Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-55/2024 09.10.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası ilə bağlı inzibati iş üzrə (Açar sözlər: güzəştli şərtlərlə yaşa görə əmək pensiyası) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X1 və X2 ibarət tərkibdə, Abdullayev Xəzri Elxan oğlunun katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 20 sentyabr 2022-ci il tarixli 2-1(116)-1175/2022 nömrəli qərarından iş üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları
1. İddiaçı xx.xx.1961-ci ildə doğulmuş, xx.xx.1979-cu il tarixdən xx.xx.1981-ci il tarixədək hərbi xidmətdə olmuş, xx.xx.1982-ci il tarixdən xx.xx.1983-cü il tarixədək texniki peşə təhsili almış, xx.xx.1983-cü il tarixdən müxtəlif fasilələrlə xx.xx.1996-cı il tarixədək və xx.xx.1996-cı il tarixdən hazırki vaxtadək işləmişdir.
2. İddiaçı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün cavabdehə müraciət etmiş, sonuncu xx.xx.2021-ci il tarixli **********9 nömrəli və xx.xx.2022-ci il tarixli **********2 nömrəli məktublarla imtina edərək bildirmişdir ki, fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermir.
Birinci instansiya məhkəməsində icraat:
3. İddiaçı cavabdehə qarşı birinci instansiya məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, ona hüququnun yarandığı xx.xx.2021-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və xx.xx.2021-ci il tarixdən bu günə kimi ödənilməmiş pensiya məbləğinin hesablanaraq birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.
4. İddia ərizəsinin əsaslarına görə, iddiaçı xx.xx.1961-ci ildə Şəki rayonunda anadan olmuşdur. O, 1983-cü ildən bu günədək müxtəlif sahələrdə işləmişdir. Son olaraq xx.xx.1995-ci ildə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi "xxxx" MMC-nin Kabel Təsərrüfatına Xidmət Mərkəzinin Şəki kabel sahəsində işləmişdir. İddiaçı cavabdehə müraciət edərək ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmiş, lakin onun müraciəti təmin olunmamışdır.
5. Cavabdeh xx.xx.2022-ci il tarixli **********9 nömrəli imtina məktubunda qeyd etmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 1.0.8-ci maddəsinə uyğun olaraq fərdi hesabın sığorta hissəsi əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. İddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq iddiaçıya münasibətdə 40800,00 manat hesablandığı halda, onun fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 36083,91 manat təşkil edir.
6. Cavabdeh xx.xx.2022-ci il tarixli **********2 nömrəli imtina məktubunda qeyd etmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 1.0.8-ci maddəsinə uyğun olaraq fərdi hesabın sığorta hissəsi əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. İddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq iddiaçıya münasibətdə 46560,00 manat hesablandığı halda, onun fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 41159,21 manat təşkil edir.
7. Cavabdeh xx.xx.2022-ci il tarixdə birinci instansiya məhkəməsinə daxil olmuş etiraz məktubunda imtina məktubunda göstərilənləri qeyd etmiş və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
8. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən iddiaçı ərizə təqdim edərək “ona hüququnun yarandığı xx.xx.2021-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və hüququnun yarandığı tarixdən bu günə kimi ödənilməmiş pensiya məbləğinin hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasının qərardadı ilə ərizə icraata qəbul olunmuşdur.
9. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etməklə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, iddiaçının sonuncu iş yeri xx.xx.1996-cı ildən işlədiyi "xxxx" MMC, vəzifəsi isə qaynaqçı-operator olmuşdur. Cavabdeh tərəfindən iddiaçının 2006- 2022-ci illər üzrə toplanmış pensiya kapitalının əks olunduğu cədvəl aylar üzrə məbləğlər göstərilməklə məhkəməyə təqdim edilmişdir. Məhkəmə tərəfindən iş materiallarına əlavə olunmuş cədvələ əsasən xx.xx.2006-cı il tarixdən xx.xx.2022-ci il tarixə iddiaçının 22.904,39 manat pensiya kapitalı qeydə alındığı müəyyən edilmişdir. Göstərilən stajların toplanması nəticəsində iddiaçının xx.xx.2006-cı il tarixinədək cəmi 24 il 11 ay 15 gün ümumi iş stajına malik olduğu müəyyən edilir.
10. İddiaçının cavabdehə müraciət etdiyi dövrdə qüvvədə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının xx.xx.2017-ci il tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na müvafiq olaraq iddiaçının sosial sığorta stajına münasibətdə pensiya kapitalı aşağıdakı kimi indeksləşdirilməlidir: (24 il x 306 manat) + (306 manat : 12 ay x 11 ay) + (306 manat / 365 gün x 15 gün) = 7344 + 280,5 + 12,57 = 7637,07 manat. 2007-ci il üzrə: 7637,07 + 8.3% = 8.270,94681 manat, 2008-ci il üzrə: 8272,94681 + 16.7% = 9.652,19493 manat, 2009-cu il üzrə: 9652,19493 + 20.8% = 11.659,8515 manat, 2010-cu il üzrə: 11.659,8515 + 1.5% = 11834,7492 manat, 2011-ci il üzrə: 11.834,7492 + 5.7% = 12.509,33 manat, 2012-ci il üzrə: 12.509,33 + 7.9% = 13.497,567 manat, 2013-cü il üzrə: 13.497,567 + 1.1% = 13.646,0403 manat, 2014-cü il üzrə: 13.646,0403 + 2.4% = 13.973,5452 manat, 2015-ci il üzrə: 13.973,5452 + 1.4% = 14.169,1749 manat, 2016-cı il üzrə: 14.169,1749 + 4% = 14735,9418 manat, 2017-ci il üzrə: 14.735,9418 + 12.4% = 16.563,1986 manat, 2018-ci il üzrə: 16.563,1986 + 5.7% = 17.507,301 manat, 2019-cu il üzrə: 17.507,301 + 3% = 18.032,52 manat, 2020-ci il üzrə: 18.032,52 + 16.6% = 21.025,9183 manat, 2021-ci il üzrə: 21.025,9183 + 11.4% = 23.422,873 manat.
11. Yekun olaraq iddiaçının xx.xx.2021-ci il tarixə qeydə alınmış pensiya kapitalının 23.422,873 manat (xx.xx.2006-cı il tarixə indeksləşdirilmiş məbləğ) + 22.904,39 manat (xx.xx.2006-cı ildən xx.xx.2021-ci il tarixədək qeydə alınmış pensiya kapitalı) = 46.327,263 manat təşkil etdiyi müəyyən edilmişdir.
12. Şəki İnzibati Məhkəməsinin 20 sentyabr 2022-ci il tarixli 2-1(116)-1175/2022 nömrəli qərarı ilə (hakim Fərid İsmayılzadə) iddia tələbinin təmin edilməsi, İddiaçı hüququnun yarandığı xx.xx.2021-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması və hüququnun yarandığı tarixdən bu günə kimi ödənilməmiş pensiya məbləğinin hesablanaraq ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi qərara alınmışdır..
13. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı həmin qərardan apellyasiya şikayəti vermişdir.
14. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 26 aprel 2023-cü il tarixli 2-1(107)-40/2023 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilmiş, Şəki İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(116)-1175/2022 nömrəli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar çıxarılaraq iddia təmin edilməmişdir.
15. Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli 2-1(102)-2003/2023 nömrəli qərarı ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 26 aprel 2023-cü il tarixli, 2-1(107)-40/2023 nömrəli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir.
Apellyasiya şikayətinin dəlilləri
16. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, birinci instansiya məhkəməsi iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı hesablayarkən qanunun tələblərinə zidd olaraq 2020-ci ildə istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun 2.6%, götürməklə hesablamalı olduğu halda 16,6% götürməklə orta aylıq nominal əmək haqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq hesablamış, eyni hərəkətləri 2021-ci il üçün edərək 2,6% götürməklə hesablamalı olduğu halda 11,4% götürməklə hesablamışdır. Həmçinin, birinci instansiya məhkəməsi qərarın “qərara aldı” hissəsində iddiaçıya xx.xx.2021-ci il tarixdən pensiyanın təyin edilməsi öhdəliyini cavabdehin üzərinə qoysa da onun xx.xx.2006-cı il tarixdən sonra olan fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalının məbləğini cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2006-cı il tarixdən xx.xx.2022-ci il tarixədək olan 22904,39 manat kimi götürmüşdür.
17. Ona görə də Şəki İnzibati Məhkəməsinin 20 sentyabr 2022-ci il tarixli 2-1(116)- 1175/2022 nömrəli qərarının ləğv edilməsi, iddia tələbinin təmin edilməməsinə dair yeni qərar çıxarılmasını xahiş etmişdir. .
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
18. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
19. Məhkəmə kollegiyasının iclasında cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi X4 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.
20. Məhkəmə kollegiyasının iclasında izahat verən İddiaçı apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin 20 sentyabr 2022-ci il tarixli 2-1(116)-1175/2022 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
Tətbiq edilən hüquq
21. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu: 27.1-ci maddəsinə əsasən, sığortaolunanların (əmək pensiyası təyin olunmuş şəxslər istisna olmaqla) 2006-cı il yanvarın 1-dək qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 306 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. Sığortaolunanların, o cümlədən işləyən əmək pensiyaçılarının 2006cı il 1 yanvar tarixindən 2017-ci il 1 iyul tarixinədək olan dövr üzrə fərdi hesabının sığorta hissəsində toplanan və istifadə olunmamış (əmək pensiyasının sığorta hissəsinin hesablanmasında nəzərə alınmamış) pensiya kapitalı 80% artırılmaqla, 2017-ci il 1 iyul tarixinə fərdi hesabın sığorta hissəsində qeydə alınır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun iddiaçının müraciət etdiyi tarixdə, yəni xx.xx.2022-ci il tarixədək qüvvədə olmuş 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. 9.8-ci maddəsinin mətninə görə, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun “Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər” adlı 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir.
22. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 24. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. Maddə 46.3. Maraqlı şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması qadağandır.
23. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 14.2. İnzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.
24. APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ
İPM-in 82-ci maddəsində göstərilmişdir ki, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. İddiaçının apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının İPM və ya İPM) 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır. Hazırkı işdə iddianın mümkünlüyünə dair digər şərtlər də mövcuddur. Belə ki, iddiaçı cavabdehin qərarını aldıqdan sonra vaxtında məhkəməyə iddia vermişdir (İPM-in 38.1-ci maddəsi).
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
25. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı təmin edərkən gəldiyi nəticə ilə razılaşır.
26. Qeyd edildiyi kimi, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin iddianın təmin edilməsinə dair qərarı apellyasiya instansiyası məhkəməsinin məhkəmə kollegiyası tərəfindən ləğv edilməklə, iddia rədd edilmiş, Ali Məhkəmənin İnzibati kollegiyası isə iddiaçının kassasiya şikayəti əsasında apellyasiya məhkəməsinin qərarını ləğv edərək işi təkrar apellyasiya baxışına qaytarmışdır. İPM-in 96.11-ci maddəsinə əsasən, mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəməsi üçün məcburidir.
27. Hazırkı iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli 2-1(102)-2003/2023 nömrəli qərarında qeyd edilmişdir ki, “cavabdeh iddiaçının xx.xx.2006-cı il tarixədək olan iş stajını xx.xx.1979 - xx.xx.1981-ci il, xx.xx.1983 - xx.xx.1985-ci il, xx.xx.1985 - xx.xx.1990-cı il, xx.xx.1990 - xx.xx.1991-ci il, xx.xx.1992 xx.xx.1992-ci il, xx.xx.1995 - xx.xx.1996-cı il, xx.xx.1996 - xx.xx.2005-ci il dövrləri olmaqla 21 il 5 ay 13 gün hesablamışdır. Göründüyü kimi, iddiaçının xx.xx.1982-ci il tarixdən 06.7.1983- cü il tarixədək təhsil müddəti və xx.xx.1992-ci il tarixdən xx.xx.1992-ci il tarixədək, xx.xx.1993-cü il tarixdən xx.xx.1995-ci il tarixədək olan iş müddətləri cavabdeh tərəfindən nəzərə alınmamış, apellyasiya instansiyası məhkəməsi tərəfindən də həmin müddətlərin hansı səbəbdən iş stajına daxil edilməməsinin səbəbləri araşdırılmamış, onlara münasibət bildirilməmişdir. Halbuki, həmin müddətlərin nəzərə alınması iddiaçının pensiya kapitalının məbləğinə təsir edə bilər.” Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəfindən nəzərə alınmamış yuxarıda qeyd olunan müddətlər birinci instansiya məhkəməsi tərəfindən bu qərarın 9-11-ci bəndlərində göstərilmiş hesablamalarda nəzərə alınmış və həmin hesablamalara əsasən iddia təmin edilmişdir.
28. Azərbaycan Respublikası Ali Məhkəməsinin qeyd edilən qərarında həmçinin qeyd edilmişdir ki, “xx.xx.2006-cı il tarixə toplanmış pensiya kapitalının indeksləşdirilməsi ilə bağlı cavabdehin dəlilləri, o cümlədən istehlak qiymətləri indeksinin illik səviyyəsinə dair məlumatları apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılmadan, qeyd-şərtsiz qəbul edilmişdir. Halbuki, apellyasiya instansiyası məhkəməsi iddiaçının xx.xx.2006-cı il tarixə toplanmış pensiya kapitalının indeksləşdirilməsi nəticəsində onun 60 yaşının tamam olduğu tarixə məbləğini Dövlət Statistika Komitəsinin rəsmi internet səhifəsindəki (https://www.azstat.org/pr03101011/) məlumatlardan və “İstehlak qiymətləri indeksinin hesablanmasına dair kalkulyator”dan istifadə etməklə dəqiqliklə hesablaya və cavabdehin məlumatı ilə müqayisə etməklə qiymətləndirə, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının illər üzrə indeksləşdirilməsinin düzgün icra olunubolunmadığını müəyyən edə bilərdi. Bu cür araşdırma həm də ona görə zəruri idi ki, apellyasiya instansiyası məhkəməsi cavabdehə göndərdiyi 27 yanvar 2023-cü il tarixli, 2- 1(107)-40 2023 №-li sorğuda xx.xx.2006-cı il tarixədək və həmin tarixdən xx.xx.2021-ci il tarixədək iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının həmin illər üzrə indeksləşdirmə əmsalları göstərilməklə (açıqlama cədvəli əlavə edilməklə) ətraflı məlumatın verilməsini tələb etsə də, cavab məktubunda belə bir ətraflı açıqlama cədvəli əks olunmamış, cavabdeh əvvəlki mövqeyini təkrarlamaqla kifayətlənmiş, apellyasiya instansiyası məhkəməsi də cavabdehin həmin cavabda əks olunmuş dəlillərini tam və hərtərəfli araşdırmadan və digər sübutlarla birgə qiymətləndirmədən qəbul etmişdir.” Məhkəmə kollegiyası tərəfindən cavabdeh inzibati orqana 2 aprel, 26 aprel, 29 may və 11 iyul 2024-cü il tarixli sorğular verilməklə qərarda qeyd olunan açıqlama cədvəli əldə olunmuşdur. Pensiya kapitalının indeksləşdirilməsinin dəqiq müəyyən edilməsi üçün Dövlət Statistika Komitəsinin rəsmi internet səhifəsindəki məlumatlardan və “İstehlak qiymətləri indeksinin hesablanmasına dair kalkulyator”dan istifadə edilmiş və müəyyən edilmişdir ki, birinci instansiya məhkəməsinin bu qərarın 10-cu bəndində göstərilmiş indeksləşdirmə ilə bağlı hesablamaları həmin internet səhifəsindəki məlumatlara və həmin kalkulyatordan əldə olunan indeksləşdirmə faizlərinə uyğun tərtib edilmişdir.
29. Kollegiya onu da qeyd edir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 13 may tarixli 530-VİQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2006-cı il 6 mart tarixli 377 nömrəli, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” 2006-cı il 22 dekabr tarixli 499 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı xx.xx.2022-ci il tarixdə qüvvəyə mindiyindən, istinad olunan dəyişikliklərdən sonra iddiaçıya 2 saylı Siyahı üzrə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün 2 element mövcud olmalıdır: bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajına, ən azı 12 il 6 ay güzəştli iş stajına malik olmalıdır. Göründüyü kimi iddiaçı ümumi və xüsusi iş stajı ilə bağlı şərtlərə cavab verir. Lakin, hazırki iş üzrə iddiaçı xx.xx.2021-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Ona görə də, qeyd olunan dəyişikliklər hazırki işə tətbiq edilə bilməz. Bundan başqa, iddiaçının xx.xx.2021-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi barədə tələbi təmin edilmişdir. Nəticədə, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının xx.xx.2022-ci il tarixdən hesablanmasına zərurət yoxdur.
43. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlillərini ümumilikdə əsassız hesab edərək onu da qeyd edir ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu isə iş materialları ilə təsdiq olunmur (İPM-14.3), qanunla cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmur, cavabdehin imtinası qanuna zidd olmuş və iddiaçının hüquqlarını pozmuşdur (İPM-73.1), imtina mövcud inzibati praktikaya da zidd olmaqla, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri).
44. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin iddiaçının müraciətinin təmin edilməsindən imtina etməsi qanunvericiliyin tələblərinə uyğun olmamışdır. Ona görə də cavabdehin apellyasiya şikayətinin dəlilləri, işin faktiki halları və iş materiallarına əlavə edilən sənədlərlə öz təsdiqini tapmır. Odur ki, iddiaçının tələbinin təmin edilməsini istisna edən hər hansı hal aşkar edilmədiyindən cavabdeh orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmamış, bunun da nəticəsi olaraq birinci instansiya məhkəməsi iddianı təmin etməkdə haqlı olmuşdur.
45. Beləliklə məhkəmə kollegiyası qeyd edir ki, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh imtinasını zəruri edən şərtlərin mövcudluğunu sübut edə bilməmişdir.
46. Yuxarıda qeyd olunan işin hallarını, aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən cavabdehin imtinası qanuna zidd olmuş və iddiaçının Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində nəzərdə tutulmuş sosial təminat hüququnun pozulmasına səbəb olmuşdur. Birinci instansiya məhkəməsi də iddianı təmin etməklə düzgün nəticəyə gəlmişdir. Ona görə də, birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən qüvvədə saxlanılmalı, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir.
47. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.2, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası
QƏRАRА АLDİ:
Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə iş üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 20 sentyabr 2022-ci il tarixli 2-1(116)-1175/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. İnzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.