Məhkəmə qərarları › İş №2-1(107)-55/2025

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-55/2025

15.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-55/2025 15.01.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), X3 və X1 ibarət tərkibdə, Atababayev Faiq Gülağa oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı “xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixinədək müddətinə ünvanlı dövlət sosial yardımın aztəminatlı ailəyə təyin olunaraq birdəfəlik verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 8 avqust 2024-cü il tarixli 2-1(116)-979/2024 nömrəli qərarından iş üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdehə qarşı “01 yanvar 2023-cü il tarixdən 1 il müddətinə ünvanlı dövlət sosial yardımın aztəminatlı ailəyə təyin olunaraq birdəfəlik verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət etmişdir.

2. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək “xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixinədək müddətinə ünvanlı dövlət sosial yardımın aztəminatlı ailəyə təyin olunaraq birdəfəlik verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin iclas protokolunun qərardadı ilə iddia ərizəsinin dəqiqləşdirilməsi icraata qəbul edilmişdir.

3. İşin qısa mahiyyəti ondan ibarətdir ki, iddiaçı ünvanlı sosial yardım almaq məqsədi ilə 07 yanvar 2023-cü il tarixli **********187 nömrəli "Ərizə bəyannamə" ilə cavabdeh inzibati orqana müraciət etmiş, ona ünvanlı dövlət sosial yardımının təyinatından imtina edilməsi haqqında qərar qəbul etmişdir. İddiaçı cavabdehin sosial yardımın təyinatından imtinasını qanunsuz hesab edərək məhkəməyə müraciət etmişdir.

4. Cavabdeh etirazını belə əsaslandırmışdır ki, K.X5 Məhkəməsinə müraciət edərək ona xx.xx.2022-ci il tarixdən ünvanlı dövlət sosial yardımın təyin edilməsini və hesablanaraq birdəfəlik ödənilməsini xahiş etmişdir. Şəki İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(116)-1431/2022 nömrəli qərarı ilə İddiaçı iddia tələbi təmin edilmişdir. Mübahisəli məhkəmə qərarlarından cavabdeh tərəfindən həm apellyasiya, həm də kassasiya şikayətləri verilsə də, Şəki İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2- 1(116)-1431/2022 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Bildiririk ki, Şəki İnzibati Məhkəməsinin müvafiq qərarı cavabdeh tərəfindən icra edilmiş və İddiaçı 22 aprel 2022-ci il tarixdən 1 il müddətinə 22 aprel 2023-cü il tarixədək ünvanlı dövlət sosial yardımın təyin edilmişdir.

5. Hal-hazırda İddiaçı tələbi ona xx.xx.2023-cü il tarixdən ünvanlı dövlət sosial yardımın təyin edilməsi ilə bağlıdır. Göründüyü kimi xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək cavabdeh tərəfindən İddiaçı ünvanlı dövlət sosial yardım təyin edilmişdir. Həmçinin qeyd etməliyik ki, qanunvericilik normalarının tələbləriə müvafiq olaraq ünvanlı sosial yardımı 1 il müddətinə təyin edilir. Bununla əlaqədar olaraq İddiaçı xx.xx.2023-cü il tarixdən 1 il müddətinə 216.60 manat məbləğində ünvanlı sosial yardım təyin edilmişdir. Qeyd olunanlardan bir daha aydın olduğu kimi, iddia tələbi əsasızdır, cavabdeh orqanın müvafiq qərarı qanunauyğundur.

6. Birinci instansiya məhkəməsinin iclasında iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir.

7. Birinci instansiya məhkəməsinin iclasında cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

8. Şəki İnzibati Məhkəməsinin (hakim Fəxri Hacızadə) 8 avqust 2024-cü il tarixli 2- 1(116)-979/2024 nömrəli qərarı ilə iddia təmin edilmişdir.

9. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi həmin qərardan apellyasiya şikayəti vermişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ

10. Cavabdehin apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, İddiaçı daha əvvəl Şəki İnzibati Məhkəməsinə müraciət edərək ona 22 aprel 2022-ci il tarixdən ünvanlı dövlət sosial yardımın təyin edilməsi və hesablanaraq birdəfəlik ödənilməsini xahiş etmişdir. Şəki İnzibati Məhkəməsinin 20 dekabr 2022-ci il tarixli 2-1(116)-1431/2022 nömrəli qərarı ilə İddiaçı iddia tələbi təmin edilmişdir. Mübahisəli məhkəmə qərarlarından cavabdeh tərəfindən həm apellyasiya, həm də kassasiya şikayətləri verilsə də, Şəki İnzibati Məhkəməsinin 20 dekabr 2022-ci il tarixli 2-1(116)-1431/2022 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Şəki İnzibati Məhkəməsinin müvafiq qərarı cavabdeh tərəfindən icra edilmiş və İddiaçı 22 aprel 2022-ci il tarixdən 1 il müddətinə 22 aprel 2023-cü il tarixədək ünvanlı dövlət sosial yardımı təyin edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 02 may 2024-cü il tarixli 2-1(102)-1383/2024 nömrəli qərarında qeyd edilir ki, iddiaçıya cavabdeh tərəfindən ilkin olaraq məbləğində ünvanlı sosial yardım təyin edilməmiş və iddiaçının ikinci müraciəti əsasında VEMTAS sisteminə daxi edilmiş düzgün məlumatlar əsasında iddiaçıya ailə üzvlərinin sayı nəzərə alınmaqla 755,07 manat məbləğində ünvanlı sosial yardım təyin edilmişdir (mart 2023-cü il - fevral 2024-cü il tarixləri arasında). Yəni apellyasiya məhkəməsi iddiaçıya 1 (bir) il 2 (iki) ay müddətinə ünvanlı sosial yardımın ödənilməsini cavabdehin üzərinə qoymuşdur. Bununla əlaqədar olaraq məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının ünvanlı sosial yardımın 14 (on dörd) ay ərzində ona ödənilməsini tələb etməklə bağlı subyektiv hüququ yoxdur, belə ki, bu subyektiv hüquq qanunla 12 (on iki) ayla, yəni bir illə məhdudlaşdırılmışdır. Belə ki, “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən, sosial yardım onu almaq üçün müraciət edilən ayın 1-dən etibarən 1 il müddətinə təyin olunur. Qanunvericiliyin sözügedən tələbindən də göründüyü kimi sosial yardım bir müraciət əsasında yalnız bir il müddətinə təyin oluna bilər. Hazırkı mübahisə üzrə iddiaçının tələbi isə yardımın təyinatdan əvvəlki iki ay üzrə ödənilməsidir. Halbuki iddiaçıya xx.xx.2023-cü il tarixli, **********8402 nömrəli müraciəti əsasında xx.xx.2023-cü ildən (bir il müddətinə) artıq ünvanlı dövlət sosial yardımı təyin edilmişdir. Qeyd edilən qanunvericilik normalarını tələblərinə və Ali Məhkəmənin qərarına müvafiq olaraq ünvanlı dövlət sosial yardımı 1 il müddətinə təyin edilir. Bununla əlaqədar olaraq İddiaçı xx.xx.2023-cü il tarixdən 1 il müddətinə 216,60 manat məbləğində ünvanlı dövlət sosial yardımı təyin edilmişdir. Lakin birinci instansiya məhkəməsi qərar qəbul edərkən “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”nın 3.5-ci maddəsinin və Ali Məhkəmənin 02 may 2024-cü il tarixli 2-1(102)-1383/2024 nömrəli qərarının tələblərini pozaraq ünvanlı dövlət sosial yardımını 01 il 08 ay müddətinə təyin etmişdir. Ona görə də Şəki İnzibati Məhkəməsini 8 avqust 2024-cü il tarixli 2-1(116)-979/2024 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinə dair yeni qərar çıxarılmasını xahiş etmişdir.

TƏRƏFLƏRİN İZAHATLARİ

11. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 8 avqust 2024-cü il tarixli 2-1(116)-979/2024 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinə dair yeni qərar çıxarılmasını xahiş etdi.

12. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin 8 avqust 2024-cü il tarixli 2-1(116)- 979/2024 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

13. İş materiallarında olan aşağıda sadalanan sənədlər məhkəmə kollegiyasının araşdırmasının predmetini təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilir.

1. “Ünvanlı sosial yardımın alınması üçün müraciətdən imtina edilməsinə dair” xx.xx.2022-ci il tarixli **********95003 nömrəli bildirişdən görünür ki, ailə tərkibinin, ailənin gəlirləri barədə məlumatın düzgün göstərilməməsi səbəbi ilə sosial yardımın təyin edilməsindən imtina edilmişdir.

2. Ünvanlı sosial yardımın alınması üçün müraciətdən imtina edilməsinə dair” xx.xx.2023-cü il tarixli **********18701 nömrəli bildirişdən görünür ki, ailə tərkibinin düzgün göstərilməməsi, ümumi istifadəli sayğacın aşkar edilməsi səbəbi ilə sosial yardımın təyin edilməsindən imtina edilmişdir.2929 nömrəli xx.xx.2023-cü il tarixli Arayış.

3. Cavabdehin xx.xx.2024-cü il tarixli etiraz məktubu və ona əlavə edilən sənədlər.

TƏTBİQ EDİLƏN HÜQUQ

14. İnzibati Prosessual Məcəllə: Maddə 2.2.1. İnzibati məhkəmə icraatı qaydasında şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) baxılır. Maddə 32.1. Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

15. Azərbaycan Respublikası Konstitusiyasının: 12-ci maddəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. 71-ci maddəsinin 2-ci hissəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının, o cümlədən sosial təminat hüququnun həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz.

16. “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən sosial yardım hüququna orta aylıq gəliri onlardan asılı olmayan səbəblərdən (ailə üzvlərinin əmək qabiliyyətsiz olması, ailənin əmək qabiliyyətli üzvünün birinci dərəcə əlilliyi olan şəxsə, 8 yaşına çatmamış uşağa və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa qulluq etməsi, 23 yaşınadək əyani təhsil alması, müvafiq icra hakimiyyəti orqanında dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi və ya işçilərin sayı və ya ştatların ixtisar edilməsi ilə əlaqədar işsiz kimi qeydə alınması, vəfat etməsi, məhkəmə tərəfindən itkin düşmüş və yaxud ölmüş hesab edilməsi, azadlıqdan məhrum edilməsi, ailə üzvünün olduğu yerin məlum olmaması) hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr malikdirlər. 7.1-ci maddəsinə əsasən sosial yardımın məbləği ailənin orta aylıq gəliri ilə hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusu arasında yaranan fərq məbləğində hesablanır. 7.2-ci maddəsinə əsasən ehtiyac meyarı mərhələlərlə ölkə üzrə yaşayış minimumuna çatdırılır. 7.3-cü maddəsinə əsasən ailənin orta aylıq gəlirinin hesablanması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 8.1-ci maddəsinə əsasən sosial yardım onu almaq üçün müraciət edilən ayın 1-dən etibarən 1 il müddətinə təyin olunur.

17. “Azərbaycan Respublikasında 2023-cü il üçün ehtiyac meyarının həddi haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2023-cü il üçün ehtiyac meyarının həddi 246 manat məbləğində təsdiq edilmişdir (maddə 1.).

18. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 37 nömrəli qərarı ilə təsdiq edilmiş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi” Qaydalarının 2.1-ci bəndinə əsasən ailəni təmsil edən yetkinlik yaşına çatmış və əmək qabiliyyətli şəxs (belə şəxs olmadıqda ailə üzvü olmayan qəyyum (himayəçi), patron (köməkçi) və ya vəkil edilmiş şəxs) sosial yardımın alınması üçün müraciət edə bilər. Bu barədə ərizə (1 nömrəli əlavə) yaşayış yeri üzrə rayon (şəhər) icra hakimiyyəti başçısının inzibati ərazi dairəsi və sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliklərinin ailə tərkibi haqqında arayışına əsasən notariat orqanı tərəfindən təsdiq edilir. 2.3-cü bəndinə əsasən sosial yardımın alınması üçün elektron formada müraciət edən Təmsilçi fərdi kommunikasiya vasitələrindən (kompüterlərdən, mobil telefonlardan və s.), habelə bu məqsədlər üçün xüsusi olaraq quraşdırılmış infoköşklərdən istifadə etməklə müraciət edir. Təmsilçi elektron formada müraciətin qeydiyyata alınması məqsədi ilə “Elektron hökumət” və ya Nazirliyin “e-sosial” internet portallarında yerləşdirilmiş “Ünvanlı sosial yardımla bağlı müraciətin edilməsi” elektron xidmətdən istifadə etməklə “Ərizəbəyannamə”ni dolduraraq Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Ünvanlı yardım” (VEMTAS) altsisteminə (bundan sonra VEMTAS) göndərir. 3.1-ci bəndinə əsasən sosial yardımın alınması üçün müraciətlər VEMTAS tərəfindən 15 (on beş) iş günü müddətində araşdırılır və müvafiq qərar qəbul edilir. 3.2-ci bəndinə əsasən VEMTAS tərəfindən “Ərizəbəyannamə”də qeyd edilmiş məlumatların “Elektron hökumət” portalı üzərindən bu Qaydaların 1.3-cü bəndində göstərilən qurumların informasiya sistemləri və ehtiyatları ilə xüsusi proqram təminatı vasitəsilə uzlaşdırılaraq yoxlanılması həyata keçirilir. 3.3-cü bəndinə əsasən bununla yanaşı, müraciətin qəbul olunduğu gün VEMTAS tərəfindən seçilmiş Şöbənin ünvanlı sosial yardım üzrə işçisinə bu Qaydaların 3.7-ci bəndində göstərilən hallar istisna olmaqla, ailənin maddi-məişət şəraitinin müayinəsinin aparılması barədə tapşırıq göndərilir. 3.4-cü bəndinə əsasən şöbənin ünvanlı sosial yardım üzrə işçisi “Ailənin maddiməişət şəraitinin müayinəsi”ni (4 nömrəli əlavə) müvafiq proqram təminatı ilə təchiz edilmiş xüsusi kompüter avadanlıqları vasitəsilə həyata keçirir və nəticələrini gücləndirilmiş elektron imza ilə təsdiqləyərək real vaxt rejimində VEMTAS-a ötürür. 5.1-ci bəndinə əsasən sosial yardımın təyin olunması üçün əsas şərtlərdən biri ailənin gəlirinin düzgün hesablanmasıdır. Ailənin gəlirləri ailə üzvlərinin müraciətdən əvvəlki ardıcıl gələn 12 (on iki) ay müddətinə bütün növ gəlirlərinin, o cümlədən ailə üzvlərinə bağışlanmış hədiyyələr, mülkiyyətdən, ailə üzvlərinə məxsus əmlakdan, şəxsi yardımçı təsərrüfatdan əldə olunan və yaxud əldə oluna biləcək pul və natural formada gəlirlərinin toplusundan ibarətdir. 5.2-ci bəndinə əsasən ailənin gəlirinin hesablanması zamanı pul və natura formasında bütün növ gəlirlər, o cümlədən həm Azərbaycan Respublikasının ərazisində, həm də onun hüdudlarından kənarda istənilən mənbədən daxil olan milli və xarici valyutanın məbləği nəzərə alınır. 5.3-cü bəndinə əsasən ailənin gəlirinin hesablanması zamanı ailə üzvlərinin gəlirləri haqqında məlumatların düzgünlüyünü təsdiq edə biləcək bütün rəsmi və mənbəyi bəlli olan digər mənbələrdən (o cümlədən bilavasitə yerində araşdırmaqla) istifadə edilir. 5.4-cü bəndinə əsasən ailə üzvlərinin gəlirləri muzdlu işlə əlaqədar gəlirlərə, muzdlu işlə əlaqədar olmayan gəlirlərə, alınmış cari transfertlərə və digər gəlirlərə bölünür.

19. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdı. 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. 24.5. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. 28.1. İnzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: 28.1.1. fiziki və ya hüquqi şəxsin ərizəsi; 28.1.2. inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi; 28.1.3. inzibati aktdan şikayət verildiyi halda, inzibati şikayət. 28.2. Bu Qanunun 28.1.1-ci və 28.1.3-cü maddələrində nəzərdə tutulmuş hallarda inzibati icraat müvafiq olaraq ərizənin və ya şikayətin qeydiyyata alındığı andan başlanır. ... 28.4. Bu Qanunun 28.1.1-ci və 28.1.2-ci maddələrində nəzərdə tutulmuş əsaslar üzrə inzibati icraat bu fəsildə müəyyən olunmuş qaydalara uyğun olaraq aparılır... 46.3-cü maddəsinə görə maraqlı şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması qadağandır.

APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ

20. Cavabdehin apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının İPM və ya İPM) 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Lakin şikayət əsaslı deyil və Şəki İnzibati Məhkəməsinin 8 avqust 2024-cü il tarixli 2-1(116)-979/2024 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

21. İddiaçı tərəfindən qaldırılmış mübahisələndirmə haqqında iddia (İPM-in 32-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı ona münasibətdə əlverişsiz (yükləyici) inzibati aktın (“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.2, 2.0.11 və 57-ci maddələri) ləğv olunmasını tələb edir, eləcə də hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu iddia edir (İPM-in 35-ci maddəsi).

22. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımi qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İPM-in 38.1-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçının hüququnun həqiqətən pozulub-pozulmaması iddianın mümkünlüyü ilə deyil, əsaslılığı ilə bağlı məsələdir və ikinci mərhələdə (əsaslılıq mərhələsində) yoxlanılmalıdır.

23. Hazırkı işdə iddianın mümkünlüyünə dair digər şərtlər də mövcuddur. Belə ki, iddiaçı cavabdehin qərarını aldıqdan sonra vaxtında məhkəməyə iddia vermişdir (İPM-in 38.1-ci maddəsi). APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

24. Birinci instansiya məhkəməsi iddianı təmin etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

25. İş materialları ilə müəyyən edilir ki, iddiaçı və onun azyaşlı övladı Azərbaycan Respublikasının vətəndaşlarıdırlar. İddiaçı ailəsi tərəfindən müvəkkil edilmiş şəxs kimi xx.xx.2023-cü il tarixdə cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət edərək ünvanlı sosial yardımın təyin edilməsini xahiş etmiş, lakin müraciəti təmin edilməmişdir, imtinanın əsası kimi ailə tərkibinin, ailənin gəlirləri barədə məlumatın düzgün göstərilməməsi qeyd edilmişdir. İddiaçı qeyd edilən əsaslarla imtinanın qanunsuz hesab edilərək onun ailəsinə ünvanlı sosial yardımın verilməsi ilə bağlı hazırki iddia ilə məhkəməyə müraciət etmişdir.

26. İşin faktiki hallarına əsasən iddiaçının ailəsi 2 nəfərdən ibarətdir, onlardan biri azyaşlıdır.

27. Cavabdeh orqanın apellyasiya şikayətinin əsas dəlili iddiaçının ailə tərkibinin düzgün göstərilməməsi ilə bağlıdır. Lakin həmin imtinanın dəlilləri barədə cavabdeh tərəfindən hər hansı dəlil təqdim edilməmiş, imtinanın səbəbi əsaslandırılmamışdır. Bununla bərabər işin hallarından görünür ki, iddiaçıya Şəki İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(116)-1431/2022 nömrəli qərarı əsasında 2022-ci ilin aprel ayından hesablanmaqla 1 il müddətinə ünvanlı sosial yardım təyin edilmişdir. Həmin məhkəmə mübahisəsi getdiyi dövrdə iddiaçı xx.xx.2023-cü il tarixli hazırkı ərizə əsasında cavabdehə müraciət etmiş, həmin ərizəyə əsasən xx.xx.2023-cü il tarixindən etibarən ünvanlı sosial yardım təyin edilmişdir. Bununla da 2023-cü ilin aprel-noyabr ayları arasında olan dövr ərzində iddiaçıya təyin edilməli olan ünvanlı sosial yardım təyin edilməmişdir.

28. Həm məhkəmə qərarı, həm də cavabdehin xx.xx.2023-cü il tarixindən ünvanlı sosial yardımın təyin etməsi barədə qərarından görünür ki, mübahisələndirilən dövr ərzində də iddiaçının ailəsi aztəminatlı ailə statusunda olmuşdur.

29. “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikasının Qanununun 4.1-ci maddəsinə əsasən sosial yardımın məqsədi aztəminatlı ailələrin sosial müdafiəsinin təmin edilməsindən ibarətdir.

30. Birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, cavabdehin mübahisələndirilən dövrdə iddiaçının ailəsinə ünvanlı sosial yardımı təyin etmək və ödəmək öhdəliyi yaranmışdır.

31. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 37 nömrəli qərarı ilə təsdiq edilmiş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi” Qaydalarının 6.1-ci bəndinə əsasən sosial yardımın təyin olunmasına, verilməsinə və ödənişinə nəzarət Nazirlik tərəfindən həyata keçirilir.

32. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 16 fevral tarixli 386 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi haqqında Əsasnamə”nin 1.1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra - Nazirlik) əmək münasibətləri, əməyin mühafizəsi, əmək ehtiyatlarından istifadə, əhalinin sosial müdafiəsi, o cümlədən əmək pensiyaları və sosial sığorta, əhalinin məşğulluğu, işsizlikdən sığorta, demoqrafiya, tibbi-sosial ekspertiza, əlilliyi olan şəxslərin, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların reabilitasiyası sahələrində dövlət siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır.

33. Həmin Əsasnamənin 3.1.31-ci bəndinə əsasən qanunvericiliyə uyğun olaraq aztəminatlı ailələrə ünvanlı dövlət sosial yardımının göstərilməsini təmin etmək vəzifəsi həmin Nazirliyə həvalə edilmişdir.

34. Belə ki, hazırkı iş üzrə cavabdeh yoxlama zamanı aşkar edilən və uyğunsuzluq kimi qiymətləndirilən ailə tərkibinin düzgün göstərilməməsindən ibarət məlumata işin halları baxımından formal yanaşmış, ünvanlı dövlət sosial yardımının təyin edilməsinin məqsədi və meyarları nəzərə alınmaqla qiymətləndirmə aparmaqla qərar qəbul etməli olduğu halda, bu qaydaya əməl etməmişdir. Bu isə qanunvericiliyin tələbləri ilə yanaşı sosial təminat hüququnun da təməl prinsiplərinə zidd olmaqla iddiaçının və ailəsinin hüquqlarının pozulmasına səbəb olmuşdur.

35. Məhkəmə kollegiyası yuxarıda istinad olunan qanunvericilik normalarını və işin hallarını nəzərə alaraq belə qənaətə gəlir ki, iddiaçının tələbinin təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübut olunur, cavabdehin hərəkət və qərarlarının əsaslılığını, iddianın təmin olunmasını isə istisna edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilmir, cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmur, cavabdehin fəaliyyəti inzibati orqan olaraq onun güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır.

36. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən qüvvədə saxlanılmalı, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir.

37. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 81.2, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası QƏRАRА АLDİ:

Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 8 avqust 2024-cü il tarixli 2-1(116)-979/2024 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. İnzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar