Məhkəmə qərarları › İş №2-1(107)-550/2025

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(107)-550/2025

24.09.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(107)-550/2025 24.09.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakim Eyvazov Akif Məhərləm oğlunun sədrliyi və məruzəsində, hakimlər Şükürov İmanverdi Həşimxan oğlu və X4 ibarət tərkibdə, Həmidov Məhəmməd Müşviq oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı «daşınmaz əmlakın dövlət reyestrində fərdi yaşayış evinə hüququn qeydiyyatının ləğv edilməsi» tələbinə dair Şəki İnzibati Məhkəməsinin 09 iyul 2025-cı il tarixli, 2-1(116)-1450/2025 nömrəli qərardadından iş üzrə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. birinci instansiya məhkəməsində icraat: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin (bundan sonra-DƏDKR) 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı daşınmaz əmlakın dövlət reyestrində fərdi yaşayış evinə hüququn qeydiyyatı haqqında reyestrdən çıxarışın (********** nömrəli 18 fevral 2009-cu il tarixli) ləğv edilməsi tələbini irəli sürərək iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, İsmayıllı Şəhər XDS İK-nın 25 may 1990-cı il tarixli 6 saylı qərarı ilə İsmayıllı şəhəri, Təbriz küçəsi, dalan 2, ev 10 ünvanında fərdi yaşayış evinin tikintisi üçün İddiaçı 0,06 ha torpaq sahəsi ayrılmışdır. İddiaçı həmin torpaq sahəsində ümumi sahəsi 166 kv.m olmaqla 4 otaqdan ibarət fərdi yaşayış evi inşa etdirmiş və ailəsi ilə birlikdə orada yaşayır. Onun həmin fərdi yaşayış evi üzərində mülkiyyət hüququ X1 və Mülkiyyət Hüquqlarının Qediyyatı İdarəsi tərəfindən “1.səh-106.iş 147” qeydə alınaraq ona “qeydiyyat vəsiqəsi” verilmişdir. Eyni zamanda evlə bağlı fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportu tərtib edilərək 1893 saylı inventar işi qeydə alınmışdır. 2024-cü ildə ünvana İsmayıllı rayon İcra şöbəsindən daxil olmuş məktubdan məlum olmuşdur ki, həmin ev qanunsuz olaraq başqa şəxsin adına qeydiyyata alınaraq ipotekaya qoyulmuş və "xxxx" ASC-dən kredit götürülmüşdür. Borc ödənilmədiyindən fərdi yaşayış evi alınmış və ödənilməmiş pul vəsaitinin əvəzinə hərraca çıxarılaraq Bankın hesabına keçirilmişdir. Reyestr nömrəsi **********24-10301, qeydiyyat nömrəsi ********** olmaqla 18 fevral 2009-cu il tarixli MH seriyalı ******* nömrəli reyestrdən çıxarışla ev heç bir hüquqi əsas olmadan iddiaçının övladı X5 adına qeydiyyatdan keçirilmişdir. İddiaçı çox təkid etsə də, bu qeydiyyatın aparılmasına əsas olmuş İsmayıllı rayon Dövlət Notariat Kontorunda təsdiq edilmiş 27 dekabr 2008-ci il tarixli alqı-satqı müqaviləsini rəsmi əldə edə bilməmişdir. Həmin notariat ofisi tərəfindən verilmiş 14 sentyabr 2024-cü il tarixli 659 saylı cavab məktubunda qeyd olunur ki, 2008-ci ildə İsmayıllı rayon DNK-da rəsmiləşdirilmiş alqı-satqı müqavilələri Dövlət notariat arxivinə təhvil verilmişdir. Dövlət notariat arxivinin 28 mart 2024-cü il tarixli məktubunda isə bildirilir ki, İsmayıllı rayon Dövlət Notariat Ofisi tərəfindən təhvil verilmiş 2008-ci ildə təsdiqlənmiş müqavilələrin qeydə alındığı reyestr kitabında 672 reyestr nömrəli müqavilənin qeydiyyatının aparıldığı müəyyən edilmiş, həmin müqaviləyə dair notariat işi arxivə təhvil verilməmişdir. Bu səbəbdən müqavilənin surətinin verilməsi imkan xaricindədir. DƏDKR 9 saylı Qəbələ Ərazi İdarəsinin 19 fevral 2023-cü il tarixli cavab məktubunda bildirilir ki, İsmayıllı şəhəri ərazisində yerləşən mülkiyyətdə olan 0,06 ha torpaq sahəsinə aid reyestrdən çıxarışın və plan-ölçünün müvafiq qaydada təsdiqlənmiş surəti təqdim edilir, həmin torpaq sahəsi üzərində fərdi yaşayış evi vahid daşınmaz əmlak olaraq qeydiyyata alınmamışdır. Göstərilənlərə əsaslanaraq, X5 adına verilmiş reyestr nömrəsi **********24- 10301, qeydiyyat nömrəsi ********** olmaqla 18 fevral 2009-cu il tarixli MH seriyalı ******* nömrəli reyestrdən çıxarışın ləğv edilməsi barədə qərar qəbul edilməsi məhkəmədən xahiş olunmuşdur. Cavabdeh DƏDKR 9 saylı Qəbələ Ərazi İdarəsinin iddia ilə bağlı birinci instansiya məhkəməsinə ünvanlanmış yazılı etirazında bildirmişdir ki, iddiaçı Əhmədov X3 şəhərində yerləşən torpaq sahəsinə dair 16 fevral 2024-cü il tarixli ********** qeydiyyat nömrəli reyestrdən çıxarışın ləğv edilməsi ilə bağlı 9 saylı Qəbələ Ərazi İdarəsinə müraciət etmişdir. Həmin reyestrdən çıxarışın ləğv edilməsi 9 saylı Ərazi İdarəsinin səlahiyyəti daxilində olmadığından, müraciətin icrası İdarə tərəfindən mümkün olmamışdır. X2 adına hazırlanmış 15 mart 2024-cü il tarixli ********** qeydiyyat nömrəli reyestrdən çıxarış hüquqmüəyyənedici sənədlər əsasında verilmişdir. Göstərilənlərə və Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 55, 66, 67, 111-ci maddələrinə, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 11, 12, 23-cü maddələrinə, «Torpaq islahatı haqqında» Qanunun 10-cu maddəsinə əsaslanaraq, iddianın təmin edilməməsi məhkəmədən xahiş olunmuşdur. birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Şəki İnzibati Məhkəməsinin (hakim Rüstəm Kərimli) 09 iyul 2025-cı il tarixli, 2- 1(116)-1450/2025 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır. İş üzrə İddiaçı həmin qərardaddan apellyasiya şikayəti vermişdir. apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayətini iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırmış və apellyasiya şikayətinin təmin edilməsini, Şəkin İnzibati Məhkəməsinin 2-1(116)-1450/2025 saylı 09 iyul 2025-ci il tarixli qərardadının ləğv edilməsini, onun adına Reyestr nömrəsi **********24-10301, qeydiyyat nömrəsi **********, xx.xx.2009-cu il tarixli Seriya MH. ******* saylı çıxarışın ləğv edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. tərəflərin izahatları: Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin (bundan sonra Azərbаycаn Respublikаsının İPM və ya İPM) 62.3-cü mаddəsi). tətbiq edilən hüquq: İnzibati Prosessual Məcəllə: Maddə 2.1. Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Maddə 13. Məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 80.1. Barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Maddə 82. Apellyаsiyа instаnsiyаsı məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə bаxır. Apellyаsiyа instаnsiyаsı məhkəməsi həmçinin, bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarı: 2.3-cü bəndinə əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 3.1-ci bəndinə əsasən inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. 3.2-ci bəndinə əsasən İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. 3.3-cü bəndinə əsasən yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. 3.4-cü bəndinə əsasən birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. 8.1-ci bəndinə əsasən iddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir. 8.2-ci bəndinə əsasən bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. 8.3-cü bəndinə əsasən buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. 16.4. İPM-in 46.3-cü maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir. 16.5. Nəzərə alınmalıdır ki, həmin normanın, həmçinin dinlənilmə hüququnun təmin edilməsi məqsədi ilə iddia ərizəsindəki çatışmazlıqlar, təyin edilmiş müddət və həmin müddət ərzində çatışmazlıqların aradan qaldırılmamasının hüquqi nəticələri barədə iddiaçı bilavasitə və ya məhkəmə bildirişi vasitəsi ilə məlumatlandırılmalıdır. Bu, həm də İPM-in 11.2 və 49.2-ci maddələrinin tələblərindən irəli gəlir. Belə ki, İPM-in 11.2-ci maddəsinə əsasən, məhkəmə inzibati prosesin gedişində proses iştirakçılarından hər birinə öz mövqeyini ifadə etmək, prosessual hüquqlarını və vəzifələrini həyata keçirmək üçün tam və bərabər imkanlar yaratmağa borcludur. İPM-in 49.2-ci maddəsinə əsasən, məhkəmənin bütün sərəncamları barədə proses iştirakçılarına vaxtında məlumat verilməlidir. 16.6. İddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. apellyasiya şikayətinin mümkünlüyü: Apellyasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir. apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Kollegiya ilk olaraq bildirir ki, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılılq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olub-olmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddi-hüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlayır. Qanunvericiliyin tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəldilməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. İddiaçı hazırkı iddiasında İsmayıllı şəhəri, B.Mirzəyev küçəsi, ev 10 ünvanında yerləşən fərdi yaşayış evinə dair X5 adına verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğvini tələb etsə də, mahiyyətcə adıçəkilən şəxsin həmin evə mülkiyyət hüququnun qeydiyyatını (reyestr nömrəsi **********24-10301, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi 18 fevral 2009-cu il) mübahisələndirir. Hazırkı iş üzrə məhkəmə kollegiyası müəyyən etdiyi aşağıdakı xüsusatlara diqqətə çəkir: İddiaçı eyni mahiyyətli iddiasına Şəki İnzibati Məhkəməsində əvvəllər baxılmış və məhkəmənin 2-1(116)-2098/2023 saylı iş üzrə 5 sentyabr 2023-cü il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. Şəki Apellyasiya Məhkəməsinin 2-1(107)-595/2025 saylı iş üzrə 25 oktyabr 2023-cü il tarixli qərardadı ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş və 5 sentyabr 2023-cü il tarixli qərardad dəyişdirilmədən saxlanılmışdır. Eləcə də Ali Məhkəmənin 2-1(102)-614/2024 saylı iş üzrə 5 aprel 2024-cü il tarixli qərardadı ilə iddiaçının kassasiya şikayəti təmin olunmamış və apellyasiya instansiyası məhkəməsinin həmin qərardadı dəyişdirilmədən saxlanılmışdır. Bununla da, İPM-in 78-ci maddəsində təsbit olunmuş hal, hazırkı iş üzrə müəyyən olunur. İddiaçının hazırkı iddiasının və inzibati orqana müraciətinin məzmunları fərqlidir. Cavabdehin yazılı etirazına əsasən iddiaçı həmin quruma müraciətində 16 fevral 2024-cü il tarixli ********** qeydiyyat nömrəli reyestrdən çıxarışın ləğvini arzulamışdır, hazırkı iddiasında isə reyestr nömrəsi **********24-10301, qeydiyyat nömrəsi ********** və qeydiyyat tarixi 18 fevral 2009-cu il olan qeydiyyatı mübahisələndirir. İddiaçının mübahisələndirdiyi qeydiyyat 27 dekabr 2008-ci il tarixli 261984 nömrəli müqavilə, yəni mülki əqd əsasında aparılmışdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək qeyd edir ki, hazırkı mübahisənin inzibati məhkəmə qaydasında baxılmalı olmaması iddianın əsaslılığının araşdırılmasına imkan vermir və hazırkı iddianın mümkünlüyü üçün qanunla müəyyən edilən zəruri şərtlərin mövcudluğu müəyyən olunmur. Yuxarıda qeyd olunan işin hallarını, məhkəmə kollegiyası tərəfindən aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddianı mümkün saymamaqla düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Şəki İnzibati Məhkəməsinin 09 iyul 2025-cı il tarixli, 2-1(116)-1450/2025 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş аpellyаsiyа şikаyəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 09 iyul 2025-cı il tarixli, 2-1(116)-1450/2025 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan onun təqdim edildiyi gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar