Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-55/2021 18.08.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik еdən və məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və Hüseynov Elçin Şirin oğlundan ibarət tərkibdə, Tağıyev Babək Vaqif oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “23.08.2019-cu ildə təsdiq olunmuş alqı-satqı müqaviləsi əsasında ünvan 1ində yerləşən 0,500071 ha boş torpaq sahəsinə dair Ərazi İdarəsində mövcud olan elektron kadastr məlumat bazasında müvafiq düzəlişlər edilməklə, sənəd üzrə torpaq sahəsinin ölçülərinin və konfiqurasiyasının torpaq sahəsinin faktiki yerləşmə üzrə uyğunlaşdırılması, torpaq sahəsinə mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi və torpaq sahəsinin planı və ölçüsü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 07 oktyabr 2020-ci il tarixli, 2-1(116)-1181/2020 nömrəli qərarından iş üzrə İddiaçı tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə Qəbələ Rayon Vəndam Bələdiyyəsinin 07.02.2004-cü il tarixli 01 nömrəli qərarına əsasən, X5 bələdiyyənin ehtiyat fondu torpaqlarından sahibkarlıq fəaliyyəti göstərmək məqsədilə 0,50 ha torpaq sahəsi satılmışdır. Həmin 0,50 ha torpaq sahəsi ilə bağlı X4 adına 27.12.2004-cü ildə JN-2127 kod 40600048 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı" tərtib edilmişdir. Həmin 0,500071 ha torpaq sahəsinə X4 mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 20.04.2007-ci ildə ********* qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış və ona bu barədə MH seriyalı ******* nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış" verilmişdir. Bundan sonra X7 həmin 0,500071 ha torpaq sahəsini 23.08.2019-cu il tarixli alqısatqı müqaviləsi ilə İddiaçı satmışdır. İddiaçı cavabdehə ərizə ilə müraciət edərək, həmin torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmiş, lakin sonuncu 03.06.2020-ci il tarixli məktubla bundan imtina edərək bildirmişdir ki, sənəd üzrə torpaq sahəsi ilə faktiki torpaq sahəsinin ölçüləri və konfiqurasiyası kəskin fərqlənir. Həmçinin faktiki torpaq sahəsi yerləşmə koordinatlarına görə sənəd üzrə torpaq sahəsindən 270 metr kənarda yerləşir. Bu səbəbdən torpaq sahəsinin faktiki vəziyyətinə uyğun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması mümkün deyildir. Bundan sonra iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. O, iddianı belə əsaslandırmışdır ki, onunla X7 arasında alqı-satqı müqaviləsi bağlanarkən X4 adına mülkiyyət hüququnu təsdiq edən müvafiq çıxarış olmuş və torpaq sahəsi faktiki yerləşmə yeri üzrə ona göstərilərək təqdim edilmişdir. Cavabdeh məhkəməyə göndərdiyi 23.07.2020-ci il tarixli **********04 nömrəli etiraz məktubunda bildirmişdir ki, iddiaçıya məxsus torpaq sahəsində texniki inventarlaşdırma işləri aparılmış və məlum olmuşdur ki, iddia olunan torpaq sahəsi ilə sənəd üzrə torpaq sahəsi üst-üstə düşmür. Belə ki, sənəd üzrə torpaq sahəsi ilə iddia olunan torpaq sahəsi bir-birindən 270 mert fərqli məsafədə yerləşir. Eyni zamanda sənəd üzrə torpaq sahəsi ilə faktiki torpaq sahəsinin konfiqurasiyası və döngə nöqtələri tamamilə fərqlidir. Şəki İnzibati Məhkəməsinin 07.10.2020-ci il tarixli, 2-1(116)-1181/2020 nömrəli qərarı ilə, iddia təmin edilməmişdir. Həmin qərardan İddiaçı apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini onunla əsaslandırılmışlar ki, birinci instansiya məhkəməsi tərəfindən qəbul olunmuş qərar qanunsuz və əsassızdır. Belə ki, o, 2019-cu ilin avqust ayının 23-də ünvan 1i ünvanında yerləşən 0,500071 ha boş torpaq sahəsini X3 alqı-satqı müqaviləsi bağlamaqla 5.000 manat məbləğində pul vəsaiti ödəyib satın almışdlır. Həmin alqı-satqı müqaviləsi bağlanarkən, DƏDRX-nin 9 saylı QƏİ-dən bu torpaq sahəsinin üzərində məhdudiyyətin olub-olmaması barədə arayış alınmış və həmin arayışda torpaq sahəsinin üzərində heç bir məhdudiyyətin olmaması göstərilmişdi. Bundan sonra həmin torpaq sahəsi ilə bağlı DƏDRX-nin 9 saylı Qəbələ Ərazi İdarəsinə torpağın xüsusi mülkiyyətinə verilməsi ilə bağlı sənədin əldə edilməsi məqsədi ilə müvafiq sənədlərlə müraciət etmişdir. Onun müraciətinə cavabdeh orqanda baxılmış və müraciətinin təmin edilməməsi ilə bağlı adına **********74 saylı 03.06.2020-ci il tarixli məktub verilmişdi. Həmin məktubda göstərilmişdir ki, Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən ərazidə texniki inventarlaşdırma işləri aparılmış və əldə olunan məlumatlar Ərazi İdarəsində mövcud olan elektron kadstr məlumat bazası ilə müqayisə olunduqda məlum olmuşdur ki, sənəd üzrə torpaq sahəsi ilə faktiki torpaq sahəsinin ölçüləri və konfiqurasiya kəskin fərqlənir, həmçinin faktiki torpaq sahəsi, yerləşmə koordinatlarına görə sənəd üzrə torpaq sahəsindən 270 m kənarda yerləşir. O bu torpaq sahəsini 23.08.2019-cu ildə rəsmi qaydada bağlanmış alqı-satqı müqaviləsi əsasında, torpaq sahəsinin dəyərini tam ödəməklə satın almışdır. X11 arasında alqı-satqı müqaviləsi rəsmiləşdirilərkən, onun adına mülkiyyət hüququnu təsdiq edən müvafiq çıxarış olmuş və torpaq sahəsi faktiki yerləşmə yeri üzrə ona göstərilərək təqdim edilmişdir. Yuxarıda qeyd olunanlara əsasən Şəki İnzibati Məhkəməsinin 07 oktyabr 2020-ci il tarixli, 2-1(116)-1181/2020 saylı qərarının ləğv edilməsini xahiş etmişdir Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi X6 apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 07 oktyabr 2020-ci il tarixli, 2- 1(116)-1181/2020 saylı qərarının ləğv edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul etmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişində tərəflər məhkəmə baxışı iclasına gəlmədiyi halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) Əsaslandırma hissəsi İddiaçının apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İş materiallarına əlavə edilmiş və kollegiyanın iclasında tədqiq edilmiş: Qəbələ Rayon Vəndam Bələdiyyəsinin 07.02.2004-cü il tarixli 01 nömrəli qərarından görünür ki, X5 bələdiyyənin ehtiyat fondu torpaqlarından sahibkarlıq fəaliyyəti göstərmək məqsədilə 0,50 ha torpaq sahəsi satılmışdır. JN-2127 kod 40600048 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı"ndan görünür ki, Vəndam Bələdiyyəsinin 07.02.2004-cü il tarixli 01 nömrəli qərarı ilə X1 təsərrüfatı və yaşıllıq məqsədilə 0,50 ha torpaq sahəsi verilmişdir. MH seriyalı ******* nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış"dan görünür ki, ünvan 1ində yerləşən həmin 0,500071 ha torpaq sahəsinə X4 mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 20.04.2007-ci ildə ********* qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. 23.08.2019-cu il tarixli alqı-satqı müqaviləsindən görünür ki, X7 həmin 0,500071 ha torpaq sahəsini İddiaçı satmışdır. Cavabdehin 23.07.2020-ci il tarixli **********04 nömrəli etiraz məktubundan görünür ki, iddiaçıya məxsus torpaq sahəsində texniki inventarlaşdırma işləri aparılmış və məlum olmuşdur ki, iddia olunan torpaq sahəsi ilə sənəd üzrə torpaq sahəsi üst-üstə düşmür. Belə ki, sənəd üzrə torpaq sahəsi ilə iddia olunan torpaq sahəsi bir-birindən 270 mert fərqli məsafədə yerləşir. Eyni zamanda sənəd üzrə torpaq sahəsi ilə faktiki torpaq sahəsinin konfiqurasiyası və döngə nöqtələri tamamilə fərqlidir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfində verilmiş 01 iyun 2021-ci il tarixli mütəxəssis rəyindən görünür ki:
1. iddiaçının iddia etdiyi torpaq sahəsi, Mərkəzi elektron baza məlumatlarında öz əksini tapan Qəbələ rayonunun Vəndam qəsəbəsi ərazisində aparılmış torpaq islahatlarına dair Kompleks Yerquruluşu layihəsinə əsasən Vəndam qəsəbə İnzibati Dairəsinin sərhədi daxilində kənd təsərrüfatı təyinatlı torpaqlarına aid, uqodiyası kolluq olan bələdiyyə mülkiyyətində yerləşir.
2. İddiaçı tərəfindən təqdim olunan alqı-satqı müqaviləsindən əlavə üzərində torpaq sahəsinin məkan göstəriciləri qeyd edilmiş sənəd (plan ölçü) təqdim edilmədiyinə görə qeydiyyata alınmasını tələb etdiyi 0,50 hektar torpaq sahəsi ilə X4 adına olan sənədlərdə göstərilən 0,50 hektar torpaq sahəsi ilə üst-üstə düşməsini müəyyən etmək mümkün olmamışdır. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 8.0.3-cü maddəsinə görə, daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biridir. 9.1-ci maddəsində deyilir ki, hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır: 9.1.1. bu qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi; 9.1.2. daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; 9.1.3. bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi; 9.1.4. hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatın dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlərin yazılması və dövlət reyestrinə müvafiq məlumatın daxil edilməsi. 9.5-ci maddəsinə görə, hüquq sahibinin iradəsindən asılı olmayan səbəbdən daşınmaz əmlak obyektinin ünvanının dəyişdirilməsi, habelə qeydiyyat orqanı tərəfindən buraxılan texniki səhvlərin aradan qaldırılması ilə əlaqədar daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması və dövlət reyestrindən çıxarışın elektron üsulla təqdim olunması 3 gün müddətində həyata keçirilir. 16.3-cü maddəsində deyilir ki, əgər dövlət reyestrinin məzmunu torpaq sahəsi üzərində hüquqa və ya həmin hüququn məhdudlaşdırılmasına dair həqiqi hüquqi vəziyyətə uyğun deyildirsə, hüququ qeydə alınmamış və ya hüququ düzgün qeydə alınmamış şəxs, yaxud mövcud olmayan yüklənmə haqqında qeydin daxil edilməsi ilə hüququ pozulmuş şəxs dövlət reyestrində qeyddə düzəlişin aparılması üçün belə düzəlişlə hüququna toxunulan şəxsdən razılıq verməsini tələb edə bilər. Sadalanan normaların birgə təhlilindən görünür ki, daşınmaz əmlaka şəxsin mülkiyyət hüququnun qeydiyyata alınması üçün şəxsin həmin əmlaka mülkiyyət hüququ mövcud olmalıdır. Mülkiyyət hüququnun yaranmasının və hüquqların qeydiyyatı üçün əsaslardan biri kimi notariat qaydasında təsdiq edilmiş müqavilələr nəzərdə tutulmuşdur. Həmin müqavilə, yalnız onda göstərilmiş əmlakın qeydiyyata alınması üçün əsas verir. Bundan başqa, "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Qanunun 16.3-cü maddəsində dövlət reyestrindəki qeyddə düzəlişin aparılması nəzərdə tutulsa da, düzəlişin aparılması o halda mümkündür ki, dövlət reyestrinin məzmunu torpaq sahəsi üzərində hüquqa uyğun olmasın. İşə əlavə edilmiş sənədlərdən və mütəxəsis rəyindən müəyyən edlmişdir ki, Qəbələ Rayon Vəndam Bələdiyyəsinin 07.02.2004-cü il tarixli 01 nömrəli qərarı ilə X5 0,50 ha torpaq sahəsi satılmış, bununla bağlı onun adına 27.12.2004-cü ildə JN-2127 kod 40600048 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı" tərtib edilmiş, dövlət aktında torpaq sahəsinin döngə nöqtələrinin koordinatları göstərilmiş, bundan sonra həmin 0,500071 ha torpaq sahəsinə X4 mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 20.04.2007-ci ildə qeydiyyata alınaraq ona bu barədə reyestrdən çıxarış verilmiş və 23.08.2019-cu ildə o, həmin 0,500071 ha torpaq sahəsini İddiaçı satmışdır. Göründüyü kimi, iddiaçının qeydiyyata alınmasını tələb etdiyi torpaq sahəsi yuxarıda sadalanan sənədlərdə göstərilmiş koordinatlarda deyil, ondan kənarda yerləşən Vəndam qəsəbə İnzibati Dairəsinin sərhədi daxilində kənd təsərrüfatı təyinatlı torpaqlarına aid, uqodiyası kolluq olan bələdiyyə mülkiyyətindədir. Buda onu göstərir ki, iddiaçı , X2 aldığı torpağın deyil, ondan kənarda yerləşən eyni ölçüdə başqa bir torpaq sahəsinin öz adına qeydiyyata alınmasını tələb edir. Belə ola halda,torpaq sahəsi ilə bağlı tərtib edilmiş bütün sənədlərdə koordinatlar eyni olduğuna görə reyestrdəki qeydiyyatda heç bir yanlışlıq yoxdur və həmin qeyddə düzəliş aparıla bilməz.Cavabdeh iddiaçının hüququnu mövcud sənədlərdə göstərilmiş koordinatlar üzrə qeydiyyata almağa razı olsa da, iddiaçı bunu istəmir. Beləliklə, kollegiyanın qənaətinə görə, birinci instansiya məhkəməsi haqlı olaraq təqdim edilmiş sənədlərə istinad edərək hesab etmişdir ki, cavabdeh iddiaçının hüququnu onun istədiyi koordinatlar üzrə qeydiyyata almaqdan imtina etməkdə haqlı olmuşdur və ona görə də iddia təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Apellyasiya şikayətlərində göstərilən dəlillərlə razılaşmayan kollegiya qeyd edir ki, iddiaçı torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını tələb etsə də, iddia olunan torpaq sahəsi ilə X7 ilə aralarında bağlanmış alqı-satqı müqaviləsinə əsasən aldığı torpaq sahəsi üst-üstə düşmür. Sənəd üzrə torpaq sahəsi ilə iddia olunan torpaq sahəsi bir-birindən 270 mert fərqli məsafədə yerləşir. İş üzrə mütəxəssis rəyinin verilməsinə çəkilən xərcə görə İddiaçıdan 311 manat tutularaq tutularaq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Kadastr və Yerquruluşu Layihə-X8 Məsuliyyətli Cəmiyyətinin hesabına (Kapital Bank ASC Xətai filialı, kod: 200071 VÖEN (bank) **********, Müxbir hesab AZ37NABZ********************, SWİFT: AİİBAZ2X, Kadastr və Yerquruluşu Layihə- Tədqiqat Mərkəzi MMC VÖEN: **********) köçürülməlidir. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını tam və hərtərəfli araşdırmış, iddia tələbini təmin etməməklə maddi və prossesual hüquq normalarının tətbiqində səhvə yol verməyərək inzibati iş üzrə düzgün nəticəyə gəlmişdir. İPM-in 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməkdə haqlıdır. Ona görə də Şəki İnzibati Məhkəməsinin 07 oktyabr 2020-ci il tarixli, 2-1(116)-1181/2020 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalı, iş üzrə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir.
Nəticəvi hissə Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş аpellyаsiyа şikаyəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 07 oktyabr 2020-ci il tarixli, 2-1(116)-1181/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Mütəxəssis rəyinin verilməsinə çəkilən xərcə görə İddiaçı 311 manat tutularaq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Kadastr və Yerquruluşu Layihə-X8 Məsuliyyətli Cəmiyyətinin hesabına (Kapital Bank ASC Xətai filialı, kod: 200071 VÖEN (bank) **********, Müxbir hesab AZ37NABZ********************, SWİFT: AİİBAZ2X, Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC VÖEN: **********) köçürülsün. Qərardan onun təqdim edildiyi gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.