Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-56/2025 31.01.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və X2 ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı “Yevlax rayon Havarlı bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 144/1 nömrəli qərarı ilə iddiaçıya fərdi yaşayış evinin tikintisi üçün Yevlax rayonu Havarlı kəndinin ərazisindən ayrılmış 0,12 ha ölçüdə torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 27 avqust 2024-cü il tarixli 2-1(116)-348/2024 nömrəli qərarından iş üzrə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, Yevlax rayon Havarlı bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 144/1 nömrəli qərarı ilə iddiaçıya fərdi yaşayış evinin tikintisi üçün Yevlax rayonu Havarlı kəndinin ərazisindən ayrılmış 0,12 ha ölçüdə torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Şəki İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(116)-348/2024 nömrəli qərardadı ilə Yevlax rayon Havarlı bələdiyyəsi üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir.
3. Şəki İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(116)-348/2024 nömrəli qərardadı ilə Mingəçevir bələdiyyəsi üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir.
4. İddia ərizəsinin əsaslarına görə, Yevlax rayonu Havarlı bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 144/1 nömrəli qərarı ilə fərdi yaşayış evinin tikintisi üçün Yevlax rayonu Havarlı kəndinin ərazisindən 0.12 ha ölçüdə torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsinin ayrılması və alqı-satqısı üçün nəzərdə tutulan 192 (bir yüz doxsan iki manat) məbləğində pul vəsaitini bələdiyyənin müxbir hesabına ödəmişdir. Bundan sonra bələdiyyənin həyətyanı sahəyə dair yerquruluşu planı hazırlanmışdır. İddiaçı həmin torpaq sahəsinin üzərində mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması üçün sənədlərini toplayaraq aidiyyatı qaydada cavabdehə ərizə ilə müraciət etmişdir. Lakin cavab məktubu ilə tələbi təmin olunmamış və imtina verilmişdir.
5. Cavabdeh birinci instansiya məhkəməsinə təqdim etdiyi etiraz məktubunda qeyd etmişdir ki, 0.12 ha torpaq sahəsinin ayrılmasına dair Yevlax rayonu Havarlı bələdiyyəsi tərəfindən qəbul edilmiş 22 oktyabr 2007-ci il tarixli, 144/1 nömrəli qərarı və həmin qərar əsasında bələdiyyə ilə iddiaçı arasında bağlanmış 1841 qeydiyyat nömrəsi ilə ləğv edilmiş DTXK-nin Yevlax rayon şöbəsində xx.xx.2007-ci il tarixində qeydə alınmış “torpaq sahəsinin alqı-satqısına dair aktın olması barədə məlumat ləğv edilmiş DTXK-nin Yevlax rayon şöbəsi tərəfindən 17 saylı Yevlax Ərazi İdarəsinə təhvil verilmiş arxiv materiallarında aşkarlanmamışdır. Həmçinin, İddiaçı ayrılmış torpaq sahəsinə dair “Torpaq sahəsinin planı və ölçü” sənədi ləğv edilmiş DTXK-nin Yevlax rayon şöbəsi tərəfindən tərtib edilmədiyi üçün, yerquruluşu planına əsasən sözügedən ərazinin sərhəddini, yerləşmə vəziyyətini və döngə nöqtələrinin koordinatlarını müəyyən etmək mümkün deyildir.
6. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir.
7. Birinci instansiya məhkəməsinin iclasında cavabdehin nümayəndəsi etiraz məktubunun məzmuna uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
8. Şəki İnzibati Məhkəməsinin (hakim Fəxri Hacızadə) 27 avqust 2024-cü il tarixli 2- 1(116)-348/2024 nömrəli qərarı ilə iddia tələbinin təmin edilməməsi qərara alınmışdır.
9. İddiaçı həmin qərardan apellyasiya şikayəti vermişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ
10. İddiaçı apellyasiya şikayətini iddia ərizəsinin dəlilləri ilə əsaslandırmış və apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 27 avqust 2024-cü il tarixli 2-1(116)-348/2024 nömrəli qərarının ləğv edilməsini, iddia tələbinin təmin olunması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. TƏRƏFLƏRİN İZAHATLARİ
11. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 27 avqust 2024-cü il tarixli 2-1(116)-348/2024 nömrəli qərarının ləğv edilməsini, iddia tələbinin təmin olunması barədə yeni qərar çıxarılmasını xahiş etdi.
12. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X5 apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin 27 avqust 2024-cü il tarixli 2-1(116)-348/2024 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
13. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasına gəlməmiş, üçüncü şəxslər nümayəndələrinin iştirakını təmin etməmişdir.
14. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi).
15. İş materiallarında olan aşağıda sadalanan sənədlərin məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişdir:
1. Cavabdehin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, iddiaçının ilkin tələbinin icrasından imtina olunmuşdur.
2. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Yevlax rayon Şöbəsinin xx.xx.2007-ci il tarixli 17-9/409 nömrəli məktubundan görünür ki, Şöbə torpaq sahəsinin satılmasına etiraz etməmişdir.
3. xx.xx.2007-ci il tarixli ödəniş qəbzinə əsasən iddiaçı Yevlax rayonu Havarlı bələdiyyəsinin hesabına 192 AZN ödəniş edilmişdir.
4. Yevlax rayonu Havarlı bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 144/1 nömrəli qərarından görünür ki, 0,12 ha torpaq sahəsinin iddiaçıya satılması qərara alınmışdır.
5. Cavabdehin xx.xx.2024-cü il tarixli məlumatı.
6. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 17 saylı Yevlax Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-3-35/2-534/2024 nömrəli məktubuna əlavə edilmiş mütəxəssis rəyi.
7. Yevlax rayonu Havarlı bələdiyyəsinin məhkəmə kollegiyasına təqdim edilmiş xx.xx.2024-cü il tarixli məktubuna əsasən, Yevlax rayonu Havarlı kənd sakini İddiaçı həyətyanı məqsədilə ayrılan torpaq sahəsi Havarlı bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsidir. Həmin torpaq sahəsi Havarlı bələdiyyəsinin kənd altı xəritəsinə, bələdiyyənin baş planı xəritəsinə uyğun olaraq Havarlı bələdiyyəsinin tam mülkiyyətinə aiddir. Həmin torpaq sahəsi Havarlı kənd sakinlərinə X3 Sovetinin qərarı ilə ayrılmış həyətyanı torpaq sahələrinə bitişik yaxın ərazidə yerləşir. Sözügedən ərazidə heç bir mübahisə yoxdur.
8. Məhkəmə kollegiyasının sorğusuna cavab olaraq cavabdeh tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli arayışına əsasən, yerli baxış zamanı Ərazi İdarəsi tərəfindən verilmiş imtinanın mahiyyətini təşkil edən Yevlax rayonu Havarlı bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 144/1 nömrəli Qərarı əsasında hazırlanmalı olan torpaq sahəsinə dair "Torpaq sahəsinin planı və ölçüsü” sənədlərinin mövcud olmaması, eyni zamanda həmin torpaq sahəsinin elektron xəritə bazasında (TEKUİS) kənd təsərrüfatı təyinatlı torpaqlar, uqodiyası - su anbarları (nohurlar) altında torpaqlar olması vizual şəkildə tədqiq edilmişdir. Yerində müayinə zamanı tədqiq edilmiş iddia olunan torpaq sahəsinin yaxılığında yerləşən qeydiyyatdan keçmiş daşınmaz əmlakların hansı məsafədə yerləşməsi və hansı hüquqmüəyyənedici sənədlər əsasında özəlləşdirilməsinə münasibət bildirilməsi zərurəti yarandığından bildiririk: Yerli baxış zamanı müəyyən edilmiş, torpaq sahəsinin şərq hissəsində yerləşən qeydiyyatdan keçmiş daşınmaz əmlaklar iddia olunan torpaq sahəsinin 20 metr məsafəliyində yerləşir, ilkin hüquqmüəyyənedici sənədləri isə Ərazi idarəsi tərəfindən "AzeMİS” Elektron Məhkəmə Sistemi vasitəsi ilə iş üzrə yaradılmış elektron kabinetə yerləşdirilmişdir. Yekun olaraq bildirmək istəyirik ki, həmin ərazi Mingəçevir şəhərinin inzibati ərazisi daxilində yerləşir. İnzibati ərazi vahidlərinin sərhədləri ilə bağlı ortofoto iş üzrə yaradılmış elektron kabinetə yeləşdirilir. Ortofoda göstərilmiş qırmızı ərazi (hansı ki iddia olunan torpaq sahəsi də həmin ərazidə yerləşir) Mingəçevir şəhərinin inzibati ərazisidir. Tərtib edilmiş çıxarışlar Yevlax rayon inzibati ərazi daxilində yerləşdiyindən və hazırda da həmin rayon daxilində olduğundan çıxarışlar da Yevlax rayonu olaraq qeyd edilmişdir və mübahisə predmeti deyildir.
TƏTBİQ EDİLƏN HÜQUQ
16. İnzibati Prosessual Məcəllə: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
17. Azərbaycan Respublikasının Konstitusiyasının 145-ci maddəsinə (bələdiyyələrin qərarları) əsasən bələdiyyənin iclaslarında baxılan məsələlərə dair qərarlar qəbul edilir (İ). Bələdiyyənin qərarları bələdiyyə üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir (İİ). Yerli vergilər və ödənişlər ilə bağlı qərarlar bələdiyyə üzvlərinin üçdə iki səs çoxluğu ilə qəbul edilir (İİİ).
18. “Bələdiyyələrin statusu haqqında” Qanunun 1-ci maddəsində (yerli özünüidarə anlayışı) bələdiyyələr ümumi, bərabər, birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilmiş üzvlərindən ibarət nümayəndəli kollegial orqan olaraq təsbit edilmişdir.
19. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu: 7.1. Azərbaycan Respublikasının qanunvericiliyi ilə bələdiyyələrin ehtiyat fondunun aşağıdakı torpaqları xüsusi mülkiyyətə verilə bilər: 7.1.1. yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaqlar; 7.1.2. kənd təsərrüfatına az yararlı və yararsız torpaqlar;
20. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. 64.3. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. 64.4. Etibarsız inzibati aktın hüquqi qüvvəsi yoxdur.
APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ
21. İddiaçının apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Apellyasiya şikayəti mümkündür, lakin əsaslı deyil, ona görə də apellyasiya şikayəti uğurlu olmayacaqdır.
22. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.
23. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada hüquqlarını pozduğunu iddia edə bilər.
24. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
25. Birinci instansiya məhkəməsi iddianı təmin etməmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
26. Belə ki, hazırkı iş üzrə iddia olunan torpaq sahəsinin ayrılması barədə hüquqmüəyyənedici sənədin mötəbərliyi sübut olunmur. Belə ki, məhkəmə araşdırması zamanı iddia olunan torpaq sahəsinin Yevlax rayonu Havarlı bələdiyyəsinin mülkiyyətində olmadığı halda iddiaçıya satılması müəyyən edilmişdir. Cavabdehin xx.xx.2024-cü il tarixli məlumatından da göründüyü kimi iddia olunan torpaq sahəsi iddiaçıya ayrıldığı vaxt da, hazırda da Mingəçevir bələdiyyəsinin mülkiyyətindədir. Yevlax rayon Havarlı bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 144/1 nömrəli qərarı özlüyündə etibarsız qərar olmaqla hər hansı hüquqi nəticə yaratmır.
27. İddia olunan torpaq sahəsi ilə bağlı mütəxəssis rəyi tələb edilmiş və müəyyən edilmişdir ki, iddiaçının naturada göstərdiyi və iddia etdiyi torpaq sahəsinin döngə nöqtələri, koordinatları, sahəsi və yerləşmə vəziyyəti tərtib edilmiş yerquruluşu planında göstərilmişdir. Elektron məlumat bazasında mövcud olan Mingəçevir bələdiyyəsinin “X1 X4”ndəki xəritəsinə əsasəsn, iddiaçının naturada göstərdiyi və iddia etdiyi torpaq sahəsinin təyinatı (kateqoriyası) - kənd təsərrüfatı təyinatlı torpaqlar, uqodiyası -su anbarları (nohurlar) altında torpaqlar, mülkiyyətçisi - Mingəçevir bələdiyyəsidir.
28. Bundan başqa məhkəmə kollegiyasının sorğusuna da cavab olaraq təqdim edilmiş arayışdan və sənədlərdən müəyyən edilmişdir ki, yerli baxış zamanı Ərazi İdarəsi tərəfindən verilmiş imtinanın mahiyyətini təşkil edən Yevlax rayonu Havarlı bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 144/1 nömrəli Qərarı əsasında hazırlanmalı olan torpaq sahəsinə dair "Torpaq sahəsinin planı və ölçüsü” sənədlərinin mövcud olmaması, eyni zamanda həmin torpaq sahəsinin elektron xəritə bazasında (TEKUİS) kənd təsərrüfatı təyinatlı torpaqlar, uqodiyası - su anbarları (nohurlar) altında torpaqlar olması vizual şəkildə tədqiq edilmişdir. Yerində müayinə zamanı tədqiq edilmiş iddia olunan torpaq sahəsinin yaxılığında yerləşən qeydiyyatdan keçmiş daşınmaz əmlakların hansı məsafədə yerləşməsi və hansı hüquqmüəyyənedici sənədlər əsasında özəlləşdirilməsinə münasibət bildirilməsi zərurəti yarandığından bildiririk: Yerli baxış zamanı müəyyən edilmiş, torpaq sahəsinin şərq hissəsində yerləşən qeydiyyatdan keçmiş daşınmaz əmlaklar iddia olunan torpaq sahəsinin 20 metr məsafəliyində yerləşir, ilkin hüquqmüəyyənedici sənədləri isə Ərazi idarəsi tərəfindən "AzeMİS” Elektron Məhkəmə Sistemi vasitəsi ilə iş üzrə yaradılmış elektron kabinetə yerləşdirilmişdir. Yekun olaraq bildirmək istəyirik ki, həmin ərazi Mingəçevir şəhərinin inzibati ərazisi daxilində yerləşir. İnzibati ərazi vahidlərinin sərhədləri ilə bağlı ortofoto iş üzrə yaradılmış elektron kabinetə yeləşdirilir. Ortofoda göstərilmiş qırmızı ərazi (hansı ki iddia olunan torpaq sahəsi də həmin ərazidə yerləşir) Mingəçevir şəhərinin inzibati ərazisidir. Tərtib edilmiş çıxarışlar Yevlax rayon inzibati ərazi daxilində yerləşdiyindən və hazırda da həmin rayon daxilində olduğundan çıxarışlar da Yevlax rayonu olaraq qeyd edilmişdir və mübahisə predmeti deyildir.
29. Həmçinin, məhkəmə kollegiyası tərəfindən apellyasiya şikayətinə baxılaraq qanuni və obyektiv qərar qəbul edilməsi baxımından mübahisə predmeti olan torpaq sahəsinə tərəflərin işirakı ilə yerli baxış keçirilmiş və müəyyən edilmişdir ki, mübahisə predmeti olan torpaq sahəsinin özü və onun bir hissəsi qrunt sularının yığıldığı su hövzəsində (nohur) yerləşir. Həmçinin, mübahisəli torpaq sahəsi ilə eyni cərgədə bir neçə torpaq sahəsi və yaşayış evi yerləşir. Bununla bağlı cavabdeh inzibati orqan tərəfindən məhkəmə kollegiyasına təqdim edilmiş xx.xx.2024-cü il tarixli ********** qeydiyyat nömrəli və xx.xx.2024-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarışlarda həmin yaşayış evləri və torpaq sahələri Mingəçevir ərazisi kimi göstərilməklə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.
30. Qeyd edilməlidir ki, torpaq sahəsi üzərində hüquq həmin torpaq sahəsinin ayrılması barədə hüquqmüəyyənedici sənəd əsasında yaranır. Hüquqmüəyyənedici sənəd qanunla müəyyən olunmuş qaydada ləğv edilənə, geri çağırılana, dəyişdirilənə və ya etibarsız sayılana qədər qüvvədə sayılır və etibarlı hesab olunur. Bu mənada hüquqmüəyyənedici sənədlərin qüvvədə olduğu müddətdə, qeyd edilən sənədlərin aid olduğu konkret şəxsin həmin sənədə əsaslanan hüququ şəxsin müraciəti əsasında qeydiyyata alınmalıdır.
31. Müvafiq hüquqmüəyyənedici sənəd yalnız onu qəbul edən inzibati orqanın deyil, həm də suveren hakimiyyət daşıyıcısı olan digər inzibati orqanların da davranışını müəyyən edir. Başqa sözlə, inzibati orqanlar hüquqmüəyyənedici sənədin qüvvədə olduğu müddətdə onun məzmununa bağlıdırlar və ona uyğun davranmağa borcludurlar. Bu icra hakimiyyətinin vahidliyi prinsipindən və həmin orqanların səlahiyyət bölgüsündən irəli gəlir. Hazırkı mübahisəyə münasibətdə də qeyd olunan tələblər tətbiq edilməli, mübahisəyə dair qərar olunarkən həmin tələblər nəzərə alınmalıdır.
32. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək qeyd edir ki, iddiaçının tələbinin təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübut olunmur, cavabdehin imtinasını əsaslı, iddianın təmin olunmasını isə istisna edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir, cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunur, cavabdehin imtinası qanunvericiliyə zidd olmamış və iddiaçının hüquqlarını pozmamış, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur.
33. Yuxarıda qeyd olunan işin hallarını, aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, Yevlax rayon Havarlı bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 144/1 nömrəli qərarı ilə iddiaçıya fərdi yaşayış evinin tikintisi üçün Yevlax rayonu Havarlı kəndinin ərazisindən ayrılmış 0,12 ha ölçüdə torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina ilə bağlı cavabdehin hərəkətləri qanunauyğun olduğundan, birinci instansiya məhkəməsi gəldiyi nəticədə haqlı olmuşdur. Odur ki, iddiaçının apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilməməlidir.
34. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.2, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏRАRА АLDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 27 avqust 2024-cü il tarixli 2-1(116)-348/2024 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. İnzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.