Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(107)-559/2025 24.09.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən, məruzəçi), X14 və X7 ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı “üçüncü şəxslər X9, X16 və X11 iddiaçının mülkiyyətində olan ünvan 1 ünvanından qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 06 avqust 2025-ci il tarixli 2-1(116)-2324/2025 nömrəli qərardadından iş üzrə İddiaçı tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, “üçüncü şəxslər X9, X16 və X11 iddiaçının mülkiyyətində olan ünvan 1 ünvanından qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsinin əsaslarına görə, ünvan 1 ünvanında yerləşən mənzil iddiaçının xüsusi mülkiyyətindədir. Üçüncü şəxslər hazırda iddiaçıya məxsus mənzildə yaşamasa da təsərrüfatda qeydiyyatdadırlar. İddiaçı üçüncü şəxslərin təsərrüfatdan qeydiyyatdan çıxarılması üçün cavabdeh orqana müraciət etmiş, lakin onun müraciəti təmin edilməmişdir.
3. Birinci instansiya məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-1(116)-2324/2025 nömrəli qərardadı ilə iş üzrə X9, X16 və X17 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına zəruri cəlb edilmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
4. Şəki İnzibati Məhkəməsinin (hakim Etibar Mustafayev) 06 avqust 2025-ci il tarixli 2-1(116)-2324/2025 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır.
5. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti vermişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ
6. İddiaçının apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Mingəçevir şəhər məhkəməsinin 18 mart 2020-ci il tarixli, 2(051)-178/2020 saylı qətnaməsinə əsasən iddia tələbi qismən təmin edilməsi, İddiaçı ilə X3 arasında xx.xx.2008-ci il tarixdə Mingəçevir şəhər Nikah evində bağlanmış, 08 nömrə ilə qeydə alınmış nikah pozulması, birgə nikahdan doğulmuş xx.xx.2009-cu il təvəllüdlü X16 və xx.xx.2014-cü il təvəllüdlü X17 anası X3 yanında qalmaları, cavabdeh İddiaçı xx.xx.2009-cu il təvəllüdlü Hüseyn və xx.xx.2014-cü il təvəllüdlü Dilqəm adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa 120 manat olmaqla, cəmi 240 manat sabit pul məbləğində aliment tutularaq X5 verilməsi, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməsi, Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(051)-178/2020 saylı alimentin müvəqqəti tutulmasına dair qərardadı ləğv edilməsi, alimentin tutulmasına xx.xx.2019-cu ildən başlanması qət edilmişdir. 2020-ci ilin noyabr ayında tərəflər nikahın pozulması haqqında şəhadətnamələr almışlar. Məhkəmə qətnaməsinə əsasən X9 ilə İddiaçı nikahlarının pozulmasından 5 ildən artıq vaxt keçmişdir. Mingəçevir şəhəri 3 saylı Mənzil İstismar sahəsi tərəfindən verilmiş 27 dekabr 2024-cü iltarixli aktdan görünür ki, Mingəçevir şəhəri M.P.Vaqif küçəsi 19 №li evin, 35 №li mənzilində X9, X16 və X2 Nəsimi Rövşən oğlunun mülkiyyətində olan mənzilə pasport qeydiyyatındadırlar. Pasport qeydiyyatında olmalarına baxmayaraq 2019-cu ildən bu günə kimi Mingəçevirşəhəri M.P.Vaqif küçəsi 19 №li evin, 35 №li mənzilində yaşamırlar. Akta imza etdilər-3 saylı MİS-nin nəzarətçisi X10, 3 saylı MİS-nin tərbiyəçi-müəlliməsi İbrahimova Hicran Lətif qızı, Mingəçevir şəhəri M.P.Vaqif küçəsi 19 №li evin, 35 №li mənzilində İddiaçı, Mingəçevir şəhəri M.P.Vaqif küçəsi 19 №li evin, 32 №li mənzilində X8, Mingəçevir şəhəri M.P.Vaqif küçəsi 19 №li evin, 32 №li mənzilində X8, Mingəçevir şəhəri M.P.Vaqif küçəsi 19 №li evin, 33 №li mənzilində X1. Aktdan və qətnamədən göründüyü kimi üçüncü şəxslər X9, X16 və X17 2019-cu ildən Mingəçevir şəhəri M.P.Vaqif küçəsi 19 №li evin, 35 №li mənzilində yaşamırlar. Bundan başqa Şəki İnzibati Məhkəməsinin 06 avqust 2025-cü il tarixli, 2-1(116)-2324/2025 saylı qərardadının əsaslandırıcı hissəsi ilə tanış olduqda müəyyən edilir ki, Göyçay Rayon Məhkəməsinin 2(046)-127/2024 nömrəli, xx.xx.2024-cü il tarixli Qətnaməsindən belə müəyyən olunur ki, iddiaçının yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını arzuladığı hazırkı iş üzrə üçüncü şəxs X6 iddiaçının keçmiş gəlini, digərləri isə nəvələridir. Üçüncü şəxs X6 proses iştirakçısıdırmı? Birdə Göygöl rayon məhkəməsinin hansı qətnaməsindən söz gedir. Mən Mingəçevirdə yaşaya-yaşaya necə olur ki, Göygöl Rayon Məhkəməsindən bəhs edir. Bununla da müəyyən olunur ki, məhkəmə ümumiyyətlə işi araşdırmamışdır. Odur ki, Şəki İnzibati Məhkəməsinin 06 avqust 2025-cü il tarixli, 2-1(116)-2324/2025 saylı qərardadının ləğv edilməsini, iddianın mümkünlük məsələsinin həlledilməsi barədə qərar qəbul edib, iddianın təmin edilməsini xahiş etmişdir.
TƏRƏFLƏRİN İZAHATLARİ
7. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən İddiaçı apellyasiya şikayətində dəlillərini ətraflı şəkildə qeyd etdiyini, əlavə olaraq birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman işin halları tam olaraq hərtərəfli şəkildə araşdırılmamış, əsassız olaraq qanunazidd qərardad qəbul edilərək iddia tələbi mümkün sayılmadığını bildirmişdir. İddiaçı sədirlik edənin sualına cavab olaraq apellyasiya şikayətini müdafiə etdiyini bildirmişdir.
8. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq digər tərəflər məhkəmə iclasına gəlməmişlər.
9. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi).
10. İş materiallarında olan aşağıda sadalanan sənədlər məhkəmə kollegiyasının araşdırmasının predmetini təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilir.
1. Cavabdehin xx.xx.2025-ci il tarixli imtina məktubundan görünür ki, iddiaçının ilkin müraciətinin təmin edilməsindən imtina edilmişdir.
2. xx.xx.2024-cü il tarixli, ******* nömrəli “yaşayış yeri üzrə qeydiyyat haqqında” arayışdan görünür ki, üçüncü şəxslər iddiaçının mülkiyyətində olan mənzildə qeydiyyatdadır.
3. Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(051)-178/2020 nömrəli qətnaməsinin surəti.
4. ********** qeydiyyat nömrəli, xx.xx.2020-ci il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, ünvan 1 ünvanında olan fərdi yaşayış evi İddiaçı xüsusi mülkiyyətindədir.
5. AZ-İ 482157 nömrəli Nikahin Pozulması haqqında şəhadətnamənin surəti. TƏTBİQ EDİLƏN HÜQUQ
11. İnzibati Prosessual Məcəllə: Maddə 80.1. Barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Maddə 82. Apellyаsiyа instаnsiyаsı məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə bаxır. Apellyаsiyа instаnsiyаsı məhkəməsi həmçinin, bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
12. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair 24 sentyabr 2020-ci il tarixli qərarında qeyd edilmişdir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Məhkəmələr bu növ iddialara baxarkən, hər bir halda şəxsin həmin yaşayış sahəsində yaşayıb-yaşamaması, istifadə hüququnun mövcud olub-olmaması məsələsini araşdırmalıdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında Azərbaycan Respublikasının Qanunun 9-cu maddəsinə əsasən (Şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması) Müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında.
13. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarı: 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar.. 3.1. İnzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. 3.2. İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. 3.3. Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. 3.4. Birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər.
9. Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır.
14. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair xx.xx.2001-ci il tarixli qərarına əsasən 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir.
APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ
15. Apellyasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də şikayət mümkün hesab edilmişdir.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
16. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
17. Kollegiya ilk olaraq bildirir ki, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılılq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olub-olmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddi-hüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlayır.
18. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq qeyd edir ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. İlk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlanılmalıdır (İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli Qərarı).
19. Qanunvericiliyin tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəldilməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir.
20. Belə ki, inzibati icraat qaydasında baxılan iddia - inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən, müvafiq cavabdehlik daşıyan və qanunla üzərinə məsuliyyət qoyulan inzibati orqana qarşı verilməli və iddiaçı iddia ərizəsində qanunla qorunan hüquq və azadlıqlarının pozulmasını əsaslandırmalı, müvafiq sübutlarını əlavə etməlidir ki, iddianın məhkəmə icraatı mümkün sayılsın.
21. Belə ki, kollegiyanın iclasında iştirak edən İddiaçı üçüncü şəxs X9 ilə 2007-ci ildə ailə qurduğunu və 2010-cu ildə alqı-satqı müqaviləsi ilə ünvan 1 ünvanında yerləşən evi aldığını bildirmişdir. Bundan əlavə iddiaçı üçüncü şəxslərin 7(yeddi) ildi qeyd edilən mənzildə yaşamadığını və onların adına olan kommunal ödənişləri özünün ödədiyini bildirmişdir.
22. İnzibati icraat çərçivəsində yaşayış sahəsinə münasibətdə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi ilə qeydiyyatdan çıxarılması mümkündür. Qeyd olunan şəxslərin iddiaçıya məxsus yaşayış sahəsindən qeydiyyatdan çıxarılması üçün ilk növbədə onların həmin yaşayış sahəsində əmlak hüquqlarının hazırda mövcud olub-olmamasına hüquqi qiymət verilməlidir. Bu isə inzibati məhkəmə icraatının tənzimetmə predmetinə aid deyil və xüsusi hüquqla həll olunmalıdır.
23. İş materiallarında olan Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-178/2020 nömrəli, xx.xx.2020-ci il tarixli Qətnaməsindən belə müəyyən olunur ki, iddiaçının yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını arzuladığı hazırkı iş üzrə üçüncü şəxsX9 iddiaçının keçmiş həyat yoldaşı, digər üçüncü şəxslər X16 və X17 isə onun övladlarıdır.
24. Belə ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2016-cı il tarixli Qərarında qeyd olunmuşdur ki, “......Konstitusiya Məhkəməsinin Plenumu müraciətin məzmununu nəzərə alaraq qeyd edir ki, mövcud konstitusiya işinin predmetini Konstitusiyanın 29-cu maddəsi baxımından keçmiş ailə üzvü tərəfindən Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun həyata keçirilməməsi müəyyən olunduqda, bu hüquqa xitam verilməsinin şərtləri təşkil edir”.
25. “Konstitusiya Məhkəməsinin Plenumu” Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” 16 dekabr 2014-cü il tarixli Qərarında Mülki Məcəllədə “istifadə” sözünün mahiyyətcə müxtəlif institutlarla bağlı müddəalarda geniş şəkildə işlədilməsini qeyd edərək, “istifadə hüququ” ifadəsinin əmlak hüquqlarının hər hansı bir növünü deyil, müəyyən bir hüququn həyata keçirilmə şəklini (formasını) ifadə etdiyini göstərmişdir.
26. Həmin Qərarda həmçinin qeyd olunmuşdur ki, Mülki Məcəllənin 228-ci maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə etmək səlahiyyətini təmin edən hüquq, mülki qanunvericilikdə məhdud əşya hüquqlarına dair nəzərdə tutulan bütün xüsusiyyətləri özündə əks etdirdiyinə görə, məhdud əşya hüququdur.
27. Bu hüququn hansı növ məhdud əşya hüququ olduğunun müəyyən edilməsi məsələsinə gəldikdə isə Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, Mülki Məcəllənin 228-ci maddəsində nəzərdə tutulan hüquq mahiyyət etibarilə servitutdur”.
28. “Şəxsi servitut müqavilə azadlığı və mülkiyyət hüququnun predmeti barəsində mülkiyyətçinin sərbəst sərəncam vermə azadlığına sahib olması nöqteyi-nəzərindən yalnız mülkiyyətçinin ailə üzvləri üçün deyil, istənilən fiziki şəxslər üçün Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində nəzərdə tutulan qaydalar çərçivəsində təsis edilə bilər.
29. Bu maddələrə əsasən, əldə olunan istifadə hüququ öz sahibinə yalnız aid olduğu yaşayış sahəsindən şəxsi ehtiyacını qarşılamaq imkanını təmin edir (yaşayış sahəsindən fayda götürmək, yəni əvəzli olaraq başqalarının istifadəsinə vermək imkanını təmin etmir). Yaşayış binasının tərkib hissəsindən istifadə hüququ olan şəxs, mülkiyyətçi də daxil olmaqla istənilən şəxsdən həmin yaşayış binasına olan hüququnun pozulmasını aradan qaldırmağı tələb edə bilər. Bu hüquq başqa şəxslərə özgəninkiləşdirilə bilməz və vərəsəlik qaydasında vərəsələrə keçmir.
30. Qeyd olunan xüsusiyyətlər onu göstərir ki, Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində nəzərdə tutulan "istifadə hüququ" Mülki Məcəllənin 255.8-ci maddəsində nəzərdə tutulan şəxsi servitutla eyni hüquqi mahiyyətə malikdir. Bu nəticəni Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” 8 oktyabr 2013-cü il tarixli Qərarına əsasən faktiki qüvvədən düşmüş Mülki Məcəllənin 228.5-ci maddəsinə də aid etmək olar.
31. Həmin maddədə nəzərdə tutulan "istifadə hüququ"nun qüvvədə olan mülki qanunvericilikdə nizamlanan şəxsi servitutdan tək fərqi mahiyyət baxımından deyil, sırf əmələ gəlmə forması baxımındandır. Belə ki, Mülki Məcəllənin 228.5-ci maddəsində nəzərdə tutulan "istifadə hüququ" notariat qaydasında müqavilə bağlanılmadan, başqa sözlə, yaşayış sahəsi mülkiyyətçisinin iradəsi xaricində və reyestrdə qeydiyyat aparılmadan yaranırdı.
32. Bu maddənin məzmununa görə ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi üçün iki təməl şərt tələb olunur: - yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisi ilə birgə yaşayan şəxslərlə onun arasında etibarlı ailə əlaqələrinin mövcudluğu. Bununla bağlı Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair” 27 oktyabr 2008-ci il tarixli Qərarında göstərilmişdir ki, mülkiyyətçi ilə birgə yaşayan ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən onunla bərabər istifadə hüququ mülkiyyətçi ilə bağlanan müqavilədən deyil, onunla etibarlı ailə əlaqələri əsasında yaranır; - yaşayış sahəsinə olan ehtiyacını bu mülkiyyətçinin evindən istifadə etməklə qarşılamaq məcburiyyətində olması. Belə ki, Mülki Məcəllənin 228.5-ci maddəsinin məzmununa müvafiq olaraq, yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır.
33. Bu əsaslar aradan qalxdığı andan mülkiyyətçinin iradəsinə zidd olaraq yaşayış sahəsindən keçmiş ailə üzvünün istifadə etməsi hüquqi cəhətdən əsassız olar. Belə ki, hər hansı bir hüququ əmələ gətirən əsasın aradan qalxması həmin hüququn xitamı ilə nəticələnir”.
34. İş üzrə iddianın mümkünlüyü yoxlanılarkən müəyyən edilir ki, hazırkı iddia tələbinə mahiyyəti üzrə baxılması üçün ilk növbədə üçüncü şəxslərin sözügedən mənzilə istifadə hüquqlarının olub-olmaları məsələsinin müəyynləşdirilməsi zərurəti yaranır ki, bu məsələyə isə inzibati məhkəmə icraatı çərçivəsində baxıla bilməz.
35. İstifadə hüquqlarının mövcudluğu ilə bağlı yaranan mübahisələr mülki məhkəmə craatı qaydasında, ümumi məhkəmədə, yəni rayon (Mingəçevir Şəhər Məhkəməsi) məhkəməsində baxılmalıdır.
36. Belə ki, “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli qərarının 2, 3.1-ci bəndlərində qeyd edilmişdir ki, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün birinci növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Ümumi (publik) hüquq publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. Xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir, xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir.
37. Qanunvericiliyin tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir.
38. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər tələbin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəldilməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir.
39. Beləliklə kollegiya apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək belə qənaətə gəlir ki, hazırkı iddia tələbinin mümkünlüyü üçün qanunla müəyyən edilən zəruri şərtlərin mövcudluğu müəyyən olunmur.
40. Yuxarıda qeyd olunan inzibati işin hallarını, məhkəmə kollegiyası tərəfindən aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddianı mümkün saymamaqla düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməlidir, Şəki İnzibati Məhkəməsinin 06 avqust 2025-ci il tarixli 2-1(116)-2324/2025 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
41. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏRARA ALDİ:
İddiaçı tərəfindən verilmiş аpellyаsiyа şikаyəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 06 avqust 2025-ci il tarixli 2-1(116)-2324/2025 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan onun təqdim edildiyi gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.