Məhkəmə qərarları › İş №2-1(107)-56/2022

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-56/2022

10.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-56/2022 10.02.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Cavadova Günay İsmayıl qızı və Rəfiyev Rövşən Rafiq oğlundan ibarət tərkibdə, Quluzadə Rahul Teyyuf oğlunun katibliyi, İddiaçı və cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 12 saylı Şəki ərazi idarəsinin nümayəndəsi Hacı-X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 12 saylı Şəki ərazi idarəsinə qarşı “Şəki bələdiyyəsinin 28.09.2007-ci il tarixli 11 saylı iclas protokolundan çıxarışa əsasən 73 nömrəli qərarla iddiaçıya Şəki şəhəri 120-ci kvartal ərazisində fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 600 kv.m. torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dаir inzibаti iş üzrə Şəki İnzibati Məhkəməsinin 14 oktyabr 2021-ci il tarixli, 2-1(116)-695/2021 nömrəli qərarından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdehə qarşı (üçüncü şəxs Şəki şəhər bələdiyyəsi) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şəki bələdiyyəsinin 28.09.2007-ci il tarixli 11 saylı iclas protokolundan çıxarışa əsasən 73 nömrəli qərarla iddiaçıya Şəki şəhəri 120-ci kvartal ərazisində fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 600 kv.m. torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinin əsaslarına görə, Şəki bələdiyyəsinin 28.09.2007-ci il tarixli 11 saylı iclas protokolundan çıxarışa əsasən 73 nömrəli qərarla iddiaçıya Şəki şəhərinin 120-ci kvartalı ərazisindən fərdi yaşayış evi tikmək üçün 600 kv.metr torpaq sahəsi ayrılmışdır. Torpaq sahəsinin dəyəri Beynəlxalq Bankın 336503 AZN 3308-01 Nömrəli xüsusi hesabına ödənilmiş, torpağın dəyəri ödənildikdən sonra torpağın alqı-satqısına dair akt tərtib edilməklə torpağın qeydə alınması Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şəki rayon şöbəsindən xahiş edilmişdir. Torpaq sahəsinin sxematik planı Tikinti və Memarlıq Şöbəsinin müdiri baş memar və DTXK Şəki rayon şöbəsinin müdiri tərəfindən hazırlanaraq möhürlə təsdiq edilmişdir. Bundan sonra torpaq sahəsi ayrılmasına sahəni seçmə aktı tərtib edilmiş və müvafiq orqanların möhürləri ilə təsdiqlənərək imzalanmışdır. 0,06 ha torpaq sahəsinin satılmasına görə torpağın dəyəri 25 sentyabr 2008-ci il tarixdə bank hesabına köçürülmüşdür. Həmin torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestri xidmətində qeydə alınması zərurəti yarandığından cavabdeh orqana aidiyyəti üzrə müraciət etmiş, həmin orqan 10.03.2021-ci ildə qeyd edilən torpağın rəsmi alqı-satqı aktı olmadığından iddiaçının tələbindən imtina etmişdir. Cavabdeh 10.03.2021-ci il tarixli **********28 nömrəli imtina məktubunda bildirmişdir ki, torpaq sahəsi ayrıldığı dövrdə qüvvədə olan “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 6.2-ci maddəsinin redaksiyasına əsasən “Torpaqların alqı-satqısına dair akt” tərtib olunmalı idi. "Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında" Əsasnamənin 13-1-ci bəndinə əsasən “Bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaq sahələri Azərbaycan Respublikası vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə alqı-satqı qaydasında verilir”. Təqdim olunan sənədlərə əsasən aparılmış araşdırma zamanı sənədlər toplusunda “Torpaqların alqı-satqısına dair aktı”nın mövcud olmadığı müəyyən edilmişdir. Yuxarıda qeyd olunanlar nəzərə alınaraq, 0,06 ha torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması mümkün olmamışdır. Cavabdeh 28.04.2021-ci il tarixli **********24 nömrəli məktubla iddiaya imtinada göstərilənlərlə eyni məzmunda münasibət bildirərək, qeyd etmişdir ki, “Torpaqların alqısatqısına dair akt” olmadığına görə Şəki şəhəri120-ci kvartalda yerləşən 0,06 ha torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması mümkün olmamışdır. Üçüncü şəxs 22.04.2021-ci il tarixli 378 nömrəli məktubunda göstərmişdir ki, ünvan 1 ünvanda yaşayan İddiaçı ərizəsi, şəhərin baş memarının 03.09.2007-ci il tarixli 842/465 saylı, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Şəki şöbəsinin 26.09.2007-ci il tarixli 3394 saylı rəyləri nəzərə alınaraq həmin vaxt qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq Şəki Bələdiyyəsinin 28 sentyabr 2007-ci il tarixli, 11 saylı iclasının 73 saylı qərarı ilə fərdi yaşayış evi tikmək məqsədilə şəhərin 120-ci kvartalından İddiaçı mülkiyyətinə 600 kv.metr torpaq sahəsi satılmışdır. Həmin vaxt qüvvədə olan qanunvericiliyin tələblərinə əsasən bələdiyyənin qərarından sonra Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şəki şöbəsi tərəfindən alqısatqı aktı tərtib edilməli idi. Lakin vətəndaş tərəfindən Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şəki şöbəsinə müraciət olunmadığından alqı-satqı aktı tərtib edilməmişdir. 2015-ci ildən Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi ləğv edilmişdir. İddiaçı tərəfindən torpaq sahəsinin o vaxt Şəki Bələdiyyəsi tərəfidən müəyyən edilmiş dəyəri olan 1.200 manat vəsait Şəki Bələdiyyəsinin bank hesabına tam ödənilmişdir. Odur ki, yuxarıda qeyd olunanları nəzərə alaraq, İddiaçı “öhdəliyin icrası haqqında” iddiasına Şəki Bələdiyyəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh 28.04.2021-ci il tarixli **********24 nömrəli məktubla iddiaya imtinada göstərilənlərlə eyni məzmunlu münasibətini məhkəməyə təqdim etmişdir. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Respublika X5 Filialı məhkəmənin sorğusuna cavab olaraq 20.05.2021-ci il tarixli 114 nömrəli məktubla Şəki bələdiyyəsinin 28.09.2007-ci il tarixli 11 saylı iclas protokoluna əsasən 1.281-ci sırada İddiaçı adına verilmiş qərardan və əlavələrdən kserosurətləri məhkəməyə göndərmişdir. Protokolun qərarının 1.281-ci hissəsində ünvan 1 ünvanda yaşayan İddiaçı ərizəsi, şəhərin baş memarının 03.09.2007-ci il tarixli 842/465 saylı, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Şəki şöbəsinin 26.09.2007-ci il tarixli 3394 saylı razılıq məktubları nəzərə alınaraq fərdi yaşayış evi tikmək məqsədilə bələdiyyənin perspektiv inkişaf fondundan - 120-ci kvartalından mülkiyyətinə 600 kv.metr torpaq sahəsinin satılması və yaşayış evi tikintisinə icazə verilməsi qərara alınmışdır. Məktuba DTXK Şəki rayon şöbəsinin 26.09.2007-ci il tarixli 3394 nömrəli, Şəki ŞİH Tikinti və memarlıq şöbəsinin 03.09.2007-ci il tarixli 842/465 nömrəli məktublarının, Torpaq sahəsi ayrılmasına sahəni seçmə aktının, iddiaçının 23.08.2007-ci il tarixli ərizəsinin, ödəniş qəbzinin və iddiaçıya məxsus, bələdiyyə qərarının çıxarıldığı dövrdə qüvvədə olmuş AZE 05749821 nömrəli şəxsiyyət vəsiqəsinin təsdiq edilmiş surətləri əlavə edilmişdir. Cavabdehə və üçüncü şəxs məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, səlahiyyətli nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - “İPM”) 62.3-cü maddəsinə əsasən hazırkı işə cavabdehin nümayəndəsinin və üçüncü şəxslərin iştirakı olmadan, tam, obyektiv və hərtərəfli baxılmasını mümkün hesab etmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişlərində tərəflər məhkəmə baxışı iclasına gəlmədikləri halda da onların iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında iştirak etmiş iddiaçı iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Şəki İnzibati Məhkəməsinin (hаkim Fərid İsmayılzadə) 14 oktyabr 2021-ci il tarixli, 2- 1(116)-695/2021 saylı qərarı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 12 saylı Şəki ərazi idarəsinə qarşı “Şəki bələdiyyəsinin 28.09.2007-ci il tarixli 11 saylı iclas protokolundan çıxarışa əsasən 73 nömrəli qərarla iddiaçıya Şəki şəhəri 120-ci kvartal ərazisində fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 600 kv.m. torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddiası təmin edilməmişdir. Şəki İnzibаti Məhkəməsinin 14 oktyabr 2021-ci il tarixli, 2-1(116)-695/2021 saylı qərarından İddiaçı apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikаyəti onunla əsaslandırılmışdır ki, Şəki İnzibati Məhkəməsinin 14 oktyabr 2021-ci il tarixli, 2-1(116)-695/2021 saylı qərarını qeyri-obyektiv, birtərəfli, qərəzli, qanunsuz və ədalətsiz hesab edirəm. Belə ki, məhkəmə işin hallarını hərtərəfli və obyektiv araşdırmamış, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, iş üçün əhəmiyyətli olan bütün halları aydınlaşdırmamışdır. Belə ki, Şəki bələdiyyəsinin 28.09.2007-ci il tarixli 11 saylı iclas protokolundan çıxarışa əsasən 73 nömrəli qərarla iddiaçıya Şəki şəhərinin 120-ci kvartalı ərazisindən fərdi yaşayış evi tikmək üçün 600 kv.metr torpaq sahəsi ayrılmışdır. Torpaq sahəsinin dəyəri Beynəlxalq Bankın 336503 AZN 3308-01 Nömrəli xüsusi hesabına ödənilmiş, torpağın dəyəri ödənildikdən sonra torpağın alqı-satqısına dair akt tərtib edilməklə torpağın qeydə alınması Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şəki rayon şöbəsindən xahiş edilmişdir. Torpaq sahəsinin sxematik planı Tikinti və Memarlıq Şöbəsinin müdiri baş memar və DTXK Şəki rayon şöbəsinin müdiri tərəfindən hazırlanaraq möhürlə təsdiq edilmişdir. Bundan sonra torpaq sahəsi ayrılmasına sahəni seçmə aktı tərtib edilmiş və müvafiq orqanların möhürləri ilə təsdiqlənərək imzalanmışdır. Odur ki, Şəki İnzibati məhkəməsinin 14 oktyabr 2021-ci il tarixli, 2-1(116)-695/2021 saylı qərarının ləğv edilərək iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək onun apellyasiya şikayətinin təmin edilməsini və Şəki İnzibаti Məhkəməsinin 14 oktyabr 2021-ci il tarixli, 2-1(116)-695/2021 saylı qərarının ləğv edilərək iddianın təmin edilməsi xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 12 saylı Şəki ərazi idarəsinin nümayəndəsi X2 oğlu apellyasiya şikayətinin təmin edilməməsini və Şəki İnzibаti Məhkəməsinin 14 oktyabr 2021-ci il tarixli, 2-1(116)-695/2021 saylı qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əsaslandırma hissəsi: İddiaçının apellyasiya şikayəti uğurlu sayılır. Belə ki, o, mahiyyət etibarı ilə əsaslıdır. Ona görə də, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməlidir. Məhkəmə kollegiyası işdə olan sübutları qiymətləndirərək hesab edir ki, iddiaçının tələbinin təmin olunmamasında ifadə olunan cavabdeh inzibati orqanın hərəkətləri qanunsuzdur. İddia mümkün iddia olduğuna görə birinci instansiya məhkəməsi iddiaya mahiyyət üzrə baxmışdır. Belə ki, baxılan işdə söhbət Azərbaycan Respublikası İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı Azərbaycan Respublikası İPM-in 2.2.3 və 34.1-ci maddələrinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir. Həmin iddia növü üçün qanunda nəzərdə tutulmuş xüsusi mümkünlük şərti təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etməsi, sonuncu tərəfindən müraciətinin qanunla müəyyən edilmiş müddət ərzində cavablandırılmaması və ya müraciətinin təmin edilməməsidir. İddiaçı hazırkı tələblə əvvəlcədən cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır. Apellyasiya şikayəti vaxtında, birinci instansiya məhkəməsinin qərarı iddiaçıya təqdim olundugu gündən İPM-in 85.1-ci maddəsində müəyyən edilmiş 30 gün müddətində verilmiş, İPM-in 85.1-ci, 85.2 -ci və 85.3-cü maddələrinə uyğun olaraq şikayət formal baxımından lazımi qaydada əsaslandırılmış, əsaslandırma hissəsində iddiaçının tələbi göstərilmişdir. İşin faktiki hallı ondan ibatrətdir ki, Şəki bələdiyyəsinin 28.09.2007-ci il tarixli 11 saylı iclas protokolundan çıxarışa əsasən 73 nömrəli qərarla iddiaçıya Şəki şəhərinin 120-ci kvartalı ərazisindən fərdi yaşayış evi tikmək üçün 600 kv.metr torpaq sahəsi ayrılmışdır. Torpağın qeydə alınması Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şəki rayon şöbəsindən xahiş edilmişdir. Torpaq sahəsinin sxematik planı Tikinti və Memarlıq Şöbəsinin müdiri baş memar və DTXK Şəki rayon şöbəsinin müdiri tərəfindən hazırlanaraq möhürlə təsdiq edilmişdir. Bundan sonra torpaq sahəsi ayrılmasına sahəni seçmə aktı tərtib edilmiş və müvafiq orqanların möhürləri ilə təsdiqlənərək imzalanmışdır. 0,06 ha torpaq sahəsinin satılmasına görə torpağın dəyəri 25 sentyabr 2008-ci il tarixdə bank hesabına köçürülmüşdür. Həmin torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestri xidmətində qeydə alınması zərurəti yarandığından cavabdeh orqana aidiyyəti üzrə müraciət etmiş, həmin orqan 10.03.2021-ci ildə qeyd edilən torpağın rəsmi alqı-satqı aktı olmadığından iddiaçının tələbindən imtina etmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etməməklə Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə MM) 30.1-ci maddəsinə istinad edərək qərarında qeyd etmişdir ki, Qeyd olunan normaların tələbindən də göründüyü kimi, qanunverici Mülki Məcəllədə yetkinlik yaşına çatmamış şəxslərə münasibətdə, onların bağlaya biləcəkləri əqdlərin qəti dairəsini müəyyən etmiş, onların bağlaya biləcəyi əqdləri xırda məişət əqdləri ilə məhdudlaşdırmışdır. Yəni, xx.xx.1990-cı il təvəllüdlü iddiaçı, müvafiq bələdiyyə qərarının qəbul olunduğu 28.09.2007-ci il tarixdə hələ 17 yaşında olmaqla yetkinlik yaşına çatmamış şəxs olmuş, lakin Şəki bələdiyyəsi bu halı nəzərə almadan, yetkinlik yaşına çatmayan şəxsə münasibətdə torpaq sahəsinin satılması kimi qərar qəbul etmişdir. İddiaçı qərarın qəbul edildiyi anda ümumiyyətlə mülki qanunvericiliyin tələblərinə əsasən həmin torpaq sahəsinin alqı-satqısına münasibətdə tərəf olmaq hüququna, yəni tam mülki hüquqi fəaliyyət qabiliyyətinə malik olmamışdır. İş üzrə qanuni nümayəndələrinin yazılı razılığı və ya emansipasiya faktını təsdiq edən sənəd aşkar edilməmiş, iddiaçı həmin dövrdə subay olmuşdur. “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşması qaydaları haqqında” Əsasnamənin: 18-ci bəndinıə görə, müvafiq icra hakimiyyəti orqanı 10 gün müddətində bələdiyyənin və ərizəçinin iştirakı ilə ayrılması nəzərdə tutulan torpaq sahəsinin yerini, habelə torpaq sahəsinin yerləşdiyi zonanı (torpaq sahəsinin normativ qiymətini müəyyən etmək üçün) dəqiqləşdirir. 19-cu bəndinə əsasən, ayrılması nəzərdə tutulan torpaq sahəsinin məqsədli təyinatı yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olduğu halda müvafiq icra hakimiyyəti orqanı yerquruluşu işlərini (planalma) aparır və həmin yerin planı və ölçüsünü sahənin ölçüsündən asılı olaraq tələb olunan miqyasda (1:500, 1:2000, 1:5000 və ya 1:10000 miqyasında) hazırlayır. 23-cü bəndində göstərilmişdir ki, bu Əsasnamənin 10-cu bəndində nəzərdə tutulmuş hallarda bələdiyyə müvafiq icra hakimiyyəti orqanından daxil olmuş sənədlər əsasında 15 gündən gec olmamaqla, bələdiyyənin növbəti iclasında torpağın mülkiyyətə ayrılması haqqında qərar qəbul edir və bu barədə 3 gün müddətində ərizəçiyə bildiriş göndərir. Qərarda torpağın təyinatına uyğun olaraq bazar qiyməti nəzərə alınmaqla, torpağın qiyməti və 60 gündən gec olmamaqla, torpağın dəyərinin ödənilməsi müddəti müəyyən edilir. Qərarla müəyyən edilən müddətdə ərizəçi ilə bələdiyyə arasında alqı-satqı müqaviləsi bağlanılmalı və torpağın dəyəri ödənilməlidir. Əgər bu müddətdə müqavilə bağlanılmazsa və torpağın dəyəri ödənilməzsə, bələdiyyə tərəfindən torpağın mülkiyyətə ayrılması barədə qərar ləğv edilir. Göründüyü kimi, bələdiyyə müvafiq icra hakimiyyəti orqanından daxil olmuş sənədlər əsasında 15 gündən gec olmamaqla, bələdiyyənin növbəti iclasında torpağın mülkiyyətə ayrılması haqqında qərar qəbul etməklə bu barədə 3 gün müddətində ərizəçiyə bildiriş göndərir. Qərarla müəyyən edilən müddətdə ərizəçi ilə bələdiyyə arasında alqı-satqı müqaviləsi bağlanılmaqla torpağın dəyəri ödənilməlidir. Qeyd olunan müddətdə müqavilə bağlanılmazsa və torpağın dəyəri ödənilməzsə, bələdiyyə tərəfindən torpağın mülkiyyətə ayrılması barədə qərar ləğv edilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 24.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2-ci maddəsinə görə, inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.4-cü maddəsinə əsasən, təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Lakin birinci instansiya məhkəməsi işi tam araşdırmamış və ona görə də düzgün nəticə gəlməmişdir. Belə ki, məhkəmə kollegiyası qeyd edir ki, Şəki bələdiyyəsinin 0,06 ha torpaq sahəsinin İddiaçı satılması barədə 28 sentyabr 2007-ci il tarixli, 73 saylı qərarı əqd deyil, inzibati aktdır. Həmin inzibati akt hal-hazıra kimi ləğv edilməmişdir. Üçüncü şəxs Şəki bələdiyyəsinin məhkəməyə yazmış olduğu 22 aprel 2021-ci il tarixli, 378 nömrəli məktubundan və işə əlavə edilmiş 25 sentyabr 2008-ci il tarixli bank qəbzindən görünür ki, İddiaçı ilə Şəki bələdiyyəsi arasında 0,06 ha torpaq sahəsinin alqısatqısına dair hərəkətlər onun 18 yaşı tamam olduğu zaman baş tutmuşdur. Habelə Şəki bələdiyyəsi 0,06 ha torpaq sahəsinin iddiaçıya satılması, torpağın satılmasına görə 1200 manat pulun onun bank hesabına tam məbləğdə ödənilməsini etiraf edir və bu barədə arayış da təqdim etmişdir. Belə bir əqdin bağlanmasını həm iddiaçı, həm də maraqlı olan üçüncü şəxs Şəki bələdiyyəsi təsdiq edir, həmin torpaq sahəsinin dövlət reyestirində qeydə alınması barədə iddianın təmin edilməsinə etiraz etmir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8.0.1-ci maddəsinə görə qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasdır. Göründüyü kimi üçüncü şəxs Şəki bələdiyyəsinin İddiaçı 0,06 ha torpaq sahisinin satmasına dair 28 sentyabr 2007-ci il tarixli aktının olması və onların arasında torpaqın alqı-satqına dair hərəkətlərin faktiki olaraq baş verməsi, torpaq sahəsinin ayrılmasına sahənin seçmə aktı və Tikinti və Meməarlıq söbəsi və DTXK Şəki rayon şöbəsi tərəfindən təsdiq edilmiş torpaq sahəsinin sxeminin mövcud olması, həmin torpaq sahəsinin dövlət reyestrində qeydə alınmasına əsəs verir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun: 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Məhkəmə kollegiyası hesab edir ki, fiziki və ya hüquqi şəxslərin etimadı iki halda qorunur ki, bunlardan birincisi, inzibati orqanların inzibati praktikası, ikincisi isə, müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədləri və bəyanatlarıdır. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericiliyin tələbi baxımından mübahisə predmeti olan torpaq sahəsi iddiaçıya qanunla müəyyən edilmiş qaydada ayrıldığından və torpaq sahəsinə dair qərar hüquqların dövlət qeydiyyatı üçün əsas hesab edildiyindən iddiaçının həmin torpaq sahəsi üzərində hüquqları dövlət qeydiyyatına alınmalıdır. Belə ki, yuxarıda şərh olunan qanunvericiliyin tələbi baxımından mübahisə predmeti olan torpaq sahəsi iddiaçının qanuni istifadəsində olmuşdur. Məhkəmə kollegiyasının qənaətinə görə, cavabdeh İddiaçı Şəki bələdiyyəsinin 28.09.2007-ci il tarixli 11 saylı iclas protokolundan çıxarışa əsasən 73 nömrəli qərarla iddiaçıya Şəki şəhəri 120-ci kvartal ərazisində fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 600 kv.m. torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsindən imtina etməklə düzgün nəticəyə gəlməmişdir. Odur ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Şəki İnzibati Məhkəməsinin 14 oktyabr 2021-ci il tarixli, 2-1(116)-695/2021 nömrəli qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iş üzrə iddia tələbi təmin edilməli, İddiaçı "Şəki bələdiyyəsinin 28.09.2007-ci il tarixli 11 saylı iclas protokolundan çıxarışa əsasən 73 nömrəli qərarla Şəki şəhəri 120-ci kvartal ərazisində fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 600 kv.m. torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyi” Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 12 saylı Şəki Ərazi İdarəsinin üzərinə qoyulmalıdır. Azərbаycаn Respublikаsı İnzibаti Prosessuаl Məcəlləsinin 87.6-cı mаddəsinə əsаsən iddiaçının apellyasiya şikayəti təmin edilərək, birinci instаnsiyа məhkəməsinin qərаrı ləğv edilməli, yeni qərar qəbul edilərək iddia təmin edilməlidir. Nəticəvi hissə: Yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Şəki İnzibati Məhkəməsinin 14 oktyabr 2021-ci il tarixli, 2-1(116)-695/2021 nömrəli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İş üzrə iddia tələbi təmin edilsin. İddiaçı "Şəki bələdiyyəsinin 28.09.2007-ci il tarixli 11 saylı iclas protokolundan çıxarışa əsasən 73 nömrəli qərarla Şəki şəhəri 120-ci kvartal ərazisində fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 600 kv.m. torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyi” Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 12 saylı Şəki Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar