Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(107)-539/2025 06.11.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Musayev Vüqar Ələkbər oğlu (məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Həsənov Tural Həsən oğlundan ibarət tərkibdə, Məmmədli Aqil Bəxtiyar oğlunun katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “01 iyun 2023-cü il tarixdən ünvanlı dövlət sosial yardım məbləğinin 1 il müddətində təyin olunaraq aztəminatlı ailəsinə birdəfəlik verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Şəki İnzibati Məhkəməsinin 31 iyul 2025-ci il tarixli, 2-1(116)-451/2025 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. işin halları:
1. iddiaçı cavabdeh orqana ÜDSY-nin təyin edilməsi üçün xx.xx.2023, xx.xx.2023, xx.xx.2024 və xx.xx.2024-cü il tarixlərdə müraciət etmişdir.
2. İddiaçının xx.xx.2023-cü il tarixdən ÜDSY-nin təyin edilməsi ilə bağlı qaldırdığı iddia Şəki İnzibati Məhkəməsinin 13 dekabr 2023-cü il tarixli 2-1(116)-2669/2023 nömrəli qərarı ilə təmin edilməmiş, sözügedən qərar Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 27 mart 2024-cü il tarixli 2-1 (107)-197/2024 nömrəli qərarı ilə dəyişdirilmədən qüvvədə saxlanılmışdır.
birinci instansiya məhkəməsində iş üzrə qəbul edilmiş məhkəmə aktı:
3. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı məhkəməyə müraciət edərək, “cavabdehin “Ailənin” ərizə bəyannamə”də göstərdiyi ünvanda yaşamaması” barədə qanunsuz imtina qərarını ləğv edilməsini və “Ünvanlı Dövlət Sosial Yardımı haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü və 8-ci maddələrinə əsasən “Ərizə bəyannamə” ilə müraciət etdiyi 01 iyun 2023-cü il tarixdən hər ay üçün 280 AZN olmaqla ünvanlı dövlət sosial yardım məbləğinin 1 il müddətində təyin olunaraq aztəminatlı ailəsinə birdəfəlik verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
4. Şəki İnzibati Məhkəməsinin 31 iyul 2025-ci il tarixli 2-1(116)-451/2025 nömrəli qərardadı ilə (hakim Etibar Mustafayev) iddia tələbi mümkün sayılmamışdır.
5. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, Şəki İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(116)-2669/2023 nömrəli qərarından görünür ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “cavabdehin “Ailənin” ərizə bəyannamə”də göstərdiyi ünvanda yaşamaması” barədə qanunsuz imtina qərarını ləğv edilməsini və “Ünvanlı Dövlət Sosial Yardımı haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü və 8-ci maddələrinə əsasən “Ərizə bəyannamə” ilə müraciət etdiyi 01 iyun 2023-cü il tarixdən hər ay üçün 280 AZN olmaqla ünvanlı dövlət sosial yardım məbləğinin 1 il müddətində təyin olunaraq aztəminatlı ailəsinə birdəfəlik verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməmişdir. Göründüyü ki, hazırkı iddia ilə eynilik təşkil edən əvvəlki iddiaya artıq mahiyyəti üzrə baxılaraq qərar qəbul edilmişdir. Belə olan halda, göstərilən tələbə yenidən məhkəmədə baxıla bilməz.
6. İddiaçı apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini xahiş etmişdir.
apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri:
a) apellyasiya şikayətinin dəlilləri
7. Apellyasiya şikayətinin dəlilləri iddiaçının maddi çətinliklərinin olması və oxşar mübahisələr üzrə qəbul edilmiş məhkəmə aktları ilə əsaslandırılmışdır. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:
8. Apellyasiya şikayətinə qarşı etirazda cavabdeh orqan bildirmişdir ki, iddiaçının əvvəlki iddia ərizəsi üzrə iş yəni 2-1(116)-2669/2023 nömrəli iş Şəki inzibati Məhkəməsinin hakimi Fəxri Hacızadənin icraatında olmuş, 13 dekabr 2023-cü il tarixli qərarla iddiaçının iddia tələbi təmin olunmamışdır. Şəki İnzibati Məhkəməsinin 13 dekabr 2023-cü il tarixli 2- 1(116)-2669/2023 nömrəli qərarından narazı qalan iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 27 mart 2024-cü il tarixli 2- 1 (107)-197/2024 nömrəli qərarı ilə təmin olunmamış və birinci nstansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Şəki İnzibati Məhkəməsinin 13 dekabr 2023-cü il tarixli 2-1(116)-2669/2023 nömrəli qərarı qanuni qüvvəsini almışdır. təqdim edilməmişdir. Göründüyü kimi hazırki iddia ərizəsində qeyd olunan “01 iyun 2023-cü il tarixdən hər ay üçün 280 manat olmaqla ünvanlı dövlət sosial yardım məbləğinin 1 il müddətində təyin olunaraq birdəfəlik verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə münasibətdə qanuni qüvvəyə minmiş məhkəmə qərarı mövcuddur və həmin qərarda iddiaçının müvafiq tarixdən etibarən ünvanlı dövlət sosial yardım hüququnun yaranmasına qiymət verilmişdir. Belə ki. iddia tələbi ilə bağlı qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburi olduğundan inzibati məhkəmə icraatı çərçivəsində həmin qərar ilə müəyyən edilmiş hallara yenidən baxıla bilməz.
tərəflərin izahatları:
9. Məhkəmə kollegiyasının hazırkı iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının izahı ilə iddiaçı, tələbini dəqiqləşdirərək cavabdehin üzərinə ona xx.xx.2024-cü il tarixdən ÜDSY-nin təyin edilərək birdəfəlik ödənilməsi öhdəliyinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ilə tələbin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. Məhkəmə kollegiyasının hazırkı iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi.
tətbiq edilən hüquq:
10. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 48.1. Sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 85. Şikayətin verilməsinə dair tələblər 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir.
Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat ... 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər:[82] ... 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir.
11. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarı 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1.Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İPMdə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 3.3. Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. 3.4. Birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. 8.6. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar.
9. Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. 16.1. İddianın mümkünlüyünə dair şərtlərə, həmçinin iddianın lazımı qaydada qaldırılması da aiddir. 16.2. İddia ərizəsi İPM-in 46.1-ci maddəsində təsbit edilmiş formal tələblərə cavab verməlidir. 16.3. Həmin normada nəzərdə tutulmuş iddia ərizəsinin məzmununa dair tələblər — ərizənin verildiyi məhkəmənin adı; iddiaçı və cavabdeh fiziki şəxslərin soyadları, adları, atalarının adları, yaşayış yerləri, inzibati orqanların (hüquqi şəxslərin) adı və hüquqi ünvanları; iddiaçının (ərizəçinin) tələbi — imperativ xarakter daşıyır və verilmiş ərizələrdə bunlar göstərilməlidir. 16.4. İPM-in 46.3-cü maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir. 16.5. Nəzərə alınmalıdır ki, həmin normanın, həmçinin dinlənilmə hüququnun təmin edilməsi məqsədi ilə iddia ərizəsindəki çatışmazlıqlar, təyin edilmiş müddət və həmin müddət ərzində çatışmazlıqların aradan qaldırılmamasının hüquqi nəticələri barədə iddiaçı bilavasitə və ya məhkəmə bildirişi vasitəsi ilə məlumatlandırılmalıdır. Bu, həm də İPM-in 11.2 və 49.2-ci maddələrinin tələblərindən irəli gəlir. Belə ki, İPM-in 11.2-ci maddəsinə əsasən, məhkəmə inzibati prosesin gedişində proses iştirakçılarından hər birinə öz mövqeyini ifadə etmək, prosessual hüquqlarını və vəzifələrini həyata keçirmək üçün tam və bərabər imkanlar yaratmağa borcludur. İPM-in 49.2-ci maddəsinə əsasən, məhkəmənin bütün sərəncamları barədə proses iştirakçılarına vaxtında məlumat verilməlidir. 16.6. İddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər.
apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri:
12. Apellyasiya şikayəti vaxtında verilmiş və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
13. Birinci instansiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
apellyasiya instansiyasi məhkəməsinin mövqeyi:
14. Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsaslıdır. Birinci instansiya məhkəməsi tərəfindən həmin işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilməmiş, hazırkı mübahisəyə münasibətdə iddianın mümkünlük şərtlərinin ödənilməsi ilə bağlı məsələ obyektiv araşdırma prinsipinin tələbləri baxımından hərtərəfli yoxlanılmamışdır. Odur ki, həmin hissədə birinci instansiya məhkəməsinin qərardadı ləğv olunmalı və iş baxılması üçün geri qaytarılmalıdır.
15. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərardadının ləğvini şərtləndirən aşağıdakı əsasların qeyd olunmasını zəruri hesab edir.
16. İşin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Qeyd edilən qayda həmçinin iddianın mümkünlüyü ilə bağlı şərtlərin mövcudluğunun yoxlanılmasına da şamil olunur. Belə ki, obyektiv araşdırma prinsipi yalnız iddianın əsaslığının yoxlanılması zamanı deyil, həmçinin iddianın mümkünlük şərtlərinin yoxlanılması zamanı da tətbiq olunmalıdır. Məhkəmə iddianın mümkünlüyünə dair bütün şərtlərin mövcud olmasını xidməti vəzifəsinə görə yoxlamağa borcludur.
17. İş materiallarından görünür ki, iddia ərizəsi xx.xx.2024-cü il tarixdə birinci instansiya məhkəməsinin icraatına daxil olmuşdur. Həmin tarixədək iddiaçı cavabdeh orqana ÜDSY-nin təyin edilməsi üçün xx.xx.2023, xx.xx.2023, xx.xx.2024 və xx.xx.2024cü il tarixlərdə müraciət etmişdir. Göründüyü kimi iddiaçının sonuncu müraciəti xx.xx.2024cü il tarixə aid olmuşdur.
18. Birinci instansiya məhkəməsi tərəfindən hazırkı məzmunda iddia tələbinin mümkünlük şərtlərinə cavab verməməsi iddiaçıya izah edilsə də, məhkəmə iclasının video görüntülərindən görünür ki, iddiaçıya yenidən cavabdeh orqana ÜDSY-nin təyin edilməsi ilə bağlı müraciət etməsi tövsiyə edilmişdir. Yəni, iddianın mümkün sayılması üçün tələbin hansı qaydada formalaşdırılması ilə bağlı hüquqi yardım edilməmiş və iddiaçıya onun hüquqi marağına uyğun olmayan təkliflər verilmişdir.
19. Belə ki, iddiaçının hazırkı tələblə cavabdeh orqana yenidən müraciət etməsinə lüzum yoxdur. İddia tələbinin məhkəməyə iddia ərizəsi verilənədək mövcud olmuş sonuncu imtinaya uyğun (xx.xx.2024-cü il tarixə münasibətdə) dəqiqləşdirilməsi kifayət idi. Yalnız bu qaydada edilmiş hüquqi yardım iddiaçının hüquqi marağına uyğun hesab edilə və məhkəmə tərəfindən dinlənilmə hüququnun təmin edilməsi kimi qiymətləndirilə bilərdi.
20. Nəzərə alınmalıdır ki, məhkəmə işin faktiki hallarının aydın şəkildə ifadə olunmasına, bu halların müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim edilməsinə yardım etməyə və öz fikirləri barədə tərəflərə məlumat verməyə borcludur. Məhkəmə, tərəflərə məhkəmənin hüquqi mövqeyinə reaksiya vermək imkanı yaratmalı və heç bir halda tərəflər üçün təəccüb doğuracaq, gözlənilməz qərarların qəbul edilməsinə yol verməməlidir. Yalnız belə olan təqdirdə tərəflər prosesdə məqsədəuyğun davrana bilərlər.
21. İstinad olunan Plenum qərarının 16.5-ci bəndinin tələbləri baxımından dinlənilmə hüququ o halda təmin edilmiş hesab edilə bilər ki, iddia ərizəsindəki çatışmazlıqlar, təyin edilmiş müddət və həmin müddət ərzində çatışmazlıqların aradan qaldırılmamasının hüquqi nəticələri barədə iddiaçı bilavasitə və ya məhkəmə bildirişi vasitəsi ilə məlumatlandırılmış olsun.
22. Yalnız bu qaydada davranıldığı halda və iddia ərizəsindəki çatışmazlıqlar müəyyən edilmiş müddət ərzində aradan qaldırılmadıqda, məhkəmə iddiaçının dinlənilmə hüququnun təmin edilməsinə istinad edərək iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər.
23. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilir. Şəki İnzibati Məhkəməsinin 31 iyul 2025-ci il tarixli, 2-1(116)-451/2025 nömrəli qərardadı ləğv edilir. İnzibati iş baxılması üçün Şəki İnzibati Məhkəməsinə qaytarılır. Qərardaddan kassasiya şikayəti verilə bilməz.