Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(107)-552/2023 12.10.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin inventarlaşdırılmasının aparılması və texniki sənədlərin (texniki pasportun) tərtib edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibаti iş üzrə Şəki İnzibati Məhkəməsinin 10 avqust 2023-cü il tarixli, 2-1(116)-219/2023 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş apellyasiya şikаyətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat
1. Şəki İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2-1(116)-219/2020 nömrəli qərarına əsasən, İddiaçı mülkiyyətində olan Zaqatala şəhəri Kiçikxanlı küçəsi 35 ünvanında yerləşən fərdi yaşayış evinin inventarlaşdırılmasının aparılması və texniki sənədlərin (texniki pasportun) tərtib edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala ərazi idarəsinin üzərinə qoyulmuşdur.
2. Birinci instansiya məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(116)-219/2020 nömrəli məktubu cavabdehə ünvanlanmış, məktuba Şəki İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2-1(116)- 219/2020 nömrəli qərarının surəti əlavə olunaraq, qərarın icra edilməsi və icra edildiyini təsdiq edən sənədlərin məhkəməyə təqdim edilməsi üçün bir ay vaxt verilmiş, əks təqdirdə cərimə tətbiq olunacağı barədə xəbərdarlıq edilmişdir.
3. Cavabdeh xx.xx.2023-cü il tarixli, 3-21-3-47/2-815/2023 nömrəli məktubunda qərarın icra edildiyini bildirmiş və qərarın icrası ilə əlaqədar hazırlanmış sənədlərin surətlərini məktuba əlavə etməklə məhkəməyə təqdim etmişdir.
4. İddiaçı xx.xx.2023-cü il tarixdə ərizə ilə Şəki İnzibati Məhkəməsinə müraciət edərək Şəki İnzibati Məhkəməsinin 21 iyul 2020-ci il tarixli 2-1(116)-219/2020 nömrəli qərarının tam icra edilməməsi səbəbindən cavabdeh inzibati orqanın cərimə olunmasını xahiş etmişdir.
5. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 18 saylı Zaqatala ərazi idarəsi xx.xx.2023-cü il tarixli 3-21-3-47/2-2708/2023 nömrəli “ərizəyə qarşı etirazın bildirilməsi” barədə məktubla iddiaçının ərizəsinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
6. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən cavabdehin nümayəndəsi cavabdehin xx.xx.2023- cü il tarixli etiraz məktubunun məzmununa uyğun izahat verərək, cərimənin tətbiq edilməsi barədə ərizənin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
7. Şəki İnzibati Məhkəməsinin (hakim Fərid İsmayılzadə) 10 avqust 2023-cü il tarixli, 2-1(116)-219/2023 nömrəli qərardadı ilə Şəki İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2-1(116)-219/2020 nömrəli qərarı icra edildiyinə görə borclu Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 18 saylı Zaqatala ərazi idarəsinə cərimənin tətbiq edilməsindən imtina olunmuşdur.
8. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti vermişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ
9. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmənin eyni tarixli, eyni nömrəli (10 avqust 2023-cü il tarixli, 2-1(116)- 219/2023 iş nömrəli) məktubu ilə, iş üzrə icra tədbirilərinin davam etdirilməsi və icra edilməsi üçün iş Zaqatala Rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. Həmin məktuba əsasən, Zaqatala Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru tərəfindən 23 avqust 2023-cü il tarixli "İcraata başlamaq haqqında" qərar qəbul edilmişdir. Belə olan halda sual yaranır ki. Şəki İnzibati Məhkəməsinin 21 iyun 2020-ci il tarixli, 2-1(116)- 219/2020 iş nömrəli qərarı icra olunub, ya yox? Əgər icra olunmayıbsa, onda nəyə görə cavabdehin cərimə olunmasından imtina olunub? Yox əgər icra olunudursa, onda nəyə görə həmin qərar təkrar icra edilməsi üçün Zaqatala Rayon İcra və Probasiya Şöbəsinə göndərilib? Ona görə də, apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 10 avqust 2023-cü il tarixli, 2- 1(116)-219/2023 nömrəli qərardadının ləğv edilməsini xahiş etmişdir.
TƏRƏFLƏRİN İZAHATLARİ
10. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 10 avqust 2023-cü il tarixli, 2- 1(116)-219/2023 nömrəli qərardadının ləğv edilməsini xahiş etmişdir.
11. Məhkəmə kollegiyasının hazırkı iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin 10 avqust 2023-cü il tarixli, 2-1(116)-219/2023 nömrəli qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
TƏTBİQ EDİLƏN HÜQUQ
12. İnzibati Prosessual Məcəllə: Maddə 120.1. Bu Məcəllənin 33.4-cü, 40-cı, 70-ci, 71-ci və 73-cü maddələrində nəzərdə tutulmuş hallarda inzibati orqan tərəfindən məhkəmə qərardadı və ya qərarı ilə onun üzərinə qoyulmuş öhdəliklər (müvəqqəti xarakterli müdafiə ilə bağlı, inzibati aktın qəbul edilməsi və ya qanuna zidd inzibati aktın nəticələrinin aradan qaldırılması ilə bağlı öhdəlikləri) icra edilmədikdə, birinci instansiya məhkəməsi proses iştirakçısının ərizəsinə əsasən və ya xidməti vəzifəsinə görə, inzibati orqana icra üçün müddət müəyyən edir və cərimə tətbiq olunacağı barədə həmin orqana xəbərdarlıq edir. Maddə 120.2. Bu Məcəllənin 120.1-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddətdə inzibati orqan tərəfindən onun üzərinə qoyulmuş öhdəliklər icra olunmadıqda, məhkəmə cərimənin məbləğini müəyyən edə və inzibati orqanı həmin məbləğdə cərimə edə bilər. Məhkəmə bu barədə qərardad qəbul edir. Maddə 120.3. Cərimə 50.000 manatadək məbləğdə müəyyən oluna bilər. Maddə 120.4. Cərimə təkrar təyin oluna və məcburi qaydada tutula bilər.
APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ
13. Apellyasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
14. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
15. Kollegiya ilk olaraq bildirir ki, birinci instansiya məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(116)-219/2020 nömrəli məktubu cavabdehə ünvanlanmış, məktuba Şəki İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2-1(116)- 219/2020 nömrəli qərarının surəti əlavə olunaraq, qərarın icra edilməsi və icra edildiyini təsdiq edən sənədlərin məhkəməyə təqdim edilməsi üçün bir ay vaxt verilmiş, əks təqdirdə cərimə tətbiq olunacağı barədə xəbərdarlıq edilmişdir.
16. Cavabdeh orqan birinci instansiya məhkəməsinə ünvanladığı xx.xx.2023-cü il tarixli, 3-21-3-47/2-815/2023 nömrəli məktubu ilə Şəki İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2-1(116)- 219/2020 nömrəli qərarının icra edildiyini bildirmiş və qərarın icrası ilə əlaqədar hazırlanmış sənədlərin surətlərini məktuba əlavə etməklə məhkəməyə təqdim etmişdir.
17. Həmçinin iş materiallarından müəyyən edilmişdir ki, cavabdeh inzibati orqan öz məktubunda qeyd etmişdir ki, məhkəmə tərəfindən Azərbaycan Respublikasının Şəki İnzibati Məhkəməsinin 21 iyul 2020-ci il tarixli, 2-1(116)- 219/2020 saylı qərarı icra edilməsi üçün 18 saylı Zaqatala Ərazi İdarəsinə göndərilmişdir. Daha sonra, iddiaçıya qeyd olunan məhkəmə qərarının icrasının təmin edilməsi üçün ərazi idarəsinə qanunla müəyyən edilmiş qaydada və sənədlərlə birgə bilavasitə müraciət olunması barədə xx.xx.2021-ci il tarixli, **********05 nömrəli bildiriş göndərilmişdir. Həmçinin məhkəməyə də bu barədə xx.xx.2021-ci il tarixli, **********06 nömrəli məktubla məlumat verilmişdir. Bundan sonra İddiaçı Azərbaycan Respublikasının Şəki İnzibati Məhkəməsinin 21 iyul 2020-ci il tarixli, 2- 1(116)- 219/2020 saylı qərarı və digər hüquqmüəyyənedici sənədlərlə ünvan 3 ünvanında 0,03 ha torpaq sahəsinə və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinə çıxarışın və texniki pasportun verilməsi məqsədi ilə 18 saylı Zaqatala Ərazi İdarəsinə bilavasitə ərizə ilə xx.xx.2021-ci il tarixində müraciət etmişdir. Onun müraciətinə əsasən sözügedən 0,03 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evi vahid daşınmaz əmlak kimi İddiaçı adına xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışla rəsmiləşdirilmiş və həmin vahid daşınmaz əmlaka xx.xx.2021-ci İl tarixli, 2247 inventar nömrəli (Şəki İnzibati Məhkəməsinin 21 iyul 2020-ci il tarixli, 2-1 (116)-219/2020 saylı qərarının qərara aldı hissəsində (məzmununda konkret) göstərildiyi kimi) texniki pasport (və çıxarış) tərtib edilərək iddiaçıya təqdim edilmişdir (iddiaçının müraciət ərizəsi təqdim olunur). Bu barədə həmçinin Şəki İnzibati Məhkəməsinə xx.xx.2021-ci il tarixli, **********74 nömrəli məktubla həmin texniki pasport (və çıxarış) sənəd qoşması kimi əlavə olunmaqla təqdim edilmişdir. Bu barədə bir daha məlumat və müvafiq sənədlər xx.xx.2023-cü il tarixli, 3-21- 3-47/2-815/2023 (**********15) nömrəli məktubla Şəki İnzibati Məhkəməsinə təqdim olunmuşdur.
18. İddiaçının ərizəsində qeyd olunanları təkzib edən cavabdeh bildirir ki, iddiaçının adına hazırlanmış 2247 inventar nömrəli texniki pasportun 2-ci səhifəsində (torpaq sahəsinin planı hissəsində) torpaq sahəsinin sənəd üzrə və faktiki ölçüləri qeyd olunmuş, həmçinin qanunla müəyyən edilmiş qaydada hüquqmüəyyənedici sənədlər əsasında fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin inventarlaşdırılması nəticəsində əldə edilən məlumatlar əsasında sahənin yerləşmə vəziyyəti də göstərilmişdir.
19. Belə ki, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi Kollegiyasının 08 iyun 2015-ci il tarixli, 03 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi sistemində daşınmaz əmlakın kadastrı və texniki İnventarlaşdırma işlərinin aparılmasına dair” Texniki Təlimatın 5.1-ci bəndinə əsasən texniki pasporta daxil edilən əsas göstəricilər bunlardır: daşınmaz əmlakın adı; daşınmaz əmlakın ünvanı (olduğu yer); daşınmaz əmlakın mülkiyyətçisi (ümumi birgə mülkiyyətdə olduqda mülkiyyətçilərin hamısı, paylı mülkiyyətdə olduqda isə payları göstərilməklə bütün mülkiyyətçilər göstərilir) istifadəçisi, icarəçisi, balans saxlayıcısı haqqında məlumat (fiziki şəxslər üçün soyadı, adı və atasının adı, hüquqi şəxs üçün obyektin tam adı və təşkilatıhüquqi forması); obyektin sahəsi (ümumi, faydalı, tikintialtı, yaşayış, əsas, köməkçi və digər); təyinatı; mərtəbəliyi; tikildiyi (istismara başlanıldığı) il; konstruktiv elementlərin xarakteristikası; bina, tikili və qurğuların plan-cizgisi; torpaq sahəsinin planı, döngə nöqtələri və onların koordinatları, normativ qiyməti və digər zəruri texniki kadastr göstəriciləri haqqında məlumatlar; yaşıllıqlar, asfalt, beton və digər sahələr; obyektin texniki vəziyyəti; bina və qurğuların inventar dəyəri; bina və qurğuların aşınması; daşınmaz əmlakın dövlət qeydiyyatı üçün zəruri olan digər məlumatlar.
20. Zərurət yarandıqda abadlıq obyektlərinin (parklar, yaşıllıqlar və s.), kommunikasiyaların (tunellər, su, qaz, kanalizasiya, elektrik xətləri və s.) və digər əmlak bölmələrinin texniki pasportlarına onların digər səciyyəvi göstəriciləri də daxil edilə bilər.
21. İddiaçının qərarın icra olunmadığı iddiası ilə bağlı bildirilir ki, Şəki İnzibati Məhkəməsinin 21 iyul 2020-ci il tarixli, 2-1(116)-219/2020 saylı qərarı ilə cavabdeh 18 saylı Zaqatala Ərazi İdarəsi üzərinə Zaqatala rayonu, Kiçikxanlı 35 ünvanında yerləşən fərdi yaşayış evinin inventarlaşdırılmasının aparılması və texniki sənədinin (texniki pasportun) tərtib edilməsi öhdəliyi qoyulmuşdur. Məhkəmənin sözügedən qərarında iddiaçının istədiyi kimi müvafiq “Dövlət Aktın”nın cizgilərinə uyğun texniki pasportun verilməsi göstərilməmişdir. Əksinə, məhkəmənin sözügedən qərarının 5-ci səhifəsinin 5-ci abzasında qeyd olunmuşdur ki, “Məhkəmə hesab edir ki, belə olan halda, cavabdehin hazırda iddiaçıya texniki pasport vermək məqsədilə apardığı ölçmə işlərində meyar kimi yenidən həmin Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına istinad etməsi və özünün yaratdığı uyğunsuzluğə görə məsuliyyəti iddiaçının üzərinə qoyması qanuni sayıla bilməz”..
22. Bununla da məhkəmənin sözügedən qərarına əsasən qanunla müəyyən edilmiş qaydada iddiaçının birbaşa müraciətinə əsasən yerində iddiaçının iştirakı ilə inventarlaşdırılma işləri aparılmış, bunun nəticəsi olaraq 2247 inventar nömrəli texniki pasport (və çıxarış) hazırlanmış və iddiaçıya təqdim olunmuşdur.
23. Beləliklə, yuxarıda qeyd olunanlardan göründüyü kimi, məhkəmənin sözügedən qərarı qanunla müəyyən edilmiş qaydada tam (vaxtında və dəqiq) icra edilmişdir. Belə ki, məhkəmənin sözügedən qərarında konkret məzmunlu inzibati aktın qəbul edilməsi öhdəliyi üzərimizə qoyulmuş və həmin qərarın (qərara aldı hissəsinin) məzmuna uyğun (real) hərəkətlər (yerində iddiaçının iştirakı ilə inventarlaşdırma işləri) və buna müvafiq sənədlər (çıxarış və texniki pasport) hazırlanaraq iddiaçıya təqdim olunmuşdur. Buna görə də, sözügedən qərarın icrası baş tutmuş sayılır. İddiaçının onun adına hazırlanmış texniki pasportda iddia etdiklərinin göstərilməsi isə qanunvericilikdə nəzərdə tutulmadığından artıq tam icra olunmuş qərarın iddiaçının istəyinə (arzusuna) uyğun olaraq təkrar icra olunması yuxarıda göstərilmiş qanunun dispozisiyasına (konkret hərəkətin edilməsi və ya edilməməsinin qaydasına) uyğun deyildir.
24. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 120-ci maddəsində deyilir ki, bu Məcəllənin 33.4-cü, 40-cı, 70-ci, 71-ci və 73cü maddələrində nəzərdə tutulmuş hallarda inzibati orqan tərəfindən məhkəmə qərardadı və ya qərarı ilə onun üzərinə qoyulmuş öhdəliklər (müvəqqəti xarakterli müdafiə ilə bağlı, inzibati aktın qəbul edilməsi və ya qanuna zidd inzibati aktın nəticələrinin aradan qaldırılması ilə bağlı öhdəlikləri) icra edilmədikdə, birinci instansiya məhkəməsi proses iştirakçısının ərizəsinə əsasən və ya xidməti vəzifəsinə görə, inzibati orqana icra üçün müddət müəyyən edir və cərimə tətbiq olunacağı barədə həmin orqana xəbərdarlıq edir. Bu Məcəllənin 120.1-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddətdə inzibati orqan tərəfindən onun üzərinə qoyulmuş öhdəliklər icra olunmadıqda, məhkəmə cərimənin məbləğini müəyyən edə və inzibati orqanı həmin məbləğdə cərimə edə bilər. Məhkəmə bu barədə qərardad qəbul edir. Cərimə 50.000 manatadək məbləğdə müəyyən oluna bilər. Cərimə təkrar təyin oluna və məcburi qaydada tutula bilər.
25. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası bu qənaətə gəlir ki, borcluya cərimənin tətbiq edilməsinə zərurət yoxdur.
26. Yuxarıda qeyd olunan inzibati işin hallarını, məhkəmə kollegiyası tərəfindən aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi cavabdeh orqana cərimənin tətbiq edilməsindən imtina etməklə düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməlidir.
27. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Şəki İnzibati Məhkəməsinin 10 avqust 2023-cü il tarixli, 2-1(116)- 219/2023 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
28. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏRARA ALDİ:
İddiaçı tərəfindən verilmiş аpellyаsiyа şikаyəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 10 avqust 2023-cü il tarixli, 2-1(116)-219/2023 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan onun təqdim edildiyi gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.