmişdir.

18. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı həmin qərardan apellyasiya şikayəti vermişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ

19. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1996-cı il tarixli 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”na əsasən İddiaçı əmək kitabçasının surətində qeyd edilmiş xx.xx.1974-cü il tarixdən xx.xx.1975-ci il tarixədək olan dövrün doldurulma qaydası pozulduğu üçün (işdən azad olma əmri yoxdur) həmin dövrlərin sığorta stajına daxil edilməsi qanunvericiliklə nəzərdə tutulmamışdır. cavabdeh tərəfindən İddiaçı dair təqdim edilən arxiv arayışında 1987 (V-Vİ), 1988-1992-ci və 1997-ci illərin əməkhaqqı cədvəllərinin təhvil verilmədiyi və 2003-2007-ci illər üzrə əməkhaqqı cədvəllərinin olmaması qeyd olunmuşdur. Buna baxmayaraq cavabdeh orqan tərəfindən İddiaçı təqdim etdiyi əmək kitabçasının və arxiv arayışının surətinə əsasən ona ünvanlanmış xx.xx.2023-cü il tarixli 3-17-1/2-Ə-210414/2023 nömrəli imtina məktubunda bildirilmişdir ki, onun əmək kitabçasında qeyd edilmiş xx.xx.1987-ci il tarixdən xx.xx.1992ci il tarixədək, sonrakı dövrlər üzrə arxiv arayışında əməkhaqqı aldığı 4 il 2 ay sığorta sığorta stajına əlavə edilməklə mübahisəsiz dövr kimi sığorta stajı 17 il 3 ay 24 gün müəyyən olunmuşdur. Ona görə də apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 14 iyun 2024-cü il tarixli 2-1(116)-1691/2024 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinə dair yeni qərar çıxarılmasını xahiş etmişdir.

TƏRƏFLƏRİN İZAHATLARİ

20. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X5 apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 14 iyun 2024-cü il tarixli 2-1(116)-1691/2024 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinə dair yeni qərar çıxarılmasını xahiş etdi.

21. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin 14 iyun 2024-cü il tarixli 2-1(116)- 1691/2024 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi.

22. İş materiallarında olan aşağıda sadalanan sənədlər məhkəmə kollegiyasının araşdırmasının predmetini təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilir. - cavabdehin xx.xx.2023-cü il tarixli imtina məktubu, - “X3 və Koordinasiya Mərkəzi” publik hüquqi şəxsinin xx.xx.2023-cü il və xx.xx.2024cü il tarixli arxiv arayışları və xx.xx.2023-cü il tarixli məktubu, - НЗ ******* nömrəli hərbi bilet (xx.xx.1977xx.xx.1979), - xx.xx.1974-cü il tarixli əmək kitabçası (əmək fəaliyyəti müddəti: xx.xx.1974xx.xx.1975, xx.xx.1975-xx.xx.1976, xx.xx.1976-xx.xx.1977, xx.xx.1977-xx.xx.1977, xx.xx.1980-xx.xx.1987, xx.xx.1987-xx.xx.2006), - “X3 və Koordinasiya Mərkəzi” publik hüquqi şəxsin xx.xx.2024-cü il tarixli arxiv arayışları.

TƏTBİQ EDİLƏN HÜQUQ

23. İnzibati Prosessual Məcəllə: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

24. Azərbaycan Respublikası Konstitusiyasının: 12-ci maddəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir.

25. 1 yanvar 2006-cı ilədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə görə iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır.

26. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə üzvlərin üzvlük kitabçaları nəzərə alınır.

27. xx.xx.2017-ci il tarixdən qüvvəyə minmiş Əmək Pensiyaları haqqında Qanunun 7ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Maddənin qeydinə əsasən, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1dək hər il 6 ay artırılır.

28. “Əmək pensiyaları haqqında” Qanuna əsasən pensiyaların təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.2 və 3.2.1 bəndlərinə əsasən 2006-cı ilin 1 yanvar tarixinədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir.

29. Əmək Məcəlləsinin 87-ci maddəsinin 1-ci hissəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü ayı və ili barədə qeydlər göstərilir.

30. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.

24. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. 46.3. Maraqlı şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması qadağandır.

APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ

31. Cavabdehin apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının İPM və ya İPM) 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Lakin şikayət əsaslı deyil və Şəki İnzibati Məhkəməsinin 14 iyun 2024-cü il tarixli 2-1(116)-1691/2024 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

32. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.

33. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər.

34. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

35. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

36. İş materiallarından göründüyü kimi hazırkı iddianı qaldırmaqda iddiaçının hüquqi marağı - ona yaşa görə əmək pensiyasının təyin edilməsindən ibarətdir.

37. İddiaçının yaşa görə əmək pensiyası almaq hüququ “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər yerinə yetiriləcəyi halda müvafiq olaraq 65 yaşda, yəni xx.xx.2023-cü il tarixdə yaranır (iddiaçı xx.xx.1958-ci ildə doğulub).

38. İddiaçının 17 il, 3 ay, 24 gün sosial sığorta stajı mübahisələndirilmir.

39. Cavabdeh inzibati orqan apellyasiya şikayətini iddiaçının xx.xx.1974 - xx.xx.1975ci illərə aid sosial sığorta stajını qəbul etməyərək bunu əmək kitabçasında işdən azad olma əmrinin olmaması ilə əsaslandırır. Eyni zamanda cavabdeh orqan Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasınının xx.xx.2023-cü il tarixli 2- 1(102)-1838/2023 nömrəli qərarında ifadə olunmuş hüquqi mövqeyə uyğun olaraq hazırkı iş üzrə iddiaçının təqdim etdiyi arxiv arayışında onun 1996-2002-ci illər üzrə cəmi 14 ay əməkhaqqı almasını, ümumilikdə isə 1992, 1997 və 2003-2007-ci illər üzrə isə əməkhaqqı almamasını, əməkhaqqından tutulmaların olmamasını bildirmişdir.

40. Cavabdeh orqan tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilmiş “X3 və Koordinasiya Mərkəzi” publik hüquqi şəxsin xx.xx.2024-cü il tarixli arxiv arayışı ilə müəyyən edilir ki, Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsinin (DƏK) “İstehsalat və Təsərrüfat” İdarəsinin xx.xx.1998-ci il tarixli 157k №-li əmri ilə “Azərməişəttexnikatəmir”in Göyçay sahəsinin təmirçi çilingəri həmin tarixdən həmin sahədə sahə rəisi vəzifəsinə keçirilmişdir. Sözügedən qurumun təşkilati hüquqi forması bir neçə dəfə dəyişmiş, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2005-ci il tarixli 313 №li Fərmanı ilə yaradılmış Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin (DƏİEDK) xx.xx.2005ci il tarixli 11 №-li əmri ilə tabeliyinə verilmiş TXİMOFƏM-nin adı dəyişdirilərək İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzi (İXMİM) olmuşdur. DƏİEDK-in İXMİM-nin xx.xx.2007-ci il tarixli 339M №-li əmri ilə Göyçay şəhərində yerləşən “məişət cihazlarının təmiri emalatxanasının sahə ustası həmin tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 1-ci bəndinə əsasən (öz xahişi ilə) tutduğu vəzifədən azad edilmişdir.

41. Sözügedən qurumun təqdim etdiyi, iddiaçıya ödənilmiş əməkhaqqı barədə məlumatların əks olunduğu digər bir arayışda isə qeyd edilmişdir ki, Mərkəzin arxivinə keçmiş “Azərməişəttexnikatəmir” Birliyinin Göyçay şəhərində yerləşən “Məişət cihazları təmiri emalatxanasının, o cümlədən İddiaçı 1987 (V-Vİ), 1988-1992-ci və 1997-ci illərin əməkhaqqı cədvəlləri təhvil verilməyib, 2003-2007-ci illər üzrə əməkhaqqı cədvəlləri isə yoxdur.

42. Bununla bağlı birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, cavabdeh orqanın istinad etdiyi Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(102)-1838/2023 nömrəli qərarında iddiaçının işdən azad edilmədiyi halda ona əmək haqqının hansı səbəblərdən hesablanmamasının aydınlaşdırılması, əmək haqqı almadığı aylar üzrə dövrün pensiya hüququ verən əmək stajına daxil edilməsi məsələsinin əsaslandırılması və digər məsələlər vurğulanmışdır. Hazırkı işdə cavabdeh orqanın özünün təqdim etdiyi arxiv arayışında “Azərməişəttexnikatəmir” Birliyinin Göyçay şəhərində yerləşən “Məişət cihazları təmiri emalatxanasının, o cümlədən İddiaçı 1987 (V-Vİ), 1988-1992-ci və 1997-ci illərin əməkhaqqı cədvəlləri təhvil verilmədiyi və 2003-2007-ci illər üzrə əməkhaqqı cədvəllərinin olmaması qeyd olunub. Odur ki, faktiki olaraq əmək haqqı cədvəlləri olmayan dövrlərə münasibətdə iddiaçıya əmək haqqının ödənilməməsini iddia etməkdə cavabdeh orqan haqlı sayıla bilməz.

43. İş materiallarında olan, “X3 və Koordinasiya Mərkəzi” publik hüquqi şəxsin iddiaçıya ünvanladığı xx.xx.2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, iddiaçının Göyçay şəhərində yerləşən “Məişət cihazları təmiri emalatxanasında işlədiyi dövrdə obyektin fəaliyyətindən əldə etdiyi gəlirin Mərkəzə ödənilən hissəsinə uyğun olaraq 1998- 2002-ci illərdə hesablanmış əmək haqqı və ondan icbari, o cümlədən sosial sığorta haqqı üzrə tutulmalar həyata keçirilmiş və aidiyyəti üzrə ödənilmişdir.

44. Oxşar inzibati mübahisələr üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli 2-1(102)-278/2019 nömrəli, İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli 2-1(102)-1421/2022 №-li, xx.xx.2021-ci il tarixli, 2- 1(102)-440/2021 №-li qərarında əks olunmuş hüquqi mövqeyə görə xx.xx.2002-ci ilədək olan dövrdə işçilər dövlət tərəfindən mütləq qaydada sosial sığorta ilə əhatə olunmalı olduqlarına görə həmin dövr üzrə işçilərin əmək fəaliyyəti ümumi iş stajına daxil edilməlidir. Bu isə o nəticəyə gəlməyə əsas verir ki, iddiaçının iş stajı əmək kitabçasına əsasən müəyyən edildiyindən və həmin dövrdə o, dövlət sosial sığortası ilə əhatə olunmalı olduğundan, həmin dövrə münasibətdə onun əmək haqqı alıb-almaması və ondan müvafiq qaydada sosial sığorta haqlarının ödənilib-ödənilməməsinin müəyyən edilməsi 01 yanvar 2002-ci il tarixinə qədər olan müddətə münasibətdə zəruri deyildir.

45. Göründüyü kimi, cavabdeh orqan iddiaçının 2003-2007-ci illər üzrə əməkhaqqı alıb-almamasını müəyyən edə bilmir. Həmin sənədlərin saxlanılmasına səlahiyyətli olan subyekt isə əməkhaqqı cədvəllərinin olmamasını bildirir. Əmək haqqı cədvəllərinin saxlanılmasını təmin etmək iddiaçının vəzifəsi olmadığından həmin sənədlərin olmamasının mənfi nəticələri iddiaçının ziyanına şərh edilə bilməz.

46. Beləliklə, iddiaçının 1974-1975-ci illərdə əmək fəaliyyəti nəzərə alınmadan onun xx.xx.2002-ci il tarixədək ümumi sosial sığorta stajı 26 il, 2 aya, xx.xx.2006-cı il tarixədək ümumi sosial sığorta stajı isə 29 il, 2 ay, 2 günə bərabər olur.

47. Odur ki, iddiaçının ümumi sosial sığorta stajı hər bir halda 25 ildən artıq olduğundan cavabdeh orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmamışdır.

48. Yuxarıda qeyd olunan işin hallarını, aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən qüvvədə saxlanılmalı, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir.

49. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 81.2, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası

QƏRАRА АLDİ:

Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 14 iyun 2024-cü il tarixli 2-1(116)-1691/2024 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. İnzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar