Məhkəmə qərarları › İş №2-1(107)-55/2023

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-55/2023

11.01.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-55/2023 11.01.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, Atababayev Faiq Gülağa oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına qarşı “iddiaçıya 1975-1977-ci il tarixdə Zaqatala rayon “Dağıstan” adına kolxozda kolxozçu, satıcı, xx.xx.1978-ci il tarixdən 1993-cü il tarixədək Əlibayramlı kökəltmə birliyində yeni açılmış 52 nömrəli köşkdə satıcı, xx.xx.1994-cü il tarixdən xx.xx.2000-ci il tarixədək, xx.xx.2000- ci il tarixdən xx.xx.2002-ci il tarixədək Zaqatala rayonu Aşağı Tala kənd 3 nömrəli tam orta məktəbdə xadimə işlədiyi illər (faktiki müddət) nəzərə alınmaqla hüququnun yarandığı xx.xx.2020-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 13 oktyabr 2022-ci il tarixli 2-1(116)-1182/2022 nömrəli qərarından iş üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdehə qarşı Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, iddiaçıya 1975-1977-ci il tarixdə Zaqatala rayon “Dağıstan” adına kolxozda kolxozçu, satıcı, xx.xx.1978-ci il tarixdən 1993-cü il tarixədək Əlibayramlı kökəltmə birliyində yeni açılmış 52 nömrəli köşkdə satıcı, xx.xx.1994-cü il tarixdən xx.xx.2000-ci il tarixədək, xx.xx.2000-ci il tarixdən xx.xx.2002-ci il tarixədək Zaqatala rayonu Aşağı Tala kənd 3 nömrəli tam orta məktəbdə xadimə işlədiyi illər (faktiki müddət) nəzərə alınmaqla hüququnun yarandığı xx.xx.2020-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.

2. İddia ərizəsinin əsaslarına görə, iddiaçı 1975-1977-ci il tarixdə Zaqatala rayon “Dağıstan” adına kolxozda kolxozçu-satıcı, xx.xx.1978-ci il tarixdən 1993-cü il tarixədək Əlibayramlı kökəltmə birliyində yeni açılmış 52 nömrəli köşkdə satıcı işləmişdir. İş stajlarını Zaqatala rayon Dövlət Arxivindən 253 nömrəli xx.xx.2019-cu il tarixli Arxiv arayışı ilə təsdiq edir. İddiaçı xx.xx.1991-ci il tarixdən xx.xx.2000-ci il tarixədək, xx.xx.2000-ci il tarixdən xx.xx.2002-ci il tarixədək Zaqatala rayonu Aşağı Tala kənd 3 nömrəli tam orta məktəbdə xadimə vəzifəsində işləmişdir. İddiaçı cavabdeh orqana müraciət edərək iddia tələbində qeyd olunan illərin onun sosial sığorta stajına daxil edilməsini və hüququnun yarandığı tarixdən ona yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmiş, lakin onun müraciəti təmin olunmamışdır.

3. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(112)-5392/2022 nömrəli qərardadı ilə iş aidiyyəti üzrə baxılması üçün Şəki İnzibati Məhkəməsinə göndərilmiş və xx.xx.2022-ci il tarixdə məhkəməyə daxil olmuşdur.

4. Cavabdeh xx.xx.2022-ci il tarixli **********8 nömrəli imtina məktubunda qeyd etmişdir ki, təqdim edilən sənədlərin surətlərinə əsasən İddiaçı əmək fəaliyyəti dövrü nəzərə alınmaqla sığorta stajı 7 il 2 ay təşkil edir və bu qanunvericiliklə tələb olunan müddətdən (25 ildən) azdır. Eyni zamanda fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı xx.xx.2006-cı il tarixinədək 7 il 2 ay sığorta stajına uyğun olaraq 5.178,05 manat təşkil edir ki, bu məbləğ qanunvericiliklə tələb olunan 23.040 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (200 manat) az olmayan pensiya təminatına imkan vermir. Məlumat üçün bildirilmişdir ki, xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək İddiaçı fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Əlavə olaraq bildirilmişdir ki, təqdim edilən Zaqatala rayon Dövlət Arxivinin xx.xx.2019-cu il tarixli 253 nömrəli arayışında İddiaçı Zaqatala rayonu “Dağıstan” adına kolxozda və Əlibayramlı kökəltmə birliyində işlədiyi dövrlər əmək kitabçasının surətində əks olunmadığına görə sığorta stajına əlavə edilməmişdir. Qeyd olunanlara əsasən İddiaçı yaşa görə əmək pensiyasının təyin olunması qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.2-ci maddəsinə əsasən əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə yaşa görə müavinət almaq hüququ vardır. Əlavə olaraq bildirilmişdir ki, İddiaçı xx.xx.2020-ci il tarixindən 130 manat məbləğində yaşa görə sosial müavinət təyin olunmuşdur.

5. Cavabdeh xx.xx.2022-ci il tarixli **********9 nömrəli etiraz məktubunda imtina cavabında göstərilənləri bildirmiş və qeyd etmişdir ki, İddiaçı ona yaşa görə əmək pensiyasının təyin olunması üçün ərizə ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 16 saylı regional ərazi filialına müraciət etmişdir.

6. Qeyd olunan ərizəyə aidiyyəti üzrə Fondun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialı tərəfindən baxılmışdır. Mərkəzi filial tərəfindən xx.xx.2021-ci il tarixli **********8 nömrəli imtina məktubu ilə cavab verilmişdir.

7. İddiaçının təqdim etdiyi Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin Zaqatala Rayon Dövlət Arxivinin xx.xx.2019-cu il tarixli 253 nömrəli arxiv arayışlarında qeyd edilən 1975-1977-ci illər və xx.xx.1978-1993-cü illərdə fəaliyyət dövrləri əmək kitabçasında öz əksini tapmadığı üçün, həmçinin, iddiaçının 1993-cü ildə işdən çıxma əmri idarənin əmr kitablarında aşkar edilmədiyi üçün həmin illərin sığorta stajına daxil edilməsi mümkün olmamışdır.

8. Əmək Məcəlləsinin 87-ci maddəsində qeyd olunmuşdur ki, işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir.

9. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 11 dekabr 2017-ci tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalan”nın (bundan sonra Qaydalar) 3-cü hissəsində sosial sığorta stajının hesablanması proseduru öz əksini tapmışdır. Qaydaların 3.1-ci bəndinə əsasən, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: - Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; - Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı.

10. “Əmək pensiyaları haqqında” Qanunun xx.xx.2017-ci il tarixdə qüvvəyə minmiş 7ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin “Qeyd” hissəsinə görə, sözügedən maddədə nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır.

11. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsindən aydın olduğu kimi şəxsin əmək pensiyası hüququ iki halda yarana bilər. Birinci halda, şəxsin qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməlidir; bu halda, sığorta stajının mövcudluğu tələb edilmir. İkinci halda isə, əksinə, şəxs ən azı 25 illik sığorta stajına sahib olmalıdır; bu halda, qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi tələb edilmir.

12. Qanunun 25-ci maddəsinə əsasən sosial sığorta stajı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi barədə verdiyi sənədlə təsdiq olunur.

13. Habelə nəzərə alınmalıdır ki, Qanunun 31.2-1-ci maddəsinə uyğun olaraq sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. Yəni, 2006-cı il 1 yanvar tarixinədək sığortaolunanın arxiv arayışı üzrə iş stajı o halda keçərlidir ki, o, əmək kitabçası ilə birlikdə təqdim olunsun və əmək kitabçasında öz əksini tapsın.

14. Cavabdeh etiraz məktubunda iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

15. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraz məktubunun məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

16. Şəki İnzibati Məhkəməsinin (hakim Fərid İsmayılzadə) 13 oktyabr 2022-ci il tarixli 2-1(116)-1182/2022 nömrəli qərarı ilə iddia təmin edilmişdir.

17. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialı həmin qərardan apellyasiya şikayəti vermişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ

18. Cavabdehin apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, iddiaçının 1975-1977ci illər və xx.xx.1978-1993-cü illərdə fəaliyyət dövrləri əmək kitabçasında öz əksini tapmadığı üçün, həmçinin, iddiaçının 1993-cü ildə işdən çıxma əmri idarənin əmr kitabçalarında aşkar edilmədiyi üçün iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi qeyri-mümkün hesab edilmişdir. Ona görə də Şəki İnzibati Məhkəməsini 13 oktyabr 2022ci il tarixli 2-1(116)-1182/2022 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinə dair yeni qərar çıxarılmasını xahiş etmişdir.

TƏRƏFLƏRİN İZAHATLARİ

19. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X5 apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 13 oktyabr 2022-ci il tarixli 2-1(116)-1182/2022 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinə dair yeni qərar çıxarılmasını xahiş etdi.

20. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq iddiaçı məhkəmə iclasına gəlməmişdir.

21. Məhkəmə kollegiyası iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin (bundan sonra Azərbаycаn Respublikаsının İPM və ya İPM) 62.3-cü mаddəsi).

22. İş materiallarında olan aşağıda sadalanan sənədlər məhkəmə kollegiyasının araşdırmasının predmetini təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilir. - İddiaçıya məxsus AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin notariat qaydada təsdiq olunmuş surətinə əsasən müəyyən edilir ki, iddiaçı xx.xx.1958-ci il tarixdə anadan olmuşdur. Yaşa görə sosial müavinətin təyin olunduğu xx.xx.2020-ci il tarixə iddiaçının 61 yaş 8 ayı artıq tamam olmuşdur. (xx.xx.2019-xx.xx.2020-ci il tarixləri aralığında qadınlar üçün yaşa görə əmək pensiyasının təyin olunmasına imkan verən yaş həddi 61 il 6 ay olmuşdur) - Zaqatala rayon Qeydiyyat şöbəsi tərəfindən məhkəməyə elektron qaydada ünvanlanmış “Nikahın bağlanması haqqında” xx.xx.1984-cü il tarixli 14 nömrəli akt qeydindən görünür ki, X1 ilə X4 arasında nikah bağlanmış, Yasənəm Muradova “Süleymanova” soyadını qəbul etmişdir. - Zaqatala rayon Dövlət Arxivinin xx.xx.2019-cu il tarixli 253 nömrəli arxiv arayışından görünür ki, “Dağıstan” kolxozunun şəxsi hesab kitabları yoxlanılmış və müəyyən edilmişdir ki, iddiaçı: 1975-ci ildə 187 adam günü (norma 220 adam günü) – 10 ay 10 gün; 1976-cı ildə 270 adam günü (norma 220 adam günü) – tam il; 1977-ci ildə 168 adam günü (norma 200 adam günü) – 10 ay 7 gün olmaqla cəmi 2 il 8 ay 17 gün işləmiş və əmək haqqı almışdır. - Zaqatala rayon Dövlət Arxivinin xx.xx.2019-cu il tarixli 253 nömrəli məktubuna əlavə olunmuş: Zaqatala rayon Dövlət Arxivinin xx.xx.2019-cu il tarixli 253 nömrəli arxiv arayış qismində təqdim olunmuş 350 nömrəli Sərəncamda qeyd olunur ki, X3 kökəltmə birliyində yeni açılmış 52 nömrəli köşkə satıcı təyin edilsin (əsas: rayfakın xx.xx.1978-ci il tarixli 1063 nömrəli məktubu). Arxiv arayışında həmçinin qeyd olunur ki, vətəndaşın işdən çıxma əmri həmin idarənin əmr kitablarında aşkar edilməmişdir. Lakin əmək haqqı kitablarında 1993cü ilin dekabr ayı da daxil olmaqla vətəndaşın əmək haqqı alması barədə qeydiyyat vardır (əsas: əmək haqqı kitabı 1993-cü il). - Əmək haqqı cədvəllərinin təsdiq olunmuş surətindən görünür ki, iddiaçı “Dağıstan” kolxozunda 1975-1977-ci illərdə kolxozçu, 1978-1993-cü illərdə (xx.xx.1978-ci il tarixdən xx.xx.1993-cü il tarixədək hesablanmaqla 15 il 5 ay 17 gün) Əlibayramlı kökəltmə birliyində 52 nömrəli köşkdə satıcı işləmişdir. - xx.xx.1978-ci il tarixli 350 nömrəli sərəncamın təsdiq olunmuş surətində qeyd olunur ki, Muradova Yasəmən müvəqqəti olaraq Əlibayramlı kökəltmə birliyində yeni açılmış 52 nömrəli köşkə satıcı təyin edilmişdir. - Zaqatala rayon Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli 83 nömrəli məktubuna əlavə olunmuş əmək haqqı cədvəllərinin təsdiq olunmuş surətindən görünür ki, iddiaçıya Əlibayramlı kökəltmə birliyində işlədiyi müddətdə əmək haqqı ödənilmişdir. - İddiaçıya məxsus ******* nömrəli əmək kitabçasının notariat qaydada təsdiq olunmuş surətindən görünür ki, iddiaçı xx.xx.1994-cü ildən xx.xx.2000-ci ilədək (6 il), həmçinin xx.xx.2000- ci ildən xx.xx.2002-ci ilədək (1 il 2 ay 24 gün) “R.Şabanov” adına Aşağı Tala kənd 3 nömrəli tam orta məktəbdə xadimə işləmişdir (cəmi 7 il 2 ay 24 gün).

TƏTBİQ EDİLƏN HÜQUQ

23. İnzibati Prosessual Məcəllə: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

24. Azərbaycan Respublikası Konstitusiyasının: 12-ci maddəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir.

36. İPM-in 1.2-ci maddəsindən göndərişlə AR Mülki Prosessual Məcəlləsinin 81-ci maddəsinə görə, qanuna və digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

25. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının xx.xx.2006-cı il tarixli Qanununun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin qeydinə əsasən bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddənin qeydindən çıxış edərək göstərilməlidir ki, 1 iyul 2020-ci il tarixdən etibarən kişilərə münasibətdə yaşa görə əmək pensiyası hüququ verən yaş həddi 65 yaş olmuşdur. 23.2-ci maddəsi ilə isə müəyyən edilmişdir ki, 1992-ci il yanvarın 1-dək keçmiş SSRİnin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir.

26. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş "Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə" Əsasnamənin 1-ci bəndinə əsasən, əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. 3-cü bəndinə əsasən, iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır.

27. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 24. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. Maddə 46.3. Maraqlı şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması qadağandır.

APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ

28. Cavabdehin apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının İPM və ya İPM) 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Lakin şikayət əsaslı deyil və Şəki İnzibati Məhkəməsinin 13 oktyabr 2022-ci il tarixli 2-1(116)-1182/2022 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

29. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.

30. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər.

31. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

32. Birinci instansiya məhkəməsi iddia tələbini təmin edərkən mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçının hüququnun yarandığı tarixdən ona yaşa görə əmək pensiyasının təyin edilməsindən ibarət tələbinə münasibətdə cavabdehin imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübut olunmur, cavabdeh tərəfindən verilmiş imtinanın əsaslılığını istisna edən faktiki şərtlər iş materialları ilə müəyyən edilir. Belə ki, cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmur, cavabdehin imtinası qanunvericiliyə zidd olmaqla, iddiaçının hüquqlarını pozmuşdur. İddiaçı ona münasibətdə əmək pensiyasının təyin edilməsini zəruri edən qanunvericiliklə müəyyən edilmiş şərtlərə cavab verir. Cavabdehin imtinası əsassızdır.

33. Məhkəmə kollegiyası tərəfindən iş materiallarının tədqiqi zamanı müəyyən edildi ki, iddiaçı xx.xx.1958-ci il tarixdə anadan olmuşdur. Yaşa görə sosial müavinətin təyin olunduğu xx.xx.2020-ci il tarixə iddiaçının 61 yaş 8 ayı artıq tamam olmuşdur. (xx.xx.2019xx.xx.2020-ci il tarixləri aralığında qadınlar üçün yaşa görə əmək pensiyasının təyin olunmasına imkan verən yaş həddi 61 il 6 ay olmuşdur) Zaqatala rayon Qeydiyyat şöbəsi tərəfindən məhkəməyə elektron qaydada ünvanlanmış “Nikahın bağlanması haqqında” xx.xx.1984-cü il tarixli 14 nömrəli akt qeydindən görünür ki, X1 ilə X4 arasında nikah bağlanmış, Yasənəm Muradova “Süleymanova” soyadını qəbul etmişdir. Zaqatala rayon Dövlət Arxivinin xx.xx.2019-cu il tarixli 253 nömrəli arxiv arayışından görünür ki, “Dağıstan” kolxozunun şəxsi hesab kitabları yoxlanılmış və müəyyən edilmişdir ki, iddiaçı: 1975-ci ildə 187 adam günü (norma 220 adam günü) – 10 ay 10 gün; 1976-cı ildə 270 adam günü (norma 220 adam günü) – tam il; 1977-ci ildə 168 adam günü (norma 200 adam günü) – 10 ay 7 gün olmaqla cəmi 2 il 8 ay 17 gün işləmiş və əmək haqqı almışdır. Zaqatala rayon Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli 52 nömrəli məktubuna əlavə olunmuş: Zaqatala rayon Dövlət Arxivinin xx.xx.2019-cu il tarixli 253 nömrəli arxiv arayış qismində təqdim olunmuş 350 nömrəli Sərəncamda qeyd olunur ki, X3 kökəltmə birliyində yeni açılmış 52 nömrəli köşkə satıcı təyin edilsin (əsas: rayfakın xx.xx.1978-ci il tarixli 1063 nömrəli məktubu). Arxiv arayışında həmçinin qeyd olunur ki, vətəndaşın işdən çıxma əmri həmin idarənin əmr kitablarında aşkar edilməmişdir. Lakin əmək haqqı kitablarında 1993-cü ilin dekabr ayı da daxil olmaqla vətəndaşın əmək haqqı alması barədə qeydiyyat vardır (əsas: əmək haqqı kitabı 1993-cü il). Əmək haqqı cədvəllərinin təsdiq olunmuş surətindən görünür ki, iddiaçı “Dağıstan” kolxozunda 1975-1977-ci illərdə kolxozçu, 1978-1993-cü illərdə (xx.xx.1978-ci il tarixdən xx.xx.1993-cü il tarixədək hesablanmaqla 15 il 5 ay 17 gün) Əlibayramlı kökəltmə birliyində 52 nömrəli köşkdə satıcı işləmişdir. xx.xx.1978-ci il tarixli 350 nömrəli sərəncamın təsdiq olunmuş surətində qeyd olunur ki, Muradova Yasəmən müvəqqəti olaraq Əlibayramlı kökəltmə birliyində yeni açılmış 52 nömrəli köşkə satıcı təyin edilmişdir. Zaqatala rayon Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli 83 nömrəli məktubuna əlavə olunmuş əmək haqqı cədvəllərinin təsdiq olunmuş surətindən görünür ki, iddiaçıya Əlibayramlı kökəltmə birliyində işlədiyi müddətdə əmək haqqı ödənilmişdir. İddiaçıya məxsus ******* nömrəli əmək kitabçasının notariat qaydada təsdiq olunmuş surətindən görünür ki, iddiaçı xx.xx.1994-cü ildən xx.xx.2000-ci ilədək (6 il), həmçinin xx.xx.2000- ci ildən xx.xx.2002-ci ilədək (1 il 2 ay 24 gün) “R.Şabanov” adına Aşağı Tala kənd 3 nömrəli tam orta məktəbdə xadimə işləmişdir (cəmi 7 il 2 ay 24 gün).

34. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlillərinə münasibət bildirirərək qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş "Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə" Əsasnamənin müddəalarından da göründüyü kimi, əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir.

35. Məhkəmə kollegiyası onu da qeyd edir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının xx.xx.2006-cı il tarixli Qanununun 7-ci maddəsinə əsasən yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunverici iki mühüm şərt müəyyən etmişdir: 1) əmək pensiyasının təyin olunması iddiasında olan şəxsin qanunla müəyyən edilmiş yaş həddinə çatması; 2) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi və ya bu pensiya təminatına imkan vermədikdə azı 25 il sığorta stajının olması.

36. xx.xx.1958-ci il təvəllüdlü iddiaçıya münasibətdə pensiya yaşının müəyyən edilməsi üçün qeyd olunmalıdır ki, iddiaçı ona yaşa görə əmək pensiyasının təyin olumasını tələb etdiyi xx.xx.2020-ci il tarixə artıq qadınlar üçün müəyyən edilmiş yaş həddinə çatdığından ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün ilkin şərt ödənilməkdədir.

37. Cavabdeh tərəfindən mübahisələndirilən müddətlərin iş stajına daxil ediləcəyi təqdirdə isə ikinci şərt, yəni qanunla müəyyən edilmiş 25 illik sığorta stajı tamamlanacaqdır.

38. Belə ki, məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, iddiaçı “Dağıstan” kolxozunda işlədiyi 2 il 8 ay 17 gün + Əlibayramlı kökəltmə birliyində 52 nömrəli köşkdə satıcı işlədiyi 15 il 5 ay 17 gün + “R.Şabanov” adına Aşağı Tala kənd 3 nömrəli tam orta məktəbdə xadimə işlədiyi 7 il 2 ay 24 gün birlikdə hesablanmaqla = cəmi 25 il 4 ay 28 gün iş stajına malikdir. Cavabdeh tərəfindən isə arxiv arayışlarında göstərilən məlumatların mötəbərliliyinin şübhə altına alınması əsassızdır.

39. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası 2-1(102)- 1737/2021 nömrəli inzibati iş üzrə xx.xx.2021 tarixli qərarının 37-ci bəndində eyni mövqedən çıxış edərək göstərmişdir ki, “Ali Məhkəmənin İnzibati Kollegiyasının formalaşdırdığı məhkəmə təcrübəsinə görə cavabdehin həmin arayışdakı məlumatları qəbul etməməsi “Əmək pensiyaları haqqında” Qanunun 31.2-1-ci maddəsinin məqsədinə uyğun deyil. Belə ki, normanın məzmunundan göründüyü kimi, qanunverici 2006-cı il 01 yanvar tarixinədək olan dövrə aid iş stajının dövlət arxivinin arayışları əsasında təsdiqini əmək kitabçasındakı məlumatların mötəbərliyinə nəinki bərabərləşdirmişdir, hətta həmin arayışlardakı məlumatların mötəbərliyinə üstünlük vermişdir.

40. Belə olan halda iddiaçının qanunvericiliklə müəyyən edilmiş minimal 25 illik sığorta stajı tələbinə cavab verməsi iş materialları ilə öz təsdiqini tapır.

41. Məhkəmə kollegiyası tərəfindən müəyyən edilən işin hallarını, cavabdehin nümayəndəsinin məhkəmə kollegiyasının iclasında verdiyi izahatı nəzərə alan məhkəmə kollegiyasının qənaətinə görə cavabdeh inzibati orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmamışdır. İddiaçının məhkəmə araşdırması zamanı müəyyən edilən əmək stajı ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün yetərli olduğundan, məhkəmə həmin illərin iddiaçının sığorta stajına daxil edilməsi ilə bağlı tələbinin əsaslı olması qənaətinə gəlir.

42. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən qüvvədə saxlanılmalı, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir.

43. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası

QƏRАRА АLDİ:

Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialının apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 13 oktyabr 2022-ci il tarixli 2-1(116)-1182/2022 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar