Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-541/2023 07.12.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, İddiaçı, onun vəkili Vəkil2 və üçüncü şəxs, həmçinin digər üçüncü şəxslərin nümayəndəsi X2 iştirak ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 18 saylı Zaqatala ərazi idarəsinə qarşı “Zaqatala rayon Göyəm kəndində yerləşən, Orucova (Vəliyeva) Sevər Qurban qızı, X10 və X3 ümumi birgə mülkiyyətində olan 0,075 ha həyətyanı torpaq sahəsində yerləşən, 2012-ci ilin may ayında Zaqatala rayonunda baş vermiş zəlzələdən yararsız hala düşmüş, iddiaçıya məxsus, 1991-ci ildə inşa etdiyi fərdi yaşayış evinin əvəzində dövlət vəsaiti hesabına inşa edilmiş yeni fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, “Hüquqların dövlət qeydiyyatı haqqında” daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibаti iş üzrə Şəki İnzibati Məhkəməsinin 18 iyul 2023-cü il tarixli, 2-1(116)- 1743/2023 nömrəli qərarından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Zaqatala rayon Göyəm kəndində yerləşən, Orucova (Vəliyeva) Sevər Qurban qızı, X10 və X3 ümumi birgə mülkiyyətində olan 0,075 ha həyətyanı torpaq sahəsində yerləşən, 2012-ci ilin may ayında Zaqatala rayonunda baş vermiş zəlzələdən yararsız hala düşmüş, iddiaçıya məxsus, 1991-ci ildə inşa etdiyi fərdi yaşayış evinin əvəzində dövlət vəsaiti hesabına inşa edilmiş yeni fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, “Hüquqların dövlət qeydiyyatı haqqında” daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.
2. İddia ərizəsinin əsaslarına görə, iddiaçı 1961-ci il tarixində ünvan 1ində doğulmuşdur. Həmin kənddə ailə həyatı quraraq hal-hazıradək yaşayır. 1991-ci ildə ona qeyd olunan kənddə 0,10 ha həyətyanı torpaq sahəsi ayrılmış və iddiaçı orada fərdi yaşayış evi inşa etmişdir. 2012-ci il yanvar ayında arvadı Vəliyeva (Orucova) Sevər Qurban qızı ilə aralarında bağlanmış nikah pozulmuşdur. 2012-ci ilin may ayında Zaqatala rayonunda zəlzələ baş vermiş və 0,10 ha həyətyanı torpaq sahəsində iddiaçı tərəfindən inşa edilmiş fərdi yaşayış evi yararsız hala düşmüşdür. Nəticədə, dövlət qeyd olunan fərdi yaşayış evinin əvəzinə həyətyanı torpaq sahəsində FHN tərəfindən dövlət vəsaiti hesabına yeni yaşayış evi inşa edilmişdir. Hazırda hər iki fərdi yaşayış evi, yəni həm zəlzələdən yararsız hala düşmüş, həm də FHN tərəfindən dövlət vəsaiti hesabına inşa edilmiş fərdi yaşayış evləri qeyd olunan torpaq sahəsinin üzərində yerləşir. Zaqatala Rayon Məhkəməsinin qətnaməsinə əsasən, keçmiş arvadı Vəliyeva (Orucova) Sevər Qurban qızı və uşaqları ilə ümumi birgə mülkiyyətlərində olan 0,10 ha həyətyanı torpaq sahəsi naturada bölünmüş və iddiaçıya 0,025 ha torpaq sahəsi verilmişdir. Lakin, fərdi yaşayış evləri iddiaçının keçmiş arvadı Vəliyeva (Orucova) Sevər Qurban qızı və uşaqlarının ümumi birgə mülkiyyətində olan hissəyə düşmüşdür.
3. İddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş, lakin onun müraciəti təmin olunmamışdır. Cavabdeh xx.xx.2023-cü il tarixli 3-21-3-47/2-V-0006-8/2023 nömrəli imtina məktubunda qeyd etmişdir ki, üzərində mülkiyyət hüququ qeydiyyata alınmalı fərdi yaşayış evi “Zaqatala rayonunda 2012-ci ildə baş vermiş zəlzələ nəticəsində yararsız hala düşmüş yaşayış evlərinin əvəzində dövlət vəsaiti hesabına inşa edilmiş yaşayış evlərinə dair” Zaqatala Rayon İcra Hakimiyyəti tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə təqdim edilmiş (ərazi idarəsinin xidməti istifadəsində olan) siyahılarda qeyd olunan fərdi yaşayış evi iddiaçının deyil, başqa şəxsin adına qeyd olunmuşdur. Odur ki, ünvan 1i ünvanında dövlət vəsaiti hesabına inşa edilmiş fərdi yaşayış evinin iddiaçıya məxsus olması ilə bağlı Zaqatala Rayon İcra Hakimiyyəti tərəfindən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə məlumat (siyahı) təqdim edildikdən sonra yenidən müraciət etdiyi təqdirdə məsələyə baxılacaqdır.
4. Cavabdeh xx.xx.2023-cü il tarixli, 3-21-3-47/2-2075/2023 nömrəli etiraz məktubunda iddiaçıya ünvanladığı imtina məktubunda göstərilənləri qeyd etməklə iddia tələbinə münasibətini bildirmiş və iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
5. Birinci instansiya məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(116)-1743/2023 nömrəli qərardadı ilə Orucova (Vəliyeva) Sevər Qurban qızı, X10 və X11 hazırkı iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində zəruri cəlb olunmuşlar.
6. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən iddiaçı və iddiaçının vəkili iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etmişlər.
7. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraz məktubunun məzmununa uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
8. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən üçüncü şəxslər və vəkili iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişlər. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
9. Şəki İnzibati Məhkəməsinin (hakim Fərid İsmayılzadə) 18 iyul 2023-cü il tarixli, 2- 1(116)-1743/2023 nömrəli qərarı ilə iddia tələbinin təmin edilməməsi qərara alınmışdır.
10. İddiaçı həmin qərardan apellyasiya şikayəti vermişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ
11. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Şəki İnzibati Məhkəməsi ümumiyyətlə araşdırmamışdır ki, Vəliyeva (Orucova) Sevər Qurban qızının adına də FHN tərəfindən dövlət vəsaiti hesabına inşa edilmiş fərdi yaşayış evi hansı fərdi yaşayış evinin əvəzində inşa olunmuşdur. Belə ki, Vəliyeva (Orucova) Sevər Qurban qızının adına FHN tərəfindən dövlət vəsaiti hesabına inşa edilmiş fərdi yaşayış evi sonuncu ilə nikahda olduğu müddətdə onun vəsaiti hesabına 1991-ci ildə inşa edilmiş fərdi yaşayış evinin zəlzələ nəticəsində yararsız hala düşməsi nəticəsində inşa olunmuşdur. Hansı ki, işin qeyd olunan halını iş üzrə üçüncü şəxslərin də mübahisələndirməməsinə baxmayaraq məhkəmə onun mülkiyyət hüququnu pozmaqla, hazırda mübahisələndirilən qərarı qəbul etmişdir. Ona görə də, apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 18 iyul 2023-cü il tarixli, 2-1(116)-1743/2023 nömrəli qərarının ləğv edilməsi, iddia tələbinin təmin edilməsinə dair yeni qərar çıxarılmasını xahiş etmişdir. TƏRƏFLƏRİN İZAHATLARİ
12. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı və onun vəkili Vəkil2 apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 18 iyul 2023-cü il tarixli, 2-1(116)-1743/2023 nömrəli qərarının ləğv edilməsi, iddia tələbinin təmin edilməsinə dair yeni qərar çıxarılmasını xahiş etdilər. İddaçı İddiaçı bildirdi ki, hazırkı tikili 2012-ci ilin may ayında Zaqatala rayonunda baş vermiş zəlzələdən yararsız hala düşmüş, 1991-ci ildə inşa edilmiş fərdi yaşayış evinin əvəzində dövlət vəsaiti hesabına inşa edilmiş yeni fərdi yaşayış evidir.
13. Həmçinin İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, ünvan 1ində yerləşən 2012-ci ildə Zaqatala rayonunda baş vermiş zəlzələdən yararsız hala düşmüş 1991-ci ildə inşa edilmiş fərdi yaşayış evinin əvəzində dövlət vəsaiti hesabına inşa edilmiş yeni fərdi yaşayış evinin ½ hissəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdeh inzibati orqanın üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
14. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs, həmçinin digər üçüncü şəxslərin nümayəndəsi X12 izahatında bildirdi ki, hazırkı tikili 2012-ci ilin may ayında Zaqatala rayonunda baş vermiş zəlzələdən yararsız hala düşmüş, 1991-ci ildə inşa edilmiş fərdi yaşayış evinin əvəzində dövlət vəsaiti hesabına inşa edilmiş yeni fərdi yaşayış evidir. Apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin 18 iyul 2023-cü il tarixli, 2-1(116)-1743/2023 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
15. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə xəbərdar edilsə də cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir.
16. Məhkəmə kollegiyası onların iştirakı olmadan hazırkı işə baxılmasını Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 62.3-cü maddəsinə əsasən mümkün hesab etmişdir.
17. İş materiallarında olan aşağıda sadalanan sənədlərin məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: - Zaqatala RİH xx.xx.2023-cü il tarixli 5-82/1-V-2-091/2023 nömrəli məktubundan görünür ki, iddiaçı FHN tərəfindən inşa edilmiş fərdi yaşayış evinin adına sənədləşdirilməsinə köməklik göstərilməsi üçün RİH-ə müraciət etmiş, cavab olaraq bildirilmişdir ki, keçmiş həyat yoldaşı Sevər Vəliyeva ilə aralarında əmlak üzərində mübahisə ilə əlaqədar yaranmış mülki xarakterli mübahisələrin araşdırılması və adına sənədləşdirilməsi Rayon İcra Hakimiyyətinin səlahiyyətində deyil. - Zaqatala RİH başçısının Göyəm kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 114 nömrəli, xx.xx.2023-cü il tarixli arayışından görünür ki, 2016-2020-ci illərin 10 nömrəli təsərrüfatbaşına kitabının 805-ci şəxsi hesab nömrəsinə əsasən iddiaçının ailə tərkibi özü – İddiaçı ibarətdir. Qeyd: təsərrüfatın mülkiyyətində 0,23 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi və 0,02 ha həyətyanı torpaq sahəsi olmuşdur. - Zaqatala RİH başçısının Göyəm kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 115 nömrəli, xx.xx.2023-cü il tarixli arayışından görünür ki, 2021-2025-ci illərin 09 nömrəli təsərrüfatbaşına kitabının 766-cı şəxsi hesab nömrəsinə əsasən iddiaçının ailə tərkibi özü – İddiaçı ibarətdir. Qeyd: təsərrüfatın mülkiyyətində 2021-2022-2023- cü illərdə 0,23 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi və 0,02 ha həyətyanı torpaq sahəsi olmuşdur. - Zaqatala RİH başçısının Göyəm kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 142 nömrəli, xx.xx.2023-cü il tarixli arayışından görünür ki, iddiaçıya məxsus olan 0,10 ha həyətyanı torpaq sahəsində birgə nikah dövründə özü tərəfindən tikilmiş fərdi yaşayış evi vardır. - Zaqatala rayon Dövlət Arxivinin xx.xx.2023-cü il tarixli 3-48-47RA-2V-134/2023 nömrəli arxiv arayışından görünür ki: 1991-1995-ci illərdə 12 nömrəli təsərrüfatbaşına kitabın 32 nömrəli şəxsi hesab nömrəsinə əsasən iddiaçının ailə tərkibi özü, həyat yoldaşı X9, qızı X10 və oğlu X1 ibarət olmuşdur. Cəmi torpaq 0,10 ha, 92 ha. 1996-2000-ci illərdə 12 nömrəli təsərrüfatbaşına kitabın 32 nömrəli şəxsi hesab nömrəsinə əsasən iddiaçının ailə tərkibi özü, həyat yoldaşı X9, qızı X10 və oğlu X1 ibarət olmuşdur. Cəmi torpaq 0,10 ha, 0,92 ha. 2001-2005-ci illərdə 12 nömrəli təsərrüfatbaşına kitabın 856 nömrəli şəxsi hesab nömrəsinə əsasən iddiaçının ailə tərkibi özü, həyat yoldaşı X9, qızı X10 və oğlu X1 ibarət olmuşdur. Təsərrüfatın xüsusi mülkiyyətində olan torpaq 0,10 ha, o cümlədən xüsusi mülkiyyət 0,92 ha. - 2006-2010-cu illərdə 12 nömrəli təsərrüfatbaşına kitabın 842 nömrəli şəxsi hesab nömrəsinə əsasən iddiaçının ailə tərkibi özü, həyat yoldaşı X9, qızı X10 və oğlu X1 ibarət olmuşdur. - Zaqatala rayon Dövlət Arxivinin xx.xx.2023-cü il tarixli 3-48-47RA-2V-134/2023 nömrəli arxiv arayışından görünür ki, 2011-2015-ci illədə 12 nömrəli təsərrüfatbaşına kitabın 1020 nömrəli şəxsi hesab nömrəsinə əsasən iddiaçının ailə tərkibi özündən ibarət olmuşdur. Belə ki, həyat yoldaşı Sevər Vəliyeva, qızı X10 və oğlu X11 13 nömrəli təsərrüfatbaşına kitabının 1130 nömrəli şəxsi hesabına keçirilmişdir. Təsərrüfatın mülkiyyətində olan torpaq 2011-2012-2013-cü illərdə 1,02 ha, 2014-2015-ci illərdə 0,23 ha, ondan həyətyanı torpaq 0,10 ha, 2011-2012-2013- cü illərdə. - Zaqatala RİH başçısının Göyəm kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli, 5-82-22/2-68/2023 nömrəli arayışında qeyd olunur ki, Göyəm kəndində yerləşən sözügedən 0,075 ha torpaq saahəsində FHN tərəfindən inşa edilmiş fərdi yaşayış evi X2 istifadəsindədir. - Arayışa əlavə olunmuş: Zaqatala rayon Dövlət Arxivinin xx.xx.2023-cü il tarixli, 3-48-47RA-20-779/2023 nömrəli arxiv arayışının surətindən görünür ki, 2011-2015-ci illərdə Göyəm kənd İƏN 13 nömrəli təsərrüfatbaşına kitabının 44 nömrəli səhifəsində X2 ailə tərkibi özü, qızı Əsmər Vəlizadə və oğlu Altay Vəlizadə olmaqla 3 nəfərdən ibarət olmuşdur. Təsərrüfatın mülkiyyətində və sahibliyində: 0,69 ha, cəmi torpaq 2014: 0,69 ha. RX seriyalı ******* nömrəli, xx.xx.2013-cü il qeydiyyat tarixli çıxarışın surətindən görünür ki, Göyəm kəndində yerləşən 0,0951 ha həyətyanı torpaq sahəsi İddiaçı, X12, X11 və X4 ümumi birgə mülkiyyətindədir. - Cavabdehin xx.xx.2023-cü il tarixli, 3-21-3-47/2-2048/2023 nömrəli məktubuna əlavə olunmuş Zaqatala rayonu ərazisində tikilmiş 9 ədəd fərdi yaşayış evlərinin adlı siyahısından görünür ki, həmin siyahıda 9-cu sırada X2 adı yazılmışdır. - Zaqatala RİH-nin xx.xx.2023-cü il tarixli 5-82-2/2-531/2023 nömrəli məktubunda qeyd olunmuşdur ki, Zaqatala rayon Göyəm kəndində yerləşən, Orucova (Vəliyeva) Sevər Qurban qızı, X10 və X3 ümumi birgə mülkiyyətində olan torpaq sahəsində yerləşən 2012ci ildə Zaqatala rayonunda baş vermiş məlum zəlzələdən qəzalı vəziyyətə düşmüş fərdi yaşayış evinin əvəzində dövlət vəsaiti hesabına inşa edilmiş fərdi yaşayış evi X2 adına tikilmiş, Zaqatala Rayon İcra Hakimiyyəti başçısı tərəfindən təsdiq edilmiş 2021-ci il 09 aprel tarixli 12/1 nömrəli tikinti obyektinin istismarına icazə sənədinə əsasən istismara verilmişdir. - Məktuba əlavə olunmuş Zaqatala rayonu ərazisində tikilmiş 9 ədəd fərdi yaşayış evlərinin adlı siyahısından görünür ki, həmin siyahıda 9-cu sırada X2 adı yazılmışdır. - Zaqatala Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1-1072/2023 nömrəli məktubuna əlavə olunmuş: Zaqatala Rayon Məhkəməsinin xx.xx.2006-cı il tarixli 2-243 nömrəli Qətnaməsinin təsdiq olunmuş surətindən görünür ki, İddiaçı ilə X9 arasında Bakı şəhəri, 26 Bakı Komissarı rayonu VVADQ orqanında bağlanmış xx.xx.1987-ci il tarixli 701 nömrəli nikah qeydi ləğv olunmuşdur. Zaqatala Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli 2(033)-407/2013 nömrəli Qətnaməsinin təsdiq olunmuş surətindən görünür ki, Zaqatala rayonunun Göyəm kəndində yerləşən tərəflərin ümumi paylı mülkiyyətində olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında ******* saylı RX seriyalı çıxarışda qeyd edilmiş 0,0951 həyətyanı torpaq sahəsində iddiaçılar X5, X6 və X7 çatan hissə yol tərəfdən 33,54 m, cənub-şərqə 12 m, şimal-qərbə 14 m, cənub-qərbə 8 m, yola doğru 19 m və yoldan 3,8 m olmaqla ayrılmışdır. - FHN Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin xx.xx.2023-cü il tarixli 3- 18-2/2-4785/2023 nömrəli məktubunda qeyd olunmuşdur ki, Respublikanın Zaqatala, Balakən və Qax rayonlarında 07 may 2012-ci ildə baş vermiş zəlzələ nəticəsində ziyan dəymiş evlərə Nazirliyin mütəxəssislərindən təşkil edilmiş və yerli qurumların da iştirak etdiyi komissiyalar tərəfindən baxış keçirilmiş və müvafiq aktlar tərtib edilmişdir. Həmin aktlara əsasən ünvan 1 sakini X8 məxsus fərdi yaşayış evi qəzalı evlər siyahısına daxil edilmişdir. Bununla əlaqədar layihəsmeta sənədlərinə uyğun olaraq vətəndaşa yeni fərdi yaşayış evi tikilib 2012-ci ildə Dövlət Qəbul Komissiyası tərəfindən istismara qəbul edilərək təhvil verilmişdir. - Məktuba əlavə olunmuş Zaqatala rayonu ərazisində tikilmiş 9 ədəd fərdi yaşayış evlərinin adlı siyahısından görünür ki, həmin siyahıda 9-cu sırada X2 adı yazılmışdır.
TƏTBİQ EDİLƏN HÜQUQ
18. İnzibati Prosessual Məcəllə: Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 12.3. Məhkəmə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki halların araşdırılmasında və sübutların toplanılmasında məhkəməyə yardım etməyə borcludurlar. 12.4. Proses iştirakçıları tərəfindən hər hansı sübutun məhv edilməsi və ya gizlədilməsi yaxud hər hansı başqa üsulla həmin sübutun araşdırılmasına maneçilik törədilməsi qadağandır. Belə halların baş verdiyi təqdirdə, məhkəmə konkret işlə bağlı bütün xüsusiyyətləri nəzərə alaraq sübut etmə vəzifəsinin dönüşü haqqında qərardad qəbul edə bilər. Maddə 13. Məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Maddə 14.2. İnzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 48. Məhkəmənin və proses iştirakçılarının işin hallarının obyektiv araşdırılması ilə bağlı vəzifələri 48.1. Sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyrimüəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. 48.2. İnzibati məhkəmə icraatının iştirakçıları yazılı vəsatətlərini, etirazlarını, izahatlarını və bunlarla əlaqədar sənədləri məhkəmə baxışı başlayana qədər təqdim etməyə borcludurlar. Sədrlik edən hakim bu məqsədlə müddət təyin edə bilər. Məhkəmə xidməti vəzifəsinə görə həmin sənədlərin surətlərini prosesin digər iştirakçılarına göndərir. 48.3. Yazılı vəsatətlərə, etirazlara, izahatlara onlarda istinad olunan sənədlərin əsli və ya surəti tam və ya çıxarışlar şəklində əlavə edilməlidir. Həmin sənədlər qarşı tərəfə məlum olduğu və ya həcmcə çox böyük olduğu hallarda, onların əlamətlərini dəqiq göstərməklə, qarşı tərəfin həmin sənədlərlə məhkəmədə tanış olmasının mümkünlüyünü qeyd etmək kifayətdir. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
19. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 1.0.4. qeydiyyat orqanı – daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır. Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. 8.0-ci maddəsində daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunnan halları müəyyən edilmiş, 15-ci maddəsində isə hüquqların qeydə alınmasından imtina oluna bilən hallar öz təsbitini tapmışdır. 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. 10.2-ci maddəsinə görə, hüquqların dövlət qeydiyyatı üçün qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. 11.1-ci maddəsinə görə hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır; 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər; 23.2-ci maddəsinə görə isə daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər. 23.3-cü maddəsinə görə isə dövlət qeydiyyatına alınmış daşınmaz əmlaka hüquqlar və daşınmaz əmlak barəsində bağlanan əqdlər haqqında məlumatın qəsdən və ya ehtiyatsızlıq üzündən təhrif edilməsində və itirilməsində təqsirli olan şəxslər bunun nəticəsində vurulmuş zərərə görə qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyırlar.
20. Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli, 439 nömrəli Fərmanı iə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın 2-ci bəndinə əsasən Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlər hesab olunur: 2.1. şəhər və rayon xalq deputatları sovetləri tərəfindən 1992-ci il yanvarın 24-dən 1995-ci il dekabrın 19-dək verilmiş torpağa mülkiyyət, sahiblik, daimi istifadə hüququna dair dövlət aktı və torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə; 2.2. şəhər və rayon xalq deputatları sovetləri tərəfindən torpaq sahələrinin ayrılması barədə 1991-ci il noyabrın 9-dan 1995-ci il dekabrın 19-dək qəbul edilmiş qərar; 2.3. kəndlərdə, o cümlədən statusu dəyişdirilərək şəhərə (qəsəbəyə) çevrilmiş, habelə ləğv edilərək ərazisi şəhər və ya qəsəbələrin ərazisinə verilmiş kəndlərdə 2001-ci il yanvarın 1-dək inşa edilmiş yaşayış evlərinə və (və ya) onların yerləşdiyi torpaq sahələrinə dair təsərrüfatbaşına kitablardan çıxarış; 2.4. üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1dək tərtib olunmuş texniki pasport (həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda); 2.5. Yaşayış evlərinin və bağ evlərinin tikintisi üçün həyətyanı torpaq sahələrinin verilməsi barədə kolxoz üzvlərinin ümumi yığıncağının və ya müvəkkillərinin yığıncağının qərarı, yaxud sovxoz (həmçinin həmin sovxozun yenidən təşkili qaydasında onun bazasında yaradılaraq dövlət orqanlarının tabeliyində olan kənd təsərrüfatı müəssisəsi) rəhbərinin (direktor və s.) əmri; 2.6. fərdi mənzil, habelə kooperativ evlərin və bağların tikilməsi üçün mənzil-tikinti və bağ-tikinti kooperativlərinə, çoxmənzilli yaşayış evlərinin tikintisi üçün fərdi evtikdirənlərin mənzil-tikinti kollektivlərinə torpaq sahələrinin ayrılması barədə müvafiq olaraq şəhər, qəsəbə və kənd xalq deputatları sovetlərinin icraiyyə komitələri tərəfindən 1991-ci il noyabrın 9-dək qəbul edilmiş qərarlar; 2.7. yerli icra hakimiyyəti başçısının qərarı əsasında yaşayış evinin tikintisi məqsədilə torpaq sahələrinin ayrılması barədə, yaxud müvafiq torpaq sahəsinin yerli icra hakimiyyəti başçısının qərarında nəzərdə tutulan şəxslər arasında bölüşdürülməsi barədə aidiyyəti inzibati ərazi dairəsi üzrə nümayəndə tərəfindən 2001-ci il yanvarın 1-dək verilmiş qərar.
21. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: 32.1. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. 32.2. Ər-arvadın ümumi birgə mülkiyyətinə: 32.2.1. onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (xəsarət, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.);[19] 32.2.2. ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit təşkilatlarına və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir.[20] 32.3. Nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzürlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir
22. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: Maddə 225. Ərlə arvadın ümumi mülkiyyəti 225.1. Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. 225.2. Nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. 225.3. Daş-qaş və digər zinət şeyləri istisna olmaqla, fərdi istifadədə olan əmlak (paltar, ayaqqabı və i.a.) nikah dövründə ərlə arvadın ümumi vəsaiti hesabına əldə edilmiş olsa da, ondan istifadə etmiş arvadın (ərin) mülkiyyəti sayılır. 225.4. Ər-arvaddan hər birinin əmlakı o halda onların birgə mülkiyyəti sayıla bilər ki, nikah dövründə ərlə arvadın ümumi əmlakı və ya ərin (arvadın) şəxsi əmlakı hesabına həmin əmlakın dəyərini əhəmiyyətli dərəcədə artıran vəsait qoyulduğu (əsaslı təmir, yenidənqurma, yeni avadanlıqla təchizetmə və i.a.) müəyyənləşdirilsin. Əgər nikah kontraktında və ya ərlə arvadın razılaşmasında ayrı qayda nəzərdə tutulubsa, bu qayda tətbiq edilmir. 225.5. Ərin (arvadın) öhdəlikləri üzrə tutma onun mülkiyyətində olan əmlaka, habelə onun ərlə arvadın ümumi əmlakındakı payına bu şərtlə yönəldilə bilər ki, nikah kontraktında ayrı qayda nəzərdə tutulmuş olmasın. 225.6. Daşınmaz əmlaka birgə hüququ olan ərin (arvadın) razılığı olmadan daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış hüquq barədə bağlanmış müqavilə etibarsız hesab edilir. Bu, həmçinin əldə edənin belə hüququn yalnız müqavilə tərəfinə məxsus olması barədə vicdanlı olduğu hallara da aiddir. Əgər müqavilə üzrə tərəf müqavilənin etibarsızlığını bilirdisə və ya bilməli idisə, əldə edən həmin tərəfdən etibarsızlıqdan irəli gələn zərərin əvəzinin ödənilməsini tələb edə bilər. 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır; 139.3-cü maddəsinə görə daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir; 139-1.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. 152.1-ci maddəsinə görə mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur
23. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur.
APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ
24. İddiaçının apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Apellyasiya şikayəti mümkündür və əsaslıdır, ona görə də apellyasiya şikayəti uğurlu olacaqdır.
25. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.
26. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada hüquqlarını pozduğunu iddia edə bilər.
27. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
28. Birinci instansiya məhkəməsi iddianı təmin etməmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
29. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçının hüquqi marağı dövlət vəsaiti hesabına inşa edilmiş mübahisəli fərdi yaşayış evi üzərində onun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla adına rəsmiləşdirilməsinə nail olmaqdan ibarətdir. Lakin nə iddiaçı tərəfindən təqdim edilmiş sənədlərə əsasən, nə də məhkəmə araşdırması ilə mübahisəli fərdi yaşayış evinin iddiaçının adına rəsmiləşdirilməsinə əsas verən hüquqmüəyyənedici sənədlər aşkar edilməmişdir. Bununla yanaşı məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, iddiaçının yeni evin əvəzində tikildiyini iddia etdiyi birgə nikah dövründə inşa etdiyi fərdi yaşayış evi üzərində də onun mülkiyyət hüququ qeydə alınmamışdır. Həmin ev hazırda mövcuddur, iddiaçı və üçüncü şəxslərin payları müəyyən edilmiş torpaq sahəsində yerləşir. Yeni fərdi yaşayış evi isə, iddiaçı ilə X12 arasında olan nikaha xitam verildikdən sonra S.Orucovanın adına inşa edilmiş, tikinti obyektinin istismarına xx.xx.2021-ci il tarixli 12/1 nömrəli icazə də sonuncunun adına tərtib edilmişdir.
30. İşə apellyasiya qaydasında baxılan zaman məhkəmə kollegiyası tərəfindən iddiaçıya hüquqi yardım göstərilmiş və o, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, ünvan 1ində yerləşən 2012-ci ildə Zaqatala rayonunda baş vermiş zəlzələdən yararsız hala düşmüş 1991-ci ildə inşa edilmiş fərdi yaşayış evinin əvəzində dövlət vəsaiti hesabına inşa edilmiş yeni fərdi yaşayış evinin ½ hissəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdeh inzibati orqanın üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ərizə icraata qəbul edilmişdir.
31. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmayaraq qeyd edir ki, iş materiallarında olan cavabdehin xx.xx.2023-cü il tarixli 3- 21-3-47/2-V-0006-8/2023 nömrəli məktubundan görünür ki, iddia tələbində göstərilən üzərində mülkiyyət hüququ qeydiyyata alınması tələb edilən fərdi yaşayış evi Zaqatala rayonunda 2012-ci ildə baş vermiş zəlzələ nəticəsində yararsız hala düşmüş yaşayış evinin əvəzində dövlət vəsaiti hesabına yeni yaşayış evi inşa edilmişdir
32. Zaqatala rayon Dövlət Arxivinin xx.xx.2023-cü il tarixli, 3-48-47RA-2V-134/2023 nömrəli arxiv arayışından görünür ki, 1991-1995-ci illərdə Göyəm kənd İƏN 12 nömrəli təsərrüfatbaşına kitabının 32 nömrəli səhifəsində İddiaçı ailə tərkibi özü, yoldaşı X9, qızı Əsmər Vəlizadə və oğlu Altay Vəlizadə olmaqla 4 nəfərdən ibarət olmuşdur. Təsərrüfatın mülkiyyətində və sahibliyində: 0,10 ha və 0,92.
33. İş materiallarında olan Zaqatala rayon Dövlət Arxivinin xx.xx.2023-cü il tarixli, 3- 48-47RA-2V-134/2023 nömrəli arxiv arayışlarından da görünür ki, 2001-2005-ci illərdə Göyəm kənd İƏN 12 nömrəli təsərrüfatbaşına kitabının 856 nömrəli səhifəsində və 2006- 2010-cu illərdə Göyəm kənd İƏN 12 nömrəli təsərrüfatbaşına kitabının 842 nömrəli səhifəsində İddiaçı ailə tərkibi yuxarıda qeyd edilən kimi olmuşdur.
34. Zaqatala RİH başçısının Göyəm kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 142 nömrəli, xx.xx.2023-cü il tarixli arayışından görünür ki, iddiaçıya məxsus olan 0,10 ha həyətyanı torpaq sahəsində birgə nikah dövründə özü tərəfindən tikilmiş fərdi yaşayış evi vardır.
35. Həmçinin məhkəmə kollegiyasının iclasında üçüncü şəxs, həmçinin digər üçüncü şəxslərin nümayəndəsi X12 bildirmişdir ki, iddiaçı ilə onun birgə yaşayış dövründə 1991-ci ildə inşa etdikləri fərdi yaşayış evinin əvəzində dövlət vəsaiti hesabına yeni fərdi yaşayış evi inşa edilmişdir.
36. Göründüyü kimi, hazırkı iddia predmeti olan fərdi yaşayış evi Zaqatala rayonunda 2012-ci ildə baş vermiş zəlzələ nəticəsində yararsız hala düşmüş yaşayış evinin əvəzində dövlət vəsaiti hesabına inşa edilmişdir. Zəlzələdən yararsız hala düşmüş fərdi yaşayış evi isə iddiaçı və üçüncü şəxsin birgə nikahları dövründə iddiaçı tərəfindən tikilmiş fərdi yaşayış evi olmuşdur.
37. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, hazırkı iddia predmeti olan fərdi yaşayış evi iddiaçı və üçüncü şəxsin ümumi birgə mülkiyyətidir.
38. Eyni zamanda iş materiallarından görünür ki, həmin yaşayış evi Zaqatala Rayon İcra Hakimiyyəti başçısı tərəfindən təsdiq edilmiş 2021-ci il 09 aprel tarixli 12/1 nömrəli tikinti obyektinin istismarına icazə sənədinə əsasən istismara verilmişdir.
39. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh orqan tərəfindən iddiaçıya münasibətdə onun tələbini təmin etməkdən imtinası onun mülkiyyət hüququnun pozuntusudur. Ona görə iddiaçının müraciətinin təmin edilməsindən imtina edən inzibati orqanın hərəkətləri əsassız olmuş, işə baxan birinci instansiya məhkəməsi tam araşdırma aparmamış, maddi hüquq normalarının tətbiqində səhvə yol vermiş və bu səbəbdən də iddia tələbini təmin etməməklə düzgün nəticəyə gəlməmişdir.
40. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən ləğv edilməli, iddia təmin edilərək cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsinin üzərinə ünvan 1ində yerləşən 2012-ci ildə Zaqatala rayonunda baş vermiş zəlzələdən yararsız hala düşmüş 1991-ci ildə inşa edilmiş fərdi yaşayış evinin əvəzində dövlət vəsaiti hesabına inşa edilmiş yeni fərdi yaşayış evinin ½ hissəsi üzərində İddiaçı mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması öhdəliyi qoyulmalı, apellyasiya şikayəti təmin edilməlidir.
41. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏRАRА АLDİ:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Şəki İnzibati Məhkəməsinin 18 iyul 2023-cü il tarixli, 2-1(116)-1743/2023 nömrəli qərarı ləğv edilsin. İnzibati iş üzrə yeni qərar çıxarılaraq iddia təmin edilsin. ünvan 1ində yerləşən 2012-ci ildə Zaqatala rayonunda baş vermiş zəlzələdən yararsız hala düşmüş 1991-ci ildə birgə yaşayış dövründə inşa edilmiş fərdi yaşayış evinin əvəzində dövlət vəsaiti hesabına inşa edilmiş yeni fərdi yaşayış evinin ½ hissəsi üzərində İddiaçı mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsinin üzərinə qoyulsun. İnzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.