Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-542/2025 06.11.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Musayev Vüqar Ələkbər oğlu (məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Həsənov Tural Həsən oğlundan ibarət tərkibdə, Məmmədli Aqil Bəxtiyar oğlunun katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə X5 şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Şəki İnzibati Məhkəməsinin 24 iyun 2025-ci il tarixli, 2-1(116)-2208/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. işin halları:
1. X4 Filialının xx.xx.2024-ci il tarixli arxiv arayışından görünür ki, Şəki rayonu Qoxmuq kənd “1 May” kolxozun kolxozçuların əmək stajı və qazancının uçotu kitabına əsasən İddiaçı kolxozda işləyən zaman əmək fəaliyyəti müddəti (tütün, göy tütün, quru tütün) aşağıdakı kimi qeyd edilmişdir: 1982 - 222 gün, 1991 - 245 gün, 1983 - 237 gün, 1992 - 245 gün, 1984 - 246 gün, 1993 - 296 gün, 1986 - 81 gün, 1994 - 296 gün, 1988 - 253 gün, 1995 - 241 gün, 1989 - 256 gün, 1996 - 221 gün. 1990 - 252 gün, 1997 - 210 gün.
2. Şəki regional “Asan xidmət” mərkəzində notarial qaydada təsdiq olunmuş xx.xx.2024-cü il tarixli **********799 və xx.xx.2024-cü il tarixli **********415 nömrəli ərizələrdən görünür ki, İddiaçı xx.xx.1938-ci il təvəllüdlü X1 70 yaşı tamam olduğu xx.xx.2008-ci il tarixdən halhazıradək qulluq etmiş, onun bütün ehtiyaclarını qarşılamış və qayğısına qalmışdır.
3. İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdehə müraciət etmi, lakin cavabdeh orqan iddiaçının xüsusi iş stajının olmaması əsası ilə müraciətin təmin edilməsindən imtina etmişdir.
birinci instansiya məhkəməsində iş üzrə qəbul edilmiş məhkəmə aktı:
4. İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə X5 şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1963-cü il tarixdə anadan olmuşdur. 1982- 1984, 1988-1997-ci illərdə Şəki rayonu Qoxmuq kənd "1 May" kolxozunda tütünçü vəzifəsində işləmiş, xx.xx.1985-ci il tarixdən xx.xx.1986-cı il tarixədək qismən ödənişli analıq məzuniyyətində olmuş, xx.xx.1986-cı il tarixdən xx.xx.1987-ci il tarixdək xx.xx.1985-ci il təvəllüdlü övladına qulluq etmiş, həmçinin xx.xx.2008-ci il tarixdən halhazıradək xx.xx.1938-ci İİ təvəllüdlü, 70 yaşdan yuxarı qoca olan qayınanası X1 bir mənzildə yaşayaraq qulluq etmişdir. Bu barədə qulluq etməyə dair qulluqolunanın və qulluqedənin ərizələri notariat qaydada təsdiq edilmişdir. Arxiv arayışına əsasən onun 13 il tütünçü kimi (1982-1984, 1988-1997-ci illər) güzəştli sosial sığorta stajı vardır. Həmçinin 13 il kolxoz, 3 il uşağa baxma (1985-1987-ci illər) və xx.xx.2008-ci il tarixdən xx.xx.2022-ci il tarixdək qayınanasına qulluq etdiyi 13 il 10 ay nəzərə alınmaqla, cəmi 29 il 10 ay ümumi sosial sığorta stajı vardır. Bu stajlar da ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması üçün kifayətdir.
6. Cavabdeh orqan iddia tələbinə etirazında qeyd etmişdir ki, İddiaçı xx.xx.2025-ci il tarixli ərizə ilə cavabdeh orqana müraciət edərək ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Cavabdeh orqan tərəfindən iddiaçıya xx.xx.2025-ci il tarixli 3-17-1/2-S-9905/2025 nömrəli məktubla güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. İmtina məktubuna əsasən iddiaçı tərəfindən təqdim edilən sənədlərə əsasən İddiaçı güzəştli iş stajı olmadığından ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. İddiaçı 59 yaşının tamam olduğu xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunvericiliyin tələbinə görə aşağıdakı şərtlər ödənilməlidir: xx.xx.2006-cı il tarixədək 25 il ümumi iş stajı; xx.xx.2006-cı il tarixədək 10 il güzəştli iş stajı. İddiaçının güzəştli iş stajı olmadığından ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün olmamışdır.
7. Şəki İnzibati Məhkəməsinin 24 iyun 2025-ci il tarixli, 2-1(116)-2208/2025 nömrəli qərarı ilə (hakim Günel Şirinova-Əsədova) iddia tələbi təmin edilmişdir.
8. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı, xx.xx.1963-cü ildə doğulmuşdur. İddiaçı, ona xx.xx.2022-ci il tarixdən (59 yaş 6 ay) güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini cavabdeh orqandan tələb edir. Yuxarıda göstərilən normaların təhlilindən görünür ki, güzəştli şərtlərlə pensiya hüququnun yaranması baxımından tam əmək stajı xx.xx.2006-cı il tarixədək yarandıqda “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının qanunu (yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılmaqla), xx.xx.2006-ci il tarixdən sonra yarandıqda “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanunu tətbiq edilməlidir (10 mart 2017-ci il tarixdən sonra isə həmin qanuna edilmiş dəyişiklik nəzərə alınmalıdır). xx.xx.2006-cı il tarixədək axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün iki meyar mövcud idi yaş və iş stajı; xx.xx.2006-cı ildən sonra axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün iki meyar mövcud idi: 1) yaş (kişilərdə 57, qadınlarda 52) və iş stajı (kişilərdə azı 25 il, bu müddətin azı 12 il 6 ayı əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır; qadınlarda azı 20 il iş stajı, bu müddətin azı 10 ili əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır); xx.xx.2017-ci ildən sonra axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün üç meyar mövcud idi: yaş (kişilərdə 60, qadınlarda 55); iş stajı (kişilərdə azı 25 il, bu müddətin azı 12 il 6 ayı əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır; qadınlarda azı 20 il iş stajı, bu müddətin azı 10 ili əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır) və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatının mövcudluğu. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanununun 9.8-ci maddəsinin tələblərinə əsasən ilk meyar tam əmək stajının mövcudluğudur. Qanunvericilik normalarına görə, hazırkı mübahisəyə münasibətdə şəxsin güzəştli şərtlərlə pensiya hüququnun yaranması üçün aşağıdakı dispozisiya şərtləri mövcud olmalıdır: şəxs müvafiq yaşa çatmalı, 20 ildən çox ümumi iş stajına, o cümlədən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısında nəzərdə tutulmuş peşələrdə ən azı 10 il xüsusi iş stajına malik olmalıdır. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı xx.xx.1963-cü il təvəllüdlü olmaqla, 59 yaşı xx.xx.2022-ci il tarixdə tamam olmuş, bununla da qanunla tələb olunan pensiya yaş (güzəştli şərtlərlə) həddi ilə bağlı şərt ödənilmişdir. Həmçinin cavabdeh inzibati orqan tərəfindən iddiaçının ümumi iş stajı mübahisələndirilməmiş, yalnız güzəştli iş stajına malik olmaması halına istinad edilmişdir. Cavabdeh orqan tərəfindən mübahisələndirilməsə də, məhkəmə araşdırması zamanı onun tələb olunan 20 ildən artıq iş stajına malik olması müəyyən olundu. Məhkəmə güzəştli stajla bağlı qeyd edir ki, iş üzrə təqdim olunmuş sənədlər, tərəflərin izahatları, qanunvericiliyin müvafiq müddəaları və Ali Məhkəmənin bu qəbildən olan mübahisələr üzrə formalaşdırdığı hüquqi mövqeyi belə qənaətə gəlməyə əsas verir ki, İddiaçı tütünçü peşəsindəki uzunmüddətli əmək fəaliyyəti, kolxozdakı işi, azyaşlı övladına və son illər ərzində yaşlı qayınanasına uzun müddət ərzində etdiyi faktiki qulluq, eləcə də ümumilikdə 20 ildən artıq sosial sığorta stajı ona Azərbaycan Respublikasının "Əmək pensiyaları haqqında" Qanununa əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verir. İş materiallarına əlavə olunmuş Şəki rayon Dövlət Arxivinin xx.xx.2024-cü il tarixli arxiv arayışından və Şəki rayonu Qoxmuq kənd “1 May” kolxozunun kolxozçuların əməyin ödənişi üzrə hesablaşma kitablarının surəti ilə müəyyən edilir ki, iddiaçı, Şəki rayonu Qoxmuq kənd “1 May” kolxozda 1982-1984, 1986-1997-cı illərdə (1985-ci ildə analıq məzuniyyətində olmuşdur), Şəki rayonu Qoxmuq kənd “1 May” kolxozunda tütünlə bağlı əmək fəaliyyətini həyata keçirmişdir. Şəki rayonu Qoxmuq kənd “1 May” kolxozunda qadınlar üçün minimum adam günü norması 170 gün qeyd edilmişdir. Buna görə də hazırkı iş üzrə iddiaçının Şəki rayonu Qoxmuq kənd “1 May” kolxozda işlədiyi müddət üzrə minimum adam günü norması 170 gün nəzərə alınmaqla hesablama aparılmışdır. Beləliklə, iddiaçının Şəki rayonu Qoxmuq kənd “1 May” kolxozda 1982-1984, 1987- 1997-ci il üzrə tam əmək stajı 13 il müəyyən olunur. 1986-cı ildə isə tam adam günü normasını yerinə yetirmədiyindən həmin müddət faktiki işlənmiş günlər nəzərə alınmaqla hesablanır (81/170=0,48. Yəni, 5 ay, 25 gün). Hər iki müddəti toplandıqda iddiaçının kolxozda işlədiyi müddət 13 il 5 ay 25 günə bərabər olur. Tədqiq edilən arayışın məzmunu ilə iddiaçının sözügedən kolxozlarda işlədiyi tütünçülüklə məşğul olduğu dövrün 10 ildən artıq olması müəyyən edilir. Nəzərə alınmalıdır ki, iddiaçının əmək fəaliyyəti dövrü icra etdiyi işlərin, iş şəraitinin, əmək şəraiti xüsusilə zərərli və ağır olan sahələrə aid olub-olmamasının və qanunvericilikdə nəzərdə tutulmuş güzəştli sahələrlə faktiki uyğunluğunun məzmun baxımından qiymətləndirilməsi tələb olunur. Bu isə o deməkdir ki, tütünçü kimi fəaliyyət göstərmiş bir şəxsin əmək fəaliyyəti tütün istehsalı, becərilməsi və emalı kimi işlərin zərərli sahələrə aid olduğu məlum olduğundan bu fəaliyyət sahəsinin hüquqi olaraq güzəştli pensiya hüququ verən iş kimi tanınması üçün kifayət qədər əsaslar mövcuddur. Ali Məhkəmənin İnzibati kollegiyası 2-1(102)-2629/2018 saylı 5 dekabr 2018-ci il tarixli, 2-1(102)-686/2019 saylı 26 fevral 2019-cu il tarixli, 2-1(102)-1107/2019 saylı 10 aprel 2019-cu il tarixli və 2-1(102)-499/2020 saylı 18 fevral 2020-ci il tarixli qərarlarında qeyd edilmişdir ki, tütün istehsalı özü-özlüyündə zərərli sahə olduğundan, tütün istehsalı ilə məşğul olan tütünçünün əməyinin həmin sahə ilə bağlı olması qəbul edilməyə bilməz. Tütün anlayışı öz mənasına görə tütünçülük sahəsinə aid olan bütün fəaliyyət növlərini əhatə etdiyindən, iddiaçı tütünçü kimi güzəştli şərtlərlə pensiya almaq hüququna malikdir.
9. Cavabdeh orqanın nümayəndəsi apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
a) apellyasiya şikayətinin dəlilləri
10. Apellyasiya şikayətinin dəlillərinə görə, xx.xx.1963-cü il təvəllüdlü İddiaçı yuxarıda qeyd olunan qanunvericilik normalarına əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan yaş həddinə - 59 yaşına xx.xx.2022-ci il tarixdə çatmışdır. Beləliklə, İddiaçı tələbi üzrə 59 yaşının tamam olduğu xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunvericiliyin tələbinə görə aşağıdakı şərtlər ödənilməlidir: xx.xx.2006-cı il tarixədək 20 il ümumi iş stajı; xx.xx.2006-cı il tarixədək 15 il güzəştli iş stajı. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1.1-ci yarımbəndinin 5-ci hissəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək olan dövr üzrə kolxozlarda iş müddəti kolxozlarda əmək fəaliyyəti dövrünü təsdiq edən müvafiq sənədə (kolxozçunun əmək kitabçası) əsasən sosial sığorta stajına aid edilir. Lakin, İddiaçı cavabdeh orqana təqdim etdiyi sənədlərdə ona məxsus kolxozçunun əmək kitabçası aşkarlanmamışdır. Həmçinin, 28 aprel 2022-ci il tarixdə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1-ci maddəsinə əsasən əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı həmin maddəsinin 20-ci bəndinə görə yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti bu Qaydanın 4.1.1-ci yarımbəndində nəzərdə tutulmuş sənədlərə və şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin (forması bu Qaydaya 2 nömrəli Əlavə ilə müəyyən edilmiş) arayışına əsasən müəyyən edilir. Müraciət edən şəxs “Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışını təqdim etməlidir. Yəni güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin göstərilən normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. Bu arayışın təyinatı, şəxsin işlədiyi peşənin və istehsalat sahəsinin sözügedən siyahılarda nəzərdə tutulmuş zərərli istehsalat sahələri və ya peşələrlə uyğunluğunu dürüstləşdirməkdir. Bu arayışın məzmunu sadəcə şəxsin çalışdığı peşənin və istehsalat sahəsinin siyahıda göstərilən hər hansı bölməyə aid olmasından ibarət olmalı deyil, işçinin gördüyü işin siyahılara uyğunluğunu müəyyən etmək üçün nəticəyə gəlməyə əsas verən zəruri qiymətləndirici istehsalat-texnoloji məlumatları, eyniləşdirmə üçün zəruri olan meyar əlamətlərini əks etdirməli, əsaslandırılmış olmalıdır. Oxşar işlər üzrə artıq formalaşmış Ali Məhkəmənin mövqeyinə görə, məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğunluğu dəqiq göstərilməlidir. Bu halda, məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin (işin) eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilə bilər. Həmçinin bildirmək istəyirik ki, Şəki İnzibati Məhkəməsi xx.xx.2025-ci il tarixli qərarı qəbul edərkən iddiaçının güzəştli şərtlərlə pensiya hüququnun yaranmasına münasibətdə onun güzəştli sığorta stajının qanunvericilikdə nəzərdə tutulmuş həddə olub-olmaması hissəsini araşdırmamış və ciddi prosessual pozuntuya yol vermişdir. Belə ki, Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “z” bəndində qeyd olunmuşdur ki, kolxozlarda, sovxozlarda və digər dövlət aqrar-sənaye müəssisələrində işləmiş qadınların 20 il ümumi sığorta stajı varsa və bu müddətin 15 ilini ağır və ya zərərli işlərdə (tütünün becərilməsi) işləmişlərsə, onların güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Göründüyü kimi cavabdeh tərəfindən mübahisələndirilmiş dövrlər iddiaçının pensiya hüququna münasibətdə onun güzəştli sığorta stajına nəzərə alınsa belə qanunvericiliklə nəzərdə tutulmuş həddən (15 il) az olduğu üçün ona pensiya təyin olunması qanunla yolverilməzdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:
11. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.
tərəflərin izahatları
12. Məhkəmə kollegiyasının hazırkı iclasında iştirak edən cavabdehin nümayəndəsi Şəki İnzibati Məhkəməsinin 24 iyun 2025-ci il tarixli 2-1(116)-2208/2025 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etdi. Məhkəmə kollegiyasının hazırkı iclasında iştirak edən iddiaçı, apellyasiya şikayətinin təmin edilməməsini sözügedən qərarın dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi.
tətbiq edilən hüquq
13. Azərbaycan Respublikasının Konstitusiyası Maddə 38 Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir.
14. “Əmək pensiyaları haqqında” Qanun: Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 21. Sığorta stajına daxil edilən iş və ya digər fəaliyyət müddətləri 21.2. Sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir: ... 1.2.4. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada hesablanan orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxsə, habelə ahıllara (yaşı 70-ə çatmış şəxslərə) qulluq edilməsi müddəti; Maddə 32.1-1 Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir.
15. xx.xx.2006-cı ilədək qüvvədə olmuş "Vətəndaşların pensiya təminatı haqqında" Qanun Maddə 13. Əmək şəraitinə görə güzəştli pensiyalar Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: ... z) kolxozlarda, sovxozlarda və digər dövlət aqrar-sənaye müəssisələrində: bilavasitə kənd təsərrüfatı məhsulları istehsalınla çalışan traktorçumaşinistlər, köçəri heyvandarlıq işçiləri, tütünün becərilməsi, yığılması və yığımdan sonrakı emalında, pambığın becərilməsi və pambıq yığımında tam mövsüm ərzində çalışanlar: kişilər—55 yaşına çatdıqda və azı 25 il ümumi iş stajı olduqda bu müddətin azı 20 ilini həmin işlərdə çalışarsa; qadınlar—50 yaşına çatdıqda və azı 20 il ümumi iş stajı olduqda bu müddətin azı 15 ilini həmin işlərdə çalışarsa; ... Maddə 67. Mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzürlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır.
16. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası"nın 4.1-ci bəndinə görə, əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı aşağıdakılara əsasən müəyyən edilir: 4.1.8. ahıllara qulluqetmə müddəti üzrə:
1. patronajın təyin edilməsi barədə qərara əsasən;
2. qulluq etməyə dair qulluqolunanın (fəaliyyət qabiliyyəti olmayan orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla) və qulluqedənin notariat fəaliyyətini həyata keçirən subyektlərin təsdiq etdiyi ərizələrinə əsasən;
17. “İnzibati icraat haqqında” Qanun: Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.
18. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. ... Maddə 58. Sübutların araşdırılması qaydası ... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 85. Şikayətin verilməsinə dair tələblər 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat ... 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər:[82] ... 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir.
apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri.
19. Apellyasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
20. Cavabdeh orqan onun üçün əlverişsiz olan məhkəmə aktından bütövlükdə şikayət verdiyindən verilmiş apellyasiya şikayəti üzrə hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyinə və əsaslılığına qiymət veriləcəkdir.
Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi
21. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
22. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri iddia tələbinə etirazın dəlillərini təkrarlamaqla onlarla eynilik təşkil edir. Birinci instansiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də iddia ərizəsinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir.
23. Bununla yanaşı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
24. Hazırkı işin birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçının hüquqi marağı ona xx.xx.2022-cı il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə yönəlmişdir. İddiaçı, xx.xx.1963-cü ildə doğulmuşdur.
25. İş materiallarından görünür ki, İddiaçı 13 il tütünçü kimi işləməsini və ahıl qaynanasına qulluq etdiyi müddət də, daxil olmaqla 29 il 10 ay ümumi stajının olduğunu bildirmiş, xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsini və ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
26. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 13 may tarixli 530-VİQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2006-cı il 6 mart tarixli 377 nömrəli, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” 2006-cı il 22 dekabr tarixli 499 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı xx.xx.2022-ci il tarixdə qüvvəyə mindiyindən, istinad olunan dəyişikliklərdən sonra iddiaçıya xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün 2 element mövcud olmalıdır: - bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı, - ən azı 10 güzəştli iş stajı.
27. xx.xx.2022-ci il tarixdə qadınlar üçün yaşa görə əmək pensiyasının təyin edilməsi üçün ümumi yaş həddi 63 yaş idi. Həmin müddətin 5 il azaldılması şərtinə münasibətdə müəyyən edilir ki, iddiaçının həmin tarixdə artıq 59 yaşı var idi.
28. İddiaçının ümumi iş stajı da, mübahisələndirilmir. İş materiallarından görünür ki, iddiaçının sözügedən kolxozda əmək fəaliyyəti və xx.xx.2008-ci il tarixdən qulluq dövrü nəzərə alınmaqla onun xx.xx.2022-ci il tarixədək tələb olunan ümumi iş stajı 25 ildən artıqdır. Belə ki, cavabdeh orqan birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq iddiaçının xx.xx.2025-ci il tarixədək olan ümumi stajının 30 il 7 aya bərabər olduğunu vurğulamışdır. Həmin müddət xx.xx.2022-ci il tarixədək hesablandıqda iddiaçının 28 ildən artıq ümumi stajının olması müəyyən edilir.
29. Cavabdeh orqanın apellyasiya şikayətinin başlıca dəlilləri iddiaçının 59 yaşına çatdığı xx.xx.2022-ci il tarixinə qədər güzəştli şərtlərlə pensiya hüququ yaranması üçün tələb olunan minimum 15 illik zərərli əmək şəraitində iş stajının qanunvericiliklə müəyyən edilmiş qaydada təsdiqlənməməsi ilə bağlıdır. Cavabdeh orqan bildirir ki, iddiaçının təqdim etdiyi sənədlər arasında kolxozçunun əmək kitabçası və ya zəruri texnoloji göstəriciləri əks etdirən güzəştli iş arayışı yoxdur. Həmçinin, işlədiyi sahənin siyahılara uyğunluğunu müəyyən etmək üçün tələb olunan əsaslandırıcı istehsalat məlumatları təqdim edilməmiş, funksional vəzifəsinin uyğunluğu müəyyən olunmamışdır. Bundan əlavə, birinci instansiya məhkəməsi həmin dövrlərin zərərli iş stajına daxil edilib-edilməməsini araşdırmadan, mövcud qanunvericilik tələblərinə zidd olaraq pensiya hüququnun yarandığı qənaətinə gəlmişdir.
30. Məhkəmə kollegiyası iddiaçının xüsusi iş stajının hesablanması ilə bağlı qeyd edir ki, həmin müddət iddiaçının uşağa qulluq dövrü (xx.xx.1985-xx.xx.1986) də, nəzərə alınmaqla cəmi 13 il 10 ay 24 günə bərabərdir.
31. İddiaçının həmin zərərli işdə "Vətəndaşların pensiya təminatı haqqında" Qanunun 13-cü maddəsinin "z" bəndində nəzərdə tutulduğu kimi 15 il deyil, 13 il işlədiyinə gəldikdə, burada yeni Qanunun qüvvəsindən şəxsin hüquqi vəziyyətinin yaxşılaşdırılması üçün istifadə olunmalıdır. Hazırkı halda, "Əmək pensiyaları haqqında" Qanunun 9.1-ci maddəsi zərərli işdə çalışmanın minimum müddətini qadınlara münasibətdə 10 il həddində müəyyən etmişdir. İddiaçı isə həm ümumi stajı (25 il), həm də xüsusi stajı (10 il) toplamışdır. Güzəştli sığorta stajı ilə bağlı eyni hüquqi mövqe Azərbaycan Respublikası Ali Məhkəməsinin bir sıra qərarlarında öz əksini tapmışdır. 32.“Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin z) bəndinə görə kolxozlarda tütünün becərilməsi, yığılması və yığımdan sonrakı emalında qadınlar 50 yaşına çatdıqda və azı 20 il ümumi iş stajı olduqda, bu müddətin azı 15 ilini həmin işlərdə çalışarsa əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər.
33. İş materiallarında olan arxiv arayışında iddiaçının ayrı-ayrı illərdə tütün, göy tütün, quru tütün, tütün işi ilə məşğul olduğu qeyd edilmişdir. Odur ki qeyd olunan məlumatlar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 saylı qərarına 1 №-li əlavədə - Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 №-li Siyahısında nəzərdə tutulmuş Tütün istehsalı 2240500a a) fəhlələr - Tütün yarpaqlarını düzənlər (2240500a—17721), Tütün quruducuları (2240500a—18990) vəzifələrinə uyğun gəlir.
34. Ali Məhkəmənin bir çox qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən tütün istehsalı özü-özlüyündə zərərli sahə olduğundan, tütün istehsalı ilə məşğul olan tütünçünün əməyinin həmin sahə ilə bağlı olmaması qəbul edilməyə bilməz. Tütün anlayışı öz mənasına görə tütünçülük sahəsinə aid olan bütün fəaliyyət növlərini əhatə etdiyindən, iddiaçı tütünçü kimi güzəştli şərtlərlə pensiya almaq hüququna malikdir.
35. Belə olan halda kollegiya hesab edir ki, iddiaçı, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün zəruri olan şərtlərlə malik olduğundan birinci instansiya məhkəməsi iddia tələbini təmin etməkdə haqlı olmuşdur.
36. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh orqanın apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
37. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X5 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmir. Şəki İnzibati Məhkəməsinin 24 iyun 2025-ci il tarixli, 2-1(116)-2208/2025 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılır. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.