Məhkəmə qərarları › İş №2-1(107)-565/2024

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(107)-565/2024

25.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(107)-565/2024 25.09.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən, məruzəçi), Hüseynov Elçin Şirin oğlu oğlu və X1 ibarət tərkibdə, Atababayev Faiq Gülağa oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “məcburi sosial sığorta haqlarının tam həcmdə hesablanmaqla iddiaçıya təyin edilmiş yaşa görə əmək pensiyasının yenidən hesablanması və yaranmış fərq məbləğinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 7 avqust 2024-cü il tarixli 2-1(116)-1212/2024 nömrəli qərardadından iş üzrə İddiaçı tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdehə qarşı “Məcburi sosial sığorta haqlarının tam həcmdə hesablanmaqla iddiaçıya təyin edilmiş yaşa görə əmək pensiyasının yenidən hesablanması və yaranmış fərq məbləğinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsinə əsasən İddiaçı xx.xx.1939-cu ildə Şəki şəhərində anadan olmuşdur. 1961-ci il tarixdən əmək fəaliyyətinə başlamış, 36 il X3 müxtəlif vəzifələrdə işləmişdir. 36 ilin son 18 ilini X4 rəhbəri kimi-Baş mühəndis və Baş Direktor vəzifələrində çalışmış və İpək Kombinatının Baş direktoru vəzifəsindən yaşa görə əmək pensiyasına çıxmışdır. 1980-1990-cı illərdə X7 İttifaq əhəmiyyətli müəssisə idi və həmin müəssisənin 6 000 (altı min) nəfərdən çox işçisi olduğuna görə Baş direktorun əmək haqqı mövcud tarif sistemi ilə Nazir müavininin əmək haqqı miqdarında ödənilirdi. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Şəki şəhər Şöbəsində sənədləri yoxlanıldıqdan sonra “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununa əsasən mənə xx.xx.2001-ci il tarixdən mənə yaşa görə 467 manat əmək pensiya təyin edilmişdir. xx.xx.2006-cı il tarixdən qüvvədə olan “Əmək pensiyası haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsi tətbiq edilməklə pensiyamın məbləği 665 manata qaldırılmış və iddiaçıya 88 saylı pensiya vəsiqəsi təqdim olunmuşdur. Ancaq pensiya fondu 2001-2006-cı illərdə 300 manat, xx.xx.2006-cı il tarixdən 340 manat, xx.xx.2023-cü il tarixdən 425 manat pensiya hesablayıb vermişdir. Lakin, 88 saylı pensiya vəsiqəsində iddiaçıya təyin olunmuş pensiya, pensiya kapitalına uyğun hesablanaraq ödənilməmişdir. İddiaçı məsələ ilə bağlı cavabdehə müraciət etmiş, cavabdeh tərəfindən imtina məktubu verilmişdir.

3. Cavabdeh məhkəməyə təqdim etdiyi etiraz məktubunda bildirilir ki, İddiaçı 01,01.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanuna əsasən xx.xx.2001 -ci il tarixdən yaşa görə əmək pensiyası təyin olunmuş və xx.xx.2006-cı il tarixdən qüvvədə olan "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsi tətbiq edilməklə yaşa görə əmək pensiyası ödənişi davam etdirilir. Qanuna 01 01,2023-cü il tarixdən əlavə edilmiş 26.4-cü maddəyə əsasən 2022-ci il üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) əmək pensiyaçılarına münasibətdə müəyyən etdiyi maddi yardım 2023-cü il yanvarın 1-dən onların əmək pensiyalarının tərkibinə daxil edilməklə, qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarına münasibətdə aylıq maddi yardım məbləğində, digər əmək pensiyaçılarına münasibətdə isə illik maddı yardımın bir aya düşən hissəsi məbləğində hesablanır. Həmin Qanunun 29.1-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsi, bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına gorə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçılarına münasibətdə, həmin əlavələrlə birlikdə müəyyən edilmiş məbləği ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir. Qeyd olunan maddəyə əsasən İddiaçı yaşa görə əmək pensiyasının məbləği xx.xx.2023-cü il tarixdən 370,85 manat, Qanunun 29.1-ci maddəsinə əsasən indeksləşdirilərək 425,36 manat müəyyən edilmişdir. Nəzərinizə çatdırırıq ki, iddiaçının pensiya işinə daxıl olan sənədlərə və Mərkəzləşdirilmiş elektron informasiya sisteminin "Pensiya” altsistemində olan məlumatlara əsasən əmək fəaliyyəti dövrü, o cümlədən xx.xx.1956-cı il tarixdən xx.xx.1961-ci il tarixədək əyani təhsil aldığı illər nəzərə alınmaqla xx.xx.2006-cı il tarixədək 44 il 4 ay 2 gün sığorta stajı və fərdi hesabının sığorta hissəsində xx.xx.2006cı il tarixdən 01 08 2008-ci il tarixədək qeydə alınmış 1665,36 manat pensiya kapitalı əsasında əmək pensiyasının məbləği yenidən hesablanmış və yaşa görə əmək pensiyasının məbləğində dəyişiklik olmamışdır. İddiaçı iddia ərizəsində qeyd etdiyi 88 saylı vəsiqə Şəki rayon Əhalinin Sosial Müdafiə Mərkəzi tərəfindən ona yaşa görə əmək pensiyası təyin edildiyi zaman təqdim edilmişdir. Vəsiqədə iddiaçıya 67288 köhnə manat yaşa görə əmək pensiyası təyin edildiyi qeyd edilmişdir. 67288 köhnə manatı yeni manata çevirsək 13,45 manat alınacaqdır. Qanuna uyğun olaraq təyin edilmiş əmək pensiyasının məbləği əmək pensiyasının minimum məbləğindən aşağı olduqda, həmin məbləğə çatdırılmaqla ödənilir. Göründüyü kimi İddiaçı təyin edilmiş yaşa görə əmək pensiyasının məbləği qanunvericiliyin tələblərinə uyğun olaraq hesablanmışdır.

4. Birinci instansiya məhkəməsinin iclasında iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir.

5. Birinci instansiya məhkəməsinin iclasında cavabdehin nümayəndəsi iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

6. Şəki İnzibati Məhkəməsinin (hakim Fəxri Hacızadə) 7 avqust 2024-cü il tarixli 2- 1(116)-1212/2024 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır.

7. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti vermişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ

8. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi qərarında qeyd etmişdir ki, “Hazırkı vəziyyətdə iddia tələbi mümkünlük şərtlərinə o halda cavab verə bilər ki, iddiaçının mübahisələndirdiyi məsələlər onun üçün hüquqi nəticə yaratmış olsun.” Onun isə cavabdehə qarşı iddia tələbi “məcburi sosial sığorta haqlarının tam həcmdə hesablanmaqla ona təyin edilmiş yaşa görə əmək pensiyasının yenidən hesablanması və yaranmış fərq məbləğinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”ndan ibarət olmuşdur. İddia tələbində mübahisələndirdiyi məsələlər birbaşa həm onun üçün, həm də cavabdeh üçün hüquqi nəticə yaradaraq, pozulmuş hüquqlarının bərpasına istiqamətlənmişdir. O, axırıncı iş yerindən çıxan zaman xx.xx.2008-ci ildə ona verilən 88 saylı pensiya vəsiqəsində açıq-aşkar göstərilir ki, 31 dekabr 2001-ci ildən yaşa görə 67288 manat pensiya təyin edilmişdir. xx.xx.2026-cı il tarixdən qüvvədə olan “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 7-ci maddəsi tətbiq edilməklə ona təyin edilən pensiya məbləği 95819 manat müəyyən edilmişdir. Mərkəzi filial 88 saylı pensiya vəsiqəsində təyin edilən 67288 manatı köhnə məzənnə kimi qəbul edir və yeni manatın məzənnəsinə çevirməklə ona 13 manat 45 qəpik pensiya düşdüyünü göstərir. Ancaq pensiya vəsiqəsinin sonrakı səhifəsində öz əksini tapmaqla ona təyin edilən 95819 manat pensiya məbləğinə heç bir münasibət bildirməmişdir. 1982-ci ildən 2000-ci ilədək 18 il X4 rəhbəri kimi baş mühəndis və baş direktor vəzifələrində işləmişdir. X7 6500 nəfərlik əmək kollektivi ilə respublikanın və eləcə də keçmiş ittifaqın ən iri ipək sənaye müəssisəsi sayılırdı. Müəssisə ittifaq əhəmiyyətli müəssisə olduğu üçün baş direktor vəzifəsi Respublika Nazirlər Sovetinin nomenklaturasına daxil edilmişdir. Cavabdehin ona təyin etdiyi pensiya isə müəssisədə xadimə işləyən şəxslərin pensiyasına bərabərdir. Ona görə də apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 7 avqust 2024-cü il tarixli 2-1(116)- 1212/2024 nömrəli qərardadının ləğv edilməsini xahiş etmişdir.

TƏRƏFLƏRİN İZAHATLARİ

9. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 7 avqust 2024-cü il tarixli 2-1(116)-1212/2024 nömrəli qərardadının ləğv edilməsini xahiş etdi.

10. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin 7 avqust 2024-cü il tarixli 2-1(116)-1212/2024 nömrəli qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. TƏTBİQ EDİLƏN HÜQUQ

11. İnzibati Prosessual Məcəllə: Maddə 2.2.1. Şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 2.2.2. İnzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 2.2.3. İnzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 13. Məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 80.1. Barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Maddə 82. Apellyаsiyа instаnsiyаsı məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə bаxır. Apellyаsiyа instаnsiyаsı məhkəməsi həmçinin, bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər. Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda. Maddə 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir.

12. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarı: 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 3.1. İnzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. 3.2. İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. 3.3. Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. 3.4. Birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. 16.1. İddianın mümkünlüyünə dair şərtlərə, həmçinin iddianın lazımı qaydada qaldırılması da aiddir. 16.2. İddia ərizəsi İPM-in 46.1-ci maddəsində təsbit edilmiş formal tələblərə cavab verməlidir. 16.3. Həmin normada nəzərdə tutulmuş iddia ərizəsinin məzmununa dair tələblər ərizənin verildiyi məhkəmənin adı; iddiaçı və cavabdeh fiziki şəxslərin soyadları, adları, atalarının adları, yaşayış yerləri, inzibati orqanların (hüquqi şəxslərin) adı və hüquqi ünvanları; iddiaçının (ərizəçinin) tələbi - imperativ xarakter daşıyır və verilmiş ərizələrdə bunlar göstərilməlidir. 16.4. İPM-in 46.3-cü maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir. 16.6. İddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər.

APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ

13. Apellyasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

14. Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, iddiaçının apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərardadının təqdim olunduğu gündən 10 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Apellyasiya şikayəti mümkündür və əsaslıdır. Birinci instansiya məhkəməsi iddianı əsassız olaraq mümkün hesab etməmişdir. Ona görə də apellyasiya şikayəti təmin ediləcəkdir. Bu aşağıdakı mülahizələrdən irəli gəlir.

15. Kollegiya ilk olaraq bildirir ki, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılılq.

16. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olub-olmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddi-hüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlayır.

17. Məhkəmə kollegiyası iş materiallarını tədqiq edərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilərək, inzibati iş baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir.

18. Belə ki, birinci instansiya məhkəməsi iddianı mümkün saymayaraq göstərmişdir ki, iş materiallarına əsasən, iddiaçının hazırkı tələblə məhkəməyə müraciət etməkdə hüquqi marağı məcburi sosial sığorta haqlarının tam həcmdə hesablanmaqla ona təyin edilmiş yaşa görə əmək pensiyasının yenidən hesablanması və yaranmış fərq məbləğinin ödənilməsindən ibarətdir. Lakin, iş materiallarından görünür ki, pensiya altsistemində olan məlumatlara əsasən iddiaçının əmək fəaliyyəti dövrü, o cümlədən xx.xx.1956-cı il tarixdən xx.xx.1961-ci il tarixədək əyani təhsil aldığı illər nəzərə alınmaqla xx.xx.2006-cı il tarixədək 44 il 4 ay 2 gün sığorta stajı və fərdi hesabının sığorta hissəsində xx.xx.2006-cı il tarixdən xx.xx.2008-ci il tarixədək qeydə alınmış 1665,36 manat pensiya kapitalı əsasında əmək pensiyasının məbləği yenidən hesablanmış, yaşa görə əmək pensiyasının məbləğində dəyişiklik olmamışdır. Yəni, iddiaçının mövcud sosial sığorta stajı və qeydə alınmış pensiya kapitalı cavabdeh tərəfindən tam olaraq nəzərə alınmış, mübahisələndirilən və qəbul edilməyən dövr mövcud deyildir.

19. Məhkəmə kollegiyası işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi İddiaçı təyin edilmiş yaşa görə əmək pensiyasının məbləğinin qanunvericiliyin tələblərinə uyğun olaraq hesablanması, iddiaçının hazırki tələblə müraciət etməkdə hüquqi marağının mövcud olmaması, nəticə etibarı ilə iddiaçının hüquqi müdafiəyə ehtiyacının olmaması qənaətinə gəlsə də iddiaçının işlədiyi illər üzrə yaşa görə əmək pensiyasının məbləğinin xx.xx.2006-cı il tarixədək qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun və xx.xx.2006-cı il tarixdən qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun tələblərinə (26-cı maddəsinə) uyğun olaraq hesablanıbhesablanmaması, yaranmış fərq məbləğinin olub-olmaması və əgər olmuşdursa həmin məbləğin ödənilib-ödənilməməsi barədə inzibati iş üzrə tam araşdırma aparılmamış, müvafiq sorğular edilməmiş, yalnız cavabdeh tərəfindən təqdim edilmiş iddia tələbinə etirazla kifayətlənərək iddia tələbini mümkün saymamış, bununla da İnzibati Prosessual Məcəllənin 12-ci və 48-ci maddələrinə əsasən, inzibati iş üzrə mümkünlük məsələsi ilə bağlı kifayət qədər araşdırma aparmadan əsassız olaraq qərar qəbul etmişdir.

20. Belə olan halda məhkəmə kollegiyasının qənaətinə görə iddiaçının məcburi sosial sığorta haqlarının tam həcmdə hesablanmaqla təyin edilmiş yaşa görə əmək pensiyasının yenidən hesablanması və yaranmış fərq məbləğinin ödənilməsi barədə tələblə inzibati orqana müraciət etməsi, inzibati orqanın onun müraciətindən imtina etməsi, bundan sonra onun həmin tələblə məhkəməyə müraciət etməsi, yəni iddiaçının hüququnun pozulması barədə hər hansı ehtimalın mövcud olması, artıq iddianın mümkünlüyünə dair şərtin yerinə yetirilmiş olmasının göstəricisidir.

21. Beləliklə, məhkəmə kollegiyаsı bu qənаətə gəldi ki, birinci instаnsiyа məhkəməsi yuxаrıdа sаdаlаnаn hаllаrı аrаşdırmаdаn və işin faktiki hallarına düzgün hüquqi qiymət vermədən iddiаnı mümkün saymamaqda səhv nəticəyə gəlmişdir. Оnа görə də Аzərbаycаn Respublikаsı İnzibаti Prоsessuаl Məcəlləsinin 87.6-cı mаddəsinə əsаsən, şikаyət təmin edilməli və birinci instаnsiyа məhkəməsinin qərаrdаdı ləğv edilərək işin baxılması üçün Şəki İnzibаti Məhkəməsinə göndərilməsi bаrədə qərаrdаd qəbul edilməlidir.

22. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ:

İddiaçı tərəfindən verilmiş аpellyаsiyа şikаyəti təmin edilsin. Şəki İnzibati Məhkəməsinin 7 avqust 2024-cü il tarixli 2-1(116)-1212/2024 nömrəli qərardadı ləğv edilsin. İnzibati iş baxılması üçün Şəki İnzibati Məhkəməsinə qaytarılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar