Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(107)-540/2024 05.09.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən, məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və X5 ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Mingəçevir “ASAN Xidmət” Mərkəzinə və Mingəçevir şəhər 14 saylı Mənzil İstismar Sahəsinə qarşı «vərəsəlik haqqında arayışın və onun əsasında verilmiş hüquqi sənədlərin ləğv edilməsi» barədə tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 24 iyul 2024-cü il tarixli 2-1(116)-2566/2024 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat
1. Mingəçevir şəhəri, N.Nərimanov küçəsi, 28/1 saylı evin 33 saylı mənzili 1967-ci ildə İddiaçı atası (mərhum) X9 verilmişdir. İddiaçı 1968-ci il təvəllüdlüdür və doğulduğu vaxtdan həmin mənzildə yaşamış, sonradan ailə qurmuşdur. Mənzil 1995-ci ildə X6 adına özəlləşdirilmişdir. İddiaçının atası X10 ilə anası X7 arasındakı nikah 1995-ci ildə pozulmuşdur. Sonradan Məsim X1 ilə nikaha daxil olmuşdur. Məsim Məmmədov 2006-cı ildə vəfat etmiş və notariat qurumunda onun ölümü ilə əlaqədar vərəsəlik işi açılmış və qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Vərəsəlik hüququ haqqında şəhadətnamə verilərkən Mingəçevir şəhər 14 saylı Mənzil İstismar Sahəsindən müvafiq arayış alınmışdır. Arayışda və vərəsəlik hüququ haqqında şəhadətnamədə İddiaçı adı göstərilməmişdir.
2. İddiaçı Mingəçevir Şəhər Məhkəməsində cavabdehlər Mingəçevir “ASAN Xidmət” Mərkəzinə və Mingəçevir şəhər 14 saylı Mənzil İstismar Sahəsinə qarşı «vərəsəlik hüququ haqqında şəhadətnamənin mübahisələndirilməsi, mənzilə hüququn qeydiyyata alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi və mənzilə miras paylarının müəyyən olunması» tələbini irəli sürərək iddia qaldırmışdır.
3. Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-2678/2018 saylı iş üzrə 12 dekabr 2018-ci il tarixli qətnaməsi ilə iddia təmin edilərək, X6 adına verilmiş 12 oktyabr 2006-cı il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və X2 adına verilmiş Mingəçevir şəhəri, N.Nərimanov küçəsi, 28/1 saylı evin 33 saylı mənzilinə aid MH seriyalı ******* nömrəli reyestrdən çıxarışın ləğv edilməsi, həmin mənzilə 1/2 hissədə Mustafayeva (Məmmədova) Rəsmiyyə Ramazan qızının, qalan 1/2 hissədə X4 paylarının müəyyən olunması və mənzilin paylara mütənasib surətdə bölünməsi qət edilmişdir.
4. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-2069/2021 saylı iş üzrə 9 dekabr 2021-ci il qətnaməsi ilə maraqlı şəxs X4 apellyasiya şikayəti təmin edilmiş, Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-2678/2018 saylı iş üzrə 12 dekabr 2018-ci il tarixli qətnaməsi ləğv olunmuş və yeni qətnamə çıxarılaraq iddia rədd edilmişdi.
5. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)- 2582/2022 saylı iş üzrə 11 may 2022-ci il tarixli qərarı ilə İddiaçı kassasiya şikayəti təmin edilməmiş və Şəki Apellyasiya Məhkəməsinin 9 dekabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
6. Bundan sonra İddiaçı cavabdehlər Mingəçevir “ASAN Xidmət” Mərkəzinə və Mingəçevir şəhər 14 saylı Mənzil İstismar Sahəsinə qarşı «vərəsəlik haqqında arayışın və onun əsasında verilmiş hüquqi sənədlərin ləğv edilməsi öhdəliyinin cavabdehlər9n üzərinə qoyulması» tələbini irəli sürərək iddia ərizısi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmişdir.
7. İddiaçı mövqeyini belə əsaslandırmışdır ki (iddia ərizəsinə əsasən), Mingəçevir şəhər 14 saylı Mənzil İstismar Sahəsinin vərəsəliklə bağlı arayışı qanunsuzdur və həmin arayış əsasında notariusun verdiyi vərəsəlik hüququ haqqında qanunsuz şəhadətnamə ilə hüquq əldə olunmuş, nəticədə onun atasına məxsus əmlak sonuncunun sonrakı nikah bağladığı şəxsin qohumuna bağışlanmışdır. Vərəsəlik arayışının və onun əsasında verilmiş sənədlərin ləğvi ilə bağlı dəfələrlə cavabdeh tərəfə müraciət etsə də, ona imtina cavabı verilmişdir. Odur ki, vərəsəliklə bağlı həmin arayışın və digər sənədlərin ləğv edilməsi öhdəliyinin cavabdehlərin üzərinə qoyulmasını tələb edir.
8. İddia ərizəsi birinci instansiya məhkəməsinə daxil olduqdan sonra Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 47 və 49-cu maddələrinə uyğun olaraq, işin hazırlıq icraatına başlanmış və məhkəmənin 1 iyul 2024-cü il tarixli sərəncamı ilə 15 gün müddətində iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehlərə təqdim edilmişdir. Lakin cavabdehlərin yazılı münasibəti məhkəməyə daxil olmamışdır.
9. İş üzrə birinci instasniya məhkəməsi iclasında iştirak edən İddiaçı iddianı müdafiə etmiş və hazırkı işə inzibati məhkəmə icraatı qaydasında baxılmasının mümkün olduğunu bildirmişdir. O, qeyd etmişdir ki, Mənzil İstismar Sahəsindən verilmiş arayışda vərəsə qismində onun adı qeyd olunmamışdır. Qeydiyyat şöbəsindən sənəd aldıqdan sonra Mingəçevir Şəhər Məhkəməsinin qətnaməsi ilə mənzilə miras paylar bölünmüşdür. Şəki Apellyasiya Məhkəməsində qarşı tərəfin şikayəti təmin olunaraq, qətnamə ləğv edilmişdir. Ali Məhkəmədə də qərar onun xeyrinə çıxarılmamışdır. Hazırda yenidən məsələ ilə bağlı məhkəməyə müraciət etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
10. Şəki İnzibati Məhkəməsinin (hakim Rüstəm Kərimli) 24 iyul 2024-cü il tarixli 2- 1(116)-2566/2024 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır.
11. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti vermişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ
12. İddiaçı apellyasiya şikayətini iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırmış, apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 24 iyul 2024-cü il tarixli 2-1(116)-2566/2024 nömrəli qərardadının ləğv edilməsi və yenidən işə baxılmasını xahiş etmişdir.
TƏRƏFLƏRİN İZAHATLARİ
13. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə xəbərdar edilsə də iddiaçı məhkəmə iclasında iştirak etməmiş, səbəbləri barədə məlumat verməmişdir.
14. Məhkəmə kollegiyası iddiaçının iştirakı olmadan hazırkı işə baxılmasını Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 62.3-cü maddəsinə əsasən mümkün hesab etmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
14. İnzibati Prosessual Məcəllə: Maddə 2.1. Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Maddə 2.2.1. Şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 13. Məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 80.1. Barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Maddə 82. Apellyаsiyа instаnsiyаsı məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə bаxır. Apellyаsiyа instаnsiyаsı məhkəməsi həmçinin, bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
15. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: Maddə 1.1. Bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Maddə 1.2. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Maddə 2.0.1. İnzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Maddə 2.0.2. İnzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir.
16. “Notariat haqqında” Qanun: Maddə 17. Dövlət notariusu tərəfindən aparılan notariat hərəkətləri Dövlət notariusu aşağıdakı notariat hərəkətlərini aparır: .... 3) vərəsəlik hüququ haqqında şəhadətnamələr verir; ... Maddə 26. Xüsusi notarius bu Qanunun 17-ci maddəsində nəzərdə tutulmuş notariat hərəkətlərini aparır. Maddə 57. Mirasın açıldığı yerin notariusu vərəsəlik qaydasında keçən əmlaka vərəsələrə və dövlətə vərəsəlik hüququ haqqında şəhadətnamə verir. Şəhadətnamə mülki qanunvericiliklə müəyyən edilmiş müddətlərdə verilməlidir.
17. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarının: 2.3-cü bəndinə əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 3.1-ci bəndinə əsasən inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. 3.2-ci bəndinə əsasən İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. 3.3-cü bəndinə əsasən yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. 3.4-cü bəndinə əsasən birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. 8.1-ci bəndinə əsasən iddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir. 8.2-ci bəndinə əsasən bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. 8.3-cü bəndinə əsasən buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. 17-ci bəndinə əsasən mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır.
APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ
18. Apellyasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
19. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
20. Kollegiya ilk olaraq bildirir ki, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılılq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olub-olmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddi-hüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlayır.
21. Belə bir yoxlamadan hərəkətlə, öhdəliyin icrası haqqında iddianın mümkün sayılması üçün: 1. mübahisə inzibati məhkəmələrin səlahiyyətinə aid olmalı; 2. iddianın məqsədi inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan əlverişli faktiki xarakterli hərəkətlərin edilməsi yaxud inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi ilə bağlı olmalı; 3. iddia qaldırılmazdan əvvəl inzibati orqana ərizə ilə müraciət edilməli; 4. iddiaçının hüquqlarının pozulması əsaslandırılmalıdır (İPM-2.2.3, 34.1, 35.1).
22. İş materiallarından görünür ki, iddiaçının qaldırdığı məsələ – mənzil istismar sahəsinin verdiyi vərəsəlik haqqında arayışın və onun əsasında verilmiş hüquqi sənədlərin ləğv edilməsi barədədir və mahiyyətinə görə iddiaçı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməni mübahisələndirir. Baxmayaraq ki, “hüquqi sənədlərin ləğv edilməsi” ifadəsi qeyri-məhdud dairəni əhatə edir, həmin sənədlərin mötəbərliyi vərəsələlik hüququ haqqında şəhadətnamənin qanuniliyinə qiymət verilərkən yoxlanıla bilər. Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə isə inzibati akt sayılmır, mülki-hüquqi əqddir.
23. Məhkəmə kollegiyası qeyd edir ki, istər vərəsəlik hüququ haqqında şəhadətnamə, istərsə də onun verilməsinə əsas kimi çıxış edən mənzil istismar sahəsinin arayışı inzibati icraat çərçivəsində qəbul olunmuş inzibati akt olmadığından, onların mübahisələndirilməsi də inzibati məhkəmə icraatının predmeti deyil.
24. Bundan başqa, notariat ofisləri (notariuslar) inzibati orqan kimi təsnif olunsalar da, notariat hərəkətlərindən şikayətlərə, notariusun verdiyi vərəsəlik hüququ haqqında şəhadətnamələrin ləğvi barədə iddialara mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələrdə baxılmasının davam etdirilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 12 nömrəli 24 dekabr 2021-ci il tarixli qərarında da təsbit olunmuşdur.
25. Həmin qərarın 6-cı bəndi ilə «İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2015-ci il 10 aprel tarixli 4 nömrəli qərarının 8-ci bəndində dəyişikliklər edilmiş və həmin bəndin aşağıdakı redaksiyada verilməsi göstərilmişdir.
26. “Aparılmış notariat hərəkətlərindən və ya notariat hərəkətlərini aparmaqdan imtina edilməsindən şikayət verilməsi zamanı mübahisəyə mülki, yoxsa inzibati məhkəmə icraatı qaydasında baxılması ilə bağlı məsələ qanunvericilikdə dəqiq tənzimlənməmişdir. Əksinə, bu məsələ ilə bağlı qanunvericilikdə bir-biri ilə uyğunsuzluq halı yaradan bir sıra normalar vardır və onların məcmusunun qiymətləndirilməsi əsasında hazırkı vəziyyətdə qanunvericinin iradəsini dəqiq aydınlaşdırmaq mümkün olmur. Mülki Prosessual Məcəllənin 445.0.6-cı, İnzibati Prosessual Məcəllənin 8.1.3-1-ci, «Notariat haqqında» Qanunun 41-ci maddəsində və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş «İnzibati orqanların Təsnifatı»nda mövcud olan müddəalar aparılmış notariat hərəkətlərindən və ya notariat hərəkətlərini aparmaqdan imtina edilməsindən verilmiş şikayətlərin məhkəmə aidiyyətinin dəqiq müəyyənləşdirilməsinə imkan vermir. Odur ki, müvafiq təkmilləşdirilmələr aparılmaqla mümkün olan qısa müddət ərzində aidiyyətlə bağlı məsələnin qanunvericilik səviyyəsində həll olunması üçün qanunvericilik təşəbbüsü hüququndan istifadə olunmalı, eyni zamanda, məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini təmin etmək üçün mövcud mübahisələrə müvəqqəti baxılması qaydası ilə bağlı məhkəmələrə izah verilməlidir. Bu baxımdan, qanunvericilikdə müvafiq tənzimləmələr edilənədək notariat hərəkətlərindən və ya notariat hərəkətlərini aparmaqdan imtinaya dair şikayətlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələrdə baxılması davam etdirilsin.”
27. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 17-ci bəndində göstərilmişdir ki, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır.
28. Nəzərə alınmalıdır ki, İPM-in 2.1-ci maddəsi inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatının inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilməsini qanunla başqa aidiyyət qaydasının müəyyən edilməməsi ilə şərtləndiri.
29. Belə olan halda məhkəmənin qənaətinə görə hazırkı iddiaya inzibati məhkəmə icraatı qaydasında baxılması yolverilən olmadığından, iddia mümkün sayılmamalıdır.
30. İPM-in 35.1-ci maddəsinin mahiyyətindən də belə anlaşılır ki, inzibati icraat qaydasında baxılan iddia - inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən, müvafiq cavabdehlik daşıyan və qanunla üzərinə məsuliyyət qoyulan inzibati orqana qarşı verilməli və iddiaçı iddia ərizəsində qanunla qorunan hüquq və azadlıqlarının pozulmasını əsaslandırmalı, müvafiq sübutlarını əlavə etməlidir ki, iddianın məhkəmə icraatı mümkün sayılsın.
31. Yuxarıda qeyd olunan işin hallarını, məhkəmə kollegiyası tərəfindən aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddianı mümkün saymamaqla düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməlidir.
32. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Şəki İnzibati Məhkəməsinin 24 iyul 2024-cü il tarixli 2-1(116)- 2566/2024 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
33. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏRARA ALDİ:
İddiaçı tərəfindən verilmiş аpellyаsiyа şikаyəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 24 iyul 2024-cü il tarixli 2-1(116)-2566/2024 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan onun təqdim edildiyi gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.