Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(107)-551/2025 24.09.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakim Eyvazov Akif Məhərləm oğlunun sədrliyi və məruzəsində, hakimlər X7 və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, Həmidov Məhəmməd Müşviq oğlunun katibliyi, İddiaçı1 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 16 saylı Ucar Ərazi İdarəsinə qarşı «obyektin və altındakı torpaq sahəsinin alqı-satqısına dair müqavilələrin etibarsız sayılması və həmin əmlakların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatının ləğv edilməsi» barədə iddia tələbinə dair Şəki İnzibati Məhkəməsinin 07 avqust 2025-cı il tarixli, 2-1(116)-3545/2025 nömrəli qərardadından iş üzrə İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. birinci instansiya məhkəməsində icraat: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin (bundan sonra – DƏDKR) 16 saylı Ucar Ərazi İdarəsinə qarşı «obyektin və altındakı torpaq sahəsinin alqısatqısına dair müqavilələrin etibarsız sayılması və həmin əmlakların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatının ləğv edilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmişlər. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, Göyçay Rayon ZDS İK-nın 15 avqust 1968-ci il tarixli 18 nömrəli qərarı əsasında Göyçay Məişət Xidməti Kombinatı ərazisində avtomaşınlara texniki xidmət göstərən sex tikintisi və əhaliyə məişət xidməti üçün 1 ha torpaq sahəsi daimi istifadəyə ayrılmışdır. Sahənin yerquruluşu sxemi Göyçay RİH-dən əldə edilmişdir. 2022-ci ildən X5 qanunsuz olaraq iddiaçıların sahibliyində və istifadəsində olan Kirayə məntəqəsinin və dəmirçi sexinin qapısının açarını dəyişdirmiş və onların həmin obyektlərdən istifadəsinə maneələr yaratmışdır. Həmin şəxs onlara sözügedən obyektləri satın aldığını bildirmişdir. Bununla bağlı iddiaçılar Göyçay Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək onunla (C.V.Abbasovla) Dövlət Əmlakının İdarə Olunması və Özəlləşdirilməsi Departamenti arasında bağlanmış 30 kv.m qeyriyaşayış binasının alqı-satqısına dair 20 oktyabr 2004-cü il tarixli 987 saylı müqavilənin və Əmlak Məsələləri Dövlət Xidməti arasında bağlanmış 0,0341 ha torpaq sahəsinin alqısatqısına dair 8 dekabr 2021-ci il tarixli 403 saylı müqavilənin etibarsız hesab edilməsi, həmin müqavilələrə əsasən X2 adına verilmiş 27 yanvar 2022-ci il tarixli ********** qeydiyyat nömrəli reyestrdən çıxarışın ləğv edilməsi tələbini irəli sürmüşdür. İşə əlavə edilmiş Məhkəmə Ekspertizası Mərkəzinin müvafiq rəyindən görünür ki, DƏDKR 16 saylı Ucar Ərazi İdarəsinin 16 yanvar 2025-ci il tarixli mütəxəssis rəyinə görə Göyçay RİH tərəfindən təsdiq olunan torpaq sahəsinin yerquruluşu sxemində təsvir edilən kirayə məntəqəsi **********77-06301 reyestr nömrəli çıxarışla X2 mülkiyyət hüququ dövlət qeydiyyatına alınmış 0,0341 ha torpaq sahəsi ilə və üzərində yerləşən 30,2 kv,m tikili ilə üst-üstə düşür. Göyçay Rayon Məhkəməsinin 2(046)-59/2025 saylı 4 iyun 2025-ci il tarixli qərardadına əsasən mübahisə predmeti olan əqdlər inzibati müqavilə hesab olunduğundan, iş üzrə icraata xitam verilmiş və işin aidiyyətinin Şəki İnzibati Məhkəməsi olduğu bildirilmişdir. Bundan sonra iddiaçılar X3 məxsus olan ********** nömrəli reyestrdən çıxarışın ləğv edilməsi ilə bağlı hazırkı cavabdeh DƏDKR 16 saylı Ucar Ərazi İdarəsinə müraciət etsələr də, 35 gündən artıq vaxt keçməsinə baxmayaraq müraciətə cavab verilməmişdir. İddiaçı1 Göyçay Rayon Əhaliyə Məişət Xidməti Kombinatının 26 iyun 1986cı il tarixli 99 nömrəli əmri ilə Kirayə məntəqəsinə qəbuldar işinə qəbul edilmişdir. Həmin qurumun 1 fevral 1994-cü il tarixli 10 nömrəli əmrinə əsasən İddiaçı1 əl oyunları kirayə məntəqəsinə qəbuldar vəzifəsinə keçirilmişdir. Göründüyü kimi, iddiaçı Kirayə məntəqəsində uzun müddət çalışmış və onun fikri öyrənilmədən Kirayə məntəqəsinin özəlləşdirilməsi mümkün ola bilməzdi. Eyni zamanda, digər iddiaçı Həşimov X4 27 noyabr 1984cü il tarixli 193 nömrəli əmri ilə Dəmirçi sexinə qaynaqçı işinə qəbul olunmuş və Kombinatın 18 dekabr 1990-cı il tarixli 200 nömrəli əmri ilə işdə xəsarət aldığı üçün qaynaqçı vəzifəsindən azad edilmişdir. Onun fəaliyyət göstərdiyi Dəmirçi sexi iddia predmeti olan Kirayə məntəqəsi ilə yanaşı yerləşir və həmin Dəmirçi sexindən hazırda istifadə edə bilmir. İddiaçılar tərəfindən məhkəməyə təqdim edilən və Göyçay RİH tərəfindən təsdiqlənən sxem-plandan da aydın olur ki, Kombinat ərazisində fəaliyyət göstərən Dəmirçi sexi Kirayə məntəqəsi ilə yanaşı yerləşir. Milli Arxiv İdarəsinin Göyçay Filialı tərəfindən verilmiş 18 oktyabr 2024-cü il tarixli arayışla da təsdiq edilir ki, iddiaçılar Kombinatın Dəmirçi sexində uzun müddət fəaliyyət göstərmişlər. Xəsarət alma barədə məhkəmə qətnaməsi də qəbul olunmuşdur. 20 oktyabr 1994-cü il tarixli müqavilədə satılacaq obyekt kimi dülgər sexi göstərilmişdir. Halbuki, həmin ərazi Kirayə məntəqəsi və Dəmirçi sexi olmuşdur. Sözügedən müqavilədə daşınmaz əmlakın ünvanı kimi ünvan 1 ünvanında yerləşir. Müqavilədə Dülgər sexi 30 kv.m ölçüdə qeyd edilsə də, həmin ərazidə yerləşən Kirayə məntəqəsi 200 kv.m, Dəmirçi sexi isə 96 kv.m olmuşdur. Yəni uyğunsuzluq mövcuddur. Özəlləşmə qanunsuz aparılmışdır, buna görə də onun nəticələri ləğv edilməlidir. İddiaçı uzun müddət Kirayə məntəqəsində çalışdığı üçün həmin məntəqənin özəlləşdirilməsində güzəşt hüququna malik olan şəxs idi. Dövlət əmlakı özəlləşdirilərkən onun fikri öyrənilməli idi. Kirayə məntəqəsi 1986-cı ildə İddiaçı1 tərəfindən tikilmişdir. Göstərilənlərə əsaslanaraq, X5 ilə DƏİOÖD arasında bağlanmış 30 kv.m qeyri-yaşayış binasının alqı-satqısına dair 20 oktyabr 2004-cü il tarixli 987 saylı müqavilənin və X5 ilə ƏMDX arasında bağlanmış 0,0341 ha torpaq sahəsinin alqı-satqısına dair 8 dekabr 2021ci il tarixli 403 saylı özəlləşdirilən dövlət müəssisə və obyektlərin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi torpaq sahəsinin alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin müqavilələrə əsasən X2 adına verilmiş 27 yanvar 2022-ci il tarixli ********** qeydiyyat nömrəli reyestrdən çıxarışın ləğv edilməsi barədə qərar çıxarılması məhkəmədən xahiş olunmuşdur. birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Şəki İnzibati Məhkəməsinin (hakim Rüstəm Kərimli) 07 avqust 2025-cı il tarixli, 2- 1(116)-3545/2025 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır. İş üzrə İddiaçı2 həmin qərardaddan apellyasiya şikayəti vermişdir. apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Şəki İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(116)-3545/2025 nömrəli qərardadı iddiaçıların məhkəməyə müraciət hüququnu pozmaqdadır. Belə ki, 2022-ci il tarixdən etibarən X5 qanunsuz və əsassız olaraq iddiaçıların sahiblik və istifadəsində olan Kirayə Məntəqəsinin və Dəmirçi sexinin qapısının açarını dəyişdirmiş və iddiaçılara həmin məntəqələrdən istifadə edilməsinə maneələr yaratmışdır. İddiaçılar bunun səbəbini soruşduqda cavabdeh həmin Kirayə Məntəqəsinin və Dəmirçi Sexinin onun tərəfindən alındığını bildirmişdir. Bununla bağlı iddiaçı Göyçar rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək X5 ilə Azəbaycan Respublikası iqtisadi İnkişaf Nazirliyinin Dövlət Əmlakının idarə olunması və özəlləşdirilməsi Departamenti arasında bağlanmış 30 kv.m qeyri-yaşayış binasının alqısatqısını ehtiva edən xx.xx.2004-cü il tarixli, 987 saylı Müəssisənin (obyektin) alqı-satqı müqaviləsinin və X5 ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti arasında bağlanmış, 0,0341 ha torpaq sahəsinin alqı-satqısını ehtiva edən xx.xx.2021-ci il tarixli, 403 saylı Özəlləşdirilən dövlət müəssisə və obyektlərin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi torpaq sahəsinin alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin müqavilələrə əsasən X2 adına verilən xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli Hüquqları dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın ləğv edilməsi ilə bağlı qətnamə qəbul edilməsini xahiş etmişdir. Göyçay rayon Məhkəməsinin 2(046)- 59/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadına əsasən, mübahisə predmeti olan əqdlər inzibati müqavilə hesab olunduğu üçün iş üzrə icraata xitam verilmiş və işin aidiyyatının Şəki İnzibati Məhkəməsi olduğu bildirilmişdir. Hal-hazırda isə Şəki İnzibati Məhkəməsi bildirir ki, iş mülki xarakterlidir və mümkün hesab edilmir. Belə olan halda iddiaçılar hara və hansı məhkəməyə müraciət etməlidirlər sualı açıq qalmaqdadır. Çünki məhkəmələr bu işi boyunlarından atmaqla faktiki olaraq iddiaçıların məhkəməyə müraciət hüququnu pozmaqdadır. tərəflərin izahatları: Məhkəmə kollegiyasının iclasında İddiaçı1 İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayətinin təmin olunmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq digər tərəflər məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin (bundan sonra Azərbаycаn Respublikаsının İPM və ya İPM) 62.3-cü mаddəsi). tətbiq edilən hüquq: İnzibati Prosessual Məcəllə: Maddə 2.1. Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Maddə 13. Məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 80.1. Barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Maddə 82. Apellyаsiyа instаnsiyаsı məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə bаxır. Apellyаsiyа instаnsiyаsı məhkəməsi həmçinin, bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə (Məcəllə Azərbaycan Respublikasının 28 dekabr 1999-cu il tarixli 780-İQ nömrəli Qanunu ilə təsdiq edilmişdir) 26-cı fəslinin 297 və 298-ci maddələrinə (Məcəllənin 26-cı fəsli 10 iyun 2011-ci il tarixli 143-İVQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə çıxarılmışdır) görə: Maddə 297.1. Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin məhkəmədə mübahisə edilən qərarlarına, hərəkətlərinə (hərəkətsizliyinə) elə kollegial və təkbaşına qərarlar, hərəkətlər (hərəkətsizlik) aiddir ki, onların nəticəsində şəxsin hüquq və azadlıqları pozulmuş olsun, şəxsin hüquq və azadlıqlarını həyata keçirməyə maneçilik yaransın, şəxsin üzərinə qanunsuz olaraq hər hansı vəzifə qoyulmuş olsun və ya o, qanunsuz olaraq məsuliyyətə cəlb edilsin; Maddə 297.2. Göstərilən orqanların, təşkilatların, onların vəzifəli şəxslərinin aşağıdakı qərar və hərəkətlərindən (hərəkətsizliyindən) bu fəslə uyğun olaraq məhkəməyə şikayət verilə bilməz: Azərbaycan Respublikasının Konstitusiyasına uyğun olaraq yoxlanılması Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin müstəsna səlahiyyətinə aid olan fərdi və normativ hüquqi aktlar, qanunla məhkəmə qaydasında onlardan şikayət etmənin başqa qaydası nəzərdə tutulan fərdi və normativ hüquqi aktlar. Maddə 298. maddəsinə görə şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən qanunda başqa müddət müəyyən edilməyibsə 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (Məcəllə Azərbaycan Respublikasının 28 dekabr 1999-cu il tarixli 779-İQ nömrəli Qanunu ilə təsdiq edilmişdir) 19-cu maddəsinə görə dövlət hakimiyyəti orqanının və ya yerli özünüidarə orqanının mülki qanunvericiliyə uyğun gəlməyən, fiziki və ya hüquqi şəxsin mülki hüquqlarını və qanunla qorunan mənafelərini pozan qeyri-normativ xarakterli aktı məhkəmə tərəfindən etibarsız sayıla bilər. «Dövlət əmlakının özəlləşdirilməsi haqqında» Qanun: Maddə 1.0.1. dövlət əmlakının özəlləşdirilməsi – dövlət əmlakının bu Qanunla müəyyən edilmiş qaydalara uyğun alıcıların mülkiyyətinə verilməsidir. Maddə 1.0.3. özəlləşdirmənin obyekti – özəlləşdirilməsi qadağan olunan dövlət əmlakı istisna olmaqla, Azərbaycan Respublikasının ərazisində və onun hüdudlarından kənarda Azərbaycan Respublikasının dövlət mülkiyyətində olan əmlak, müştərək müəssisələrin nizamnamə fondundakı dövlətin payı, dövlətə məxsus səhmlər, özəlləşdirilən müəssisələrin altında yerləşən torpaq sahələridir. Maddə 17.1. özəlləşdirmə prosesində dövlət müəssisələrində əmək kollektivi üzvlərinin həmin müəssisələrin əmlakının və səhmlərinin bir hissəsini, (onun qalan hissəsinin satışı üsulundan asılı olmayaraq) güzəştli şərtlərlə almaq hüquqları vardır. Həmin güzəştlərin verilməsi formaları və həyata keçirilməsi qaydaları Dövlət Proqramı ilə müəyyən olunur. Maddə 17.2. özəlləşdirilən dövlət müəssisələrinin səhmlərinin və ya hissələrinin satışında güzəştlər aşağıdakı şəxslərə aid edilir: əsas iş yeri həmin müəssisə hesab edilən işçilər, Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq, həmin müəssisədə əvvəlki iş yerinə qayıtmaq hüququ olan şəxslər, özəlləşdirilən müəssisədə 7 ildən çox çalışmış və həmin müəssisədən təqaüdə çıxmış şəxslər, 1995-ci il 1 yanvar tarixindən sonra işçilərin sayı və ya ştatların ixtisarı nəticəsində işdən azad olunmuş və işsiz kimi qeydiyyata alınmış şəxslər. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanun: Maddə 2.1. daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikası Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarı: 2.3-cü bəndinə əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 3.1-ci bəndinə əsasən inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. 3.2-ci bəndinə əsasən İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. 3.3-cü bəndinə əsasən yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. 3.4-cü bəndinə əsasən birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. 6.3-cü bəndinə əsasən dövlət və bələdiyyə əmlakının müsabiqə və ya hərrac vasitəsilə mülkiyyətə və ya icarəyə verilməsi ilə bağlı yaranan mübahisələrin məhkəmə aidiyyəti müəyyənləşdirilərkən nəzərə alınmalıdır ki, müsabiqə və ya hərracın keçirilməsi səbəbindən, məqsədindən, sifarişçinin kimliyindən, eləcə də müsabiqə və ya hərraca çıxarılan əmlakın mənsubiyyətindən asılı olmayaraq, hər bir halda bu cür müsabiqə və ya hərracların təşkili, keçirilməsi və nəticələrinin rəsmiləşdirilməsi ilə bağlı münasibətlər mülkihüquqi xarakter daşıyır və bu münasibətlərdən yaranan mübahisələrə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. 8.1-ci bəndinə əsasən iddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir. 8.2-ci bəndinə əsasən bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. 8.3-cü bəndinə əsasən buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. 16.4. İPM-in 46.3-cü maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir. 16.5. Nəzərə alınmalıdır ki, həmin normanın, həmçinin dinlənilmə hüququnun təmin edilməsi məqsədi ilə iddia ərizəsindəki çatışmazlıqlar, təyin edilmiş müddət və həmin müddət ərzində çatışmazlıqların aradan qaldırılmamasının hüquqi nəticələri barədə iddiaçı bilavasitə və ya məhkəmə bildirişi vasitəsi ilə məlumatlandırılmalıdır. Bu, həm də İPM-in 11.2 və 49.2-ci maddələrinin tələblərindən irəli gəlir. Belə ki, İPM-in 11.2-ci maddəsinə əsasən, məhkəmə inzibati prosesin gedişində proses iştirakçılarından hər birinə öz mövqeyini ifadə etmək, prosessual hüquqlarını və vəzifələrini həyata keçirmək üçün tam və bərabər imkanlar yaratmağa borcludur. İPM-in 49.2-ci maddəsinə əsasən, məhkəmənin bütün sərəncamları barədə proses iştirakçılarına vaxtında məlumat verilməlidir. 16.6. İddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. apellyasiya şikayətinin mümkünlüyü: Apellyasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir. apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Kollegiya ilk olaraq bildirir ki, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılılq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olub-olmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddi-hüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlayır. Qanunvericiliyin tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəldilməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Hazırkı işin hallarına görə iddiaçılar aşağıdakı tələbləri irəli sürürlər: 1) başqa şəxslə (C.V.Abbasovla) Dövlət Əmlakının İdarə Olunması və Özəlləşdirilməsi Departamenti arasında bağlanmış 30 kv.m qeyri-yaşayış binasının alqısatqısına dair 20 oktyabr 2004-cü il tarixli 987 saylı müqavilənin etibarsız sayılması; 2) həmin şəxslə Əmlak Məsələləri Dövlət Xidməti arasında bağlanmış 0,0341 ha torpaq sahəsinin alqı-satqısına dair 8 dekabr 2021-ci il tarixli 403 saylı müqavilənin etibarsız sayılması; 3) həmin müqavilələrə əsasən qeyri-yaşayış binasına və altındakı torpaq sahəsinə başqa şəxsin (C.V.Abbasovun) hüququnun qeydiyyata alınması haqqında 27 yanvar 2022ci il tarixli ********** qeydiyyat nömrəli reyestrdən çıxarışın (qeydiyyatın) ləğv edilməsi. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və qeyd edir ki, iddaçılar İddiaçı1 və İddiaçı2 Göyçay Rayon Əhaliyə Məişət Xidməti Kombinatında müvafiq müddətlərdə çalışsalar da, «Dövlət əmlakının özəlləşdirilməsi haqqında» Qanunun 17-ci maddəsində nəzərdə tutulan şəxslərin dairəsinə aid edilmirlər. Bu xüsusat ondan irəli gəlir ki, qanunvericiliyin həmin müddəasında əsas iş yeri həmin müəssisə hesab edilən işçilər, həmin müəssisədə əvvəlki iş yerinə qayıtmaq hüququ olan şəxslər, özəlləşdirilən müəssisədə 7 ildən çox çalışmış və həmin müəssisədən təqaüdə çıxmış şəxslər, eləcə də 1995-ci il 1 yanvar tarixindən sonra işçilərin sayı və ya ştatların ixtisarı nəticəsində işdən azad olunmuş və işsiz kimi qeydiyyata alınmış şəxslər nəzərdə tutulur. Halbuki, iddaçı Tağıyev X1 26 iyun 1986-cı il tarixli əmri ilə Kirayə məntəqəsinə qəbuldar işinə qəbul edilsə də, həmin qurumun 1 fevral 1994-cü il tarixli əmrinə əsasən əl oyunları kirayə məntəqəsinə qəbuldar vəzifəsinə keçirilmişdir, digər İddiaçı2 isə Kombinatın 27 noyabr 1984-cü il tarixli əmri ilə Dəmirçi sexinə qaynaqçı işinə qəbul olunmuş və Kombinatın 18 dekabr 1990-cı il tarixli əmri ilə işdə xəsarət aldığı üçün qaynaqçı vəzifəsindən azad edilmişdir. Bu isə o deməkdir ki, iddiaçıların hazırkı iddianı irəli sürmək üzrə subyektiv hüquqları yaranmır. Hətta iddiaçıların hazırkı iddianı qaldırmaq üzrə subyektiv hüququ olsa belə, işin aşağıda qeyd olunan xüsusatları ona inzibati məhkəmə icraatı qaydasında baxılmasına imkan vermir:
1. İddiaçıların tələblərindən biri (3-cü tələb), yəni daşınmaz əmlakın dövlət reyestrində əmlaka dair aparılmış qeydiyyatın ləğvi hazırkı cavabdeh DƏDKR 16 saylı Ucar Ərazi İdarəsinə yönəlmişdir, digər iki tələb isə həmin cavabdehə deyil, Əmlak Məsələləri Dövlət Xidmətinə yönələ bilər. Odur ki, şəxsin adına aparılmış qeydiyyatın əsasını təşkil edən inzibati akt mübahisələndirildikdən sonra həmin qeydiyyatın mübahisələndirilməsi mümkündür. Buna görə də iddiaçıların “qeydiyyatın ləğv edilməsi” tələbinə dair iddiasına hazırda baxıla bilməz.
2. İddiaçıların əvvəlki iki tələbinə gəldikdə isə ehtimal olunur ki, mübahisə predmeti olan 20 oktyabr 2004-cü il tarixli 987 saylı müqavilə həmin dövrdə müvafiq səlahiyyətli orqan Dövlət Əmlakının İdarə Olunması və Özəlləşdirilməsi Departamentinin qərarı əsasında bağlana bilər. Lakin belə qərarın mübahisələndirilməsi hazırda mümkün deyil. Çünki, qərarın qəbul olunduğu dövrdə, həm də ondan sonrakı vaxtda (1 yanvar 2011-ci il tarixədək, yəni «İnzibati icraat haqqında» Qanun və İPM qüvvəyə minənədək) qüvvədə olan qanunvericilik normaları-Mülki Məcəllənin və Mülki Prosessual Məcəllənin müddəaları dövlət hakimiyyəti orqanının aktlarının etibarsızlığı barədə iddiaların verilməsi üçün 1 ay müddət müəyyən etmişdir. Nəzərə alınmalıdır ki, iddiaçılar hazırda tələblərini «İnzibati icraat haqqında» Qanunun inzibati aktın etibarsızlığı əsasları təsbit olunmuş 65-ci maddəsinə istinad etməsələr də, müvafiq müqavilənin qanunsuzluğunu iddia edirlər. Bundan başqa (üçüncü) şəxsə yönəlmiş əlverişli inzibati aktla bağlı buraxılmış iddia müddəti ilə əlaqədar sonradan tətbiq olunan yeni qanunvericilik normasının («İnzibati icraat haqqında» Qanunun qüvvəyə minməsi) yaranması əvvəlki dövrdə buraxılmış iddia müddətinin nəticələrini aradan qaldırmır. Hazırkı işin hallarına görə müvafiq qərarın və müqavilənin iddiaçılara məlum olma tarixi konkret müəyyən olunmasa da, ötən 20 ildən artıq müddət ərzində iddiaçıların obyektin özəlləşdirilməsi ilə əlaqədar hər hansı təşəbbüskarlıq göstərməməsi, aidiyyəti orqandan məlumat almaması və bu qəbildən olan digər müvafiq hərəkətlər etməməsi iddia müddəti ilə bağlı onların xeyrinə şərh oluna bilməz. Belə qeyri-aktiv xarakterli hallar inzibati aktın etibarsızlığı ilə bağlı 1 yanvar 2011-ci il tarixədək mübahisələndirmə ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş 1 aylıq iddia müddətinin buraxılmış sayılmasına əsas verir. 1 yanvar 2011-ci il tarixdən sonrakı dövrdə inzibati aktların etibarsız sayılması iddiaları üzrə iddia müddəti birbaşa nəzərdə tutulmasa da, qanunverici bu iddianın qaldırılmasını iddaçının həmin münasibətlərin qısa müddətdə müəyyən edilməsində kifayət qədər maraqlı olması halları ilə şərtləndirir. Əgər 20 oktyabr 2004-cü il tarixli müqavilə həmin dövrdə müvafiq səlahiyyətli orqan Dövlət Əmlakının İdarə Olunması və Özəlləşdirilməsi Departamenti tərəfindən inzibati akt qəbul edilmədən, faktiki xarakterli hərəkətlər üzrə bağlanmış olduqda da, 1 yanvar 2011-ci il tarixədək qüvvədə olan prosessual qanunvericilik normaları orqan və təşkilatların, onların vəzifəli şəxslərinin məhkəmədə mübahisəsi üzrə yalnız qərarlarına deyil, hərəkətlərinə (hərəkətsizliyinə) münasibətdə də 1 aylıq iddia müddətini nəzərdə tutmuşdur. Odur ki, prosessual qənaət prinsipini rəhbər tutaraq, həmin hissədə iddia tələbinin (qərarın etibarsızlığını əlavə etməklə) və cavabdehin dəyişdirilməsinin iddiaçılara tövsiyə olunmasına zərurət görmür. Belə hal, zərurət olmadan əlavə yazışma, rəsmiləşdirmə və sənəd göndərişi ilə nəticələnə bilərdi. Halbuki, istənilən halda iddia həmin hissədə mümkünsüzdür. 3) İddiaçılar 20 oktyabr 2004-cü il tarixli həmin müqavilə ilə yanaşı Əmlak Məsələləri Dövlət Xidməti ilə bağlanmış 8 dekabr 2021-ci il tarixli 403 saylı müqavilənin də etibarsızlığını iddia edirlər. Nəzərə alınmalıdır ki, 8 dekabr 2021-ci il tarixli müqavilə “özəlləşdirilən dövlət müəssisə və obyektlərin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi torpaq sahəsinin alqı-satqısı” barədədir və həmin müqavilə X5 ilə torpaq sahəsinin üzərindəki tikililərin mülkiyyətçisi kimi bağlanmışdır. Əmlakın özəlləşdirilməsi barədə 20 oktyabr 2004-cü il tarixli müqavilənin və onun verilməsi barədə müvafiq inzibati aktın mübahisələndirilməsi üzrə yekun nəticə əldə olunmayınca, 8 dekabr 2021-ci il tarixli müqavilənin və onun qəbulu üzrə inzibati aktın mübahisələndirilməsi mümkün deyil. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək qeyd edir ki, hazırkı mübahisənin inzibati məhkəmə qaydasında baxılmalı olmaması iddianın əsaslılığının araşdırılmasına imkan vermir və hazırkı iddianın mümkünlüyü üçün qanunla müəyyən edilən zəruri şərtlərin mövcudluğu müəyyən olunmur. Beləliklə kollegiya hesab edir ki, mübahisə inzibati məhkəmələrin səlahiyyətinə aid deyil. Belə ki, iddia tələbi inzibati icraat çərçivəsində araşdırılmalı deyildir. Yuxarıda qeyd olunan işin hallarını, məhkəmə kollegiyası tərəfindən aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddianı mümkün saymamaqla düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Şəki İnzibati Məhkəməsinin 07 avqust 2025-cı il tarixli, 2-1(116)- 3545/2025 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
qərara aldı:
İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 07 avqust 2025-cı il tarixli, 2-1(116)-3545/2025 nömrəli qərardadı dəyişidirilmədən qüvvədə saxlanılsın. Qərardaddan onun təqdim edildiyi gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.