Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-54/2022 13.01.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Cavadova Günay İsmayıl qızı və Rəfiyev Rövşən Rafiq oğlundan ibarət tərkibdə, Quluzadə Rahul Teyyuf oğlunun katibliyi, İddiaçı nümayəndəsi həmçinin, vəkili X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dаir inzibаti iş üzrə Şəki İnzibati Məhkəməsinin 12 oktyabr 2021-ci il tarixli, 2- 1(116)-1084/2021 nömrəli qərarından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək “Müdafiə Nazirliyi nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyanın”-nın 30.12.2020-ci il tarixli qərarının ləğv edilməsi və ona “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 18.05.2021-ci il tarixli 2-1(112)-5817/2021 nömrəli qərardadı ilə iddia tələbi üzrə cavabdeh Azərbaycan Respublikası SHÇÜDX əsl cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə əvəz edilmiş və inzibati iş aidiyyəti üzrə baxılması üçün Şəki İnzibati Məhkəməsinə göndərilmişdir. İnzibati iş 22.06.2021-ci il tarixdə Şəki İnzibati Məhkəməsinin dəftərxanasına daxil olmuş və həmin tarixdən icraata qəbul edilmiş sayılmışdır. İddiaçı tələbini 1974-cü ildə Oğuz rayon Hərbi Komissarlığının çağırışına əsasən hərbi xidmətə getməsi, N-cü ilin yanvar ayının 31-də döyüşlərdə yaralanması, xidmət etdiyi hərbi hissənin göndərişi ilə X6 Xəstəxanasında müayinə və müalicə olunması, lakin, SHXÇÜDX-nin Oğuz rayon Bölməsində və digər orqanlarda onun torpaqların müdafiəsi uğrunda gedən döyüşlərdə iştirak etməsi ilə bağlı müvafiq qeydiyyatın aparılmaması, buna görə də müharibə veteranlarının imtiyazlarından istifadə edə bilməməsi ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında İddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, 03 yanvar N-cü ilin tarixdə N nömrəli hərbi hissəyə təhvil verilmiş, hərbi hissədən Seyfəli poliqonuna aparılmış, 1 həftə orada qaldıqdan sonra Murov dağında və Kəlbəcər rayonunda gedən döyüşlərdə iştirak etmiş, 31.01.N-cü il tarixdə Murov dagında gedən döyüşdə yaralandığına görə 20 gün müddətində X6 Xəstəxanasında müalicə olunmuş, bundan sonra N nömrəli hərbi hissədə müalicəsi davam etdirilmiş və ona 2 ay müddətində məzuniyyət verilmişdir. Müalicədən sonra onu heç kimin çağırmadığına və onunla heç kimin maraqlanmadığına görə yenidən hərbi hissəyə və döyüş zonasına qayıtmamışdır. Hesab edir ki, əgər hərbi hissəyə qayıtmaması qanunsuz olsa idi, həmin vaxt barəsində cinayət işi qaldırılar və müvafiq tədbirlər görülərdi. Cavabdeh inzibati orqan iddia tələbinə qarşı 12.07.2021-ci il tarixli etirazında iddia tələbinə etiraz etdiyini bildirmiş və etirazını iddiaçının yanvar N-cü il tarixdən sonrakı dövrdə xidməti və qanuni əsaslarla ehtiyata buraxılması barədə N nömrəli hərbi hissə komandirinin nizami hissə üzrə əmrlərində məlumatın aşkar edilməməsi ilə əsaslandırmış və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbinə dair aşağıda qeyd edilmiş sənədlər birinci instansiya məhkəməsinə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsinin 02.11.2020-ci il tarixli məktubu, Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər İdarəsi Mərkəzi Arxivinin 24.10.2019-cu i l tarixli məktubu, Tərtər Hərbi Prokurorluğunun 13.07.2021-ci il tarixli 22HP3707 nömrəli məktubu, Qarabağ Hərbi Prokurorluğunun 26.07.2021-ci il tarixli 18/3640 nömrəli məktubu, Şəki Şəhər Rayon Polis Şöbəsinin 26.07.2021-ci il tarixli 189-19879-1221 nömrəli məktubuna əlavə edilmiş tələbnamə, Füzuli Hərbi Prokurorluğunun 19.08.2021-ci il tarixli 16/3972 nömrəli məktubu, Azərbaycan Respublikası Hərbi Prokurorluğun 06.082021-ci il tarixli HP12/30-7673 nömrəli məktubu, H3 seriyalı ******* nömrəli hərbi biletin notarial qaydada təsdiq edilmiş surəti. Şəki İnzibati Məhkəməsinin (hakim Vüqar Musayev) 12 oktyabr 2021-ci il tarixli, 2- 1(116)-1084/2021 nömrəli qərarı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair iddiasının təmin edilməməsi qərara alınmışdır. İddiaçı apellyasiya şikayəti verərək Şəki İnzibati Məhkəməsinin 12 oktyabr 2021-ci il tarixli, 2-1(116)-1084/2021 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətində qeyd etmişdir ki, Oğuz Rayon Məhkəməsinin 15.12.2020-ci il tarixli 2(054)-458/2020 nömrəli qərardadı ilə onun cavabdeh SHXÇÜDXnin Oğuz rayon Şöbəsinə qarşı döyüşlərdə iştirak etməyi və yaralanmağı faktının müəyyən edilməsi tələbinə dair iddia ərizənin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilmişdir. Həmin qərardadda ona aidiyyatı üzrə inzibati məhkəməyə müraciət etmək hüququnun olduğu izah edilmişdir. Bundan sonra o, Şəki İnzibati Məhkəməsinə cavabdeh SHXÇÜDX-nə qarşı müharibə veteranı adının və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi ilə müraciət etmişdir. Şəki İnzibati Məhkəməsinin 26.02.2021-ci il tarixli 2-1(116)-545/2021 saylı qərardadı ilə onun həmin iddiası mümkün sayılmamışdır. Qeyd edilən qərardadda ona aidiyyatı üzrə Bakı İnzibati Məhkəməsinə müraciət etmək hüququmun olduğu izah edilmişdir. O da yenidən eyni iddia tələbi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin 18.05.2021-ci il tarixli 2-1(112)-5817/2021 nömrəli qərardadı ilə iddia tələbi üzrə cavabdeh Azərbaycan Respublikası SHXÇÜDX əsl cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə əvəz edilmiş və inzibati il aidiyyatı üzrə baxılması üçün Şəki İnzibati Məhkəməsinə göndərilmişdir. Şəki İnzibati Məhkəməsinin 12 oktyabr 2021-ci il tarixli 2- 1(116)-1084/2021 nömrəli qərarı ilə onun hazırki iş üzrə iddia tələbi təmin edilməmişdir. Şəki İnzibati Məhkəməsi hazırda şikayət etdiyi qərarın 4-cü səhifəsində Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Arxivinin 24.10.2019-cu il tarixli məktubunu təhrif olunmuş formada qeyd etmişdir. Həmin məktubda "701 N°-li hərbi hissə komandirinin yanvar N-cü il tarixli nizami hissə üzrə əmrlərində onun şəxsi heyətin siyahısına daxil edilməsi barədə məlumat aşkar edilməmişdir." qeyd edilsə də məhkəmə "Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Arxivinin 24.10.2019-cu il tarixli məktubu ilə müəyyən olunur ki, N saylı hərbi hissənin nizami hissə üzrə əmrlərində iddiaçının N-cü ilin yanvar ayından sonrakı xidməti barədə məlumat yoxdur," yazır. Məktubda yanvar N-cü il tarixli əmrlər barədə qeyd edildiyi üçün həmin əmrlərdə N-cü ilin yanvar ayından sonrakı dövrlər barədə məlumatlar ola bilməz. Məhkəmə mənim Sovet ordusu sıralarında hərbi xidmət keçdiyimi, N saylı hərbi hissənin nizami hissə üzrə N-cü ilin yanvar ayından sonrakı dövr üçün əmrlərini, mənim müalicəmin nə vaxt başa çatdığını, yaralandıqdan sonra hansı vaxtdan mənim hərbi xidmətə yararlı olmadığımı, mənim Oğuz rayon Hərbi Komissarlığına dəfələrlə müraciət etdiyimi və digər faktiki halları araşdırmadan qanunsuz və əsassız qərarı qəbul etmişdir. Onun tərxis olunmağı barədə hərbi hissə komandirinin əmrinin olubolmaması məhkəmə tərəfindən müəyyən edilməmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Arxivinin 24.10.2019-cu il tarixli məktubunda qeyd edilir: "N saylı hərbi hissə komandirinin 31.01.N-cü il tarixli N nömrəli hərbi hissə üzrə əmrilə sıravi İddiaçı hərbi hospitala göndərildiyi üçün qazan təminatından çıxarılmışdır." Qeyd edilən əmrə də məhkəmə münasibət bildirməmişdir. Məhkəmə qərarında həmin məktubun yalnız ikinci hissəsinə (təhrif olunmuş formada) istinad olunmuşdur. Onun tərxis olunmağı barədə heç bir sübutun olmadığı qənaətinə gələn məhkəmə N saylı hərbi hissə komandirinin 31.01.Ncü il tarixli N nömrəli hərbi hissə üzrə əmrini görməzdən gələrək, ümumiyyətlə nəzərə almamışdır. Məhkəmə onun tərxis olunmağı barədə 31.01.N-cü il tarixdən 10.05.N-cü il tarixədək və ondan sonra hər hansı bir əmrin olub-olmaması barədə heç bir araşdırma aparmamış və nəticədə səhv qənaətə gəlmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Hərbi Həkim Komissiyasının 23.09.2020-ci il tarixli 371 nömrəli qərarı məhkəməyə təqdim olunsa da nəzərə alınmamış və həmin qərara məhkəmə tərəfindən münasibət bildirilməmişdir. Odur ki, Şəki İnzibati Məhkəməsinin 12 oktyabr 2021-ci il tarixli 2-1(116)- 1084/2021 nömrəli qərarının tam ləğv edilməsi və işə yenidən baxılması üçün Şəki İnzibati Məhkəməsinə qaytarılması barədə yeni qərar qəbul edilməsini xahiş edir. Tərəflərin izahatları Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi həmçinin, vəkili X4 apellyasiya şikayətinin təmin edilməsini və Şəki İnzibati Məhkəməsinin 12 oktyabr 2021-ci il tarixli 2- 1(116)-1084/2021 nömrəli qərarının ləğv edilməsi və yeni qərar qəbul edilərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq İddiaçı məhkəmə iclasına gəlməmiş və cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi nümayəndəsinin iştirakını təmin etməmişlər. Məhkəmə kollegiyası iddiaçının və cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin (bundan sonra Azərbаycаn Respublikаsının İPM və ya İPM) 62.3-cü mаddəsi). Əsaslandırma hissəsi İddiaçının apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Lakin şikayət əsaslı deyil və Şəki İnzibati Məhkəməsinin 12 oktyabr 2021-ci il tarixli 2-1(116)-1084/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. İddia əsassızdır. İş materiallarında olan, Azərbaycan Respublikası Hərbi Prokurorluğunun 06.08.2021ci il tarixli HP12/30-7633 nömrəli məktubundan görünür ki, N nömrəli hərbi hissədə xidmət etmiş İddiaçı barəsində Azərbaycan Respublikası Hərbi Prokurorluğunda hər hansı bir cinayət işi və ya təqsirləndirici materialın olması müəyyən edilməmişdir. İş materiallarında olan, Qarabağ Hərbi Prokurorluğunun 26.07.2021-ci il tarixli 18/3640 nömrəli məktubundan görünür ki, İddiaçı barəsində Qarabağ Hərbi Prokurorluğunda cinayət işi istintaq olunmamış və təqsirləndirici material araşdırılmamışdır. İş materiallarında olan, Füzuli Hərbi Prokurorluğunun 19.08.2021-ci il tarixli 16/3972 nömrəli məktubundan görünür ki, İddiaçı barəsində Füzuli Hərbi Prokurorluğunda təqsirləndirici material və cinayət işi yoxdur. İş materiallarında olan, Tərtər Hərbi Prokurorluğunun 13.07.2021-ci il tarixli 22HP3707 nömrəli məktubundan görünür ki, 1971-ci il təvəllüdlü, N nömrəli hərbi hissədə xidmət etmiş İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməmiş, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilməmiş, barəsində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilməmişdir. Lakin N nömrəli hərbi hissənin şəxsi heyətinin qrup halında fərarilik etməsi və silah sursatın itirilməsi faktı üzrə Azərbaycan Respublikası Hərbi Prokurorluğunun İstintaq idarəsində dayandırılmış cinayət işi olmuşdur. İş materiallarında olan, H3 seriyalı ******* nömrəli hərbi biletin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, iddiaçının hərbi xidmətdən ehtiyata buraxılması barədə heç bir qeyd yoxdur. İş materiallarında olan, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsinin 02.11.2020-ci il tarixli məktubundan görünür ki, iddiaçı anoloji tələblə cavabdehə müraciət etmiş, lakin cavabdeh tərəfindən iddiaçının N nömrəli hərbi hissədə 31.01.N-cü il tarixdən sonrakı xidməti və hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılması barədə məlumat olmadığından, “Müharibə Veteranı” adının verilməsindən imtina edilmişdir. İş materiallarında olan, Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər İdarəsi Mərkəzi Arxivinin 24.10.2019-cu il tarixli məktubunda qeyd olunub: - N №-lli hərbi hissə komandirinin 31.01.N-cü il tarixli N nömrəli nizami hissə üzrə əmrilə (əsas: §-4, sıra-7, əmrdə adı Əlfiəddin yazılmışdır) sıravi X1 hərbi hospitala göndərildiyi üçün qazan təminatından çıxarılmışdır. Qeyd edirik ki, N №-li hərbi hissə komandirinin yanvar N-cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı şəxsi heyətin siyahısına daxil edilməsi barədə məlumat aşkar edilməmişdir. İş materiallarında olan, Şəki Şəhər Rayon Polis Şöbəsinin 26.07.2021-ci il tarixli 189- 19879-1221 nömrəli məktubuna əlavə edilmiş tələbnamədən görünür ki, İddiaçı barəsində DİN BƏSİİ-nin əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin maddənin qeyd hissəsində deyilir ki, bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. Həmin Qanunun 7-ci maddəsinə əsasən müharibə veteranı adının verilməsi qaydası və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22.09.N5-ci il tarixli 216 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri” haqqında Əsasnamənin 1-ci bölməsinə əsasən, müharibə veteranı adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N1-ci il oktyabrın 9dan N-cü il mayın 10-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara 10 may N-cü il tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçularamüdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Dövlət Sərhəd Xidməti və hərbi hissələr, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Arxivinin 24.10.2019-cu il tarixli məktubu ilə müəyyən olunur ki, N saylı hərbi hissənin nizami hissə üzrə əmrlərində iddiaçının N-cü ilin yanvar ayından sonrakı xidməti barədə məlumat yoxdur. İddiaçı özü də, məhkəmə iclasında izahat verərəkən 31.01.N-cü ildə yaralandıqdan və müalicə olunduqdan sonra hərbi hissəyə və döyüş zonasına qayıtmadığını etiraf etmiş, geri qayıtmamasının səbəbini isə müalicədən sonra onunla heç kimin maraqlanmaması ilə izah etmişdir. Məhkəmə izah edir ki, iddiaçı hər bir halda müalicədən sonra xidmət etdiyi hərbi hissəyə qayıtmalı və qanuni əsaslarla ehtiyata buraxılanadək hərbi xidmətini davam etdirməli idi. Bu isə Müdafiə Nazirliyi Mərkəzi Arxivinin 24.10.2019-cu il tarixli məktubunda göstərilən qeydlərin doğru olduğunu, N №li hərbi hissənin nizami hissə üzrə əmrlərində iddiaçı barəsində məlumatların olmamasının səbəbinin faktiki olaraq iddiaçının müalicədən sonra həmin hərbi hissəyə qayıtmaması ilə bağlı olduğunu göstərir. Qeyd edilən fakt həm də, iddiaçının qanuni əsaslarla ehtiyata buraxılmadığını sübut edir. Belə ki, şəxsə “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi üçün zəruri şərtlərdən biri şəxsin hərbi hissəyə daxil olması və hərbi hissədən qanuni əsaslarla ehtiyata buraxılmasıdır. Yəni, şəxsin hərbi hissəyə daxil olması kifayət etmir, hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılması (tərxis olunması) da baş verməlidir. Nəzərə alınmalıdır ki, hərbi qulluqçuların ehtiyata buraxılması prosesi Azərbaycan Respublikası Prezidentinin “Səfərbərlik üzrə çağırılmış hərbi qulluqçuların qismən ehtiyata buraxılması haqqında” 23 yanvar N6-cı il tarixli, 433 nömrəli Fərmanından sonra başlamışdır. Odur ki, iddiaçının müharibə veteranı statusunu almaq üçün hərbi xidmətdən qanuni əsaslarla tərxis olunması şərti sübuta yetirilmir. Belə ki, “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanunun 3cü maddəsinə əsasən, vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, qoşun hissəsinin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. (07 oktyabr N7-ci il tarixli 378-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə bu maddədə “qoşun hissəsinin siyahılarından” sözləri “hərbi hissənin siyahılarından” sözləri ilə əvəz edilmişdir). “Hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinə əsasən, hərbi qulluqçunun həqiqi hərbi xidmətinin sonu hərbi hissə komandirinin əmri ilə şəxsi heyət siyahısından çıxarıldığı gün sayılır. Şərh olunanlara obyektiv hüquqi qiymət verərək birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxs olduğundan, eyni zamanda hərbi hissədən qanuni əsaslarla tərxis olunması və şəxsi heyət siyahısından çıxarılması barədə sübut olmadığından inzibati orqan tərəfindən iddiaçıya “Müharibə veteranı” adının və vəsiqənin verilməsindən imtina olunması qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Öhdəliyin icrası haqqında iddialar üzrə öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh iddiaçıya “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsindən imtinanı zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etsə də, iddiaçı hərbi hissədən qanuni əsaslarla tərxis edilməsini sübut edə bilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının hərbi hissədən qanuni əsaslarla tərxis olunması və siyahılardan çıxarılması barədə sübut olmadığından inzibati orqan tərəfindən iddiaçıya “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsindən imtina olunması qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Məhkəmə kollegiyası istinad olunan qanunvericilik normalarını və işin hallarını nəzərə alaraq belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasını təmin etməməklə düzgün nəticəyə gəlmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İddiaçının apellyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir. Nəticəvi hissə Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 12 oktyabr 2021-ci il tarixli, 2-1(116)-1084/2021 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-1(107)-54/2022
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-54/2022
13.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver