Məhkəmə qərarları › İş №2-1(107)-569/2024

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-569/2024

23.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-569/2024 23.10.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən, məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və X6 ibarət tərkibdə, Əhmədov Fərid Vidadi oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi PHŞ-yə qarşı “cavabdeh orqanın xx.xx.2023-cü il tarixli qərarının ona aid hissədə ləğv edilməsi və ona xx.xx.2023-cü il tarixdən müddətsiz orqanizmin funksiyalarının pozulmasının birinci dərəcəli məhdudlaşması halının müəyyən edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 29 iyul 2024-cü il tarixli 2-1(116)-860/2024 nömrəli qərarından iş üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası aşağıdakı qərarı qəbul etdi. İşin halları Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi PHŞyə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “xx.xx.2023-cü ildə əlillik dərəcəsi təyini ilə bağlı apardığı qiymətləndirmənin əsassız hesab edilməsi və əlillik dərəcəsi təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2004-cü ildə BDYTİ-nin Şəki rayon DYTXnin DYNB-nin mühəndisi vəzifəsində işləyərkən avtoqəza nəticəsində kəlləbeyin travması almış, uzun sürən müalicə və müayinələr səhhətində heç bir irəliləyiş göstərməmişdir. O, həmin vaxtdan X4, müxtəlif xəstəxanalarda, həmçinin Şəki Rayon Xəstəxanasında ambulator və stasionar müalicələrdə olmuş, həmçinin Şəki Rayon Psixiatriya Xəstəxanasında müayinələrdə olmuşdur. Ona 2005-ci ildən əlillik müəyyən vaxtlarla təyin edilmişdir. Lakin sonuncu dəfə müayinə və müalicə vaxtından sonra Ambulator Kitabçadan çıxarışa əsasən onun xəstəliyində irəliləyiş olmamış, qapalı kəlləbeyin travması ilə əlaqədar xəsarətlər artmış, səhhəti düzəlməz hal almışdır (diaqnozların kodları: G93.4, G40.3, F063, T90.5). Ona təyin edilən diaqnoz üzrə “Kəlləbeyin travması və baş beynin zədələnməsinin nəticələri: baş beynin silkələnməsi, əzilməsi’’ nəticəsində baş vermiş zədələrdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda, həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 20 iyul 2023cü il tarixli 235 nömrəli Qərarında əlillik dərəcəsi təyin edilməsi nəzərdə tutulmuşdur. Lakin onun sonuncu dəfə F-88 əsasında göndərişlə əlaqədar əlillik dərəcəsi təyin edilməsi məsələsinə xx.xx.2023-cü il tarixdə baxılmış və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən təyin edilmiş əlilliyin növbəti tarixə uzadılmasından imtina edilmişdir. Diaqnozu: (Kəllədaxili travmaların nəticələri, Posttravmatik ensefalopatiya. Kəllə beyin travmasının nəticələri (2004). G93.2 Hipertenzion sefalgik sindrom. Davamlı sefalgiya. Kron xəstəliyi [regional enterit], Kron xəstəliyi. Daxili və xarici babasil. Xoralı kolit.) İmtinanın səbəbi kimi: “Diaqnoz əlillik əlaməti təyin etməməsi. Ətraflı: Diaqnoz əlillik əlaməti təyin etmir" barədə qərar qəbul edilmişdir. Bu qərarı o, elektron qaydada xx.xx.2023-cü il tarixdə öyrənmiş və bununla razı olmayaraq məhkəməyə müraciət etməli olmuşdur. Ona əlillik dərəcəsi 2004-cü ildən avtoqəza ilə əlaqədar təyin edilmişdir, həmin vaxtdan səhhətində yaxşılaşma olmamış, səhhəti daha da ağırlaşmışdır. Komissiyaya göndərişdə onun xəstəliyi ilə əlaqədar müxtəlif diaqnozlar qoyulduğu halda Komissiya tərəfindən ancaq kəllə-beyin diaqnozu əsas alınmış, onun fəsadları və Şəki Mərkəzi Rayon Xəstəxanasında qoyulan diaqnoz ona məlum olmayan səbəbdən azaldılmışdır. Bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

3. Cavabdeh orqan iddia tələbinə etirazını onunla əsaslandırmışdır ki, iddiaçının əlillik vəziyyətinə sonuncu dəfə Şəki Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2023-cü il tarixli göndərişi əsasında baxılmış və Diaqnozun mətni: Kəllədaxili travmaların nəticələri. Posttravmatik ensefalopatiya. Kəllə beyin travmasının nəticələn (2004). G93.2- Hipertenzion sefalgik sindrom. Davamlı sefalgiya. Kron xəstəliyi [regional enterit], Kron xəstəliyi. Daxili və xarici babasil. Xoralı kolit.";. Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir” səbəbi ilə imtina verilmişdir. Bundan əlavə, Şəki şəhər sakini xx.xx.1974-cü il təvəllüdlü İddiaçı (FİN: xxxxxxx) əlillik vəziyyəti tibb müəssisəsinin 0344003AAM45 nömrəli göndərişi əsasında xx.xx.2022-ci il tarixdə qiymətləndirilmiş və Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərarı verilmişdir. (ESDAS **********6) Yenidən əlillik vəziyyətinin qiymətləndirməsi üçün tibb müəssisəsinin növbəti göndərişi rəsmiləşdirilmiş, qərar verilməsi üçün Agentliyə göndərilmişdir (unikal kod). - Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Xüsusi Həkim Komissiyası tərəfindən xx.xx.2006-cı il tarixli 132 nömrəli xəstəlik haqqında şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə “Keçirilmiş baş beyin travmasının nəticəsində kəskin nevrozabənzər sindrom, uzanmış gedişlə. Vegetativ-damar distoniyası, sefalgiya ilə" diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Xəstəlikdir, Hərbi xidmət dövründə alınmışdır" kimi müəyyənləşdirilmişdir. Qeyd edilmişdir ki, vətəndaş xx.xx.2022ci il tarixində DTSERA-da əyani müayinədə olmuş, “Xəstənin obyektiv müayinəsi zamanı nervoloji statusunda ocaqlı patologiya aşkar edilməmiş, reflekslər canlı çağrılmış, ətraflarda iflic, parez müəyyən edilməmiş, obyektiv baxış zamanı boyu 172 sm, çəkisi 62 kq, BKl-21 olmuş, əlillik təyinatına əsas verən patofunksional pozuntu və hərəki məhdudiyyət aşkar edilməmişdir'’ kimi qeyd olunmuş, Diaqnoz əlillik əlaməti təyin etmir” barədə qərar qəbul edilmişdir. Xəstənin hazırkı obyektiv müayinəsi zamanı başağrıları, epileptik tutmalardan şikayətlənmişdir. Anamnezində Kron xəstəliyinin olduğunu, qıcolma zamanı huşunu itirdiyini, özünə gələndə arterial təzyiqinin endiyini qeyd etmişdir. Müayinə zamanı boyu 171 sm, çəkisi 62 kq müəyyən edilmiş, xroniki həzm pozğunluğu əlamətləri aşkar edilməmişdir. Medikamentoz preparatlardan Finlepsin 1 tab gündə 1 dəfə qəbul etdiyini bildirmişdir. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Zaqatala rayon X5 xx.xx.2021-ci il tarixli Baş Beyin KT müayinəsində nəticə “Sağ beyin yarımkürəsində subaraxnoidal məsafələr dərinləşib-kortikal atrofiya lehinə. Hər iki hemisferdə dərin ağ maddədə subsantimetrik qliotik ocaqlar və mikroanqiopatiyalar qeyd olunub, mədəciklər dilatasiya olunub-intrakranıal hipertenziya əlamətləri' kimi qeyd edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 5 saylı klinik Xəstəxanasının xx.xx.2021-ci il tarixli Kolonoskopiya müayinəsinin nəticəsi “Xoralı kolit. Maksimal aktivlikdə. Sol tərəfli lokalizasiya ilə. Kron xəstəliyi. Daxili və xarici babasil” kimi qiymətləndirilmişdir. “X10 Mərkəzi"nin xx.xx.2023-cü il tarixli Karbamazepin analizlərinin nəticəsi “Karbamazepin (Carbamazepine) 6.32" kimi qeyd edilmiş, xəstənin verdiyi məlumatlara əsasən, qəbul etdiyi doza ilə uyğunsuz olmuşdur. Ekspertiza üçün əhəmiyyətli olan EEQ müayinəsinin nəticələri təqdim edilməmişdir. Anamnestik məlumatlarda və obyektiv müayinə nəticələrində əlillik təyinatına əsas verən patofunksional pozuntu aşkar edilməmişdir. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları"na müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, iddianın təmin edilməməsi barədə müvafiq qərar qəbul edilməsi xahiş edilmişdir.

4. İddia tələbinə dair aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - Tibbi-Sosial Ekspert Komissiyasının müayinə cavabları (Akt nömrələri: xxxxxxx0001, xxxxxxx0002, xxxxxxx0003, xxxxxxx0004, xxxxxxx0005, xxxxxxx0006) - Dövlət Tibbi-Sosial Ekspertiza və X2-sosial ekspert komissiyasının xx.xx.2023-cü il tarixli 3-17-4/3-3-3137/2023 nömrəli qərarı - “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” PHŞ-nin xx.xx.2024-cü il tarixli 7495 nömrəli məktubu və ona əlavə olunmuş T302/2024 saylı rəyi - “Şəki rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin xx.xx.2024-cü il tarixli məktub.

5. Şəki İnzibati Məhkəməsinin (hakim Vüqar Musayev) 29 iyul 2024-cü il tarixli 2- 1(116)-860/2024 nömrəli qərarı ilə iddia təmin edilərək Cavabdeh PHŞ-nin üzərinə İddiaçı xx.xx.2023-cü il tarixdən müddətsiz orqanizmin funksiyalarının pozulmasının birinci dərəcəli məhdudlaşması halının müəyyən edilməsi öhdəliyinin qoyulması qərara alınmışdır.

6. Məhkəmə qeyd etmişdir ki, iş materiallarından görünür ki, cavabdeh orqan sonuncu, yəni xx.xx.2023-cü il tarixli imtina cavabında iddiaçıya əlilliyin təyin edilməsindən “diaqnozun əlillik əlaməti təyin etməməsi” səbəbi ilə imtina etmişdir. Məhz həmin imtina cavabını aldıqdan sonra iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə tərəfindən iddiaçıya qoyulan diaqnozun doğruluğunu müəyyən etmək məqsədilə iş üzrə canlı şəxsin məhkəmə-tibbi ekspertizası təyin edilmiş, ekspertizanın aparılması “Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X8-Təcrübi və Tədris Birliyi”-nin həvalə edilmişdir. Təqdim edilmiş rəyin tədqiqat hissəsindən görünür ki, iddiaçı barəsində Şəki Rayon Mərkəzi Xəstəxanasında tərtib edilmiş xx.xx.2023-cü il tarixli R00084187LQQ nömrəli Forma 088 göndərişində qeyd edilmiş diaqnozun düzgünlüyü şübhə doğurmur və sözügedən diaqnozun şəxsin stasionarda müalicəsi zamanı anamnestik məlumatların, klinik və obyektiv instrumental müayinələrin əsasında qoyulması qeyd olunur. Rəyin nəticə hissəsinə münasibətdə isə məhkəmə qeyd edir ki, iddiaçıya qoyulmuş diaqnozun Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na uyğunluğu ilə bağlı ümumiyyətlə ekspert qarşısında sual qoyulmamışdır. Hər bir halda ekspertizanın keçirilməsində cavabdeh orqanın nümayəndəsinin iştirakı tərtib edilmiş rəyə cavabdeh orqanın mövqeyinin də, daxil edilməsinə səbəb olmuşdur. Qeyd olunan məlumat cavabdeh orqanın etirazının dəlili olmaqla müstəqil şəkildə məhkəmə araşdırmasının predmetini təşkil edir. Buna görə də, ekspertin səlahiyyətinə aid olmayan məlumatların rəyə daxil edilməsini məhkəmə sübut olaraq qiymətləndirilmir. İddiaçı barəsində göndəriş tərtib etmiş səhiyyə müəssisəsi - “Şəki rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin xx.xx.2024-cü il tarixli məktubunda qeyd etmişdir ki, Taryel İslamova qoyulan aşağıdakı diaqnozlar Azərbaycan Respublikası Nazirlər Kabinentinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin müəyyən olunması meyarları”nda T90 “Başın travmalarının nəticələri”, (T 90.5) 13.6 bəndində 40 faizlə müddətsiz və G40.8 diaqnozu 6.7 bəndinin 6.7.1 hissəsinə əsasən “Epilepsiya seyrək tutmalarla (ayda iki dəfədən az olmamaqla) təzahür edən, həyat fəaliyyətinin əsas sferalarına, adaptasiyanın çətinləşməsi ilə nəticələnən orta dərəcəli psixopatoloji simptomatika” (18 yaşınadək şəxslərdə psixopatoloji simptomatika müşahidə edilmədən) 35-60 faizlə 1 il, K50 “Kron xəstəliyi” 3.3. bəndinin “Qeyri-infeksion enterit və kolit “3.3.1.1. hissəsinə əsasən “Həzm funksiyasının mülayim pozulmasıxəstəliklərin orta ağır təzahürü, tez-tez ishal (gündə 4-6 dəfə) İİ dərəcə (BKİ 16.0-17,5) qidalanma çatışmazlığı” ilə (zülal-enerji çatışmazlığı) 35-60 faizlə 2 il müddətinə əlillik təyin edilir. - Azərbaycan Respublikası Nazirlər Kabinentinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin müəyyən olunması meyarlar”ında G93.2 “Hipertenzion sefalgik sindrom. Davamlı sefalgiya”, F45.3 “Vegetativ sinir sisteminin somatoform disfunksiyası, təkrarlanan psixovegetativ paorksizimlər” G90 “Vegetativ distoniya” diaqnozları əlillik meyarlarına uyğun deyildir. Göründüyü kimi, iddiaçıya qoyulmuş diaqnozlardan: 1. T90 “Başın travmalarının nəticələri” (T 90.5) 13.6 bəndində 40 faizlə müddətsiz, 2. G40.8 diaqnozu 6.7 bəndinin 6.7.1 hissəsinə əsasən “Epilepsiya seyrək tutmalarla (ayda iki dəfədən az olmamaqla) təzahür edən, həyat fəaliyyətinin əsas sferalarına, adaptasiyanın çətinləşməsi ilə nəticələnən orta dərəcəli psixopatoloji simptomatika” (18 yaşınadək şəxslərdə psixoppatoloji simptomatika müşahidə edilmədən) 35-60 faizlə 1 il, 3. K50 “Kron xəstəliyi” 3.3. bəndinin “Qeyri-infeksion enterit və kolit “3.3.1.1. hissəsinə əsasən “Həzm funksiyasının mülayim pozulması- xəstəliklərin orta ağır təzahürü, tez-tez ishal (gündə 4-6 dəfə) İİ dərəcə (BKİ 16.0-17,5) qidalanma çatışmazlığı” ilə (zülal-enerji çatışmazlığı) 35-60 faizlə 2 il müddətinə əlillik təyininə əsas verir. Sadalanan diaqnozlardan XBT-da G40.8 və K50 kodu ilə öz əksini tapmış diaqnozlar müddətli, T90 kodu ilə öz əksini tapmış diaqnoz isə müddətsiz əlillik təyininə əsas verir. Məhkəmə iddiaçının sağlamlıq vəziyyətini, cavabdeh orqanın əlillik təyinatından əsassız imtina cavabları verməsi ilə bağlı praktikasının mövcudluğunu nəzərə alaraq hesab edir ki, iddiaçıya məhz müddətsiz əlilliyin təyin edilməsini nəzərdə tutan T90.5 koduna münasibətdə qiymətləndirmə aparılmalıdır. - Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”-nın 3-cü bəndində (orqanizmin funksiyalarının pozulması faizləri) anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz (3.1.3) olmaqla müəyyən edilmişdir. Sözügedən diaqnoz T90 kodu ilə “Əlilliyin müəyyən olunması meyarları”na Əlavədə “başın travmalarının nəticələri” olaraq 13.6-cı bənddə nəzərdə tutulmuş və orqanizmin funksiyalarının pozulması müddətsiz 40 faiz müəyyən edilmişdir. Buna görə də, məhkəmə hesab edir ki, cavabdeh orqan iddiaçıya əlilliyin təyin edilməsindən imtina etməkdə haqlı olmamışdır.

7. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi həmin qərardan apellyasiya şikayəti verərək Şəki İnzibati Məhkəməsinin 29 iyul 2024-cü il tarixli 2-1(116)-860/2024 nömrəli qərarının ləğv edilərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin dəlilləri

8. Cavabdeh orqan apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi işə baxarkən sırf ekspert rəyində vətəndaşın qeyd edilən diaqnozun olması səbəbindən vətəndaşa əlillik təyin edilməsinin zəruriliyini vurğulamışdır. Halbuki diaqnozun mövcudluğu hələ əlillik təyinatına əsas vermir, belə ki, həmin diaqnoz əsasında ağırlaşmalar olmadığı təqdirdə şəxsə əlillik təyin edilmir. Sözügedən hal vətəndaşın əyani müayinəsi zamanı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X3-Sosial Ekspertləri tərəfindən müəyyən edilmişdir. Həmçinin bildirmək istəyirik ki, yüzlərlə bu formada anoloji işlərdə bütün məhkəmələrin gəldiyi səhv nəticə ondan ibarətdir ki, diaqnozun doğruluğunun müəyyən edilməsi heç də həmin şəxsə əlillik təyin edilməsinə əsas vermir, şəxsdə sözügedən xəstəliyin ağırlaşmaları mövcud olmalıdır ki, şəxsə əlillik təyinatı aparılsın. Məhkəmənin nəzərinə çatdırmaq istəyirik ki, birinci instansiya məhkəməsi sırf ekspert rəyinə əsaslanaraq və ümumi normalara istinad edərək səhv nəticəyə gəlmişdir. Göndərişdə qeyd olunan diaqnoz əlillik təyinatına əsas vermədiyi halda məhkəmə xüsusi tibbi bilik tələb edən sahədə qərar çıxararaq orqanın diskresion səlahiyyətinə əsassız müdaxilə etmişdir. Həmçinin bildirmək istəyirik ki, əlilliklə əlaqədar sualların həlli məhkəmə tibb ekspertlərinin deyil, Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 saylı Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydasının” 1-ci bəndinə görə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X3-Sosial Ekspertlərinin səlahiyyətlərinə aiddir. Məhkəmənin nəzərinə çatdırmaq istəyirik ki, əlillik müəyyən edilməsi üçün diaqnozda qeyd edilən xəstləliyin ağırlaşmaları xüsusilə mövcud olmalıdır və hazırkı işdə iddiaçıda sözügedən ağırlaşmalar mövcud deyildir. “X10 Mərkəzi”nin xx.xx.2023-cü il tarixli Karbamazepin analizlərinin nəticəsi “Karbamazepin (Carbamazepine) 6.32” kimi qeyd edilmiş, xəstənin verdiyi məlumatlara əsasən, qəbul etdiyi doza ilə uyğunsuz olmuşdur. Ekspertiza üçün əhəmiyyətli olan EEQ müayinəsinin nəticələri təqdim edilməmişdir. Anamnestik məlumatlarda və obyektiv müayinə nəticələrində əlillik təyinatına əsas verən patofunksional pozuntu aşkar edilməmişdir. Maddi hüquq normalarının tələbləri baxımından Şəki İnzibati Məhkəməsinin qərarı qanunsuz və əsassızdır. İddiaçının əlilliyinin təyin edilməsi istiqamətində agentlik tərəfindən hər hansı qanunazidd hərəkətə və ya hərəkətsizliyə yol verilməməsinə, o cümlədən “ İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinin pozulmamasına baxmayaraq, məhkəmə qanunsuz olaraq iddianı təmin etməklə maddi və prosessual hüquq normalarını pozmuşdur. Bu səbəbdən də, Şəki İnzibati Məhkəməsinin qərarı ləğv edilməlidir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

9. İddiaçı cavabdeh inzibati orqan tərəfindən verilmiş apellyasiya şikayətinə yazılı etiraz verərək bildirmişdir ki, apellyasiya şikayəti formal olaraq tərtib edilmiş, birinci instansiya məhkəməsinin hüquqi mövqeyi düzgün qeyd edilməmiş, bu tip işlərə baxan Azərbaycan Respublikası Məhkəmələrinin qərarları "səhv nəticəyə gəlinir" cümləsi ilə cılızlaşdırılaraq sanki bu işi ancaq cavabdeh bilir, məhkəmələr bilmir kimi dəyərləndirmiş, məhkəmələrin hüquqi mövqeyini nüfuzdan salan ifadələrə yer verilmişdir. İlk öncə qeyd edirəm ki, birinci instansiya məhkəməsi haqlı olaraq öz ədalətli qərarında qeyd etmişdir ki: "Nəzərə almaq lazımdır ki, diskresion səlahiyyətin həyata keçirilməsi inzibati orqanların icra hakimiyyəti orqanları qismində fəaliyyəti çərçivəsində ilkin vəzifəsi və hüququ sayılır. Əgər məhkəmə inzibati orqanın qərarını qanunsuz hesab edirsə, onda o, elə hakimiyyətlərin bölünməsi prinsipinin mövcudluğuna görə doğru hesab etdiyi diskresion qərarı özü qəbul edə bilməz. Məhkəmə inzibati orqanın diskresion səlahiyyətini özünün diskresion səlahiyyəti ilə əvəz edə bilməz. Başqa sözlə, məhkəmə yalnız inzibati orqanın öz diskresion səlahiyyətini necə həyata keçirdiyini yoxlaya bilər. Çünki məhkəmə hakimiyyətinin fəaliyyəti ədalət mühakiməsinin və hüquqi nəzarətin həyata keçirilməsi ilə məhdudlaşır. Bununla yanaşı, məhkəmə nəzərə alır ki, inzibati orqan diskresion səlahiyyətə malik olduğu hallarda da tam sərbəst deyildir. Əksinə, inzibati orqan diskresion səlahiyyəti düzgün həyata keçirmək öhdəliyi daşıyır və bu səbəbdən maraqlı şəxs inzibati orqandan diskresion səlahiyyətin düzgün həyata keçirilməsini tələb etmək hüququna malikdir (“İnzibati icraat haqqında” Qanunun 16.2-ci maddəsi)." Hazırkı işdə də söhbət, məhz inzibati orqanın işin mahiyyəti ilə bağlı xüsusi biliyə və təcrübəyə malik olduğu haldan gedir. İddiaçıya əlilliyin təyin olunması ilə bağlı məsələni həll edərkən, cavabdeh eyni zamanda həm “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun və əlaqəli normaların əlilliyin qiymətləndirilməsi və əlillik dərəcəsinin təyin olunması ilə bağlı müddəalarını, həm də “İnzibati icraat haqqında” Qanunun inzibati icraatla bağlı, o cümlədən diskresion səlahiyyətin həyata keçirilməsi ilə bağlı normanın tələblərini nəzərə almağa borcludur. Bundan başqa birinci instansiya məhkəməsi Qərarının əsaslandırma hissəsində göstərmişdir ki: "Mərkəzi Xəstəxanada tərtib edilmiş xx.xx.2023-cü il tarixli R00084187LQQ nömrəli Forma 088 göndərişində qeyd edilmiş diaqnozun düzgünlüyü şübhə doğurmur və sözügedən diaqnozun şəxsin stasionarda müalicəsi zamanı anamnestik məlumatların, klinik və obyektiv instrumental müayinələrin əsasında qoyulması qeyd olunur. Rəyin nəticə hissəsinə münasibətdə isə məhkəmə qeyd edir ki, iddiaçıya qoyulmuş diaqnozun Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na uyğunluğu ilə bağlı ümumiyyətlə ekspert qarşısında sual qoyulmamışdır. Hər bir halda ekspertizanın keçirilməsində cavabdeh orqanın nümayəndəsinin iştirakı tərtib edilmiş rəyə cavabdeh orqanın mövqeyinin də, daxil edilməsinə səbəb olmuşdur. Qeyd olunan məlumat cavabdeh orqanın etirazının dəlili olmaqla müstəqil şəkildə məhkəmə araşdırmasının predmetini təşkil edir. Buna görə də, ekspertin səlahiyyətinə aid olmayan məlumatların rəyə daxil edilməsini məhkəmə sübut olaraq qiymətləndirmir. İddiaçı barəsində göndəriş tərtib etmiş səhiyyə müəssisəsi - “Şəki rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin xx.xx.2024-cü il tarixli məktubunda qeyd etmişdir ki, Taryel İslamova qoyulan aşağıdakı diaqnozlar Azərbaycan Respublikası Nazirlər Kabinentinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin müəyyən olunması meyarları”nda T90 “Başın travmalarının nəticələri”, (T 90.5) 13.6 bəndində 40 faizlə müddətsiz və G40.8 diaqnozu 6.7 bəndinin 6.7.1 hissəsinə əsasən “Epilepsiya seyrək tutmalarla (ayda iki dəfədən az olmamaqla) təzahür edən, həyat fəaliyyətinin əsas sferalarına, adaptasiyanın çətinləşməsi ilə nəticələnən orta dərəcəli psixopatoloji simptomatika” (18 yaşınadək şəxslərdə psixoppatoloji simptomatika müşahidə edilmədən) 35-60 faizlə 1 il, K50 “Kron xəstəliyi” 3.3. bəndinin “Qeyri-infeksion enterit və kolit “3.3.1.1. hissəsinə əsasən “Həzm funksiyasının mülayim pozulmasıxəstəliklərin orta ağır təzahürü, tez-tez ishal (gündə 4-6 dəfə) İİ dərəcə (BKİ 16.0-17,5) qidalanma çatışmazlığı” ilə (zülal-enerji çatışmazlığı) 35-60 faizlə 2 il müddətinə əlillik təyin edilir". Hörmətli Kollegiya! Mənə təyin edilən diaqnozlardan T90 kodlu diaqnoz “Başın travmalarının nəticələri” (T 90.5) 13.6 bəndində 40 faizlə müddətsiz, G40.8 kodlu diaqnoz 6.7 bəndinin 6.7.1 hissəsinə əsasən “Epilepsiya seyrək tutmalarla (ayda iki dəfədən az olmamaqla) təzahür edən, həyat fəaliyyətinin əsas sferalarına, adaptasiyanın çətinləşməsi ilə nəticələnən orta dərəcəli psixopatoloji simptomatika” (18 yaşınadək şəxslərdə psixopatoloji simptomatika müşahidə edilmədən) 35-60 faizlə 1 il, K50 kodlu diaqnoz “Kron xəstəliyi” 3.3. bəndinin “Qeyri-infeksion enterit və kolit “3.3.1.1. hissəsinə əsasən “Həzm funksiyasının mülayim pozulması- xəstəliklərin orta ağır təzahürü, tez-tez ishal (gündə 4-6 dəfə) İİ dərəcə (BKİ 16.0-17,5) qidalanma çatışmazlığı” ilə (zülal-enerji çatışmazlığı) 35-60 faizlə 2 il müddətinə əlillik təyininə əsas verir. Sadalanan diaqnozlardan XBT-da G40.8 və K50 kodu ilə öz əksini tapmış diaqnozlar müddətli, T90 kodu ilə öz əksini tapmış diaqnoz isə müddətsiz əlillik təyininə əsas verir. Yuxarıda qeyd edilənlər birinci insyansiya məhkəməsinin qərarında da öz əksini tapmışdır. Lakin cavabdeh orqan öz formal şikayətində bu nəticələri görməzdən gəlmiş, vətəndaş süründürməçiliyinə gətirib çıxaran qərarlarla qanunsuz hərəkətlər etmişdir. Odur ki, şikayətin əsassız hesab edilməsi və birinci instansiya məhkəməsinin qərarının qüvvədə saxlanılmasını xahiş etmişdir.

Tərəflərin izahatları

10. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı iddia tələbini və tələbin dəyişdirilməsi barədə ərizəni müdafiə edərək cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi PHŞ-nin üzərinə “cavabdeh orqanın xx.xx.2023-cü il tarixli qərarının ona aid hissədə ləğv edilməsi və ona xx.xx.2023-cü il tarixdən müddətsiz orqanizmin funksiyalarının pozulmasının birinci dərəcəli məhdudlaşması halının müəyyən edilməsi öhdəliyinin qoyulması”-nı xahiş etdi. Əlavə olaraq hazırki iddianın təmin edilməsini, cavabdeh orqan tərəfindən verilmiş apellyasiya şikayətinin təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etdi.

11. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 23 oktyabr 2024-cü il tarixli, 2-1(107)-569/2024 nömrəli qərardadı ilə iddiaçı tərəfindən verilmiş iddia tələbinin dəyişdirilməsi barədə ərizəsi icraata qəbul edilmişdir.

12. Məhkəmə kollegiyasının hazırki iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi PHŞ-nin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi).

Tətbiq edilən hüquq

13. Azərbaycan Respublikası Konstitusiyasının: 12-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. 71-ci maddəsinin 1-ci hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur.

14. İnzibati Prosessual Məcəllə: Maddə 33.1. Məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Maddə 33.2. Bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.

15. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”: Bənd 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. Bənd 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbisosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra – Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. Bənd 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Bənd 1.7. Şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir. Bənd 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. Bənd 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Bənd 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. Bənd 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. (-). Bənd 2.9. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. Bənd 3.4. Əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir. Bənd 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Xidmət əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir.

16. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları” 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİİ dərəcə məhdudlaşması halında – 81-100 faiz; 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında – 61-80 faiz; 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz.

18. “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə 13.6. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi, mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının kliniki funksional xüsusiyyətləri – başın travmalarının nəticələri, orqanizmin funksiyalarının pozulması faizi – 40, orqanizmin funksiyalarının pozulması müddəti – müddətsiz. kimi qeyd edilmişdir.

17. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: Maddə 3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.3-1. Əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Maddə 4. Əlilliyi olan şəxslərin hüquqi vəziyyətinin əsasları 4.1. Əlilliyi olan şəxslər Azərbaycan Respublikasının Konstitusiyasında və digər normativ hüquqi aktlarda, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş bütün insan və vətəndaş hüquq və azadlıqlarına malikdirlər. 4.2. Əlilliyi olan şəxslərə qarşı ayrı-seçkilik qadağandır və qanunla təqib edilir. Əlilliyi olan şəxslərin faktiki bərabərliyinin sürətləndirilməsi və ya buna nail olunması üçün zəruri olan konkret tədbirlər ayrı-seçkilik hesab edilmir. 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. Maddə 6. Əlilliyi olan şəxslərlə bağlı dövlət təminatları (-). 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır.

18. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Maddə 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə borcludur. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Maddə 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Maddə 25.1. Qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, maraqlı şəxslər həm icraat zamanı, həm də icraatdan sonra inzibati icraat materialları ilə tanış olmaq və ya icraatla bağlı məlumat almaq hüququna malikdirlər. Maddə 46.3-cü maddəsinə əsasən maraqlı şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması qadağandır.

Apellyasiya şikayətinin mümkünlüyü

19. Cavabdehin apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3cü maddələri).

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

20. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iddianın dəyişdirilməsi barədə ərizəyə uyğun olaraq iddia təmin edilməklə birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməlidir.

21. Belə ki, İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi PHŞ-yə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “xx.xx.2023-cü ildə əlillik dərəcəsi təyini ilə bağlı apardığı qiymətləndirmənin əsassız hesab edilməsi və əlillik dərəcəsi təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

22. Birinci instansiya məhkəməsi də qeyd edilən tələbi iddiaçının hüquqi marağına uyğun hesab edərək iddia tələbi üzrə məhkəmə araşdırması apararaq iddia tələbini təmin edərək Cavabdeh PHŞ-nin üzərinə İddiaçı xx.xx.2023-cü il tarixdən müddətsiz orqanizmin funksiyalarının pozulmasının birinci dərəcəli məhdudlaşması halının müəyyən edilməsi öhdəliyinin qoyulmasını qərara almışdır.

23. Apellyasiya məhkəməsi qeyd edir ki, iddiaçının başlıca hüquqi marağı xx.xx.2023-cü ildə əlillik dərəcəsi təyini ilə bağlı aparılan qiymətləndirmənin ləğv edilməsi və ona əlillik dərəcəsi təyin edilməsindən ibarət olmuş, iddiaçının qeyd edilən tələbi üzrə cavabdeh inzibati orqan tərəfindən xx.xx.2023-cü il tarixdə qiymətləndirilmə aparılmış və Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən təyin edilmiş əlilliyin növbəti tarixə uzadılmasından imtina edilmişdir.

24. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli qərarının 6.1-ci bəndində qeyd edilir ki, iddianın mümkünlüyü baxımından hüququn pozulubpozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır.

25. Apellyasiya məhkəməsi araşdırması zamanı isə İddiaçı iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə məhkəmə kollegiyasına müraciət edərək cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi PHŞ-yə üzərinə “cavabdeh orqanın xx.xx.2023-cü il tarixli qərarının ona aid hissədə ləğv edilməsi və ona xx.xx.2023-cü il tarixdən müddətsiz orqanizmin funksiyalarının pozulmasının birinci dərəcəli məhdudlaşması halının müəyyən edilməsi öhdəliyinin qoyulması”-nı xahiş etmişdir. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 23 oktyabr 2024-cü il tarixli, 2-1(107)- 569/2024 nömrəli qərardadı ilə iddiaçı tərəfindən verilmiş iddia tələbinin dəyişdirilməsi barədə ərizəsi icraata qəbul edilmişdir.

26. Cavabdeh inzibati orqanın apellyasiya şikayətinin başlıca dəlili sırf ekspert rəyində vətəndaşın qeyd edilən diaqnozun olması səbəbindən vətəndaşa əlillik təyin edilməsinin zəruriliyini vurğulanmasının qanunsuz və əsassız olması, diaqnozun mövcudluğu hələ əlillik təyinatına əsas verməməsi, yəni həmin diaqnoz əsasında ağırlaşmalar olmadığı təqdirdə şəxsə əlillik təyin edilməsidir.

27. Bununla bağlı, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə qismən razılaşmaq və təsdiqi ilə qismən kifayətlənmək mümkündür. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

28. Bununla belə, birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə qismən razılaşarkən, məhkəmə kollegiyası həmçinin aşağıdakıları nəzərə aldığını qeyd etməyi zəruri sayır.

29. Məhkəmə kollegiyası ilk əvvəl iddia tələbinin cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi PHŞ-nin üzərinə “cavabdeh orqanın xx.xx.2023-cü il tarixli qərarının iddiaçıya aid hissədə ləğv edilməsi” hissəsi ilə bağlı qeyd edir ki, iş materialları ilə müəyyən edilir ki, iddiaçıya təyin edilmiş əlilliyin müddəti bitdikdən sonra sonuncu dəfə 24 mart 2023-cü il tarixdə əlilliyin təyin edilməsindən imtina edilməsi barədə inzibati orqan tərəfindən qərar qəbul edilmişdir.

30. Həmin cavabdehin imtina qərarı bir inzibati aktdır və bu inzibati akt mübahisələndirilə bilmək kimi xüsusiyyətə malikdir. Hazırda da iddiaçı ərizə ilə qeyd edilən inzibati aktı mübahisələndirmişdir.

31. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin qiymətləndirilməsi” Qaydasının 4.9-cu bəndinə əsasən TSEK-in qərarlarından "İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və məhkəməyə şikayət verilə bilər.

32. "İnzibati icraat haqqında” Qanunun 64-cü maddəsinə görə, inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır (64.1). İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır (64.2).

33. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, 24 mart 2023-cü tarixli inzibati akt birinci instansiya məhkəməsində mübahisələndirilmədiyindən, qanunla müəyyən olunmuş qaydada geri çağırılmadığından, ləğv edilmədiyindən, dəyişdirilmədiyindən qüvvədə qalmışdır. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, hazırda həmin qərarın iddiaçıya aid hissəsi mübahisələndirildiyindən Şəki İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(116)-860/2024 nömrəli qərarı dəyişdirilməli, iddiaçının tələbi dəyişdirilən ərizəyə münasibətdə təmin edilməli, cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi PHŞ-nin üzərinə cavabdeh orqanın xx.xx.2023-cü il tarixli qərarının iddiaçıya aid hissədə ləğv edilməsi öhdəliyi qoyulmalıdır.

34. Bundan başqa, iş materialları ilə müəyyən edilir ki, cavabdeh orqan xx.xx.2023cü il tarixli imtina cavabında iddiaçıya əlilliyin təyin edilməsindən “diaqnozun əlillik əlaməti təyin etməməsi” səbəbi ilə imtina etmişdir.

35. İş materiallarına əlavə edilmiş “Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X8-Təcrübi və Tədris Birliyi”-nin 04 iyun 2024-cü il tarixli ekspert rəyində qeyd edilmişdir ki, İddiaçı adına Şəki Rayon Mərkəzi Xəstəxanasında tərtib edilmiş xx.xx.2023-cü il tarixli R00084187LQQ nömrəli Forma 088 göndərişində qeyd edilmiş diaqnoz şəxsin stasionarda müalicəsi zamanı anamnestik məlumatların, klinik və obyektiv instrumental müayinələrin əsasında qoyulmuşdur. İddiaçı adına Şəki Rayon Mərkəzi Xəstəxanasında tərtib edilmiş xx.xx.2023-cü il tarixli R00084187LQQ nömrəli Forma 088 göndərişində qeyd edilmiş “T90.5-Kəllədaxili travmaların nəticələri, posttravmatik ensefalopatiya. Kəllə beyin travmasının nəticələri (2004), G93.2- (Hipertenzion sefalgik sindrom. Davamlı sefalgiya. Ağırlaşmalar: F45.3Vegetativ sinir sisteminin somatoform disfunksiyası, təkrarlanan psixovegetativ paroksizmlər. G90- Vegetativ diistonİya. G40.8- epilepsiyanın digər formaları. Qıcolma sindromu ayda 2-3 tutma. (Kron xəstəliyi, (regional enterit). Kron xəstəliyi. Daxili və xarici babasil, xoralı kolit” diaqnoz nəzərə alınmaqla şəxsin əyani müayinəsində aşkar edilmiş patofunksional dəyişikliklər əlillik dərəcəsinin təyini zamanı ona Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na dair Əsasnamənin maddələrini aid etməyə əsas vermədi.

36. Rəyin nəticə hissəsinə münasibətdə isə birinci instansita məhkəməsi qeyd etmişdir ki, iddiaçıya qoyulmuş diaqnozun Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na uyğunluğu ilə bağlı ümumiyyətlə ekspert qarşısında sual qoyulmamışdır. Hər bir halda ekspertizanın keçirilməsində cavabdeh orqanın nümayəndəsinin iştirakı tərtib edilmiş rəyə cavabdeh orqanın mövqeyinin də, daxil edilməsinə səbəb olmuşdur. Qeyd olunan məlumat cavabdeh orqanın etirazının dəlili olmaqla müstəqil şəkildə məhkəmə araşdırmasının predmetini təşkil etmişdir. Buna görə də, ekspertin səlahiyyətinə aid olmayan məlumatların rəyə daxil edilməsini məhkəmə düzgün olaraq sübut olaraq qiymətləndirməmişdir.

37. Məhkəmə kollegiyasının qənaətinə görə Beynəlxalq statistik təsnifat kodu T90 olan xəstəlik əlilliyin təyini üçün əsas olmuş, Şəki Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2024-cü il tarixli məktubunda da göstərilmişdir ki, İddiaçı xx.xx.2023-cü il tarixində Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə imtina verilmişdir. İddiaçı qoyulan aşağıdakı diaqnozlar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin müəyyən olunması meyarlarında T90 “Başın travmalarının nəticələri”, (T90.5) 13.6. bəndində 40 faizlə müddətsiz və G40.8 diaqnozu 6.7. bəndinin 6.7.1 hissəsinə əsasən “Epilepsiya seyrək tutmalarla (ayda iki dəfədən az olmamaqla) təzahür edən, həyat fəaliyyətinin əsas sferalarına, adaptasiyanın çətinləşməsi ilə nəticələnən orta dərəcəli psixopatoloji simptomatika” (18 yaşınadək şəxslərdə psixoppatoloji simptomatika müşahidə edilmədən) 35-60 faizlə 1 il, K50 “Kron xəstəliyi” 3.3. bəndinin “Qeyri- infeksion enterit və kolit “3.3.1.1. hissəsinə əsasən “Həzm funksiyasının mülayim pozulması- xəstəliklərin orta ağır təzahürü, tez-tez ishal (gündə 4-6 dəfə) İİ dərəcə (BKİ 16,0-17,5) qidalanma çatışmazlığı” ilə (zülal-enerji çatışmazlığı) 35-60 faizlə 2 il müddətinə əlillik təyin edilir.

38. Ekspert isə təqdim edilmiş rəyin tədqiqat hissəsində göstərmişdir ki, iddiaçı barəsində Şəki Rayon Mərkəzi Xəstəxanasında tərtib edilmiş xx.xx.2023-cü il tarixli R00084187LQQ nömrəli Forma 088 göndərişində qeyd edilmiş diaqnozun düzgünlüyü şübhə doğurmur və sözügedən diaqnozun şəxsin stasionarda müalicəsi zamanı anamnestik məlumatların, klinik və obyektiv instrumental müayinələrin əsasında qoyulması qeyd olunur.

39. Odur ki, kollegiya hesab edir ki, AR Səhiyyə Nazirliyi tərəfindən də qəbul edilmiş "Xəstəliklərin və sağlamlıqla bağlı problemlərin beynəlxalq statistik təsnifatı” əsas götürülməklə iddiaçının əlillik vəziyyətinin qiymətləndirilməsi ilə bağlı müvafiq tibb müəssisəsində tərtib edilmiş göndərişdə və diaqnozun mətnində qeyd edilən "T90.5- Kəllədaxili travmaların nəticələri, posttravmatik ensefalopatiya. Kəllə beyin travmasının nəticələri” diaqnozu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli, 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına Əlavənin 13.6-cı bəndində T90-“başın travmalarının nəticələri” kimi öz əksini tapmışdır.

40. Belə ki, iddiaçının əlillik vəziyyətinin qiymətləndirilməsi ilə bağlı müvafiq tibb müəssisəsində tərtib edilmiş göndərişdə qeyd edilən diaqnoz - “T90.5-Kəllədaxili travmaların nəticələri, posttravmatik ensefalopatiya. Kəllə beyin travmasının nəticələri” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli, 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na Əlavədə aşağıdakı kimi öz əksini tapmışdır: Əlavənin 13-cü bəndinə əsasən Sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri siyahısına aid edilmişdir. Həmin Əlavənin 13.6-cı bəndinə əsasən, başın travmalarının nəticələri, orqanizmin funksiyalarının pozulması faizi – 40, orqanizmin funksiyalarının pozulması müddəti – müddətsiz. kimi qeyd edilmişdir.

41. Odur ki, iddiaçıda olan diaqnozların ona əlillik təyin edilməsi üçün əsas verməməsi ilə bağlı cavabdehin arqumenti əsaslı sayıla və qəbul edilə bilməz.

42. Göstərilənlərə əsasən, hazırkı iş üzrə iddiaçı arzuladığı inzibati aktın qəbulunu konkret halda zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmiş, cavabdeh inzibati orqan isə iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Cavabdehin imtinası qanunauyğun olmamış, imtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır.

43. Cavabdehin apellyasiya şikayətinin digər dəlili ondan ibarətdir ki, diaqnoz əlillik təyinatına əsas vermədiyi halda şəxsin əlilliyinin müəyyən edilməsi cavabdehin diskresion səlahiyyətidir və məhkəmə tərəfindən həmin səlahiyyətə müdaxilə edilə bilməz.

44. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, əlilliyin təyin olunması üzrə səlahiyyətin məzmunu baxımından şəxsin sağlamlıq vəziyyətinin qiymətləndirilməsini və qiymətləndirmənin nəticəsindən asılı olaraq əlilliyin təyin olunmasını fərqləndirmək lazımdır. Fərqləndirmə şəxsin sağlamlıq vəziyyətinə aid faktiki halların dairəsinin müəyyən olunması və müəyyən olunmuş həmin hallara uyğun nəticəyə dair qərarın qəbul edilməsi ilə bağlıdır. Şəxsin sağlamlıq vəziyyətinin qiymətləndirilməsi üzrə cavabdeh müəyyən qiymətləndirmə azadlığına malikdir və bu məhkəmə tərəfindən təkzib edilmir. Bununla belə, həmin qiymətləndirmə azadlığı, bir tərəfdən tibb müəssisəsi tərəfindən verilmiş göndərişdə təsbit edilmiş xəstəlik və diaqnoz göstəriciləri, digər tərəfdən şəxsin tibbi-instrumental müayinəsinin nəticələrinin qiymətləndirilməsi, eləcə də müayinənin keçirilməsi metodikası və meyarları ilə məhdudlaşır. Başqa sözlə, iddiaçının faktiki sağlamlıq vəziyyəti cavabdeh tərəfindən qeyd olunan həmin obyektiv göstəricilər əsasında qiymətləndirilməlidir. Əlilliyin təyin olunması isə iddiaçının sağlamlıq vəziyyətinin qiymətləndirilməsinin nəticələrinə bağlıdır. Qiymətləndirilmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh ona əlillik dərəcəsini təyin etməyə borcludur. Yəni əlilliyin təyin olunması üçün tələb olunan şərtlərin mövcud olduğu halda, əlilliyin təyin edilməsi cavabdehin diskresion deyil, mütləq səlahiyyəti kimi nəzərdə tutulmuşdur.

45. Məhkəmə kollegiyası qeyd edir ki, həm iddiaçının faktiki sağlamlıq vəziyyətinin obyektiv göstəricilər əsasında cavabdeh tərəfindən qiymətləndirilməsi, həm də qiymətləndirmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh tərəfindən şəxsə əlillik dərəcəsinin təyin edilməsindən imtinası məhkəmə tərəfindən tam şəkildə yoxlanıla bilər.

46. Bu mənada apellyasiya şikayətinin cavabdehin diskresion səlahiyyətə malik olması ilə bağlı dəlilləri də əsassız sayılmalı və onun hazırkı mübahisəyə münasibətdə qəbul etdiyi qərara həm də bu nöqteyi-nəzərdən qiymət verilməlidir.

47. Belə ki, nəzərə almaq lazımdır ki, diskresion səlahiyyətin həyata keçirilməsi inzibati orqanların icra hakimiyyəti orqanları qismində fəaliyyəti çərçivəsində ilkin vəzifəsi və hüququ sayılır. Əgər məhkəmə inzibati orqanın qərarını qanunsuz hesab edirsə, onda o, elə hakimiyyətlərin bölünməsi prinsipinin mövcudluğuna görə doğru hesab etdiyi diskresion qərarı özü qəbul edə bilməz. Məhkəmə inzibati orqanın diskresion səlahiyyətini özünün diskresion səlahiyyəti ilə əvəz edə bilməz. Başqa sözlə, məhkəmə yalnız inzibati orqanın öz diskresion səlahiyyətini necə həyata keçirdiyini yoxlaya bilər. Çünki məhkəmə hakimiyyətinin fəaliyyəti ədalət mühakiməsinin və hüquqi nəzarətin həyata keçirilməsi ilə məhdudlaşır.

48. Bununla yanaşı, nəzərə alınmalıdır ki, inzibati orqan diskresion səlahiyyətə malik olduğu hallarda da tam sərbəst deyildir. Əksinə, inzibati orqan diskresion səlahiyyəti düzgün həyata keçirmək öhdəliyi daşıyır və bu səbəbdən maraqlı şəxs inzibati orqandan diskresion səlahiyyətin düzgün həyata keçirilməsini tələb etmək hüququna malikdir (“İnzibati icraat haqqında” Qanunun 16.2-ci maddəsi).

49. Məhkəmə, bir qayda olaraq, inzibati orqanın hərəkətinin qanuni əsasının şərtlərini dəqiqliklə yoxlayır. Başqa sözlə, qanun inzibati orqana inzibati məhkəmə icraatının gedişində məhkəmə tərəfindən yoxlanılmasını mümkünsüz edən heç bir qiymətləndirmə azadlığı vermir. Lakin göstərilən qaydadan müəyyən istisnalar da mövcuddur. İPM-in 73.3.2-ci maddəsində təsbit olunan qiymətləndirmə azadlığı inzibati orqana yalnız məhdud hallarda ağlabatanlıq və qəbul edilə bilmə baxımından məhkəmə qaydasında yoxlanılması mümkün olan qiymətləndirmə azadlığı təklif edir. Burada, söhbət məhkəmə qaydasında təkrarlanması mümkün olmayan və ya inzibati orqanın işin mahiyyəti ilə bağlı məhkəmədən daha çox xüsusi bilik və təcrübəyə malik olduğu hallardan gedir.

50. Məhkəmə kollegiyası cavabdehin dəlillərinin birinci instansiya məhkəməsinin qərarının ləğvinin və iddianın rədd edilməsinin əsası kimi qəbul etmir. Belə ki, İPM-in 74cü maddəsinin tələbinə görə, inzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyi hallarda məhkəmə, həmçinin inzibati aktın və ya inzibati aktın qəbul edilməsindən imtinanın yaxud inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsinin diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olub-olmadığını yoxlayır.

51. "İnzibati icraat haqqında” Qanunun 14-cü maddəsinin müddəalarına əsasən, diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır (14.2). Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz (14.3).

52. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh iddiaçının xeyrinə olan və onun üçün əlverişli inzibati aktın qəbulunu şərtləndirən halları nəzərə almamış, bununla da qanunla ona verilmiş diskresion səlahiyyətlərdən onun məqsədinə uyğun istifadə etməmiş, həmin səlahiyyətlərin həyata keçirilməsi zamanı iddiaçının hüquqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərar qəbul etmişdir.

53. Göründüyü kimi, İddiaçı xəstə olması iş materialları ilə öz təsdiqini tapdığından və ona qoyulmuş həmin diaqnozlar əlillik dərəcəsinin təyin edilməsi üçün meyarlara uyğun olduğundan cavabdeh inzibati orqan tərəfindən əlilliyin təyin olunmasından imtina edilməsi onun qanunla qorunan hüquqlarını pozmuş və işin konkret halı nəzərə alınmaqla onun vəziyyətinə mütənasib olmamışdır.

54. Beləliklə məhkəmə kollegiyası qeyd edir ki, məcburetmə haqqında iddialarda öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh imtinasını zəruri edən şərtlərin mövcudluğunu sübut edə bilməmişdir.

55. Yuxarıda qeyd olunan işin hallarını, aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinin “iddiaçıya qoyulmuş diaqnozun əlillik əlaməti təyin etməməsi barədə” hərəkətləri qanunauyğun olmamışdır. Odur ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini birinci instansiya məhkəməsinin qərarının ləğvinin və iddianın rədd edilməsinin əsası kimi qəbul etmir. Ona görə də, İPM-in 87.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməli, apellyasiya şikayəti təmin edilməməli, iddia tələbi təmin edilməlidir.

56. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.2, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası qərara aldı

Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(116)-860/2024 nömrəli qərarı dəyişdirilsin. İddia tələbi təmin edilsin. Cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi PHŞ-nin üzərinə “cavabdeh orqanın xx.xx.2023-cü il tarixli qərarının iddiaçıya aid hissədə ləğv edilməsi və İddiaçı xx.xx.2023-cü il tarixdən “orqanizmin funksiyalarının pozulmasının müddətsiz, birinci dərəcəli məhdudlaşması halının müəyyən edilməsi” öhdəliyi qoyulsun. İnzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayətin verilmədiyi halda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar