Məhkəmə qərarları › İş №2-1(107)-554/2024

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-554/2024

26.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-554/2024 26.12.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən, məruzəçi), X2 və X3 ibarət tərkibdə, Ələkbərzadə Qafur Hikmət oğlunun katibliyi ilə, İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Cavabdeh qarşı "cavabdehin xx.xx.2022-ci il tarixə qeyd olunan borc məbləğindən dövlət büdcəsinə ödənilməmiş 22664.36 manat məbləğində borcun ödənilməsinin təmin edilməsi məqsədi ilə 33000 manat məbləğində siyahıya alınmış əmlakının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə satılması" tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 10 oktyabr 2023-cü il tarixli 2-1(116)-1583/2023 nömrəli qərarından iş üzrə iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası aşağıdakı qərarı qəbul etdi. İşin halları Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək "cavabdehin xx.xx.2022-ci il tarixə qeyd olunan borc məbləğindən dövlət büdcəsinə ödənilməmiş 22664.36 manat məbləğində borcun ödənilməsinin təmin edilməsi məqsədi ilə 33000 manat məbləğində siyahıya alınmış əmlakının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə satılması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, vergi ödəyicisi olan Cavabdeh Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə vergi öhdəliklərini yerinə yetirmədiyi üçün onun dövlət büdcəsinə borcu yaranmışdır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə ödənilməsi məqsədi ilə ona bildiriş verilmişdir. Həmçinin, Vergi Məcəlləsinin 65.2-ci maddəsinə əsasən vergi orqanı tərəfindən bu Məcəllə ilə müəyyən edilmiş hallarda vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların vergi ödəyicisinin milli və ya xarici valyutada cari və ya digər hesablarından dövlət büdcəsinə alınması haqqında kredit təşkilatına və ya bank əməliyyatları aparan şəxsə icra (ödəniş) sənədi olan sərəncam verilmişdir. Lakin cavabdehə borc məbləğinin ödənilməsi üçün bildiriş verilməsinə, hesabına sərəncam qoyulmasına baxmayaraq yaranmış borc məbləği yenə də ödənilməmişdir. Ona görə də, Vergi Məcəlləsinin 89.1-ci maddəsinə əsasən, vergi öhdəliklərinin yerinə yetirilməsini təmin etmək üsulu kimi vergi orqanı vergi ödəyicisinin əmlakının siyahıya alınması barədə xx.xx.2022-ci il tarixli Qərar çıxarmışdır. Qərar əsasında vergi ödəyicisinin xx.xx.2022-ci il tarixə yaranan 30570.22 manat borcuna görə 33000 manat məbləğində əmlakı siyahıya alınmış və bu barədə xx.xx.2022-ci il tarixli **********4 saylı Protokol tərtib edilmişdir. Protokola siyahıya alınmış əmlakın siyahısı əlavə edilmişdir. Əmlak siyahıya alındıqdan sonra 30 gün müddətində borc dövlət büdcəsinə ödənilmədiyi halda siyahıya alınmış əmlakın satılması üçün məhkəmədə iddia qaldırılacağı barədə Vergi Məcəlləsinin 70.2-ci maddəsinin tələblərinə uyğun olaraq cavabdehə xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubu göndərilmişdir. Cavabdehin xx.xx.2022-ci il tarixə yuxarıda qeyd olunan borc məbləğindən dövlət büdcəsinə 22664.36 manat ödənilməmiş borcu qalmışdır.

3. Cavabdeh məhkəmə iclasında borcun bir hissəsini ödədiyini, qalan hissəsini də ödəyəcəyini bildirmişdir.

4. İddia tələbinə dair aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - İddiaçı tərəfindən “Əmlakın siyahıya alınması haqqında” xx.xx.2022-ci il tarixli qərar qəbul edilmişdir. - “Əmlakın siyahıya alınması haqqında” xx.xx.2022-ci il tarixli **********4 nömrəli protokola əlavədən görünür ki, cavabdehə məxsus Çin istehsalı olan 1 vahidinin qiyməti 14000 manat olan 2 ədəd Monitor, yerli istehsal olan 1 vahidinin qiyməti 5000 manat olan videoçəkiliş üçün kran iddiaçı tərəfindən siyahıya alınmışdır. - “Vergi ödəyicisinin siyahıya alınmış əmlakının məsul saxlanmaya verilməsi haqqında” xx.xx.2022-ci il tarixli aktdan görünür ki, siyahıya alınmış əmlak saxlanması üçün cavabdehə təhvil verilmişdir. - “Fiziki şəxs haqqında məlumat”dan görünür ki, cavabdeh (VÖEN **********) Dövlət Vergi Xidmətinin Bakı Şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsində qeydiyyatdadır.

5. Şəki İnzibati Məhkəməsinin (hakim Fəxri Hacızadə) 10 oktyabr 2023-cü il tarixli 2-1(116)-1583/2023 nömrəli qərarı ilə iddia qismən təmin edilərək, Cavabdeh hazırkı iddia ərizəsi üzrə dövlət büdcəsinə ödənilməmiş borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə cavabdehə məxsus siyahıya alınmış əmlakın (1 ədəd Çin istehsalı, qiyməti 14000 manat məbləğində monitor) ticarət şəbəkələrində satışını qanunvericiliyə uyğun olaraq təşkil etmək öhdəliyinin iddiaçının üzərinə qoyulması, iddianın qalan hissədə təmin olunmaması qərara alınmışdır.

6. Məhkəmə qeyd etmişdir ki, cavabdehin dövlət büdcəsinə ilkin olaraq 30570.22 manat borcu olmuş, borcun ödənilməsini təmin etmək məqsədi ilə borcluya məxsus ümumi dəyəri 33000 manat məbləğində əmlak siyahıya alınmışdır. İddiaçının ərizəsinə əsasən cavabdehin ödənilməmiş 22664,36 manat borcu qalmışdır. Təqdim edilmiş qəbzlərə əsasən cavabdeh tərəfindən həmin borc məbləğindən 9245,70 manat hissəsi ödənilmişdir. Qalan borc məbləğinin ödənilməsi üçün siyahıya alınmış əmlaklardan cavabdehə məxsus 1 ədəd Çin istehsalı, qiyməti 14000 manat olan monitorun ticarət şəbəkələrində satışı kifayət etdiyindən digər əmlakın satışının təşkilinə zərurət mövcud deyildir.

7. İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi həmin qərardan apellyasiya şikayəti verərək Şəki İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(116)-1583/2023 nömrəli qərarının iddianın təmin edilməməsinə aid hissədə ləğv edilməsi və Baş İdarənin iddiasının tam təmin edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.

8. Apellyasiya instansiya məhkəməsindəki birinci icraat Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 10 yanvar 2024-cü il tarixli, 2-1(107)-52/2024 nömrəli qərarı ilə iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Şəki İnzibati Məhkəməsinin 10 oktyabr 2023-cü il tarixli, 2-1(116)-1583/2023 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır.

9. İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi həmin qərardan kassasiya şikayəti vermişdir.

10. Kassasiya instansiya məhkəməsindəki icraat Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 28 iyun 2024-cü il tarixli, 2-1(102)-1456/2024 nömrəli qərarı ilə iddiaçının kassasiya şikayəti qismən təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 10 yanvar 2024-cü il tarixli, 2-1(107)-52/2024 nömrəli qərarı ləğv edilmiş, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmiş, kassasiya şikayəti qalan hissədə təmin edilməmişdir.

Apellyasiya şikayətinin dəlilləri

11. İddiaçı orqan apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2022-ci il tarixli qərarına əsasən Cavabdeh vergi öhdəliyini qanunla müəyyən edilmiş vaxtda yerinə yetirmədiyinə görə öhdəliyin ödənilməsinin təmini üsulu kimi onun əmlakının siyahıya alınması qərara alınmışdır. Əmlakın siyahıya alınması haqqında xx.xx.2022-ci il tarixli **********4 nömrəli “Əmlakın siyahıya alınması haqqında” protokol tərtib edilərək vergi ödəyicisinə məxsus olan 1 vahidinin qiyməti 14000 manat olan 2 ədəd Monitor, 1 vahidinin qiyməti 5000 manat olan videoçəkiliş üçün kran siyahıya alınmışdır. Məhkəmə cavabdeh tərəfindən borc məbləğindən 9245,70 manat hissəsinin ödənildiyini, qalan borc məbləğinin ödənilməsi üçün siyahıya alınmış əmlaklardan cavabdehə məxsus 1 ədəd qiyməti 14000 manat olan monitorun satışı kifayət etdiyini əsas gətirməklə iddianı qismən təmin etmiş, digər əmlakın satışının təşkilinə zərurət mövcud olmadığı qənaətinə gəlmişdir. Lakin vergi ödəyicisinin şəxsi hesab vərəqəsindən göründüyü kimi, hazırda onun dövlət büdcəsinə 22664,36 manat borcu qalmaqdadır. Göründüyü kimi, məhkəmə qərar qəbul edərkən yuxarıda qeyd olunan maddi hüquq normalarını pozmuş, qanunvericiliyə zidd olan qərar çıxarmışdır. Şəki İnzibati Məhkəməsi tərəfindən cavabdehin qismən ödəniş etməsi əsas gətirilərək iddia qismən təmin edilmişdir. Vergi ödəyicisinin əmlakının siyahıya alınması barədə xx.xx.2022-ci il tarixli Qərar çıxarılarkən həmin tarixə 30570.22 manat borc mövcud olmuş, onun tərkibindən 22000 manatı vergi ödəyicisində aparılmış operativ vergi nəzarəti tədbiri nəticəsində vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında xx.xx.2022-ci il tarixli qərara əsasən tətbiq edilmiş maliyyə sanksiyası, 664,36 manatı faiz borcu, qalan hissəsini isə vergi borcları təşkil etmişdir. Protokolun tərtib edildiyi, habelə iddia ərizəsinin məhkəməyə təqdim olunduğu tarixə vergi ödəyicisinin 22664,36 manat borcu mövcud olmuş, onun tərəfindən müxtəlif tarixlərdə vergi borcundan ödənişlər edilsə də, maliyyə sanksiyası və faiz borcu bugünədək ödənilməmiş qalmaqdadır.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.

Tərəflərin izahatları

13. Məhkəmə kollegiyasının hazırki iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi və Cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi).

Tətbiq edilən hüquq

14. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 73.1. Qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur.

15. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 14.2. İnzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.

16. Azərbaycan Respublikasının Vergi Məcəlləsi: Maddə 1. Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə tənzimlənən münasibətlər. …. 1.4. Bu Məcəllənin vergitutmanın ümumi əsasları, vergilərin ödənilməsi qaydaları (ödənilməsi mənbələri istisna olmaqla), vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları ilə bağlı müddəaları məcburi dövlət sosial sığorta haqqı, icbari tibbi sığorta haqqı və işsizlikdən sığorta haqqına münasibətdə də tətbiq olunur. Maddə 16. Vergi ödəyicisinin vəzifələri 16.1 Vergi ödəyicisinin aşağıdakı vəzifələri vardır: 16.1.1. Qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək …. Maddə 23. Vergi orqanlarının hüquqları 23.1. Vergi orqanlarının hüquqları aşağıdakılardır: …. 23.1.15-1. Hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması (əmlak satışı ilə bağlı olmayan ümumi qaydada iddia), yaxud hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsinin təmin olunması məqsədi ilə vergi ödəyicisinin siyahıya alınmış dövlət əmlakının, habelə digər daşınmaz əmlakının və dəyəri 5000 manatdan artıq olan daşınar əmlakının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə, habelə dəyəri 5000 manatdan artıq olmayan daşınar əmlakının isə ticarət şəbəkələrində satılması barədə məhkəmədə iddia qaldırmaq və məhkəmə qərarları üzrə həmin əmlakların satışını qanunvericiliyə uyğun olaraq təşkil etmək. … Maddə 24.1.1 və 24.1.2. Vergi orqanları vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə; vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə; vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə borcludur. Maddə 89. Əmlakın siyahıya alınması 89.1. Vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə yaranmış vergi borclarının, habelə həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi onun əmlakı siyahıya alına bilər. 89.4. Vergi ödəyicisi olan hüquqi şəxsin bütün əmlakı, vergi ödəyicisi olan fiziki şəxsin isə Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən tələb yönəldilə bilməyən əmlakından başqa digər əmlakı siyahıya alına bilər. 89.5. Yalnız vergi öhdəliyinin yerinə yetirilməsi, həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının, habelə əmlakın satışı üzrə xərclərin ödənilməsi üçün zəruri və kifayət olan, satış üçün yararlı və öz əmtəə xassəsini itirməmiş əmlak siyahıya alınır. 89.6. Əmlakın siyahıya alınması bu Məcəllənin 89.5-ci maddəsinin müddəaları nəzərə alınmaqla aşağıdakı ardıcıllıqla həyata keçirilir: nağd pul vəsaitləri; bilavasitə məhsulların (malların) istehsalında iştirak etməyən əmlak (qiymətli kağızlar, valyuta dəyərliləri, qeyri-istehsal binaları, minik avtonəqliyyatı, xidmət otaqlarının dizayn əşyaları və sair); hazır məhsullar (mallar), habelə istehsalda iştirak etməyən və (və ya) bilavasitə istehsalda iştirakı nəzərdə tutulmayan digər maddi qiymətlilər; istehsalda bilavasitə iştirakı nəzərdə tutulmuş xammal və materiallar, habelə dəzgahlar, avadanlıqlar, binalar, qurğular və digər əsas vəsaitlər; inventarizasiya aparılmaqla digər əmlak. … Maddə 90. Vergi ödəyicisinin əmlakı hesabına verginin tutulması qaydası 90.1 Vergi ödəyicisinin əmlakı siyahıya alındıqdan sonra 30 gün müddətində vergi öhdəliyi yerinə yetirilmədikdə, vergi orqanı vergilər, faizlər və maliyyə sanksiyaları üzrə dövlət büdcəsinə yaranmış borclarının ödənilməsinin təmin olunması məqsədi ilə siyahıya alınmış əmlakın zəruri və kifayət olan həcmdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə, habelə dəyəri 5000 manatdan artıq olmayan daşınar əmlakların isə ticarət şəbəkələrində satılması haqqında qərar qəbul olunması üçün məhkəməyə müraciət edə bilər.

17. İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 11.1. inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 11.2. inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə 17. fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 81.4. Maraqlı şəxs inzibati aktı onun üçün daha əlverişli olan qanuni üsul və vasitələrlə icra etməyə haqlıdır.

Apellyasiya şikayətinin mümkünlüyü

18. İddiaçının apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri).

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

19. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmır, iddiaçının iddia tələbinin dəlillərini əsaslı hesab edir və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

20. İş materiallarından göründüyü kimi, cavabdeh fiziki şəxs kimi vergi orqanında qeydiyyata alınaraq adına ********** VÖEN verilmişdir. Cavabdehin dövlət büdcəsinə 30570.22 manat ödənilməmiş borcu qaldığından, iddiaçı vergi orqanı tərəfindən əmlakın siyahıya alınması haqqında xx.xx.2022-ci il tarixli qərar qəbul edilmiş, xx.xx.2022-ci il tarixli **********4 nömrəli protokolla cavabdehə məxsus əmlaklar (2 ədəd Çin istehsalı, cəmi-qiyməti 28000 manat məbləğində monitor və 1 ədəd qiyməti 5000 manat məbləğində video çəkiliş üçün kran yerli istehsal) siyahıya alınmışdır. İddiaçı vergi orqanı tərəfindən siyahıya alınmış əmlak xx.xx.2022-ci il tarixli akt əsasında cavabdehə təhvil verilmişdir.

21. Hazırda iddiaçının hüquqi marağı cavabdehin xx.xx.2022-ci il tarixə Dövlət Büdcəsinə ödənilməmiş qalan 22664.36 manat borcunu ödəməsinə görə onun əmlaklarının (2 ədəd Çin istehsalı, cəmi-qiyməti 28000 manat məbləğində monitor və 1 ədəd qiyməti 5000 manat məbləğində video çəkiliş üçün dron yerli istehsal) satılmasından ibarətdir.

22. Birinci instansiya məhkəməsi tərəfindən cavabdehin dövlət büdcəsinə ödənilməmiş borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə cavabdehə məxsus siyahıya alınmış əmlaklardan 1 ədəd Çin istehsalı, qiyməti 14000 manat məbləğində monitorun ticarət şəbəkələrində satışının təşkil edilməsi öhdəliyinin iddiaçının üzərinə qoyulması qərara alınsa da, digər əmlaklara münasibətdə iddia tələbi təmin edilməmiş, məhz iddiaçı tərəfindən də həmin təmin edilməyən hissə apellyasiya qaydasında mübahisələndirilir.

23. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin dəlillərini əsaslı hesab edərək qeyd edir ki, yuxarıda göstərilən vergi qanunvericiliyinin tələblərinə əsasən əmlak siyahıya alındıqdan sonra 30 gün müddətində borc müvafiq fonda ödənilmədiyi halda siyahıya alınmış əmlakın satılması üçün məhkəmədə iddia qaldırılacağı barədə Vergi Məcəlləsinin 70.2-ci maddəsinin tələblərinə uyğun olaraq cavabdehə xəbərdarlıq məktubu göndərilmiş, lakin cavabdeh tərəfindən ötən müddət ərzində borcun tam ödənilməsi təmin edilməmişdir.

24. Bundan başqa, iş materiallarından görünür ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 28 iyun 2024-cü il tarixli, 2-1(102)-1456/2024 nömrəli qərarı ilə iddiaçının kassasiya şikayəti qismən təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 10 yanvar 2024-cü il tarixli, 21(107)-52/2024 nömrəli qərarı ləğv edilmiş, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmiş, kassasiya şikayəti qalan hissədə təmin edilməmişdir.

25. İnzibati-Prosessual Məcəlləsinin 96.11-ci maddəsinə əsasən, mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir.

26. Ali Məhkəmə hazırki iş üzrə 28 iyun 2024-cü il tarixli, 2-1(102)-1456/2024 nömrəli qərarında qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərini qərarında göstərsə də, bu pozuntuların nədən ibarət olduğunu və onun işin nəticəsinə təsirini araşdırmamış, şikayətin həmin dəlillərinə münasibət bildirməmişdir. Məhkəmə cavabdeh tərəfindən məhkəmə kollegiyasına təqdim edilmiş xx.xx.2023-cü il, xx.xx.2023-cü il və xx.xx.2024-cü il tarixli mədaxil qəbzlərinə istinadla “qalan borc məbləğindən cəmi 9800 manat hissəsinin də ödənildiyini” qeyd etsə də, həmin qəbzlərin məzmununu, o cümlədən həmin qəbzlər üzrə ödənişlərin təyinatını, ödənişlərin vergi ödəyicisinə tətbiq edilmiş maliyyə sanksiyası üzrə borca, yaxud cari vergi ödənişlərinə aid olub-olmadığını yoxlamamış, işin həmin hallarını iddiaçının şikayətinin yuxarıda qeyd olunan dəlilləri baxımından tədqiq etməmiş, onlara qiymət verməmişdir.

27. Ali Məhkəmənin hüquqi mövqeyinə əsasən məhkəmə kollegiyası məhkəmə iclasında qeyd edilən xüsusat üzrə araşdırma aparmış və sorğular əsasında iş materiallarına əlavə edilmiş məktublara əsasən məlum olmuşdur ki, xx.xx.2024-cü il tarixə Cavabdeh **********94 nömrəli icraat vərəqəsi üzrə büdcəyə 22000,00 manat ödənilməmiş borcu vardır. Vergi ödəyicisi tərəfindən xx.xx.2023-cü il, xx.xx.2023-cü il və xx.xx.2024-cü il tarixlərdə ödənilmiş 9800,00 manat məbləğ AR Vergi Məcəlləsinin 88-ci maddəsinə uyğun olaraq həmin tarixə olan vergi borcunun və faizlərin silinməsinə yönəldilmiş, 22000,00 manat borcu isə maliyyə sanksiyası üzrə olduğuna görə həmin borc məbləği silinməmişdir.

28. Məhkəmə kollegiyası qeyd edir ki, büdcə qarşısında öhdəlik davam etdiyi müddət ərzində öhdəliyin həcmindən asılı olmayaraq siyahıya alınmış əmlakın satılması əsaslı hesab olunmalıdır. Belə yanaşma, ödəyicinin siyahıya alınmış yeganə əmlakının olduğu hallara da aiddir. Lakin ayrı-ayrı işin halları mütənasiblik və ədalətlilik prinsipləri baxımından xüsusi yanaşmanı da tələb edə bilər. Məhkəmə məhz xüsusi hallardan çıxış etməklə və həmin xüsusi halları sözügedən prinsiplərin tələbləri ilə əlaqələndirməklə siyahıya alınmış əmlakın satılmasından imtina barədə qərar da verə bilər. Belə hallar o zaman yol verilən ola bilər ki, ödəyicinin nəzərə alınmalı olan ciddi diqqətəlayiq maraqları mövcud olsun. Eyni zamanda, nəzərə alınmalıdır ki, “İnzibati icraat haqqında” Qanunun 81.4-cü maddəsinə görə maraqlı şəxs inzibati aktı onun üçün daha əlverişli olan qanuni üsul və vasitələrlə icra etməyə haqlıdır.

29. Məhkəmə kollegiyası Ali Məhkəmənin hüquqi mövqeyinə uyğun qeyd edir ki, məhkəmə sözügedən qaydada davranmaq üçün əsasların mövcud olub-olmadığı məsələsini həll edərkən bir sıra meyarlar baxımından qiymətləndirmə aparmalıdır. İlk növbədə, aşağıdakı məsələlərin aydınlaşdırılması və qiymətləndirilməsi təmin olunmalıdır: -borcun məbləği və ödənilməməsinin müddəti; -ödənilməmənin səbəbləri; -ödəyicinin büdcə öhdəliklərini yerinə yetirməyə yönəlmiş davranışlarına məcmu halda qiymət verildikdə onun vicdanlı hesab edilməsinin mümkünlüyü; -satılmalı olan əmlakın təyinatı, həmin əmlakın gələcəkdə ödəməni həyata keçirməyə imkan verən sahibkarlıq fəaliyyətində istifadəsinin mümkünlüyü; -əmlakın satılmasının ödəyicinin şəxsi, ailə və sahibkarlıq fəaliyyətində yaradacağı diqqətə alınmalı olan mümkün nəticələr; -ödəyicinin bildirdiyi diqqətəlayiq maraqların, eləcə də icranı onun üçün daha əlverişli üsul və vasitələrlə təmin etməyə dair təklifinin mövcudluğu; - vergi orqanının sərgilədiyi diqqətə alınmalı olan davranışlar və s.

30. Qeyd edilən halların araşdırılması və qiymətləndirilməsi məhkəmənin xidməti vəzifəsinə görə müstəqil qaydada toplayacağı sübutlarla yanaşı, həm də sübutetmə yükünün bölüşdürülməsi qaydasında tərəflərin hər birinin təqdim etməli olduğu sübutlardan da asılıdır. Ona görə də, məhkəmə sübutetmə yükünün bölüşdürülməsi qaydasından çıxış etməklə məsələni tərəflərlə müzakirə etməli, onlara müvafiq sübutları təqdim etmək hüququnu və təqdim etməmənin doğuracağı hüquqi nəticələri də izah etməlidir.

31. Qeyd olunan halların araşdırılıb tərəflərlə müzakirə edilməsi üçün onlara məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş, onlara müvafiq sübutları təqdim etmək hüququ və təqdim etməmənin doğuracağı hüquqi nəticələri bildirişlə izah olunmuş, lakin hər hansı səbəb gətirmədən tərəflər məhkəmə kollegiyasının iclasında iştirak etməmiş, iştirak etməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Belə olan halda məhkəmə kollegiyası cavabdehin borcunun əmlak hesabına ödənilməsi vəzifəsindən azad etməməsi qənaətindədir.

32. Bundan başqa, məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin edərkən qərarını onunla əsaslandırmışdır ki, hazırkı iş üzrə cavabdehin ödənilməmiş 22664,36 manat borcu qalmışdır. Təqdim edilmiş qəbzlərə əsasən cavabdeh tərəfindən həmin borc məbləğindən 9245,70 manat hissəsi ödənilmişdir. Qalan borc məbləğinin ödənilməsini üçün siyahıya alınmış əmlaklardan cavabdehə məxsus 1 ədəd Çin istehsalı, qiyməti 14000 manat olan monitorun ticarət şəbəkələrində satışı kifayət etdiyindən digər əmlakın satışının təşkilinə zərurət mövcud deyildir.

33. Məhkəmə kollegiyası qeyd edir ki, bunun üçün məhkəmə, ilk növbədə, məhz qərar çıxardığı ana mövcud olan dəqiq borc məbləğini müəyyən etməli, aradan keçən zaman ərzində borcun ödənilməsinə yönəlmiş hərəkətlərin edilib-edilmədiyini araşdırmalıdır. Məhkəmə üçün həlledici olan həmin anda mövcud olan borc məbləğinin dəqiq müəyyənləşdirilməsidir. Çünki məhz qərar çıxarıldığı anda mövcud olan borc məbləğini ödəmək üçün zəruri və kifayət olan həcmdə əmlakların satılması haqqında qərar verilməlidir.

34. Məhkəmə kollegiyasının araşdırması zamanı da müəyyən olundu ki, xx.xx.2024-cü il tarixə Cavabdeh **********94 nömrəli icraat vərəqəsi üzrə büdcəyə 22000,00 manat ödənilməmiş borcu vardır.

35. Ona görə də, cavabdehin borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə siyahıya alınmış digər əmlakların (1 ədəd Çin istehsalı, qiyməti 14000 manat məbləğində monitor və 1 ədəd qiyməti 5000 manat məbləğində videoçəkiliş üçün kran) da müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə satışı təşkil edilməlidir.

36. Məhkəmə kollegiyası onu da qeyd edir ki, cavabdeh məhkəmə iclaslarına gəlməmiş, həmçinin başqa əmlakının olduğunu yazılı şəkildə bildirməmiş, eləcə də işdə olan sübutlardan görünür ki, cavabdehin hazırkı qərar üzrə siyahıya alınmış əmlakından başqa sahibkarlıq fəaliyyətində istifadə edilən digər əmlak, təsərrüfat subyekti və ya avadanlıqların olması aşkar edilməmişdir.

37. Məhkəmə kollegiyası büdcəyə olan borcun məbləği ilə siyahıya alınmış əmlakların dəyərini müqayisə etməklə əmlakın siyahıya alınması və hərrac vasitəsilə satışa çıxarılmasının hazırkı iş üzrə vergitutmanın adekvatlılıq prinsipi baxımından məqsədə müvafiqliyi ilə bağlı qeyd edir ki, yuxarıda da qeyd edildiyi kimi, bir qayda olaraq, büdcə qarşısında öhdəlik davam etdiyi müddət ərzində öhdəliyin həcmindən asılı olmayaraq siyahıya alınmış əmlakın satılması əsaslı hesab olunmalıdır. Belə yanaşma, dəyərindən asılı olmayaraq ödəyicinin siyahıya alınmış yeganə əmlakının olduğu hallara da aiddir. Lakin məhkəmə həm də nəzərə almalıdır ki, hər bir konkret işin xüsusi halları mütənasiblik və ədalətlilik prinsipləri baxımından xüsusi yanaşmanı da tələb edə bilər. Belə xüsusi hallarda yanaşmanın müəyyənləşdirilməsi yuxarıda qeyd olunun meyarlar nəzərə alınmaqla ümumi və xüsusi maraqların əlaqəli qiymətləndirilməsindən asılı olacaqdır. Hazırda araşdırma zamanı da cavabdehə münasibətdə xüsusi yanaşma halları müəyyən edilməmişdir.

38. Yuxarıda qeyd olunan işin hallarını, aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddianı tam təmin etməməklə düzgün nəticəyə gəlməmiş, ona görə də, iddiaçının apellyasiya şikayəti əsaslıdır. Birinci instansiya məhkəməsi iddia tələbi üzrə qanunvericiliyin tələblərinə riayət etməmiş, iddiaçının hüquqi marağına uyğun olmayan səhv nəticəyə gəlmişdir. Ona görə də, birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən qismən (iddianın təmin olunmayan hissəsində) ləğv edilməli, iddia tam təmin edilməlidir.

39. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.2, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası

Qərara aldı

İddiaçı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Kiçik Sahibkarlıqla iş üzrə Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Şəki İnzibati Məhkəməsinin 10 oktyabr 2023-cü il tarixli, 2-1(116)-1583/2023 nömrəli qərarı qismən, yəni iddia tələbinin təmin olunmayan hissəsində ləğv edilsin. Həmin hissə üzrə yeni qərar çıxarılaraq iddia təmin edilsin. Cavabdeh hazırki iddia ərizəsi üzrə Dövlət Büdcəsinə ödənilməmiş borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə cavabdehə məxsus siyahıya alınmış əmlakların (1 ədəd Çin istehsalı, qiyməti 14000 manat məbləğində monitor və 1 ədəd qiyməti 5000 manat məbləğində videoçəkiliş üçün kran) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə satışını təşkil etmək öhdəliyi iddiaçının üzərinə qoyulsun. İnzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayətin verilmədiyi halda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar