Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-56/2020 06.02.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Quluzadə Rahul Teyyuf oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli, 2-1(84)-486/2019 saylı qərarından cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İddiaçı xx.xx.1963-cü ildə İsmayıllı rayon Ərəgit kəndində doğulmuşdur və hazırda həmin kənddə yaşayır. 1985-ci ildə Azərbaycan Dövlət Neft və Kimya İnstitutunu bitirmiş və hərbi kafedra tərəfindən ona leytenant rütbəsi və "radiasiya və kimyəvi kəşfiyyat üzrə taqım komandiri" hərbi ixtisası verilmişdir. İddiaçı bəyan edir ki, 1993-cü ilin oktyabr ayının axırlarında İsmayıllı Rayon Hərbi Komissarlığı tərəfindən ehtiyatda olan hərbi zabit kimi hərbi xidmətə çağırılmışdır. Noyabr ayının 11-dək İsmayıllı-Qəbələ batalyonunda xidmət etdikdən sonra gözünün müayinəsi üçün Bakı şəhər göz institutuna göndərilmiş, xx.xx.1993-cü ildə Hərbi Komissarlıq tərəfindən N saylı hərbi hissəyə göndərilmişdir. Lakin hərbi ixtisası uyğun gəlmədiyindən geri qaytarılmış, 1993-cü ilin dekabr ayının 9-da yenidən hərbi xidmətə çağırılmış, bir ay Abşeron rayonunun "Pirəkəşkül" adlanan hərbi hissədə təlim keçdikdən sonra döyüş bölgəsində olan N saylı hərbi hissəyə zabit kimi hərbi xidmətə göndərilmişdir. N saylı hərbi hissədə xx.xx.1994-cü ildə hərbi xidmətə başlamış və ilk gündən təcavüzkar Ermənistan Respublikasının silahlı qüvvələrinə qarşı Ağdam rayonu Mərzili kəndi uğrunda gedən döyüşlərdə iştirak etmişdir. xx.xx.1994-cü ildə N saylı hərbi hissənin komandirinin xx.xx.1994-cü il tarixli 1041 saylı məktubu ilə İsmayıllı Rayon Hərbi Komissarlığına qaytarılmışdır. Həmin məktub İsmayıllı Rayon Hərbi Komissarlığında ona aid olan sənədlər qovluğunda saxlanılmaqla eyni zamanda hərbi biletində də qeyd edilmişdir. Onun xx.xx.1994-cü ildən xx.xx.1994-cü ilədək N saylı hərbi hissədə xidmətini və təcavüzkar Ermənistan Respublikasının silahlı qüvvələrinə qarşı Ağdam rayonu Mərzili kəndi uğrunda gedən döyüşlərdə iştirak etməyini onunla birlikdə xidmət etmiş və döyüşdə iştirak etmiş döyüş yoldaşları da təsdiq edə bilərlər. Müharibə iştirakçısı kimi ona müharibə veteranı adının verilməsi üçün Azərbaycan Respublikası Müdafiə Nazirliyinin aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyaya ərizə ilə müraciət etmiş, lakin həmin komissiya onun N saylı hərbi hissədə xidməti barədə Müdafiə Nazirliyinin arxivində məlumat aşkar olunmamasını əsas tutaraq tələbini təmin etməmişdir. Hesab edir ki, cavabdeh inzibati orqanın imtinası qanunsuzdur. Belə ki, onun döyüşən orduda xidməti hərbi biletində olan qeydlərdən, İsmayıllı Rayon Hərbi Komissarlığında ona aid qovluqda toplanmış sənədlərdə öz təsdiqini tapmışdır. Odur ki, məhkəməyə müraciət edərək “müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında izahat verən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh inzibati orqan xx.xx.2019-cu il tarixli 11/809 nömrəli etiraz məktubu ilə məhkəməyə müraciət edərək iddia tələbinə etiraz etmiş və etirazını onunla əsaslandırmışdır ki, iddiaçı iddia ərizəsində Müdafiə Nazirliyinin aparatı nəzdində veteran adlarının və vəsiqələrinin verilməsi üzrə komissiyanın məktubunu mübahisələndirmişdir. Həmin məktubda qeyd olunmuşdur ki, arxiv arayışına əsasən İddiaçı N nömrəli hərbi hissədə hərbi xidməti barədə məlumat olmadığından ona "Müharibə veteranı” adının və vəsiqəsinin verilməsindən imtina olunur. “Müharibə veteranı” adının verilməsindən imtina edilməsi “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununa və “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnaməyə uyğun olmuşdur. İddiaçının atəşkəsə kimi xidmət etməsi barədə məlumat hərbi biletində yoxdur. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin ikinci bəndinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş səxslər Müharibə veteranı sayılırlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 №-li Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən: “1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara — müdafiə, daxili işlər, milli təhlükəsizlik, ədliyyə orqanları, Dövlət Sərhəd Xidməti və hərbi hissələr və Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında “Müharibə veteranı” adı verilir. Yuxarıda qeyd olunmuş Qərara dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli 422 №-li Qərarına əsasən: "... Əsasnamə”nin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndində “hərbi biletlər” sözlərindən sonra “(hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda)” sözləri əlavə edilmişdir. “Müdafiə nazirinin xx.xx.1998-ci il tarixli 4 №-li əmri ilə qüvvəyə “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin Silahlı Qüvvələrdə tətbiq edilməsi qaydalarına dair Təlimatının 1.6-cı bəndindən görünür ki, “Müharibə veteranı” adı və vəsiqəsi almaq üçün döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanın şəxsi heyətinin siyahılarında olmasını sübut edən nizami hissə üzrə əmrlərdən çıxarış mütləq təqdim edilməlidir. Odur ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “Müharibə veteranı adının və vəsiqəsinin verilməsi” tələbinə dair iddia ərizəsi təmin edilməməlidir. Şəki İnzibati-İqtisadi Məhkəməsinin (hakim İlqar Cabbarov) xx xxxxx 2019-cu il tarixli 2-1(84)-486/2019 nömrəli qərarı ilə iddia təmin edilərək Müdafiə Nazirliyinin üzərinə İddiaçı müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin qoyulması qərara alınmışdır. Müdafiə Nazirliyi apelyasiya şikayəti verərək Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli 2-1(84)-486/2019 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Şəki Apelyasiya Məhkəməsi Mülki Kollegiyası xx xxxxxx 2019-cu il tarixdə 2(107)- 395/2019 nömrəli qərarı ilə Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli 2-1(84)-486/2019 nömrəli qərarı ləğv edilmiş, inzibati iş üzrə yeni qərar çıxarılmış və İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddiası təmin edilməmiş, cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən verilmiş apelyasiya şikayətinin təmin edilməsi qət etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Müli Kollegiyas xx xxxxxxx 2019-cu il tarixli qərarı ilə kassasiya şikayəti təmi edilmiş, Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarı ləğv edilmiş, və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılması qərarla alınmışdır. Apelyasiya şikayətinin dəlilləri Cavabdehin apelyasiya şikayəti belə əsaslandırılmışdır ki, məhkəmə qərar qəbul edərkən hərbi biletdə olan yazıların (yanvar 1994, N nömrəli hərbi hissəyə aid) arxiv arayışı ilə təsdiq olunmadığına hüquqi qiymət verməmişdir. Həmin yazılar mötəbər sayıla bilməzdi. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli 422 №-li Qərarına əsasən hərbi biletdə olan yazılar əmrlərlə və ya arxiv arayışı ilə birgə təqdim edildiyi halda nəzərə alınır. Arxiv arayışına əsasən İddiaçı 181, N nömrəli hərbi hissələrdə xidməti barədə məlumat aşkar olunmadığından, Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən veteran adlarının və müvafiq vəsiqələrin verilməsi üzrə komissiyanın məktubu ilə “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsinin məqsədəuyğun olmaması bildirilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 №-li Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən: “1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara, 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara müdafiə, daxili işlər, milli təhlükəsizlik, ədliyyə orqanları, Dövlət Sərhəd Xidməti və hərbi hissələr və Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında “Müharibə veteranı” adı verilir. Yuxarıda qeyd olunmuş Qərara dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli 422 №-li Qərarına əsasən: "... Əsasnamə”nin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndində “hərbi biletlər” sözlərindən sonra “(hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda)” sözləri əlavə edilmişdir. Müdafiə nazirinin xx.xx.1998-ci il tarixli 4 №-li əmri ilə qüvvəyə minmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında”Əsasnamənin Silahlı Qüvvələrdə tətbiq edilməsi qaydalarına dair Təlimatının 1.6-cı bəndindən görünür ki, “Müharibə veteranı” adı və vəsiqəsi almaq üçün döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanın şəxsi heyətinin siyahılarındaolmasını sübut edən nizami hissə üzrə əmrlərdən çıxarışlar mütləq təqdim edilməlidir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyin nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin (bundan sonra Azərbаycаn Respublikаsının İPM və ya İPM) 62.3-cü mаddəsi). İş materiallarında olan aşağıda sadalanan sənədlər məhkəmə kollegiyasının araşdırmasının predmetini təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilir. İddiaçı məxsus olan AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surəti; Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin xx.xx.2018-ci il tarixli 1/7-6247 nömrəli məktubu; Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xx.xx.2018-ci il tarixli 7-23287 nömrəli arayışı; İddiaçıya məxsus xx.xx.1986-cı il tarixli ВШ seriyalı 117503 nömrəli hərbi bilet; Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Şəki Şəhər Rayon Polis Şöbəsinin xx.xx.2019-cu il tarixli 189-4593-1219 nömrəli məktubu və tələbnamə; Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İsmayıllı Rayon Şöbəsinin xx.xx.2019-cu il tarixli 238 nömrəli məktubu və ona əlavə olunmuş iddiaçının şəxsi işinin təsdiqlənmiş surəti; Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2019-cu il tarixli 11/809 nömrəli etirazı; Azərbaycan Respublikası Hərbi Prokurorluğunun xx.xx.2019-cu il tarixli HP01/145 nömrəli məktubu, xx.xx.1994-cü il tarixli buraxılış qeydi. Əsaslandırma hissəsi İddiaçının apelyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Lakin şikayət əsaslı deyil və Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli, 2-1(84)-486/2019 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin maddənin qeyd hissəsində deyilir ki, bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən müharibə veteranı adının verilməsi qaydası və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri” haqqında Əsasnamənin 1-ci bölməsinə əsasən, müharibə veteranı adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Məhkəmə Kollegiyası onu da qeyd edir ki, İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən müharibədə və döyüş əməliyyatlarında iştirak etməsi ona məxsus xx.xx.1986-cı il tarixli ВШ seriyalı 117503 nömrəli hərbi biletdə qeyd edilmişdir. Belə ki, hərbi biletin 11-ci səhifəsində qeyd edilir ki, xx.xx.1994-cü il tarixindən xx.xx.1994cü il tarixinədək N saylı hərbi hissənin tərkibində və xx.xx.1994-cü il tarixindən xx.xx.1995ci il tarixinədək N nömrəli hərbi hissənin tərkibində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmiş, 12-ci səhifəsində isə qeyd edilir ki, xx.xx.1995-ci il tarixli 74 nömrəli əmr ilə ehtiyata buraxılmışdır. Göründüyü kimi, iddiaçının döyüş əməliyyatlarında iştirak etdiyini və hərbi xidmətdən qanuni əsaslarla tərxis olunduğunu təsdiq edən rəsmi məlumatlar möcvuddur. İşin birinci instansiya məhkəmə araşdırmasından məlum olur ki, iddiaçı hərbi xidmət əleyhinə cinayət törətməmiş, cinayət məsuliyyətinə cəlb olunmamışdır. O, qanuni əsaslarla ordudan tərxis edilmişdir. Göründüyü kimi, iddiaçıya veteran adının verilməsi üçün hüquqi əsaslar vardır, bunu istisna edən hallar mövcud deyildir. İddiaçıya məxsus hərbi biletdəki məlumatlar inzibati orqan tərəfindən mübahislənədirilimir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 24.3-cü maddəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8.1.3-cü maddəsinə əsasən inzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Həmin məcəllənin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Məhkəmə kollegiyası istinad olunan qanunvericilik normalarını və işin hallarını nəzərə alaraq belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdeh inzibati orqanın üzərinə qoyulması” tələbinə dair iddiasını təmin etməklə düzgün nəticəyə gəlmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İddiaçının apelyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir. Nəticəvi hissə Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli, 2-1(84)-486/2019 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Vəzirxan Məlikov Hаkimlər: Elçin Hüseynov Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2-1(107)-56/2020
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-56/2020
06.02.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver