Məhkəmə qərarları › İş №2-1(107)-540/2025

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-540/2025

07.05.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şəki şəhəri İş № 2-1(107)-540/2025 07.05.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Musayev Vüqar Ələkbər oğlu (məruzəçi), Musayev Taleh Valeh oğlu və X2 ibarət tərkibdə, Məmmədli Aqil Bəxtiyar oğlunun katibliyi, cavabdehin nümayəndəsi X6 iştirakı ilə, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-yə qarşı “529.25 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüququnun mərhum X4 məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibаti iş üzrə Şəki Inzibati Məhkəməsinin ## ###### 2024-cü il tarixli, *-*(***)-***/**** nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: işin halları:

1. AZ-II 367425 və AZ-II ****** nömrəli ölüm haqqında şəhadətnamələrdən görünür ki, X7 ##.##.2009-cu il tarixdə, X4 ##.##.2019-cu il tarixdə vəfat etmişdir.

2. AN ****** nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədinin surətindən görünür ki, Mingəçevir şəhər Icra Hakimiyyətinin ##.##.2008-ci il tarixli 161 sərəncamı ilə X4 mülkiyyətinə 529.25 kv.m torpaq sahəsi verilmişdir.

3. Cavabdehin ##.##.2023-cü il tarixli məktubundan görünür ki, iddiaçının ilkin tələbinin icrasından imtina olunmuşdur. Imtina onunla əsaslandırılmışdır ki, ““Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0.7. maddəsinə əsasən 2007-ci il ###ın ##-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas hesab edilir. Iddiaçının ərizəsinə əsasən torpaq sahəsi üzərində inventarlaşdırma işləri aparılmış, elektron baza məlumatları ilə düzgünlüyü yoxlanılmış və təqdim etiyiniz sənədlər (surətləri) araşdırılmışdır. Araşdırma nəticəsində məlum olmuşdur ki, yuxarıda qeyd olunan hüquqmüəyyənedici sənədlərdən hər hansı birini ərizəyə əlavə etməməmişdir. Ləğv edilmiş Mingəçevir şəhər Bağlar Idarəsi tərəfindən ##.##.2007-ci il tarixli Akta əsasən DƏDRX-nin ** saylı Yevlax Ərazi Idarəsinə təhvil verilmiş “Azərelektroizolit” zavodunun “Gülşən” bağçılıq yoldaşlığının adlı siyahısında iddiaçının mərhum valideynlərinin adları qeyd edilməmişdir”.

birinci instansiya məhkəməsində iş üzrə qəbul edilmiş məhkəmə aktı:

4. Iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Azərelektroizolit” Zavodu “Gülşən” bağçılıq yoldaşlığı tərəfindən iddiaçının atası X7 ##.##.2001-ci il tarixli Vətəndaşın istifadəsində olan X12 pasportuna əsasən verilən,sonradan Mingəçevir Şəhər Icra Hakimiyyəti başçısının ##.##.2008-ci il tarixli *** nömrəli sərəncamı əsasında tərtib edilmiş AN ****** nömrəli “torpaq sahəsinin planı və ölçüsü” sənədinə əsasən anasına verilmiş 529.25 kv.m torpaq sahəsi üzərində mərhum X4 mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq çıxarışın verilməsi öhdəliyinin qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

5. Iddia ərizəsinin əsaslarına görə, 1980-cı ildə Mingəçevir şəhər Balıq zavodu ətrafından Azərelektroizolit zavodu “Gülşən” bağçılıq yoldaşçılığından X8 600 kv.m torpaq sahəsi ayrılıb verilmiş və adına ##.##.2001 -ci il tarixli inventar № **/** olan vətəndaşın istifadəsində olan X12 Pasportu işlənmişdir. X7 ##.##.2009-cu il tarixdə vəfat etmişdir. 1980-cı ildən X9 istifadəsinə ayrılıb verilən həmin torpaq sahəsi Mingəçevir Şəhər icra Hakimiyyəti Başçısının ## ##.2008-cı il tarixli *** nömrəli Sərəncamı ilə qanuniləşdirilmiş və X9 vəfat etdiyi üçün X4 adına X3 Kitabında ## ## 2010-cu ıl tarixdə 19 nömrə ilə uçota alınaraq AN ****** saylı "Torpaq sahəsinin planı və ölçüsü sənədi işlənmiş, torpağın ölçüsü 529.25 kv.m olaraq qeyd edilmişdir X5 ##.##.2019-cu il tarixdə vəfat etmişdir.Iddiaçı onlardan miras qalan əmlaka vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi üçün cavabdeh orqana müraciət etmiş, ona ##.##.2023-cü il tarixli *-**-*-**/*-R-****-*/**** saylı imtina məktubu verilmişdir.

6. Cavabdeh Məhkəməyə təqdim etdiyi ##.##.2023-cü il tarixli etiraz məktubunda qeyd etmişdir ki, hazırkı mübahisəyə münasibətdə iddiaçının hüquqi marağı ona ayrılmış bağ torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasına və bu barədə dövlət reyestrindən müvafiq çıxarışın verilməsinə nail olmaqdan ibarətdir. Bununla bağlı nəzərə almaq lazımdır ki, torpaq sahəsi üzərində hüquq həmin torpaq sahəsinin ayrılması (mülkiyyətə, icarəyə, istifadəyə) barədə hüquqmüəyyənedici sənəd əsasında yaranır. Hüquqmüəyyənedici sənəd qanunla müəyyən olunmuş qaydada ləğv edilənə, geri çağırılana, dəyişdirilənə və ya etibarsız sayılana qədər qüvvədə sayılır və etibarlı hesab olunur. Bu mənada hüquqmüəyyənedici sənədlərin qüvvədə olduğu müddətdə, qeyd edilən sənədlərin aid olduğu konkret şəxsin həmin sənədə əsaslanan hüququ şəxsin müraciəti əsasında qeydiyyata alınmalıdır. Qeyd olunmalıdır ki, həmin hüquqmüəyyənedici sənəd yalnız onu qəbul edən inzibati orqanın deyil, həm də suveren hakimiyyət daşıyıcısı olan digər inzibati orqanların da davranışını müəyyən edir. Başqa sözlə, inzibati orqanlar hüquqmüəyyənedici sənədin qüvvədə olduğu müddətdə onun məzmununa bağlıdır və ona uyğun davranmağa borcludurlar. Ərazi Idarəsinə təhvil verilmiş Mingəçevir şəhəri “Azərelektoizolit” zavodunun “Gülşən” bağçılığının adlı siyahısında X9 adının olmaması hazırki iddianın mümkün sayılmaması barədə qərardad çıxarılması üçün əsas sübut təşkil edir. Nəzərə alınmalıdır ki, Mülkiyyət hüququnun dövlət qeydiyyatı özü-özlüyündə bir hüquqi aktdır, başqa sözlə hüquqi hərəkətdir və bu hərəkətlə qeydiyyat orqanı şəxsin artıq mövcud olan hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını təmin etməlidir. Yəni qeydiyyat orqanı hüququn yaranmasını deyil, onun dövlət reyestrində qeydə alınmasını təmin edən bir orqandır.

7. Şəki Inzibati Məhkəməsinin ## ###### 2024-cü il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ilə (hakim Fəxri Hacızadə) iddia tələbi təmin edilməmişdir.

8. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iş materiallarından görünür ki, hazırkı tələblə məhkəməyə müraciət etməkdə iddiaçının hüquqi marağı 529.25 kv.m torpaq sahəsinin mərhum anası X4 məxsus olmasına dair elektron arayışın verilməsinə nail olmaqdır. Bu mövqeyi iddiaçı o əsasla mübahisələndirmişdir ki, hüquqmüəyyənedici sənəd kimi iki sənədə istinad etmişdir.

1. “Azərelektroizolit” Zavodu “Gülşən” bağçılıq yoldaşlığı tərəfindən X7 verilən ##.##.2001-ci il tarixli Vətəndaşın istifadəsində olan X12 pasportu;

2. Mingəçevir Şəhər Icra Hakimiyyəti başçısının ##.##.2008-ci il tarixli *** nömrəli sərəncamı əsasında tərtib edilmiş X4 adına tərtib edilmiş AN ****** nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədi. Iddiaya əsasən bağ sahəsinin yerini müəyyən etməyə görə təqdim edilən texniki pasport onun torpaq sahəsi üzərində hüququnun qeydə alınması üçün hüquq əsas kimi qəbul edilməli idi. 8.0.7-ci maddəsinə əsasən, 2007-ci il ###ın ##-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıqyoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinın başqasına keçməsinin məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Maddənin tələbindən göründüyü kimi, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlakın özgəninkiləşdirilməsinə dair qəbul edilmiş akt daşınmaz əmlak üzərində hüququn qeydə alınması üçün əsasdır. AN ****** nömrəli “torpaq sahəsinin planı və ölçüsü” sənədində belə akt kimi Mingəçevir Şəhər Icra Hakimiyyəti başçısının ##.##.2008-ci il tarixli, *** nömrəli sərəncamına istinad edilmişdir. Iddiaçının təqdim etdiyi “Torpaq sahəsinin plan və ölçüsü”nə dair sənəd hüquqmüəyyənedici sənəd deyil. Torpaq Məcəlləsinin 65-ci maddəsindən də göründüyü kimi, həmin sənəd torpaq sahəsi üzərində hüququn yaranmasının hüquqi əsasını təşkil etmir, yalnız həmin torpaq sahəsinin sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasını təsdiq edir.Başqa sözlə hüquqmüəyyənedici sənəd mövcud olduqda həmin yerin koordinatlarının müəyyən edilməsinə imkan yaradır. Məhkəmə araşdırması zamanı əldə olunan, “Mingəçevir şəhəri “Azərelektoizolit” zavodunun “Gülşən bağçılıq" təsərrüfatının adlı siyahısına baxış keçirilərək müəyyən edilmişdir ki, X7 adı həmin siyahıda qeyd edilməmişdir. Iddiaçının həmin kollektivin üzvü olmasına dair sübut müəyyən edilməmişdir.Digər tərəfdən torpaq sahəsinin verilməsinə dair A ****** nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədi texniki sənəd olduğu üçün torpaq sahəsinin iddiaçıya ayrılmasının əsası kimi götürülə bilməz. Yəni istinad edilmiş sənədin əsas mahiyyəti – torpaq sahəsinin ölçüsünün və yerləşməsinin müəyyən edilməsi ilə bağlıdır. Həmin sənəd öz-özlüyündə torpaq sahəsi üzərində hüququn yaranamasını təsdiq edən sənəd hesab olunmadığından, iddia tələbinin təmin edilməsi üçün hüquqi əsas kimi qəbul edilə bilməz (oxşar inzibati mübahisə üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2020-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarında əks olunmuş hüquqi mövqe). Iddia olunan torpaq sahəsinin iddiaçının mülkiyyətinə verilməsinə dair nə iddiaçı tərəfindən hər hansı hüquqmüəyyənedici sənəd təqdim olunmuş,nə də məhkəmə araşdırması zamanı belə bir sənəd aşkar olunmuşdur. Həmçinin, Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1 ** saylı Yevlax ərazi idarəsinin ##.##.2024-cü il tarixli *-**-*-**/*-****/**** nömrəli məktubuna əlavə edilmiş mütəxəssis rəyindən görünür ki, Elektron məlumat bazasında mövcud olan İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs “X16 X11”dəki xəritəsinə əsasəsn iddiaçının naturada göstərdiyi və iddia etdiyi torpaq sahəsinin və A ****** nömrəli “Torpaq sahəsinin planı və ölçüsü" sənədinə göstərilmiş torpaq sahəsinin təyinatı (kateqoriyası) - yaşayış məntəqələrinin torpaqları, uqodiyası - tikinti altında olan torpaqlar, mülkiyyətçisi - İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxsdir. Nəzərə alınmalıdır ki, iddiaçının adının bağçılıq yoldaşlıq təsərrüfatının üzvlərinin ilkin siyahısında olmaması özü-özlüyündə hələ onun tərəfindən təqdim edilmiş hüquq müəyyənedici sənədlərin qeyri-mötərəbliyinə dəlalət etmir. Əgər iddiaçının adı siyahıya sonradan qanunvericiliklə müəyyən edilmiş qaydada daxil edilərsə, bu halda, təqdim olunmuş sənədlər mötəbər sayıla bilər. Bunun üçün isə sonradan siyahıya daxil edilmənin müəyyən edilmiş qaydada baş verdiyi təsdiq və sübut olunmalıdır. Sonradan siyahıya adı daxil edilmiş şəxslər yalnız daxil edilmənin qanuniliyini təsdiq və sübut edən sənədləri təqdim etdikləri halda, müvafiq mötəbər hüquq müəyyənedici sənədlərin mövcudluğu halına istinad və onun yaradacağı hüquqi nəticələrə iddia edə bilərlər. Azərbaycan Respublikasının Ali Məhkəməsinin *-*(***)-****/**** saylı, ##.##.2023-cü il tarixli qərarında təsbit olunan hüquqi mövqe). Inzibati hüququn əsas prinsiplərindən biri olan qanunçuluq prinsipi hüquqi müəyyənlik və hüquqi təhlükəsizliyin təmin edilməsinə yönələrək, inzibati icraatın qanunvericiliyə uyğun aparılmasını tələb edir ki, son nəticədə yekun inzibati akt müvafiq normativ hüquqi aktlarla uyğunluq təşkil etsin. Belə ki, “Inzibati icraat haqqında” Qanunun 58.1-ci maddəsinə müvafiq olaraq, inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Qeyd olunan normaların tələblərinin işin hallarına tətbiqi baxımından hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddiaçının tələbinin təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübut olunmur, cavabdehin imtinasını əsaslı, iddianın təmin olunmasını isə istisna edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir, cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunur, cavabdehin imtinası qanunvericiliyə zidd olmamış və iddiaçının hüquqlarını pozmamış, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“Inzibati icraat haqqında” Qanununun 13.2 və 17ci maddələri).

9. Iddiaçı, həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və işə mahiyyəti üzrə baxılaraq iddia tələbinin tam təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

apellyasiya instansiya məhkəməsindəki birinci icraat

10. Şəki Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2024-cü il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ilə iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş və Şəki Inzibati Məhkəməsinin ## ###### 2024-cü il tarixli, *-*(***)- ***/**** nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır.

11. Iddiaçı və vəkili Vəkil həmin qərardan kassasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

kassasiya instansiya məhkəməsindəki icraat

12. Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2024-cü il tarixli, *- *(***)-***/**** nömrəli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir.

apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri

a) apellyasiya şikayətinin dəlilləri

13. Apellyasiya şikayətinin dəlillərinə görə iş materiallarına əlavə edilmiş X17 verilən ##.##.2023-cü il tarixli, *-**-DA-*F/*-***E/**** saylı məktubda məhkəməyə ünvanlanan Mingəçevir Şəhər Icra Hakimiyyəti başçısının ##.##.2008-ci il tarixli *** saylı Sərəncamının və ona əlavə edilən aktın surətlərinə nəzərə salsaq görərik ki, həmin Sərəncama əlavə edilmiş ## ######## 2008-ci il tarixli Aktda qeyd edilmişdir ki, torpaq sahələrinin verilməsi zamanı ilkin və sonradan düzəliş edilərək dəqiqləşdirilən siyahılar olmuşdur və siyahılar arxivə təhvil verildiyi vaxt qarışıqlıqlar olmuşdur. Bu səbəbdən torpaq sahələrinin verilməsi ilə əlaqədar tərtib edilən siyahılda dürüstləşmələr aparılmış, yeni siyahılar təsdiq edilmişdir. X1 Məhkəməsi isə öz qərarında yeni siyahıların təsdiq edilmıdiyini bildirməkdədir. Bu da qanunsuzudr, məhkəmənin işi bu qədər uzun müddət icraatında saxlamasına baxmayaraq yetərli araşdırma apardığını bildirsə də, toplanan sənəd və sübutlara yetərli qiymət verməməsini göstərir. Məhkəməyə cavabdeh orqanın etirazı ilə əlaqədar təqdim etdikləri etiraz ərizələrində bildirmişdirlər ki, cavabdeh orqanın iddia tələbinə dair etirazı əsassızdır. Belə ki, Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1 tərəfindən məhkəməyə təqdim edilən ##.##.2023-cü il tarixli 3-21-3- 02/2- *****/**** saylı məktuba əlavə edilmiş sənədlərlə də aydın olur ki, "xxxx" MMC-nin arxivində "Azerelektroizolit" zavodu "Gülşən" bağçılıq təsərrüfatının adlı siyahısında iddiaçınınmərhum anası X4 adı elektron siyahıda qeyd edilmişdir. Məhkəməyə təqdim etdikləti “Torpaq sahəsinin plan-ölçü” sənədinin arxiv məlumatlarında da mərhum anasının adı torpaq verilən subyektlər siyahısında vardır. Ailəsinə verilən torpaq sahəsinin sağlığında atası, daha sonra isə anasının adına yazılması həmin torpaq sahəinin onun ailəsinə verildiyinin sübutudur. Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1 ** saylı Yevlax Ərazi Idarəsinin məhkəməyə təqdim etdiyi ##.##.2024-cü il tarixli 3-21-3-35/2- ****/**** saylı məktuba əlavə edilən mütəxəssis rəyi öz-özlüyündə iddia tələbinin əsasının doğru olmasının sübutudur. Belə ki, torpaq sahəsi "Azerelektroizolit" "Gülşən" bağçılıq üçün ayrılmışdır, tikinti altı torpaqdır, başqa şəxslərin və ya subyektlərin torpaqları ilə üst-üstə düşmür, əvvəllər heç kimin adına qeydə alınmayıb, əksinə 2 ci sual üzrə cavabda da qeyd edildiyi kimi iddiaçının naturada göstərdiyi və iddia etdiyi torpaq sahəsi sənəd üzrə verilmiş torpaq sahəsi ilə üst-üstə düşür. Belə olan halda nə torpaq mülkiyyətçisi olduğu qeyd edilən İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs işə cəlb edilməmiş, mütəxəssis rəyi düzgün qiymətləndirilməmiş, bir daha qeyd edirəm ki, sübutlar lazımi qaydada qiymətləndirilməmişdir. “Gülşən” bağılıq üzrə daha əvvəllər məhkəmə prosesləri ilə vətəndaşlara verilən torpaq sahələrinin mülkiyyətçisi İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxsdir və bələdiyyə həmin torpaqların vətəndaşlara verildiyini bilir, heç bir qərara öz etirazını bildirməmişdir. Bu durum vətəndaşın ziyanına şərh edilə bilməz. Əksinə Ali Məhkəmənin hazırki işə aidiyyəti olmayan qərarlarını əsas kimi göstərən Şəki Inzibati Məhkəməsi qanunsuz qərar çıxarmışdır. Halbuki həmin məhkəmə qərarlarının mütəxəssis rəyləri ilə hazırki işin mütəxəssis rəyləri fərqlidir və hazırki işdə mütəxəssis rəyi vətəndaşın iddiasının doğruluğunu sübut etməkdədir. b) apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.

tərəflərin izahatları

15. Məhkəmə kollegiyasının hazırkı iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin edilməməsini birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Tərəflər şifahi məhkəmə baxışı iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, iddiaçı və onun vəkili və üçüncü şəxsin nümayəndəsi inzibati işin şifahi məhkəmə baxışı iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası hazırki işə iddiaçı və onun vəkilinin və üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının Inzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi).

16. Şəki Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2026-cı tarixli, *- *(***)-***/**** nömrəli qərardadı ilə iş üzrə İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs üçüncü şəxs qismində inzibati məhkəmə icraatında zəruri cəlb edilmişdir.

17. Şəki Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2026-cı tarixli, *- *(***)-***/**** nömrəli qərardadı ilə iş üzrə cavabdeh cavabdeh1 PHŞ-nin ** saylı Yevlax Ərazi Idarəsi – prossesual hüquq varisi “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ ilə əvəz edilmişdir.

18. Iddiaçı ##.##.2025-ci il tarixdə məhkəmə kollegiyasına iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ünvanlayaraq tələbinin aşağıdakı kimi oxumasını xahiş etmişdir: - cavabdeh orqanın üzərinə “1980-cı ildə Mingəçevir şəhər Balıq zavodunun ətrafından “Azərelektroizolit” zavodu “Gülşən” bağçılıq yoldaşlığından mərhum atası X7 adına verilmiş və adına ##.##.2001-ci il tarixdə 01/26 inventar nömrəli X12 pasportu işlənmiş, daha sonra atası vəfat etdyindən həmin torpaq sahəsinin qanuniləşdirilərək mərhum anası X4 adına Mingəçevir Şəhər Icra Hakimiyyətinin ##.##.2008-ci il tarixli *** nömrəli Sərəncamı əsasında X10 ##.##.2010-cu il tarixdə uçota alınmaqlA ****** nömrəli “Torpaq sahəsinin planı və ölçüsü sənədi” hazırlanıb verilmiş 529,25 kv.m torpaq sahəsinin mərhum X4 məxsus olması barədə elektron arayışın verilməsi öhdəliyinin qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

19. Şəki Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2026-cı il tarixli iclas protokolunun Qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir.

tətbiq edilən hüquq

20. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun: Maddə 1.0.1. Daşınmaz əmlak - üzərində hüquqlar dövlət qeydiyyatına alınmalı olan torpaq sahələri, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlərdir. Maddə 1.0.4. Qeydiyyat orqanı – daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır. Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Maddə 4.1. Qanun qüvvəyə mindiyi günədək daşınmaz əmlaka hüquqların ayrıayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunnan halları müəyyən edilmiş, 15-ci maddəsində isə hüquqların qeydə alınmasından imtina oluna bilən hallar öz təsbitini tapmışdır. Maddə 8.0.7. 2007-ci il ###ın ##-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıqyoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinın başqasına keçməsinin məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Maddə 15.1 Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Maddə 15.2. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir. Bildirişin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 23.1. Qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Maddə 23.2. Daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər.

21. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun: 9-cu maddəsində göstərilmişdir ki, vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. 10-cu maddəsinin 1-ci abzasında göstərilmişdir ki, həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir.

22. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin: Maddə 46. Dövlətin torpaq üzərində mülkiyyət hüququ

1. Dövlət mülkiyyətində olan torpaqlara aşağıdakılar daxildir: .... dövlət ehtiyat fondu torpaqları. ...

3. Dövlət mülkiyyətində olan torpaqların bələdiyyə və xüsusi mülkiyyətə verilməsi qanunla müəyyən edilir. Maddə 55 . Torpaq sahəsi üzərində hüquqların yaranmasının əsasları Hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr əsasında yaranır. Maddə 65. Torpaq sahəsinin planı. Torpaq sahəsinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi

1. Torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir.

2. Torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir.

3. Torpaq sahəsinin istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edildikdən sonra həmin sahənin sərhədləri yerdə (naturada) müəyyən edilir. Torpaq sahələrinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi yerquruluşu qaydasında aparılır.

5. Torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Maddə 68 . Torpaq sahələri üzərində hüquqların yaranma vaxtı Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır.

23. “Inzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 11.1. Inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1.Inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Maddə 24.1. Inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur.

24. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi: Maddə 12. Işin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. ... Maddə 58. Sübutların araşdırılması qaydası ... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 85. Şikayətin verilməsinə dair tələblər 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir.

Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat ... 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər:[82] ... 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir.

apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

25. Apellyasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

26. Iddiaçı, onun üçün əlverişsiz olan məhkəmə aktından bütövlükdə şikayət verdiyindən verilmiş apellyasiya şikayəti üzrə hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyinə və əsaslılığına qiymət veriləcəkdir.

Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi

27. Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsaslıdır və təmin olunmalıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.

28. IPM-in 12.1, 12.2, 58.7, 82-ci maddələrində təsbit olunmuş işin hallarının araşdırılması prinsipinin tələbinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilməlidir. Bu, məhkəmənin xidməti vəzifəsindən irəli gəlir.

29. Iş materiallarından görünür ki, X4 adına A****** saylı “Torpaq sahəsinin planı və ölçüsü” sənədi tərtib edilmiş, X3 kitabında ##.##.2010-cu il tarixdə qeydə alınmışdır. Həmin sənəddə Mingəçevir şəhərində yerləşən 529,25 kv.m torpaq sahəsinin Mingəçevir Şəhər Icra Hakimiyyəti başçısının ##.##.2008-ci il tarixli, *** nömrəli sərəncamı əsasında ayrılması qeyd olunmuşdur.

30. Təkrar apellyasiya baxışı zamanı məhkəmə kollegiyası tərəfindən X28” zavodunun “Gülşən” bağçılıq yoldaşlığı tərəfindən 1980-ci ildə torpaq sahəsinin ayrılmasına, o cümlədən onun “Azərelektroizolit” zavodunda işləməsinə dair sənədlərin əldə edilməsi məqsədilə X13 Filialına sorğu verilmişdir.

31. X13 Filialı tərəfindən verilmiş ##.##.2025-ci il tarixli, *-**-DA-*F/*-***/**** saylı məktuba əlavə edilmiş Mingəçevir Şəhər Xalq Deputatları Şurasının Icraiyyə Komitəsinin ##.##.1979-cu il tarixli, *** nömrəli qərarında “Azərelektroizolit” zavodunun 22 nəfər işçisinə kollektiv bağçılıq üçün 1,32 ha torpaq sahəsi ayrılması qeyd edilmişdir. Bununla belə qeyd edilmişdir ki, Mingəçevir şəhər “Azərelektroizolit” bağçılıq yoldaşlığının və “Azərelektroizolit” zavodunun işçi heyəti üzrə arxiv sənədləri filiala təhvil verilməmişdir. Arxivin təqdim etdiyi məlumat əsasında 600 kv.m. torpaq sahəsinin F.S.Rüstəmova 1980cı ildə hansı dövlət orqanı tərəfindən ayrılması müəyyən edilməmişdir.

32. Məhkəmə kollegiyasının sorğusuna cavab olaraq DƏDKR-ın ** saylı Yevlax Ərazi Idarəsi tərəfindən bildirilmişdir ki, X4 dair kadastr kitabındakı qeyd Mingəçevir Şəhər Icra Hakimiyyəti Başçısının ##.##.2008-ci il tarixli, *** nömrəli sərəncamdan irəli gəlir. A****** saylı “Torpaq sahəsinin planı və ölçüsü” sənədində göstərilən 529.25 kv.m torpaq sahəsinin Mingəçevir Şəhər Icra Hakimiyyətinin ##.##.2008-ci il tarixli, *** nömrəli sərəncamının təsir dairəsinə düşməsi belə müəyyən edilir ki, mübahisə predmetini təşkil edən torpaq sahəsi elektron xəritə baza məlumatlarına əsasən bələdiyyə fonduna aiddir və Mingəçevir Şəhər Icra Hakimiyyətinin ##.##.2008-ci il tarixli, *** nömrəli sərəncamına əsasən faktiki istifadəçilik vəziyyətini əks etdirən A****** saylı “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin tərtib olunması ilə ifadə olunur. Daşınmaz Əmlakın X3 kitabında aparılan qeydiyyat rəsmi dövlət uçotudur. Bu qeydiyyat torpaq sahəsinin mövcudluğunu, sərhədlərini və yerləşmə vəziyyətini əks etdirən məlumat bazasıdır. Kadastr kitabının məqsədi torpaq sahələrinin dəqiq uçotunun aparılması, torpaq münasibətlərinin tənzimlənməsi və mübahisələrin qarşısının alınmasıdır. Kadastr kitabında qeydiyyat torpaq sahəsinə dair tərtib edilmiş plan və ölçü sənədləri barədə rəsmi məlumat yaradır, ancaq mülkiyyət hüququnu yaratmır. Dövlət torpaq xəritəçəkmə komitəsi (DTXK) ləğv edildikdən sonra kadastr kitabında heç bir qeydiyyat aparılmamışdır. Həmin kadastr kitabında qeydiyyatların aparılması yalnız DTXK ləğv edildiyi günədək həmin komitə tərəfindən həyata keçirilmişdir. Bu səbəbdən DƏDKR PHŞ tərəfindən DTXK- nin kadastr kitabında qeydiyyat aparılması ilə bağlı heç bir praktika mövcud olmamışdır.

33. Göründüyü kimi işin 32-ci səhifəsində olan 1 səhifədən ibarət olan Azərbaycan dilində tərtib edilmiş siyahı Daşınmaz Əmlakın X3 kitabında aparılan qeydiyyatla bağlıdır və həmin qeydiyyat torpaq sahəsinə dair tərtib edilmiş plan və ölçü sənədlərinin uçotu ilə bağlı olub, bağçılığa aid siyahı kimi qiymətləndirilə bilməz. Yəni, həmin siyahıda 19-cu sıra nömrəsi altında Elmira Rüstəmovanın adının qeyd olunması yalnız tərtib edilmiş planölçü sənədinin dövlət qeydiyyatını əks etdirən məlumatı ifadə edir.

34. Məhkəmə kollegiyasının digər sorğusuna cavab olaraq, “xxxx” MMC ##.##.2025-ci il tarixli məktubunda qeyd etmişdir ki, Mərkəzin arxivində saxlanılan Mingəçevir şəhəri üzrə vətəndaşların xüsusi mülkiyyətinə verilən bağ sahələrinə aid arxiv qovluğunda Mingəçevir Şəhər Icra Hakimiyyəti başçısının ##.##.2008-ci il tarixli *** nömrəli Sərəncamı, subyektlərin əlyazma və elektron siyahıları mövcuddur. Subyektlərin əlyazma siyahısında 3816-cı sıra qeyd olunsa da, həmin sıra üzrə mövcud qrafalarda heç bir məlumat qeyd olunmamışdır. Lakin, elektron siyahıda həmin nömrə ilə X4 adı qeyd edilmişdir. Eyni zamanda subyektlərin elektron siyahısının konkret olaraq “Azərelektroizolit” zavodu “Gülşən” bağçılıq yoldaşlığına və ya hər hansı bir digər bağçılığa, yaxud Mingəçevir Şəhər Icra Hakimiyyəti başçısının ##.##.2008-ci il tarixli *** nömrəli Sərəncamı ilə təsdiq edilmiş “dürüstləşdirilmiş yekun siyahı”ya aid olması barədə məlumat aşkar edilməmişdir.

35. Beləliklə, təkrar apellyasiya baxışı zamanı aparılmış araşdırma ilə müəyyən edilmişdir ki, X4 dair kadastr kitabındakı qeyd Mingəçevir Şəhər Icra Hakimiyyəti başçısının ##.##.2008-ci il tarixli, *** nömrəli sərəncamından irəli gəlmiş, A****** saylı “Torpaq sahəsinin planı və ölçüsü” sənədində göstərilən 529,25 kv.m torpaq sahəsi həmin sərəncamın təsir dairəsinə düşmüşdür.

36. Kollegiya hesab edir ki, “xxxx” MMC-nin arxivində əlyazma siyahıda 3816-cı sıra üzrə qrafanın boş olması, elektron siyahıda həmin sıra nömrəsi ilə X4 adı ilə bağlı aparılmış qeydin əsaslılığını aradan qaldırmır. Belə ki, işdə olan “Mingəçevir şəhər Icra Hakimiyyəti nəznində Bağlar təsərrüfatının, Fərdi və Bağ evlərinin Tikintisi, Istismarı və Inkişafı” Idarəsinin tərtbi etdiyi 07/26 inventar nömrəli texniki pasportla iddia olunan torpaq sahəsinin mərhum F.S.Rüstəmova aidiyyəti müəyyən olunur.

37. Mübahisəli torpaq sahəsinin naturada mövcudluğu, yerləşmə vəziyyəti, sərhədləri və iddia olunan sənədlə eyniliyi cavabdeh orqanın öz təqdim etdiyi mütəxəssis rəyi ilə təsdiq olunur. Belə ki, mütəxəssis rəyində iddiaçının naturada göstərdiyi torpaq sahəsinin A****** saylı plan-ölçü sənədində göstərilən torpaq sahəsi ilə üst-üstə düşməsi, həmin torpaq sahəsinin başqa subyektlərin torpaq sahələri ilə üst-üstə düşməməsi və “Azərelektroizolit” zavodu “Gülşən” bağçılığı üçün ayrılmış ərazinin hüdudları daxilində yerləşdiyi göstərilmişdir.

38. Odur ki, sözügedən elektron siyahıda müvafiq qeyd F.S.Rüstəmovun ailə üzvünün adına məhz Mingəçevir Şəhər Icra Hakimiyyəti başçısının ##.##.2008-ci il tarixli, *** nömrəli sərəncamının icrası ilə əlaqədar əks olunmuş və həmin siyahılarda adları qeyd edilən subyektlərin xüsusi mülkiyyətinə bağ sahələrinin verilməsi nəzərdə tutulmuşdur.

39. Məhkəmə kollegiyası qeyd edir ki, Mingəçevir Şəhər Icra Hakimiyyəti başçısının ##.##.2008-ci il tarixli, *** nömrəli sərəncamı vətəndaşların qanuni istifadəsində olan bağ torpaq sahələrinin özəlləşdirilməsi məqsədilə hazırlanmış aktın, yekun siyahının və yerquruluşu sənədlərinin təsdiqinə yönəlmiş inzibati akt kimi qiymətləndirilməlidir. Həmin sərəncamın icrası çərçivəsində X4 adı elektron siyahıya daxil edilmiş, onun adına A****** saylı plan-ölçü sənədi tərtib olunaraq X3 kitabında qeydə alınmışdır.

40. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas hesab olunur.

41. Şərh olunanları ümumiləşdirərək kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməməklə bağlı düzgün nəticəyə gəlməmişdir. Odur ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və iş üzrə yeni qərar qəbul edilərək A****** saylı “Torpaq sahəsinin planı və ölçüsü” sənədində göstərilmiş 529,25 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüququnun mərhum X4 məxsus olması barədə arayışın verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır.

42. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası

QƏRARA ALDI: Iddiaçı tərəfindən verilmiş аpellyаsiyа şikаyəti təmin edilir. Şəki Inzibati Məhkəməsinin ## ###### 2024-cü il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ləğv edilir. Iş üzrə yeni qərar qəbul edilir. Cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin üzərinə A****** saylı “Torpaq sahəsinin planı və ölçüsü” sənədində göstərilmiş 529,25 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüququnun mərhum X4 məxsus olması barədə arayışın iddiaçıya verilməsi öhdəliyi qoyulur. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar