Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(107)-558/2024 24.09.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik еdən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, Əhmədov Fərid Vidadi oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində Təhsildə Keyfiyyət Təminatı Agentliyi publik hüquqi şəxsinə qarşı "Avqustin Voloşin adına Karpat Universiteti tərəfindən "Beynəlxalq hüquq və insan hüququ” ixtisası üzrə verilmiş xx.xx.2022-ci il tarixli B22 134231 nömrəli diplomun və xx.xx.2022-ci il tarixli 260838 nömrəli diploma əlavə sənədinin ölkə ərazisində kvalifikasiyanın tanınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 22 may 2024-cü il tarixli 2-1(116)-488/2024 nömrəli qərarından iş üzrə İddiaçı tərəfindən vеrilmiş аpеllyаsiyа şikаyətinin mümkünlüyü məsələsinə аçıq məhkəmə iclаsındа baxaraq müəyyən etdi Şəki İnzibati Məhkəməsinin (hakim Vüqar Musayev) 22 may 2024-cü il tarixli 2- 1(116)-488/2024 nömrəli qərarı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində Təhsildə Keyfiyyət Təminatı Agentliyi publik hüquqi şəxsinə qarşı "Avqustin Voloşin adına Karpat Universiteti tərəfindən "Beynəlxalq hüquq və insan hüququ” ixtisası üzrə verilmiş xx.xx.2022-ci il tarixli B22 134231 nömrəli diplomun və xx.xx.2022-ci il tarixli 260838 nömrəli diploma əlavə sənədinin ölkə ərazisində kvalifikasiyanın tanınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməmişdir. Həmin qərardan İddiaçı tərəfindən аpеllyаsiyа şikаyəti verilmişdir. Müəyyən edilmişdir ki, аpellyаsiyа şikаyəti qаnunlа nəzərdə tutulmuş müddət burаxılmаqlа verilmişdir. Buna görə də, apellyasiya şikayətinin mümkünlüyü ilə bağlı 24 sentyabr 2024-cü il tarixə məhkəmə iclası təyin edilmiş, iddiaçıya bu barədə rəsmi məlumat verilmiş və eyni zamanda bununla əlaqədar olaraq iddiaçıya apellyasiya şikayətinin qanunla müəyyən olunmuş müddət ərzində təqdim olunmasına dair sübutların və ya buraxılmış prosessual müddətin bərpa olunmasına dair ərizənin həmin tarixədək Şəki Apellyasiya Məhkəməsinə təqdim edilməsi təklif olunmuşdur. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı izahatında bildirdi ki, o, Dağlıq Qarabağda olan zaman məhkəmənin sənədi onun e-mail ünvanına göndərilsə də, həmin qərar poçt vasitəsi ilə ona göndərilməyib. Onun elektron kabineti var, kabinetdən istifadə edir, məhkəmə iclasları ilə bağlı məlumatları elektron kabinet vasitəsilə almışdır. Orada müəyyən yerlərdə set tutmur, ona görə də, məhkəmə tərəfindən qərarın surətinin ona göndərilib-göndərilməməsini izləyə bilməyib. Sədrlik edənin sualına cavab olaraq bildirdi ki, e-kabinet vasitəsi ilə apellyasiya şikayəti verib, həmin elektron kabinetdən istifadə etməyi bacarır. Məhkəmə kollegiyası inzibati məhkəmə icraatı iştirakçısını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, aşağıdakı əsaslara görə iddiaçının apellyasiya şikayəti mümkün sayılmamalıdır. Belə ki, iş materiallarından görünür ki, Şəki İnzibati Məhkəməsinin 22 may 2024-cü il tarixli 2-1(116)-488/2024 nömrəli qərarı xx.xx.2024-cü il tarixdə, saat 16:55-də iddiaçının elektron kabinetinə yerləşdirilmiş, lakin iddiaçı xx.xx.2024-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək məhkəmənin həmin qərarının surətinin ona təqdim edilməsini xahiş etmiş, məhkəmənin xx.xx.2024-cü il tarixli, 2-1(116)-488/2024 nömrəli məktubu ilə həmin qərarın surəti təkrarən ona həmin tarixdə təqdim edilmişdir, bundan sonra iddiaçı xx.xx.2024-cü il tarixdə elektron kabinet vasitəsi ilə apellyasiya şikayəti vermişdir. Göründüyü kimi, məhkəmənin qərarı iddiaçının elektron kabinetinə xx.xx.2024-cü il tarixdə yerləşdirilmiş, şikayəti isə xx.xx.2024-cü il tarixdə, yəni məhkəmənin qərarından apellyasiya şikayəti verilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş 30 günlük müddət ötürülməklə məhkəməyə təqdim olunmuşdur. Bununla əlaqədar olaraq iddiaçıya apellyasiya şikayətinin qanunla müəyyən olunmuş müddət ərzində təqdim olunmasına dair sübutları və ya buraxılmış prosessual müddətin bərpa olunmasına dair ərizəni xx.xx.2024cü il tarixədək Şəki Apellyasiya Məhkəməsinə təqdim edilməsi təklif olunmuşdur. Lakin, iddiaçı tərəfindən nə sübutlar, nə də ki, buraxılmış prosessual müddətin bərpa olunmasına dair ərizə məhkəməyə təqdim olunmamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiyanın mümkünlüyü əsasları dedikdə, şikayətin İPM-nin 81-ci maddəsində nəzərdə tutulan şikayət vermə hüququ olan şəxslər tərəfindən verilməsi, şikayətin mümkünlüyündən bəhs edən 83-cü maddəsində müəyyən edilmiş halların mövcudluğu, 85-ci maddədə təsbit olunmuş tələblərə riayət olunmaqla verilməsi və digər şərtlərə əməl olunması başa düşülür. Ona görə də, apellyasiyanın mümkünlüyü məsələsinin həlli, apellyasiya şikayətinin həmin normalar üzrə yoxlanılmasını ehtiva edir. İddiaçı isə məhkəmə iclasında mübahisələndirilən qərardan apellyasiya şikayətini vaxtında verməməsini həmin qərarın surətinin poçt vasitəsi ilə ona təqdim edilməməsi, o cümlədən Dağlıq Qarabağ ərazisində olduğu müddət ərzində, müəyyən yerlərdə setin olmaması ilə bağlı problem yaşaması ilə əsaslandırmışdır. Məhkəmə bununla bağlı qeyd edir ki, apellyasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində verilir. Apellyasiya şikayətinin verilməsi ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş müddətin axımı, inzibati məhkəmə icraatının iştirakçısına həmin qərara qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gündən başlanır. İnzibati məhkəmə icraatı elektron qaydada aparıldıqda, məhkəmə qərarının məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Məhkəmə qərarı proses iştirakçılarının həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir, onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır və bu halda məhkəmə qərarı rəsmi qaydada təqdim olunmuş hesab edilir. Nəzərə alınmalıdır ki, hər bir halda təqdimetmənin təsdiqi barədə müvafiq qeydlər və ya sənədlər iş üzrə materiallara əlavə olunmalıdır. İddiaçı tərəfindən apellyasiya şikayətinin məhz qanunvericiliklə nəzərdə tutulmuş 30 günlük müddət ərzində təqdim olunduğunu təsdiq edən sübut apellyasiya instansiyası məhkəməsinə təqdim olunmamış, onun tərəfindən verilmiş apellyasiya şikayəti də elektron kabinet vasitəsilə verilmişdir. Ona görə də, kollegiya hesab edir ki, işdə olan sübutlar əsasında qərardad qəbul edilməlidir. Göründüyü kimi, iddiaçıya Şəki İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2- 1(116)-488/2024 nömrəli qərarı xx.xx.2024-cü il tarixdə çatdırıldıqdan sonra xx.xx.2024cü il tarixdə apellyasiya şikayəti verərək şikayət verilməsi üçün qanunvericiliklə müəyyən edilmiş müddəti 1 ay 15 gün ötürmüşdür. Beləliklə, iddiaçı tərəfindən birinci instansiya məhkəməsinin qərarından apellyasiya şikayəti vermək üçün qanunla müəyyən edilmiş prosessual müddət ötürülmüş və bu müddətin üzrlü səbəbdən buraxılması barədə müvafiq sübutlar təqdim edilməmişdir. Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin: Maddə 9-1.3-cü maddəsinə əsasən inzibati məhkəmə icraatı elektron qaydada aparıldıqda həmin icraat, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Maddə 9-1.4. Bu Məcəllənin 9-1.3-cü maddəsində nəzərdə tutulmuş qaydada təqdim edilmiş məhkəmə aktlarının və digər sənədlərin başqa qaydada verilməsi tələb oluna bilməz. Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya inzibati məhkəmə icraatı iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə proses iştirakçılarından əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 20.1. Müddətin axımının başlanmasına səbəb olan məhkəmə aktları, eləcə də məhkəmə iclasının tarixinin müəyyən olunması ilə və ya məhkəməyə çağırışla bağlı olan məhkəmə sənədləri proses iştirakçılarına şəxsən və ya digər üsullarla təqdim edilməlidir. Hər bir halda təqdimetmənin təsdiqi barədə müvafiq qeydlər və ya sənədlər iş üzrə materiallara əlavə olunur. Maddə 20.3. Məhkəmə aktları və digər məhkəmə sənədləri bu Məcəllənin 20.1-ci və 20.2-ci maddələrinin xüsusiyyətləri nəzərə alınmaqla Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində müəyyən edilmiş qaydalara uyğun olaraq təqdim edilir. Maddə 22.1. Bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə, elan edilmə anından başlanır. Maddə 22.2. Müddətlərlə bağlı bu fəslin müddəaları nəzərə alınmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi ilə müəyyən olunmuş qaydalar tətbiq olunur. Maddə 23.1. Məhkəmə qərarına (qərardadına) qarşı şikayət verilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş müddətin axımı, inzibati məhkəmə icraatının iştirakçısına həmin qərara (qərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gündən başlanır. Maddə 24.1. Bu Məcəllə ilə müəyyən olunmuş müddət inzibati məhkəmə icraatı iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Maddə 81.2-ci maddəsinə əsasən, inzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Maddə 85.1-ci maddəsinə əsasən, şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 87.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Maddə 87.3-cü maddəsinə əsasən, apellyasiya mümkün sayılmadıqda apellyasiya instansiyası məhkəməsi şikayəti qəbul etməkdən imtina edir. Maddə 87.4-cü maddəsinə görə, apellyasiyanın mümkünlüyü ilə bağlı məhkəmə qərardad çıxarır. Apellyasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl inzibati məhkəmə icraatı iştirakçılarının dinlənilmə hüququ təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 128.1. Prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir. Maddə 128.2. Prosessual hərəkətlərin edilməsi üçün müddətlər, hökmən baş verməli hadisə göstərilməklə, dəqiq təqvim tarixi ilə və ya hərəkətin edilə biləcəyi vaxt dövrü ilə müəyyən edilir. Maddə 128.3. İllərlə, aylarla və ya günlərlə hesablanan prosessual müddətin axını müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır. Maddə 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Maddə 130.3. Prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Maddə 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Maddə 133.2. Buraxılmış müddətin bərpası haqqındakı ərizə prosessual hərəkətlərin edilməli olduğu məhkəməyə verilir və məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilir. Onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həllinə maneçilik törətmir. Maddə 133.3. Müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və s.). Maddə 135.5. Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Maddə 135.6. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. Eyni zamanda Avropa İnsan Hüquqları Məhkəməsi "Miraqall Eskolano və digərləri İspaniyaya qarşı" iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, "atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar". Avropa İnsan Hüquqları Məhkəməsinin "Staqno Belçikaya qarşı" iş üzrə 07 iyul 2009cu il tarixli qərarında qeyd olunur ki, iddia müddətləri iddiaçılar üçün son tarix müəyyən etməklə, potensial cavabdehləri gecikdirilmiş şikayətlərdən qorumaqla və məhkəmələr tərəfindən vaxtın ötdüyünə görə qeyri-müəyyən, natamam sübutlara əsaslanmaqla qarar çıxarılmasının qarşısını almaqla hüquqi müəyyənliyi təmin etmək məqsədi daşıyır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, Şəki İnzibati Məhkəməsinin 22 may 2024-cü il tarixli 2-1(116)-488/2024 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti mümkün sayılmamalı və şikayətin icraata qəbulundan imtina edilməlidir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası qərara aldı: İddiaçı Şəki İnzibati Məhkəməsinin 22 may 2024-cü il tarixli 2-1(116)-488/2024 nömrəli qərarından verdiyi apellyasiya şikayəti mümkün sayılmasın və şikayətin icraata qəbulundan imtina edilsin. Qərаrdаddаn rəsmi qаydаdа verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verə bilər.
Məhkəmə qərarları › İş №2-1(107)-558/2024
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(107)-558/2024
24.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver