Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-552/2025 06.11.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Musayev Vüqar Ələkbər oğlu (məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Həsənov Tural Həsən oğlundan ibarət tərkibdə, Məmmədli Aqil Bəxtiyar oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı «müharibə veteranı adı və vəsiqəsinin verilməsi» tələbinə dair iş üzrə Şəki İnzibati Məhkəməsinin 2 iyul 2025-ci il tarixli, 2-1(116)-2315/2025 nömrəli qərarından iş üzrə iddiaçının nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. işin halları:
1. İddiaçı 1975-ci il təvəllüdlüdür. 1993-cü ilin may ayında Oğuz Rayon Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılmışdır.
2. N №-li hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli N №-li əmrinə əsasən, hərbi hissəyə gəlmiş hesab edilərək hissənin siyahısına salınmış, bir sıra növ təminatlardan istifadə hüququ verilmiş və xidmət etmək üçün 2-ci motoatıcı batalyona göndərilmişdir.
3. N №-li hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli 127 №-li əmrinə əsasən, “Goran” təlim mərkəzinə yola düşmüş hesab edilərək hissənin siyahısından çıxarılmışdır.
4. N №-li hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli 217 №-li əmrinə əsasən, Cəbhə Komandanının xx.xx.1993-cü il tarixli müvafiq nömrəli əmrinə əsasən, N №-li hərbi hissə komandirinin sərəncamına göndərilmiş, hərbi hissənin şəxsi heyətinin siyahısına və bütün növ təminatlara salınaraq “bağ atıcısı” vəzifəsinə təyin edilmişdir.
5. N №-li hərbi hissə komandirinin xx.xx.1993–xx.xx.1993-cü il tarixli nizami hissə üzrə əmrlərində və hərbi hissənin 1993-cü il tarixli şəxsi heyətinin əlifba qeydiyyat kitablarında iddiaçının xidməti barədə məlumat aşkar olunmamışdır.
6. N №-li hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli 18 №-li əmrinə əsasən, bütün növ təminatlardan çıxarılaraq xidmətlərini davam etdirmək üçün N №-li hərbi hissənin sərəncamına göndərilmişdir.
7. N №-li hərbi hissədən xidmətini davam etdirmək üçün gəlmiş sıravi X2 N №-li hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli 1 №-li əmrinə (əsas: §-5, səh. 18, sıra 78, əmrdə soyad “Salahov” yazılmışdır) əsasən, xx.xx.1994-cü il tarixdən 3-cü motoatıcı taborun şəxsi heyətinin siyahısına və bütün növ təminatlara salınaraq sanitar atıcı vəzifəsinə təyin edilmişdir.
8. X1 hərbi hissəni özbaşına tərk etdiyinə görə, N №-li hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli N №-li əmrinə əsasən, hərbi hissənin şəxsi heyətinin siyahısından, bütün növ təminatlardan çıxarılaraq qeydiyyat sənədləri rayon hərbi komissarlığına göndərilmişdir. N №-li hərbi hissə komandirinin xx.xx.1994–xx.xx.1994-cü il tarixli nizami hissə üzrə əmrlərində Saleh (Salehov) Zaur Qüdrət oğlunun xidməti barədə əlavə məlumat aşkar edilməmişdir.
9. İddiaçıya məxsus AO ******* №-li hərbi biletin 21-ci səhifəsində və qeydiyyat kartasında Füzuli Hərbi Prokurorunun xx.xx.2004-cü il tarixli qərarına əsasən onun barəsində toplanmış materiallar üzrə şəraitin dəyişməsi ilə əlaqədar cinayət işinin başlanması rədd edilməsi barədə qeydlər icra edilmişdir (qərarın surəti iş materiallarına əlavə olunmuşdur).
10. İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda erməni millətçi dəstələrinə qarşı döyüşlərlə müvafiq dövrdə iştirak etdiyini əsas gətirərək, ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi ilə bağlı hazırkı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə müraciət etmişdir. Lakin cavabdeh tərəfindən həmin məsələnin həllindən imtina olunmuşdur
birinci instansiya məhkəməsində iş üzrə qəbul edilmiş məhkəmə aktı:
11. İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
12. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 6 may 1993-cü il tarixdə Oğuz RHK tərəfindən hərbi xidmətə çağırılmışdır. Həmin tarixdən 9 iyul 1993-cü il tarixədək Salyan rayonunun Çuxanlı kəndində N saylı hərbi hissədə xidmət keçmişdir. N iyul 1993-cü il tarixdən 3 avqust 1993-cü il tarixədək Goran poliqonunda hərbi təlimdə olmuş, 3 avqust 1993-cü il tarixdən 25 noyabr 1993-cü il tarixədək Füzuli rayonunda N saylı hərbi hissədə, N noyabr 1993-cü il tarixdən N yanvar 1994-cü il tarixədək Pirəküşküldə N saylı hərbi hissədə xidmət etmişdir. N yanvar 1994-cü il tarixdə həmin rayonun Alxanlı kəndinə aparılmışdır. 10 fevral 1994-cü il tarixdən 21 dekabr 1994-cü il tarixədək Kəlbəcər rayonunda N saylı hərbi hissədə xidmətdə olmuş, atəşkəs elan olunanadək hərbi xidmət keçdiyi döyüşən hərbi hissələrin tərkibində döyüşlərdə iştirak etmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Arxivindən alınmış cavab məktubunda onun barəsində 2 avqust 1993-cü il tarixdən sonrakı dövrdə heç bir məlumatın olmadığı qeyd edilmişdir. İddiaçının ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi barədə müraciətinin müsbət həllindən cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən imtina olunmuşdur.
13. Cavabdeh orqan müraciəti ilkin olaraq təmin etməkdən imtina edərkən əsaslandığı eyni dəlillərə istinadla iddianın rədd edilməsini xahiş etmiş, qeyd etmişdir ki, Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin 1N yanvar 2024-cü il tarixli arayışına əsasən İddiaçı 2 avqust 1993-cü il tarixdən sonrakı hərbi xidməti və ordu sıralarından qanuni əsaslarla ehtiyata buraxılmağı barədə məlumat olmadığından, ona müharibə veteranı adı və vəsiqəsinin verilməsindən imtina olunmuşdur. Müharibə veteranı adının verilməsi üçün şəxsin hərbi hissəyə daxil edilməsi kifayət etmir, xidmət dövründə hərbi hissəni özbaşına tərk etməməsi, qanuni əsaslarla ehtiyata buraxılması da şərtdir. Buna görə «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə»yə “qeyd” hissə əlavə edilmişdir. Ona əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərinə görə məhkum edilmiş və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə müharibə veteranı adı verilə bilməz. Azərbaycan Respublikası Milli Məclisinin 17 oktyabr 1997-ci il tarixli 383-İQR nömrəli qərarının 9-cu bəndinə əsasən “...Qərarın qüvvəyə minənədək hərbi hissədən, qulluq yerindən özbaşına getmiş, fərarilik etmiş şəxslər hərbi uçota qəbul edilməli, onların xidmət müddətləri Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmət müddətinə hesablanmalıdır.”. Həmin qərarda göstərilmişdir ki, törətdikləri cinayətlərə dair təhqiqat və istintaq edilən bütün işlərin və məhkəmələr tərəfindən baxılmamış işlərin icraatına xitam verilsin, materiallar üzrə isə cinayət işlərinin başlanması rədd edilsin.
14. Şəki İnzibati Məhkəməsinin 2 iyul 2025-ci il tarixli 2-1(116)-2315/2025 nömrəli qərarı ilə (hakim Rüstəm Kərimli) iddia tələbi təmin edilməmişdir.
15. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, müvafiq arxiv materiallarında hazırkı İddiaçı 1993 – 1994-cü illərdə Müdafiə Nazirliyinin tabeliyindəki müvafiq hərbi hissələrdə, o cümlədən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak edən hərbi hissələrdə xidməti ilə bağlı xüsusatları qismən təsdiqləyən sübutlar mövcud olsa da, Silahlı Qüvvələrdən qanuni əsaslarla tərxis olunması ilə bağlı əmr və ya arxiv arayışı aşkar olunmur, əksinə hərbi hissəni özbaşına tərk etməsi barədə məlumat mövcuddur. Lakin nəzərə alınmalıdır ki, mövcud qanunvericilik normaları aidiyyəti qurumlar tərəfindən verilmiş müvafiq təsdiqedici sənədlər əsasında hərbi qulluqçulara “müharibə veteranı” adının verilməsini onların döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçməsi, o cümlədən qanuni əsaslarla tərxis olunması ilə şərtləndirir. Belə olan halda məhkəmənin qənaətinə görə müvafiq arxiv materiallarında İddiaçı 1993 – 1994-cü illərdə döyüş əməliyyatları aparılan zonalarda xidmət keçməsinə dair sənədlər aşkar olunsa da, onun xidmətdən qanuni əsaslarla tərxis olunması, habelə əlil olmasını (müvafiq əlillik dərəcəsinin verilməsi) təsdiqləyən hər hansı mötəbər sübut mövcud olmadığından, cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi ona “müharibə veteranı” adı və vəsiqəsinin verilməsindən imtina etməkdə haqlı olmuşdur.
16. İddiaçının nümayəndəsi apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
a) apellyasiya şikayətinin dəlilləri
17. Apellyasiya şikayətinin dəlillərinə görə, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsi və həmin maddənin “Qeyd” hissəsi məhkəmə tərəfindən düzgün tətbiq edilməmişdir. Belə ki, həmin maddə hazırki iş üzrə iddia təmin olunduğu halda tətbiq oluna bilərdi. Çünki iddiaçının Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etdiyi və qanuni əsaslarla tərxis olunduğu tam sübuta yetirilmişdir. Eyni zamanda iddiaçının döyüşən hərbi hissələrdə hərbi xidmət keçdiyi işin mübahisəsiz tərəfidir. Məhkəmə yalnız cavabdehin imtinasına və etirazına əsaslanaraq sözügedən qanunsuz və əsassız qərarı qəbul etmişdir. Prezident Fərmanı və sorğulara cavablar məhkəmə tərəfindən nəzərə alınmamışdır. İddiaçının tərxis olunmağı barədə hərbi hissə komandirinin əmrinin olub-olmaması məhkəmə tərəfindən müəyyən edilməmişdir. Məhkəmə cavabdehin hansı hərbi hissələrin döyüş əməliyyatlarında iştirak etmədiyi barədə qeyd etdiklərinə də hüquqi qiymət verməmişdir. İddiaçının hərbi xidmət keçdiyi hərbi hissələr barədə isə qərarda qeyd edilmir. Məhkəmə yalnız cavabdehin təqdim etdiyi etirazın dəlilləri ilə kifayətlənmiş, işin tam araşdırılması üçün şərait yaratmamışdır. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:
18. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.
tərəflərin izahatları
19. Məhkəmə kollegiyasının hazırkı iclasında iştirak edən iddiaçı və onun nümayəndəsi apellyasiya şikayətinin təmin edilməsini Şəki İnzibati Məhkəməsinin 2 iyul 2025-ci il tarixli, 2-1(116)-2315/2025 nömrəli qərarının ləğv edilərək iddianın təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi).
tətbiq edilən hüquq
20. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 3. Müharibə veteranları Aşağıdakılar müharibə veteranları sayılırlar: ... Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər; ... Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısı, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısı müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur) tərəfindən təsdiq edilir. ... Qeyd: Bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın N-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. Maddə 7. Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Veteran statusunu təsdiq edən sənədin bu Qanuna uyğun verilmədiyi aşkar edilərsə, həmin sənədi vermiş müvafiq icra hakimiyyəti orqanı onun geri alınmasını təmin edir.
21. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli 216 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamə (birinci bəndin səkkizinci yarımbəndi): - Müharibə veteranı adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər, şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar, əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir.
22. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 3. Vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, qoşun hissəsinin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. (77 oktyabr 1997-ci il tarixli 378-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə bu maddədə “qoşun hissəsinin siyahılarından” sözləri “hərbi hissənin siyahılarından” sözləri ilə əvəz edilmişdir).
23. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 85. Şikayətin verilməsinə dair tələblər 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir.
Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat ... 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər:[82] ... 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir.
apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri.
24. Apellyasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
25. İddiaçı, onun üçün əlverişsiz olan məhkəmə aktından bütövlükdə şikayət verdiyindən verilmiş apellyasiya şikayəti üzrə hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyinə və əsaslılığına qiymət veriləcəkdir.
Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi
26. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
27. Bununla yanaşı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
28. Hazırkı işin birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçının hüquqi marağı ona “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsinə yönəlmişdir.
29. Cavabdeh orqanın iddia tələbinə etirazının başlıca dəlili iddiaçının 2 avqust 1993cü il tarixdən sonrakı hərbi xidməti və ordu sıralarından qanuni əsaslarla ehtiyata buraxılması barədə məlumatın olmaması ilə bağlıdır. Cavabdeh orqan bildirir ki, Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərinə görə məhkum edilmiş və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə müharibə veteranı adı verilə bilməz.
30. Apellyasiya şikayətinin ümumiləşmiş dəlilləri iddiaçının Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etməsi, döyüşən hərbi hissələrdə xidmət keçməsi, qanuni əsaslarla tərxis olunması, tərxis olunması barədə hərbi hissə komandirinin əmrinin olub-olmamasının məhkəmə tərəfindən müəyyən edilməməsi, iddiaçının hərbi xidmət keçdiyi hərbi hissələrin qərarda qeyd edilməməsi, Məhkəmənin yalnız cavabdehin təqdim etdiyi etirazın dəlilləri ilə kifayətlənməsi ilə bağlıdır.
31. İş materiallarından göründüyü kimi, iddiaçı X3 1993-cü ildə hərbi xidmətə çağırılmış, müxtəlif hərbi hissələrdə xidmət etmiş, son olaraq N saylı hərbi hissədə "sanitar atıcı" vəzifəsinə təyin olunmuş, lakin 15 mart 1994-cü il tarixdə həmin hərbi hissəni özbaşına tərk etdiyi üçün, komandirin müvafiq əmri ilə şəxsi heyətin siyahısından çıxarılmış, qeydiyyat sənədləri rayon hərbi komissarlığına göndərilmişdir.
32. Məhkəmə kollegiyası apellyasiya şikayətində göstərilən dəlillərə münasibətdə qeyd edir ki, iddiaçının hərbi hissəni özbaşına tərk etməsi və onun barəsində Füzuli Hərbi Prokurorunun xx.xx.2004-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 334.1-ci (fərarilik) maddəsi üzrə şəraitin dəyişməsi ilə əlaqədar cinayət işinin başlanmasının rədd edilməsi, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin “Qeyd” hissəsinə əsasən iddia tələbinin rədd edilməsi üçün birbaşa hüquqi əsas yaradır.
33. İddiaçının təqdim etdiyi sənədlər - cavabdeh orqanın imtina cavabı, hərbi biletin surəti, Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin məktubu və Füzuli Hərbi Prokurorunun xx.xx.2004-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarı” olmuşdur ki, həmin sənədlərdə də, onun qanuni əsaslarla ehtiyata buraxılması təsdiqlənmir, əksinə həmin sənədlərdə yuxarıda qeyd edildiyi kimi iddiaçının hərbi hissəni özbaşına tərk etməsi və başlanmış cinayət işi haqqında məlumatlar əks olunmuşdur. Belə olan halda, onun ümumiyyətlə qanuni əsaslarla tərxis olunması mümkün ola da bilməzdi.
34. Nəticə etibarilə, iddiaçının döyüş zonasında yerləşən hərbi hissədə xidmət etməsi və ya faktiki döyüş əməliyyatlarında iştirakı belə, ona müharibə veteranı adı verilməsi üçün kifayət etmir, çünki bu hüququn yaranması üçün qanunvericiliklə müəyyən edilmiş bütün şərtlər kompleks şəkildə ödənilməlidir.
35. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının qanuni əsaslarla ehtiyata buraxılması müəyyən edilmədiyindən və onun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə xidmət yerini özbaşına tərk etməyə görə barəsinində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verildiyindən birinci instansiya məhkəməsi haqlı olaraq iddianı təmin etməmişdir.
36. Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.1997-ci il tarixli “amnistiya haqqında” qərarı Dövlət müstəqilliyi günü münasibətilə, Hərbi cinayətlər törətmiş şəxslər barəsində qəbul edilmişdir. Müvafiq qərarın 9-cu bəndində deyilir: bu Qərarın qüvvəyə mindiyi günədək hərbi hissədən, qulluq yerindən özbaşına getmiş, fərarilik etmiş şəxslər hərbi uçota qəbul edilməli, onların xidmət müddətləri Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmət müddətinə hesablanmamalıdır.
37. Qanunvericiliyin tələbindən göründüyü kimi, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə və digər hərbi cinayətlərə görə barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş şəxslər müharibə veteranı sayılmırlar.
38. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
39. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası:
QƏRARA ALDİ:
İddiaçının nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmir. Şəki İnzibati Məhkəməsinin 2 iyul 2025-ci il tarixli, 2-1(116)-2315/2025 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılır. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.