Məhkəmə qərarları › İş №2-1(107)-540/2023

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(107)-540/2023

04.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(107)-540/2023 04.10.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən, məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, Atababayev Faiq Gülağa oğlunun katibliyi ilə, İddiaçı cavabdeh ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı “ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli **********88 nömrəli imtinasının qanunsuz hesab edilməsi və X2 adına tərtib edilmiş 22 avqust 2006-cı il tarixli inventar nömrəsi 11753 olan texniki pasportun, İddiaçı adına tərtib edilmiş sentyabr 2001-ci il tarixli inventar nömrəsi 10864 nömrəli texniki pasportun və X1 adına tərtib edilmiş xx.xx.2007-ci il tarixli inventar nömrəsi 11759 olan Daşınmaz Əmlakın Texniki Pasportun Vartaşen Rayon Xalq Məhkəməsinin 17 aprel 1973-cü il tarixli qətnaməsinə uyğun olaraq düzəliş edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 3 avqust 2023-cü il tarixli 2-1(116)- 28/2023 nömrəli qərardadından iş üzrə İddiaçı tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdeh ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək “ƏMDK yanında DƏDRXnin 12 saylı Şəki Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli **********88 nömrəli imtinasının qanunsuz hesab edilməsi və X2 adına tərtib edilmiş 22 avqust 2006-cı il tarixli inventar nömrəsi 11753 olan texniki pasportun, İddiaçı adına tərtib edilmiş sentyabr 2001-ci il tarixli inventar nömrəsi 10864 nömrəli texniki pasportun və X1 adına tərtib edilmiş xx.xx.2007-ci il tarixli inventar nömrəsi 11759 olan Daşınmaz Əmlakın Texniki Pasportun Vartaşen Rayon Xalq Məhkəməsinin 17 aprel 1973-cü il tarixli qətnaməsinə uyğun olaraq düzəliş edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət etmişdir.

2. Birinci instansiya məhkəməsinin xx.xx.2023-cü il tarixli yardım məktubu iddiaçının elektron kabinetinə ünvanlanmış və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin (bundan sonra “İPM”) 13-cü maddəsinə əsasən izah edilmişdir ki, iddia tələbi mümkünlük şərtlərinə cavab vermir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

3. Şəki İnzibati Məhkəməsinin (hakim Vüqar Musayev) 3 avqust 2023-cü il tarixli 2- 1(116)-28/2023 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır.

4. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti vermişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ

5. İddiaçı apellyasiya şikayətini iddia ərizəsinin dəlilləri ilə əsaslandırmış və apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 3 avqust 2023-cü il tarixli 2-1(116)-28/2023 nömrəli qərardadının ləğv edilməsi və iddia tələbinin mümkün sayılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir.

TƏRƏFLƏRİN İZAHATLARİ

6. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 3 avqust 2023-cü il tarixli 2-1(116)-28/2023 nömrəli qərardadının ləğv edilməsi və iddia tələbinin mümkün sayılması barədə qərardad qəbul edilməsini xahiş etdi.

7. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs X3 apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin 3 avqust 2023-cü il tarixli 2- 1(116)-28/2023 nömrəli qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

8. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh nümayəndəsinin iştirakını təmin etməmişdir.

9. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi).

TƏTBİQ EDİLƏN HÜQUQ

10. İnzibati Prosessual Məcəllə: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 12.3. Məhkəmə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki halların araşdırılmasında və sübutların toplanılmasında məhkəməyə yardım etməyə borcludurlar. Maddə 12.4. Proses iştirakçıları tərəfindən hər hansı sübutun məhv edilməsi və ya gizlədilməsi yaxud hər hansı başqa üsulla həmin sübutun araşdırılmasına maneçilik törədilməsi qadağandır. Belə halların baş verdiyi təqdirdə, məhkəmə konkret işlə bağlı bütün xüsusiyyətləri nəzərə alaraq sübut etmə vəzifəsinin dönüşü haqqında qərardad qəbul edə bilər. Maddə 13. Məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 80.1. Barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Maddə 82. Apellyаsiyа instаnsiyаsı məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə bаxır. Apellyаsiyа instаnsiyаsı məhkəməsi həmçinin, bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir.

11. İddia müddəti ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli qərarında göstərilmişdir ki, “iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir, birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa, bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı”.

12. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2000-ci il 1 sentyabr tarixdən qüvvəyə minmiş 298-ci maddəsinə əsasən, şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malik olmuşdur. 2011-ci il 1 yanvar tarixədək qəbul edilmiş aktların mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 2011-ci il 1 yanvar tarixədək artıq ötürülmüşdürsə, onlar yeni qanuna görə də mübahisələndirilə bilməzlər.

13. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarı: 2.3-cü bəndinə əsasən, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 3.1-ci bəndinə əsasən inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. 3.2-ci bəndinə əsasən İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. 3.3-cü bəndinə əsasən yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. 3.4-cü bəndinə əsasən birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. 6.1-ci bəndinə əsasən iddianın mümkünlüyü baxımından hüququn pozulubpozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 8.1-ci bəndinə əsasən iddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir. 8.2-ci bəndinə əsasən bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. 8.3-cü bəndinə əsasən buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ

14. Apellyasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

15. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

16. Kollegiya ilk olaraq bildirir ki, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılılq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olub-olmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddi-hüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlayır.

17. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq qeyd edir ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. İlk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlanılmalıdır (İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli Qərarı).

18. İddia ərizəsinin məzmunundan görünür ki, iddiaçının hüquqi marağı Vartaşen Rayon Xalq Məhkəməsinin 17 aprel 1973-cü il tarixli qətnaməsinə uyğun olaraq aşağıda qeyd edilmiş texniki pasportlara düzəliş edilməsinə nail olmaqdır; - X2 adına tərtib edilmiş 22 avqust 2006-cı il tarixli inventar nömrəsi 11753 olan texniki pasport, - İddiaçı adına tərtib edilmiş sentyabr 2001-ci il tarixli inventar nömrəsi 10864 nömrəli texniki pasport, - X1 adına tərtib edilmiş xx.xx.2007-ci il tarixli inventar nömrəsi 11759 olan Daşınmaz Əmlakın Texniki Pasportu.

19. Birinci instansiya məhkəməsi tərəfindən qaldırılmış iddia tələbi üzrə hüququn pozulub-pozulmamasının qiymətləndirilməsi üçün iddiaçının hüquqi marağının, yəni hüquqi müdafiəyə ehtiyacının olub-olmamasının yoxlanılması məqsədilə xx.xx.2022-ci il tarixli 2-1(116)-324/2022 nömrəli qərardadı ilə iş üzrə məhkəmə tikinti ekspertizası təyin edilərək ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir. Ekspert qarşısında aşağıda qeyd edilmiş suallar qoyulmuşdur:

1. xx.xx.2006-cı il tarixdə tərtib edilmiş texniki pasportla xx.xx.2007-ci il tarixli 11759 inventar nömrəli texniki pasportda qeyd edilmiş mübahisəli tikilinin texniki göstəriciləri üst-üstə düşürmü (düşmürsə, hansı hissədə üst-üstə düşməməsi qeyd edilməklə)?

2. xx.xx.2006-cı il tarixli texniki pasportda, həmçinin, xx.xx.2007-ci il tarixli 11759 inventar nömrəli və sentyabr 2001-ci il tarixli, 10864 inventar nömrəli texniki pasportlarda qeyd edilmiş mübahisəli tikilinin texniki göstəriciləri Vartaşen Rayon Xalq Məhkəməsinin xx.xx.1973-cü il tarixli qətnaməsində göstərilən bölgü qaydasına uyğundurmu (uyğunluq yoxdursa qətnamənin tələbinə uyğun olmayan texniki göstəricilər nədən ibarətdir)?

3. xx.xx.2006-cı il tarixli və xx.xx.2007-ci il tarixli 11759 inventar nömrəli texniki pasportlarda qeyd edilmiş mübahisəli tikilinin sənəd üzrə texniki göstəriciləri - sentyabr 2001-ci il tarixli, 10864 inventar nömrəli texniki pasportun sənəd üzrə texniki göstəriciləri ilə üst-üstə düşürmü?

20. Ekspertə izah olunmuşdur ki, hazırkı iş üzrə tədqiqat obyekti Seriya MH0000842 nömrəli çıxarışa əsasən X3 və İddiaçı paylı mülkiyyətində olan Şəki şəhəri Məmməd Cabbarov küçəsində yerləşən 1 mərtəbəli 3 otaqlı fərdi yaşayış evidir və qoyulmuş suallar sözügedən fərdi yaşayış evinə dair tərtib edilmiş texniki pasportların göstəricilərinin birbirinə və işdə olan məhkəmə aktına uyğun olub-olmaması barədədir. Odur ki, fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi inzibati mübahisənin araşdırma predmeti olmadığından torpaq sahəsinə dair baza məlumatlarının və koordinatlarının əldə edilməsi zərurəti yoxdur.

21. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 10/519 nömrəli rəyindən görünür ki, tədqiqat obyektinə xx.xx.2023cü il tarixdə baxış keçirilmiş və məhkəmə tərəfindən ekspert qarşısında qoyulmuş suallar aşağıdakı kimi cavablandırılmışdır: Qərardadın 1-ci sualı üzrə: - xx.xx.2006-cı il tarixdə tərtib edilmiş texniki pasportla xx.xx.2007-ci il tarixli 11759 inventar nömrəli texniki pasportda qeyd edilmiş mübahisəli tikilinin texniki göstəriciləri müqayisələndirilən zaman göstəricilər arasında qismən uyğunsuzluq olduğu müəyyən olunur. Belə ki, xx.xx.2007-ci il tarixli 11759 inventar nömrəli texniki pasport sənədində yarımzirzəmi hissənin “3” nömrəli otağının uzunluğu 6.30 metr qeyd olunduğu halda xx.xx.2006-cı il tarixli texniki pasport sənədində həmin otağın uzunluğu 6.50 metr, xx.xx.2007-ci il tarixli 11759 inventar nömrəli texniki pasport sənədində 1-ci mərtəbənin “6” nömrəli otağının uzunluğu 6.30 metr qeyd olunduğu halda xx.xx.2006-cı il tarixli texniki pasport sənədində həmin otağın uzunluğu 6.50 metr qeyd olunmuşdur. Həmçinin, xx.xx.2007-ci il tarixli 11759 inventar nömrəli texniki pasport sənədində 1-ci mərtəbənin “5” nömrəli otağının uzunluğu 4.0 metr qeyd olunduğu halda xx.xx.2006-cı il tarixli texniki pasport sənədində həmin otağın uzunluğu 3.60 metr qeyd olunmuşdur. Qərardadın 2-ci sualı üzrə: - xx.xx.2006-cı il tarixli, xx.xx.2007-ci il tarixli 11759 inventar nömrəli və sentyabr 2001-ci il tarixli 10864 inventar nömrəli texniki pasport sənədlərində Vartaşen Rayon Xalq Məhkəməsinin xx.xx.1973-cü il tarixli qətnaməsində qeyd olunan ölçülərdə 30 kv.m zal, orta evdən eni 4 metr, uzunluğu 3.75 metr olmaqla 15 kv.m və balkondan eni 4 metr, uzunluğu 3.75 metr olmaqla 15 kv.m, digər divar tərəfdən 26 kv.m, orta evin 11 kv.m hissəsi və 27 kv.m balkonun mövcud olmadığı müəyyən olunmuşdur. Belə olan halda xx.xx.2006-cı il tarixli, xx.xx.2007-ci il tarixli 11759 inventar nömrəli və sentyabr 2001-ci il tarixli, 10864 inventar nömrəli texniki pasportlarda qeyd edilmiş mübahsəli tikilinin texniki göstəricilərinin Vartaşen Rayon Xalq Məhkəməsinin xx.xx.1973-cü il tarixli qətnaməsində göstərilən bölgü qaydasına uyğun olmadığı müəyyən olunur. Qərardadın 3-cü sualı üzrə: - xx.xx.2006-cı il tarixli və xx.xx.2007-ci il tarixli 11759 inventar nömrəli texniki pasportlarda qeyd edilmiş mübahisəli tikilinin sənəd üzrə texniki göstəriciləri ilə 2001-ci il tarixli, 10864 inventar nömrəli texniki pasportun sənəd üzrə texniki göstəriciləri müqayisələndirilən zaman 2001-ci il tarixli, 10864 inventar nömrəli texniki pasport sənədinin iş üzrə iddiaçının istifadəsində olan hissələrinin (1,2,3,4 və 5 nömrəli otaqlar) göstəriciləri ilə xx.xx.2006-cı il tarixli texniki pasportun iddiaçının istifadəsində olan hissələrinin göstəricilərinin eynilik təşkil etdiyi müəyyən olunmuşdur. Lakin, 2001-ci il tarixli, 10864 inventar nömrəli texniki pasport sənədində ştrixlənmiş hissələrin göstəriciləri (ölçüləri) qeyd olunmadığından həmin hissələrin xx.xx.2006-cı il və xx.xx.2007-ci il tarixli 11759 inventar nömrəli texniki pasport sənədləri ilə müqayisələndirilməsi mümkün olmamışdır.

22. Göründüyü kimi təqdim edilmiş ekspert rəyi ilə həqiqətən də cavabdeh orqan tərəfindən tərtib edilmiş xx.xx.2006-cı il tarixli, xx.xx.2007-ci il tarixli 11759 inventar nömrəli və sentyabr 2001-ci il tarixli, 10864 inventar nömrəli texniki pasportlarda qeyd edilmiş mübahsəli tikilinin texniki göstəricilərinin Vartaşen Rayon Xalq Məhkəməsinin xx.xx.1973cü il tarixli qətnaməsində göstərilən bölgü qaydasına uyğun olmaması müəyyən edilmişdir. Yəni, qaldırılmış iddia tələbi üzrə hüququn pozulması və hüquqi müdafiəyə ehtiyacınızın mövcud olması müəyyən edilir.

23. Məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, hazırkı halda iddiaçı tərəfindən iddia müddətinə dair normalara əməl olunmaqla iddianın qaldırılması şərtinə riayət edilməsi müəyyən olunmur.

24. Belə ki, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş şərtlər habelə inzibati prosessual qanunvericiliklə nəzərdə tutulmuş digər şərtlər mütləq ödənilmiş olmalıdır. İddianın mümkünlük şərtlərindən biri də iddianın qanunla müəyyən olunmuş müddətdə verilməsidir.

25. Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələr üzrə icraatda iddia müddəti MPM-in 10 iyun 2011-ci ilə qədər qüvvədə olmuş 298-ci maddəsi ilə tənzimlənir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2000-ci il 1 sentyabr tarixdən qüvvəyə minmiş 298-ci maddəsinə əsasən, şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malik olmuşdur. 2011-ci il 1 yanvar tarixədək qəbul edilmiş aktların mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 2011-ci il 1 yanvar tarixədək artıq ötürülmüşdürsə, onlar yeni qanuna görə də mübahisələndirilə bilməzlər.

26. Göründüyü kimi inzibati orqanın mübahisələndirilən hərəkəti baş verən dövrdə qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi bu cür mübahisələndirmə üçün qısaldılmış iddia müddəti müəyyən etmişdi və iddia müddətinin axımının hüquq və azadlığının pozulduğu barədə şəxsə məlum olan gündən hesablanması qaydasını nəzərdə tutmuşdur.

27. Nəzərə alınmalıdır ki, sözügedən texniki pasportlar 2001, 2006 və 2007-ci illərdə tərtib olunmuşdur və mübahisəli fərdi yaşayış evində iddiaçı faktiki olaraq yaşamışdır. Həmin vaxtdan uzun müddət keçməsinə baxmayaraq, bu məsələ ilə bağlı (texniki pasportların düzgün tərtib edilməməsi) mübahisə açmamış, bununla da iddia qaldırılması üçün qanunvericilikdə nəzərdə tutulmuş iddia müddəti ötürülmüşdür.

28. Azərbaycan Respublikası Ali Məhkəməsi xx.xx.2023-cü il tarixli 2- 1(102)1149/2023 nömrəli qərarında hazırkı mübahisənin predmeti ilə eynilik təşkil edən başqa bir işdə mübahisənin həllində məhz bu hüquqi mövqeyi ifadə etmişdir.

29. Yuxarıda qeyd edilənlərə əsasən hazırkı iddia tələbinin mümkünlük şərtlərinə cavab verməməsi ilə bağlı birinci instansiya məhkəməsi tərəfindən məhkəmənin hüquqi mövqeyinə münasibət bildirilməsi üçün iddiaçıya 10 gün müddət təyin edilmiş, lakin məhkəmənin hüquqi mövqeyinə münasibət bildirilməmişdir.

30. Beləliklə kollegiya hesab edir ki, hazırkı iddianın mümkünlüyü üçün qanunla müəyyən edilən zəruri şərtlərin mövcudluğu müəyyən olunmur.

31. Yuxarıda qeyd olunan inzibati işin hallarını, məhkəmə kollegiyası tərəfindən aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddianı mümkün saymamaqla düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməlidir.

32. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Şəki İnzibati Məhkəməsinin 3 avqust 2023-cü il tarixli 2-1(116)- 28/2023 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

33. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏRARA ALDİ:

İddiaçı tərəfindən verilmiş аpellyаsiyа şikаyəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 3 avqust 2023-cü il tarixli 2-1(116)-28/2023 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan onun təqdim edildiyi gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar