Məhkəmə qərarları › İş №2-1(107)-567/2025

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(107)-567/2025

30.09.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(107)-567/2025 30.09.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və X2 ibarət tərkibdə, Həsənova Səbinə Adil qızının katibliyi, İddiaçı, onun vəkili Vəkil və cavabdehin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı «istehsalat qəzası nəticəsində sağlamlığın pozulması ilə bağlı aylıq müavinətin təyin edilməsi ilə əlaqədar ödənilməmiş məbləğin ödənilməsi» tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 15 avqust 2025-ci il tarixli 2-1(116)-1257/2022 nömrəli qərardadından cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası aşağıdakı qərarı qəbul etdi. İşin halları Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdehlər Dövlət Sosial Müdafiə Fonduna (bundan sonra – DSMF), DSMF X10 Ərazi Filialına qarşı «iddiaçıya istehsalat qəzası nəticəsində aldığı xəsarətlə bağlı təyin olunmuş müavinətin tam həcmdə ödənilməsi» tələbini irəli sürərək Şəki İnzibati Məhkəməsində iddia qaldırmışdır.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 1972-ci ildən X19 Mədənində “yeraltı dağ mədən ustası” kimi işə başlamışdır. O, 1976-cı ildə yeraltı dağ mədən ustası işləyən zaman mədəndə baş vermiş uçqunun altında qalmış, bu səbəbdən Bakı şəhərində xəstəxanada əməliyyat olunmuşdur. Sonradan o, mədəndə əmək fəaliyyətini 1 aprel 1985ci il tarixədək davam etdirmiş və uçqunun altında qalan zaman əmək qabiliyyətini itirdiyi üçün 23 saylı Mingəçevir Zona TSEK-nın 16 yanvar 2009-cu il tarixli arayışı ilə ona əmək zədəsi və 2-ci qrup əlillik dərəcəsi verilmiş və aldığı əmək haqqı müqabilində 768,37 manat müavinət təyin olunmuşdur. İddiaçıya verilmiş həmin vəsait 2010-cu ildən kəsilmişdir. 2010 – 2013-cü illərdə hər il TSEK onun əmək qabiliyyətinin itirilməsi faizini 80% qiymətləndirsə də, o, 2010-cu ildən müavinəti ala bilməmişdir.

3. İddiaçı məhkəmə icraatının gedişində məhkəməyə (məhkəmənin tövsiyəsi ilə) «cavabdehin və iddianın dəyişdirilməsi barədə» əlavə ərizə təqdim etmiş və tək cavabdeh qismində DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı göstərilməklə iddia tələbinin «istehsalat qəzası nəticəsində sağlamlığın pozulması ilə bağlı aylıq müavinətin təyin edilməsi ilə əlaqədar ödənilməmiş məbləğin ödənilməsi» kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin 4 iyul 2022-ci il tarixli qərardadı ilə cavabdeh dəyişdirilmiş (əvəz edilmiş) və iddianın dəyişdirilməsi qəbul olunmuşdur.

4. Şəki İnzibati Məhkəməsinin 2-1(116)-1258/2022 saylı, 4 oktyabr 2022-ci il tarixli qərarı ilə iddia təmin edilməmişdir.

5. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-53/2023 saylı, 12 iyul 2023-cü il tarixli qərarı ilə iddiaçının apellyasiya şikayəti qismən təmin edilərək, Şəki İnzibati Məhkəməsinin 4 oktyabr 2022-ci il tarixli qərarı ləğv edilmiş, iddia qismən təmin edilmiş (iddiaçı müavinətin 2010-cu ildən ödənilməsini tələb edirdi) və iddiaçıya 3 mart 2019-cu il tarixdən başlayaraq, istehsalat qəzası nəticəsində sağlamlığı pozulmuş şəxs kimi aylıq ödəncin ödənilməsi öhdəliyi qoyulmuşdur.

6. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 2708/2023 saylı, 30 dekabr 2023-cü il tarixli qərarı ilə cavabdehin kassasiya şikayəti təmin edilməmiş və Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 12 iyul 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

7. Şəki İnzibati Məhkəməsinin 6 fevral 2024-cü il tarixli məktubu ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-53/2023 saylı, 12 iyul 2023-cü il tarixli qərarının surəti (nüsxəsi) icra olunması cavabdeh inzibati orqan DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına göndərilmişdir.

8. DSMF Sosial Ödənişlərin Təyinatı üzrə X14 İnzibati Məhkəməsinə 22 fevral 2024cü il tarixli 3-17-1/2-41912/2024 saylı məktub ünvanlayaraq, ünvan 2zrə 12 iyul 2023-cü il tarixli qərarının qurum tərəfindən icra olunduğunu bəyan etmişdir.

9. Bundan sonra İddiaçı Şəki İnzibati Məhkəməsinə ərizə ünvanlayaraq, Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının sözügedən 12 iyul 2023-cü il tarixli qərarının icra olunmadığını bildirmiş və onun icrası ilə bağlı qərar qəbul olunmasını xahiş etmişdir.

10. İddiaçı ərizəni onunla əsaslandırmışdır ki, aldığı xəsarətə görə iddiaçıya 768,37 manat pul vəsaiti ödənilmiş, lakin 2010-cu ilin yanvar ayında ödəniş dayandırılmışdır. O, müavinətin bərpa edilməsi ilə bağlı DSMF-yə müraciət etsə də, məsələnin müsbət həlli təmin olunmamışdır. İddiaçının müvafiq iddiası Şəki İnzibati Məhkəməsi tərəfindən təmin olunmasa da, Şəki Apellyasiya Məhkəməsinin 12 iyul 2023-cü il tarixli qərarı ilə iddia qismən təmin edilmiş və müvafiq müavinətin təyin edilməsi ilə əlaqədar ödənilməmiş məbləğin ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Həmin qərarın icrası ilə bağlı cavabdehin iddiaçıya ünvanlanmış 13 iyun 2024-cü il tarixli məktubunda ona ümumilikdə 7.810,06 manat müavinət hesablandığı, həmin məbləğin 2.050,84 manat hissəsinin ödənildiyi, qalan 5.759,22 manat hissəsinin isə cari ilin sonunadək aylıq müavinətə əlavə olunmaqla ödəniləcəyi bildirilmişdir. İddiaçı həmin məbləğlə razılaşmır və hesab edir ki, ona hər ay 768,37 manat olmaqla 2019 – 2023-cü illər ərzində ümumilikdə 45.990 manat vəsait ödənilməli və həmin tarixdən sonrakı dövr üzrə qeyd olunan məbləğdə ödəniş davam etdirilməlidir.

11. DSMF Sosial Ödənişlərin Təyinatı üzrə X11 İnzibati Məhkəməsinə ünvanlanmış 5 fevral 2025-ci il tarixli 3-17-1/2-26233/2025 saylı məktubunda qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Prezidentinin 4 avqust 2008-ci il tarixli 804 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borclarının tənzimlənməsi Qaydaları»nın 3-cü bəndinin 1 yanvar 2022-ci il tarixədək qüvvədə olan tələblərinə əsasən dövlət müəssisələrinin müvafiq dövr üçün istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc əvəzinə dövlət büdcəsinin vəsaiti hesabına peşə əmək qabiliyyəti 29 faizədək itirildikdə – 33 manat, 30 faizdən 59 faizədək itirildikdə – 44 manat, 60 faizdən 79 faizədək itirildikdə – 55 manat, 80 faiz və daha çox itirildikdə – 66 manat, həlak olduqda – 77 manat məbləğində aylıq müavinət verilirdi. Sözügedən Qaydaların 3.1.1 və 3.1.2-ci yarımbəndlərinin 1 yanvar 2022-ci il tarixdən qüvvədə olan tələblərinə əsasən isə özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə ödəncin əvəzinə verilən aylıq müavinətin məbləği minimum aylıq əməkhaqqının peşə əmək qabiliyyətinin itirilmə faizi məbləğində (33 manatdan az olmayaraq), bu səbəbdən həlak olmuş şəxslərin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə verilən aylıq müavinətin məbləği isə minmum aylıq əməkhaqqı məbləğində müəyyən olunmuşdur. Məhkəmə sorğusunda qeyd edilən məlumatın (7.810,06 manat vəsaitin hesablanması əsası barədə məlumat tələb olunmuşdur) təqdim edilməsi ilə bağlı isə bildirilir ki, İddiaçı Ali Məhkəmənin 30 dekabr 2023-cü il tarixli qərarına əsasən 3 mart 2019-cu il tarixdən 31 dekabr 2021-ci il tarixədək aylıq məbləği 66 manat (qanunvericiliklə müəyyən edilmiş məbləğdə), 1 yanvar 2022-ci il tarixdən 31 yanvar 2022-ci il tarixədək aylıq məbləği 240 manat (minimum əmək haqqının 80%-i məbləğində, 300 manat x 80%), 1 yanvar 2023-cü il tarixdən isə aylıq məbləği 276 manat (minimum əmək haqqının 80%-i məbləğində, 345 manat x 80%) olmaqla özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə ödənc əvəzinə aylıq müavinət təyin edilmişdir və ödənişi həyata keçirilir. İddiaçıya təyin olunmuş müavinət işi üzrə hesablanmış 7.810,06 manat fərq məbləği 30 noyabr 2024-cü il tarixədək Mərkəzi Filial tərəfindən aylıq müavinət məbləğinin üzərinə hissə-hissə əlavə olunaraq ödənilmişdir.

12. İddiaçı ərizə ilə Şəki Apellyasiya Məhkəməsinə müraciət edərək, 2-1(107)- 53/2023 saylı iş üzrə 12 iyul 2023-cü il tarixli məhkəmə qərarına izah verilməsini xahiş etmişdir.

13. Cavabdeh orqan İddiaçı qərara izah verilməsi barədə ərizəsinə etirazını onunla əsaslandırmışdır ki, sözügedən izah barədə ərizənin məzmunundan görünür ki, iddiaçının iddia tələbinin təmin olunmasına dair Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 12 iyul 2023-cü il tarixli 2-1(107)-53/2023 nömrəli qərarı cavabdeh tərəfindən icra olunaraq bu barədə İddiaçı məlumat verilmişdir. Bu fakt iddiaçı tərəfindən də təsdiq edilir. Odur ki, cavabdeh orqan Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 12 iyul 2023-cü il tarixli 2-1(107)-53/2023 nömrəli qərarına izah verilməsi barədə ərizəsinin təmin olunmaması barədə qərardad qəbul edilməsini xahiş etmişdir.

14. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 12 mart 2025-ci il tarixli qərarı ilə izah barədə ərizə təmin edilməmişdir.

15. İş materialları Şəki İnzibati Məhkəməsinə qaytarıldıqdan sonra DSMF Məhkəmə Mübahisələri ilə İş üzrə X5 Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının məhkəməyə ünvanlanmış 5 fevral 2025-ci il tarixli 3-17-1/2-26233/2025 saylı məktubu ilə eyni məzmunlu 4 iyun 2025-ci il tarixli 2-17-1/2-130254/2025 saylı məktub daxil olmuşdur. X6 Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-53/2023 saylı iş üzrə 12 iyul 2023-cü il tarixli qərarının tam şəkildə icra olunduğu bildirilmiş və İddiaçı “məhkəmə qərarının icrası ilə bağlı” ərizəsinin təmin olunmaması xahiş edilmişdir.

16. Bundan sonra Şəki İnzibati Məhkəməsi tərəfindən cavabdeh DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına 3 iyul 2025-ci il tarixli müvafiq xəbərdarlıq məktubu göndərilmiş və məktubda İPM-in müddəalarına istinad olunaraq, bildirilmişdir ki, məhkəmə qərarı icra olunmadığı halda, qurum İPM-in tələblərinə uyğun olaraq 50.000 manatadək cərimə oluna bilər.

17. Şəki İnzibati Məhkəməsinin (hakim Rüstəm Kərimli) 15 avqust 2025-ci il tarixli 2- 1(116)-1257/2022 nömrəli qərarı ilə Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının 500 (beş yüz) manat miqdarında cərimə edilməsi və həmin qurumdan tutulan cərimənin dövlət büdcəsinə ödənilməsi qərara alınmışdır.

18. Məhkəmə qeyd etmişdir ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. İşdə olan sənədlərdən də görünür ki, İddiaçı ünvan 2zrə 12 iyul 2023-cü il tarixli qanuni qüvvəyə minmiş qərarının tam şəkildə icrasının təmin edilməsini arzulayır. Cavabdeh DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı məhkəməyə ünvanlanmış 5 fevral 2025-ci il tarixli 3-17-1/2-26233/2025 saylı və eyni məzmunlu 4 iyun 2025-ci il tarixli 2-17-1/2-130254/2025 saylı məktubları ilə həmin məhkəmə qərarının icra olunduğunu bildirsə də, məhkəmə cavabdehin dəlilləri ilə razılaşmır. - Belə ki, apellyasiya instansiyası məhkəməsinin 12 iyul 2023-cü il tarixli qərarında məhkəmə kollegiyası istehsalatda baş vermiş bədbəxt hadisə zamanı xəsarət almış işçilərə ödənclərin ödənilməsinə məsul olan və cavabdehlik daşıyan subyektlərin dairəsinin və bununla bağlı hüquqi varislik məsələsinin tam şəkildə tənzimlənmədiyini və bu səbəbdən də (X17 özəlləşdirilməsi tam həyata keçirilməmişdir) hazırkı mübahisəyə münasibətdə oxşar münasibətlər üzrə ödənclərin ödənilməsinin üsulu və qaydasını tənzimləyən Nazirlər Kabinetinin 9 yanvar 2003-cü il tarixli 3 nömrəli qərarı ilə təsdiq edilmiş «İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi Qaydaları»nın 3.7 və 3.8-ci bəndlərinin 19 mart 2010-cu il tarixədək qüvvədə olan redaksiyada tələblərinin tətbiq olunmalı olduğunu vurğulamışdır. Kollegiya həmçinin qeyd etmişdir ki, mübahisə predmeti ilə bağlı məsələnin natamam tənzimlənməsi iddiaçının ziyanına təfsir oluna və onun əmək xəsarəti nəticəsində dəymiş zərərə görə ödəncin ödənilməsinə olan hüququnun məhdudlaşdırılmasına səbəb ola bilməz, istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçi və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvləri və himayəsində olan digər şəxslər sosial həssas qrupa aiddir və hüquqi tənzimləmənin natamamlığı həmin kateqoriyadan olan şəxslərin əvvəllər qüvvədə olmuş qanunvericiliyə əsasən onlara təyin olunmuş və ödənilmiş ödənclərdən məhrum edilməsinə səbəb ola bilməz. - Ali Məhkəmənin Şəki Apellyasiya Məhkəməsinin 12 iyul 2023-cü il tarixli qərarının dəyişdirilmədən saxlanılması barədə 30 dekabr 2023-cü il tarixli qərarında isə qeyd olunmuşdur ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Əmək xəsarəti nəticəsində sağlamlığına dəymiş zərərə görə ödənişi dayandırılmış ödəncin ona cavabdeh tərəfindən həyata keçirilməsini tələb etməkdə iddiaçı haqlı sayılmalıdır. - Göründüyü kimi, apellyasiya və kassasiya instansiyaları məhkəmələri öz qərarlarında İddiaçı istehsalat qəzası nəticəsində sağlamlığının pozulması ilə bağlı aylıq ödənc üzrə yeni təyinat aparılmasını deyil, əvvəllər 768,37 manat məbləğində aylıq ödənilmiş pul vəsaitinin həyata keçirilməsini nəzərdə tutmuşlar. Bundan başqa, məhkəmə qərarlarında iddiaçıya münasibətdə Nazirlər Kabinetinin 9 yanvar 2003-cü il tarixli 3 nömrəli qərarı ilə təsdiq edilmiş «İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi Qaydaları»nın 3.7 və 3.8-ci bəndlərinin müvafiq dövrdə qüvvədə olmuş tələblərinin tətbiqi qeyd edilmişdir. - Lakin cavabdeh inzibati orqan DSMF Sosial Ödənilərin Təyinatı üzrə Mərkəzi Filialı əvvəlki (768,37 manat miqdarında) ödənişin davam etdirilməsi əvəzinə Azərbaycan Respublikası Prezidentinin 4 avqust 2008-ci il tarixli 804 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borclarının tənzimlənməsi Qaydaları»nın müddəalarına istinad edərək, iddiaçıya münasibətdə ödənclə bağlı yeni təyinat aparmışdır və bu təyinat üzrə də ödənişin məbləği məhkəmə qərarında nəzərdə tutulanın yarısından da az təşkil edir. - İş materiallarında olan "xxxx" ASC-nin “ödəniş kartı üzrə çıxarış”ından görünür ki, 2009-cu ilin aprel – dekabr aylarında hər ay iddiaçının hesabına 768,37 manat məbləğində pul vəsaiti köçürülmüşdür. Bununla da sözügedən 12 iyul 2023-cü il tarixli məhkəmə qərarının icrası məhkəmənin xəbərdarlığına baxmayaraq cavabdeh inzibati orqan tərəfindən tam təmin edilməmiş və bunun nəticəsində iddiaçının əmək xəsarəti nəticəsində dəymiş zərərə görə ödəncin ödənilməsinə olan hüququ məhdudlaşdırılmışdır. Halbuki, qanuni qüvvəsini almış məhkəmə qərarının icrasını tam və dəqiq təmin etmək hər bir inzibati orqanın vəzifəsidir. Beləliklə qeyd olunanlara əsaslanaraq, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin və İPM-in 120-ci maddəsinin tələbləri rəhbər tutularaq, ünvan 2zrə 12 iyul 2023-cü il tarixli qərarını tam icra etmədiyinə görə inzibati orqan DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının 500 (beş yüz) manat miqdarında cərimə olunmasını məhkəmə məqsədəuyğun saymışdır.

19. Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X18 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı həmin qərardaddan apellyasiya şikayəti verərək, Şəki İnzibati Məhkəməsinin 15 avqust 2025-ci il tarixli 2-1(116)-1257/2022 nömrəli qərardadının ləğv edilməsi və iddiaçının qərarın icra olunması ilə bağlı ərizəsinin təmin olunmamasına dair qərar qəbul edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin dəlilləri

20. Cavabdeh orqan apellyasiya şikayətini ərizəyə etirazın dəlillərinə uyğun əsaslandırmış, əlavə olaraq göstərmişdir ki, Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 12 iyul 2023-cü il tarixli 2-1(107)-53/2023 nömrəli qərarı cavabdeh inzibati orqan tərəfindən tam şəkildə icra olunmuşdur. - Buna baxmayaraq qərarın icrası icraatı qaydasında işə baxan birinci instansiya məhkəməsi apellyasiya və kassasiya instansiyaları məhkəmələrinin öz qərarlarında İddiaçı istehsalat qəzası nəticəsində sağlamlığının pozulması ilə bağlı aylıq ödənc üzrə yeni təyinat aparılmasını deyil, əvvəllər 768,37 manat məbləğində aylıq ödənilmiş pul vəsaitinin həyata keçirilməsini nəzərdə tutduqlarını əsas gətirməklə ünvan 2zrə 12 iyul 2023-cü il tarixli qərarını tam icra etmədiyinə görə cavabdehin 500 manat məbləğində cərimələnməsi barədə qərardad qəbul etmişdir. - Qeyd edilənlərlə bağlı bildiririk ki, Şəki Apellyasiya Məhkəməsinin sözügedən qərarının nəticə hissəsində cavabdehin üzərinə iddiaçının tələb etdiyi ödənişin dayandırılmasının bərpa edilməsi deyil, birbaşa olaraq xx.xx.2019-cu ildən ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması qeyd edilmişdir. - Həmçinin müvafiq qərarın əsaslandırma hissəsində qeyd edilən 2003-cü il 9 yanvar tarixli 3 nömrəli qərarı ilə təsdiq olunmuş “İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi Qaydaları”nın xx.xx.2010-cu il tarixinə qədər qüvvədə olmuş 3.7-ci və 3.8-ci bəndlərinə istinad edilməsində əsas məqsəd birinci instansiya məhkəməsinin gəldiyi nəticəni təkzib etməklə cavabdeh subyektlər dairəsində olan natamamlığı aradan qaldırılmaqla cavabdeh qismində Dövlət Sosial Müdafiə Fondunun üzərinə öhdəlik qoymaqdan ibarət olmuşdur. - Bundan əlavə işə mahiyyəti üzrə baxılan zaman ərizəçi İddiaçı yuxarıda qeyd edilən qərarın 3.7 və 3.8-ci bəndlərində əhatə olunan subyektlər dairəsinə aid olmaması, yəni Ermənistan Respublikasının ərazisində olan hər hansı bir müəssisədə əmək zədəsi almış qaçqın statusuna malik olan və ya keçmiş iqtisadi sistemin məhsulu olan kolxoz və sovxozlarda işləyərkən əmək zədəsi almış şəxs olmaması işin mübahisəsiz halı olmaqla qeyd edilən normalarda göstərilmiş sosial həssas qrupa aid olan şəxslər arasında qeyribərabərliyin olmasına gətirib çıxarmaqdadır. - Yuxarıda qeyd olunanlara, həmçinin qanunvericiliyin tələbinə münasibətdə bildiririk ki, işə birinci instansiya məhkəməsi qismində baxmış Şəki İnzibati Məhkəməsinin ərizəçinin 2003-cü il 9 yanvar tarixli 3 nömrəli qərarı ilə təsdiq edilmiş “İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi Qaydaları”nın xx.xx.2010-cu il tarixinə qədər qüvvədə olmuş 3.7-ci və 3.8-ci bəndlərində qeyd edilən statusa malik şəxslər siyahısında olmamasına baxmayaraq onları eyniləşdirməklə 768,37 manat məbləğində aylıq ödənilmiş pul vəsaitinin həyata keçirilməsi maddi hüquq normaları ilə yanaşı prioritet normaların, yəni konstitusion prinsiplərin tələblərinin pozulmasına gətirib çıxaracaqdır.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

21. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.

Tərəflərin izahatları

22. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi X8 apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 15 avqust 2025-ci il tarixli 2-1(116)-1257/2022 nömrəli qərardadının ləğv edilməsini xahiş etdi.

23. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı və onun vəkili Vəkil izahat verərək apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin 15 avqust 2025-ci il tarixli 2-1(116)-1257/2022 nömrəli qərardadının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdilər.

Tətbiq edilən hüquq

24. Azərbaycan Respublikasının Konstitusuyası: Maddə 129. Məhkəmə qərarları və onların icrası İ. Məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. İİ. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. İİİ. Məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır.

25. İnzibati Prosessual Məcəllə: 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. 79.1-ci maddəsinə əsasən məhkəmə qərarı qanuni qüvvəyə mindikdən sonra icra olunur. Maddə 116. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin normalarının tətbiqi 116.1. Bu Məcəllə ilə başqa qaydanın nəzərdə tutulmadığı hallarda, məhkəmə qərarlarının icrası ilə bağlı Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq müddəaları tətbiq olunur. 116.2. Məhkəmə qərarının icrası birinci instansiya məhkəməsi tərəfindən təmin edilir. 117.1.1-ci maddəsinə əsasən icra qanuni qüvvəyə minmiş məhkəmə qərarı əsasında həyata keçirilir. Maddə 120. İnzibati orqanların üzərinə qoyulmuş öhdəliklərin (vəzifələrin) icra edilməsi 120.1. Bu Məcəllənin 33.4-cü, 40-cı, 70-ci, 71-ci və 73-cü maddələrində nəzərdə tutulmuş hallarda inzibati orqan tərəfindən məhkəmə qərardadı və ya qərarı ilə onun üzərinə qoyulmuş öhdəliklər (müvəqqəti xarakterli müdafiə ilə bağlı, inzibati aktın qəbul edilməsi və ya qanuna zidd inzibati aktın nəticələrinin aradan qaldırılması ilə bağlı öhdəlikləri) icra edilmədikdə, birinci instansiya məhkəməsi inzibati məhkəmə icraatı iştirakçısının ərizəsinə əsasən və ya xidməti vəzifəsinə görə, inzibati orqana icra üçün müddət müəyyən edir və cərimə tətbiq olunacağı barədə həmin orqana xəbərdarlıq edir. 120.2. Bu Məcəllənin 120.1-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddətdə inzibati orqan tərəfindən onun üzərinə qoyulmuş öhdəliklər icra olunmadıqda, məhkəmə cərimənin məbləğini müəyyən edə və inzibati orqanı həmin məbləğdə cərimə edə bilər. Məhkəmə bu barədə qərardad qəbul edir. 120.3. Cərimə 50.000 manatadək məbləğdə müəyyən oluna bilər. 120.4. Cərimə təkrar təyin oluna və məcburi qaydada tutula bilər.

26. Məhkəmələr və hakimlər haqqında» Qanun: Maddə 5. Məhkəmələrin qərarları Məhkəmələr baxılmış işlər üzrə Azərbaycan Respublikası adından qətnamələr, hökmlər, qərardadlar və qərarlar (bundan sonra — qərarlar) çıxarırlar. Məhkəmələrin bütün qərarları qəbul olunduğu gündən bir aydan gec olmayaraq anonimləşdirilməklə elektron qaydada yayılmalıdır. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur.

27. “İnzibati mübahisələrə dair işlər üzrə məhkəmə qərarlarının icrasının təmin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 19 noyabr 2021-ci il tarixli qərarı

Apellyasiya şikayətinin mümkünlüyü

28. Cavabdehin apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 10 gün müddətində (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri).

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

29. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərar qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

30. Bununla bağlı, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

31. Birinci instansiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

32. Bununla belə, birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşarkən, məhkəmə kollegiyası həmçinin aşağıdakıları nəzərə aldığını qeyd etməyi zəruri sayır.

33. Cavabdeh orqanın apellyasiya şikayətinin dəlili ondan ibarətdir ki, Şəki Apellyasiya Məhkəməsinin 2-1(107)-53/2023 saylı iş üzrə 12 iyul 2023-cü il tarixli qərarının nəticə hissəsində cavabdehin üzərinə iddiaçının tələb etdiyi ödənişin dayandırılmasının bərpa edilməsi deyil, birbaşa olaraq xx.xx.2019-cu ildən ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması qeyd edilmişdir. Həmin qərar da cavabdeh inzibati orqan tərəfindən tam şəkildə icra olunmuşdur.

34. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, apellyasiya instansiyası məhkəməsinin 12 iyul 2023-cü il tarixli qərarında məhkəmə kollegiyası istehsalatda baş vermiş bədbəxt hadisə zamanı xəsarət almış işçilərə ödənclərin ödənilməsinə məsul olan və cavabdehlik daşıyan subyektlərin dairəsinin və bununla bağlı hüquqi varislik məsələsinin tam şəkildə tənzimlənmədiyini və bu səbəbdən də (X17 özəlləşdirilməsi tam həyata keçirilməmişdir) hazırkı mübahisəyə münasibətdə oxşar münasibətlər üzrə ödənclərin ödənilməsinin üsulu və qaydasını tənzimləyən Nazirlər Kabinetinin 9 yanvar 2003-cü il tarixli 3 nömrəli qərarı ilə təsdiq edilmiş «İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi Qaydaları»nın 3.7 və 3.8-ci bəndlərinin 19 mart 2010-cu il tarixədək qüvvədə olan redaksiyada tələblərinin tətbiq olunmalı olduğunu vurğulamışdır. Kollegiya həmçinin qeyd etmişdir ki, mübahisə predmeti ilə bağlı məsələnin natamam tənzimlənməsi iddiaçının ziyanına təfsir oluna və onun əmək xəsarəti nəticəsində dəymiş zərərə görə ödəncin ödənilməsinə olan hüququnun məhdudlaşdırılmasına səbəb ola bilməz, istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçi və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvləri və himayəsində olan digər şəxslər sosial həssas qrupa aiddir və hüquqi tənzimləmənin natamamlığı həmin kateqoriyadan olan şəxslərin əvvəllər qüvvədə olmuş qanunvericiliyə əsasən onlara təyin olunmuş və ödənilmiş ödənclərdən məhrum edilməsinə səbəb ola bilməz.

35. Ali Məhkəmənin Şəki Apellyasiya Məhkəməsinin 12 iyul 2023-cü il tarixli qərarının dəyişdirilmədən saxlanılması barədə 30 dekabr 2023-cü il tarixli qərarında isə qeyd olunmuşdur ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Əmək əsarəti nəticəsində sağlamlığına dəymiş zərərə görə ödənişi dayandırılmış ödəncin ona cavabdeh tərəfindən həyata keçirilməsini tələb etməkdə iddiaçı haqlı sayılmalıdır.

36. Göründüyü kimi, apellyasiya və kassasiya instansiyaları məhkəmələri öz qərarlarında İddiaçı istehsalat qəzası nəticəsində sağlamlığının pozulması ilə bağlı aylıq ödənc üzrə yeni təyinat aparılmasını deyil, əvvəllər 768,37 manat məbləğində aylıq ödənilmiş pul vəsaitinin həyata keçirilməsini nəzərdə tutmuşlar. Bundan başqa, məhkəmə qərarlarında iddiaçıya münasibətdə Nazirlər Kabinetinin 9 yanvar 2003-cü il tarixli 3 nömrəli qərarı ilə təsdiq edilmiş «İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi Qaydaları»nın 3.7 və 3.8-ci bəndlərinin müvafiq dövrdə qüvvədə olmuş tələblərinin tətbiqi qeyd edilmişdir.

37. Lakin cavabdeh orqan əvvəlki (768,37 manat miqdarında) ödənişin davam etdirilməsi əvəzinə Azərbaycan Respublikası Prezidentinin 4 avqust 2008-ci il tarixli 804 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borclarının tənzimlənməsi Qaydaları»nın müddəalarına istinad edərək, iddiaçıya münasibətdə ödənclə bağlı yeni təyinat aparmışdır və bu təyinat üzrə də ödənişin məbləği məhkəmə qərarında nəzərdə tutulanın yarısından da az təşkil edir.

38. İş materiallarında olan "xxxx" ASC-nin “ödəniş kartı üzrə çıxarış”ından görünür ki, 2009-cu ilin aprel – dekabr aylarında hər ay iddiaçının hesabına 768,37 manat məbləğində pul vəsaiti köçürülmüşdür.

39. Bundan başqa, İddiaçı iddia ərizəsindən görünür ki, o, Kəlbəcər rayonu ərazisində yerləşən Zod qızıl mədənində "yeraltı dağ mədən ustası" peşəsində işləyərkən, yeraltı mədəndə uçqun baş verərkən və uçqunun altında qalan zaman aldığı xəsarətlərlə əmək qabiliyyətini itirdiyi üçün ƏƏSMN-nin 23 saylı X13-Sosial Ekspertiza Komissiyasının xx.xx.2009-cu il tarixli SER TSE-01 № 080332 nömrəli Arayışı ilə iddiaçıya əmək zədəsi və 2-ci qrup əlillik dərəcəsi verilmiş və ona aldığı əmək haqqı müqabilində - 768 (yeddi yüz altmış səkkiz) manat pensiya təyin olunmuşdur. İddiaçıya verilmiş əmək zədəsi və 2-ci qrup əlillik dərəcəsi ilə təyin olunmuş pensiya 2010-cu ilin yanvar ayından kəsilmişdir. İddiaçıya təyin olunmuş pensiya kəsilməsinə baxmayaraq, o, 2010, 2011, 2012 və 2013cü illərdə hər il Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 23 №-li Mingəçevir TSEK-dan keçmiş və hər dəfə də 23 №-li Mingəçevir Tibbi-Sosial Ekspert Komissiyası iddiaçının əmək qabliyyətinin itirilməsi faizini 80% kimi qiymətləndirmiş, lakin 2010-cu ildən bu günədək Zod qızıl mədənində istehsalat zədəsi nəticəsində əlliliyə görə müavinəti ala bilməmişdir.

40. Göründüyü kimi, iddiaçının iddia verdiyi zaman hüquqi marağı və məqsədi ona istehsalat zədəsi nəticəsində verilmiş ödənclərin bərpa edilməsi olmuşdur.

41. Apellyasiya instansiya məhkəməsi tərəfindən də onun iddiası ödənişə münasibətdə “Sosial müavinətlər haqqında” Qanunun müddəaları tətbiq olunmaqla əvvəlki üç il üçün ödəmələrin aparılmasının məqsədəmüvafiq olduğu nəzərə alınmaqla qismən təmin edilmiş cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə İddiaçı xx.xx.2019-cu il tarixdən başlayaraq istehsalat qəzası nəticəsində sağlamlığı pozulmuş şəxs kimi aylıq ödəncin ödənilməsi öhdəliyi qoyulmuşdur.

42. Belə ki, məhkəmə kollegiyası qeyd etmişdir ki, yuxarıda qeyd olunan səbəblərdən əmək xəsarəti nəticəsində sağlamlığına dəymiş zərərə görə, işlədiyi müəssisənin ödəncin ona cavabdeh tərəfindən həyata keçirilməsini tələb etməkdə iddiaçı haqlı sayılmalıdır.

43. Həmçinin, məhkəmə kollegiyası qeyd edir ki, istehsalat zədəsi və travması nəticəsində sağlamlığın pozulması ilə bağlı ödənilən vəsait sosial müavinət statuslu ödəniş olduğundan, müvafiq olaraq həmin ödənişə münasibətdə “Sosial müavinətlər haqqında” Qanunun müddəaları tətbiq olunmaqla əvvəlki üç il üçün ödəmələrin aparılması məqsədəmüvafiqdir.

44. İş materiallarından görünür ki, iddiaçı hazırkı tələb ilə cavabdehə xx.xx.2022-ci il tarixdə müraciət etmişdir. Belə olan halda kollegiya hesab edir ki, iddiaçıya istehsalat qəzası nəticəsində sağlamlığı pozulmuş şəxs kimi ödənilməli olan müavinət onun cavabdeh orqana müraciət etdiyi tarixdən əvvəlki üç ildən, yəni xx.xx.2019-cu il tarixdən başlayaraq ödənilməlidir.

45. Hazırda cavabdeh orqanın apellyasiya şikayətinin dəlili olaraq göstərdiyi “məhkəmə tərəfindən ödənişlərin birbaşa olaraq xx.xx.2019-cu ildən ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması və bu xüsusatın, iddiaçıya yenidən təyinat aparılması üçün əsas olması” yuxarıda qeyd edilən qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə təkzib olunur.

46. Bundan başqa, qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə müəyyən edilmişdir ki, iddiaçı Əlişov X3 rayonu ərazisində yerləşən Zod qızıl mədənində işləyən zaman xx.xx.1976-cı il tarixdə yeraltı mədəndə uçqun zamanı xəsarət almış, istehsalatda bədbəxt hadisə nəticəsində əmək qabiliyyətinin 80 %-ni itirmiş, ona 2-ci qrup əlillik dərəcəsi verilmiş, aldığı əmək haqqı müqabilində 768 manat pensiya təyin edilmiş və həmin pensiya üzrə ödənişlər 2010-cu ilin yanvar ayınadək ödənilmişdir.

47. Həmçinin, qeyd olunan iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının qərarının 43-cü bəndində də qeyd olunmuşdur ki, əmək xəsarəti nəticəsində sağlamlığına dəymiş zərərə görə, ödənişi dayandırılmış ödəncin ona cavabdeh tərəfindən həyata keçirilməsini tələb etməkdə iddiaçı haqlı sayılmalıdır.

48. Göründüyü kimi, məhkəmələr iddiaçıya sağlamlığına dəymiş zərərə görə dayandırılmış ödənişin cavabdehə müraciət etdiyi tarixdən əvvəlki üç il müddət nəzərə alınmaqla cavabdeh tərəfindən bərpa edilməsi qənaətinə gəlmiş, lakin, apellyasiya məhkəməsinin 12 iyul 2023-cü il tarixli məhkəmə qərarının icrası məhkəmənin xəbərdarlığına baxmayaraq cavabdeh inzibati orqan tərəfindən tam təmin edilməmiş və bunun nəticəsində iddiaçının əmək xəsarəti nəticəsində dəymiş zərərə görə ödəncin ödənilməsinə olan hüququ məhdudlaşdırılmışdır.

49. Məhkəmə kollegiyası cərimənin tətbiq edilməli olması ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, hazırkı qərarın 27-ci bəndində qeyd olunan “İnzibati mübahisələrə dair işlər üzrə məhkəmə qərarlarının icrasının təmin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 19 noyabr 2021-ci il tarixli qərarında göstərilmişdir ki, inzibati orqanların üzərinə qoyulmuş öhdəliklərin (vəzifələrin) icrasına dair çıxarılmış məhkəmə aktı qanuni qüvvəyə mindikdən sonra hakim əvvəlcə, həmin məhkəmə aktını icranı həyata keçirməli olan inzibati orqana göndərməklə icra üçün müddət müəyyən etməli və icra olunmamaya görə cərimə tətbiq olunacağı barədə xəbərdarlıq etməlidir. İnzibati Prosessual Məcəllənin 120.1-ci maddəsində icra üçün müəyyən edilməli olan konkret müddətin göstərilməməsinin səbəbi inzibati orqan tərəfindən icra edilməli olan öhdəliyin (vəzifənin) hər bir konkret mübahisənin xarakterindən, icra üçün yerinə yetirilməsi tələb olunan hərəkətlərin həcmindən və buna görə tələb olunan vaxtdan asılı olaraq dəyişkən olması ilə bağlıdır. Odur ki, icra üçün müddətlər hər bir iş üzrə müxtəlif ola bilər. Lakin məhkəmə mübahisənin xarakterini, icra təmin etmək üçün yerinə yetirilməsi tələb olunan hərəkətlərin həcmini və sərf edilməsi ehtimal olunan vaxtı, eləcə də tərəflərin bütün diqqətəlayiq digər maraqlarını nəzərə almaqla inzibati orqan üçün ağlabatan müddətlər müəyyən etməlidir. İcra üçün müəyyən edilmiş ilkin müddət bitdikdən sonra proses iştirakçısının ərizəsinə əsasən və ya xidməti vəzifəsinə görə, işin hallarını və tərəflərin təqdim etdiyi dəlilləri nəzərə almaqla müvafiq əsasların mövcudluğu qənaətinə gəldikdə, məhkəmə icra üçün yeni müddət də müəyyən edə bilər. Lakin hər bir halda, bu müddətlər “İnzibati icraat haqqında” Qanunun 52.5-ci maddəsində inzibati icraatın müddəti üçün müəyyən edilmiş maksimal müddət olan 90 (doxsan) günü keçməməlidir.

50. Hazırkı iş materialları ilə müəyyən olunur ki, məhkəmə qərarı qanuni qüvvəsini aldıqdan sonra qərardan çıxarış icra edilməsi üçün cavabdehə göndərilmişdir.

51. Plenum Qərarında da qeyd olunduğu kimi, birinci instansiya məhkəməsi tərəfindən qərarın icrası ilə bağlı cavabdehə müvafiq məktub göndərilmiş, qərar icra olunmadığı halda, İnzibati Prosessual Məcəllənin 120-ci maddəsinin tələblərinə uyğun olaraq cərimə olunacağı barədə xəbərdarlıq edilmişdir. Lakin cavabdeh inzibati orqan qanuni qüvvəsini almış məhkəmə qərarını icra etməkdən yayınmışdır.

52. Kollegiya bildirir ki, mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir və müəyyən edilmiş müddətdə inzibati orqan tərəfindən onun üzərinə qoyulmuş öhdəliklər icra olunmadıqda, məhkəmə cərimənin məbləğini müəyyən edə və inzibati orqanı həmin məbləğdə cərimə edə bilər.

53. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqan məhkəmə qərarını əsassız olaraq icra etməmiş və icrasından yayınmışdır ki, belə olan halda da birinci instansiya məhkəməsi tərəfindən onun 500 manat məbləğində cərimə olunması qanuni və əsaslı olmuşdur.

54. Məhkəmə kollegiyası apellyasiya şikayətinin digər dəlillərinə münasibətdə qeyd edir ki, cavabdeh inzibati orqanın eyni məzmunlu etirazının dəlillərinə birinci instansiya məhkəməsi qiymət vermiş və düzgün olaraq göstərmişdir ki, konstitusion norma kimi qanuni qüvvəyə minmiş məhkəmə aktlarının məcburiliyi onların bütün dövlət orqanları və vəzifəli şəxslər tərəfindən qanunla müəyyən edilmiş qaydada hər hansı haldan asılı olmayaraq icra edilməsini nəzərdə tutur. Məhkəmə qərarlarının dəqiq icrasının məcburiliyi həm də «Məhkəmələr və hakimlər haqqında» Qanunun 5-ci maddəsində əks olunmuşdur. Həmin maddəyə əsasən, məhkəmələr baxılmış işlər üzrə Azərbaycan Respublikası adından qətnamələr, hökmlər, qərardadlar və qərarlar çıxarırlar. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur.

55. Nəzərə alınmalıdır ki, məhkəmə qərarlarının icra edilməməsinə görə inzibati orqanın məsuliyyətə cəlb edilməsi üçün yönələn tədbir növü – cərimənin tətbiq edilməsidir. Qanunvericilik cərimənin tətbiq edilməsini bilavasitə məhkəmə qərarının icrasının təmin edilməsi üsulu kimi şərtləndirmişdir ki, bu da öz növbəsində inzibati orqanın məhkəmə qərarının icra edilməməsinə görə məsuliyyətə cəlb olunmasına təminat verir.

56. Beləliklə qeyd olunanlara əsaslanaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən qüvvədə saxlanılmalı, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir.

57. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 81.2, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası

Qərara aldı

Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X18 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 15 avqust 2025-ci il tarixli 2-1(116)-1257/2022 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. İnzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Qərardaddan onun təqdim edildiyi gündən 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Məhkəmə qərardadı ondan şikayətin verilmədiyi halda təqdim olunduğu gündən 10 (on) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar