Məhkəmə qərarları › İş №2-1(107)-555/2024

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-555/2024

24.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-555/2024 24.10.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Tahirov Zamin Cəbrayıl oğlu və X4 ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı doğum akt qeydində adının İddiaçı kimi qeyd edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibаti iş üzrə Şəki İnzibati Məhkəməsinin 25 iyul 2024-cü il tarixli, 2-1(116)-1687/2024 nömrəli qərarından İddiaçı tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı Cavabdehnə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “doğum akt qeydində adının İddiaçı kimi qeyd edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsinin əsaslarına görə, iddiaçı Yexlax şəhəri Mehdi Hüseynzadə küçəsi mənzil-57 ünvanında yaşayır və həmin ünvanda qeydiyyatdadır. Ancaq Cavabdehndə X1 qeydiyyatdadır. İddiaçının adı və soyadı şəxsiyyət vəsiqəsində İddiaçı kimi qeyd olunmuşdur. Buna görə cavabdehə mövcud uyğunsuzluqların aradan qaldırılması məqsədi ilə müraciət etmişdir. Müraciətinə 13 oktyabr 2020-cü il tarixdə Cavabdehndə baxılmış və təmin edilmədən 1810 nömrəli məktubla imtina edilmişdir.

3. Birinci instansiya məhkəməsinin iclasında iddiaçı, iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

4. Şəki İnzibati Məhkəməsinin (hakim Vüqar Musayev) 25 iyul 2024-cü il tarixli, 2- 1(116)-1687/2024 nömrəli qərarı ilə iddia tələbi qismən təmin edilmişdir.

5. İddiaçı tərəfindən həmin qərardan apellyasiya şikayəti verilmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ

6. İddiaçı apellyasiya şikayətini iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırmış, apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 25 iyul 2024-cü il tarixli, 2-1(116)-1687/2024 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin tam təmin olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir.

TƏRƏFLƏRİN İZAHATLARİ

7. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə xəbərdar edilsə də tərəflər məhkəmə iclasında iştirak etməmiş, cavabdeh məhkəmə iclasının nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmiş, iddiaçı isə iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.

8. Məhkəmə kollegiyası onların iştirakı olmadan hazırkı işə baxılmasını Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 62.3-cü maddəsinə əsasən mümkün hesab etmişdir.

9. İş materiallarında olan aşağıda sadalanan sənədlərin məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: - cavabdehin xx.xx.2020-cü il tarixli imtina məktubu, - 28 yanvar 2021-ci tarixli Cavabdeh arayışı, - 01.12.2020-ci il tarixli 195/20 nömrəli Cavabdeh arayışı, - 29 may 2012-ci il tarixli 244 nömrəli “Nikah haqqında akt qeydi”, - xx.xx.2016-cı il tarixli 6000 7 0140 nömrəli “Nikahın pozulması haqqında akt qeydi”, - 29 may 2017-ci il tarixli 490 nömrəli “Doğum haqqında akt qeydi”, - xx.xx.1976-cı il 835 №-li, xx.xx.1979-cu il tarixli 735 №-li, xx.xx.1985-ci il tarixli 160 №-li, xx.xx.1975-ci il tarixli 214 №-li, xx.xx.1978-ci il tarixli 208 №-li “Doğum haqqında akt qeydi”ləri, - xx.xx.1975-ci il tarixli 54 nömrəli “Nikahın bağlanması haqqında akt qeydi”, iddiaçıya məxsus fərdi uçot kartoçkasının təsdiqlənmiş surəti.

TƏTBİQ EDİLƏN HÜQUQ

10. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 14.2. İnzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

11. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş, “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən” Əsas Müddəaların 1-ci bəndinə əsasən Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir.

4. Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi üçün aşağıdakılar əsas hesab edilir: ... - vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsinə əsas verən digər sənədlər.

5. Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında ərizələr ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələrinə və konsulluq idarələrinə verilir.

12. Ailə Məcəlləsinin 54-cü maddəsi. Uşağın adının və soyadının dəyişdirilməsi 54.1. Müvafiq icra hakimiyyəti orqanı uşaq 18 yaşına çatana qədər onun adının dəyişdirilməsinə, eləcə də soyadının digər valideynin soyadına dəyişdirilməsinə, valideynlərin birgə xahişinə əsasən və uşağın mənafeyini nəzərə alaraq icazə verə bilər. 54.2. Valideynlər ayrı yaşadıqda və uşaqla birlikdə yaşayan valideyn ona öz soyadını vermək istədikdə müvafiq icra hakimiyyəti orqanı bu məsələni digər valideynin rəyini nəzərə almaqla və uşağın maraqlarından asılı olaraq həll edir. Digər valideynin olduğu yeri müəyyənləşdirmək mümkün olmadıqda, o valideynlik hüquqlarından məhrum edildikdə, fəaliyyət qabiliyyəti olmayan hesab edildikdə, eləcə də üzürsüz səbəbdən uşağı saxlamaqdan və onun tərbiyəsindən yayındıqda həmin valideynin rəyini nəzərə almaq məcburi deyil. 54.3. Uşaq öz aralarında nikahda olmayan şəxslərdən olubsa və atalıq qanunvericiliklə nəzərdə tutulmuş qaydada müəyyən olunmayıbsa, müvafiq icra hakimiyyəti orqanı uşağın maraqlarını əsas tutmaqla onun soyadının, ananın bu xahişlə müraciət etdiyi anda daşıdığı soyada dəyişdirilməsinə icazə vermək hüququna malikdir. 54.4. 10 yaşına çatmış uşağın adı və soyadı yalnız onun razılığı ilə dəyişdirilə bilər.

13. İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə. 24.1 İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur.

APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ

14. İddiaçının şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPMin 85.2 və 85.3-cü maddələri). Apellyasiya şikayəti mümkündür, lakin əsaslı deyil, ona görə də apellyasiya şikayəti uğurlu olmayacaqdır.

15. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.

16. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada hüquqlarını pozduğunu iddia edə bilər.

17. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

18. Birinci instansiya məhkəməsi iddianı qismən təmin etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

19. Məhkəmə kollegiyası tərəfindən aparılan araşdırma zamanı müəyyən edildi ki, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etməkdə iddiaçının hüquqi marağı onun barəsində Cavabdehndə tərtib edilmiş xx.xx.1978-ci il 207 saylı doğum haqqında akt qeydində adının "Sədaqət"- dən "Nigar"a, soyadının Şahmalıyeva”-dan - "Əsədzadə"yə düzəliş edilməsinə nail olmaqdır.

20. İşin kollegiya tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçı xx.xx.1978-ci ildə doğulmuşdur. Onun barəsində Cavabdehndə tərtib edilmiş xx.xx.1978-ci il 207 saylı doğum haqqında akt qeydində adı “Sədaqət, soyadı “Şahmalıyeva” qeyd edilmişdir.

21. İddiaçı, cavabdeh orqana müraciət edərək doğum haqqında akt qeydində adına və soyadına düzəliş edilməsini xahiş etmiş, lakin müraciəti təmin edilməmişdir.

22. İstinad olunan “Əsas Müddəaların“ tələbləri baxımından vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi üçün kifayət qədər əsasların olması və aidiyyəti şəxslər arasında mübahisənin olmaması müəyyən edilmişdir. Hazırkı iş üzrə aidiyyəti şəxslər arasında mübahisənin olması müəyyən edilmir.

23. “Kifayət qədər əsas” şərtinə münasibətdə isə məhkəmə qeyd edir ki, işdə olan cavabdeh orqanın özünün təqdim etdiyi vətəndaşlıq vəziyyəti aktları avtomatlaşdırılmış qeydiyyat sistemindən çıxarışda, 29 may 2012-ci il tarixli 244 nömrəli “Nikah haqqında akt qeydi”, xx.xx.2016-cı il tarixli 6000 7 0140 nömrəli “Nikahın pozulması haqqında akt qeydi”, iddiaçının övladı barəsində 29 may 2017-ci il tarixli 490 nömrəli “Doğum haqqında akt qeydi”ndə, o cümlədən, iş materiallarında olan iddiaçıya məxsus fərdi uçot kartoçkasında onun adı “Nigar” olaraq qeyd edilmişdir.

24. Odur ki, iddiaçı haqlı olaraq sözügedən akt qeydinə adının “Sədaqət”dən – “Nigar”a düzəliş edilməsini cavabdeh orqandan tələb etmişdir.

25. Cavabdehndə tərtib edilmiş xx.xx.1978-ci il 207 saylı doğum haqqında akt qeydində soyad qrafasında düzəliş edilməsi tələbinə münasibətdə məhkəmə qeyd edir ki, iş materiallarında olan xx.xx.1975-ci il tarixli 54 nömrəli “Nikahın bağlanması haqqında akt qeydi”ndən müəyyən olunur ki, iddiaçının atası X5 ilə anası X6 arasında nikah bağlanmış, nikahdan sonra tərəflərin soyadı “Şahmalıyev” (Şahmalıyeva) olmuşdur. İddiaçının digər bacı və qardaşları barəsində tərtib edilmiş xx.xx.1976-cı il 835 №-li, xx.xx.1979-cu il tarixli 735 №-li, xx.xx.1985-ci il tarixli 160 №-li, xx.xx.1975-ci il tarixli 214 №-li “Doğum haqqında akt qeydi”lərində soyadlar “Şahmalıyev” (Şahmalıyeva) qeyd olunmuşdur.

26. İddiaçı, sözügedən akt qeydində soyadının “Şahmalıyeva” qeyd edilməsinin səhv olmasını bildirir və cavabdeh orqandan yol verilmiş həmin səhvin aradan qaldırılmasını tələb edir.

27. “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən” Əsas Müddəalarına əsasən Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi üçün kifayət qədər əsaslar (1-ci bənd) mövcud olmalıdır.

28. Aidiyyəti şəxslər arasında mübahisə olmadığından hazırkı işə münasibətdə mübahisələndirilən akt qeydinə münasibətdə 2 hal müəyyən edilməlidir: 1. xx.xx.1978-ci il 207 saylı akt qeydində iddiaçının soyadının “Şahmalıyeva” olması barədə qeydin səhv olması sübuta yetirilməlidir. 2. iddiaçının soyadının “Şahmalıyeva”-dan “Əsədzadə”yə dəyişiklik edilməsi üçün kifayət qədər əsas olmalıdır.

29. İş materiallarında olan sənədlərdən göründüyü kimi iddiaçının valideynlərindən heç birinin soyadı “Əsədzadə” olmamışdır. Belə olan halda cavabdeh orqan valideynlərdən – atanın soyadını nəzərə alaraq uşağın soyadı qrafasında “Şahmalıyeva” qeydini icra etmişdir. Nəzərə alınmalıdır ki, bir qayda olaraq uşağa atanın soyadının verilməsi mövcud inzibati praktika ilə də müəyyən olunur. Eyni zamanda X2 iddiaçının bioloji atası olması işin mübahisəsiz halıdır və mübahisə predmeti olmamışdır. Belə olan halda cavabdeh orqan uşağın soyadı qrafasına valideynlərin özlərinin malik olmadığı soyadı qeyd edə bilməzdi. Odur ki, xx.xx.1998-ci il tarixli akt qeydində iddiaçının soyadının “Şahmalıyeva” olması barədə qeydin səhv olması sübuta yetirilmir.

30. Bu isə özlüyündə onu deməyə əsas verir ki, soyadın “Şahmalıyeva”-dan “Əsədzadə”yə dəyişiklik edilməsi üçün kifayət qədər əsas ola da bilməz.

31. Belə olan halda məhkəmə hesab edir ki, ilkin akt qeydinin soyada münasibətdə səhv olması müəyyən olunmadığından tələb həmin hissədə əsassızdır.

32. Ailə Məcəlləsinin 54-cü maddəsində uşağın soyadının dəyişdirilməsi zamanı nəzərə alınmalı olan hallar öz əksini tapmışdır ki, hazırkı işin hallarından göründüyü kimi iddiaçının soyadında sonradan hər hansı dəyişikliyin edilməsi ilə bağlı icraat aparılmamışdır.

33. Digər tərəfdən “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən” Əsas Müddəaların 4-cü və 5-ci bəndlərində də vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi əsasları və qaydaları müəyyən edilmişdir ki, hər bir halda iddiaçının soyadının ilkin “doğum haqqında akt qeydi”ndə “Əsədzadə” qeyd edilməsi səhv olmadığından, iddiaçı, ilkin doğum akt qeydinin tərtibində səhvə yol verilməsi əsasına istinad etməklə cavabdeh orqandan sözügedən akt qeydində “soyad” qrafasına dəyişiklik edilməsini tələb edə bilməz.

34. Məhkəmə kollegiyası əlavə olaraq iddiaçıya izah edir ki, arzuladığı “Əsədzadə” soyadına keçmək üçün ilkin akt qeydinə uyğun olaraq doğum haqqında şəhadətnamə və şəxsiyyət vəsiqəsi əldə etməlidir. Bundan sonra soyadının “Şahmalıyevada”dan – “Əsədzadə”yə dəyişdirilməsi üçün soyad dəyişmə qaydasında icraata uyğun olaraq cavabdeh orqana, müraciəti təmin edilmədikdə (və ya cavabsız saxlandıqda) isə analoji iddia tələbi ilə məhkəməyə müraciət edə bilər.

35. Məhkəmə kollegiyası qeyd edir ki, müvafiq qeydiyyatın aparılmasında məqsəd vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunmasına xidmət etməklə yanaşı, həm dövlət mənafeyi və ictimai mənafe üçün aparılır. Vətəndaşlıq vəziyyəti qeydləri sarasında doğumun qeydiyyatı xüsusi yer alır və bu qeydiyyatın hüquq müəyyənetmə əhəmiyyəti, milli qanunvericiliklə yanaşı, BMT-nin də bir sıra qətnamələrində təsdiq olunmuşdur.

36. Məhkəmə kollegiyası yuxarıda istinad olunan qanunvericilik normalarını və işin hallarını nəzərə alaraq belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi İddiaçı Cavabdehnə qarşı doğum akt qeydində adının İddiaçı kimi qeyd edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasını qismən təmin etməkdə düzgün nəticəyə gəlmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İddiaçının apellyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir.

37. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏRАRА АLDİ:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 25 iyul 2024-cü il tarixli, 2-1(116)-1687/2024 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar