Məhkəmə qərarları › İş №2-1(107)-56/2021

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-56/2021

09.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-56/2021 09.04.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, Quluzadə Rahul Teyyuf oğlunun katibliyi, İddiaçı nümayəndəsi X7 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında X18 Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinə (üçüncü şəxs Şəki Rayonu Turan Bələdiyyəsi) qarşı "torpaq islahatı aparılan zaman verilməmiş, Şəki rayon "Turan" taxılçılıq sovxozu X28 Komissiyasının xx.xx.2001-ci il tarixli qərarı və Şəki Rayon Turan Bələdiyyəsinin xx.xx.2002-ci il tarixli 4 nömrəli qərarı ilə 12,50 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 2-1(116)- 522/2020 nömrəli qərarından cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında X18 Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: Şəki rayonu "Turan" taxılçılıq sovxozu X28 Komissiyasının Şəki Şəhər İcra Hakimiyyəti başçısının "General M.Əsədov" adına qəsəbə inzibati ərazi nümayəndəliyi torpaq islahatı ilə əlaqədar "Turan" qəsəbəsində xx.xx.1996-cı il tarixdən yaşayan, pasport qeydiyyatında olan və torpaq payı almaq hüququ olan vətəndaşların siyahısında 1-ci sətirdə X13 (X19 veteranı) və onun ailə üzvləri İddiaçı, X2, X3, X4 adları göstərilmişdir. Şəki rayonu "Turan" taxılçılıq sovxozu X28 Komissiyasının xx.xx.2001-ci il tarixli iclasının 33 nömrəli protokol qərarına əsasən, Şəki rayonu Turan qəsəbəsinin sakinləri X8 ikinci pay torpaq sahəsi, İddiaçı və hər bir ailə üzvünə 2,50 ha torpaq sahəsi olmaqla cəmi 12,50 ha verilməsi qərara alınmışdır. Şəki Rayon Turan Bələdiyyəsinin xx.xx.2002-ci il tarixli 4 nömrəli protokolundan çıxarışa əsasən, X13, İddiaçı, X9, X12, X10 norma üzrə hər birinə 2,50 ha olmaqla 12,50 ha pay torpaq ayrılaraq ölçülüb verilməsi qərara alınmışdır. İddiaçı cavabdehə ərizə ilə müraciət edərək, Şəki rayonu Turan qəsəbəsində yerləşən 12,50 ha torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmiş, lakin sonuncu xx.xx.2019-cu il tarixli **********58 nömrəli məktubla bundan imtina edərək bildirmişdir ki, sözügedən torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınmasına dair İddiaçı təqdim etdiyi sənədlər "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinin tələblərinə cavab vermir. Bundan sonra iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, torpaq sahəsi aqrar islahat komissiyasının qərarı ilə verildiyinə görə cavabdeh onu qeydiyyata almaqdan imtina etməkdə haqlı olmamışdır. Cavabdeh iddiaya xx.xx.2020-ci il tarixli **********27 nömrəli etirazında bildirmişdir ki, İddiaçı, X9, X12 və X5 adlarına "Torpağa mülkiyyət hüququna dair dövlət aktı"nın verilməsi barədə məlumat mövcud deyildir. Şəki Şəhər İcra Hakimiyyəti başçısının Turan qəsəbəsi icra nümayəndəliyinin arayışında ailə başçısı kimi göstərilən X6 adı da ailə başçısı kimi daxil edilməklə 5 nəfərə (X14, X15, X16, X17) DTXK-nın Şəki rayon şöbəsi tərəfindən kod 40401027 JN-261 saylı "Torpağa mülkiyyət hüququna dair dövlət aktı" verilmiş, xx xxxxxx 2005-ci il tarixli 4Ə-453 nömrəli alqı satqı müqaviləsi ilə X1. Mübahisənin həlli üçün aşağıdakı sənədlər birinci instansiya məhkəməsinə təqdim olunmuşdur: İşdə olan, Şəki rayonu "Turan" taxılçılıq sovxozu X28 Komissiyasının xx.xx.2001-ci il tarixli iclasının 33 nömrəli protokol qərarından görünür ki, Şəki rayonu Turan qəsəbəsi sakinləri X8 ikinci pay torpaq sahəsi, İddiaçı və hər bir ailə üzvünə 2,50 ha torpaq sahəsi olmaqla cəmi 12,50 ha verilməsi qərara alınmışdır. İşdə olan, Şəki Rayon Turan Bələdiyyəsinin xx.xx.2002-ci il tarixli 4 nömrəli protokolundan çıxarışından görünür ki, X13, İddiaçı, X9, X12, X10 norma üzrə hər birinə 2,50 ha olmaqla 12,50 ha pay torpaq ayrılaraq ölçülüb verilməsi qərara alınmışdır. İşdə olan, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında X18 Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsi xx.xx.2020-ci il tarixli **********27 nömrəli imtina məktubundan görünür ki, İddiaçı, X9, X12 və X5 adlarına "Torpağa mülkiyyət hüququna dair dövlət aktı"nın verilməsi barədə məlumat mövcud deyildir. Şəki Şəhər İcra Hakimiyyəti başçısının Turan qəsəbəsi icra nümayəndəliyinin arayışında ailə başçısı kimi göstərilən X6 adı da ailə başçısı kimi daxil edilməklə 5 nəfərə (X14, X15, X16, X17) DTXK-nın Şəki rayon şöbəsi tərəfindən kod 40401027 JN-261 saylı "Torpağa mülkiyyət hüququna dair dövlət aktı" verilmiş, xx xxxxxx 2005-ci il tarixli 4Ə-453 nömrəli alqı satqı müqaviləsi ilə X1. Şəki İnzibati Məhkəməsinin (hakim Vidadi Qasımov) xx xxxxxxx 2020-ci il tarixli 2- 1(116)-522/2020 nömrəli qərarı ilə iddia tələbi qismən təmin edilmiş, Şəki rayon "Turan" taxılçılıq sovxozu X28 Komissiyasının xx.xx.2001ci il tarixli qərarı və Şəki Rayon Turan Bələdiyyəsinin xx.xx.2002-ci il tarixli 4 nömrəli qərarı ilə ayrılmış 12,50 ha torpaq sahəsinin 5,785 ha hissəsinə İddiaçı, eləcə də X6, X2, X3, X4 mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarış verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında X18 Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinin üzərinə qoyulması, iddianın qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında X18 Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsi apellyasiya şikayəti verərək Şəki İnzibati Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 2-1(116)-522/2020 nömrəli qərarının ləğv edilərək iddia tələbinin təmin edilməməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayəti verərək qeyd etmişdir ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azerbaycan Respublikası Qanununun 23-cü maddəsinə əsasən, İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatının dəqiqliyinə cavabdehdir. Bildiririk ki, Şəki rayon aqrar islahat komissiyasının qərarı təqdim edilmədiyindən və ayrılmış torpaq sahəsinin sahəsinin yerləşmə sxemi DTXK Şəki rayon Şöbəsi tərəfindən təsdiqlənmədiyindən vətəndaşın müraciətinin icrası mümkün olmamışdır. “Sovxoz və kolxozların islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə uyğun olaraq rayon ərazisində aqrar islahat aparılmasını təmin edən qurum kimi rayon aqrar islahat komissiyası müəyyən edilmişdir. Azərbaycan Respublikası İPM-in 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apelyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Azərbaycan Respublikası İPM-in 87.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Azərbaycan Respublikası İPM-in 87.6-cı maddəsində deyilir ki, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Xidmətin 12 saylı Şəki Ərazi İdarəsi büdcə təşkilatı olduğuna görə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.14-cü nçaddəsinə uyğun olaraq məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə dövlət rüsumunun ödənilməsindən azaddır. Odur ki, yuxarıda qeyd olunanları nəzərə alaraq Şəki İnzibati Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2-1(116)-522/2020 saylı qərarını ləğv etməklə, iddia tələbinin rədd edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş edirlər. Proses iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi X16 apellyasiya şikayətinin təmin edilməməsini və Şəki İnzibati Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2-1(116)-522/2020 nömrəli iş üzrə qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İşə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq İddiaçı və cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında X18 Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinin nümayəndəsi məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. Birinci instansiya məhkəməsi aşağıdakı hallara görə iddianı qismən əsaslı hesab etmişdir. "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin 1ci hissəsində deyilir ki, sovxozların (dövlət mülkiyyətində saxlanan müəssisələr istisna olmaqla), kolxozların özəlləşdirilən torpaqları onların daimi istifadəsindəki torpaqlarından bələdiyyənin ehtiyat fonduna ayrılan torpaqlar çıxılmaqla müəyyən edilir. Sovxozların bazasında dövlət kənd təsərrüfatı istehsalı müəssisəsi yaradıldıqda həmin ərazidə özəlləşdirilən torpaqlar yeni müəssisənin istehsal məqsədləri üçün tələb olunan və bələdiyyənin ehtiyat fonduna verilən torpaqlar çıxılmaqla müəyyən edilir. İslahat zamanı bələdiyyənin ehtiyat fonduna sovxoz və kolxozların kənd təsərrüfatına yararlı torpaqlarının 5 faizindən çox olmayan hissəsi, kənd təsərrüfatına az yararlı, yararsız torpaqları bütövlükdə ayrılır. Bələdiyyə ehtiyat fonduna ayrılan kənd təsərrüfatına yararlı torpaqların ölçüsü və yeri yerli islahat komissiyaları ilə birlikdə rayon aqrar islahat komissiyaları tərəfindən sovxozun və kolxozun torpaq ehtiyatlarından, torpaq payı almaq hüquqi olanların sayından və rayon üzrə adambaşına düşən orta torpaq payından asılı olaraq müəyyən edilir. Həmin Qanunun 12-ci maddəsinin 1-ci hissəsinə əsasən, sovxoz və kolxozların özəlləşdirilən torpaqlarından pay almaq hüququ olan subyektlər aşağıdakılardır: 1) sovxoz və kolxozlarda daimi işləyən şəxslər; 2) bu Qanun qüvvəyə mindiyi günədək daimi yaşayış yeri sovxozun və kolxozun ərazisində olan şəxslər; 3) sovxoz və kolxozlardan təqaüdə çıxmış və müvafiq rayonun (şəhərin) ərazisində yaşayan şəxslər; 4) sovxozun və ya kolxozun ərazisindən həqiqi müddətli hərbi qulluğa çağırılmış və müvəqqəti qaib olmuş şəxslər; 5) bu Qanun qüvvəyə mindiyi günədək sovxozun və ya kolxozun ərazisində yaradılmış və təyinatına uyğun fəaliyyət göstərən təsərrüfatlararası müəssisələrin, kooperativlərin, kiçik müəssisələrin, kəndli (fermer) təsərrüfatlarının və digər kənd təsərrüfatı istehsalı müəssisələrinin təsisçiləri və əsas iş yeri həmin müəssisələr olan şəxslər. Həmin Qanunun 13-cü maddəsinə görə, torpaq paylarının ölçüsü sovxozun və ya kolxozun özəlləşdirilən torpaqların sahəsindən, keyfiyyətindən və torpaq payı almaq hüququ olan subyektlərin sayından asılı olaraq müəyyən edilir. Hər bir subyektə düşən orta torpaq payının ölçüsü sovxozun və ya kolxozun özəlləşdirilən ümumi torpaq sahəsinin subyektlərin sayına bölünməsi yolu ilə təyin edilir. Həmin Qanunun 14-cü maddəsinin əvvəlki redaksiyasına əsasən, torpaq payı naturada pay almaq hüququ olan şəxslərin (ailənin) xüsusi mülkiyyətinə verilir. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olanların ailələrinə, əlilliyi olan müharibə veteranlarına və Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş şəxslərə əlavə bir torpaq payı verilir. Həmin Qanunun 20-ci maddəsinə görə, torpaq islahatını Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası, Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyası, rayon və X28 komissiyaları aparır. Aqrar islahat komissiyalarının yaradılması və fəaliyyəti "Sovxoz və kolxozların islahatı haqqında" Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 8.0.1-ci maddəsinə görə, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas sayılır. Sadalanan normalardan görünür ki, torpaq islahatı zamanı aqrar islahat komissiyasının qərarı ilə şəxsə verilmiş torpaq sahəsinə həmin şəxsin mülkiyyət hüququ yaranır və o, həmin hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını tələb edə bilər. Lakin bununla yanaşı, cavabdehin xx.xx.2020-ci il tarixli arayışı ilə müəyyən edilmişdir ki, aqrar islahat komissiyasının qərarı ilə bağlı iddiaçının və ailə üzvlərinin faktiki istifadəsinə verilmiş 12,02 ha torpaq sahəsinin 5,13 ha və 1,105 ha (cəmi 6,235 ha) hissəsinə daşınmaz əmlakın dövlət reyestrində başqa mülkiyyətçinin hüquqları qeydiyyata alınmışdır. Məhkəmə hesab edir ki, belə olan halda, həmin 6,235 ha torpaq sahəsinə iddiaçının və ailə üzvlərinin mülkiyyət hüququnun qeydiyyata alınması hazırda mümkün deyil. Göstərilən 12,02 ha torpaq sahəsinin qalan 5,785 ha hissəsinə isə iddiaçının və ailə üzvlərinin mülkiyyət hüququnun qeydiyyata alınmasına mane olan hal yoxdur. Məhkəmə kollegiyası inzibati mübahisə üzrə birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır. İPM-in 87.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə, istinad olunan qanunvericilik normalarını və işin hallarını nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında X18 Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinə (üçüncü şəxs Şəki Rayonu Turan Bələdiyyəsi) qarşı "torpaq islahatı aparılan zaman verilməmiş, Şəki rayon "Turan" taxılçılıq sovxozu X28 Komissiyasının xx.xx.2001-ci il tarixli qərarı və Şəki Rayon Turan Bələdiyyəsinin xx.xx.2002-ci il tarixli 4 nömrəli qərarı ilə 12,50 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" barədə iddia tələbini qismən təmin etməkdə düzgün nəticəyə gəlmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir. Nəticəvi hissə Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında X18 Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 2-1(116)-522/2020 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar