Məhkəmə qərarları › İş №2-1(107)-560/2023

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-560/2023

06.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-560/2023 06.12.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, Atababayev Faiq Gülağa oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X1rşı “Ağsu rayon Dilman kəndində yerləşən zəlzələdən uçmuş evinin tam sökülərək yerində yeni evin tikilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 24 iyul 2023-cü il tarixli 2-1(116)-1667/2023 nömrəli qərarından iş üzrə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinə qarşı birinci instansiya məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək “zəlzələdən uçmuş evinin tam sökülüb yerində yeni evin tikilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. İnzibati işin məhkəmə iclasında iddiaçı tələbini dəqiqləşdirərək “cavabdeh orqan olaraq Fövqəladə Hallar Nazirliyinin Tikintidə X2 Agentliyi qeyd edilməsini və cavabdehin üzərinə Ağsu rayon Dilman kəndində yerləşən zəlzələdən uçmuş evinin tam sökülərək yerində yeni evin tikilməsi öhdəliyinin qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

3. Birinci instansiya məhkəməsinin xx.xx.2023-cü il tarixli iclas protokolunun qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir.

4. Birinci instansiya məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(116)-1667/2023 nömrəli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X1rşı “Ağsu rayon Dilman kəndində yerləşən zəlzələdən uçmuş evinin tam sökülərək yerində yeni evin tikilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə İddiaçı tərəfindən verilmiş iddia tələbinin dəyişdirilməsi barədə ərizə icraata qəbul edilmişdir.

5. İddia ərizəsinin əsaslarına görə 2019-cu ilin fevral ayında Ağsu, Şamaxı və İsmayıllı rayonlarında zəlzələ baş vermiş, nəticədə iddiaçıya məxsus Ağsu rayonu, Dilman kəndində yerləşən fərdi yaşayış evi yararsız vəziyyətə düşmüşdür. İddiaçı baş vermiş təbii fəlakət-zəlzələ nəticəsində fərdi yaşayış evinin qəzalı vəziyyətə düşməsini bildirərək, zəlzələdən uçmuş evinin tam sökülərək yerində yeni evin tikilməsi üçün cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir.

6. Cavabdeh orqan iddia tələbinə münasibətində qeyd etmişdir ki, 2019-cu ilin fevral ayının 5-də Respublikanın şimal-qərb bölgəsində baş vermiş zəlzələ nəticəsində Şamaxı, İsmayıllı və Ağsu rayonlarında yaşayış evlərinə, sosial və infrastruktur obyektlərə ciddi ziyan dəymişdir. Zəlzələnin nəticələrinin aradan qaldırılması məqsədilə Agentliyin bir qrup mütəxəssisləri tərəfindən yerli icra hakimiyyəti orqanının təqdim etdiyi siyahılar əsasında yerlərdə baxışlar keçirilmiş və müvafiq aktlar tərtib olunmuşdur. Dövlət büdcəsindən ayrılmış məqsədli vəsait hesabına zəlzələ zonasında təbii fəlakətin nəticələrinin aradan qaldırılması, ziyan dəymiş əhaliyə köməklik göstərilməsi üzrə müvafiq tədbirlər yerinə yetirilmişdir.

7. Yerli icra hakimiyyəti tərəfindən təqdim edilmiş siyahıya əsasən Agentliyin mütəxəssisləri 28 fevral 2019-cu il tarixdə Ağsu rayonu, Dilman kəndində olmuş, kənd sakinlərinə məxsus evlərlə yanaşı İddiaçı evinə də baxış keçirmiş və müvafiq akt tərtib etmişlər. Rayon İcra Hakimiyyətinin nümayəndəsi ilə tərtib edilmiş aktlar tutuşdurulan zaman, iddiaçıya məxsus evdə yaşayış olmadığı müəyyən olunmuşdur. Bu səbəbdən həmin evə Ağsu Rayon İcra Hakimiyyətinin nümayəndəsi ilə birlikdə təkrar baxış keçirilmiş və yeni akt tərtib edilərək icra hakimiyyətinin möhürü ilə təsdiq edilmişdir. Həmin Aktda İddiaçı evində aşkar olunmuş qüsurların fiziki köhnəlmə nəticəsində yarandığı və evin bərpaya ehtiyac olduğu qeyd olunmuşdur. Həmçinin nəzərinizə çatdırırıq ki, evdə aşkar olunmuş qüsurların təbii fəlakətlə əlaqəsi olmadığından hər hansı tədbirin görülməsi qeyrimümkündür.

8. Bu səbəbdən məsələ yalnız qüvvədə olan qanunvericiliklə müəyyən olunmuş qaydada həll oluna bilər.

9. Eyni zamanda məlum olduğu kimi, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 28-ci maddəsinə əsasən mülkiyyətçi ona məxsus mənzilin (yaşayış binasının) qəza vəziyyətinə düşməməsi üçün onu vaxtlı-vaxtında əsaslı təmir etmək, mənzil (yaşayış binası) təbii fəlakət və ya mülkiyyətçidən asılı olmayan digər səbəblərdən qəza vəziyyətinə düşdükdə isə onu mümkün olan ən qısa müddət ərzində təmir və bərpa etmək vəzifəsini daşıyır.

10. Qeyd olunan maddənin mahiyyətindən göründüyü kimi, mülkiyyətçi ona məxsus mənzili (yaşayış evini) təbii fəlakət səbəbindən qəza vəziyyətinə düşdükdə onu özü təmir və bərpa etmək vəzifəsini daşıyır.

11. Bunlara baxmayaraq, Azərbaycan Respublikasının dövləti zəlzələdən zərər çəkmiş minlərlə vətəndaşlara məxsus evləri dövlət büdcəsi vəsaiti hesabına bərpa etmiş və ya yenidən tikmişdir. Bu sahədə də işlər davam etdirilməkdədir.

12. Vətəndaşın son müraciətinə iddiaçının fərdi yaşayış evində yaranmış qüsurların təbii fəlakətlə əlaqənin olmaması, fiziki köhnəlmə nəticəsində əmələ gəlməsi və hər hansı köməkliyin göstərilməsi mümkünsüzlüyü barədə 05 iyul 2022-ci il tarixdə əsaslandırılmış cavab verilmişdir.

13. İddiaçı tərəfindən iddia müddətinin ötürülməsinə görə, iddia mümkünsüz sayılmalıdır.

14. Yuxarıda qeyd olunanları nəzərə alaraq, iddia tələbinin mümkünsüz hesab edilməsi xahiş edilmişdir.

15. Birinci instansiya məhkəməsinin iclasında iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

16. Şəki İnzibati Məhkəməsinin (hakim Vüqar Musayev) 24 iyul 2023-cü il tarixli 2- 1(116)-1667/2023 nömrəli qərarı ilə iddia tələbinin təmin edilməməsi qərara alınmışdır.

17. İddiaçı həmin qərardan apellyasiya şikayəti vermişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ

18. İddiaçı apellyasiya şikayətini iddia ərizəsinin dəlilləri ilə əsaslandırmış və apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 24 iyul 2023-cü il tarixli 2-1(116)-1667/2023 nömrəli qərarının ləğv edilməsini, iddia tələbinin təmin olunması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.

TƏRƏFLƏRİN İZAHATLARİ

19. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 24 iyul 2023-cü il tarixli 2-1(116)-1667/2023 nömrəli qərarının ləğv edilməsini, iddia tələbinin təmin olunması barədə yeni qərar çıxarılmasını xahiş etdi.

20. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndələri X4 və X5 apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin 24 iyul 2023-cü il tarixli 2-1(116)-1667/2023 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdilər.

21. İş materiallarında olan aşağıda sadalanan sənədlərin məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: - cavabdehin xx.xx.2022-ci il tarixli 37/N-02110 nömrəli imtina məktubundan görünür ki, 05 fevral 2019-cu il tarixdə Ağsu rayonunda baş vermiş zəlzələnin nəticələrinin aradan qaldırılması ilə bağlı fəaliyyət göstərən Fövqəladə Hallar Nazirliyinin komissiyaları tərəfindən yerli icra hakimiyyəti orqanlarının təqdim etdiyi siyahılar əsasında rayonun Dilman kəndində iddiaçıya məxsus fərdi yaşayış evinə baxış keçirilmiş və müvafiq akt tərtib edilmişdir. Baxış zamanı fərdi yaşayış evində uzun müddət yaşayış olmadığı, evin yükdaşıyan divarlarında bir sıra qüsurların yarandığı və bərpa işlərinin aparılmasına ehtiyac yarandığı müəyyən edilmişdir. Mütəxəssislərin rəyinə əsasən fərdi yaşayış evində yaranmış qüsurlar fiziki köhnəlmə nəticəsində əmələ gəlmişdir və təbii fəlakətlə əlaqəsi yoxdur. Fərdi yaşayış evində yaranmış qüsurların təbii fəlakətlə əlaqəsi olmadığından, iddiaçıya faktla bağlı hər hansı köməklik göstərilməsi mümkün deyildir. - RX seriyalı ******* nömrəli çıxarışdan görünür ki, Ağsu rayonu Dilman kəndində, 0,1366 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi üzərində iddiaçının mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. - xx.xx.2013-cü il tarixli 8135 inventar nömrəli (**********02-10301 reyestr nömrəli) texniki pasportdan görünür ki, Ağsu rayonu Dilman kəndində yerləşən fərdi yaşayış evi üzrə hüquq subyekti İddiaçı, həmin sənəddə fərdi yaşayış evinin A literi üzrə tikildiyi il 1915-ci il, B literi üzrə isə 1972-ci il qeyd olunmuşdur. - xx.xx.2019-cu il tarixli baxış aktında qeyd edilmişdir ki, fərdi yaşayış evinin xarici divarlarında künclərdə əyilmələr, daxili divarlarda divar birləşmələrində qapı pəncərə boşluqları ətraflarında müxtəlif istiqamətli çatlar müşahidə olunmuşdur. Yaranmış qüsurların təbii fəlakətlə əlaqəsi yoxdur. Fiziki köhnəlmə.

TƏTBİQ EDİLƏN HÜQUQ

22. İnzibati Prosessual Məcəllə: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

23. Azərbaycan Respublikası Mənzil Məcəlləsi Maddə 28. Qəza vəziyyətində olan mənzillərin (yaşayış binalarının) yenidən qurulması və (və ya) yenidən planlaşdırılması 28.1. Mülkiyyətçi ona məxsus mənzilin (yaşayış binasının) qəza vəziyyətinə düşməməsi üçün onu vaxtlı-vaxtında əsaslı təmir etmək, mənzil (yaşayış binası) təbii fəlakət və ya mülkiyyətçidən asılı olmayan digər səbəblərdən qəza vəziyyətinə düşdükdə isə onu mümkün olan ən qısa müddət ərzində təmir və bərpa etmək vəzifəsini daşıyır.

24. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi haqqında Əsasnamənin: 7.2-ci bəndinə əsasən Nazirliyin digər struktur bölmələri, müvafiq dövlət orqanları ilə birlikdə ərazilərin, bina və qurğuların fövqəladə hallardan müdafiəsi və nəticələrinin aradan qaldırılmasının təşkilində iştirak etmək Agentliyin fəaliyyət istiqamətlərindən biridir. 8.9-cu bəndinə əsasən təbii və texnogen qəzalar nəticəsində zərər çəkmiş ərazilərin, binaların və qurğuların qəza səbəblərinin müəyyənləşdirilməsini təşkil etmək, bu qəzalar nəticəsində dəymiş ziyanın qiymətləndirilməsini təmin etmək, 8.41-ci bəndinə əsasən fövqəladə hallar nəticəsində dəymiş zərərin ödənilməsi üçün qanunvericiliklə müəyyən edilmiş qaydada tədbirlər görmək Agentliyin vəzifəsidir.

25. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır.

APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ

26. İddiaçının apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Apellyasiya şikayəti mümkündür, lakin əsaslı deyil, ona görə də apellyasiya şikayəti uğurlu olmayacaqdır.

27. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.

28. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada hüquqlarını pozduğunu iddia edə bilər.

29. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

30. Birinci instansiya məhkəməsi iddianı təmin etməmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

31. İddia tələbinin məzmunundan görünür ki, iddiaçı 2019-cu ildə baş vermiş zəlzələ nəticəsində Ağsu rayonu Dilman kəndində yerləşən, hazırkı iş üzrə mübahisə predmeti olan fərdi yaşayış evinə ziyan dəydiyini və fərdi yaşayış evinin qəzalı vəziyyətdə olduğunu bildirərək, cavabdeh orqandan evinin tam sökülərək yerində yeni evin tikilməsini tələb etmişdir.

32. Cavabdeh orqan isə fərdi yaşayış evində uzun müddət yaşayış olmadığını, evin yükdaşıyan divarlarında bir sıra qüsurların yarandığını və bərpa işlərinin aparılmasına ehtiyac yarandığı qeyd etsə də, fərdi yaşayış evində yaranmış qüsurların fiziki köhnəlmə nəticəsində əmələ gəldiyini və təbii fəlakətlə əlaqəsinin olmamasını bildirmişdir.

33. Nəzərə alınmalıdır ki, cavabdeh orqanın sözügedən fərdi yaşayış evini “qəzalı” və ya “bərpaya ehtiyacı olan” tikili kimi qiymətləndirməsindən asılı olmayaraq, hər bir halda onun həmin fərdi yaşayış evini sökərək yeni fərdi yaşayış evi tikmək öhdəliyi yoxdur.

34. Belə ki, qüvvədə olan qanunvericilik aktlarında qəzalı vəziyyətdə olan fərdi yaşayış evlərinə görə cavabdehin üzərinə yaşayış sahəsinin yenidən inşa edilməsi vəzifəsi qoyulmamışdır.

35. Hazırkı iş üzrə iddia tələbinin təmin edilməsi bilavasitə sübutetmə yükünə bağlıdır. Məhkəmə qərarının əsaslılığı və qanuniliyi baxımından bu institut xüsusi əhəmiyyət kəsb edir. Hazırkı mübahisəyə münasibətdə sübutetmə yükü inkar edənin deyil, iddia edənin üzərinə düşür. Nəzərə almaq lazımdır ki, iddiaçının yaşadığı fərdi yaşayış evinin 2019-cu ildə Ağsu, Şamaxı, İsmayıllı rayonlarında baş vermiş təbii fəlakət-zəlzələ nəticəsində yararsız hala düşdüyünə istinad etməsi həmin evin təmir olunması üzrə cavabdehin üzərinə öhdəlik qoyulması barədə iddianın təmin olunması üçün yetərli sayıla bilməz. İddiaçı bu cür hallarda həm də cavabdehin belə öhdəlik daşıdığını sübut etmək vəzifəsi daşıyır.

36. Həmçinin Mənzil Məcəlləsinin 28-ci maddəsinin mahiyyətindən göründüyü kimi, mülkiyyətçi ona məxsus mənzili (yaşayış evini) təbii fəlakət səbəbindən qəza vəziyyətinə düşdükdə özü təmir və bərpa etmək vəzifəsini daşıyır.

37. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi Xeyrulla Cavadov izahatında bildirdi ki, cavabdeh orqan tərəfindən mübahisə predmeti olan fərdi yaşayış evinə baxış keçirilmiş, baxış aktı tərtib edilmiş və fərdi yaşayış evinin bərpa edilməsi qərara alınmışdır. Müvafiq ekspertiza idarəsindən rəy alınmışdır. İddiaçıya dövlət vəsaiti hesabına “Girdiman MMC” adlı şirkət tərəfindən evin bərpası barədə təklif edilmiş, lakin iddiaçı bundan imtina edərək, mübahisə predmeti olan fərdi yaşayış evinin sökülüb yenidən tikilməsini tələb etmişdir.

38. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası oxşar inzibati mübahisə üzrə 2-1(102)-1924/2021 nömrəli, xx.xx.2021-ci il tarixli, 2-1(102)-281/2022 nömrəli, xx.xx.2022-ci il tarixli və 2-1(102)-1181/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarlarında yuxarıda qeyd edilmiş hüquqi mövqe əks olunmuşdur.

39. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək bildirir ki, cavabdeh inzibati orqanın iddiaçının müraciətinin təmin olunmasından imtina etməsi qanuni olmuşdur.

40. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının tələbinin təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübut olunmur, cavabdehin imtinasını əsaslı, iddianın təmin olunmasını isə istisna edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir, cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunur, cavabdehin imtinası qanunvericiliyə zidd olmamış və iddiaçının hüquqlarını pozmamış, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur.

41. Yuxarıda qeyd olunan işin hallarını, aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, iddiaçının Ağsu rayonu Dilman kəndində yerləşən zəlzələdən uçmuş evinin tam sökülərək yerində yeni evin tikilməsindən imtina ilə bağlı cavabdehin hərəkətləri qanunauyğun olduğundan, birinci instansiya məhkəməsi gəldiyi nəticədə haqlı olmuşdur. Odur ki, iddiaçının apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilməməlidir.

42. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.2, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏRАRА АLDİ:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 24 iyul 2023-cü il tarixli 2-1(116)-1667/2023 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. İnzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar