Məhkəmə qərarları › İş №2-1(107)-558/2023

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-558/2023

06.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-558/2023 06.12.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, Atababayev Faiq Gülağa oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı “səhvən İddiaçı Məhəmmədiyə qızının hesabına köçürülmüş pensiya kapitalının iddiaçının hesabına qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 3 avqust 2023-cü il tarixli 2-1(116)-913/2023 nömrəli qərarından iş üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə müraciət edərək “pensiya kapitalın iddiaçının hesabına qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Birinci instansiya məhkəməsinin iclasında iddiaçı tələbini dəqiqləşdirərək “səhvən İddiaçı Məhəmmədiyə qızının hesabına köçürülmüş pensiya kapitalın iddiaçının hesabına qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-ci il tarixli iclas protokolunun qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir.

3. İşin qısa mahiyyəti ondan ibarətdir ki, iddiaçı dövlət büdcəsində maliyyələşən müəssisənin işçisi olaraq çalışmanın yaş həddinə çatmışdır. Lakın hal -hazıradək barəsində əmək pensiyası təyin edilməmişdir. Çünki iddiaçının pensiya kapitalı (Dövlət Sosial Sığorta Şəhadətnaməsi №**********1622, FİN: xxxxxxx), səhvən X2 (Dövlət Sosial Sığorta Şəhadətnaməsi № **********269, FİN: 443WLLK) hesabına köçürülmüşdür. Bununla bağlı cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. Buna görə də hazırkı inzibati mübahisə yaranmışdır.

4. Cavabdeh orqan iddia tələbinə etirazını Nazirliyin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin "Sığorta (Hesabat)” altsisteminden əldə edilən məlumatlara əsasən sığortaedənlər Yevlax şəhər Təhsil Şöbəsi (SUN: **********1) tərəfindən 2006-2016-cı illər, Azərbaycan Respublikası Təhsil Nazirliyinin 9 saylı ərazi X8 (SUN: **********5) tərəfindən 2017-2021 -ci illərin l-İV, 2022-ci ilin İ rübləri üzrə təqdim edilmiş "Məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumat”larda və məcburi dövlət sosial sığortası üzrə hesabatlarda sığorta olunan İddiaçı (FİN: xxxxxxx) adı sığortaolunan kimi qeyd edilməmişdir. Bununla bağlı olaraq, sığortaedən tərəfindən təqdim olunan məlumatlarda iddiaçının məcburi dövlət sosial sığortasına cəlb olunan gəlirlərinin, eləcə də hesablanmış ve ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının səhvən X1 adına qeyd olunması barədə X10 Təhsil İdarəsinin (SUN: **********5) Nazirliyin tabeliyində Dövlat Sosial Müdafia Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialına müraciəti daxil olmuşdur. Fondun müvafiq filialı tərəfindən sığortaedən X10 Təhsil İdarəsinə hər iki sığortaolunana dair təqdim edilməli olan sübutedici sənədlərin siyahısı barədə məlumatın verilməsinə baxmayaraq İddiaçı fərdi şəxsi hesabında müvafiq düzəlişlərin edilməsi üçün yoxlanılmasına zərurət yaranan sənədlər sığortaedən tərəfındən tam və düzgün təqdim edilməmiş, eləcə də təqdim olunmuş sənədlərdəki məlumatlarla MEİS-in "Sığorta (Hesabat)” altsistemindan əldə olunan məlumatlar arasında uyğunsuzluqlar aşkar edilmişdir.

5. Birinci instansiya məhkəməsinin iclasında iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir.

6. Cavabdehin nümayəndəsi birinci instansiya məhkəməsinin iclasında iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

7. Şəki İnzibati Məhkəməsinin (hakim Fəxri Hacızadə) 3 avqust 2023-cü il tarixli 2- 1(116)-913/2023 nömrəli qərarı ilə iddia təmin edilmişdir.

8. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi həmin qərardan apellyasiya şikayəti vermişdir.

9. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə X10 Təhsil İdarəsi iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində adi qaydada cəlb edilmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ

10. Cavabdeh apellyasiya şikayətini iddia tələbinə etirazın dəlilləri ilə əsaslandırmış və apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 3 avqust 2023-cü il tarixli 2-1(116)-913/2023 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinə dair yeni qərar çıxarılmasını xahiş etmişdir.

TƏRƏFLƏRİN İZAHATLARİ

11. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X7 apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 3 avqust 2023-cü il tarixli 2-1(116)-913/2023 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinə dair yeni qərar çıxarılmasını xahiş etdi.

12. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin 3 avqust 2023-cü il tarixli 2-1(116)- 913/2023 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi.

13. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxıtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq üçüncü şəxs X10 Təhsil İdarəsi nümayəndəsinin iştirakını təmin etməmişdir.

14. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi).

15. İş materiallarında olan aşağıda sadalanan sənədlər məhkəmə kollegiyasının araşdırmasının predmetini təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilir. - Elm və Təhsil Nazirliyinin X10 Təhsil idarəsinin xx.xx.2023-cü il tarixli məktubu və əlavə olunan sənədlər; - İddiaçıya məxsus ******* nömrəli əmək kitabçası; - X3 məxsus ******* nömrəli əmək kitabçası. - DSMF-in xx.xx.2023-cü il tarixli etiraz məktubu. - Məhkəmə kollegiyasının sorğusuna cavab olaraq X10 Təhsil İdarəsi tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli məktuba əsasən, İddiaçı məcburi dövlət sosial sığortasına cəlb olunan gəlirləri, eləcə də hesablanmış və ödənilmiş məcburi dövlət sosial sığorta haqları səhvən İddiaçı Məhəmmədiyə qızının adına köçürülmüşdür. Eyni zamanda qeyd edilmişdir ki, X10 Təhsil İdarəsində İddiaçı Məhəmmədiyə qızı adlı şəxs işləmir.

TƏTBİQ EDİLƏN HÜQUQ

16. İnzibati Prosessual Məcəllə: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

17. Azərbaycan Respublikası “Sosial sığorta haqqında" Qanunun 8-ci maddəsinə əsasən sığortaolunanın sığorta stajı — sığortaolunanın xeyrinə məcburi dövlət sosial sığorta haqqı ödənilən əmək fəaliyyəti dövrlərinin ümumi müddətidir. 14.1 və 14.2-ci maddələrinə əsasən məcburi dövlət sosial sığorta haqqı sığortalamaya görə sığortaçıya verilən pul vəsaitidir və məcburi dövlət sosial sığortasında sığorta haqqı əmək ödənişinə (gəlirə) nisbətdə faizlə müəyyən edilir, sığortaedənin və sığortaolunanın vəsaiti hesabına ödənilir.

18. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 17 saylı xx.xx.2017-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. 3.6-cı bəndinə əsasən Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı sığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən olunur.

19. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 24. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz.

APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ

20. Cavabdehin apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının İPM və ya İPM) 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Lakin şikayət əsaslı deyil və Şəki İnzibati Məhkəməsinin 3 avqust 2023-cü il tarixli 2-1(116)-913/2023 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

21. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.

22. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər.

23. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

24. Birinci instansiya məhkəməsi iddia tələbini təmin edərkən mövqeyini onunla əsaslandırmışdır ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir.

25. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

26. İşin hallarından görünür ki, iddiaçı 2006-2016-cı illər ərzində Yevlax rayon Nəmərli kənd tam orta məktəbində müəllim işlədiyi müddət ərzində onun əmək haqqından tutulan məcburi dövlət sosial sığorta ayırmaları texniki səhv nəticəsində xx.xx.1959-cu il doğum tarixli X1 fərdi hesabına köçürülmüşdür. Həmin vəsaitin texniki səhv nəticəsində adı qeyd edilmiş şəxsin fərdi hesabına köçürülməsi iş materiallarında olan sənədlərlə sübut olunur. X1 Yevlax şəhər 1 saylı tam orta məktəbində əmək fəaliyyəti xx.xx.2003xx.xx.2007-ci il tarixləri arasındakı dövrü əhatə etdiyi ona məxsus əmək kitabçasına əsasən müəyyən olunur. Lakin, bundan sonrakı dövrdə də iddiaçının əmək haqqından aparılan tutulmalar səhvən X1 fərdi hesabına köçürülmüşdür.

27. Bununla bağlı məhkəmə kollegiyası tərəfindən xx.xx.2023-cü il tarixdə X10 Təhsil İdarəsinə sorğu edilmiş, məhkəmə kollegiyasının sorğusuna cavab olaraq X10 Təhsil İdarəsi tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli məktuba əsasən, İddiaçı məcburi dövlət sosial sığortasına cəlb olunan gəlirləri, eləcə də hesablanmış və ödənilmiş məcburi dövlət sosial sığorta haqları səhvən İddiaçı Məhəmmədiyə qızının adına köçürülmüşdür. Eyni zamanda qeyd edilmişdir ki, X10 Təhsil İdarəsində İddiaçı Məhəmmədiyə qızı adlı şəxs işləmir.

28. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinə münasibətdə qeyd edir ki, göründüyü kimi X4 2007-ci il tarixdən sonra işləməməsinə baxmayaraq iddiaçının əmək haqqından tutulan məcburi dövlət sosial sığorta haqqı onun hesabına köçürülməkdə davam etmişdir. Belə olan halda iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmalı olan hesabda əks olunmadığından iddiaçı cavabdeh orqana qarşı hazırkı tələblə müraciət etməkdə haqlı olmuşdur.

29. Məhkəmə kollegiyası yuxarıda qeyd edilən normaların tələblərini hazırkı iddia tələbi üzrə işin hallarına tətbiq edərək, kollegiya tərəfindən edilən sorğunu nəzərə alaraq belə qənaətə gəlir ki, cavabdeh inzibati orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmamışdır. Belə ki, məhkəmə araşdırması zamanı İddiaçı məcburi dövlət sosial sığortasına cəlb olunan gəlirlərinin, eləcə də hesablanmış və ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının səhvən İddiaçı Məhəmmədiyə qızının adına köçürülməsi müəyyən olunduğundan, cavabdeh inzibati orqanın iddiaçının müraciətinin təmin edilməsindən imtinası əsassız olmuşdur.

30. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən qüvvədə saxlanılmalı, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir.

31. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 81.2, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası

QƏRАRА АLDİ:

Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 3 avqust 2023-cü il tarixli 2-1(116)-913/2023 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. İnzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar