Məhkəmə qərarları › İş №2-1(107)-541/2025

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-541/2025

12.02.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-541/2025 12.02.2026 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Musayev Vüqar Ələkbər oğlu (məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Həsənov Tural Həsən oğlundan ibarət tərkibdə, Məmmədli Aqil Bəxtiyar oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Şəki Şəhər Rayon Polis Şöbəsinə qarşı “X6 ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Şəki İnzibati Məhkəməsinin 01 iyul 2025-ci il tarixli e-2- 1(116)-2382/2025 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. işin halları:

1. **********84-10301 reyestr nömrəli çıxarışından görünür ki, ünvan 11 döngə 2 ev 2 ünvanında yerləşən yaşayış sahəsi (Yeni qaydalarla ünvan 11 ev 132) paylı mülkiyyət hüququ ilə İddiaçı (2/3) və X12 (1/3) paylı mülkiyyətindədir.

2. X22 xx.xx.1932-ci ildə vəfat etmişdir.

3. “Yaşayış yeri üzrə qeydiyyat haqqında” xx.xx.2025-ci il tarixli, ******* nömrəli arayışdan görünür ki, üçüncü şəxs X14 iddiaçının mülkiyyətində olan fərdi yaşayış evində qeydiyyatdadır.

4. İddiaçı, cavabdeh orqana müraciət edərək üçüncü şəxsin ünvan 11 döngə 2 ev 2 ünvanından qeydiyyatdan çıxarılmasını xahiş etmiş, lakin cavabdeh orqan xx.xx.2025-ci il tarixli məktubla imtina cavabı vermişdir.

birinci instansiya məhkəməsində iş üzrə qəbul edilmiş məhkəmə aktı:

5. İddiaçı cavabdeh Şəki Şəhər Rayon Polis Şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “X6 ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

6. Şəki İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-1(116)-2382/2025 nömrəli qərardadı ilə X14 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına zəruri cəlb edilmişdir.

7. iddia ərizəsi onunla əsaslandırılmışdır ki, ünvan 3 ünvanında yerləşən daşınmaz əmlakın 2/3 hissəsi iddiaçının mülkiyyətindədir. Həmin əmlakın 1/3 hissəsi üzərində mülkiyyət hüququ isə X15 məxsudur. X23 vəfat etdikdən sonra ondan miras qalmış əmlaka vərəsəliyi iddiaçının babası X16 qəbul etmiş, onun vəfatından sonra həmin miras əmlaka vərəsəliyi atası X24 qəbul etmiş, atası da vəfat etdikdən sonra həmin miras əmlaka o yiyələnmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)- 1008/2023 nömrəli, 12 sentyabr 2023-cü il tarixli qətnaməsi ilə X12 onun ulu babası olması hüquqi faktı müəyyən edilmişdir. X14 ona məxsus evdə qeydiyyatdadır. Halbuki, qeyd edilən şəxsin fərdi yaşayış evində qeydiyyatı formaldır və o orda yaşamır. Belə ki, X14 qonşu ünvanda yəni, Şəki şəhəri, Şərbablar küçəsi, 2/3 ünvanında yaşayır və anası X7 da həmin ünvanda qeydiyyatdadır. X14 texniki səhv olaraq onun razılığı və xəbəri olmadan ona məxsus evə qeydiyyata alınmışdır. Göründüyü kimi o həmin fərdi yaşayış evində sadəcə olaraq ailə üzvlərilə birlikdə yaşayır. Saleh İsmayılov da onun ailə üzvü olmamaqla həmin ünvanda yaşamır. X6 onun ulu babası X23 ilə heç bir qohumluq bağlılığı yoxdur. Ona görə də o həmin şəxsin mülkiyyətində olan fərdi yaşayış evindən qeydiyyatdan çıxarılması ilə bağlı cavabdeh inzibati orqan Şəki Şəhər-Rayon Polis Şöbəsinə müraciət etmişdir. Cavabdeh inzibati orqan müraciətin təmin olunmasından imtina etmişdir.

8. Cavabdeh orqan iddia tələbinə münasibət bildirməmişdir.

9. Üçüncü şəxs iddia tələbinə etirazını aşağıdakı kimi əsaslandırmışdır: - iş materiallarına əlavə edilmiş **********84-10301 reyestr nömrəli çıxarışından göründüyü kimi mübahisəli fərdi yaşayış evi İddiaçı və X12 paylı mülkiyyətindədir. Üçüncü şəxs X14 həmin fərdi yaşayış evinin mülkiyyətçisi X1. X3 isə mülkiyyətçi X12 nəticəsidir. Yəni evin paylı mülkiyyətçisi X12 qanun üzrə vərəsəsidir. Üçüncü şəxs X6 X3 artıq notariat ofisinə ərizə ilə müraciət edərək X9 miras qalmış əmlakla bağlı vərəsəlik işinin açılmasını xahiş etmişdir. Notarius toplanmış sənədləri araşdıraraq "Notariat hərəkətlərinin aparılmasından imtina haqqında” xx.xx.2024-cü il tarixli qərar qəbul etmişdir. Qərar belə əsaslandırılmışdır ki, X23 ilə miras payı istəyən X6 qohumluq münasibətlərini müəyyən etmək mümkün olmamışdır. Hal-hazırda Şəki rayon məhkəməsində X23 ilə miras payı istəyən X6 qohumluq münasibətlərinin təsdiq edilməsi barədə mülki işə baxılmaqdadır. Bundan başqa iş materiallarında olan ünvan 11 2/2 ünvanında yerləşən fərdi yaşayış evinin texniki pasportundan göründüyü kimi, həmin həyətyanı sahədə iki A və B tikili olmaqla tiraltı fərdi yaşayış evi mövcuddur. Evin birində iş üzrə İddiaçı, digərində isə üçüncü şəxs X14 və ailəsi (anası, atası, həyat yoldaşı) yaşamaqdadır. Hər iki tərəfin yaşadığı, qeydiyyatda olduğu fərdi yaşayış evi qeydiyyata alınaraq vahid çıxarış və texniki pasport verilmişdir. Əvvəlki ünvan ünvan 11 2/2 olmuşdur. xx.xx.2021-ci ildə qeydiyyata alındıqdan sonra ünvan 11 döngə 2 ev 2 (Yeni qaydalarla: ünvan 11 132) olmuşdur. İddiaçı tərəf ünvanların eyniliyi barədə arayış təqdim etmişdir. Uzun illər əvvəl hər iki fərdi yaşayış evinin kitabçası mövcud olmuşdur. Həmin vaxt kitabçada fərqli ünvanlar yazılmışdır. İddiaçı tərəfə ünvan 11 2/2, cavabdeh tərəfin valideyinlərinin adına olan kitabçaya isə ünvan 11 2/3 yazılmışdır. Şəxsiyyət vəsiqəsində qeydiyyat ünvanlarında həmin ev kitabçasına əsasən qeydiyyatı aparılmışdır. Ev kitabçası mülkiyyətin qeydə alınma sənədi olmadığı üçün sonradan həmin evlər qeydə alınanda vahid çıxarışla qeydə alınaraq, ünvan 11 döngə 2 ev 2 (Yeni qaydalarla ünvan 11 132) olmuşdur. Məhz buna görə də üçüncü şəxsin valideynlərinin qeydiyyat ünvanı bu gün ünvan 11 2/3-dür. Üçüncü şəxs X14 yeni nəsil vəsiqəsi aldığı üçün onun qeydiyyatı doğulduğu, əvvəlki qeydiyyatda olduğu ünvana salmışlar. Bu gün iddiaçı ərizəsində qeyd edir ki, üçüncü şəxs X6 ona məxsus fərdi yaşayış evinə aidiyyəti yoxdur, səhvən həmin ünvana qeydiyyata salınmışdır. Bu düzgün fikir deyil. İddiaçının paylı mülkiyyətində olan fərdi yaşayış evinə uzun illər əvvəldən fərqli ünvanlar verilmişdir. ünvan 10 ünvan ünvan 11 döngə 2 ev 2 (Yeni qaydalarla: ünvan 11 132) hər biri eyni evin ünvanıdır. Yuxarıda qeyd edilənləri nəzərə alaraq İddiaçı tərəfindən verilmiş iddia tələbinin rədd olunması barədə müvafiq qərar çıxarılması xahiş edilmişdir.

10. Şəki İnzibati Məhkəməsinin e-2-1(116)-2382/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı ilə (hakim X28) iddia tələbi təmin edilməmişdir.

11. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı ünvan 11 döngə 2 ev 2 (Yeni qaydalarla ünvan 11 132) ünvanında yerləşən mənzilin onun mülkiyyətində olmasına, üçüncü şəxsin həmin mənzildə əmlak hüququnun olmamasına, istinad etsə də, işin araşdırılması zamanı müəyyən olundu ki, üçüncü şəxs X14 həmin ünvanda yaşayır. Eyni zamanda iş materiallarında olan sənədlərdən görünür ki, ünvan 11 döngə 2 ev 2 (Yeni qaydalarla ünvan 11 ev 132) paylı mülkiyyət hüququ ilə İddiaçı və X12 paylı mülkiyyətindədir. X23 isə üçüncü şəxsin X3nun ulu babasıdır. Üçüncü şəxs X14 həmin fərdi yaşayış evinin mülkiyyətçisi X1. X3 isə mülkiyyətçi X12 nəticəsidir. Üçüncü şəxs X6 X3 notariat ofisinə ərizə ilə müraciət edərək X9 miras qalmış əmlakla bağlı vərəsəlik işinin açılmasını xahiş etmiş, X4 ilə miras payı istəyən X6 qohumluq münasibətlərini müəyyən etmək mümkün olmadığından "Notariat hərəkətlərinin aparılmasından imtina haqqında” xx.xx.2024-cü il tarixli qərar qəbul etmişdir. Şəki Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2(075)-871/2025 nömrəli qətnaməsindən görünür ki, ərizə təmin edilmiş, xx.xx.1943-cü il tarixdə vəfat etmiş X10 ərizəçi X5 babası, xx.xx.1932- ci il tarixdə vəfat etmiş X12 isə ulu babası olması hüquqi faktı müəyyən edilmişdir. Beləliklə, mövcud mübahisə üzrə toplanmış materiallar tərəflərin təqdim etdiyi sənədlər, eyni zamanda məhkəmə iclasında verilmiş izahatlar əsasında belə qənaətə gəlinir ki, sözügedən fərdi yaşayış evi üzərində mülkiyyət hüququ paylı mülkiyyət münasibətləri çərçivəsində formalaşmışdır. Bu isə o deməkdir ki, həmin əmlak bir neçə şəxsə məxsus olmaqla, hər birinin həmin əmlak üzərində müəyyən payı vardır və bu payların dəqiq müəyyənləşdirilməsi hüquqi baxımdan əhəmiyyətlidir. İş materiallarından göründüyü kimi, İddiaçı həmin yaşayış evinin 2/3 hissəsinə dair mülkiyyət hüququna malik olduğunu əsaslandıran sənədləri təqdim etmişdir. Qalan 1/3 hissə isə İddiaçı ulu babası mərhum X12 adına qeydiyyata alınmışdır. Bu isə o deməkdir ki, iddiaçı daşınmaz əmlakın yeganə mülkiyyətçisi deyil. Yəni bu fakt paylı mülkiyyət münasibətlərinin hüquqi qüvvəsini bir daha təsdiqləyir və tərəflər arasında əmlakdan istifadə hüququnun pay bölgüsünə uyğun şəkildə həyata keçirilməsini zəruri edir. Məhkəmə qeyd edir ki, mülkiyyət hüququ, Azərbaycan Respublikasının Konstitusiyasının 13 və 29-cu maddələrində əksini tapan əsas hüquqlardan biri olaraq, insanın əmlak üzərində istədiyi kimi sahib olmaq, istifadə etmək və sərəncam vermək hüququnu təmin edir. Mülkiyyət hüququ, həmçinin, ölkə qanunvericiliyi, o cümlədən Mülki Məcəllə və Mənzil Məcəlləsinin müvafiq müddəaları ilə qorunur və dövlət tərəfindən təminat altına alınır. Nəzərə alınmalıdır ki, mübahisəli evin 2/3 hissəsi iddiaçıya məxsusdur və bu mülkiyyətə hüququ olan şəxs olaraq o, həmin mülkiyyəti öz iradəsinə uyğun olaraq idarə etmək hüququna malikdir. Məhkəmə baxışında təhlil edilmiş sübutlara və tərəflərin izahatlarına əsasən müəyyən olunur ki, mübahisəli evdə qeydiyyatda olan üçüncü şəxsin öz atasının da həmin mənzildə pay hüququ mövcuddur. Məhkəmə onu da qeyd edir ki, paylı mülkiyyət vəziyyətində hər bir şəxsin konkret sahə üzrə mülkiyyət hüququnun müəyyənləşdirilməsi və təsbit edilməsi vacibdir. Məhkəmə tərəfindən naturada bölgünün aparılması və hər bir tərəfə ayrılmış sahənin göstərilməsi məhz bu məqsədə xidmət edir. Hazırki işə münasibətdə qeyd edilməlidir ki, iddiaçının üçüncü şəxsin qeydiyyatdan çıxarılmasını tələb etmək hüququ yalnız o halda əsaslı hesab oluna bilərdi ki, mübahisəli daşınmaz əmlak naturada (fiziki olaraq) bölünmüş olardı. Bu zaman hər bir mülkiyyətçiyə konkret sahə ayrılardı və həmin sahə üzərində mülkiyyət hüququ ayrıca tanınardı. Belə olan halda, əgər üçüncü şəxs məhz iddiaçıya aid edilən sahə üzrə qeydiyyatda olsaydı, orada yaşamasaydı və ya heç bir hüquqi əsas olmadan həmin ünvanda qeydiyyata alınsaydı, bu zaman onun qeydiyyatdan çıxarılması iddiası hüquqi əsasla irəli sürülə bilərdi. Lakin mövcud vəziyyətdə ev naturada bölünmədiyindən və mülkiyyətin sərhədləri konkret göstərilmədiyindən, kimin hansı sahədə qeydiyyatda olmasının hüquqi qiymətləndirilməsi mümkün deyil. Bu səbəbdən, üçüncü şəxsin qeydiyyatının iddiaçıya məxsus konkret sahəyə düşdüyünü hüquqi cəhətdən təsdiqləmək də mümkün deyil. Bu da iddianın təmin olunması üçün yetərli əsasların olmadığını göstərir. Məhkəmə qeyd edir ki, şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsasların dairəsi «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Qanunun 9-cu maddəsində konkret müəyyən edilmişdir. Nəzərə alınmalıdır ki, iddiaçı iddia ərizəsində üçüncü şəxsin həmin evdə yaşamadığını, qeydiyyatının formal olduğunu qeyd etsə də, məhkəmə iclasında tərəflərin (iddiaçının və üçüncü şəxsin vəkilinin (nümayəndəsinin) izahatları ilə həmin hala aydınlıq gətirildi və müəyyən olundu ki, üçüncü şəxs həmin mübahisəli evin bir otağında yaşayır. Göründüyü kimi iddiaçı üçüncü şəxsə münasibətdə «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Qanunun 9-cu maddəsində göstərilən əsaslardan hər hansı birini məhkəməyə təqdim edə bilməmişdir. Belə olan halda üçüncü şəxsin həmin ünvandan yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün qanunda nəzərdə tutulmuş əsaslardan hər hansı biri mövcud olmadığından cavabdeh inzibati orqanın üçüncü şəxsi qeydiyyatdan çıxarmaqdan imtinası qanuni və əsaslı olmuşdur.

12. İddiaçı apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri

a) apellyasiya şikayətinin dəlilləri

13. İddiaçı, apellyasiya şikayətində qeyd etmişdir ki, işə baxan birinci instansiya məhkəməsi öz qərarını qanuni qüvvəsini almamış Şəki Rayon Məhkəməsinin xx.xx.2025ci il tarixli e-2(075)-871/2025 nömrəli qətnaməsi ilə əsaslandırmışdır. Göründüyü kimi həmin qətnamə xx.xx.2025-ci il tarixdə qəbul edilmiş, 30 iyun 2025-ci il tarixdə elektron kabinetə yerləşdirilmişdir. O, həmin qətnamədən 26 iyul 2025-ci il tarixdə apelyasiya şikayəti vermişdir. Hal-hazıradək həmin qətnamə qanuni qüvvəsini almamış və işə baxan birinci instansiya məhkəməsi qanuni qüvvəsini almamış məhkəmə qətnaməsinə istinad etməklə qərar qəbul etmişdir. Şəki Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2(075)-871/2025 nömrəli qətnaməsində qeyd etmişdir ki, iş araşdırması zamanı müəyyən edilir ki, xx.xx.2000-ci il tarixdə vəfat etmiş X11 onun atası, xx.xx.1943-cü il tarixdə vəfat etmiş X18 isə babası olmuşdur. X12 ərizəçinin ulu babası olması isə yalnız şahid ifadələri ilə müəyyən edilir. Hər nə qədər ərizəçinin ulu babasının X23 olmasına dair əsaslı sübutlar təqdim edilməmiş olsa da iddia tələbinin həmin hissədə təmin edilməməsi ərizəçinin çatmaq istədiyi məqsədin qarşısını alacaqdır. Göründüyü kimi, işə baxan birinci instansiya məhkəməsinin bu mövqeyi tamamilə əsasızdır və birinci instansiya məhkəməsinin özü ərizəçinin ərizəsinin əsassız olmasını özü təsdiq etmiş, lakin sonra ərizəni təmin etmişdir. Belə ki, birinci instansiya məhkəməsi öz qeyd etmişdir ki, ərizəçi ulu babasının X23 olmasına dair əsaslı sübutlar təqdim edilməmişdir. Sual olunur belə sübutlar olmadığı halda onda hansı əsasla ərizə təmin edilmişdir? Halbu ki, artıq qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə müəyyən edilmişdir ki, X23 mənim ulu babamdır və ərizəçi ilə X12 heç bir bağlılığı yoxdur. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-1008/2023 nömrəli, 12 sentyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər – X25 (sədrlik edən və məruzəçi), X17 və X19) ərizəçi İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi, Şəki Rayon Məhkəməsinin 2(075)-1115/2020 saylı, 23 sentyabr 2020-ci il tarixli qətnaməsinin qismən ləğv edilməsi, X12 xx xxxxxx 1968-ci il təvəllüdlü İddiaçı ulu babası olması hüquqi faktı müəyyən edilməsi, Şəki Rayon Məhkəməsinin 2(075)-1115/2020 saylı, 23 sentyabr 2020-ci il tarixli qətnaməsi qalan hissədə dəyişdirilmədən saxlanılılması qət edilmişdir. Yuxarıda sadalanan məhkəmə aktlarından görünür ki, X12 onun ulu babası olması barədə məhkəmə prosesləri getmiş və həmin dövrdə işə baxan məhkəmələr tərəfindən X23 ilə hazırkı iş üzrə ərizəçi X5 qohum olması qənaətinə gəlməmişlər. Həmin proseslər yekunlaşdandan iki il sonra ərizəçi X8 onun ulu babasından miras qalmış əmlaka saxta yolla yiyələnməkdən ötrü guya X12 onun ulu babası olmasını iddia edir. Bundan əlavə qeyd etmişdir ki, o, 2003-ci ildən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin paylı mülkiyyətçisidir və orada yaşayır. Üçüncü şəxs X14 isə 2013-cü ildən orada pasport qeydiyyatındadır. O, üçüncü şəxsə mülkiyyətində olan evə pasport qeydiyyatına düşməsinə icazə verməmiş və bundan xəbəri olmamışdır. Həmçinin qeyd etmişdir ki, üçüncü şəxs X6 valideynləri də, həmin evdə qeydiyyatda deyillər. X2 həmin evdə faktiki yaşaması onun həmin evdən istifadə hüququnun olmasını təsdiq etmir. Üçüncü şəxsin həmin evdə istifadə hüququ yoxdur və iddiaçının mülkiyyətində olan evdə qanunsuz yaşayır. İnzibati işin materiallarında üçüncü şəxsin atasının həmin mənzildə pay hüququnun olmasına dair hər hansı bir sübut mövcud deyil. Üçüncü şəxsin atası onun mülkiyyətində olan mənzildə pasport qeydiyytanda olmamaqla orada yaşamır. Belə olan halda hansı mənzildə pay hüququndan söhbət gedə bilər. Göründüyü kimi işə baxan birinci instansiya məhkəməsi iddianı təmin etmək naminə işin faktiki hallarını təhrif etmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:

14. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.

tərəflərin izahatları

15. Məhkəmə kollegiyasının hazırkı və əvvəlki iclasında iştirak edən iddiaçı izahatında qeyd etmişdir ki, fərdi yaşayış evi 4 sot qapalı həyətyanı torpaq sahəsində yerləşir. Həmin torpaq sahəsində cəmi bir fərdi yaşayış evi var. Həm iddiaçı, həm də üçüncü şəxs həyətyanı sahədə olan tikilidə yaşayırlar. Onların fərdi yaşayış evinə girişçıxışları fərqli olsa da, eyni həyətdəndir. Fərdi yaşayış evinin altı zirzəmi, üstü isə yaşayış sahəsidir. Zirzəmidə 2 otaq var, əşyalarını saxlamaq üçün istifadə edirlər. Zirzəmiyə münasibətdə ikinci mərtəbə sayılan hissədə isə 3 otaq var. Üçüncü şəxs faktiki olaraq ikinci mərtəbə sayılan hissəyə bitişik olan otaqda (1 otaq və 1 zal) yaşayır. İddiaçı hesab edir ki, üçüncü şəxsin yaşadığı hissə - ulu babasının adına rəsmiləşdirilməsi nəzərdə tutulan 1/3 hissədir. Üçüncü şəxs qeyd edilən evdə mütəmadi olaraq yaşamasa da, əşyaları evdədir. Üçüncü şəxs 2013-cü ildən onun razılı olmadan həmin ünvana qeydiyyata salınıb. Üçüncü şəxsin digər ailə üzvləri küçədə olan X13 məxsus digər fərdi yaşayış evində (döngə 2, ev 3) qeydiyyatdadırlar. Üçüncü şəxsin fərdi yaşayış evindən məcburi çıxarılması ilə bağlı məhkəmə qətnaməsi yoxdur. O, hazırkı proses yekunlaşdıqdan sonra üçüncü şəxsin fərdi yaşayış evindən məcburi qaydada çıxarılması üçün məhkəməyə müraciət edəcəkdir. Göstərilənləri nəzərə alaraq apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 01 iyul 2025-ci il tarixli e-2-1(116)-2382/2025 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsinə dair yeni qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, üçüncü şəxs və cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdirlər. Məhkəmə kollegiyası üçüncü şəxs və cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi).

tətbiq edilən hüquq

16. Azərbaycan Respublikasının Konstitusiyası Maddə 13. Mülkiyyət Mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29. Mülkiyyət hüququ l. Hər kəsin mülkiyyət hüququ vardır. ll. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. lll. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.

17. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 139. Daşınar və daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Maddə 148. Daşınmaz əmlakın dövlət reyestrinin açıqlığı ... 148.2. Daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir. Maddə 152. Mülkiyyət hüququnun anlayışı və məzmunu 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. ... 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın Maddə 157. Mülkiyyətin müdafiəsi 157.1. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Maddə 178. Daşınmaz əmlaka mülkiyyət hüququnun əldə edilməsi 178.1. Daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir.

18. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 1. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın əsasları Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. ... Maddə 2. Yaşayış yeri və olduğu yer anlayışları Şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Maddə 9. Şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması Müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə — yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə — müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə — ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında.

19. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 85. Şikayətin verilməsinə dair tələblər 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir.

Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat ... 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər:[82] ... 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir.

20. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 24 sentyabr 2020-ci il tarixli Qərarı.

apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri.

21. Apellyasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

22. İddiaçı, onun üçün əlverişsiz olan məhkəmə aktından bütövlükdə şikayət verdiyindən verilmiş apellyasiya şikayəti üzrə hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyinə və əsaslılığına qiymət veriləcəkdir.

Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi

23. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman iddianın əsassızlığı ilə bağlı gəlinən nəticə düzgün olsa da, məhkəmə qərarının əsaslandırması işin hallarına uyğun olmamışdır. Bununla belə hər bir halda iddia tələbi əsassız olduğundan birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

24. Hazırkı işin birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, üçüncü şəxsin yaşadığı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin 2/3 hissəsi iddiaçının paylı mülkiyyətindədir, qalan 1/3 hissə üzərində mülkiyyət hüququ isə mərhum X15 məxsusdur. İddiaçının hüquqi marağı X6 həmin fərdi yaşayış evindən qeydiyyatdan çıxarılmasına nail olmaqdır.

25. Apellyasiya şikayətinin ümumiləşmiş dəlilləri ondan ibarətdir ki, birinci instansiya məhkəməsi iddianı rədd edərkən Şəki rayon Məhkəməsinin qanuni qüvvəsini almamış xx.xx.2025-ci il tarixli e-2(075)-871/2025 nömrəli qətnaməsinə istinad etmişdir. İddiaçı, mübahisəli fərdi yaşayış evinin paylı mülkiyyətçisidir və üçüncü şəxs 2013-cü ildən həmin ünvanda onun razılığı olmadan qeydiyyata düşmüşdür. Üçüncü şəxsin atasının həmin evdə pay hüququnun mövcudluğunu təsdiq edən hər hansı sübut iş materiallarında yoxdur. İddiaçı hesab edir ki, üçüncü şəxs həmin evdə qanunsuz yaşayır. Birinci instansiya məhkəməsinin üçüncü şəxsin pay hüququnun olması barədə qənaəti əsassız olmuşdur.

26. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 sentyabr 2020-ci il tarixli Qərarında qeyd edilmişdir ki, yaşayış yeri üzrə pasport qeydiyyatından çıxarılması ilə bağlı mübahisəli hüquq münasibətinin həlli üçün iki hal - şəxsin həmin yaşayış evində yaşamaması və həmin evə dair əmlak hüquqlarının mövcud olmaması müəyyən edilməlidir.

27. Birinci halla (şəxsin həmin yaşayış evində yaşaması) bağlı müəyyən edilir ki, üçüncü şəxs X14 mübahisəli fərdi yaşayış evində faktiki olaraq yaşayır.

28. İddiaçı, ilkin tələbində üçüncü şəxsin fərdi yaşayış evində qeydiyyatının formal olmasını və orada yaşamamasını, texniki səhv olaraq onun razılığı və xəbəri olmadan ona məxsus evə qeydiyyata alınmasını qeyd etsə də, məhkəmə kollegiyasının iclasında verdiyi izahatında bildirmişdir ki, “üçüncü şəxs həyətyanı sahədə olan tikilidə, zirzəmiyə münasibətdə ikinci mərtəbə sayılan hissəyə bitişik olan otaqda (1 otaq və 1 zal) yaşayır. Hesab edir ki, üçüncü şəxsin yaşadığı hissə - ulu babasının adına rəsmiləşdirilməsi nəzərdə tutulan 1/3 hissədir.

29. Nəzərə alınmalıdır ki, iddiaçı, apellyasiya şikayətində də, qeyd edir ki, “X6 həmin evdə faktiki yaşaması onun həmin evdən istifadə hüququnun olmasını təsdiq etmir. Üçüncü şəxsin həmin evdə istifadə hüququ yoxdur və iddiaçının mülkiyyətində olan evdə qanunsuz yaşayır”.

30. Məhkəmə kollegiyasının sorğusuna cavab olaraq Şəki şəhər icra başçısının 1 nömrəli sahə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin xx.xx.2026-cı il tarixli, 03 nömrəli məktubunda qeyd edilmişdir ki, X14 və onun ailə üzvləri ünvan 13 ünvanında yaşayırlar.

31. Göründüyü kimi həm iddiaçının, həm də üçüncü şəxsin yaşadığı və qeydiyyatda olduğu fərdi yaşayış evi eynidir. Üçüncü şəxs - qeydiyyatdan çıxarılması tələb edilən fərdi yaşayış evində faktiki olaraq yaşadığından, hazırkı qərardadın 26-cı bəndində nəzərdə tutulmuş “şəxsin həmin yaşayış evində yaşamaması” ilə bağlı şərt ödənilmir. Məhz buna görə də, iddia tələbi təmin edilməməlidir.

32. Odur ki, ikinci hala, yəni üçüncü şəxsin mübahisəli fərdi yaşayış evində əmlak hüququnun mövcud olub-olmaması məsələsinə münasibətdə əlavə araşdırma aparılmasına lüzum yoxdur. Bu məsələnin araşdırılması üçün isə ilk növbədə üçüncü şəxsin həmin yaşayış evində faktiki yaşamaması müəyyən edilməli idi.

33. Kollegiya qeyd edir ki, üçüncü şəxsin mübahisəli fərdi yaşayış evində istifadə hüqununun mövcud olub-olmaması onun atasının həmin mənzildə pay hüququnun mövcud olub-olmaması baxımından əsaslandırıla bilməz. Belə ki, 1-ci şərt ödənildiyi halda qiymətləndirilməli olan hal - üçüncü şəxsin özünün mübahisəli fərdi yaşayış evində istifadə hüququnun mövcud olub-olmaması olacaqdı. Buna görə də, apellyasiya şikayətində irəli sürülmüş, “birinci instansiya məhkəməsinin Şəki Rayon Məhkəməsinin qanuni qüvvəsini almamış xx.xx.2025-ci il tarixli e-2(075)-871/2025 nömrəli qətnaməsinə istinad etməsi” ilə bağlı dəlillə məhkəmə kollegiyası razılaşır. Lakin, bu dəlil üçüncü şəxsin sözügedən fərdi yaşayış evində faktiki yaşaması ilə bağlı reallığı aradan qaldırmadığından apellyasiya şikayətinin təmin edilməsi üçün əsas deyildir.

34. Hazırkı vəziyyətdə üçüncü şəxs mübahisəli fərdi yaşayış evində faktiki olaraq yaşadığından, onun həmin ünvandan qeydiyyatdan çıxarılması ilə bağlı tələb hər bir halda əsassızdır.

35. Məhkəmə kollegiyası qeyd edir ki, şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsasların dairəsi «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Qanunun 9-cu maddəsində konkret müəyyən edilmişdir. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır.

36. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 sentyabr 2020-ci il Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir.

37. Məhkəmə kollegiyasının iclasında iddiaçı bildirmişdir ki, hazırkı proses yekunlaşdıqdan sonra, üçüncü şəxsin mübahisəli fərdi yaşayış evindən məcburi qaydada çıxarılması ilə bağlı məhkəməyə müraciət edəcəkdir.

38. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin 5-ci bəndinə əsasən yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır.

39. Odur ki, iddiaçı ilk növbədə üçüncü şəxsin sözügedən yaşayış sahəsindən çıxarılmasına nail olmalı, bundan sonra həmin şəxsin göstərilən ünvanda faktiki yaşamaması və yaşayış sahəsindən istifadə hüququnun mövcud olmaması əsası ilə onun qeydiyyatdan çıxarılması barədə cavabdeh inzibati orqana müraciət etməlidir. Həmin müraciət təmin edilmədiyi və ya cavabsız saxlanıldığı təqdirdə isə iddiaçı analoji tələblə məhkəməyə müraciət etmək hüququna malikdir.

40. Məhkəmə kollegiyası tərəfindən üçüncü şəxsin digər ailə üzvlərinin qeydiyyatda olduğu ünvan üzrə (ünvan 14 PHŞ-nin 12 saylı Şəki ərazi idarəsindən sorğu edilmiş, lakin verilmiş cavabda sözügedən ünvanda yerləşən fərdi yaşayış evinə dair arxiv materiallarının aşkar edilmədiyi bildirilmişdir.

41. Şərh olunanları ümumiləşdirərək məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

42. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası:

QƏRARA ALDİ:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmir. Şəki İnzibati Məhkəməsinin 01 iyul 2025-ci il tarixli e-2-1(116)-2382/2025 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılır. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar