Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-57/2021 05.04.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, Kərimli İsmayıl Aslan oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Ağsu rayon filialına qarşı “xx.xx.1971-xx.xx.1974-cü illərdə Ağsu rayon Ərəbuşağı kəndində telefonçu, 1979- 1995-ci illərdə Ağsu rayon “Özbəkistan” və “Maşadqanlı” kolxozunda və xx.xx.1997xx.xx.2000-ci illərdə, xx.xx.2000-xx.xx.2004-cü illərdə Aratkənd tam orta məktəbində gözətçi işlədiyi illərin iş stajına daxil edilməsi” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2-1(116)-157/2020 nömrəli qərarından iş üzrə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İddiaçı xx.xx.1955-ci ildə Ağsu rayonunda anadan olmuşdur. Pensiya yaşı çatdığı üçün işlədiyi illərin Arxiv arayışlarını cavabdehə təqdim edərək ona pensiya təyin edilməsini xahiş etmişdir. Cavabdeh xx xxxxxxxx 2019-cu il tarixli məktubla ona, əmək kitabçası olmadığı üçün məhkəməyə müraciət etməyini bildirmişdir. Qeyd edir ki, o, xx.xx.1971-xx.xx.1974-cü illərdə Ağsu rayon Ərəbuşağı kəndində telefonçu, 1979-1995ci illərdə Ağsu rayon “Özbəkistan” və “Maşadqanlı” kolxozunda, xx.xx.1997- xx.xx.2000ci illərdə və xx.xx.2000-xx.xx.2004-cü illərdə Aratkənd tam orta məktəbində gözətçi işləmişdir, lakin pensiya idarəsi əmək kitabçası olmadığı üçün bu iş illərini qəbul etmək istəmir. Bunun üçün də məhkəməyə müraciət edir. Cavabdehin etirazının dəlilləri: İddiaçının mübahisələndirilməyən sığorta stajı xx.xx.1974-xx.xx.1975-ci illər üzrə hərbi xidmət dövrü olmaqla 1 il 4 ay 13 gündür. Arxiv arayışına əsasən 1979-1995-ci illərdə kolxozda işlədiyi müddət kişilər üçün minimum əmək iştirakı norması (adam günü) nəzərə alınmaqla 14 il 3 ay 4 gündür. Vətəndaşın xx.xx.1974-xx.xx.1975-ci illər üzrə hərbi xidmət dövrü 1 il 4 ay 13 gündür. İddiaçıya təqdim edilmiş hər bir arxiv arayışları üzrə ayrı ayrılıqda iş stajı, xx.xx.1971-xx.xx.1974-cü illərdə 2 il 2 ay 1 gün, 1979-1995-ci illərdə 14 il 3 ay 4 gün, 1997-2004-cü illərdə 7 il 4 ay 4 gün olmaqla, ümumi olaraq 23 il 9 ay 9 gündür. İddiaçının tələbində qeyd etdiyi xx.xx.2004-xx.xx.2004-cü illər üzrə əmək haqqı alması barədə heç bir arxiv arayışı yoxdur. Əmək pensiyaları haqqında Azərbaycan Respublikasının Qanununun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Odur ki qeyd olunan dövrdə vətəndaşın əmək haqqı alması və ondan məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi barədə heç bir sənəd olmadığı üçün həmin dövrün sosial sığorta stajına daxil edilməsi ümumiyyətlə mümkün deyil. Belə olan halda isə ona yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan 25 il ümumi staj tamamlanmır. Şəki İnzibati Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2-1(116)-157/2020 nömrəli qərarı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Ağsu rayon filialına qarşı “xx.xx.1971xx.xx.1974-cü illərdə Ağsu rayon Ərəbuşağı kəndində telefonçu, 1979-1995-ci illərdə Ağsu rayon “Özbəkistan” və “Maşadqanlı” kolxozunda və xx.xx.1997-xx.xx.2000-ci illərdə, xx.xx.2000-xx.xx.2004-cü illərdə Aratkənd tam orta məktəbində gözətçi işlədiyi illərin iş stajına daxil edilməsi” tələbinə dair iddiasının təmin edilməməsi qərara alınmışdır. Həmin qərardan İddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini belə əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qərarı qanunsuz və əsassızdır. Qeyd etmişdir ki, qanuni qaydada Aratkənd tam orta məktəbində gözətçi işləyib hər ay 3 şirvan maaş almışdır, son bir ili stajı kimi nəzərə alınmamışdır. Halbuki, o, qeyd olunan illərdə məktəbdə işləyib əmək haqqı almışdır. Əmək stajını qeydə aldırmaq və əmək haqqı cədvəli tərtib etmək və onu saxlamaq onun vəzifəsi deyildir. Şəki İnzibati Məhkəməsi bu halları obyektiv, tam və hərtərəfli araşdırmamış, iş üzrə qeyri-qanuni qərar qəbul etmişdir. Yuxarıda qeyd olunanlara əsasən Şəki İnzibati Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2-1(116)-157/2020 nömrəli qərarının ləğv edilib, iddianın təmin olunması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etirazında göstərmişdir ki, iddiaçının apellyasiya şikayətinin əsassız olduğunu və aşağıda qeyd olunan əsaslara görə məhkəmə tərəfindən təmin edilməməli, həmin iş üzrə Şəki İnzibati Məhkəməsinin 2- 1(116)-157/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun 7-ci maddəsinə əsasən yaşa görə pensiya hüququnun yaranması üçün iki şərt tələb olunur: - şəxsin qanunla müəyyən edilmiş pensiya yaşına çatması; - fərdi hesabın sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən pensiya kapitalına malik olması, pensiya kapitalı toplanmadığı təqdirdə ən azı 25 il sığorta stajı toplaması. Həmin qanunun 6-1 -ci maddəsinə əsasən (əvvəlki redaksiya) əmək pensiyasının minimum məbləği 2017-ci il 1 iyul tarixindən 110 manat məbləğində müəyyən olunur və sonradan həmin məbləğ bu Qanunun 29.1 -ci maddəsinə uyğun olaraq indeksləşdirilir. Qanunun 25-ci maddəsinə əsasən sosial sığorta stajı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi barədə verdiyi sənədlə təsdiq olunur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinə görə, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxxxx 1998-ci il tarixli 189 saylı qərarı ilə təsdiq edilmiş “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında” Əsasnamənin 3-cü bəndinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müddət ərzində xeyrinə məcburi dövlət sosial sığorta fəaliyyəti həyata keçirilməyən şəxslərin (qanunvericiliklə müəyyən olunmuş hallar istisna olmaqla) sosial sığorta ödəmələrini (pensiya, müavinət) almaq hüququ yoxdur. Belə ki, maddələrin məzmunundan da göründüyü kimi, iddiaçının xx.xx.1971-ci il tarixdən xx.xx.1974-cü il tarixədək Ağsu rayon Ərəbuşağı kəndində telefonçu, 1979 -cu il tarixdən 1995-ci il tarixədək Ağsu rayon “Özbəkistan” və “Maşadqanlı” kolxozunda və xx.xx.1997-ci il tarixdən xx.xx.2000-ci il tarixədək, xx.xx.2000-ci il tarixdən xx.xx.2004-cü il tarixədək Aratkənd tam orta məktəbində gözətçi işləməsinə dair arxiv arayışı mövcud olsa da, həmin illər onun əmək kitabçasında öz əksini tapmadığından, həmin illərin onun əmək stajına daxil edilməsi qanunvericiliyin tələblərinə ziddir. Eyni zamanda qeyd etmək lazımdır ki, iddiaçının 01.01,2004-cü il tarixdən xx.xx.2004-cü il tarixədək olan dövr üzrə əmək haqqı alması barədə heç bir sübut təqdim olunmamışdır. Yuxarıda qeyd olunanlara əsasən Şəki İnzibati Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2-1(116)-157/2020 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Tərəflərin izahatları İddiaçı məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası iddiaçının iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul etmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişində tərəflər məhkəmə baxışı iclasına gəlmədiyi halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh DSMF publik hüquqi şəxsin Məhkəmə Mübahisələri ilə İş Mərkəzinin nümayəndəsi X3 apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2-1(116)-157/2020 nömrəli qərarının qüvvədə saxlanılmasını xahiş etmişdir. Əsaslandırma hissəsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının İPM və ya İPM) 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Lakin şikayət əsaslı deyil və Şəki İnzibati Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2-1(116)-157/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İş materiallarına əlavə edilmiş və kollegiyanın iclasında tədqiq edilmiş: AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, iddiaçı xx.xx.1955-ci il tarixdə Ağsu rayonu Aratkənd kəndində doğulmuşdur. Ağsu rayon Dövlət Arxivinin xx.xx.2019-cu il tarixli 108 nömrəli Arxiv Arayışından görünür ki, iddiaçı xx.xx.1971-ci il 165 nömrəli əmrin 2-ci paraqrafına əsasən Ərəbuşağı kəndinə telefonçu vəzifəsinə təyin olunmuşdur. İş materiallarında olan Ağsu rayon Dövlət Arxivinin xx.xx.2019-cu il tarixli 40 nömrəli Arxiv Arayışından görünür ki, İddiaçı 1979- 1995-ci illərdə “Özbəkistan” və “Maşadqanlı” kolxozlarında işləyərək əmək haqqı almışdır. Ağsu rayon Dövlət Arxivinin xx.xx.2019-cu il tarixli 107 nömrəli Arxiv Arayışından görünür ki, İddiaçı 1997-2003-cü illərdə Aratkənd məktəbində işləyərək əmək haqqı almışdır. Ağsu Rayon Təhsil Şöbəsi M.Mirzəmmədov adına Aratkənd kənd tam orta məktəbinin xx.xx.2019-cu il tarixli 131 nömrəli Arayışından görünür ki, İddiaçı xx.xx.1997-ci ildən xx.xx.2000-ci ilədək, xx.xx.2000-ci ildən xx.xx.2004-cü ilədək Ağsu rayon M.Mirzəmmədov adına Aratkənd kənd tam orta məktəbində gözətçi vəzifəsində işləmişdir. DSMF-nin Ağsu rayon şöbəsinin xx.xx.2019-cu il tarixli **********0 nömrəli məktubundan görünür ki, iddiaçı yaşa görə əmək pensiyası təyin edilməsi üçün şöbəyə müraciət etmiş, lakin vətəndaşın əmək kitabçası olmadığı üçün pensiya təyinatından imtina edilmişdir. xx.xx.2019-cu il tarixdə əmək pensiyası yaşı tamam olmuşdur. Vətəndaşın mübahisələndirilməyən sığorta stajı xx.xx.1974-xx.xx.1975ci illər üzrə hərbi xidmət dövrü olmaqla 1 il 4 ay 13 gündür. Vətəndaşın iddia tələbində qeyd olunan arxiv arayışı üzrə iş stajı 23 il 7 ay 26 gündür. İddiaçının tələbində qeyd etdiyi xx.xx.2004xx.xx.2004-cü illər üzrə əmək haqqı alması barədə heç bir arxiv arayışı yoxdur. DSMF-nin Ağsu rayon şöbəsinin xx.xx.2020-ci il tarixli **********9 nömrəli məktubundan görünür ki, vətəndaşın iddia tələbində qeyd olunan arxiv arayışı üzrə iş stajı 23 il 9 ay 9 gündür. Ağsu rayon “Özbəkistan” və “Maşadqanlı” kolxozunda kişilər üçün əmək norması 240 (iki yüz qırx) adam günü olmuşdur. Ağsu rayon Dövlət Arxivinin xx.xx.2020-ci il tarixli 14 nömrəli məktubundan görünür ki, İddiaçı xx.xx.2004-xx.xx.2014-cü il tarixə qədər olan dövr üzrə əmək haqqı cədvəlləri və Aratkənd tam orta məktəbinin əmr kitabları Ağsu rayon Dövlət Arxivinə təhvil verilməmişdir. AR Təhsil Nazirliyi Ağsu Rayon Təhsil Şöbəsi M.Mirzəmmədov adına Aratkənd kənd tam orta məktəbinin xx.xx.2020-ci il tarixli 178 nömrəli 135/4, 222, 249, 141 nömrəli əmrlərdən Çıxarışdan görünür ki, Maşadqanlı kənd sakini İddiaçı ərizəsinə əsasən xx.xx.1997-ci il tarixdən məktəbə gecə gözətçisi təyin edilmiş, İddiaçı xx.xx.2000-ci il tarixdən ərizəsinə əsasən gözətçi vəzifəsindən azad edilmişdir. Kərimov X1 sakini ərizəsinə və ehtiyaca görə xx.xx.2000-ci il tarixdən məktəbdə gözətçi təyin edilmiş, İddiaçı xx.xx.2004-ci il tarixdən tutduğu vəzifəsindən azad edilmişdir. DSMF-nin Ağsu rayon şöbəsinin xx.xx.2020-ci il tarixli **********6 nömrəli məktubundan görünür ki, vətəndaşın pensiya hüquqi yaranan vaxt minimum pensiya məbləği 160 manat olmuşdur. Vətəndaşa pensiya yaşının tamam olduğu xx.xx.2019-cu il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi üçün xx.xx.2019-cu il tarixədək istehlak qiymətləri indeksinin illik səviyyəsi nəzərə alınmaqla 23040 manat pensiya kapitalı tələb olunur. Vətəndaşın mübahisələndirilməyən iş stajının pensiya kapitalına çevirilməsi zamanı xx.xx.2019-cu il tarixədək istehlak qiymətləri indeksinin illik səviyyəsi nəzərə alınmaqla 989,45 manat pensiya kapitalı yaranır. Vətəndaşın mübahisələndirilən iş stajınnın pensiya kapitalına çevirilməsi zamanı xx.xx.2019-cu il tarixədək istehlak qiymətləri indeksinin illik səviyyəsi nəzərə alınmaqla 17177,91 manat pensiya kapitalı yaranır. Vətəndaş ona pensiya hüquqi yaranan vaxtdan yaşa görə əmək pensiyasının təyin olunması üçün tələb olunan pensiya kapitalına malik olmamışdır. x xxxxxx 2006-cı ilədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə görə iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə üzvlərin üzvlük kitabçaları nəzərə alınır. Məhkəmə kollegiyası belə hesab edir ki, iddia mahiyyət etibarı ilə əsassızdır. Belə ki, xx.xx.2017-ci il tarixdən qüvvəyə minmiş Əmək Pensiyaları haqqında Qanunun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Maddənin qeydinə əsasən, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. İddiaçının xx.xx.2004-cü il tarixdən xx.xx.2004-cü il tarixinə qədər Aratkənd tam orta məktəbində əmək haqqı alması barədə heç bir sübut yoxdur. Onun həmin dövrdə məktəbdə gözətçi işləməsinə dair arayışlar verilsə də həmin dövrdə mək haqqı almasına dair sübut təqdim edilməmiş və məhkəmə araşdırması zamanı da müəyyən olunmamışdır. Həmin dövrdə qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinin “a” bəndinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda, kooperativlərdə əmək müqaviləsi əsasında, yaxud kolxozlarda və digər kooperativlərdə üzvlük əsasında işləyənlərin — Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna sığorta haqları keçirmək şərti ilə əmək pensiyası almaq hüququ vardır. Həmin dövrdə qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununun 67-ci maddəsinin “g” bəndinə əsasən əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla x xxxxxx 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. x xxxxxx 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. Yuxarıda şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının xx.xx.2004-cü il tarixdən xx.xx.2004-cü il tarixinə qədər Aratkənd tam orta məktəbində işlədiyi müddət onun sosial sığorta stajına daxil edilə bilməz. Bu halda da iddiaçıdan tələb olunan 25 il sosial sığorta stajı tamamlanmadığı üçün ona yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. -58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. -68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. -68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını tam və hərtərəfli araşdırmış, iddia tələbini təmin etməməklə maddi və prossesual hüquq normalarının tətbiqində səhvə yol verməyərək inzibati iş üzrə düzgün nəticəyə gəlmişdir. İPM-in 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməkdə haqlıdır. Ona görə də Şəki İnzibati Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2-1(116)-157/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalı, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir. Nəticəvi hissə Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası Qərаrа аldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2-1(116)-157/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(107)-57/2021
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-57/2021
05.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver