Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(107)-547/2024 18.09.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, Əhmədov Fərid Vidadi oğlunun katibliyi, Üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunma barədə vəsatət vermiş şəxslər Maraqlı şəxs1 və Maraqlı şəxs2 iştirakları ilə, İddiaçı cavabdeh Ağdaş bələdiyyəsinə qarşı «fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin ayrılması haqqında qərarın ləğvinə dair cavabdehin qərarlarının ləğv edilməsi» barədə iddia tələbinə dair Şəki İnzibati Məhkəməsinin 02 avqust 2024-cü il tarixli 2-1(116)-2133/2024 nömrəli qərardadından iş üzrə üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunma barədə vəsatət vermiş şəxslər Maraqlı şəxs1 və Maraqlı şəxs2 tərəfindən ayrı-ayrılıqda verilmiş аpellyаsiyа şikаyətlərinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası aşağıdakı qərarı qəbul etdi. İşin halları Birinci instansiya məhkəməsində icraat
1. Cavabdeh Ağdaş bələdiyyəsinin 27 oktyabr 2007-ci il tarixli 292 nömrəli qərarı ilə Ağdaş şəhəri, M.P.Vaqif küçəsinin cənubundakı boş, istifadəsiz ərazidə 800 kv.m ölçüdə (3 saylı yer) torpaq sahəsi fərdi ev tikintisi üçün hazırkı İddiaçı mülkiyyətinə verilmişdir.
2. İddiaçının həmin torpaq sahəsinə mülkiyyət hüququ 27 iyul 2022-ci il tarixdə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən daşınmaz əmlakın dövlət reyestrində **********37 nömrə ilə qeydiyyata alınmışdır.
3. Cavabdeh Ağdaş bələdiyyəsi tərəfindən 27 oktyabr 2007-ci il tarixli 292 nömrəli qərarın ləğv edilməsi haqqında 14 dekabr 2022-ci il tarixli 18 nömrəli və 7 fevral 2023-cü il tarixli 04 nömrəli qərarlar (protokollar) qəbul olunmuşdur.
4. İddiaçı cavabdeh Ağdaş bələdiyyəsinə qarşı cavabdehin 14 dekabr 2022-ci il tarixli 18 nömrəli və 7 fevral 2023-cü il tarixli 04 nömrəli qərarlarının ləğv edilməsi tələbini irəli sürərək iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmişdir.
5. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır.
6. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra işin hazırlıq icraatına başlanılmış və məhkəmə icraatının gedişində ərizəçilər Maraqlı şəxs1 və Maraqlı şəxs2 Şəki İnzibati Məhkəməsinə üçüncü şəxs qismində cəlb edilmə barədə ərizələr (vəsatətlər) təqdim etmişlər.
7. Maraqlı şəxs1 vəsatətində bildirir ki, müvafiq torpaq sahəsi Ağdaş Şəhər Mərkəzi Stadionunun giriş istiqamətində sol tərəfdə, stadionun alternativ giriş-çıxış qapısına şəhərin M.P.Vaqif küçəsindən gedən yol ərazisində yerləşir. Stadionun qarşı tərəfində küçə boyu ərazidə, o cümlədən iddiaçıya verilmiş həyətyanı torpaq sahəsində təxminən 10 il əvvəl orada yaşayan sakinlər tərəfindən yüzlərlə ağac əkilmişdir. “Yeni baxış 2022” ictimai nəzarət təşkilatının Ağdaş şəhər sakinlərinin qaldırdığı torpaq sahəsi ilə bağlı müraciətindən sonra Ağdaş bələdiyyəsi həmin məsələni üzvlərinin və İddiaçı iştirakı ilə müzakirə etmək qərarına gəlmişdir. Lakin İddiaçı müzakirə ilə bağlı iclasa gəlməmiş və münasibət bildirməmişdir. Qeyd edilən ərazinin bələdiyyəyə geri qaytarılması rayon ictimaiyyətinin və adıçəkilən təşkilatın marağındadır. Belə ki, 114.000 əhalisi olan Ağdaş rayonunda bir stadion var. Həmin stadionun qarşısında yaşıllıq zonası salınaraq abadlaşdırılmışdır və rayon ictimaiyyətinin, idmançıların istifadəsi üçündür. Stadion həmçinin, kütləvi tədbirlər zamanı da ümumi istifadədə olur. Bundan başqa, stadiona giriş-çıxış qapısı və yolu İddiaçı ayrılmış sahənin ərazisinə düşür. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi, stadionun balansında olduğu Elm və Təhsil Nazirliyi tərəfindən stadionun giriş-çıxış qapısının və yolunun satılmasının mümkünsüz olmasını, bunun ərazidə insanların təhlükəsizliyi, yanğın təhlükəsizliyi və s. üçün ciddi maneələr yaratdığını əsas göstərməklə müvafiq arayışları məhkəməyə təqdim etmişlər. Bu səbəbdən ictimai təşkilat olaraq, qurumun maraqlarının, fikir və təkliflərinin nəzərə alınması üçün onun inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlbinə zərurət yaranmışdır. Odur ki, göstərilənlərə və İPM-in 28.1-ci maddəsinə əsaslanaraq, “Yeni Baxış 2022” ictimai nəzarət təşkilatı törəmə müəssisəsinin Ağdaş, İsmayıllı, Qəbələ, Şamaxı, Ucar, Zərdab, Ağsu rayonları üzrə bölgə mərkəzinin hazırkı inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilməsi məhkəmədən xahiş olunur.
8. Həmçinin, Maraqlı şəxs2 vəsatəti də eyni (Maraqlı şəxs1 vəsatətində göstərilən) dəlillərlə əsaslandırılmışdır və vəsatətdə “Qarabağ Əlilləri, Veteranları və Şəhid Ailələri” X3 rayon filialının hazırkı inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilməsi məhkəmədən xahiş olunur.
9. Şəki İnzibati Məhkəməsinin (hakim Rüstəm Kərimli) 02 avqust 2024-cü il tarixli 2- 1(116)-2133/2024 nömrəli qərardadı ilə Maraqlı şəxs1 və Maraqlı şəxs2 “üçüncü şəxs qismində cəlb olunma barədə” vəsatətləri təmin edilməmişdir.
10. Məhkəmə qeyd etmişdir ki, inzibati icraat haqqında və inzibati prosessual qanunvericiliklərin müddəaları müvafiq olaraq inzibati icraata və inzibati məhkəmə icraatına, zərurət olduqda üçüncü şəxslərin cəlb olunmasını mütləq sayır və bu cəlbetməni şərtləndirən halları müəyyən edir. Hər iki icraat üzrə həmin hallarla bağlı həm məqsəd, həm də prinsip baxımından demək olar ki, analoji tənzimlənmə tətbiq edilir. Məhkəmə ilk növbədə diqqətə çəkir ki, hazırda qaldırılan məsələ inzibati məhkəmə icraatına cəlb olunmanı əhatə etsə də, mübahisə predmeti olan qərarların – inzibati aktların qəbulu üzrə inzibati icraatı aparan cavabdeh inzibati orqan (Ağdaş bələdiyyəsi) həmin icraatı hər hansı şəxsin, o cümlədən “Qarabağ Əlilləri, Veteranları və Şəhid Ailələri” X3 rayon filialının və “Yeni baxış 2022” ictimai nəzarət təşkilatının üçüncü (maraqlı) şəxs qismində iştirakı olmadan qəbulunu məqbul saymışdır. Məhkəmə bir xüsusatı da diqqətə çəkir ki, iş materiallarına əsasən aidiyyəti qeydiyyat orqanında hüquqi şəxs qismində “Qarabağ Əlilləri, Veteranları və Şəhid Ailələri” İctimai Birliyi dövlət qeydiyyatından keçsə də (qanuna görə qurumun filial və nümayəndəliklərinin qeydiyyatı tələb olunmur), “Yeni Baxış 2022” ictimai nəzarət təşkilatı törəmə müəssisəsinin dövlət qeydiyyatı barədə sənədlər təqdim olunmamışdır. «Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında» Azərbaycan Respublikası Qanununun 7.1-ci maddəsinə əsasən dövlət qeydiyyatına alınmış qeyri-hökumət təşkilatı Azərbaycan Respublikasının ərazisində və xaricdə filiallarını yarada, nümayəndəliklərini aça bilər. Qeyri-hökumət təşkilatının filial və nümayəndəliklərinin dövlət qeydiyyatına alınması tələb edilmir. Təşkilat on gün müddətində müvafiq icra hakimiyyəti orqanına filial və (və ya) nümayəndəliyinin yaradılması haqqında məlumat verməlidir. Həmin Qanunun 16.2-ci maddəsinə görə qeyri-hökumət təşkilatı yalnız dövlət qeydiyyatına alındıqdan sonra hüquqi şəxs statusunu əldə edir. Hazırkı inzibati məhkəmə icraatına cəlb olunma ilə bağlı vəsatətlərdə qeyd olunan dəlillərə gəldikdə isə, məhkəmə vurğulayır ki, mübahisə predmeti olan inzibati aktların ləğvi və ya qüvvədə saxlanılması “Qarabağ Əlilləri, Veteranları və Şəhid Ailələri” İctimai Birliyinə və “Yeni Baxış 2022” ictimai nəzarət təşkilatına münasibətdə birbaşa konkret hüquqlar və vəzifələr yaratmır, yaxud mövcud hüquqları və vəzifələri ləğv etmir və ya dəyişdirmir, eləcə də maraqlarına toxunmur. Bir sözlə məhkəmə icraatında qəbul ediləcək məhkəmə aktına münasibətdə həmin qurumların (onlardan biri hüquqi şəxs kimi qeydiyyatdan keçmişdir) hüquqi marağı formal xarakterlidir. Qeyri-hökümət təşkilatının fəaliyyət istiqaməti üzrə mənafeyi nöqteyi nəzərindən öz maraqlarının müdafiəsi üçün isə, onların heç də prosessual iştirakçı qismində cəlbinə zərurət qalmır. Başqa vasitələrlə də olsa, bu qurumlara öz mənafeləri üzrə qanuni tədbirlər görməyə maneə yoxdur. Belə olan halda məhkəmənin qənaətinə görə “Qarabağ Əlilləri, Veteranları və Şəhid Ailələri” İctimai Birliyinin və “Yeni Baxış 2022” ictimai nəzarət təşkilatının hazırkı inzibati məhkəmə icraatına cəlbi məqsədəuyğun deyil.
11. Üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunma barədə vəsatət vermiş X2 həmin qərardaddan apellyasiya şikayəti verərək Şəki İnzibati Məhkəməsinin 02 avqust 2024-cü il tarixli 2-1(116)-2133/2024 nömrəli qərardadının qismən ləğv edilməsini, “Azərbaycan Qarabağ Əlilləri, Veteranlar və Şəhid Ailələri” X3 rayon filialının sədri kimi onun iş üzrə 3-cü şəxs qismində cəlb edilməyi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.
12. Üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunma barədə vəsatət vermiş Maraqlı şəxs1 həmin qərardaddan apellyasiya şikayəti verərək Şəki İnzibati Məhkəməsinin 02 avqust 2024-cü il tarixli 2-1(116)-2133/2024 nömrəli qərardadının qismən ləğv edilməsini, “Yeni Baxış 2022” ictimai nəzarət təşkilatı törəmə müəssisəsinin Ağdaş, İsmayıllı, Qəbələ, Şamaxı, Ucar, Zərdab, Ağsu rayonları üzrə bölgə mərkəzinin sədri kimi onun iş üzrə 3-cü şəxs qismində cəlb edilməyi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətlərinin dəlilləri
13. Apellyasiya şikayətləri vəsatətlərlə oxşar məzmunda və hər ikisi eyni məzmunlu olmaqla onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qərardadından narazıdır. İşə baxan məhkəmə iş üzrə çox səthi araşdırma aparmış, qeyd etdikləri işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmamış, Ağdaş rayon sakinləri olan Qarabağ əlillərinin, veteranlarının və şəhid ailələrinin “Azərbaycan Qarabağ Əlilləri, veteranlar və şəhid Ailələri” İctimai Birliyinə və “Yeni Baxış 2022” birliklərinə müraciət etmələrini nəzərə almamışdır. Ona görə də hesab edirlər ki, qərardad prosessual hüquq normalarının tələbləri pozulmaqla qəbul edildiyindən ləğv edilməlidir. Bundan başqa, iş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, Ağdaş rayon sakinlərinin yeganə mərkəzi stadionunun qapısının və giriş-çıxış yolunun bağlanması, çoxillik yaşıl ağacların kəsilməsi kimi halların qarşısının alınması üçün sakinlər məhz onların mərkəzə və birliyinə müraciət edirlər. İş üzrə iddiaçıya verilmiş torpaq sahəsinin bələdiyyə mülkiyyətinə geri qaytarılması və stadionun qapısı və yolunun, həmçinin yaşıllıq sahəsinin qorunması bu cəhətdən onların ictimai maraq dairəsindədir. Ona görə də hesab edirlər ki, bütün bunlar onların maraqlarına toxunduğuna görə onların sözügedən iş üzrə 3-cü şəxs qismində cəlb edilməsi barədə vəsatətlə məhkəməyə müraciət etmək üçün subyektiv hüququ yaranmışdır. Lakin göründüyü kimi işə baxan məhkəmə qeyd edilən işin faktiki hallarını nəzərə almamış, vəsatəti təmin etməməklə onların hüquqlarını və qanunvericilik normasının tələbini pozmuşdur.
Tərəflərin izahatları
14. Məhkəmə kollegiyası iclasında iştirak edən üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunma barədə vəsatət vermiş Maraqlı şəxs1 və Maraqlı şəxs2 ayrı-ayrılıqda apellyasiya şikayətlərinin məzmununa uyğun izahatlar verərək həmin şikayətlərin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 02 avqust 2024-cü il tarixli qərardadının ləğv edilməsini xahiş etdilər.
15. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə1 və Ağdaş bələdiyyəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası da onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi).
Tətbiq edilən hüquq
16. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllə: Maddə 11.2. Məhkəmə inzibati prosesin gedişində proses iştirakçılarından hər birinə öz mövqeyini ifadə etmək, prosessual hüquqlarını və vəzifələrini həyata keçirmək üçün tam və bərabər imkanlar yaratmağa borcludur. Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya inzibati məhkəmə icraatı iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə proses iştirakçılarından əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 12.3. Məhkəmə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki halların araşdırılmasında və sübutların toplanılmasında məhkəməyə yardım etməyə borcludurlar. Maddə 12.4. Proses iştirakçıları tərəfindən hər hansı sübutun məhv edilməsi və ya gizlədilməsi yaxud hər hansı başqa üsulla həmin sübutun araşdırılmasına maneçilik törədilməsi qadağandır. Belə halların baş verdiyi təqdirdə, məhkəmə konkret işlə bağlı bütün xüsusiyyətləri nəzərə alaraq sübut etmə vəzifəsinin dönüşü haqqında qərardad qəbul edə bilər. Maddə 28.1. İş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. Məhkəmə qərarının qəbul edildiyi, lakin qanuni qüvvəyə minmədiyi dövrdə məhkəmə üçüncü şəxslərin icraata cəlb edilməli olduğu qənaətinə gəldikdə, həmin məhkəmə qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edir. Maddə 28.2. Mübahisə edilən hüquq münasibətində üçüncü şəxsin iştirakının xarakteri inzibati məhkəmə icraatının tərəfləri və həmin üçüncü şəxs barəsində vahid qərarın qəbul olunmasını şərtləndirdiyi hallarda, həmin şəxs iştirakçı kimi inzibati məhkəmə icraatına mütləq cəlb edilməlidir (zəruri cəlbetmə). Maddə 28.3. Üçüncü şəxslərin inzibati məhkəmə icraatına cəlb edilməsi barədə məhkəmə qərardadı inzibati prosesin bütün iştirakçılarına təqdim olunmalıdır. Qərardadda məhkəmə tərəfindən baxılan işin halları və cəlbetmənin səbəbləri göstərilməlidir. Maddə 28.4. İnzibati məhkəmə icraatına cəlbetmə barədə məhkəmə qərardadından şikayət verilə bilməz. Maddə 28.5. Məhkəmə tərəfindən xidməti vəzifəsinə əsasən məhkəmə icraatına cəlb olunmamış şəxslər, qəbul edilməsi nəzərdə tutulan məhkəmə qərarının onların qanunla qorunan maraqlarına toxunacağını güman etdikləri hallarda məhkəmə icraatına cəlbetmə barədə vəsatət qaldıra bilərlər. Məhkəmə həmin vəsatət barəsində 10 gün müddətində qərardad qəbul edir. Vəsatətin təmin edilməsindən imtina haqqında qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Maddə 80.1. Barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Maddə 82. Apellyаsiyа instаnsiyаsı məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə bаxır. Apellyаsiyа instаnsiyаsı məhkəməsi həmçinin, bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.
17. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 aprel 2017-ci il tarixli qərarı
Apellyasiya şikayətinin mümkünlüyü
18. Apellyasiya şikayətləri vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
19. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərar qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Odur ki, apellyasiya şikayətləri təmin edilməməli və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
20. Bununla bağlı, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətlərində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qərardadında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
21. Birinci instansiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
22. Bununla belə, birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərardadın nəticələri ilə razılaşarkən, məhkəmə kollegiyası həmçinin aşağıdakıları nəzərə aldığını qeyd etməyi zəruri sayır.
23. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 aprel 2017-ci il tarixli qərarında qeyd edilmişdir ki, inzibati məhkəmə icraatına cəlb olunmamış, qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə maraqlarına toxunan şəxsin Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsindən və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsindən irəli gələn məhkəməyə müraciət etmək hüququnun tənzimlənməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilsin.. Məsələ qanunvericilik qaydasında həll edilənədək Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsində və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsində nəzərdə tutulan məhkəməyə müraciət etmək hüququnun təmin edilməsi məqsədilə inzibati məhkəmə icraatına cəlb olunmamış, qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə maraqlarına toxunan şəxs, hüquqları və qanunla qorunan maraqları əhəmiyyətli dərəcədə pozulduğu hallarda inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilə bilər. Belə cəlbetmə bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelər nəzərə alınmaqla, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28.1-ci maddəsinə uyğun həll edilməlidir.
24. Belə ki, Konstitusiya Məhkəməsi Plenumunun İPM-in 28-ci maddəsinin şərh edilməsinə dair formalaşdırdığı hüquqi mövqeyinə görə məhkəmə qanuni qüvvəyə minmiş qərarın ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edərkən qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə inzibati məhkəmə icraatına cəlb olunmamış şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının əhəmiyyətli dərəcədə pozulub-pozulmamasına xüsusi diqqət yetirməlidir.
25. Həmin Qərarda qeyd edilmişdir ki, göründüyü kimi, inzibati prosessual qanunvericiliyin tələblərinə görə, inzibati işə baxan məhkəmə işi hərtərəfli araşdıraraq mübahisənin düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən bütün hallara qiymət verməli və mübahisə üzrə gələcəkdə qəbul ediləcək qərarın digər şəxslərin hüquq və mənafelərinə toxuna biləcəyini araşdırmalıdır.
26. Hazırkı işə baxan birinci instansiya məhkəməsi də həmin mövqeyə uyğun olaraq vəsatətlərə münasibətdə işin hallarını araşdırmış, işi hərtərəfli araşdıraraq mübahisənin düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən bütün hallara qiymət vermiş, mübahisə üzrə gələcəkdə qəbul ediləcək qərarın ərizəçilərin hüquq və mənafelərinə toxuna biləcəyini araşdırmış və hesab etmişdir ki, ərizəçilərin hüquqları və qanunla qorunan maraqları pozulmamışdır.
27. Apellyasiya şikayətlərinin dəlillərində məhkəmə qərardadının ərizəçilərin hüquqlarına toxunduğu qeyd edilsə də, işin müəyyən edilmiş hallarından da görünür ki, hazırki vəziyyətdə qəbul olunacaq məhkəmə qərarının hansı hissədə onların hüquqlarına və ya qanuni mənafeyinə toxunmasını, yəni hüquqları və qanunla qorunan maraqlarının əhəmiyyətli dərəcədə pozulduğuna dair sübutları məhkəməyə təqdim etməmiş, eləcə də maraqlarına toxunma ehtimalının nədə ifadə olunduğunu göstərməmişlər.
28. Ərizəçilər üçüncü şəxs qismində cəlbetmə barədə vəsatətlərini onunla əsaslandırırlar ki, Ağdaş rayon sakinlərinin yeganə mərkəzi stadionunun qapısının və giriş-çıxış yolunun bağlanması, çoxillik yaşıl ağacların kəsilməsi kimi halların qarşısının alınması üçün sakinlər məhz onların mərkəzə və birliyinə müraciət edirlər. İş üzrə iddiaçıya verilmiş torpaq sahəsinin bələdiyyə mülkiyyətinə geri qaytarılması və stadionun qapısı və yolunun, həmçinin yaşıllıq sahəsinin qorunması bu cəhətdən onların ictimai maraq dairəsindədir. Ona görə də hesab edirlər ki, bütün bunlar onların maraqlarına toxunur.
29. Bununla bağlı nəzərə almaq lazımdır ki, şəxsin üçüncü şəxs qismində cəlb edilməsi üçün qəbul olunması nəzərdə tutulan məhkəmə qərarının ən azından həmin şəxsin qanunla qorunan maraqlarına toxunma ehtimalı mövcud olmalıdır. Maraq anlamında publik-hüquqi və ya mülki hüquqi maraq qəbul edilməlidir, hər hansı digər maraq, o cümlədən faktiki maraq əhəmiyyət kəsb etmir. Bu qərarın 16-cı bəndində istinad olunan norma baxımından, hüquqi maraq cəlb edilən şəxslərlə tərəflərdən biri və ya hər ikisi arasında, yaxud da mübahisə predmeti arasında hər hansı əlaqənin olmasını və yekun məhkəmə qərarının onun hüquqi vəziyyətinə potensial hüquqi təsirini ehtiva edir. Başqa sözlə, yekun məhkəmə qərarı cəlb edilən şəxsin hüquqi vəziyyətini məhdudlaşdırmaq və ya yaxşılaşdırmaq potensialına malik olmalıdır.
30. Hazırkı mübahisə predmeti olan inzibati aktların ləğvi və ya qüvvədə saxlanılması “Qarabağ Əlilləri, Veteranları və Şəhid Ailələri” İctimai Birliyinə və “Yeni Baxış 2022” ictimai nəzarət təşkilatına münasibətdə, eyni zamanda həmin qurumların sədrlərinə (apellyasiya şikayətlərində vəsatətdən fərqli olaraq rəhbər kimi özlərinin üçüncü şəxs qismində cəlb olunmalarını xahiş edirlər) münasibətdə birbaşa konkret hüquqlar və vəzifələr yaratmır, yaxud mövcud hüquqları və vəzifələri ləğv etmir və ya dəyişdirmir, eləcə də maraqlarına toxunmur. Bu halları təsdiq edən hər hansı sənəd mübahisəyə dair iş üzrə materiallarda yoxdur. Ərizəçilər tərəfindən də bununla bağlı hər hansı sənəd məhkəməyə təqdim olunmamışdır. Bu mənada ərizəçilərin hazırkı iş üzrə üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsini zəruri edən, yəni onların hüquqlarının və ya qanunla qorunan maraqlarının pozulmasına səbəb ola biləcək şərtlərin və qəbul edilməsi nəzərdə tutulan məhkəmə qərarının onların hüquqi vəziyyətinə potensial təsirinin mövcudluğu iş üzrə materiallardan müəyyən olunmur.
31. Məhkəmə kollegiyası onu da qeyd edir ki, ərizəçilərin istinad etdiyi hallar hazırkı mübahisəyə münasibətdə onların 3-cü şəxs qismində məhkəmə icraatına cəlb olunması üçün yetərli sayıla bilməz. Ərizəçilərin hüquqları və qanunla qorunan maraqlarının əhəmiyyətli dərəcədə pozulması öz təsdiqini tapmadığından onların üçüncü şəxs qismində məhkəmə icraatına cəlb olunması məqsədəuyğun deyil. Bir sözlə məhkəmə icraatında qəbul ediləcək məhkəmə aktına münasibətdə həmin qurumların rəhbərlərinin (onlardan biri hüquqi şəxs kimi qeydiyyatdan keçmişdir) hüquqi marağı formal xarakterlidir. Qanunvericiliyin tələbinə əsasən də məhkəmə icraatına cəlb olunmamış şəxslər, qəbul edilməsi nəzərdə tutulan məhkəmə qərarının onların qanunla qorunan maraqlarına toxunacağını güman etdikləri hallarda məhkəmə icraatına cəlbetmə barədə vəsatət qaldıra bilərlər.
32. Yuxarıda qeyd olunan inzibati işin hallarını, məhkəmə kollegiyası tərəfindən aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi Maraqlı şəxs1 və Maraqlı şəxs2 “üçüncü şəxs qismində cəlb olunma barədə” vəsatətlərini təmin edilməməklə düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayətlərinin dəlilləri əsassız olduğundan təmin edilməməli, iş üzrə Şəki İnzibati Məhkəməsinin 02 avqust 2024-cü il tarixli 2-1(116)-2133/2024 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
33. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı İş üzrə üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunma barədə vəsatət vermiş şəxslər Maraqlı şəxs1 və Maraqlı şəxs2 tərəfindən ayrı-ayrılıqda verilmiş аpellyаsiyа şikаyətləri təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 02 avqust 2024-cü il tarixli 2-1(116)-2133/2024 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan onun təqdim edildiyi gündən 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Məhkəmə qərardadı ondan şikayətin verilmədiyi halda təqdim olunduğu gündən 10 (on) gün keçdikdən sonra qanuni qüvvəyə minir.