Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(107)-561/2025 09.12.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Musayev Vüqar Ələkbər oğlundan ibarət tərkibdə, Həsənova Səbinə Adil oğlunun katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X6 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “cavabdehin - “Ailə tərkibinin düzgün göstərilməməsi” ilə ünvanlı dövlət sosial yardımın təyinatından imtina edilməsi barədə qərarının ləğv edilməsini və “Ünvanlı Dövlət Sosial Yardımı haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü və 8-ci maddələrinə əsasən “Ərizə bəyannamə” ilə müraciət etdiyi 01 yanvar 2024-cü il tarixdən hər ay üçün ünvanlı dövlət sosial yardım məbləğinin 1 il müddətində təyin olunaraq aztəminatlı ailəsinə birdəfəlik verilməsi” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 07 avqust 2025-ci il tarixli 2-1(116)-607/2025 nömrəli qərarından İddiaçı tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası aşağıdakı qərarı qəbul etdi. İşin halları Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin "Ailə tərkibinin düzgün göstərilməməsi” ilə ünvanlı dövlət sosial yardımın təyinatından imtina edilməsi barədə qərarının ləğv edilməsini və “Ünvanlı Dövlət Sosial Yardımı haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü və 8-ci maddələrinə əsasən “Ərizə bəyannamə” ilə müraciət etdiyi 01 yanvar 2024-cü il tarixdən hər ay üçün ünvanlı dövlət sosial yardım məbləğinin 1 il müddətində təyin olunaraq aztəminatlı ailəsinə birdəfəlik verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvanda yaşayan, ayrı təsərrüfat aparan, Ailə Məcəlləsinin 56.2-ci maddəsi tərəfindən keçmiş ailə üzvləri sayılan valideynlərin ailəsinə görə tək subay analar olan: 3 yaşlı 1 (bir) uşağı olan X3, 2 uşağı olan X4, 3 yaşlı 1 (bir) uşağı olan X5, 2 (iki) uşağı olan X2 cavabdeh Nazirlik sosial yardımın təyinatından imtina edilməsi barədə qanunsuz qərar qəbul etdi--"Ailə tərkibinin düzgün göstərilməməsi" Şəki İnzibati Məhkəməsinin qərarı ilə, cavabdeh Nazirliyin apellyasiya şikayətini təmin etməyən Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının qərarı ilə, cavabdeh Nazirliyin kassasiya şikayətlərini təmin etməyən Ali Məhkəmənin İnzibati Kollegiysının qərarı ilə Mustafayeva Samirənin, Məmmədova Floranın, Həsənova Könülün, İsrəfilova Mətanətin iddia tələbi təmin edildi. -"Ailə tərkibinin düzgün göstərilməməsi" bəhanəsi ilə sosial yardımın təyinatından imtina qərarı ləğv edildi, iddiaçılara müraciət etdikləri tarixdən ünvanlı dövlət sosial yardımın təyin olunaraq 2 və 1 (bir) ilin məbləğinin birdəfəlik verilməsi öhdəliyi Nazirliyinin üzərinə qoyuldu. - 23 yanvar 2024-cü il tarixli **********02 nömrəli 90 gün hüquqi qüvvəsi olan “Ərizəbəyannamə" ilə müraciət edən zaman VEMTAS pultunun arxasında oturan vəzifəli şəxslər ilkin olaraq qanunsuz imtina cavabı verdilər guya -"Ailənin adambaşına düşən kommunal və rabitə xərclərinin cəminin orta aylıq məbləği ölkə üzrə təsdiq olunmuş yaşayış minimumunun 15 (on beş) faizinə bərabər və ya ondan yuxarı olmasına görə. 28 fevral 2024-cü il tarixdə 90 gün hüquqi qüvvəsi olan həmin **********02 nömrəli “Ərizə bəyannamə” ilə təkrar müraciət edən zaman VEMTAS pultunun arxasında oturan vəzifəli şəxslər bu dəfə kommunal və rabitə xərclərinə görə, ünvanda yaşayan, ayrı təsərrüfat aparan, Ailə Məcəlləsinin 56.2-ci maddəsi tərəfindən ərinin keçmiş ailə üzvü sayılan valideynlərin ailəsinə görə imtina cavabı verdilər, bu Qaydaların 3.7-ci bəndində göstərilən hallar istisna olmaqla ailənin maddi-məişət şəraitinin müayinəsinin aparılması barədə gücləndirilmiş elektron imzaları olan sosial yardım üzrə Şöbənin işçilərinə tapşırıq göndərdilər. Ünvanda yaşayan, ayrı təsərrüfat aparan, ərinin keçmiş ailə üzvləri sayılan valideynlərin ailəsinə görə maddi-məişət şəraitinin müayinəsini həyata keçirən Şöbənin işçiləri aztəminatlı ailəsinə sosial yardımın təyinatından imtina edilməsi barədə qəbul etdikləri qanunsuz qərarı gücləndirilmiş elektron imza ilə təsdiqləyərək real vaxt rejimində VEMTAS vasitəsi ilə əlaqə vasitəsinə ötürdülər. Maddi-məişət şəraitinin müayinəsi keçirilmiş və kənarlaşma aşkar edilmişdir bu səbəbdən imtina edilmişdir. - "Ailə tərkibinin düzgün göstərilməməsi". Göründüyü kimi, məhkəmələr cavabdeh Nazirliyin - "Ailə tərkibinin düzgün göstərilməməsi" bəhanəsi ilə qanunsuz imtina qərarlarını 2018-ci il tarixdən bu günə kimi dəfələrlə ləğv etmələrinə baxmayaraq cavabdeh Nazirlik yenə də ünvanda yaşayan, ayrı təsərrüfat aparan, Ailə Məcəlləsinin 56.2-ci maddəsi tərəfindən keçmiş ailə üzvləri sayılan valideynlərin ailəsinə görə - "Ailə tərkibinin düzgün göstərilməməsi" bəhanəsi ilə qanunsuz imtinalar verir, aztəminatlı ailələr tərəfindən sosial yardımın alınmasında maraqlı olan hökümətin maraqlarına və aztəminatlı ailələrin qanuni hüquqlarına qəsdən və qərəzli olaraq mühüm maddi və mənəvi ziyanlar vurur.
3. Cavabdeh iddia ərizəsinə qarşı etirazını onunla əsaslandırmışdır ki, daxil olan müraciətin araşdırılması zamanı müəyyən olunmuşdur ki, ailənin adambaşına düşən kommunal və rabitə xərclərinin cəminin orta aylıq məbləği ölkə üzrə təsdiq olunmuş yaşayış minimumunun 15 (on beş) faizinə bərabər və ya ondan yuxarı olmuşdur. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 37 nömrəli qərarı ilə təsdiq edilmiş "Ünvanlı dövlət sosial yardımının alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları"nın 3.7.6-cı yarımbəndinə əsasən ailənin adambaşına düşən kommunal və rabitə xərclərinin cəminin orta aylıq məbləğinin ölkə üzrə təsdiq olunmuş yaşayış minimumunun 15 (on beş) faizinə bərabər və ya ondan yuxarı olduqda ünvanlı sosial yardım təyin edilməsindən imtina edilir. Göründüyü kimi, bununla bağlı qanunvericilikdə birbaşa göstəriş nəzərdə tutulmuşdur. Təmsilçi İddiaçı VEMTAS-a daxil etdiyi məlumatlara nəzərən qeyd etdiyi kommunal xərclərin adam başına düşən məbləğinin cəmi ölkə üzrə yaşayış minimumunun 15 faizindən artıq olduğundan haqlı olaraq daxil olan müraciətə imtina cavabı verilmişdir.
4. Cavabdeh iddia ərizəsinə qarşı etiraza əlavədə göstərmişdir ki, İddiaçı mübahisələndirdiyi xx.xx.2024-cü il tarixli sosial yardımın təyin olunması ilə bağlı müraciətindən sonra xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2025-ci il, xx.xx.2025-ci il, xx.xx.2025-ci il tarixlərdə də yenidən müraciət etmişdir. Göründüyü kimi, idddiaçı İddiaçı sosial yardımın təyin olunması üçün hər dəfə yenidən müraciət etməsi onun əvvəlki imtina ilə razılaşması kimi qiymətləndirilməlidir. İddaçı İddiaçı xx.xx.2025-ci il tarixli müraciətinə maddi-məişət şəraitinin müayinəsi üçün baxış keçirilməsinə şərait yaradılmadığından ailəyə sosial yardım təyin edilməsindən imtina edilmişdir. Belə ki, İddiaçı sonuncu müraciətinədək olan keçirilən müayinələrin heç birində ailə üzvü kimi qeyd olunan iddiaçının həyat yoldaşı X7 evdə olmamışdır. Hansı ki, sonuncu müraciəti üzrə keçirilmiş müayinə zamanı iddiaçıdan həyat yoldaşının harada olması barədə məlumat verilməsi xahiş edilmiş, iddiaçı ilk öncə həyat yoldaşının fəhlə olduğunu, daha sonra isə çayxanada olduğunu bildirmişdir. İddiaçıdan həyat yoldaşının da müayinədə iştirakı üçün çağırılması xahiş edilsə də, həyat yoldaşının telefonu olmadığından əlaqə saxlaya bilməyəcəyini bildirmişdir. Bildiririk ki, xx.xx.2025-ci il tarixli müayinə zamanı Mərkəzi Filialın əməkdaşları tərəfindən R.Qurbanovun qeyd olunan ünvanda yaşamasına şübhələr olduğundan sabah yenidən müayinə üçün yaxınlaşacaqları barədə iddiaçıya məlumat verilsə də, iddiaçı günortadan sonra evdə olmayacaqlarını bildirmişdir. Buna görə də, əməkdaşlar sabah səhər saatlarında ünvanda müayinə keçiriləcəyi barədə məlumat vermişlər. Bununla əlaqədar olaraq ailənin maddi-məişət şəraitinin müayinəsi barədə tərtib edilmiş xx.xx.2025-ci il tarixli aktdan görünür ki, əməkdaşlar ünvana səhər saatlarında saat 10:00 üçün yaxınlaşsa belə, nə iddiaçı, nə də həyat yoldaşı ünvanda olmamışlar. Əməkdaşlar tərəfindən iddiaçı ilə əlaqə saxlanılmağa cəhdlər edilmiş, lakin iddiaçı telefon zənglərinə cavab verməmişdir. “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikası Qanunu aztəminatlı ailələrə ünvanlı dövlət sosial yardımının verilməsinin məqsəd və prinsiplərini, təyin olunmasının hüquqi əsaslarını və bu sahədə yaranan digər münasibətləri tənzimləyir.
5. İddia tələbinə dair aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - İş materiallarında olan cavabdehin bildirişindən görünür ki, iddiaçının ünvanlı sosial yardım alınması üçün müraciətindən imtina edilmişdir; - Cavabdehin xx.xx.2024-cü il tarixli etiraz məktubu və ona əlavə edilmiş inzibati icraat materialları.
6. Şəki İnzibati Məhkəməsinin (hakim Etibar Mustafayev) 07 avqust 2025-ci il tarixli 2-1(116)-607/2025 nömrəli qərarı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “cavabdehin - “Ailə tərkibinin düzgün göstərilməməsi” ilə ünvanlı dövlət sosial yardımın təyinatından imtina edilməsi barədə qərarının ləğv edilməsini və “Ünvanlı Dövlət Sosial Yardımı haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü və 8-ci maddələrinə əsasən “Ərizə bəyannamə” ilə müraciət etdiyi 01 yanvar 2024-cü il tarixdən hər ay üçün ünvanlı dövlət sosial yardım məbləğinin 1 il müddətində təyin olunaraq aztəminatlı ailəsinə birdəfəlik verilməsi” tələbinə dair iddiası təmin edilməmişdir.
7. Məhkəmə qeyd etmişdir ki, iddiaçı mübahisələndirdiyi xx.xx.2024-cü il tarixli sosial yardımın təyin olunması ilə bağlı müraciətindən sonra xx.xx.2024-cü il, xx.xx.2024cü il, xx.xx.2024-cü il, xx.xx.2025-ci il, xx.xx.2025-ci il, xx.xx.2025-ci il tarixlərdə də yenidən müraciət etmişdir. Yəni iddiaçı əvvəlki imtinanı mübahisələndirməmişdir. İşin müəyyən edilən hallarına görə iddaçının sonuncu müraciətinədək olan keçirilən müayinələrin heç birində ailə üzvü kimi qeyd olunan iddiaçının həyat yoldaşı X7 evdə olmamışdır. İddiaçının ərinin də müayinədə iştirakının təmin edilməsi bağlı cavabdehin müraciəti təmin edilməmişdir. Bununla yanaşı xx.xx.2025-ci il tarixli müayinə zamanı Mərkəzi Filialın əməkdaşları tərəfindən R.Qurbanovun qeyd olunan ünvanda yaşamasına şübhələr olduğundan təkrar müayinə ilə bağlı iddiaçıya məlumat verilsə də, ailənin maddi-məişət şəraitinin müayinəsi barədə tərtib edilmiş xx.xx.2025-ci il tarixli aktdan görünür ki, ünvanda heç kim olmamışdır. İşin məhkəmə araşdırılması ilə qeyd olunanların əksini sübut edən hallar müəyyən edilmir. - Eyni zamanda iddiaçı sosial yardımın təyin olunması ilə bağlı xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərdə yenidən müraciət etmiş və sonuncu müraciəti VEMTAS mərhələsindən keçərək, maddi-məişət şəraitinin müayinəsi üçün gözləmədədir. - Beləliklə, cavabdeh iddiaçının ona edilmiş müraciəti əsasında yalnız sözügedən qərarlardan birini qəbul etmək imkanına malikdir. Belə qərarı o, icraat gedişində aparılmış araşdırmanın nəticəsi olaraq qəbul etməlidir. Həmin qərar isə yekun nəticəyə gəlmək imkanı verən iş üzrə əhəmiyyətli bütün halların araşdırılmasının sonunda çıxarılmalıdır. Bu zaman cavabdeh xidməti vəzifəsinə görə iş üzrə əhəmiyyət kəsb edən bütün halları, o cümlədən iddiaçının xeyrinə olan halları araşdırmalı, zərurət olduqda iddiaçıya hüquqi yardım etməlidir. Qanunvericiliyin tələblərinə görə müraciətə baxılması nəticəsində onun təmin edilməsindən imtina olunması qənaətinə gələrkən, cavabdeh imtinaya əsas təşkil edən bütün halları eyni andan yoxlamalı, qəbul etdiyi qərarında bütün imtina səbəblərini bir dəfə və aydın şəkildə göstərməlidir. Bu, hüquqi dövlət və dövlət idarəçiliyinə etimad prinsiplərindən irəli gəlir. Hazırkı işin hallarından isə görünür ki, iddiaçı faktiki olaraq maddi-məişət şəraitinin müayinəsinin aparılmasına şərait yaratmamış, yoxlama aparılan zaman ünvanda heç kim olmamışdır. Cavabdeh orqan iddiaçı ilə onun özünün təqdim etdiyi mobil nömrələr vasitələri ilə əlaqə yaratmağa cəhd etmiş, yaşadığı ünvana gedərək xidməti vəzifələrinin icraçı çərçivəsində üzərinə düşən öhdəlikləri yerinə yetirmişdir. - Nəzərə alınmalıdır ki, cavabdeh orqanın öz vəzifə funksiyalarını yerinə yetirmə öhdəliklərinə mütənasib olaraq iddiaçı da, dövlət orqanının fəaliyyətinin səmərəli həyata keçirilməsinə, işin bütün faktiki hallarının müəyyən edilməsinə kömək etməyə borcludur. Belə ki, İİHQ-nun 46.1-ci maddəsinə əsasən inzibati icraatda iştirak edən şəxslər işin bütün faktiki hallarının müəyyən edilməsinə kömək etməyə, iş üçün əhəmiyyət kəsb edən və onlara məlum olan faktlar barədə məlumat verməyə, özlərində olan zəruri sübutları təqdim etməyə borcludurlar. Odur ki, iddiaçının ünvanlı dövlət sosial yardımın təyin edilməsinə ehtiyacı varsa o, cavabdeh orqana qanunvericiliklə nəzərdə tutulmuş fəaliyyətinin həyata keçirilməsinə vaxtında və lazımi qaydada şərait yaratmalıdır. Qeyd olunan halların mövcudluğu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 37 nömrəli qərarı ilə təsdiq edilmiş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”nın 3-cü bəndində müəyyən edilmiş sosial yardımın təyin olunmasından imtina edilməsi üçün əsasdır. Şərh olunanları ümumiləşdirərək məhkəmə hesab etmişdir ki, iddiaçı tərəfindən maddi-məişət şəraitinin yoxlanılmasına zəruri şərait yaradılmadığından cavabdeh orqan haqlı olaraq müraciətin təmin edilməsindən imtina etmişdir.
8. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək Şəki İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-1(116)-607/2025 nömrəli qərarının ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir.
9. Daha sonra, iddiaçı ərizə ilə məhkəmə kollegiyasına müraciət edərək apellyasiya şikayətində qeyd edilən xx.xx.2025-ci il tarixinin xx.xx.2025-ci il tarixi kimi nəzərə alınmasını xahiş etmişdir.
Apellyasiya şikayətinin dəlilləri
10. Apellyasiya şikayətinin dəlilləri iddia ərizəsinin dəlilləri ilə eynilik təşkil edərək mahiyyət etibarı ilə təkrarlanmışdır.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Cavabdeh orqanın apellyasiya şikayətinin dəlilləri iddiaya etirazın dəlilləri ilə eynilik təşkil etmiş, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin 07 avqust 2025-ci il tarixli, 2-1(116)-607/2025 nömrəli qərarını dəyişdirmədən qüvvədə saxlanılmasını xahiş etmişlər.
12. İddiaçı cavabdehin apellyasiya şikayətinə etirazına münasibət bildirirək birinci instansiya məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-1(116)-607/2025 nömrəli qərarının ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
Tərəflərin izahatları
13. Məhkəmə kollegiyası iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 07 avqust 2025-ci il tarixli 2-1(116)-607/2025 nömrəli qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi.
14. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi X9 apellyasiya şikayətinə etirazın məzmununa uyğun izahat verərək şikayətin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin 07 avqust 2025-ci il tarixli 2-1(116)-607/2025 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq
15. İnzibati Prosessual Məcəllə: Maddə 2.1. Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Maddə 35.1 Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Maddə 38.1. Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Maddə 38.2. Məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. Maddə 48.1. Sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyrimüəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 80.1. Barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Maddə 82. Apellyаsiyа instаnsiyаsı məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə bаxır. Apellyаsiyа instаnsiyаsı məhkəməsi həmçinin, bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.
16. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarı: 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İPMdə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 3.3. Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. 3.4. Birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. 8.6. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar.
9. Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır.
Apellyasiya şikayətinin mümkünlüyü
17. Apellyasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
18. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmır.
19. Belə ki, işin hallarından görünür ki, hazırkı iddia tələbi üzrə iddiaçının hüquqi marağı müraciət etdiyi 01 yanvar 2024-cü il tarixdən hər ay üçün ünvanlı dövlət sosial yardım məbləğinin 1 il müddətində təyin olunaraq aztəminatlı ailəsinə birdəfəlik verilməsinə nail olmaqdır.
20. Məhkəmə kollegiyası iş materiallarını nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi iddianın mümkünlüyü məsələsini və mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmamışdır.
21. İşin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur.
22. Obyektiv araşdırma prinsipinin mahiyyətinə görə, iş üzrə araşdırmanın həcmi, konkret işin hallarından asılı olaraq, hər bir halda məhkəmə tərəfindən xidməti mövqeyinə görə müəyyən olunmalı, iş üzrə düzgün qərarın qəbul edilməsi məqsədlərinə xidmət etməli və bunun üçün yetərli olmalıdır.
23. Kollegiya qeyd edir ki, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olub-olmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddi-hüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlayır.
24. Məhkəmə kollegiyası qeyd edir ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. İlk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmaması, cavabdehin həmin iddiaya cavab verməli olub-olmaması, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmaması, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyi, prosessual həmiştirakçılığın yol verilənliyi, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyü İPM-in 37-ci maddəsinə uyğun yoxlanılmalıdır (İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli Qərarı).
25. Məhkəmə kollegiyası bildirir ki, qanunvericiliyin tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəldilməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir.
26. Məhkəmə kollegiyasının sorğusu əsasında Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Məhkəmə Mübahisələri ilə iş üzrə Mərkəzi Filialı tərəfindən təqdim edilmiş 7 noyabr 2025-ci il tarixli, 3-17-1/2-270327/2025 nömrəli məktubda göstərilmişdir ki, İddiaçı ailəni təmsil edən şəxs qismində xx.xx.2024-cü il də daxil olmaqla sonrakı tarixlərdə müraciətlərini təqdim edirlər: - İddiaçı ailəni təmsil edən şəxs qismində sosial yardımın alınması ilə bağlı Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Ünvanlı yardım” (VEMTAS) altsisteminə daxil etdiyi xx.xx.2024-cü il tarixli **********60201-197 nömrəli müraciəti qurumlarla yoxlanılmış, ailənin adambaşına düşən kommunal və rabitə xərclərinin cəminin orta aylıq məbləğinin ölkə üzrə təsdiq olunmuş yaşayış minimumunun 15 (on beş) faizinə bərabər və ya ondan yuxarı olması səbəbindən imtina edilmişdir. - İddiaçı VEMTAS-a daxil etdiyi xx.xx.2024-cü il tarixli **********60202-197 nömrəli müraciəti əsasında maddi-məişət şəraitinin müayinəsi zamanı ailə tərkibi barədə məlumatın düzgün göstərilməməsi səbəbindən imtina edilmişdir. - İddiaçı VEMTAS-a daxil etdiyi xx.xx.2024-cü il tarixli **********34201-197 nömrəli müraciəti əsasında maddi-məişət şəraitinin müayinəsi zamanı ailə tərkibi barədə məlumatın düzgün göstərilməməsi (İddiaçı qayınanasının ailə ilə birgə yaşaması) səbəbindən imtina edilmişdir. - İddiaçı VEMTAS-a daxil etdiyi xx.xx.2024-cü il tarixli **********1684-1 nömrəli müraciəti əsasında maddi-məişət şəraitinin müayinəsi üçün baxış keçirilməsinə şərait yaradılmaması (ünvanda özünü İddiaçı qayınatası kimi təqdim edən şəxsin olması və İddiaçı ilə əlaqə saxlanılan zaman ailə üzvü X7 ilə birlikdə Qəbələ rayonunda olduğunu bildirməsi) səbəbindən imtina edilmişdir. - İddiaçı VEMTAS-a daxil etdiyi xx.xx.2025-ci il tarixli **********6419-1 nömrəli müraciəti əsasında maddi-məişət şəraitinin müayinəsi üçün baxış keçirilməsinə icazə verilməməsi (otaqlardan birinin bağlı olması) səbəbindən imtina edilmişdir. - İddiaçı VEMTAS-a daxil etdiyi xx.xx.2025-ci il tarixli **********5235-1 nömrəli müraciəti qurumlarla yoxlanılaraq İddiaçı orta aylıq gəlirinin özündən asılı olan səbəblərə görə sıfıra bərabər olması səbəbilə “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, sosial yardımın verilməsindən imtina edilmişdir. - İddiaçı VEMTAS-a daxil etdiyi xx.xx.2025-ci il tarixli **********0876-1 nömrəli müraciəti əsasında maddi-məişət şəraitinin müayinəsi üçün baxış keçirilməsinə şərait yaradılmaması (R.Qurbanovun ilkin və təkrar müayinə zamanı ünvanda olmaması) səbəbindən imtina edilmişdir. Nəzərinizə çatdırırıq ki, R.Qurbanov 2024-2025-ci illər ərzində həyata keçirilən müayinələrdə ünvanda olmamışdır. - İddiaçı ilə həyata keçirilən müayinələr foto-video çəkilişlə qeydə alınmış, müəyyən edilmiş məlumatlar əsasında akt tərtib edilmiş və İddiaçı aktla tanış olaraq qeyd olunan məlumatları şəxsi imzası ilə təsdiqləmişdir. Nəzərinizə çatdırırıq ki, həyata keçirilən müayinələr ilə bağlı foto-video çəkiliş və müayinə aktları VEMTAS altsisteminə inteqrasiya olunmuşdur.
27. Hazırkı iş üzrə iddiaçıya dəfələrlə iddia qaldıranadək sonuncu müraciətinə (xx.xx.2024) münasibətdə iddia tələbinin dəyişdirilməsi təklif olunmasına baxmayaraq, iddiaçı, apellyasiya şikayətində və hazırkı iş üzrə keçirilən məhkəmə kollegiyasının iclasında da, məhz 2024-cü ilin yanvar ayına münasibətdə iddia tələbinə baxılmasında israrlı olduğunu, tələbin dəyişdirilməsinə razı olmadığını bildirmişdir.
28. Məhkəmə kollegiyası qeyd edir ki, “İnzibati icraat haqqında” Qanunun 64-cü maddəsinə görə, inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır (64.1).
29. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır (64.2).
30. Hazırkı iş üzrə iddiaçının xx.xx.2024-cü il tarixli müraciətə verilmiş imtina cavabını vaxtında (İPM-in 38-ci maddəsində nəzərdə tutulan 30 günlük müddət ərzində) mübahisələndirməməsi faktiki olaraq həmin imtina ilə razılaşması kimi qiymətləndirildiyindən, iddiaçı həmin müraciətlə bağlı imtina cavabını mübahisələndirmək imkanını itirmişdir. Odur ki, cavabdeh orqanın xx.xx.2024-cü il tarixdən ÜDSY-nin təyin edilməsindən imtina qərarı hüquqi qüvvəyə minmiş inzibati akt hesab olunur.
31. Buna görə də, ÜDSY-nin 2024-cü ilin yanvar ayından təyin edilməsi ilə bağlı iddia tələbinə mahiyyəti üzrə baxılması və həmin tarixə münasibətdə cavabdeh orqanın imtina dəlillərinin əsaslı olub-olmamasının mahiyyəti üzrə yoxlanılması prosessual baxımdan mümkünsüzdür.
32. Məhkəmə kollegiyası hazırkı iddia tələbi çərçivəsində sonuncu müraciətə münasibətdə tələbin əsaslılığına hüquqi qiymət verilməsinin mümkünsüzlüyü ilə bağlı aşağıdakı xüsusatların qeyd edilməsini zəruri hesab edir.
33. Belə ki, iddiaçının başlıca tələbi ona xx.xx.2024-cü il tarixdən ÜDSY-nin təyin edilməsidir. Qanunvericiliyin tələbinə görə cavabdeh orqan iddiaçının hər bir müraciətinə münasibətdə ayrıca inzibati icraat aparır və bunun nəticəsindən asılı olaraq təyinatın aparılıb-aparılmamasına dair qərar qəbul edir. Yəni, edilmiş müraciətlərin hər birinə fərqli icraatda baxılaraq, fərqli faktiki və hüquqi əsaslardan çıxış edilməklə münasibət bildirilir.
34. İddiaçı, sonuncu müraciətinə münasibətdə cavabdeh orqanın hərəkətlərini mübahisələndirmədiyindən, hazırkı iddia tələbi çərçivəsində həmin müraciətə münasibətdə cavabdeh orqanın hərəkətlərinin əsaslılığına qiymət verilməsi mümkün deyildir.
35. Əks yanaşma iddiaçının mübahisələndirmədiyi imtina qərarının yoxlanılmasına və faktiki olaraq iddia tələbindən kənara çıxılmasına səbəb olacaqdır.
36. Hazırkı iş üzrə iddiaçıya dəfələrlə sonuncu müraciətinə münasibətdə iddia tələbinin dəyişdirilməsi təklif olunmasına baxmayaraq, iddiaçı inadla xx.xx.2024-cü il tarixə münasibətdə tələbin dəyişdirilməsindən imtina etmiş və ilkin müraciətinə münasibətdə tələbə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir.
37. Məhkəmə kollegiyası xx.xx.2024-cü il tarixə münasibətdə tələbə mahiyyəti üzrə baxılmasının mümkünsüz olması ilə bağlı qeyd edir ki, qaldırılan iddiaya mahiyyəti üzrə baxıldıqda məhkəmə 3 hüquqi nəticədən birini vermək imkanına malik olmalıdır: iddianın rədd edilməsi (tələbin bütövlükdə əsassız olması), təmin edilməsi (tələbin bütövlükdə əsaslı olması) və ya qismən təmin edilməsi (tələbin bir hissəsi təmin olunur, digər hissəsi rədd edilir, lakin hər iki hissə baxıla biləndir).
38. Baxılan iş üzrə xx.xx.2024-cü il tarixə münasibətdə iddia tələbinin rədd edilməsi mümkün deyil. Belə ki, sonuncu müraciətin xx.xx.2025-ci il tarixə aid olması, eyni zamanda iddia qaldıranadək sonuncu müraciətin xx.xx.2024-cü il tarixə aid olması artıq 2024-cü ilin yanvar ayına münasibətdə iddiaçının imtina qərarını mübahisələndirmək imkanını aradan qaldırmışdır. Eyni hal həm də iddianın təmin edilməsinə münasibətdə də, keçərlidir. Yəni, xx.xx.2024-cü il tarixə münasibətdə tələbə mahiyyəti üzrə baxılaraq iddianın tam təmini və ya rəddi mümkün deyil.
39. Belə olan halda iddiaçının iradəsinin ziddinə xx.xx.2024-cü il tarixə münasibətdə mahiyyəti üzrə araşdırma aparılacağı və tələb əsaslı sayılacağı halda, bütövlükdə irəli sürülən iddia tələbinə münasibətdə veriləcək yekun hüquqi nəticə “qismən təmin edilmə” ilə bağlı olacaqdır. Bu isə faktiki olaraq ümumiyyətlə irəli sürülməmiş tələbə hüquqi qiymət verilməsi deməkdir. Məhkəmə yalnız iddiaçının irəli sürdüyü tələb çərçivəsində mübahisəyə mahiyyəti üzrə baxa bilər.
40. Nəzərə alınmalıdır ki, xx.xx.2024-cü il tarixə münasibətdə də, iddia tələbinin tam təmin edilməsi və rədd edilməsi mümkün olmayacaqdır. Çünki iddiaçı xx.xx.2024-cü il tarixli imtina qərarını mübahisələndirmir və onun həmin tarixlə bağlı hər hansı tələbi mövcud deyil.
41. Məhkəmə kollegiyası bir daha vurğulayır ki, iddiaçı sırf xx.xx.2024-cü ildən ÜDSY-nin təyin olunmasını istəyir. Nəzərə alınmalıdır ki, burada tələbin hansı tarixə münasibətdə irəli sürülməsi məsələsi iddia tələbinin ifadə tərzi ilə bağlı deyil, birbaşa tələbin predmetini və onun hüquqi nəticəsini müəyyən edən detaldır. ÜDSY təqvim baxımından konkret başlanğıc və son tarixlərə malikdir və məhz tarixə münasibətdə cavabdeh orqanın hansı dövr üzrə hərəkət və ya hərəkətsizliyinin mübahisələndirildiyi və hansı imtina dəlillərinin yoxlanılmalı olması müəyyən edilir.
42. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının dəfələrlə inkar etdiyi halda onun tələbində olmayan müraciətinə münasibətdə cavabdeh orqanın hərəkətlərinə yalnız “qismən təmin” hüquqi nəticəsi verilə biləndirsə, lakin yuxarıda qeyd edildiyi kimi “tam təmin” və ya “tam rədd” hüquqi nəticələri mümkün deyilsə, onda bu iddia mahiyyəti üzrə baxılmalı iddia hesab edilə bilməz.
43. Həmçinin o da, nəzərə alınmalıdır ki, iddianın qismən təmin edilməsi hüquqi nəticəsi yalnız o halda tətbiq oluna bilər ki, iddia predmeti mahiyyətcə bölünə bilən xarakter daşısın. İddiaçının ÜDSY-nin təyin edilməsi ilə bağlı müraciətlərinin hər birinə münasibətdə verilmiş imtina aktları bir-birindən asılı olmayan, müstəqil inzibati qərarlardır. Buna görə də, məhkəmənin sonuncu müraciətə münasibətdə araşdırma aparması tələbin bölünməsi yox, iddiaçının iradəsinə zidd olaraq ayrıca tələbə baxılması hesab ediləcəkdir.
44. Başqa sözlə eyni inzibati akt üzrə (konkret tarixə münasibətdə) ÜDSY-nin təyin edilməsi tələbinin bölünə bilənliyi yalnız həmin tarix üzrə verilmiş inzibati aktla məhdudlaşır. Fərqli tarixlər üzrə qəbul olunmuş fərqli inzibati aktlara münasibətdə ayrıca hüquqi qiymətləndirmə tələb olunduğundan, bütövlükdə iddianın predmeti fərqli tarixlərə münasibətdə mahiyyətcə bölünə bilən sayılmayacaqdır.
45. Nəzərə almaq lazımdır ki, prosessual qanunvericiliyin tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. Qanunvericilikdə iddia növlərindən asılı olaraq müxtəlif mümkünlük şərtləri, o cümlədən ümumi və xüsusi mümkünlük şərtləri müəyyən olunmuşdur. Məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş həmin şərtlərə və məhdudiyyətlərə, o cümlədən müddətlə bağlı məhdudiyyətlərə tabedir.
46. İnzibati prosessual qanunvericiliyin tələbinə görə, məhkəmələr tərəfindən yalnız mümkün sayılmış iddialara mahiyyəti üzrə baxılır. Mümkünlük şərtlərini ödəməyən iddiaya mahiyyəti üzrə baxılması və onun əsaslılığının yoxlanılması istisna olunur. İddianın mümkünlük şərtləri inzibati məhkəmə icraatının bütün mərhələlərində məhkəmə tərəfindən xidməti vəzifəsinə görə yoxlanılır.
47. İddianın mümkünlük şərtlərindən biri də iddianın qanunla müəyyən olunmuş müddətdə verilməsidir. Odur ki, hazırkı iddiaya münasibətdə digər şərtlərlə yanaşı, həm də iddianın iddia müddətinə dair normalara əməl olunmaqla qaldırılması şərti də yerinə yetirilmiş olmalıdır.
48. Müddət məhdudiyyəti konsepsiyası inzibati idarəçilikdə hüquqi təhlükəsizliyin və sabitliyin, habelə mülki dövriyyənin təhlükəsizliyinin və sabitliyinin təmin edilməsi məqsədlərinə xidmət edir. Belə ki, hüquqi müəyyənlik və hüquqi sabitlik prinsipləri mübahisəli hüquq münasibətlərinə müəyyən müddətlər çərçivəsində aydınlıq gətirilməsini və həmin münasibətlərin sabitləşməsini tələb edir.
49. Digər tərəfdən, müddət məhdudiyyətinin hüquq münasibətləri sistemində rolu və əhəmiyyəti ondan ibarətdir ki, həmin hüquq institutu hüquq münasibətləri iştirakçılarını məsuliyyətli olmağa, pozulmuş hüquqlarının müdafiəsi üçün hüquqi müdafiə vasitələrindən və imkanlarından müəyyən olunmuş zaman kəsiyində istifadə etməyə sövq edir. Həmin tələblərə əməl edilməməsinin riski və bununla bağlı nəticələr hüququnun pozulduğunu iddia edən şəxsin məsuliyyət sferasına aiddir. Qeyd olunmalıdır ki, belə şəxslər qanunla müəyyən olunmuş müddətləri üzrsüz səbəblərdən buraxaraq, uzun zaman kəsiyindən sonra iddia qaldırmaqda, nəticədə mülki dövriyyənin sabitliyini və təhlükəsizliyini təhdid altına almaqda haqlı sayıla bilməzlər.
50. İddia müddəti ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair 27 dekabr 2001-ci il tarixli qərarında göstərilmişdir ki, “iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir, birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa, bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı.”
51. Məhkəmə kollegiyası sonda qeyd edir ki, cavabdehin iddiaçının müraciətinə verilən imtina cavabları iddiaçı tərəfindən İPM-in 38-ci maddəsində nəzərdə tutulmuş müddətdə məhkəmə qaydasında mübahisələndirilməmiş, bununla da, həmin qərarlar qüvvəyə minmişdir.
52. Məhkəmə kollegiyası qeyd edir ki, nə qədər ki, əvvəlki imtinalar, inzibati akt olaraq ləğv edilməmişdir (dəyişdirilməmiş, qüvvədə olma müddəti qurtarmamış və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilməmiş) və hazırda da qüvvədədir, bu səbəbdən iddiaçıya ünvanlı sosial yardımın xx.xx.2024-cü il tarixdən təyin edilməsi qanunvericiliyin tələbləri baxımından əsaslı hesab edilə bilməz.
53. Beləliklə kollegiya hesab edir ki, hazırkı iddianın mümkünlüyü üçün qanunla müəyyən edilən zəruri şərtlərin mövcudluğu müəyyən olunmur. Qanunvericiliyin tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir.
54. Beləliklə, birinci instansiya məhkəməsi qeyd olunan işin faktiki hallarını tam araşdırmamış və nəticə etibarilə prosessual qanunvericiliyin tələblərini pozaraq inzibati iş üzrə kifayət qədər araşdırma aparmadan iddia tələbini mümkün sayaraq işə mahiyyəti üzrə baxmaqda haqlı olmamışdır.
55. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Şəki İnzibati Məhkəməsinin 7 avqust 2025-ci il tarixli 2-1(116)-607/2025 nömrəli qərarı ləğv edilərək, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, iddia tələbi mümkün sayılmamalıdır.
56. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası
Qərara aldı:
İddiaçı tərəfindən verilmiş аpellyаsiyа şikаyəti qismən təmin edilsin. Şəki İnzibati Məhkəməsinin 07 avqust 2025-ci il tarixli 2-1(116)-607/2025 nömrəli qərarı ləğv edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “cavabdehin - “Ailə tərkibinin düzgün göstərilməməsi” ilə ünvanlı dövlət sosial yardımın təyinatından imtina edilməsi barədə qərarının ləğv edilməsini və “Ünvanlı Dövlət Sosial Yardımı haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü və 8-ci maddələrinə əsasən “Ərizə bəyannamə” ilə müraciət etdiyi 01 yanvar 2024-cü il tarixdən hər ay üçün ünvanlı dövlət sosial yardım məbləğinin 1 il müddətində təyin olunaraq aztəminatlı ailəsinə birdəfəlik verilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Apellyasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərardaddan onun təqdim edildiyi gündən 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.