Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-54/2024 01.02.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X6 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “iddiaçıya xx.xx.2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi və hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibаti iş üzrə Şəki İnzibati Məhkəməsinin 25 oktyabr 2023-ci il tarixli, 2-1(116)-2672/2023 qərarından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı cavabdehə qarşı “iddiaçıya xx.xx.2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi və hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. İşin qısa mahiyyəti ondan ibarətdir ki, iddiaçı xx.xx.2021-ci il tarixdə 65 yaşı tamam olduğundan yaşa görə əmək pensiyası təyin olunması üçün aidiyyəti üzrə cavabdeh orqana müraciət etmişdir.Müraciətinə xx.xx.2023-cü il tarixdə 3-17-1/2-Q-168464/2023 nömrəli məktubla cavab verilərək yaşa görə əmək pensiyası təyin edilməkdən imtina edilmişdir. İddiaçının hazırkı iddianı qaldırmaqda hüquqi marağı yaşa görə əmk pensiyasının təyin olunmasına nail olmaqdır.
3. Cavabdehin birinci instansiya məhkəməsinə təqdim etdiyi xx.xx.2023-cü il tarixli etirazını belə əsaslandırmışdır ki, əmək kitabçasına və hərbi biletə əsasən sığorta stajı 5 il 11 ay 11 gün təşkil edir. xx.xx.2006-cı il tarıxından xx.xx.2018-ci il tarixinədək fərdi hesabın sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb. xx.xx.2006-cı ildən tarixindən sonrakı dövrlərdə sosial sığorta haqları ödənmədiyindən əmək kitabçasında qeyd edilmiş xx.xx.1988-ci il tarixindən xx.xx.2012-ci il tarixinədək Zaqatala rayon X2 dövrlərin sığorta stajına daxil edilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır. Ümumi sığorta stajı qanunıa nəzərdə tutulandan (25 ildən) az olduğu üçün yaşa görə əmək pensiyasının təyin edilmsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir.
4. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraz məktubunun məzmununa uyğun izahat verərək iddianın təmin edilməməsini xahiş etmişdir.
5. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
6. Şəki İnzibati Məhkəməsinin (hakim Fəxri Hacızadə) 25 oktyabr 2023-ci il tarixli, 2- 1(116)-2672/2023 nömrəli qərarı ilə iddia tələbinin təmin edilməməsi qərara alınmışdır.
7. İddiaçı həmin qərardan apellyasiya şikayəti vermişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ
8. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, əmək kitabçasında qeyd edilən, təkcə 01.01 2006-cı ilədək olan dövr nəzərə alınsa, ümumi iş stajı 25 il 1 ay 21 gün təşkil edir. Yəni, xx.xx.2006-cı il tarixindən sonrakı dövrlərdə sosial sığorta haqqları ilə bağlı hansısa ödənişin aparılıb-aparılmamasına və ya araşdırılmasına zərurət qalmır. Zaqatala Rayon Dövlət Arxivinin xx.xx.2023-cü il tarixli, 3-48- 47RA/2/Q-42/894/2023 nömrəli Arxiv Arayışında göstərildiyi 1981-ci ildən 1987-ci ilədək dövrlər üzrə kolxozda işləməyi və ona əmək haqqı hesablanması nəzərə alınmamışdır. Əgər həmin Arxiv Arayışında göstərildiyi dövrlər də nəzərə alınarsa, o halda ümumi iş stajı 25 il 1 ay 21 gün yox, daha çox olar. Yəni, həm əmək kitabçasında, həm də arxiv arayışında göstərilən dövrlər nəzərə alındıqda, bu dövrləri əhatə edən illərin sayı 25-dən çoxdur. Deməli, yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunla nəzərdə tutulan sığorta stajı (25 il) ödənilir. Bundan başqa, əmək kitabçasının 10-cu səhifəsində 11 nömrə ilə aparılmış qeyd müəssisənin rəhbərinin imzası və möhürü ilə təsdiqlənmiş olmasa da, həmin qeydin mötəbər sayılmamasına dair nəticəyə gəlməklə birinci instansiya məhkəməsi prosessual pozuntuya yol vermişdir. Çünki məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki hallan xidməti vəzifəsinə görə araşdırmağa borclu idi. Ancaq, birinci instansiya məhkəməsi əmək kitabçasındakı sözügedən qeydin yalnız müəssisənin rəhbərinin imzası və möhürü ilə təsdiqlənmiş olmaması səbəbindən mötəbər olmamasına əsaslanaraq iddianı rədd etmişdir. Lakin, məhkəmə həmin qeydin mötəbərliyini təmin edəcək hər hansı bir araşdırma aparmamışdır. Yəni, bunun üçün nə müstəqil şəkildə öz təşəbbüsü ilə, nə də iddiaçıdan əlavə məlumat və ya sübut əldə etmişdir. Ona görə də, apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 25 oktyabr 2023-ci il tarixli, 2-1(116)- 2672/2023 nömrəli qərarının ləğv edilməsi, iddia tələbinin təmin edilməsinə dair yeni qərar çıxarılmasını xahiş etmişdir.
TƏRƏFLƏRİN İZAHATLARİ
9. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 25 oktyabr 2023-ci il tarixli, 2-1(116)-2672/2023 nömrəli qərarının ləğv edilməsi, iddia tələbinin təmin edilməsinə dair yeni qərar çıxarılmasını xahiş etdi.
10. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin 25 oktyabr 2023-ci il tarixli, 2-1(116)-2672/2023 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi.
11. İş materiallarında olan aşağıda sadalanan sənədlərin məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: - İşdə olan,cavabdehin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki,iddiaçının ilkin tələbi təmin olunmamışdır. - İddiaçıya məxsus НЗ-3210164 nömrəli hərbi biletdən görünür ki, İddiaçı xx.xx.1974-cü il tarixindən xx.xx.1976-ci il tarixinədək hərbi xidmətdə olmuşdur. - İddiaçıya məxsus AT-İİ ******* nömrəli Əmək kitabçasının əsli. - İş materiallarına əlavə edilmiş Zaqatala Rayon Dövlət arxivinin xx.xx.2023-cü il tarixli arxiv arayışından görünür ki, iddiaçının keçmiş “Nizami” adına kolxozunda əmək fəaliyyəti müəyyən fasilələrlə 1981-ci ilin fevral ayından 1987-cı ilə qədər olan dövrü əhatə edir. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 13 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2023-cü il tarixli məktubu və əlavə edilən sənədlər. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 13 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2023-cü il tarixli məktubu və əlavə edilən sənədlər.
TƏTBİQ EDİLƏN HÜQUQ
12. İnzibati Prosessual Məcəllə: Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 12.3. Məhkəmə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki halların araşdırılmasında və sübutların toplanılmasında məhkəməyə yardım etməyə borcludurlar. 12.4. Proses iştirakçıları tərəfindən hər hansı sübutun məhv edilməsi və ya gizlədilməsi yaxud hər hansı başqa üsulla həmin sübutun araşdırılmasına maneçilik törədilməsi qadağandır. Belə halların baş verdiyi təqdirdə, məhkəmə konkret işlə bağlı bütün xüsusiyyətləri nəzərə alaraq sübut etmə vəzifəsinin dönüşü haqqında qərardad qəbul edə bilər. Maddə 14.2. İnzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 48. Məhkəmənin və proses iştirakçılarının işin hallarının obyektiv araşdırılması ilə bağlı vəzifələri 48.1. Sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyrimüəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. 48.2. İnzibati məhkəmə icraatının iştirakçıları yazılı vəsatətlərini, etirazlarını, izahatlarını və bunlarla əlaqədar sənədləri məhkəmə baxışı başlayana qədər təqdim etməyə borcludurlar. Sədrlik edən hakim bu məqsədlə müddət təyin edə bilər. Məhkəmə xidməti vəzifəsinə görə həmin sənədlərin surətlərini prosesin digər iştirakçılarına göndərir. 48.3. Yazılı vəsatətlərə, etirazlara, izahatlara onlarda istinad olunan sənədlərin əsli və ya surəti tam və ya çıxarışlar şəklində əlavə edilməlidir. Həmin sənədlər qarşı tərəfə məlum olduğu və ya həcmcə çox böyük olduğu hallarda, onların əlamətlərini dəqiq göstərməklə, qarşı tərəfin həmin sənədlərlə məhkəmədə tanış olmasının mümkünlüyünü qeyd etmək kifayətdir. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
13. Əmək Məcəlləsinin 87-ci maddəsində qeyd olunmuşdur ki, işçinin əmək fəaliyyəti haqqında sənədi əmək kitabçası hesab edilir.
14. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il 25 noyabr tarixli 638 nömrəli qərar ilə təsdiq edilmiş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar «Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə» Əsasnaməyə əsasən əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır.
15. “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydalarının təsdiq edilməsi” barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarının 1.1-ci hissəsinə əsasən əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir.
16. “Əmək pensiyaları haqqında” Qanun: 1.0.2 sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur; 1.0.10. pensiya kapitalı - müvafiq olaraq fərdi hesabın sığorta hissəsində qeydə alınan və fərdi hesabın yığım hissəsində toplanan vəsaitlərin məbləğidir; 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Maddənin qeydinə əsasən, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. 21.1-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyən hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir.
17. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 24. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. Maddə 46.3. Maraqlı şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması qadağandır.
APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ
18. İddiaçının apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Apellyasiya şikayəti mümkündür və əsaslıdır, ona görə də apellyasiya şikayəti uğurlu olacaqdır.
19. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.
20. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada hüquqlarını pozduğunu iddia edə bilər.
21. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır. .
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
22. Birinci instansiya məhkəməsi iddianı təmin etməmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
23. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iş materiallarına və iddiaçıya məxsus Əmək kitabçasına əsasən onun 1973-cü ildən xx.xx.1987-ci ilə qədər təhsil dövrü, müxtəlif yerlərdə əmək fəaliyyəti göstərdiyi öz təsdiqini tapmışdır. İşin araşdırılması zamanı iddiaçının işlədiyi Zaqatala rayonunda fəaliyyət göstərmiş “Zaqatala kənd təsərrüfatı kimya birliyi”nə aid arxiv sənədlər ilə bağlı ortaya çıxan bir sıra neqativ hallarla əlaqədar müəsissənin hansı illər ərzində fəaliyyət göstərməsi barədə sorğu verilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 13 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2023-cü il tarixli məktubu və əlavə edilən sənədlərə əsasən müəyyən edilmişdir ki, “Zaqatala kənd təsərrüfatı kimya birliyi” müəssisə rəhbərinin ərizəsi əsasından xx.xx.2011-ci il tarixdən fəaliyyətini dayandırmışdır. İddiaçıya məxsus əmək kitabçasına əsasən isə onun həmin müəssisədə xx.xx.2012-ci il tarixinədək işlədiyi barədə qeyd aparılmışdır. Əgər iddiaçının, xx.xx.2006-cı il tarixindən sonrakı dövrlərdə sosial sığorta haqları ilə bağlı hansısa ödəniş aparılmış olsa idi iddiaçının 25 il sosial sığorta stajının araşdırılmasına zərurət qalmazdı. Cavabdehin təqdim etdiyi məlumata əsasən belə bir ödəmə aparılmamışdır.
24. İddiaçının hesablanan sosial sığorta stajı təhsil dövrü ilə bağlı xx.xx.1973-cü ildən başlayır. Əmək kitabçasının 8-ci səhifəsində aparılmış 10-cu qeyddən görünür ki, iddiaçı “Nizami” adına kolxozdan xx.xx.1987-ci il tarixdə ərizəsinə əsasən azad olunmuşdur. İddiaçının sonuncu iş yeri üzrə olan məlumat xx.xx.1987-ci il tarixli qeydə əsasən aparılmışdır. Əmək kitabçasının 10-cu səhifəsində 11 nömrə ilə aparılmış həmin qeyd müəssisənin rəhbərinin imzası və möhürü ilə təsdiqlənmədiyindən qeyd olunan tarixdən sonrakı dövr onun sosial sığorta stajına daxil edilməli deyildir. Yəni xx.xx.1987-xx.xx.2012ci il tarixləri əhatə edən dövr həm işə daxil olma, həm də işdən azad edilmə barədə qeydlər mötəbərliyini tapmamışdır. Həmçinin, birinci instansiya məhkəməsi qeyd edir ki, 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilməsi üçün onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olmalıdır ki, iddiaçının da həmin tarixə pensiya kapitalı qeydə alınmamışdır. Beləliklə yuxarıda şərh olunanlara əsasən məhkəmə hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir.
25. Məhkəmə kollegiyası cavabdehin iddiaçının müraciətinə imtinasında göstərdiyi xx.xx.2006-cı ildən tarixindən sonrakı dövrlərdə sosial sığorta haqları ödənmədiyindən əmək kitabçasında qeyd edilmiş xx.xx.1988-ci il tarixindən xx.xx.2012-ci il tarixinədək Zaqatala rayon X2 dövrlərin sığorta stajına daxil edilməsi ilə bağlı dəlilinə münasibətdə qeyd edir ki, bu hal iddiaçının ziyanına şərh edilə bilməz. Belə ki, iddiaçının vəzifəsi ona məxsus əmək kitabçasının lazımi qaydada saxlanılmasını təmin etmək olmuşdur və o, tələbini əsaslandırdığı halları əmək kitabçasındakı müvafiq qeydlərlə sübut edə bilir. Digər müəssisə və orqanların öz fəaliyyətini qanunvericiliyin tələblərinə uyğun qurmaması isə, iddiaçının hüquqlarının pozulmasına və ona məxsus sənədlərdə icra edilmiş qeydlərin həqiqiliyinin şübhə altına salınmasına səbəb olmamalıdır.
26. Məhkəmə kolegiyası qeyd edir ki, iddiaçının əmək stajı işdə olan əmək kitabçası ilə müəyyən edildiyindən və həmin əmək kitabçalarında icra edilmiş qeydlərin həqiqətə uyğun olmaması cavabdeh tərəfindən müəyyən edilmədiyindən müvafiq qeydlərin mötəbərliyini şübhə altına almaq üçün heç bir əsas yoxdur. Belə ki, iddiaçının kollegiyaya təqdim etdiyi Zaqatala rayon Kənd Təsərrüfatına aqrokimyəvi xidmət üzrə istehsalat birliyi Rayonkəndkimyanın 22 iyun 1987-ci il tarixli 59 nömrəli əmrindən çıxarışdan görünür ki, iddiaçının 22 iyun 1987-ci il tarixdən 50-25 nömrəli avtomaşına 3-cü dərəcəli sürücü qəbul edilməsi əmr edilmişdir. Bu isə onu təsdiq edir ki, iddiaçıya məxsus əmək kitabçasının 10cu səhifəsində 11 nömrə ilə aparılmış həmin qeyd şübhə altına alına bilməz. Odur ki, iddiaçı barəsində tərtib edilmiş əmək kitabçasını məhkəmə iddiaçının əmək stajını təsdiq edən sübut kimi qəbul edir və hesab edir ki, həmin sənədlərin yenidən digər sənədlərlə sübut olunmasına ehtiyac yoxdur (Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2021ci il tarixli 2-1(102)-1737/2021 nömrəli qərarında əks olunan hüquqi mövqe).
27. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının əmək kitabçasında qeyd edilən, 01.01 2006-cı ilədək olan dövr nəzərə alınarsa, ümumi iş stajı 25 il 1 ay 21 gün təşkil edir. Belə olan halda isə iddiaçıının xx.xx.2006-cı il tarixindən sonrakı dövrdə pensiya kapitalının qeydə alınmasına zərurət qalmır.
28. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddiaçıya məxsus əmək kitabçasında qeyd edilən xx.xx.1987-xx.xx.2012-ci il tarixləri əhatə edən dövrdə iddiaçının həm işə daxil olması, həm də işdən azad edilməsi barədə qeydlərin mötəbərliyini tapmaması ilə bağlı bir daha qeyd edir ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 13 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2023-cü il tarixli məktubu və əlavə edilən sənədlərə əsasən müəyyən edilmişdir ki, “Zaqatala kənd təsərrüfatı kimya birliyi” müəssisə rəhbərinin ərizəsi əsasından xx.xx.2011-ci il tarixdən fəaliyyətini dayandırmışdır. İddiaçının “Zaqatala kənd təsərrüfatı kimya birliyi” müəssisəsində həmin müəssisə fəaliyyətini dayandırdığı tarixə kimi işlədiyi, yəni xx.xx.1987-ci il tarixdən xx.xx.2012-ci il tarixə kimi deyil, xx.xx.2011-ci il tarixə kimi işlədiyi nəzərə alındığı halda belə onun 25 ildən artıq əmək stajının olması müəyyən edilir.
29. Yuxarıda qeyd olunan işin hallarını, tərəflərin məhkəmə kollegiyasının iclasında verdikləri izahatları nəzərə alan məhkəmə kollegiyasının qənaətinə görə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, cavabdeh inzibati orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmamışdır. İddiaçının məhkəmə araşdırması zamanı müəyyən edilən əmək stajı ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün yetərli olduğundan, məhkəmə həmin illərin iddiaçının sığorta stajına daxil edilməsi ilə bağlı tələbinin əsaslı olması qənaətinə gəlir.
30. Beləliklə, işin hallarını və aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilərək iddia təmin edilməli, İddiaçı işlədiyi illəri sığorta stajı kimi nəzərə alaraq ona xx.xx.2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi və hesablanması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulmalıdır.
31. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.2, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏRАRА АLDİ:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Şəki İnzibati Məhkəməsinin 25 oktyabr 2023-ci il tarixli, 2-1(116)-2672/2023 nömrəli qərarı ləğv edilsin. İnzibati iş üzrə yeni qərar çıxarılaraq iddia təmin edilsin. İddiaçı işlədiyi illəri sığorta stajı kimi nəzərə alaraq ona xx.xx.2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi və hesablanması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. İnzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.