Məhkəmə qərarları › İş №2-1(107)-56/2023

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-56/2023

26.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-56/2023 26.04.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, Atababayev Faiq Gülağa oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 18 saylı ünvan 1 ünvanında yerləşən, anasından iddiaçıya vərəsəlik yolu ilə keçən 87,1 kv.m torpaq sahəsində yerləşən 71,98 kv.m olan qeyri-yaşayış binasının altındakı torpaq sahəsinin iddiaçının xüsusi mülkiyyəti kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 19 oktyabr 2022-ci il tarixli 2-1(116)-1174/2022 nömrəli qərarından iş üzrə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, ünvan 2 ünvanında yerləşən, anasından iddiaçıya vərəsəlik yolu ilə keçən 87,1 kv.m torpaq sahəsində yerləşən 71,98 kv.m olan qeyri-yaşayış binasının altındakı torpaq sahəsinin iddiaçının xüsusi mülkiyyəti kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsinin əsaslarına görə, iddiaçı xx.xx.2004-cü il tarixdə Əliabad qəsəbə sakini X4 “Qaynaq” kiçik müəssisəsinə məxsus Zaqatala şəhəri V.İsmayılov küçəsinin Ç.Atalov küçəsi ilə kəsişdiyi yerdə yerləşən tikintialtı torpaq sahəsi 76,8 kv.m, həcmi 30 kubmetr olan mağaza binasının yarımçıq tikilisini notariusun təsdiq etdiyi alqı-satqı müqaviləsi əsasında almışdır. Həmin mağazanın inşasını başa çatdırdıqdan sonra iddiaçı mağaza binasını və altındakı torpaq sahəsini onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün müraciət etmiş, daha sonra həmin mağaza binasını anası X7 bağışlamışdır. İddiaçının anası xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. Onun vəfatından sonra xx.xx.2021-ci il tarixdə iddiaçı notariusa müraciət edərək həmin əmlak üzərində Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almışdır. Hal-hazırda iddiaçıya məlum olmuşdur ki, mağazanın yerləşdiyi torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət və hüququn növü düzgün qeydiyyata alınmamışdır. Belə ki, reyestrdən verilmiş çıxarışdan görünür ki, mağazaaltı torpaq sahəsinin mülkiyyəti Dövlət, hüququn növü isə istifadə yazılmışdır. İddiaçı hesab edir ki, bu qeydiyyat texniki səhv olaraq aparılmışdır. Bu səbəblə iddiaçı cavabdehə hazırkı tələblə müraciət etmiş, lakin onun müraciəti təmin olunmamışdır.

3. Cavabdeh xx.xx.2021-ci il tarixli **********09 nömrəli imtina məktubunda qeyd etmişdir ki, 18 saylı Zaqatala Ərazi İdarəsində mövcud olan elektron baza məlumatlarında qeydiyyata alınması nəzərdə tutulan 78 kv.m torpaq sahəsi dövlət mülkiyyəti torpaqlarına aiddir. Bununla da həmin torpaq sahəsinin dövlət mülkiyyəti torpaqlarına aid olubolmaması ilə bağlı şübhə doğuran hallar yaranmışdır. Yuxarda qeyd olunanlara əsasən həmin 78 kv.m torpaq sahəsinin dövlət mülkiyyəti torpaqlarına aid olub-olmamasını müəyyən etmək məqsədi ilə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Şəki ərazi şöbəsinə 02 noyabr 2021-ci iİ tarixli, ********** nömrəli məktubla müvafiq sorğu göndərilmişdir. Həmin sorğu xx.xx.2021-ci il tarixli, ********** nömrəli məktubla cavablandırılmışdır. Cavab məktubunda qeyd olunmuşdur ki, “vətəndaş İddiaçı torpağın mülkiyyət hüququnun qeydə alınması ilə bağlı müraciətində yaranmış şübhələrlə bağlı sorğu ƏMDX-nın Şəki ərazi şöbəsinin mütəxəssisləri tərəfindən araşdırılmışdır. Araşdırma zamanı məlum olmuşdur ki, sözügedən torpaq sahəsi torpaq elektron kadastr uçot informasiya sistemində (TEKUİS) və kadastr baza məlumatlarında dövlət mülkiyyəti kimi əks olunmuşdur”. Qeyd olunanlara əsasən müraciətin təmin olunması mümkün olmamışdır.

4. Şəki İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(116)-521/2022 nömrəli qərardadı ilə (hakim V.Musayev) iddia mümkün sayılmamışdır. İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli 2-1(107)-114/2022 nömrəli qərardadı ilə təmin edilmiş, Şəki İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(116)-521/2022 nömrəli qərardadı ləğv edilmiş, iddia mümkün sayılmış və iş yenidən baxılması üçün Şəki İnzibati Məhkəməsinə göndərilmişdir.

5. Cavabdeh xx.xx.2022-ci il tarixli **********81 nömrəli etiraz məktubunda iddiaçıya ünvanladığı imtina məktubunda göstərilənlərə əlavə olaraq qeyd etmişdir ki, sözügedən qeyri-yaşayış binası (mağaza) və həmin qeyri-yaşayış binasının yerləşdiyi 0,00871 ha torpaq sahəsinin mülkiyyət növü dövlət olmaqla iddiaçının mərhum anası X2 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və xx.xx.2010-cu il tarixli, ********** qeydiyyat nömrəli çıxarışla rəsmiləşdirilmişdir. Etiraz olaraq həmçinin bildirilir ki, dövlətə məxsus olan qeyd olunan torpaq sahəsini 05 fevral 2000-ci il tarixində bələdiyyə mülkiyyəti kimi özgəninkiləşdirilməsi barədə səlahiyyətsiz şəxs Zaqatala Rayon İcra Hakimiyyəti tərəfindən sərəncam qəbul edilmişdir. Belə ki, aparılan araşdırma zamanı məlum olmuşdur ki, sözügedən mağazanın yerləşdiyi torpaq sahəsi dövlət mülkiyyətinə aid olduğu üçün onun barəsində sərəncam vermək hüququ həmin dövrdə Azərbaycan Respublikasının Dövlət Əmlak Komitəsinə məxsus olmuşdur (“Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin yerləşdiyi torpaq sahələrinin satılması qaydaları haqqında” Əsasnamənin təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Prezidentinin 19 dekabr 1997-ci il tarixli, 659 nömrəli Fərmanının köhnə versiyasının 3-cü bəndində qeyd olumuşdur ki, Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsinə tapşırılsın ki, bu fərmandan irəli gələn tədbirləri həyata keçirsin). Hal-hazırda da həmin səlahiyyətləri Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti həyata keçirir.

6. Cavabdeh etiraz məktubunda iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

7. Birinci instansiya məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(116)-1174/2022 nömrəli qərardadı ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti hazırkı iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində zəruri cəlb edilmişdir.

8. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir.

9. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən cavabdehin nümayəndəsi cavabdehin etiraz məktubunun məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

10. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

11. Şəki İnzibati Məhkəməsinin (hakim Fərid İsmayılzadə) 19 oktyabr 2022-ci il tarixli 2-1(116)-1174/2022 nömrəli qərarı ilə iddia tələbinin təmin edilməməsi qərara alınmışdır.

12. İddiaçı həmin qərardan apellyasiya şikayəti vermişdir.

13. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə inzibati iş üzrə mütəxəssis rəyinin verilməsi qərara alınmış, mütəxəssis rəyinin verilməsi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsinin mütəxəssislərinə həvalə edilmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ

14. İddiaçı apellyasiya şikayətini iddia ərizəsinin dəlilləri ilə əsaslandırmış və apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 19 oktyabr 2022-ci il tarixli 2-1(116)-1174/2022 nömrəli qərarının ləğv edilməsini, iddia tələbinin təmin olunması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.

TƏRƏFLƏRİN İZAHATLARİ

15. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 19 oktyabr 2022-ci il tarixli 2-1(116)- 1174/2022 nömrəli qərarının ləğv edilməsini, iddia tələbinin təmin olunması barədə yeni qərar çıxarılmasını xahiş etdi.

16. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X12 apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin 19 oktyabr 2022-ci il tarixli 2-1(116)-1174/2022 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi.

17. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq üçüncü şəxs nümayəndəsinin iştirakını təmin etməmişdir.

18. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin (bundan sonra Azərbаycаn Respublikаsının İPM və ya İPM) 62.3-cü mаddəsi).

19. İş materiallarında olan aşağıda sadalanan sənədlərin məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: - Zaqatala RİH başçısının xx.xx.2000-ci il tarixli 33 nömrəli sərəncamından çıxarışın təsdiq olunmuş arxiv nüsxəsindən görünür ki, həmin sərəncamla “Qaynaq” kiçik müəssəsinə “tikinti materialları” mağazasının tikintisi üçün torpaq sahəsinin seçilməsi haqqındakı komissiyanın xx.xx.1999-cu il tarixli aktı təsdiq edilmiş, şəhəri Xətai küçəsi ilə Ç.Atalov küçəsinin kəsişdiyi ərazidən “tikinti materialları” mağazasının tikintisi üçün 78 kv.m torpaq sahəsinin “Qaynaq” kiçik müəssisəsinin alqı-satqı qaydasında mülkiyyətinə verilməsinə ilkin razılıq verilmişdir. - Zaqatala RİH başçısının xx.xx.2000-ci il tarixli 238 nömrəli sərəncamından çıxarışın arxiv nüsxəsindən görünür ki, həmin sərəncamla “Qaynaq” kiçik müəssisəsinə həmin torpaq sahəsində Memarlıq və tikinti şöbəsi ilə razılaşdırılmış layihəyə uyğun olaraq mağaza tikintisinə icazə verilmişdir. - xx.xx.2004-cü il tarixli 209374 nömrəli “Müqavilə”nin təsdiq olunmuş arxiv nüsxəsindən görünür ki, “Qaynaq” kiçik müəssisəsinin təsisçisi X1 şəhəri V.İsmayılov küçəsi ilə Ç.Atalov küçəsinin kəsişdiyi yerdə yerləşən, tikintialtı sahəsi 76,8 kv.m, həcmi 230 m3 olan mağaza binasının yarımçıq tikilisini İddiaçı satmışdır. - xx.xx.2010-cu il tarixli “Qeyri-yaşayış binasının bəxşişi” müqaviləsinin təsdiq olunmuş arxiv nüsxəsindən görünür ki, iddiaçı Məmmədov X10 rayon DTİ, MHQ və Şəhərsalma Kadastrı İdarəsi tərəfindən verilmiş xx.xx.2005-ci il tarixli, reyestr kitabı 02, səh. 59, qeydiyyat 65 olan qeydiyyat vəsiqəsinə və ƏMDK-nın yanında DƏDRX-nin Zaqatala rayonu ərazi idarəsi tərəfindən xx.xx.2010-cu ildə verilmiş, 510 nömrəli arayışa əsasən ona məxsus olan Zaqatala şəhəri V.İsmayılov küçəsində yerləşən 1 mərtəbəli, 2001-ci ildə tikilmiş, köməkçi sahəsi 0 kv.m, ümumi sahəsi 71,98 kv.m, əsas sahəsi 71,98 kv.m olan qeyri-yaşayış binasını (mağaza) anası X3 bağışlamışdır. - MA seriyalı ******* nömrəli xx.xx.2010-cu il tarixli çıxarışın təsdiq olunmuş arxiv nüsxəsindən görünür ki, ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 71,98 kv.m olan qeyri-yaşayış (mağaza) binası X2 xüsusi mülkiyyətindədir. Çıxarışdan həmçinin görünür ki, mağaza binasının yerləşdiyi 0,00871 ha torpaq sahəsinin mülkiyyət növü “dövlət”, hüququnun növü “istifadə”dir. - xx.xx.2010-cu ildə tərtib edilmiş texniki pasportun təsdiq olunmuş arxiv nüsxəsindən görünür ki, mağaza binası 0,00871 ha torpaq sahəsində yerləşir, binanın ümumi sahəsi 71,98 kv.m-dir. - xx.xx.2021-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamənin təsdiq olunmuş arxiv nüsxəsindən görünür ki, xx.xx.2020-ci il tarixdə vəfat etmiş X2 vərəsəsi oğlu İddiaçıdur. Miras əmlak Zaqatala şəhəri V.İsmayılov küçəsi 9c ünvanında istifadəsində olan 0,00871 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 71,98 kv.m olan qeyri-yaşayış binasından ibarətdir. - Əmlak Məsələləri Dövlət Xidmətinin Şəki ərazi şöbəsinin cavabdeh orqana ünvanladığı məktubun təsdiq olunmuş arxiv nüsxəsində qeyd olunur ki, vətəndaş İddiaçı torpağın mülkiyyət hüququnun qeydə alınması ilə bağlı müraciətində yaranmış şübhələrlə bağlı sorğu ƏMDX-nın Şəki ərazi şöbəsinin mütəxəssisləri tərəfindən araşdırılmışdır. Araşdırma zamanı məlum olmuşdur ki, sözügedən torpaq sahəsi torpaq elektron kadastr uçot informasiya sistemində (TEKUİS) və kadastr baza məlumatlarında dövlət mülkiyyəti kimi əks olunmuşdur. - DƏDKR PHŞ-nin xx.xx.2023-cü il tarixli məktubuna əlavə edilmiş mütəxəssis rəyindən görünür ki, ünvan 2 ünvanında 87.1 kv.m torpaq sahəsində yerləşən 71.98 kv.m olan qeyri-yaşayış binasının altındakı torpaq sahəsi İdarənin xidməti istifadəsində olan elektron baza məlumatlarına əsasən mülkiyyət növü-dövlət olmaqla iddiaçının mərhum anası X2 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və xx.xx.2010-cu il tarixli ********** qeydiyyat nömrəli çıxarışla rəsmiləşdirilmişdir. İddiaçının naturada istifadə etdiyi qeyri-yaşayış tikilisinin yerləşdiyi 87.10 kv.m torpaq sahəsinin yerləşmə vəziyyəti, ölçüləri, koordinatları tərtib edilmiş yerquruluşu planında göstərilmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

20. İnzibati Prosessual Məcəllə: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

21. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır; 139.3-cü maddəsinə görə daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir; 139-1.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. 152.1-ci maddəsinə görə mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

22. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının 29 iyun 2004-cü il tarixli 713-İİQ nömrəli Qanununa əsasən, qeydiyyat orqanı – daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır (1.0.4.). Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (2.1). 8.0-ci maddəsində daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunnan halları müəyyən edilmiş, 15-ci maddəsində isə hüquqların qeydə alınmasından imtina oluna bilən hallar öz təsbitini tapmışdır. 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar, 8.0.3-cü maddəsinə görə daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. 11.1-ci maddəsinə görə hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır; 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər; 23.2-ci maddəsinə görə isə daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər.

23. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin: Azərbaycan Respublikasının hüdudları daxilində yerləşən bütün torpaqlar onun vahid torpaq fondunu təşkil edir. Məqsədli təyinatına və hüquqi rejiminə uyğun olaraq Azərbaycan Respublikasının torpaqları aşağıdakı kateqoriyalara bölünür: kənd təsərrüfatı təyinatlı torpaqlar, yaşayış məntəqələrinin (şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin) torpaqları, sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar, xüsusi qorunan ərazilərin torpaqları, meşə fondu torpaqları, su fondu torpaqları, ehtiyat fondu torpaqları.( 9-cu maddə). 66.1-ci maddəsinə əsasən, dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur; 67.1-ci maddəsinə görə torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır; 111.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur; 111.2-ci maddəsinə görə özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaq qanunvericiliyinin yuxarıda qeyd olunan normalarından da göründüyü kimi, Azərbaycan Respublikasının ərazisində torpaqlar onların kateqoriyasına (məqsədli təyinatına) uyğun istifadə edilməlidir.

24. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır.

APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ

25. İddiaçının apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Apellyasiya şikayəti mümkündür, lakin əsaslı deyil, ona görə də apellyasiya şikayəti uğurlu olmayacaqdır.

26. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.

27. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.

28. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

29. Birinci instansiya məhkəməsi iddianı təmin etməmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

30. Məhkəmə kollegiyası tərəfindən aparılan araşdırma zamanı müəyyən edildi ki, mübahisəli torpaq sahəsi dövlət mülkiyyətinə aid olan torpaq sahəsidir. Torpaq sahəsi ilə bağlı ərtaflı arayışın və mütəxəssis rəyinin alınması məqsədilə birinci instansiya məhkəməsi tərəfindən verilmiş sorğuya cavab olaraq təqdim olunmuş smeta iddiaçıya göndərilmiş, iddiaçı tərəfindən xx.xx.2022-ci il tarixli məktubla smeta üzrə ödənişin həyata keçirilməsindən imtina edilmişdir. Odur ki, məhkəmə cavabdeh tərəfindən torpaq sahəsi ilə bağlı təqdim edilmiş məlumatlara istinadən işin hallarına hüquqi qiymət vermişdir.

31. Məhkəmə kollegiyası tərəfindən işin hallarının araşdırılması zamanı müəyyən edilmişdir ki, iş üzrə iddiaçı tərəfindən iddia tələbinin əsaslandırılması üçün istinad olunan müqavilələrdə və vərəsəlik hüququ haqqında şəhadətnamədə mübahisəli 87,1 kv.m torpaq sahəsinə dair məlumatlardan qeyri-yaşayış binasının təsvir edilməsi üçün istifadə olunmuş, Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədə miras əmlak qismində torpaq sahəsi deyil, ümumi sahəsi 71,98 kv.m olan qeyri-yaşayış binası göstərilmişdir. Mübahisəli torpaq sahəsinin nə iddiaçıya, nə də onun mərhum anasına satılmasına və ya bağışlanmasına dair mülki hüquqi əqd və ya torpaq sahəsinin ayrılması ilə bağlı inzibati akt aşkar edilməmişdir. X2 adına tərtib edilmiş MA seriyalı ******* nömrəli xx.xx.2010-cu il tarixli çıxarışda da mağaza binasının yerləşdiyi 0,00871 ha torpaq sahəsinin mülkiyyət növü “dövlət” olaraq göstərilmişdir.

32. Bununla yanaşı DƏDKR PHŞ-nin xx.xx.2023-cü il tarixli məktubuna əlavə edilmiş mütəxəssis rəyi ilə müəyyən edilmişdir ki, ünvan 2 ünvanında 87.1 kv.m torpaq sahəsində yerləşən 71.98 kv.m olan qeyri-yaşayış binasının altındakı torpaq sahəsi İdarənin xidməti istifadəsində olan elektron baza məlumatlarına əsasən mülkiyyət növü-dövlət olmaqla iddiaçının mərhum anası X2 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və xx.xx.2010-cu il tarixli ********** qeydiyyat nömrəli çıxarışla rəsmiləşdirilmişdir.

33. Məhkəmə kollegiyası qeyd edir ki, işin faktiki hallarına qeyd olunan normaların tələblərinin tətbiqi baxımından hüquqi qiymət verən birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, iddiaçının tələbinin təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübut olunmur, cavabdehin imtinasını əsaslı, iddianın təmin olunmasını isə istisna edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir, cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunur, cavabdehin imtinası qanunvericiliyə zidd olmamış və iddiaçının hüquqlarını pozmamış, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri)

34. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin, Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının 29 iyun 2004-cü il tarixli 713-İİQ nömrəli Qanununun, Torpaq Məcəlləsinin müddəalarını nəzərə alan məhkəmə kollegiyası qeyd edir ki, mübahisəli torpaq sahəsinin nə iddiaçıya, nə də onun mərhum anasına satılmasına və ya bağışlanmasına dair mülki hüquqi əqd və ya torpaq sahəsinin ayrılması ilə bağlı inzibati akt aşkar edilmədiyindən iddiaçının öz tələbini əsaslandırmaq üçün gətirdiyi dəlillər, işin faktiki halları, mütəxəssis rəyi və iş materiallarına əlavə edilən sənədlərlə öz təsdiqini tapmır.

35. Yuxarıda qeyd olunan işin hallarını, aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, Zaqatala şəhəri V.İsmayılov küçəsi 9c ünvanında yerləşən, anasından iddiaçıya vərəsəlik yolu ilə keçən 87,1 kv.m torpaq sahəsində yerləşən 71,98 kv.m olan qeyri-yaşayış binasının altındakı torpaq sahəsinin iddiaçının xüsusi mülkiyyəti kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina ilə bağlı cavabdehin hərəkətləri qanunauyğun olduğundan, birinci instansiya məhkəməsi gəldiyi nəticədə haqlı olmuşdur. Odur ki, iddiaçının apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilməməlidir.

36. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏRАRА АLDİ:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 19 oktyabr 2022-ci il tarixli 2-1(116)-1174/2022 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. İş üzrə məhkəmə kollegiyası tərəfindən təyin edilmiş mütəxəssis rəyinin xərci olan 95 (doxsan beş) manat İddiaçı aid edilsin. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar